Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-1(103)-4001/2024 05.12.2024 BAKI APELLYASİYA MƏHKƏMƏSİ Hakimlər Yusifov Cahangir Afər oğlu (sədrlik edən), Oruczadə Aytən Pənah qızı və Abbasova Günel Məhərrəm qızından ibarət tərkibdə, cavabdehin nümayəndəsi X6 və iddiaçının iştirakı ilə, İddiaçı cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondu publik hüquqi şəxsin Sosial Ödənişlərin Təyinatı üzrə Mərkəzi Filialına qarşı “pensiyanın təyin edilməsi tələbinə dair” inzibati iş üzrə Bakı İnzibati Məhkəməsinin 2-1(112)-1354/2024 nömrəli xx.xx.2024-cü il tarixli qərarından cavabdeh tərəfindən verilmiş apellyasiya şikayətinə əsasən işə Bakı Apellyasiya Məhkəməsinin binasında (Bakı şəhəri, Z.Xəlilov küçəsi, 540-cı məhəllə), açıq məhkəmə iclasında baxaraq m ü ə y y ə n e t d i: İ. İddiaçı cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondu publik hüquqi şəxsin Sosial Ödənişlərin Təyinatı üzrə Mərkəzi Filialına qarşı iddia ərizəsi, sonradan isə iddia tələbinin dəqiqləşdirilməsi barədə ərizə ilə müraciət edilərək ona 62 yaş 06 aydan, yəni xx.xx.2022ci il tarixdən yaşa görə əmək pensiyasının təyin edilməsi vəzifəsinin cavabdehin üzərinə qoyulması barədə qərar qəbul edilməsini xahiş etmişdir. İddiaçı tələbini aşağıdakılarla əsaslandırmışdır: “…Cavabdeh tərəfindən ona əmək pensiyası təyin edilməsinə dair inzibati aktda onun əmək stajı tamlıqla və dəqiqliklə nəzərə alınmayıb. Belə ki, xx.xx.1992-ci tarixdən xx.xx.2003-cü ilə tarixə kimi işləmişdir. Lakin cavabdeh əmək kitabçasında işlədiyi müddəti ümumi iş stajına daxil etməmişdir. İddiaçı cavabdehə müraciət edərək xx.xx.1992 il tarixdən xx.xx.2003 il müddətin ümumi iş stajına daxil edilməsini xahiş etmişdir. 11 oktyabr 2020-ci il tarixdə cavabdeh onun ərizəsilə əlaqədar imtinaedici inzibati akt qəbul etmişdir...” Cavaabdeh iddia ərizəsinə etirazında iddianın rədd olunmasını məhkəmədən xahiş etmişdir. Etiraz aşağıdakılarla əsaslandırılmışdır: “...İddiaçının təqdim etdiyi əmək kitabçasına və təhsil haqqında diplomun surətinə əsasən onun sığorta stajı (xx.xx.1983-cü il tarixdən xx.xx.1986-cı il tarixədək əyani təhsil aldığı illər nəzərə alınmaqla) 13 il 16 gün təşkil edir. xx.xx.2006-cı il tarixdən xx.xx.2018-ci il tarixədək idiaçının fərdi hesabının sığorta hissəsində pensiya kapitalı qeydə alınmamışdır. İddiaçının əmək kitabçasında qeyd edilmiş mötəbərliyinə əsaslı şübhələr olan xx.xx.1992ci il tarixdən xx.xx.2002-ci il tarixədək və xx.xx.2002-ci il tarixdən xx.xx.2003-cü il tarixədək dövrlərin araşdırılması zərurəti yaranmışdır. Dövlət Sosial Müdafiə Fondunun 1 saylı Şirvan-Salyan regional filialının xx.xx.2022-ci il tarixli aktına əsasən “Əlibayramlıelektrik şəbəkə’’ ASC-nin xx.xx.1992-ci il tarixdən xx.xx.1996-cı il tarixədək olan əməkhaqqı cədvəllərində iddiaçı A.Qarasovanın adına rast gəlinməmişdir. Eyni zamanda xx.xx.1997ci il tarixdən xx.xx.2002-ci il tarixədək olan arxiv sənədləri X8 filialına təhvil verilməmişdir. Əlavə olaraq Azərbaycan Respublikası "xxxx" ASC-nin xx.xx.2022-ci il tarixli №119/01-1- 30 saylı arayışına əsasən "xxxx" MMC Cəbrayıl PEŞ-in xx.xx.2002-ci il tarixdən xx.xx.2003-cü il tarixədək olan arxiv sənədləri "xxxx" MMC-yə təhvil verilməmişdir (xx.xx.2002-ci il tarixli 844-K saylı işdən çıxma əmri saxlanılır). Bu səbəblə sözügedən müəssisələrdən İddiaçı əmək haqqı alıb-almadığını müəyyən etmək mümkün olmamışdır. Qeyd olunanlar nəzərə alınaraq, əmək kitabçasında göstərilən müvafiq dövrlər əmək stajı kimi təsdiqlənmədiyindən, iddiaçının ümumi sığorta stajı qanunla nəzərdə tutulandan (25 il) az olduğu üçün ona yaşa görə əmək pensiyasının təyin edilməsi qanunvericiliyin tələbləri baxımından mümkün hesab edilməmiş və xx.xx.2022-ci il tarixdən 180 manat məbləğində yaşa görə sosial müavinət təyin edilmişdir... “ Bakı İnzibati Məhkəməsinin 2-1(112)-1354/2024 nömrəli xx.xx.2024-cü il tarixli qərarı ilə iddia tələbi təmin edilmiş, İddiaçı 62 yaş 06 aydan, yəni xx.xx.2022-ci il tarixdən yaşa görə əmək pensiyasının təyin edilməsi vəzifəsi cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondunun Sosial Ödənişlərin Təyinatı üzrə Mərkəzi Filialına həvalə edilmişdir. Cavabdeh apellyasiya şikayəti verərək, həmin qərarın ləğv edilməsini və iddia tələbinin rədd edilməsi barədə qərar qəbul edilməsini məhkəmədən xahiş etmişdir. Apellyasiya şikayəti İPM-in 85-ci maddəsinin tələblərinə uyğun verilmiş, apellyasiya mümkündür. Apellyasiya şikayətini cavabdeh aşağıdakılarla əsaslandırılmışdır: “…Birinci instansiya məhkəməsi işə baxarkən maddi, prosessual hüquq normalarının tələblərini pozaraq, iş üzrə əhəmiyyətli olan halları tam, hərtərəfli və obyektiv araşdırmamışdır. Məhkəmənin gəldiyi nəticə üçün mühüm əhəmiyyəti olan bütün faktiki hallar aydınlaşdırılmamış, məhkəmə tərəfindən müəyyən edilmiş, iş üçün əhəmiyyəti olan hallar sübuta yetirilməmiş, mövcud sübutlara isə düzgün hüquqi qiymət verilməmişdir. Belə ki, İddiaçı cavabdehə müraciət edərək, ona yaşa görə əmək pensiyasının təyin edilməsini tələb etmişdir. Lakin İddiaçı təqdim etdiyi sənədlərin surətinə əsasən onun sığorta stajı 25 il olmadığından müraciətinin müsbət həlli mümkün olmamışdır. Pensiya təyinatının aparılmasına imkan verməyən mübahisəli sığorta stajı aşağıdakı illərdir: - Cəbrayıl rayon elektrik şəbəkəsi idarəsində əmək fəaliyyəti dövründə sənədlər arxivə təhvil verilmədiyi üçün 2000-2002-ci illər - "xxxx" MMC Cəbrayıl PEŞ-də Enerji-satış şöbəsində texnik vəzifəsində əmək fəaliyyəti dövründə əmək haqqı almadığı xx.xx.2002- xx.xx.2003-cü illər...” Məhkəmə kollegiyasının iclasında iştirak edən cavabdehin nümayəndəsi apellyasiya şikayətinə uyğun izahat verərək şikayətin təmin olunmasını, iddiaçı isə onunla razılaşmamış, şikayətin təmin edilməməsini məhkəmədən xahiş etmişlər. ІІ. Məhkəmə kollegiyası işdə iştirak edən şəxsləri dinləyib və iş materiallarını araşıdırıb hesab edir ki, aşağıdakı əsaslara görə cavabdehin apellyasiya şikayəti təmin edilmədən, birinci instansiya məhkəməsinin qərarı dəyişdirilmədən qüvvədə saxlanılmalıdır. Cavvabdehin iddia ərizəsinə etirazı və apellyasiya şikayətinin üst-üstə düşən dəlillərindən göründüyü kimi, iddiaçının 25 il sığorta stajının mövcud olmadığını mübahisələndərərək sığorta stajına görə ona pensiya təyin olınmasını mümkünsüz hesab edir. Bunun səbəbi olaraq bildirir ki, iddiaçının Cəbrayıl rayon elektrik şəbəkəsi idarəsində əmək fəaliyyəti dövründə sənədlər arxivə təhvil verilmədiyi üçün onun həmin qürumda işlədiyi 2000-2002-ci illər, eyni zamanda, onun "xxxx" MMC Cəbrayıl PEŞ-də Enerji-satış şöbəsində texnik vəzifəsində çalışarkən əmək haqqı almadığı xx.xx.2002- xx.xx.2003-cü illərin sığorta stajı kimi nəzərə alınmır. Məhkəmə kollegiyası belə hesab edir ki, cavabdehin mövqeyi aşağıdakılara görə əsassızdır. “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanunun 7-ci maddəsinə əsasən 63 yaşına çatmış kişilərin və 60 yaşına çatmış qadınların fərdi hesabın sığorta hissəsində qeydə alınmış pensiya kapitalı əmək pensiyasının minimum məbləğindən az olmayan pensiya təminatına imkan verdikdə sığorta stajından asılı olmayaraq, bu pensiya təminatına imkan vermədikdə isə azı 25 il sığorta stajı olduqda, (2017-ci il iyulun 1-dək yaşa görə əmək pensiyası təyin edilmiş şəxslər istisna olmaqla) yaşa görə əmək pensiyası hüququ vardır. Qeyd. Bu Qanunun 7-ci maddəsində nəzərdə tutulmuş kişilərin yaş həddi 2017-ci il iyulun 1-dən başlayaraq 2021-ci il iyulun 1-dək, qadınların yaş həddi 2017-ci il iyulun 1-dən başlayaraq 2027-ci il iyulun 1-dək hər il 6 ay artırılır. Həmin Qanunun 21.1-ci maddəsinə əsasən qanunvericiliklə müəyyən edilmiş qaydada məcburi dövlət sosial sığorta haqlarının ödənilməsi şərtilə mülkiyyət formasından, əmək fəaliyyətinin xarakterindən və müddətindən asılı olmayaraq müəssisə, idarə və təşkilatlarda əmək müqaviləsi (kontraktı) əsasında işləyənlərin hərbi qulluqçuların, eləcə də hüquqi şəxs yaratmadan sahibkarlıq fəaliyyəti ilə məşğul olan fiziki şəxslərin, vəzifəyə seçilmiş və ya təyin edilmiş şəxslərin iş, hərbi xidmət və ya digər fəaliyyət müddətləri sığorta stajına daxil edilir. Həmin Qanunun 32.1-ci maddəsinə əsasən yaşa görə əmək pensiyası, buna hüququ olan şəxsin müraciəti əsasında ömürlük təyin edilir . Eyni zamanda, 2006-cı il tarixə kimi iddiaçının işlədiyi zaman qüvvədə olmuş, Vətəndaşların pensiya təminatı haqqında” Qanunun 67-ci maddəsinin 3-cü abzasının “ğ” bəndinə əsasən ali, orta ixtisas; texniki peşə məktəblərini bitirmiş şəxslərin təhsil müddəti, habelə kadr hazırlayan kurslarda, ixtisasartırma və yenidən ixtisaskeçmə kurslarında, aspiranturada, doktoranturada və klinik ordinaturada təhsil müddəti iş stajına daxil edilən əmək fəaliyyətinin növlərinə daxildir. Həmin maddənin 8-ci abzasına əsasən Qanunun əmək (sosial sığorta) pensiyasının təyin edilməsi üçün qanunla müəyyən edilmiş hallar istisna olmaqla 1 yanvar 2002-ci il tarixdən əmək stajına məcburi dövlət sosial sığorta haqlarının ödənildiyi əmək fəaliyyəti müddəti daxildir. 1 yanvar 2002-ci ilədək əmək fəaliyyəti göstərən şəxslərə pensiya təyin olunması üçün əmək stajı bu maddənin birinci-yeddinci hissələrinə müvafiq olaraq hesablanır. Həmin Qanunun 69.-ci maddəsinə əsasən iş stajı müəyyən edilmiş qaydada idarə, müəssisə və təşkilatın verdiyi sənədə əsasən təsdiq edilir. İş stajını sübut edən əsas sənəd əmək kitabçasıdır. Eyni zamanda, Azərbaycan Respublikası Nazirlər Kabinetinin 28 aprel 2022-ci il tarixli 175 nömrəli Qərarı ilə təsdiq edilmiş “Əmək pensiyalarının təyin edilməsi, hesablanması, yenidən hesablanması, bir növdən başqa növə keçirilməsi və ödənilməsi” Qaydasının 4.1.1-ci bəndinə əsasən 2006-cı il yanvarın 1-dək olan dövr üzrə: “1. “Sosial sığorta haqqında” Azərbaycan Respublikasının Qanununa və bu sahədə münasibətləri tənzimləyən digər normativ hüquqi aktlara uyğun olaraq məcburi dövlət sosial sığorta haqlarının ödənilməsi şərtilə mülkiyyət formasından, əmək fəaliyyətinin xüsusiyyətlərindən və müddətindən asılı olmayaraq, müəssisə, idarə və təşkilatlarda əmək müqaviləsi (kontraktı) əsasında işləyənlərin iş müddəti əmək fəaliyyəti barədə sənədlərə (əmək kitabçası, o olmadıqda işəgötürənin arayışı və ya dövlət arxivinin arayışı), həmin sənədlərin mötəbərliyinə əsaslı şübhələr olduğu hallarda Fond tərəfindən işəgötürəndə, dövlət arxivində və Fondda saxlanılan məlumatların üzləşdirilməsi nəticəsində tərtib olunan akta əsasən” - hesablanır. Konkret halda, “Əmək pensiyaları haqqında” Qanunun 7-ci maddəsi və onun qeydi baxımından, 1 iyul 2021-ci il tarixdən qadınlar üçün pensiya yaşı həddi 62 yaş 06 ay təşkil etmişdır ki, belə olan halda da xx.xx.1959-cu il təvəllüdlü İddiaçı xx.xx.2022-ci il tarixdən pensiya yaş həddinə çatmış olur. 25 il sığorta sajına gəldikdə isə iş materiallarına əsasən iddiaçının aşağıdakı kimi iş stajı müəyyən olunur: -Cəbrayıl Rayon Məhkəməsinin 2(072)-271/2012 saylı 28 iyun 2012-ci il tarixli qətnaməsinə əsasən 1977-1983 və 1986-1990-cı illərdə Cəbrayıl rayon Tomulu kombinatında toxucu işləməsi faktı müəyyən edilmiş və 013909 nömrəli diplomun surətinə əsasən 1983-cü ildə Bakı Baza Energetika Texnikomuna daxil olmuş və xx.xx.1986-cı il tarixdə elektrotexnik istehsalı ixtisası üzrə tam kursu bitirmişdir. Məhkəmənin həmin qətnaməsi, iddiaçının diploumu və əmək kitabçasının qeydlərinə əsasən onun xx.xx.1983-xx.xx.1986-cı il tarixədək təhsil dövrü 02 il 05 ay 26 gün, qətnamə ilə Cəbrayıl rayon Tomulu kombinatında toxucu işləməsi təsdiq edlmiş 1977-1983 və 1986-1990-cı ilədək dövrün, təhsil aldığı dövrlə üst-üstə düşməyən hissəsi-ilin ilk günü xx.xx.1977-ilin xx.xx.1983-cü ilədək xx.xx.1986-cı ildən ilin sonu xx.xx.1990-cı il tarixədək nəzərə alınmaqla, 11 il 06 ay 07 gün, xx.xx.1991- xx.xx.2002-ci ilədək 11 il 03 ay 21 gün, xx.xx.2002- xx.xx.2003-cü il tarixədək 04 ay 03 gün olmaqla cəmi, 25 il 07 ay 27 gün ümumi iş stajı müəyyən olunur. Lakin qeyd edildiyi kimi, cavabdeh tərəfindən həmin stajın 2000-2002-ci illəri Elektrik şəbəkəsi tərəfindən sənədlərin arxivə təhvil verilmədiyi səbəbi ilə, xx.xx.2002- xx.xx.2003 dövründə isə əmək haqqı almadığı əsası ilə - sığorta stajına daxil edilməsindən imtina olunur. Belə olan halda da onun tələb olunan 25 il sığorta stajı mövcud olmur. Halbuki, əmək kitabçasının qeydlərinə əsasən müəyyən olunur ki, iddiaçı mübahisələndirilən illərdə Cəbrayıl PEŞ-də enerji satış şöbəsində və “X11” MMC-nin Cəbrayıl PEŞ-nin enerjisatış şöbəsində işləmişdir. Eyni zamanda, işə əlavə edilmiş "xxxx" ASC-nin X3 MMC-nin xx.xx.2024-cü il tarixli arayışında qeyd edilir ki, X3 MMC-də saxlanılan arxiv sənədlərinə əsasən İddiaçı əmək fəaliyyəti aşağıdakı kimi olmuşdur: 1. Struktur dəyişikliyi ilə əlaqədar Əlibayramlıelektrikşəbəkə ASC-nin Cəbrayıl PEŞ-də enerji-satış şöbəsi texnik (əmr 164k, xx.xx.2002) vəzifəsində 2. xx.xx.2002-ci il tarixli 844 saylı əmr ilə xx.xx.2002-ci il tarixdən öz təşəbbüsü ilə əmək müqaviləsinə xitam verilmiş, 3. "xxxx" MMC Cəbrayıl PEŞ-də Enerji-Satış şöbəsi texnik (əmr 23k, xx.xx.2002) vəzifəsində) 4. xx.xx.2003-cü il tarixli 131k saylı əmr ilə xx.xx.2003-cü il tarixdə əmək müqaviləsinə xitam verilmişdir (vəzifəsi ixtisar edilməsi). Tədqiq olunan sənədlərdən göründüyü kimi, iddiaçının 2000-2003-cü illərdə sözügedən qurumun əməkdaşı olması barədə məlumatlar mövcuddur. Digər tərəfdən, Dövlət Vergi Xidmətinin xx.xx.2023-cü il tarixli məktubunda bildirilmişdir ki, Bayva Cənub-Enerji MMC-nin dövlət reyestrində olan məlumatlara əsasən vergi orqanında vergi ödəyicisi kimi vergi uçotu xx.xx.2007-ci il tarixdən ləğv edilmişdir. Eyni zamanda, Dövlət Vergi Xidmətinin 5 Saylı Ərazi Vergilər İdarəsini xx.xx.2024-cü il tarixli məktubunda qeyd olunur ki, “X1 Cəmiyyəti xx.xx.2001-ci il tarixli D-3262 qeydiyyat nömrəsi ilə Azərbaycan Respublikası Ədliyyə Nazirliyi tərəfindən dövlət qeydiyyatına alınmışdır.“X1 Cəmiyyəti (VÖEN) **********) xx.xx.2005-ci il tarixdə vergi orqanında vergi ödəyicisi kimi uçota alınmışdır. (VÖEN **********) təsisçisi Azərbaycan Respublıkası Əmlak Məsələləri Dövlət Komitəsi, Cəmiyyətin rəhbəri isə X4r. “X5 Açıq Səhmdar Cəmiyyətinin adıçəkilən hüquqi şəxsin hüquqi ünvanı aşağıdakı kimidir: ünvan 1RAMLİ ELEKTRİK ŞƏBƏKƏ AÇİQ SƏHMDAR CƏMİYYƏTİ (VÖEN **********) tərəfindən xx.xx.2008-ci il tarixdə vergi orqanına təqdim edilmiş arayış əsasında xx.xx.2008-ci il tarixdən xx.xx.2014cü il tarixədək sahibkarlıq fəaliyyətini və digər vergi tutulan əməliyyatlarını dayandırmışdır. Qeyd olunan məlumatlar onu deməyə əsas verir ki, mübahisələndirilən dövrdə iddiaçının çalışdığı qurumlar vergi ödəyicisi kimi fəaliyyət göstərmişdir. Bundan əlavə, həmin zaman çərçivəsində qüvvədə olmuş “Vətəndaşların pensiya təminatı haqqında” Qanunun 67-ci maddəsinin qeyd olunan 8-ci abzasın və 69-cu maddəsinin tələblərindən göründüyü kimi, pensiyasının təyin edilməsi üçün birincisi, 1 yanvar 2002-ci il tarixdən əmək stajı məcburi dövlət sosial sığorta haqlarının ödənilibödənilmədiyi nəzərə alınmırdı və sözügedən Qanunun qüvvədə olduğu 2006-cı ilə qədər iş stajını sübut edən əsas sənəd əmək kitabçası sayılırdı. Qeyd olunanlar onu deməyə əsas verir ki, cavabdeh tərəfindən mübahisələndirilən dövlərin iddiaçının sığorta stajında nəzərə alınması işin sübutlarla müəyyən olunan hallarına və pensiya qanunvericiliyinin tələblərinə uyğun olmamış, “Əmək pensiyaları haqqında” Qanunun 7-ci maddəsi ilə müəyyən olunan şərtlərdən iki şərt - 2021-ci il vəziyyətinə iddiaçının 62 yaş 6 ay pensiya yaşı və onun azı 25 il sığorta stajının mövcud olsa da, pensiya təyin edilməsindən imtina etməklə, cavabdeh onun qanunla qorunun hüquqlarını pozmuşdur. İPM-in 73.1-ci maddəsi isə nəzərdə tutur ki, inzibati aktın qəbulundan imtina olunmasının və ya cavabdehin hərəkətsizliyi nəticəsində inzibati aktın qəbul edilməməsinin qanuna zidd olduğu və iddiaçının hüquqlarının pozulmasına səbəb olduğu hallarda, məhkəmə inzibati orqanın üzərinə inzibati aktın qəbul edilməsi barədə öhdəlik qoyur. Birinci instansiya məhkəməsinin qərarından da görünür ki, yuxarıda qeyd olunanlar nəzərə alınmaqla iddiaçının tələbi təmin edilmişdir. Ona görə də, məhkəmə kollegiyası cavabdehin apellyasiya şikayətinin birinci instansiya məhkəməsi tərəfindən iş üzrə əhəmiyyətli olan halları tam, hərtərəfli və obyektiv araşdırılmadığını, maddi və prosessual hüquq normalarının tələblərinin pozulması ilə qərar qəbul edildiyini mübahisələndirən dəlilləri ilə razılaşmır və yekunda belə qənaətə gəlir ki, onun apellyasiya şikayəti təmin edilmədən, Bakı İnzibati Məhkəməsinin 2-1(112)-1354/2024 nömrəli xx.xx.2024-cü il tarixli qərarı dəyişdirilmədən qüvvədə saxlanılmalıdır. Yuxarıda göstərilənlərə əsasən və İPM-in 82, 87, 89, 90, 94-cü maddələrini rəhbər tutaraq məhkəmə kollegiyası Q Ə R A R A A L D İ: Cavabdehin apellyasiya şikayəti təmin edilməsin. Bakı İnzibati Məhkəməsinin 2-1(112)-1354/2024 nömrəli xx.xx.2024-cü il tarixli qərarı dəyişdirilmədən qüvvədə saxlanılsın. Qərardan təqdim olunduğu gündən 1 (bir) ay müddətində Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyasına (AZ 1025, Bakı şəh., Yusif Səfərov küç., 14, 1193cü məhəllə) Bakı Apellyasiya Məhkəməsi vasitəsilə kassasiya şikayəti verilə bilər.
Məhkəmə qərarları › İş №2-1(103)-4001/2024
Bakı Apellyasiya Məhkəməsi Qərar — İş №2-1(103)-4001/2024
05.12.2024 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver