Məhkəmə qərarları › İş №2-1(103)-4003/2025

Bakı Apellyasiya Məhkəməsi Qərar — İş №2-1(103)-4003/2025

10.02.2026 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-1(103)-4003/2025 10.02.2026 BAKI APELLYASİYA MƏHKƏMƏSİ İddiaçı cavabdeh Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tabeliyində Dövlət Sosial Müdafiə Fondu publik hüquqi şəxsinin Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filialına qarşı iş üzrə QƏRARİ (Açar sözlər: “qərarın ləğv edilməsi və sair.”) Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyası, hakimlər Şərafət Asif qızı Məmmədova (sədrlik edən və məruzəçi), Ceyhun Bəşir oğlu Məmmədovdan və X1 ibarət tərkibdə, Türkan Kamran qızı Əmənovanın katibliyi, İddiaçının və onun nümayəndəsi ( vəkil) Vəkil, Cavabdehin nümayəndəsi X2 iştirakı ilə, Bakı İnzibati Məhkəməsinin 2-1(112)-7350/2025 saylı, xx.xx.2025-ci il tarixli qərarından cavabdeh tərəfindən verilmiş apellyasiya şikayətinə Bakı Apellyasiya Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq, aşağıdakı qərarı qəbul etdi. İşin halları

1. İşdən görünür ki, iddiaçı xx.xx.1959-cu ildə anadan olmuşdur. O, ünvan 1 ünvanında qeydiyyatdadır.

2. İddiaçıya aid olan 911081 nömrəli pensiya işindən görünür ki, iddiaçıya 21 yanvar 2009-cu il tarixli qərarla güzəştli şərtlərlə yaşa görə əmək pensiyası təyin olunmuşdur.

3. Cavabdeh tərəfindən təqdim olunmuş inzibati icraat materiallarından görünür ki:

4. Cavabdehin xx.xx.2024-cü il tarixli, 3-17-1/3-3-6528/2024 saylı qərarı ilə iddiaçının təyin edilmiş əmək pensiyası yenidən hesablanmışdır. Yenidən hesablamanın səbəbi: İnventar. Hüququ 50 yaşdan 52 yaşa çəkildi və şəxsiyyət vəsiqəsində qeydiyyat ünvanı saxtalaşdırılıb. xx.xx.2009-xx.xx.2011-ci ilədək tam tutulsun. xx.xx.2011-ci ildən artıqvermə. İddiaçının sonuncu dəfə təyin edilmiş əmək pensiyası 4964,75 manat, 67 qəpik olsa da, həmin qərarla əmək pensiyası 953 manat müəyyən edilmişdir.

5. Cavabdehin iddiaçıya ünvanlanmış imtina məktubunda etirazda göstərilən əsaslar qeyd edilmişdir.

İş üzrə qəbuledilmiş məhkəmə aktı

a) Birinci instansiya məhkəməsində icraat

6. İddiaçı Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tabeliyində Dövlət Sosial Müdafiə Fondu publik hüquqi şəxsinin Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filialına qarşı məhkəməyə iddia ərizəsi ilə müraciət edərək, cavabdeh tərəfindən qəbul edilmiş əmək pensiyasının yenidən hesablanması barədə qərarın ləğv edilməsi, 2019-cu ilin iyun ayından 2021-ci ilin yanvar ayınadək ödənilməmiş pensiyanın tam ödənilməsi, əmək pensiyasından tutulmuş məbləğlərin geri qaytarılması və güzəştli şərtlərlə yaşa görə təyin edilmiş əmək pensiyasının əvvəlki məbləğinin bərpa edilməsi vəzifəsinin cavabdehin üzərinə qoyulması barədə qərar qəbul edilməsini xahiş etmişdir.

7. İddiaçının nümayəndəsi məhkəmə iclasında iddia tələbinin dəqiqləşdirilməsi barədə ərizə təqdim edərək cavabdeh tərəfindən qəbul edilmiş iddiaçının əmək pensiyasının yenidən hesablanması barədə 07 may 2024-cü il tarixli, 3-17-1/3-3- 6528/2024 saylı qərarın ləğv edilməsi, 2019-cu ilin iyun ayından 2021-ci ilin yanvar ayınadək ödənilməmiş pensiyanın tam ödənilməsi, əmək pensiyasından tutulmuş məbləğlərin geri qaytarılması barədə qərar qəbul edilməsini xahiş etmiş, ərizə icraata qəbul edilmişdir.

8. İddia ərizəsi onunla əsaslandırılmışdır ki, iddiaçı xx.xx.1959-cu il tarixdə doğulmuş, 1977-1979-cu illərdə həqiqi hərbi xidmətdə olmuşdur. xx.xx.1979-xx.xx.1979- cu il tarixlərdə Bakı şəhəri 20 nömrəli texniki peşə məktəbində oxumaqla qazmaçı köməkçisi peşəsinə yiyələnmiş, xx.xx.1979-cu il tarixdən X5 işlər İdarəsində qazmaçı köməkçisi vəzifədinə işə qəbul olunmuşdur. Həmin tarixdən xx.xx.2013-cü il tarixədək dənizdə neftçi işləmişdir. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 21 iyun 1993cü il tarixli 320 nömrəli Qərarı ilə təsdiq edilmiş İ nömrəli siyahı üzrə müəyyən edilmiş zərərli və ağır işlərdə işlədiyinə görə xx.xx.2009-cu il tarixdə 50 yaşında güzəştli şərtlərlə yaşa görə əmək pensiyasına çıxmışdır. 2019-cu ilin iyun ayında ona təyin edilmiş güzəştli şərtlərlə olan pensiya ödənişi tamamilə dayandırılmış və 2021-ci ilin yanvarından bərpa edilmişdir. Həmin dövr üçün, yəni bir il yarım ərzində iddiaçıya pensiya ödənişi edilməmişdir. Çoxsaylı müraciətlərdən sonra 2024-cü ilin may ayında Dövlət Sosial Müdafiə X3 dəvət olunmuşdur. Filialda ona 52 yaşından güzəştli şərtlərlə pensiya təyin edilməli olduğu halda 50 yaşından təyin olunduğu bildirilmiş və bununla bağlı fikri öyrənildikdə, o etirazını bildirmişdir. Lakin buna baxmayaraq razılığı və məhkəmə qərarı olmadan əsassız və qanunsuz olaraq aldığı pensiyanın məbləği azaldılmış və pensiyasından aylıq tutulmalar da həyata keçirilir. Yenidən cavabdehə ərizə ilə müraciət edərək qanunvericiliyə uyğun olaraq güzəştli şərtlərlə ona təyin edilmiş pensiya məbləğinin tam ödənilməsinin bərpa edilərək ödənilməsini və eləcə də 2019-cu ilin iyun ayından 2021-ci ilin yanvar ayınadək ödənilməmiş pensiyanın ödənilməsini xahiş etmişdir. Cavabdeh tərəfindən ona ünvanlanmış xx.xx.2025- ci il tarixli, 3-17-1/2-İ-13585/2025 nömrəli məktubla imtina edilmişdir. Cavabdehin imtinası ilə razılaşmayan iddiaçı hazırkı tələblə məhkəməyə müraciət etmişdir.

9. Cavabdeh tərəfindən məhkəməyə təqdim edilmiş yazılı etirazda göstərilmişdir ki, xx.xx.1997-ci il tarixinədək tələb olunan stajı toplamış, lakin 50 yaşı həmin tarixdən sonra tamam olmuş şəxslərə də Qanunun o vaxtki redaksiyasına uyğun olaraq, 1 nömrəli Siyahı üzrə 50 yaşdan deyil, 52 yaşdan (2 nömrəli Siyahı üzrə isə 55 yaşdan deyil, 57 yaşdan) pensiya təyin olunurdu. Yəni, “Vətəndaşların pensiya təminatı haqqında” Qanunun qüvvədə olduğu dövrdə sözügedən dəyişikliyin edildiyi tarixdən sonra 2000- 2005-ci illərdə xx.xx.1997-ci il tarixinədək tələb olunan stajı toplamış, lakin 50 yaşı həmin tarixdən sonra tamam olmuş şəxslərə müvafiq pensiya təyinatı dəyişikliyə uyğun olaraq, kişilərə münasibətdə 52 (57) yaşdan edilməsinə baxmayaraq, məhkəmə sonradan qüvvəyə minmiş “Əmək pensiyaları haqqında” Qanunun 9.8-ci maddəsinə əsaslanmaqla 2006-dan sonrakı illərdə qüvvədən düşmüş qanunun ilkin redaksiyasına uyğun 50 (55) yaşdan pensiya hüququnu müəyyən edir. Yəni qanunun qüvvədə olduğu vaxtda tətbiq olunmayan yanaşmanın, qanunun qüvvədən düşdüyü tarixdən sonra tətbiq olunması ağlabatan deyil. Araşdırma zamanı, iddiaçının Mərkəzi Filialda mövcud olan şəxsiyyət vəsiqəsinin surətinin düzgünlüyünə əsaslı şübhələr yaranmışdır. İddiaçının pensiya işinə dair sənədlərdə qeyd olunan məlumatlara əsasən, 1 yanvar 2006-cı il tarixinədək onun ümumi iş stajı 30 il 4 ay 19 gün təşkil edir. Bununla əlaqədar, xx.xx.2006-cı il tarixinədək iş stajına uyğun olaraq, Qanunun 27-ci maddəsinin tələblərinə əsasən həmin tarixə pensiyasının sığorta hissəsi 35,87 manat (30,39 il x 170 manat:144 ay) hesablanaraq xx.xx.2011-ci il tarixinə indeksləşdirilib 58,76 manat müəyyən edilməklə üzərinə, xx.xx.2006xx.xx.2011-ci il tarixləri arasındakı işlədiyi dövr ərzində fərdi hesabının sığorta hissəsində qeydə alınmış 25950,24 manat pensiya sığorta kapitalına uyğun 180,21 manat (25950,24:144) və 85 manat baza hissəsi əlavə edilərək xx.xx.2011-ci il tarixinə 323,97 (58,76+180,21+85) manat (indeksləşdirilərək xx.xx.2013-cü il tarixinə 345,68 manat) məbləğində əmək pensiyası müəyyən edilmişdir. xx.xx.2013-cü il tarixindən iddiaçının işləməyən əmək pensiyaçısı kateqoriyasına keçdiyinə görə işləyən əmək pensiyaçısı olduğu dövrdə fərdi hesabının sığorta hissəsində qeydə alınmış 5424,02 manat pensiya sığorta kapitalına əsasən Qanunun 37.3.1-ci maddəsinin tələblərinə uyğun qaydada (5424,02 : 119 ay (144 ay-25 ay (əmək pensiyaçısı kimi işlədiyi ayların sayı))=45,58 manat) əmək pensiyası həmin tarixdən yenidən hesablanaraq 345,68 manatdan 391,26 (345,68+45,58) manata artırılmışdır (indeksləşdirilərək xx.xx.2014-cü il tarixinə 413,61 manat). Bundan başqa, xx.xx.2013-xx.xx.2013-cü il tarixləri arasındakı dövr ərzində iddiaçının fərdi hesabının sığorta hissəsində qeydə alınmış 1717,98 manat pensiya sığorta kapitalına əsasən Qanunun 37.3.1-ci maddəsinin tələblərinə uyğun qaydada (1717,98 : 114 ay (144 ay-30 ay (əmək pensiyaçısı kimi işlədiyi ayların sayı))=15,07 manat) əmək pensiyası xx.xx.2014-cü il tarixindən yenidən hesablanaraq 413,61 manatdan 428,68 (413,61 +15,07) manata artırılmışdır. Qeyd olunanlara əsasən, iddiaçıya xx.xx.2009- xx.xx.2024-cü il tarixləri arasındakı dövr ərzində ümumilikdə 419803,30 manat artıq pul vəsaiti ödənildiyi müəyyən edilmişdir. Həmin artıq ödənilmiş pul vəsaiti 2024-cü ilin may ayından etibarən hər ay 95,30 manat olmaqla iddiaçının əmək pensiyasından tutularaq büdcəyə bərpa edilir.

10. Bakı İnzibati Məhkəməsinin 2-1(112)-7350/2025 saylı, xx.xx.2025-ci il tarixli qərarı ilə iddianın təmin edilməsi qərara alınmışdır.

11. Məhkəmə öz mövqeyini onunla əsaslandırmışdır ki, qanunsuz inzibati akt, həmin aktın ləğv olunmasını şərtləndirən hallar məlum olduğu gündən 1 il ərzində ləğv edilə bilər. Qanunun imperativ xarakter daşıyan həmin normasına görə, inzibati orqan tərəfindən əvvəllər qəbul edilmiş qanunsuz inzibati akt, Qanunun 67.6.1-ci maddəsində sadalanan hallar istisna olmaqla, qalan digər hallarda yalnız inzibati aktın ləğv olunmasına, yaxud dəyişdirilməsinə səbəb olan hal və ya hallar inzibati orqana məlum olduğu gündən 1 il ərzində ləğv oluna, yaxud dəyişdirilə bilər.

12. Cavabdeh inzibati orqan qərar qəbul edərkən “İnzibati icraat haqqında” Qanunun 67.12-ci maddəsinin tələbinə əməl etdiyi hazırkı mərhələdə müəyyən edilmir. Belə ki, iddiaçıya əmək pensiyası ilk dəfə xx.xx.2009-cu il tarixli qərarla təyin edilmiş və bundan 1 ildən artıq müddət keçdikdən sonra xx.xx.2024-cü il tarixli qərar qəbul edilmişdir. Beləliklə, iddiaçı barəsində əlverişli inzibati aktın qəbul edilməsindən sonra ötən təqribən 15 il müddətində iddiaçı müəyyən edilmiş qaydada əmək pensiyası almışdır. Sonradan onun əmək pensiyasının yenidən hesablanması isə iddiaçının ümid etdiklərindən məhrum olmasına, hətta onun dövlət büdcəsinə ödənilməli olan yüksək məbləğdə borcunun yaranmasına səbəb olmuşdur ki, bu etimad prinsipinə zidd hesab edilməlidir.

Apellyasiya instansiya məhkəməsində icraat

Apellyasiya şikayətinin və ona qarşı etirazın dəlilləri, məhkəmə icraatı iştirakçılarının izahatları

13. Qərardan cavabdeh apellyasiya şikayəti verərək, Bakı İnzibati Məhkəməsinin 2- 1(112)-7350/2025 saylı, xx.xx.2025-ci il tarixli qərarının ləğv edilməsi və iddia tələbinin təmin edilməməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir.

c) Apellyasiya şikayətinin dəlilləri

14. Apellyasiya şikayəti iddia ərizəsinə etiraz ilə oxşar məzmunda olmaqla əsaslandırılmışdır.

ç) Apellyasiya şikayətinə qarşı etirazın dəlilləri

15. Apellyasiya şikayətinə iddia ərizəsi ilə oxşar məzmunda yazılı etiraz daxil olmuşdur.

d) Prosses iştirakçılarının izahatları

16. Məhkəmə kollegiyasının iclasında iştirak edən cavabdehin nümayəndəsi apellyasiya şikayətinin təmin edilməsini məhkəmədən xahiş etmişdir.

17. Məhkəmə kollegiyasının iclasında iştirak edən iddiaçı, onun vəkili (nümayəndəsi) iddia ərizəsinin və apellyasiya şikayətinə yazılı etirazın məzmununa uyğun izahat verərək, apellyasiya şikayətinin təmin edilməməsini məhkəmədən xahiş etmişdir.

Tətbiq edilən hüquq

18. Azərbaycan Respublikası Konstitusiyasının 60-cı maddəsinə əsasən hər kəsin hüquq və azadlıqlarının inzibati qaydada və məhkəmədə müdafiəsinə təminat verilir. Hər kəs dövlət orqanlarının, siyasi partiyaların, hüquqi şəxslərin, bələdiyyələrin və vəzifəli şəxslərin hərəkətlərindən və hərəkətsizliyindən inzibati qaydada və məhkəməyə şikayət edə bilər

19. “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanununun:

9.1-ci maddəsinə əsasən axırıncı iş yerindən asılı olmayaraq, güzəştli şərtlərlə yaşa görə əmək pensiyası almaq hüququ verən incəsənətin xüsusi sahələrinin, yeraltı, əmək şəraiti xüsusilə zərərli və ağır olan işlərin (istehsalatların, peşələrin, vəzifələrin və göstəricilərin) müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqanın (qurumun) təsdiq etdiyi siyahısında nəzərdə tutulan işlərdə azı 12 il 6 ay çalışmış kişilərin və azı 10 il çalışmış qadınların Qanunun 7-ci maddəsində nəzərdə tutulmuş şərtlər daxilində yaş həddi 5 il azaldılmaqla yaşa görə əmək pensiyası hüququ vardır.(hazırda 9.1-ci maddəyə əsasən cari tarixə yaş həddi – kişilərdə 60 yaş, qadınlarda 59,6 yaş təşkil edir).

9.8-ci maddəsinə əsasən 1 yanvar 2006-cı il tarixinədək Qanunun 9.1-ci maddəsində göstərilən işlərdə güzəştli şərtlərlə pensiya hüququ verən tam əmək stajı olan şəxslərə pensiyalar yaşa və staja görə əvvəllər qüvvədə olmuş qanunvericiliklə müəyyən edilmiş tələblərə müvafiq surətdə həmin Qanuna uyğun olaraq təyin edilir.

20. 01.01.1993-cü il tarixindən xx.xx.2007-ci il tarixinədək qüvvədə olmuş “Vətəndaşların pensiya təminatı haqqında” Azərbaycan Respublikası Qanununun qüvvəyə mindiyi tarixdə 13-cü maddəsinin “a” və “b” bəndləri üzrə güzəştli şərtlərlə yaşa görə əmək pensiyası hüququnun əldə edilməsi ilə əlaqədar kişilər və qadınlar üçün Nazirlər Kabinetinin 21 iyun 1993-cü il tarixli 320 nömrəli Qərarı ilə təsdiq edilmiş 1 və 2 nömrəli Siyahılar üzrə müvafiq olaraq 50 (55) yaş və 45 (50) yaş pensiya yaş həddi müəyyən edilmişdi.

21. Azərbaycan Respublikasının xx.xx.1997-ci il tarixli 321-İQD nömrəli Qanunu ilə “Vətəndaşların pensiya təyinatı haqqında” Qanuna edilmiş dəyişikliyə uyğun olaraq, 1997-ci il avqust ayının 1-dən etibarən hər il pensiya yaş həddi 6 ay artırılaraq xx.xx.2000-ci il tarixindən 1 №-li siyahı üzrə kişilər 52 yaşdan, qadınlar 47 yaşdan, 2 №-li siyahı üzrə isə kişilər 57 yaşdan, qadınlar 52 yaşından güzəştli şərtlərlə yaşa görə əmək pensiyası hüququ qazanırdılar.

22. Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsi Maddə 68.1- məhkəmə mübahisə ilə bağlı iş üzrə inzibati məhkəmə icraatı nəticəsində onda yaranmış daxili inam əsasında qərar qəbul edir. Qərarda məhkəmənin mövqeyi üçün əsas olmuş səbəblər göstərilməlidir. Maddə 68.2-məhkəmə qərarı yalnız məhkəmə icraatında tədqiq olunmuş və barələrində proses iştirakçılarının öz mülahizələrini bildirmək imkanına malik olduqları faktlar və sübutlarla əsaslandırılmalıdır. Maddə 73.1-inzibati aktın qəbulundan imtina olunmasının və ya cavabdehin hərəkətsizliyi nəticəsində inzibati aktın qəbul edilməməsinin qanuna zidd olduğu və iddiaçının hüquqlarının pozulmasına səbəb olduğu hallarda, məhkəmə inzibati orqanın üzərinə inzibati aktın qəbul edilməsi barədə öhdəlik qoyur. Maddə 82. Apellyasiya instansiyası məhkəməsi mübahisə ilə bağlı işə şikayət həddində və hüquqi məsələlər, habelə sübutlar və faktlar (faktiki hallar) əsasında mahiyyəti üzrə tam həcmdə baxır. Apellyasiya instansiyası məhkəməsi həmçinin bu Məcəllənin 12-ci maddəsinin tələblərinə əsasən yeni təqdim olunmuş sübutları (sübutetmə vasitələrini) və faktları (faktiki halları) da nəzərə alır. Maddə 87.6 Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qərarını dəyişdirmədən qüvvədə saxlaya bilər, dəyişdirə bilər və ya ləğv edərək (tam və ya qismən) yeni qərar qəbul edə bilər. Birinci instansiya məhkəməsinin qərarı apellyasiya tələbi həddində dəyişdirilə bilər. Maddə 87.7. Apellyasiya instansiyası məhkəməsi, bir qayda olaraq, mübahisə ilə bağlı işə mahiyyəti üzrə baxaraq həll edir. Məhkəmə icraatının davam etdirilməsinin zəruri olduğu aşağıdakı müstəsna hallarda apellyasiya instansiyası məhkəməsi, barəsində şikayət verilmiş məhkəmə qərarını ləğv edərək işi müvafiq inzibati məhkəməyə göndərə bilər: Maddə 87.7.1. inzibati məhkəmədə icraat zamanı yol verilmiş ciddi prosessual pozuntular səbəbindən əhəmiyyətli sayda və ya geniş həcmdə sübutların araşdırılması tələb olunduqda; Maddə 87.7.2. inzibati məhkəmə tərəfindən mahiyyəti üzrə qərar qəbul edilmədikdə; Maddə 87.8. Apellyasiya instansiyası məhkəməsi qərarını əsaslandırmağa borcludur. Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qərarını dəyişdirmədən qüvvədə saxladıqda, həmin qərardakı əsaslara istinad edə bilər. Lakin hər bir halda apellyasiya instansiyası məhkəməsinin qərarında apellyasiya şikayətinin dəlillərinə münasibət bildirilməlidir. Maddə 94.1 Kassasiya şikayəti məhkəmə qərarının tam formada təqdim olunduğu gündən 1 ay, məhkəmə qərardadının təqdim olunduğu gündən, həmçinin bu Məcəllənin 131.3-cü və 132.3-cü maddələrində nəzərdə tutulmuş hallarda 10 gün müddətində müvafiq apellyasiya instansiyası məhkəməsi vasitəsi ilə verilir.

Apellyasiya baxışının hədləri

23. Apellyasiya şikayətində qərar tam mübahisələndirildiyindən birinci instansiya məhkəməsinin aktı bütövlükdə yoxlanılır.

24. Qanunun tələbinə görə, apellyasiya instansiyası məhkəməsi mübahisə ilə bağlı işə şikayət həddində və hüquqi məsələlər, habelə sübutlar və faktlar (faktiki hallar) əsasında mahiyyəti üzrə tam həcmdə baxır.

Apellyasiya instansiyası məhkəməsinin mövqeyi

25. Əvvəla məhkəmə Kollegiyası qeyd edir ki, iddiaçının iddiası mümkünlük şərtlərinə cavab verir.İddiaçı cavabdehə müraciət etmiş və imtina cavabı almışdır, iddia düzgün cavabdehə verilmiş, iddia qaldırmaqda iddiaçı subyektiv hüquqa malik olmuşdur.

26. Daha sonra məhkəmə Kollegiyası iddia tələbi və apellyasiya şikayəti ilə bağlı qeyd edir ki, işin hallarından müəyyən olunur ki, iddiaçıya onun 50 yaşı tamam olduğu xx.xx.2009-cu il tarixdən güzəştli şərtlərlə yaşa görə əmək pensiyası təyin edilmiş, və xx.xx.2024-cü il tarixədək ödənilmişdir. xx.xx.2024-cü il tarixdə cavabdeh iddiaçının yaşa görə əmək pensiyasının 52 yaşının tamamlandığı xx.xx.2011-ci il tarixindən təyin edilməsi əsası ilə onun əmək pensiyasının yenidən hesablanması barədə qərar qəbul etmişdir. İddiaçı hazırda həmin qərarı mübahisələndirərək onun ləğv edilməsini xahiş edir.

27. İddianı təmin etmiş birinci instansiya məhkəməsi öz mövqeyini onunla əsaslandırmışdır ki, qanunsuz inzibati akt, həmin aktın ləğv olunmasını şərtləndirən hallar məlum olduğu gündən 1 il ərzində ləğv edilə bilər. Qanunun imperativ xarakter daşıyan həmin normasına görə, inzibati orqan tərəfindən əvvəllər qəbul edilmiş qanunsuz inzibati akt, Qanunun 67.6.1-ci maddəsində sadalanan hallar istisna olmaqla, qalan digər hallarda yalnız inzibati aktın ləğv olunmasına, yaxud dəyişdirilməsinə səbəb olan hal və ya hallar inzibati orqana məlum olduğu gündən 1 il ərzində ləğv oluna, yaxud dəyişdirilə bilər.

28. Cavabdeh inzibati orqan qərar qəbul edərkən “İnzibati icraat haqqında” Qanunun 67.12-ci maddəsinin tələbinə əməl etdiyi hazırkı mərhələdə müəyyən edilmir. Belə ki, iddiaçıya əmək pensiyası ilk dəfə xx.xx.2009-cu il tarixli qərarla təyin edilmiş və bundan 1 ildən artıq müddət keçdikdən sonra xx.xx.2024-cü il tarixli qərar qəbul edilmişdir. Beləliklə, iddiaçı barəsində əlverişli inzibati aktın qəbul edilməsindən sonra ötən təqribən 15 il müddətində iddiaçı müəyyən edilmiş qaydada əmək pensiyası almışdır. Sonradan onun əmək pensiyasının yenidən hesablanması isə iddiaçının ümid etdiklərindən məhrum olmasına, hətta onun dövlət büdcəsinə ödənilməli olan yüksək məbləğdə borcunun yaranmasına səbəb olmuşdur ki, bu etimad prinsipinə zidd hesab edilməlidir.

29. Məhkəmə Kollegiyası birinci instansiya məhkəməsinin mövqeyi ilə razılaşmayaraq qeyd edir ki, araşdırma zamanı, iddiaçının Mərkəzi Filialda mövcud olan şəxsiyyət vəsiqəsinin surətinin düzgünlüyünə əsaslı şübhələr yaranmışdır. Belə ki, 22 dekabr 2009-cu il tarixində yaşa görə əmək pensiyasının təyinatı üçün iddiaçının Fondun Səbail rayon şöbəsinə müraciət edərkən təqdim etdiyi AZE № 07677525 seriyalı şəxsiyyət vəsiqəsinin surətində yaşayış yeri Bakı şəhəri, Səbail rayonu, Nizami küçəsi, ev 4, mənzil 21 olduğu, göz rəngi qonur, qan qrupu O(İ)RH+, vəsiqəni verən orqanın adı Səbail RPİ və verilmə tarixi xx.xx.2009-cu il olduğu göstərilsə də, müvafiq altsistemdə mövcud olan məlumatlarda onun AZE № 07677525 seriyalı şəxsiyyət vəsiqəsində yaşayış yeri Bakı şəhəri, Qaradağ rayonu, Lökbatan qəsəbəsi, keçid 1594, ev 32, mənzil 73, göz rəngi qəhvəyi, qan qrupu İİ(+), vəsiqəni verən orqanın adı Qaradağ RPİ QvŞV şöbəsi, vəsiqənin verilmə tarixi xx.xx.2009-cu il olduğu müəyyən edilmişdir. Həmçinin, iddiaçının şəxsiyyət vəsiqəsində vəsiqə sahibinin imzası qrafasındakı imza ilə, sözügedən altsistemində vəsiqə sahibinin imzası qrafasındakı imzasının fərqli olduğu aşkar edilib.

30. Bundan başqa, iddiaçıya güzəştli şərtlərlə yaşa görə əmək pensiyası 52 yaşının tamamlandığı xx.xx.2011-ci il tarixindən pensiya sığorta kapitalına əsasən təyin edilməli olduğu halda, qanunvericiliyə zidd olaraq 50 yaşının tamamlandığı xx.xx.2009- cu il tarixindən əmək haqqına əsasən hesablanaraq təyin edildiyi aşkar olunub.

31. “Əmək Pensiyaları haqqında” Qanunun 27-ci maddəsinin 1 iyul 2017-ci il tarixinədək qüvvədə olmuş redaksiyasına əsasən xx.xx.2006-cı il tarixinədək olan iş stajının hər tam ilinə 170 manat götürülməklə xx.xx.2006-cı il tarixindən sonrakı dövrə fərdi hesabın sığorta hissəsində toplanan pensiya kapitalının cəmindən və həmin dövrdə baza hissəsi götürülməklə əmək pensiyası hesablanırdı. Bununla əlaqədar olaraq, iddiaçıya əmək pensiyası tərəfimizdən aşağıdakı qaydada hesablanıb.

32. İddiaçının pensiya işinə dair sənədlərdə qeyd olunan məlumatlara əsasən, 1 yanvar 2006-cı il tarixinədək onun ümumi iş stajı 30 il 4 ay 19 gün təşkil edir. Bununla əlaqədar, xx.xx.2006-cı il tarixinədək iş stajına uyğun olaraq, Qanunun 27-ci maddəsinin tələblərinə əsasən həmin tarixə pensiyasının sığorta hissəsi 35,87 manat (30,39 il x 170 manat:144 ay) hesablanaraq xx.xx.2011-ci il tarixinə indeksləşdirilib 58,76 manat müəyyən edilməklə üzərinə, xx.xx.2006-xx.xx.2011-ci il tarixləri arasındakı işlədiyi dövr ərzində fərdi hesabının sığorta hissəsində qeydə alınmış 25950,24 manat pensiya sığorta kapitalına uyğun 180,21 manat (25950,24:144) və 85 manat baza hissəsi əlavə edilərək xx.xx.2011-ci il tarixinə 323,97 (58,76+180,21+85) manat (indeksləşdirilərək xx.xx.2013-cü il tarixinə 345,68 manat) məbləğində əmək pensiyası müəyyən edilib.

33. Apellyasiya şikayətinin yuxarıda qeyd olunan dəlili ilə bağlı məhkəmə Kollegiyası Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinə 04 noyabr 2025-ci il tarixli sorğu göndərərək hansı şəxsiyyət vəsiqəsinin İddiaçı məxsus olması, iki fərqli şəxsiyyət vəsiqəsinin olması səbəbləri barədə məlumatların Bakı Apellyasiya Məhkəməsinə göndərilməsi xahiş olunmuşdur.

34. Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi Baş Pasport Qeydiyyat və Miqrasiya İdarəsi sorğuya xx.xx.2025-ci il tarixli cavabında bildirmişdir ki, xx.xx.1959-cu il təvəllüdlü İddiaçı ünvan 2 ünvanında yaşayış yeri üzrə qeydiyatda olmaqla xxxxxxx FİN ilə xx.xx.2002-ci il tarixdə AZE-00031535 nömrəli, 08_12.2009-cu il tarixdə AZE- 07677525 nömrəli, xx.xx.2017-ci il tarixdə AZE-******** nömrəli şəxsiyyət vəsiqələri ilə sənədləşdirilmişdir. İddiaçı ünvan 3 ünvanında yaşayış yeri üzrə qeydiyatı aşkar edilməmişdir

35. Bundan başqa iş materiallarında olan Bakı Ağır Cinayətlər Məhkəməsinin 1(101)- 272/2025 saylı, xx.xx.2025-ci il tarixli X4 Azərbaycan Respublikası CM-nin 178.4, 29,178.4, 313, 32.4,313, 320.1 və 320.2-ci maddələri ilə təqsirləndirilməsinə dair cinayət işi üzrə hökmünə əsasən “....2008-ci ilin dekabr 2009-cu ilin yanvar aylarında pensiya təyin edilməsi üçün özünə müraciət etmiş DSMF-nin Səbail rayon şöbəsinin xx.xx.2010-cu il tarixli qərarı ilə güzəştli şərtlərlə yaşa görə əmək pensiyası təyin edilmiş xx.xx.1959-cu il təvəllüdlü İddiaçı güzəştli şərtlərlə yaşa görə əmək pensiyası almaq məqsədi ilə lazımi sənədlərinin DSMF-nin Səbail rayon şöbəsinə təqdim etməsini, həmçinin həmin şöbədə pensiya təyin olunması üçün müvafiq sənədləşmənin aparıldığını bildiyi halda, qabaqcadan əlbir olduğu qeyriləri ilə birlikdə istintaqa məlum olmayan şəraitdə hüquq verən rəsmi sənəd olan İddiaçı adına AZE seriyalı, 00031535 nömrəli şəxsiyyət vəsiqəsinin surətini istintaqa məlum olmayan şəraitdə 2009- cu ilin yanvar ayı ərzində Bakı şəhəri ərazisində, “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanununun 30.1-ci maddəsinin (“Əmək pensiyası şəxsin (ərizəçinin) daimi yaşadığı yer üzrə məcburi dövlət sosial sığortası, pensiyalar və pensiyalara əlavələr sahəsində idarəetməni həyata keçirən müvafiq icra hakimiyyəti orqanı tərəfindən təyin edilir”) tələblərini qəsdən pozaraq sonuncunun təvəllüdünün guya xx.xx.1957 olması, həmçinin ünvanının Abşeron rayonu, Masazır kəndində qeydiyyatda olması görüntüsü yaradaraq həmin vəsiqənin arxa hissəsini istintaqa məlum olmayan şəxsə məxsus şəxsiyyət vəsiqəsinin surətini qeyriləri ilə qabaqcadan əlbir olan bir qrup şəxs qismində birləşməklə cinayətkar əlaqəyə girib hazırlayıb saxtalaşdıraraq informasiya resursunda onların həqiqi məzmununu təhrif edən düzəlişlərin edilməsi cinayətini istintaqla şəxsiyyətləri araşdırılan səlahiyyətli vəzifəli şəxslərlə qabaqcadan əlbir olan bir qrup şəxs qismində birləşməklə məqsədyönlü şəkildə informasiya resursu olan Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin pensiya proqramı olan, Fox(Pro) proqramına istintaqa məlum olmayan şəritdə və tarixdə İddiaçı dair bilə-bilə yalan məlumatları, yəni sonuncunun guya xx.xx.2012-ci il tarixdə köçməsi və digər təhrif edilmiş məlumatları Abşeron rayonu, Xırdalan şəhəri, H.Əliyev prospekti 249 ünvanında yerləşən Abşeron rayon şöbəsinin inzibati binasında daxil edilməsinə nail olaraq qabaqcadan əlbir olduğu qeyriləri ilə birlikdə İddiaçı adından DSMFnin qeyd edilən ünvanda yerləşən Abşeron rayon şöbəsinə 2009-cu ilin yanvar ayında müraciət edərək, şöbənin pensiya təyin edən komissiyası tərəfindən xx.xx.2009-cu il tarixdə İddiaçı əvvəli xx.xx.2007-ci il tarixdən hesablanmaqla “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanununda nəzərdə tutulmuş 50 yaşından güzəştli şərtlərlə yaşa görə əmək pensiyasının təyin olunmasına dair 1881 nömrəli qərarın qəbul edilməklə 911081 nömrəli şəxsi hesabın açılmasına, şöbə tərəfindən 2009-cu il yanvar ayında İddiaçı adına 911081 kodlu 4169**** **** 7402 nömrəli plastik pensiya kartın "xxxx" ASC-dən sifariş verilməklə hazırlanmasına və həmin kartın qeyd olunan bankdan götürülməsinə, 2009-cu ilin yanvar ayından xx.xx.2012-ci il tarixədək sonuncunun 911081 nömrəli şəxsi hesabına DSMF tərəfindən dövlətə məxsus olmaqla güzəştli şərtlərlə yaşa görə əmək pensiyasının ödənilməsi üçün nəzərdə tutulmuş cəmi 96.089,74 (doxsan altı min səksən doqquz manat yetmiş dörd qəpik) manat pul vəsaitinin qanunsuz köçürülməsinə nail olmaqla plastik kart vasitəsilə qeyd olunan pul vəsaitini müxtəlif vaxtlarda, xx.xx.2009-cu il tarixdən xx.xx.2012-ci il tarixədək Bakı şəhərində müxtəlif ünvanlarda yerləşən müxtəlif bankomatlardan özü və qeyriləri vasitəsilə çıxarıb nağdlaşdırmaqla qabaqcadan əlbir olduğu digər şəxslərlə aralarında bölüb şəxsi ehtiyaclarına sərf edərək öz qulluq mövqeyindən istifadə etməklə etibardan sui-istifadə etmə və aldatma yolu ilə dövlət büdcəsi hesabına ayrılmaqla Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Sosial Müdafiə Fonduna məxsus olan 96.089,74 (doxsan altı min səksən doqquz manat yetmiş dörd qəpik) manat pul vəsaitini ələ keçirib,...” (hökmün 8/119-9/119 vərəqi)

36. Beləliklə, iddiaçıya 2009-cu ildə eyni vaxtda həm Dövlət Sosial Müdafiə Fondunun Səbail rayon şöbəsi tərəfindən, həm də Abşeron rayon şöbəsi tərəfindən güzəştli şərtlərlə yaşa görə əmək pensiyasının təyin olunması, həmçinin ona Abşeron rayon şöbəsi tərəfindən pensiyanın qanuni əsas olmadan təyin olunması işin mübahisəsiz halıdır.

37. Həmçinin, məhkəmə Kollegiyası xüsusilə vurğulayır ki, iddiaçının qanunvericiliyin tələblərinə zidd olaraq təyin olunmuş qeyd edilən pensiya işi üzrə ona əsassız ödənilmiş məbləğin qanunvericiliyə müvafiq qaydada pensiya məbləğindən tutulmaqla pensiyanın bərpa edilməsinə razılıq verməsinə dair xx.xx.2021-cü il tarixdə Əmək və Əhalinin Sosial Müdafiəsi Naziri cənab Sahil Babayevin adına təqdim etdiyi ərizə də iş materiallarında mövcuddur.

38. Məhz həmin ərizə əsasında iddiaçı ona əsassız ödənilmiş məbləğin qanunvericiliyə müvafiq qaydada pensiya məbləğindən tutulmasına razılıq vermiş və iddiaçının bundan sonra qanunun tələblərinə uyğun olmaqla pensiyası bərpa olunmuşdur.

39. Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyasının 2-1(102)-774/2025 saylı anoloji iş üzrə Qərarında məhkəmə qeyd etmişdir ki, “.....41. Bununla yanaşı, iddiaçının qanunvericiliyin tələblərinə zidd olaraq təyin olunmuş qeyd edilən pensiya işi üzrə ona əsassız ödənilmiş məbləğin qanunvericiliyə müvafiq qaydada pensiya məbləğindən tutulmasına razılıq verməsinə dair xx.xx.2023-cü il tarixdə təqdim etdiyi ərizə də bir daha sözügedən ödənişlərin iddiaçıya ödənildiyini təsdiq edir. 42. Qeyd edilən halların müəyyən edilməsi, “İnzibati icraat haqqında” Qanunun 67.6.3-cü maddəsində təsbit olunmuş normanın (maraqlı şəxsin inzibati aktın qanunsuz olduğunu bildiyi və ya kobud ehtiyatsızlıq nəticəsində bilmədiyi ilə bağlı) təfsiri, iddiaçının etimad hüququnun qorunmağa layiq olub-olmamasının müəyyən edilməsi və etimad hüququnun müdafiəsi baxımından mühüm əhəmiyyət kəsb edir. 43. Qeyd edilən halların müəyyən olunması həm də ona görə vacibdir ki, apellyasiya instansiyası məhkəməsi iddianı təmin edərkən dolayısı ilə etimad hüququnun qorunması prinsipinə və “İnzibati icraat haqqında” Qanunun 67.6-cı maddəsində təsbit olunmuş iddiaçının etimadının qorunması hüququnu istisna edən halların mövcud olmadığına istinad etmişdir. 44. Nəzərə alınmalıdır ki, etimad hüququnun qorunması prinsipi beynəlxalq hüquqda hamılıqla qəbul olunmuş “bona fides” prinsipinə əsaslanan, ondan irəli gələn bir prinsipdir. Qanunvericilikdə “vicdanlılıq” kimi qeyd olunan həmin prinsip, əslində latınca “bona fides”, yəni yaxşı niyyəti ifadə edən anlayış qismində qəbul olunur. Hüquqi anlamda vicdanlılıq iki formada – “qanunsuzluğu bilməmə” və “dürüst davranma” formasında ifadə olunur. “Qanunsuzluğu bilməmə” maraqlı şəxsin normal diqqət göstərdiyi halda belə qanunsuzluğu görə bilmədiyini və ya bilməyəcəyini ifadə edir. “Dürüst davranma” isə hüquqi münasibətlərdə Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 425.1-ci maddəsində təsbit edilmiş qaydada davranışın həyata keçirilməsini ehtiva edir. Belə ki, qeyd edilən normaya əsasən, öz hüquqlarını həyata keçirərkən və vəzifələrini icra edərkən tərəflərdən hər biri vicdanlılığın tələb etdiyi tərzdə, yəni şərtləşdirilmiş vaxtda və yerdə lazımi şəkildə, öhdəliyin şərtlərinə və bu Məcəllənin tələblərinə müvafiq surətdə, belə şərtlər və tələblər olmadıqda isə, işgüzar adətlərə və ya adətən irəli sürülən digər tələblərə müvafiq surətdə hərəkət etməlidir. 45. Şəxsin dürüst davranma öhdəliyi qanunun müvafiq normalarının təfsirində, şəxsin iradə ifadəsinin və açıqlamasının qiymətləndirilməsində, hüquqdan sui-istifadənin müəyyən edilməsində böyük əhəmiyyətə malikdir. Həm dürüst davranma öhdəliyi, həm də hüquqdan suiistifadənin yolverilməzliyi hüququn hamılıqla qəbul olunmuş ümumi prinsipləri olduğuna görə, apellyasiya instansiyası məhkəməsi hazırkı iş üzrə “İnzibati icraat haqqında” Qanunun 67.6.3-cü maddəsində təsbit olunmuş normanı təfsir edərkən, habelə etimadın qorunması prinsipinə və etimadın qorunması hüququnu istisna edən halların mövcud olmadığına istinad edərkən həm də qeyd edilənləri nəzərə almalı idi.

46. Qeyd edilməlidir ki, “İnzibati icraat haqqında” Qanunun 67.6-cı və 67.6.3-cü maddələrinin tələbi baxımından maraqlı şəxs inzibati aktın qanunsuz olduğunu bildiyi və ya kobud ehtiyatsızlıq nəticəsində bilmədiyi halda etimadın qorunması hüququna istinad edə bilməz. Məhkəmələr etimad hüququna istinadı aradan qaldıran şərtlərin mövcudluğunu tam şəkildə yoxlamaq səlahiyyətinə malikdir. Bu zaman həm də şəxsin etimad hüququna istinadı istisna edən şərtlərin mövcudluğu da məhkəmələr tərəfindən xidməti vəzifəsinə görə yoxlanılmalıdır. Bu baxımdan qeyd olunan xüsusatları araşdırmadan iddiaçının ona eyni anda iki pensiya işi üzrə ödənişin qanunsuz olduğunu bildiyini və ya ən azından bilməli olduğunu istisna etməkdə və bunun üzərindən onun etimad hüququnun qorunduğuna əsaslanmaqla qərar qəbul etməkdə məhkəmə haqlı sayıla bilməz. 47. Eyni zamanda qeyd edilməlidir ki, cavabdehin iddiaçının xx.xx.2020-ci il tarixdən dayandırdığı pensiya ödənişini xx.xx.2023-cü il tarixdən bərpa etməsi və ona həmin dövr üzrə ödənilməli məbləği müəyyən etməsi cavabdeh tərəfindən iddiaçının həmin dövr ərzində pozulmuş hüquqlarının bərpası istiqamətində göstərilmiş səy kimi qiymətləndirilməli və müəyyən edilmiş həmin məbləğdən məhz iddiaçının razılığı əsasında tutmaları həyata keçirdiyi də nəzərə alınmalıdır.....”

40. Beləliklə, məhkəmə Kollegiyası hesab edir ki, cavabdehin apellyasiya şikayəti təmin edilməli, Bakı İnzibati Məhkəməsinin 2-1(112)-7350/2025 saylı, xx.xx.2025-ci il tarixli qərarı ləğv edilərək iddia rədd olunmalıdır.

41. Məhkəmə Kollegiyası nəzərə alır ki, İPM-in 68.2-ci maddəsinə əsasən məhkəmə qərarı yalnız məhkəmə icraatında tədqiq olunmuş və barələrində proses iştirakçılarının öz mülahizələrini bildirmək imkanına malik olduqları faktlar və sübutlarla əsaslandırılmalıdır.

42. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası İPM-nin 68.1-ci, 68.2-ci, 68.3-cü, 87.6-cı, 87.8-ci, 94.1.-ci maddələrini rəhbər tutaraq, Məhkəmə kollegiyası

qərara aldı:

Apellyasiya şikayəti təmin edilsin. Bakı İnzibati Məhkəməsinin 2-1(112)-7350/2025 saylı, xx.xx.2025-ci il tarixli qərarı ləğv edilsin. İddia rədd olunsun. Qərardan, Kassasiya şikayəti məhkəmə qərarının tam formada təqdim olunduğu gündən 1 ay müddətində, Bakı Apellyasiya Məhkəməsi vasitəsilə Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyasına verilə bilər.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar