Məhkəmə qərarları › İş №2-1(103)-4008/2024

Bakı Apellyasiya Məhkəməsi Qərar — İş №2-1(103)-4008/2024

18.12.2024 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-1(103)-4008/2024 18.12.2024 BAKI APELLYASİYA MƏHKƏMƏSİ X3 Oruczadənin sədrliyi və məruzəsi ilə, Günel Məhərrəm qızı Abbasova və Cahangir Afər oğlu Yusifovdan ibarət tərkibdə, Abbaslı Sücayət Hafiz qızının katibliyi, İddiaçı, Cavabdehin nümayəndəsi X2 iştirakları ilə, İddiaçı cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondunun Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filialına qarşı “qərarın ləğv edilməsi, əvvəlki məbləğin bərpa edilməsi və əmək pensiyasından tutulmuş məbləğin qaytarılması” tələbinə dair inzibati iş üzrə Bakı İnzibati Məhkəməsinin 2-1(112)-7866/2024 nömrəli, 05 avqust 2024-cü il tarixli qərarından cavabdeh tərəfindən verilmiş apellyasiya şikayətinə əsasən inzibati işə Bakı Apellyasiya Məhkəməsinin inzibati binasında, açıq şifahi məhkəmə baxış iclasında baxaraq aşağıdakı qərarı qəbul etdi. Təsviri hissə: İddiaçı cavabdeh Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondu publik hüquqi şəxsin Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filialına qarşı Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondu publik hüquqi şəxsin Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filialının xx.xx.2024-cü il tarixli 3-17-1/2-Ə-40515/2024 saylı cavab məktubunun əsassız hesab edilməsi, xx.xx.2008-ci il tarixdən, yəni 50 yaşı tamam olan gündən təyin edilmiş güzəştli şərtlərlə yaşa görə əmək pensiyasının bərpa edilməsi, artıq alma kimi hesablanmış 19 118,12 manatın ləğv edilməsi və ona görə ondan tutulmuş məbləğlərin ona geri qaytarılması vəzifəsinin həvalə edilməsi barədə qərar qəbul edilməsi barədə iddia ərizəsi ilə məhkəməyə müraciət etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, xx.xx.1997-ci il tarixinə kimi 20 ildən çox ümumi və 10 ildən çox güzəştli iş stajı toplandığına görə hal-hazırda qüvvədə olan “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikasının Qanununun 9.8-ci maddəsinin tələbinə əsasən xx.xx.2008-ci il tarixindən, yəni 50 yaşı tamam olan gündən DSMF-nin Suraxanı rayon şöbəsi tərəfindən güzəştli şərtlərlə yaşa görə əmək pensiyası təyin edilmişdir. X4 xx.xx.2023-cü il tarixli 3-17-1/2-Ə-201234/2023-cü il tarixli məktubu ilə bildirilir ki, güzəştli şərtlərlə yaşa görə əmək pensiyası 52 yaşının tamamlandığı xx.xx.2010-cu il tarixdən pensiya sığorta kapitalına uyğun olaraq təyin edilməli olduğu halda, qanunvericiliyə zidd olaraq 50 yaşının tamamlandığı xx.xx.2008-ci il tarixindən əmək haqqına əsasən hesablanaraq təyin edildiyi aşkar olunub. Ona görə də xx.xx.2024- cü il tarixində Mərkəzi Filiala məktubla təkrar müraciət edərək xx.xx.2008-ci il tarixindən təyin edilmiş və xx.xx.2023-cü il tarixli məktuba əsasən dayandırılmış güzəştli şərtlərlə yaşa görə əmək pensiyanın bərpa edilməsini və ona görə tutulmuş məbləğlərin geri qaytarılmasını xahiş etdi. Mərkəzi Filialın xx.xx.2024-cü il tarixli 3-17-1/2-Ə-40515/2024 saylı məktubu ilə təkrar olaraq bildirilir ki, (cavab məktubunu rəsmi olaraq xx.xx.2024-də almışdır) güzəştli şərtlərlə yaşa görə əmək pensiyası 52 yaşının tamamlandığı xx.xx.2010-cu il tarixindən pensiya sığorta kapitalına uyğun olaraq təyin edilməli olduğu halda, qanunvericiliyə zidd olaraq 50 yaşının tamamlandığı xx.xx.2008-ci il tarixindən əmək haqqına əsasən hesablanaraq təyin edildiyi aşkar olunub. Son üç il üzrə 19 118,12 manat artıq pul vəsaiti ödənildiyi müəyyən edilib. Pul vəsaitinin 287,96 manat hissəsi hər ay 71,99 manat olmaqla əmək pensiyasından tutularaq büdcəyə bərpa edilib, (qalıq artıq ödənilmiş vəsait 18830.16). Bundan başqa əmək pensiyası xx.xx.2023-cü il tarixdən yenidən hesablanaraq 662,86 manatdan 1108,90 manata artırılıb. Həmçinin əmək pensiyası üzrə keçmiş müddət üçün ödənilməli olan 1103,88 manat pul vəsaiti hesablanıb. Həmin 1103.88 manat pul vəsaiti artıq ödənilmiş qalıq 18830,16 manat ilə əvəzləşdirilmiş, qalıq 17726,28 manat artıq ödənilmiş pul vəsaiti isə cari aydan etibarən hər ay 108,75 manat olmaqla əmək pensiyasından tutularaq büdcəyə bərpa edilir. xx.xx.1997-ci il tarixinə kimi 20 ildən çox ümumi və 10 ildən cox güzəştli iş stajı olduğuna görə düzgün olaraq DSMF-nin Suraxanı rayon şöbəsi tərəfindən əvvəllər qüvvədə olmuş Qanunun tələbinə əsasən 50 yaşı tamam olan gündən yəni xx.xx.2008-ci il tarixindən güzəştli şərtlərlə yaşa görə əmək pensiyası təyin edilmişdir. “Əmək Pensiyaları haqqında” Qanunun 9.8-ci maddəsinin tələbinə əsasən xx.xx.1997-ci il tarixinə kimi 20 ildən çox ümumi və 10 ildən çox güzəştli iş stajı olan vətəndaş X1 2 saylı Siyahıya əsasən 50 yaşından güzəştli şərtlərlə yaşa görə əmək pensiyasının təyin edilməsi barədə Bakı İnzibati Məhkəməsinin 07 iyun 2021 -ci il tarixli 2- 1(112)-2526/2021 saylı Qərarı vardır. Həmin Qərar Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının 2 noyabr 2021-ci il tarixli 2-1(103)-2278/2021 saylı və Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyasının 15 mart 2022-ci il tarixli 2-1(102)- 404/2022 saylı Qərarı ilə dəyişdirilmədən qüvvədə saxlanılmışdır. “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanununun elmi və praktiki kommentariyasında da qeyd edilir ki, xx.xx.1997-ci ilədək 1 və 2 nömrəli Siyahılar üzrə yaşa görə əmək pensiyasının təyin edilməsi üçün yaş həddi müvafiq olaraq kişilərdə 50 və 55, qadınlarda isə 45 və 50 yaşı müəyyən olunmuşdur. Beləliklə, həmin tarixədək göstərilən Siyahılar üzrə güzəştli şərtlərlə yaşa görə əmək pensiyası təyin edilməsi üçün tələb edilən ümumi və xüsusi staja malik olduqda onlara qeyd edilən yaş həddinə çatmaqla əlaqədar güzəştli şərtlərlə yaşa görə əmək pensiyası təyin edilə bilər. Qanunun “Elmi praktiki kommentaryası”nda bu barədə göstəriş olmasına və bu barədə yüzlərlə məhkəmə qərarları olmasına baxmayaraq Mərkəzi Filialın əməkdaşları Qanuna heç bir şərh vermək hüquqları olmadığı halda Qanuna şərh verərək 50 yaşından təyin edilmiş güzəştli şərtlərlə yaşa görə əmək pensiyasını qanunsuz hesab edirlər. Ona görə də Mərkəzi Filialın xx.xx.2024-cü il tarixli 3-17-1/2-Ə-40515/2024 saylı cavab məktubunun əsassız hesab edilməsi və onun üzərinə xx.xx.2008-ci il tarixdən təyin edilmiş güzəştli şərtlərlə yaşa görə əmək pensiyasının bərpa edilməsi və ona görə tutulmuş məbləğlərin geri qaytarılması vəzifəsinin həvalə edilməsi barədə qərar qəbul edilməlidir. Məhkəmənin xx.xx.2024-cü il tarixli qərardadı ilə iş üzrə iddia tələbi “Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondu publik hüquqi şəxsin Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filialının xx.xx.2024-cü il tarixli 3-17-1/3-3-337/2024 saylı “Əmək pensiyasının yenidən hesablanması haqqında” qərarının ləğv edilməsi, pensiyanın əvvəlki məbləğinin bərpa edilməsi və əmək pensiyasından qanunsuz olaraq tutulmuş məbləğlərin həmin ayların sayına bölünərək əmək pensiyasının üzərinə əlavə edilməklə iddiaçıya qaytarılması vəzifəsinin cavabdehin üzərinə qoyulması barədə qərar qəbul edilməsi” kimi dəyişdirilmişdir. Məhkəmənin xx.xx.2024-cü il tarixli qərardadı ilə iş üzrə iddia tələbi “Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondu publik hüquqi şəxsin Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filialının xx.xx.2023-cü il tarixli 3-17-1/3-3-18304/2023 saylı “Əmək pensiyasının yenidən hesablanması haqqında” qərarının ləğv edilməsi, əvvəlki məbləğin bərpa edilməsi və əmək pensiyasından qanunsuz olaraq tutulmuş məbləğlərin iddiaçıya qaytarılması vəzifəsinin cavabdehə həvalə edilməsi barədə qərar qəbul edilməsi” kimi dəyişdirilmişdir. Cavabdeh iddiaya dair etirazını məhkəməyə təqdim edərək göstərmişdir ki, İddiaçı ona təyin edilmiş güzəştli şərtlərlə yaşa görə əmək pensiyasının bərpa edilməsi, pensiya məbləğindən tutulmuş məbləğlərin geri qaytarılması xahişi ilə xx.xx.2024-cü il tarixli ərizə ilə inzibati orqana müraciət etmişdir. Cavabdehin xx.xx.2024- cü il tarixli 3-17-1/2-Ə- 40515/2024 nömrəli məktubu ilə iddiaçıya artıq ödənilmiş pensiya məbləği barədə məlumat təqdim edilmişdir. Həmin məktuba əsasən araşdırma zamanı iddiaçıya güzəştli şərtlərlə yasa görə əmək pensiyası 52 yaşının tamamlandığı xx.xx.2010-cu il tarixdən pensiya sığorta kapitalına uyqun olaraq təyin edilməli olduğu halda, qanunvericiliyə zidd olaraq 50 yaşının tamamlandığı xx.xx.2008-ci il tarixdən əmək haqqına əsasən hesablanaraq təyin edildiyi aşkar olunmuş, nəticədə iddiaçıya 19118,12 manat məbləğində artıq pul vəsaiti ödənilmişdir. “Vətəndaşların pensiya təminatı haqqında” Qanunun qüvvəyə mindiyi 23 sentyabr 1992-ci il tarixində həmin Qanunun 13-cü maddəsinin “a” bəndi üzrə güzəştli şərtlərlə yaşa görə əmək pensiyası hüququnun əldə edilməsi ilə əlaqədar kişilər üçün müəyyən edilmiş 50 pensiya yaş həddi Azərbaycan Respublikasının 13 iyun 1997-ci tarixli 321-İQD nömrəli Qanununun 1-ci bəndinə uyğun olaraq 1997-ci il avqustun 1-dən 2000-ci il avqustun 1-dək hər il altı ay artırılmışdır. Göründüyü kimi 1 avqust 2000-ci il tarixindən etibarən güzəştli şərtlərlə pensiya yaşı kişilər üçün 52 yaş müəyyən edilmişdir. Buna görə də güzəştli şərtlərlə yaşa görə əmək pensiyası təyin edilməsi üçün 1 avqust 1997-ci il tarixədək tələb olunan güzəştli və ümumi iş stajını topladıqda, lakin 50 yaş həddinə dəyişiklikdən sonra çatdıqda onlara həmin yaşdan güzəştli şərtlərlə yaşa görə əmək pensiyasının təyin edilməsi qanunvericiliyin tələbləri baxımından mümkün deyildir. Həmin şəxslərə güzəştli şərtlərlə yaşa görə əmək pensiyası müvafiq dəyişiklikdən sonra qanunvericilikdə müəyyən edilmiş 52 yaş həddinə uyğun təyin edilməlidir. Qanunun 27-ci maddəsinin 1 yanvar 2010-cu il tarixədək qüvvədə olmuş redaksiyasına əsasən əmək pensiyası pensiya sığorta kapitalına əsasən deyil, ödənilmiş əmək haqqının orta aylıq məbləğinə uyğun olaraq hesablanırdı. Göstərilən tarixdən qanunvericiliyə edilmiş dəyişikliklə əlaqədar 1 yanvar 2010-cu il tarixdən sonra əmək pensiyasının məbləği toplanılan pensiya sığorta kapitalına (1 yanvar 2006-cı il tarixdən əvvəlki iş stajının da pensiya sığorta kapitalına şərti çevrilməsi aparılmaqla) əsasən hesablanılmasına başlanılmışdır. Araşdırma zamanı İddiaçı güzəştli şərtlərlə yasa görə əmək pensiyası 52 yaşının tamamlandığı xx.xx.2010-cu il tarixdən pensiya sığorta kapitalına uyqun olaraq təyin edilməli olduğu halda, qanunvericiliyə zidd olaraq 50 yaşının tamamlandığı xx.xx.2008-ci il tarixdən əmək haqqına əsasən hesablanaraq təyin edildiyi aşkar olunmuşdur. Qeyd olunanlardan bir daha aydın olduğu kimi iddia tələbi əsassızdır və cavabdeh orqanın müvafiq qərarı qanunauyğun olmuşdur. Bakı İnzibati Məhkəməsinin 2-1(112)-7866/2024 nömrəli, 05 avqust 2024-cü il tarixli qərarı ilə (hakim A.Almazova) iddia tələbi təmin edilmişdir. Qərardan narazı qalan cavabdeh qanunvericiliklə müəyyən edilmiş qaydada və vaxtda apellyasiya şikayəti verərək, qərarın ləğv edilməsi, iddia tələbinin təmin edilməməsini xahiş etmişdir. Apellyasiya şikayətinin dəlilləri: Apellyasiya şikayəti onunla əsaslandırılmışdır ki, araşdırma zamanı, iddiaçıya güzəştli şərtlərlə yaşa görə əmək pensiyası 52 yaşının tamamlandığı xx.xx.2010-cu il tarixindən pensiya sığorta kapitalına əsasən təyin edilməli olduğu halda, qanunvericiliyə zidd olaraq 50 yaşının tamamlandığı xx.xx.2008-ci il tarixindən əməkhaqqına əsasən hesablanaraq təyin edildiyi aşkar edilib. Qanunun 27-ci maddəsinin 1 yanvar 2010-cu il tarixinədək qüvvədə olmuş redaksiyasına əsasən əmək pensiyası pensiya sığorta kapitalına əsasən deyil, ödənilmiş əmək haqqının orta aylıq məbləğinə uyğun olaraq hesablanırdı. Belə ki, iddiaçının pensiya işinə dair sənədlərdə qeyd olunan məlumatlara əsasən, 1 yanvar 2006-cı il tarixinədək iddiaçının ümumi iş stajı 29 il 10 ay 19 gün təşkil edir. Bununla əlaqədar xx.xx.2006-cı il tarixinədək iddiaçının iş stajına uyğun olaraq, Qanunun 27-ci maddəsinin tələblərinə əsasən həmin tarixə pensiyasının sığorta hissəsi 35,29 manat (29,89 il x 170 manat:144 ay) hesablanaraq xx.xx.2010-cu il tarixinə indeksləşdirilib 54,67 manat müəyyən edilməklə üzərinə, xx.xx.2006-xx.xx.2010-cu il tarixləri arasındakı işlədiyi dövr ərzində fərdi hesabının sığorta hissəsində qeydə alınmış 4635,36 manat sığorta kapitalına uyğun 32,19 (4635,36:144) manat və 75,00 manat baza hissəsi əlavə edilərək xx.xx.2010-cu il tarixinə 161,86 (54,67+32,19+75,00) manat məbləğində əmək pensiyası (indeksləşdirilərək xx.xx.2017- ci il tarixinə 231,57 manat) təyin edilməli olduğu halda, qanunvericiliyə zidd olaraq xx.xx.2008- ci il tarixindən 224,59 manat (indeksləşdirilərək xx.xx.2017-ci il tarixinə 557,93 manat)) artıq əmək pensiyası təyin edilərək iddiaçıya ödənilib. Eyni zamanda bildirirlər ki, Qanunun 37.3.1-ci maddəsinin 29 iyun 2022-ci il tarixinədək qüvvədə olmuş redaksiyasına əsasən işləyən əmək pensiyaçılarına yaşa görə əmək pensiyasının pensiya təyin olunan günədək qazanılmış sığorta hissəsi tam məbləğdə ödənilir. Pensiya təyin olunduqdan sonrakı dövr üzrə qazanılan sığorta və yığım hissələri üzrə pensiya kapitalının toplanması davam etdirilir və şəxslər işləməyən əmək pensiyaçısı kateqoriyasına keçdikdə, yaxud pensiya təyin olunduğu gündən sonra 6 il və daha çox işlədikdə həmin dövr üzrə sığorta və yığım hissələrinin hesablanmasında gözlənilən pensiya ödənişi müddəti aylarının sayı pensiyaçının pensiya yaşından sonra işlədiyi ayların miqdarı qədər, lakin 72 aydan artıq olmamaqla azaldılaraq əmək pensiyası yenidən hesablanır. Sonrakı belə hesablamalar bu maddədə göstərilən şərt nəzərə alınmaqla hər növbəti 6 ildən bir həyata keçirilir. Qanunun 45-ci maddəsinə əsasən gözlənilən pensiya ödənişi müddəti müvafiq icra hakimiyyəti orqanı tərəfindən müəyyən edilir. Sözügedən maddənin ikinci cümləsinin 29 iyun 2022-ci il tarixinədək qüvvədə olmuş redaksiyasına əsasən həmin Qanunun 9-cu maddəsinə əsasən yaşa görə əmək pensiyası təyin olunan şəxslərin əmək pensiyasının sığorta və yığım hissələrinin hesablanmasında gözlənilən pensiya ödənişi müddəti aylarının sayı (144 ay) güzəştli şərtlə pensiyaya çıxma yaşı ilə Qanunun 7-ci maddəsi ilə müəyyən edilmiş pensiya yaşı (xx.xx.2017-ci il tarixinə kişilər 63 yaş 6 ay) arasındakı ayların sayı qədər artırılır. Bununla əlaqədar, iddiaçıya pensiya təyin edildiyi gündən sonra 6 il və daha çox işlədiyinə görə fərdi hesabının sığorta hissəsində qeydə alınmış 23290,00 manat sığorta kapitalına görə xx.xx.2017-ci il tarixli müraciətinə əsasən əmək pensiyasının xx.xx.2017-ci il tarixindən yenidən hesablanmasının düzgün olmadığı müəyyən edilib. Belə ki, 23290,00 manat sığorta kapitalı Qanunun 37.3.1-ci maddəsinin və 45-ci maddəsinin tələblərinə uyğun qaydada gözlənilən pensiya ödənişi müddəti aylarının sayına 125 (63 yaş 6 ay-59 yaş 1 ay)=53+(144 ay-72 ay) aya bölünməklə 186,32 manat (23290,00:125) qanuni əmək pensiyasının (231,57 manat) üzərinə əlavə edilərək 417,89 manat (231,57+186,32) (Qanunun 26.4-cü maddəsinində tələbləri nəzərə alınaraq və indeksləşdirilərək xx.xx.2023-cü il tarixinə 719,99 manat)) iddiaçıya ödənilməli olduğu halda, düzgün müəyyən edilməmiş 30247,20 manat sığorta kapitalı səhvən 144 aya bölünərək 210,05 manat (30247,20:144) düzgün olmayan əmək pensiyasının 557,93 manat üzərinə əlavə edilməklə iddiaçıya 767,98 manat (557,93+210,05 (Qanunun 26.4-cü maddəsinin tələbləri nəzərə alınaraq və indeksləşdirilərək xx.xx.2023-cü il tarixinə 1305,84 manat)) artıq əmək pensiyası ödənilmişdir. Qanunun 39.1-ci maddəsinin 1 yanvar 2023-cü il tarixindən qüvvədə olan redaksiyasına əsasən əmək pensiyasının və əmək pensiyasına əlavənin artıq ödənilmiş məbləği əmək pensiyaçısından son üç il üçün tutulur. Qeyd olunanları nəzərə alaraq, iddiaçıya son üç il üzrə 19118,12 manat artıq pul vəsaiti ödənildiyi müəyyən edilib. Həmin 19118,12 manat pul vəsaitinin 287,96 manat hissəsi xx.xx.2023-xx.xx.2024-cü il tarixləri arasındakı dövr ərzində hər ay 71,99 manat olmaqla iddiaçının əmək pensiyasından tutularaq büdcəyə bərpa edilib (qalıq artıq ödənilmiş vəsait 18830,16 manat). Azərbaycan Respublikası Nazirlər Kabinetinin 28 aprel 2022-ci il tarixli 175 nömrəli Qərarı ilə təsdiq edilmiş “Əmək pensiyalarının təyin edilməsi, hesablanması, yenidən hesablanması, bir növdən başqa növə keçirilməsi və ödənilməsi Qaydası”nın 6.6cı bəndinə əsasən əmək pensiyasının yenidən hesablanması yenidən hesablanmağa hüququn yarandığı tarixdən aparılır və bu zaman, bu Qaydanın 6.1.4-cü, 6.1.6-6.1.9-cu yarımbəndlərində nəzərdə tutulmuş hallar əsasında keçmiş dövr üzrə əskik və artıq ödəmələr müəyyən edildikdə, həmin ödəmələr Qanunun 32.1-1-ci və 39.1 -ci maddələri nəzərə alınmaqla əvəzləşdirilir. Bundan başqa, iddiaçının əmək pensiyası yenidən hesablandıqdan sonra 6 il işləməsilə əlaqədar işləyən əmək pensiyaçısı kimi fərdi hesabının sığorta hissəsində qeydə alınmış pensiya sığorta kapitalına görə Qanunun 37.3.1 -ci maddəsinin tələblərinə uyğun qaydada əmək pensiyası xx.xx.2023-cü il tarixindən yenidən hesablanaraq 662,86 manatdan 1108,90 manata artırılıb. Həmçinin, iddiaçının əmək pensiyası üzrə keçmiş müddət üçün ona ödənilməli olan 1103,88 manat pul vəsaiti hesablanıb. Həmin 1103,88 manat pul vəsaiti iddiaçının artıq ödənilmiş qalıq 18830,16 manat ilə əvəzləşdirilmiş, qalıq 17726,28 manat artıq ödənilmiş pul vəsaiti isə cari aydan etibarən hər ay 108,75 manat olmaqla iddiaçının əmək pensiyasından tutularaq büdcəyə bərpa edilir. Əlavə olaraq bildirirlər ki, Qanunun 29.1 -ci maddəsinə əsasən indeksləşdirilmə ilə əlaqədar əmək pensiya xx.xx.2024-cü il tarixindən 1209,80 manat təşkil edir. Bildirirlər ki, sosial təminat hüququnun məzmununa nəzər salsaq, həmin hüququn da Konstitusiyada təsbit olunmuş digər hüquqlarla (şəxsi, iqtisadi, siyasi, mədəni) bərabər, eyni qaydada qorunmasına və müdafiəsinə təminat verilməsinə baxmayaraq, həmin hüquqların təmin edilməsində və həyata keçirilməsində bir sıra səciyyəvi xüsusiyyətlər mövcuddur. Belə ki, şəxsi və siyasi hüquqlardan fərqli olaraq sosial hüquqların səmərəli həyata keçirilməsi dövlətin bu hüquqları təmin edə biləcək maliyyə imkanları ilə bağlıdır. Dövlətin pensiya sisteminin əsas prinsiplərindən biri də pensiya təminatı zamanı ədalətliliyin gözlənilməsi və dövlətin maliyyə dayanıqlılığının təmin edilməsidir. Respublika ərazisində pensiya alan şəxslərin dairəsinin geniş olduğunu nəzərə aldıqda, pensiya hüquq münasibətləri ilə bağlı düzgün hesablanmamış pensiyaların qanunamüvafiq qaydada yenidən hesablanması çərçivəsində hərəkətlərin edilməsi və ya inzibati aktların qəbul edilməsi zamanı hər bir şəxsə ayrı-ayrılıqda məlumat verməklə inzibati icraatın həyata keçirilməsi inzibati icraatın səmərəli aparılmasına mane olmaqla yanaşı, ictimai maraqlara və ya dövlət maraqlarına ziyan vurulmasının aradan qaldırılması üçün təcili tənzimlənmə imkanlarını aradan qaldırır. Bu da ictimai maraqlar zəminində ədalət prinsipinin pozulmasına səbəb olur, o cümlədən dövlət büdcəsindən pensiya xərcləri ilə bağlı əlavə öhdəliklər yaratmaqla büdcəyə mənfi təsir göstərir. Lakin Bakı İnzibati Məhkəməsi yuxarıda qeyd olunanları nəzərə almadan əsassız olaraq iddianı təmin etmişdir. Məhkəmə icraatı iştirakçılarının izahatları: Məhkəmə iclasında iştirak edən cavabdeh apellyasiya şikayətini müdafiə edərək, şikayətdə yazılanlara uyğun izahat verərək, təmin edilməsini, birinci instansiya məhkəməsinin qərarının ləğv olunmasını və iddia tələbinin rədd edilməsi barədə yeni qərar qəbul edilməsini xahiş etdi. Məhkəmə iclasında iştirak edən iddiaçı iddia tələbinin dəqiqləşdirilməsi barədə ərizə verərək, cavabdeh inzibati orqanın xx.xx.2023-cü il tarixli 3-17-1/3-3-18304/2023 saylı qərarının ləğv edilməsini, əmək pensiyasından artıq ödəmə kimi tutulmuş pensiya məbləğinin geri qaytarılmasını və cavabdeh inzibati orqanın xx.xx.2024-cü il tarixli 3-17- 1/3-3-337/2024 saylı “Əmək pensiyasının yenidən hesablanması haqqında” qərarının əvvəlki inzibati akta uyğunlaşdırılması barədə qərar qəbul edilməsini xahiş etdi. Ərizə icraata qəbul edildi. İddiaçı apellyasiya şikayətinin dəlillərinə etiraz edərək təmin edilməməsini və dəqiqləşdirilmiş iddia tələbinə uyğun izahat verərək, təmin olunmasını xahiş etdi. Əsaslandırıcı hissə: Azərbaycan Respublikası İnzibati-Prosessual Məcəlləsinin 82-ci maddəsinə əsasən apelyasiya instansiyası məhkəməsi mübahisə ilə bağlı işə şikayət həddində və hüquqi məsələlər, habelə sübutlar və faktlar (faktiki hallar) əsasında mahiyyəti üzrə tam həcmdə baxır. Apellyasiya şikayəti qanunla müəyyən olunmuş tələblərə riayət olunmaqla verilmişdir, şikayətin mümkün sayılmaması üçün əsaslar yoxdur. Belə ki, şikayət birinci instansiya məhkəməsinin qərarının təqdim olunduğu gündən 30 gün ərzində verilmişdir (İPM-85.1), formal baxımdan əsaslandırılmış və şikayətçinin tələbi göstərilmişdir (İPM-85.2, 85.3). Məhkəmə kollegiyası apellyasiya şikayətinin dəlillərini iş materialları ilə birlikdə araşdırıb hesab edir ki, apellyasiya şikayəti təmin edilməməli, birinci instansiya məhkəməsinin qərarı dəyişdirilməli, iddia tələbi təmin edilməlidir. İddianın mümkünlüyü: Məhkəmə kollegiyası işə iddianın mahiyyəti üzrə baxılmasına imkan verən mümkünlük şərtlərinə (iddiaçının subyektiv hüququ, cavabdehin seçilməsi və s.) qiymət verərək belə nəticəyə gəlir ki, iddia mümkün sayılır. Belə ki, baxılan işdə iddianın ümumi və xüsusi mümkünlük şərtləri mövcuddur. Yəni iddia inzibati mübahisədir və ona baxmaq səlahiyyəti inzibati məhkəmələrə aiddir (İPM-in 1.1, 2.1, 3.1 və 8.1.4-cü maddələri). Belə ki, baxılan işdə iddianın ümumi və xüsusi mümkünlük şərtləri mövcuddur. Yəni iddia inzibati mübahisədir və ona baxmaq səlahiyyəti inzibati məhkəmələrə aiddir (İPM-in 1.1, 2.1, 3.1 və 8.1.4-cü maddələri). Hazırkı iş üzrə verilmiş iddia İPM-nin 2.2.1-ci və 32-cı maddələrinə əsasən mübahisələndirmə haqqında iddiadır. İnzibati Prosessual Məcəllənin 32.1-ci maddəsinə əsasən mübahisələndirmə haqqında iddia vasitəsi ilə iddiaçı inzibati aktın ləğv olunmasını və ya dəyişdirilməsini məhkəmədən tələb edə bilər. Mübahisələndirmə haqqında iddia mübahisə edilən inzibati aktın icra olunması nəticəsində meydana gəlmiş nəticələrin aradan qaldırılması tələbini özündə əks etdirən əlavə ərizə ilə birlikdə də qaldırıla bilər. Bu növ iddialar Azərbaycan Respublikası İPM-nin 38.1-ci maddəsində iddia müddətlərinə tabe tutulur və iddia müddəti, inzibati aktın təqdim (elan) olunduğu vaxtdan, şikayət instansiyasına şikayət verildiyi halda isə şikayətə dair qəbul olunan inzibati aktın təqdim olunduğu vaxtdan 30 gün müəyyən olunmuşdur. İnzibati icraat haqqında Qanunun 73.2-ci maddəsinə görə isə inzibati aktda ona qarşı mümkün hüquqi müdafiə vasitələri, bu hüquqi müdafiə vasitələrindən istifadə (şikayət vermə) qaydası və müddəti nəzərdə tutulmadıqda və ya inzibati akt onun ünvanlanmadığı digər maraqlı şəxslərin qanuni maraqlarına (ilk dəfə) toxunduqda, həmin inzibati aktdan onun qüvvəyə mindiyi gündən 6 ay müddətində şikayət verilə bilər. Hazırki iş üzrə cavabdeh tərəfindən mübahisələndirilən qərarın iddiaçıya təqdim edilməsi aydın görünmür. İnzibati orqan da həmin qərarın iddiaçıya təqdim edilməsinə dair sübutlar təqdim etməmişdir. Bununla belə iddiaçının hazırki iddia ərizəsi xx.xx.2024-cü il tarixdə məhkəmə dəftərxanasına daxil olmuşdur. Məhkəmə kollegiyası hesab edir ki, cavabdeh inzibati orqan tərəfindən iddiaçı barəsində qəbul edilmiş əmək pensiyasının yenidən hesablanması barədə xx.xx.2023-cü il tarixli 3-17-1/3-3-18304/2023 saylı qərarın iddiaçıya təqdim edilməsinə və ya bu barədə yazılı məlumatın verilməsinə dair sübutların olmaması iddiaçı tərəfindən hazırki iddia tələbinin irəli sürülməsinə dair müddətin ötürülməmiş hesab edilməsinə əsas verir. Həmçinin, məhkəmə kollegiyası diqqətə çatdırır ki, “İnzibati İcraat haqqında” Qanunun 73.2-ci maddəsinə əsasən inzibati aktda ona qarşı mümkün hüquqi müdafiə vasitələri, bu hüquqi müdafiə vasitələrindən istifadə (şikayət vermə) qaydası və müddəti nəzərdə tutulmadıqda və ya inzibati akt onun ünvanlanmadığı digər maraqlı şəxslərin qanuni maraqlarına (ilk dəfə) toxunduqda, həmin inzibati aktdan onun qüvvəyə mindiyi gündən 6 ay müddətində şikayət verilə bilər. İddianın mahiyyəti: Məhkəmə kollegiyası hesab edir ki, iddia mahiyyəti üzrə də əsaslıdır. Apellyasiya şikayətinin dəlillərinə münasibət: İşin mübahisəsiz halı ondan ibarətdir ki, xx.xx.1958-ci il təvəllüdlü İddiaçı 50 yaşının tamam olduğu xx.xx.2008-ci il tarixdə güzəştli şərtlərlə yaşa görə əmək pensiyası təyin edilmişdir. İddiaçı pensiya məbləği 1305.84 (bir min üç yüz beş manat səksən dörd qəpik) manat təşkil etmişdir. xx.xx.2023-cü il tarixli 3-17-1/3-3-18304/2023 saylı “Əmək pensiyasının yenidən hesablanması haqqında” qərarına əsasən İddiaçı təyin edilmiş güzəştli şərtlərlə yaşa görə əmək pensiyası hüququ 50-dən 52-yə çəkilməklə yenidən hesablanmışdır. Yenidən hesablama nəticəsində pensiyanın məbləği 719 manat 99 qəpik müəyyən edilmişdir. İddiaçının tələbinin əsasını xx.xx.2023-cü il tarixli 3-17-1/3-3-18304/2023 saylı “Əmək pensiyasının yenidən hesablanması haqqında” qərarının ləğv edilməsi, əvvəlki məbləğin bərpa edilməsi və əmək pensiyasından qanunsuz olaraq tutulmuş məbləğlərin iddiaçıya qaytarılması təşkil edir. Apellyasiya instansiya məhkəməsində icraat zamanı müəyyən edilmişdir ki, cavabdeh inzibati orqanın xx.xx.2024-cü il tarixli, 3-17-1/3-3-337/2024 saylı “Əmək pensiyasının yenidən hesablanması haqqında” qərarı ilə cavabdeh inzibati orqanın xx.xx.2023-cü il tarixli 3-17-1/3-3-18304/2023 saylı “Əmək pensiyasının yenidən hesablanması haqqında” qərarı ilə müəyyən edilmiş məbləğ əsas götürülməklə, 6 illik yenidən hesablama aparılmış və yenidən hesablanmış pensiyanın məbləği 1087 manat 95 qəpik müəyyən edilmişdir. Məhkəmə kollegiyası hesab edir ki, cavabdeh inzibati orqanın xx.xx.2024-cü il tarixli, 3-17-1/3-3-337/2024 saylı “Əmək pensiyasının yenidən hesablanması haqqında” qərarında yenidən hesablama, hazırda mübahisələndirilən xx.xx.2023-cü il tarixli 3-17-1/3-3-18304/2023 saylı “Əmək pensiyasının yenidən hesablanması haqqında” qərar ilə müəyyən edilmiş məbləğ əsas götürülməklə aparıldığından, hazırda iddia tələbinin təmin edilərək, mübahisələndirilən qərarın ləğv edilməsi halında xx.xx.2024-cü il tarixli, 3-17-1/3-3-337/2024 saylı “Əmək pensiyasının yenidən hesablanması haqqında” qərarın ləğv edilməməsi, qüvvədə qalması gələcəkdə məhkəmə qərarının icrasında çətinliklərə səbəb ola bilər. Bununla bağlı məhkəmə kollegiyası tərəfindən prosessual qənaət prinsipi rəhbər tutularaq İnzibati Prosessual Məcəllənin 13-cü maddəsinə uyğun olaraq iddiaçıya iddia tələbinin dəqiqləşdirilməsi təklif olunmuş, iddiaçı iddia tələbinin dəqiqləşdirilməsi barədə ərizə verərək, cavabdeh inzibati orqanın xx.xx.2023-cü il tarixli 3-17-1/3-3-18304/2023 saylı qərarının ləğv edilməsini, əmək pensiyasından artıq ödəmə kimi tutulmuş pensiya məbləğinin geri qaytarılmasını və cavabdeh inzibati orqanın xx.xx.2024-cü il tarixli 3-17- 1/3-3-337/2024 saylı “Əmək pensiyasının yenidən hesablanması haqqında” qərarının əvvəlki inzibati akta uyğunlaşdırılması barədə qərar qəbul edilməsini xahiş etmiş, ərizə icraata qəbul edilmişdir. Apellyasiya şikayətinin dəlillərini əsassız, dəqiqləşdirilmiş iddia tələbini əsaslı hesab edən məhkəmə kollegiyası aşağıdakıların qeyd olunmasını zəruri hesab edir. Apellyasiya şikayətinin əsas dəlilləri ondan ibarətdir ki, Azərbaycan Respublikasının 6 mart 2007-ci il tarixli 260-İİİQD nömrəli Qanunu ilə qüvvədən düşmüş “Vətəndaşların pensiya təminatı haqqında” Azərbaycan Respublikası Qanununun 13-cü maddəsinin “a” bəndi üzrə 1 nömrəli Siyahıya əsasən güzəştli şərtlərlə yaşa görə əmək pensiyası hüququnun əldə edilməsi ilə əlaqədar kişilər üçün müəyyən edilmiş 50 pensiya yaş həddi Azərbaycan Respublikasının 13 iyun 1997-ci tarixli 321-İQD nömrəli Qanununun 1-ci bəndinə uyğun olaraq 1997-ci il avqustun 1-dən 2000-ci il avqustun 1- dək hər il altı ay artırılmışdır. Beləliklə, 1 avqust 2000-ci il tarixindən etibarən güzəştli şərtlərlə pensiya yaşı kişilər üçün 52 yaş müəyyən edilmişdir. Buna görə də 1 avqust 1997-ci il tarixinədək tələb olunan güzəştli və ümumi iş stajını toplamamış, dəyişiklikdən sonra kişilər 52 yaş həddinə çatmadıqda onlara həmin yaşdan güzəştli şərtlərlə yaşa görə əmək pensiyasının təyin edilməsi qanunvericiliyin tələbləri baxımından mümkün deyil. Göründüyü kimi, cavabdeh inzibati orqan İnzibati icraat haqqında qanunun tələblərinə uyğun icraat apardığını və qanunsuz qərar ləğv edilməklə, qanuni qərar qəbul edildiyini iddia edir. Cavabdeh hesab edir ki, xx.xx.2006-cı il tarixədək qüvvədə olmuş “Vətəndaşların pensiya təminatı haqqında” Qanunu ilə xx.xx.2000-ci ildən etibarən əmək şəraiti zərərli və ağır olan digər işlərdə çalışan kişilərin güzəştli pensiya hüququ gözləntisi 52 yaş idi. Qanunun 9.8-ci maddəsi ilə nəzərdə tutulan qazanılmış pensiya hüququ xx.xx.1997-ci il tarixdən qüvvədən düşmüş “Vətəndaşların pensiya təminatı haqqında” Qanunu ilə olan hüququn deyil, xx.xx.2006-cı il tarixədək olan “Vətəndaşların pensiya təminatı haqqında” Qanunu ilə (“Vətəndaşların pensiya təminatı haqqında” Qanunun son redaksiyasına uyğun) yaranmış hüququn, qazanılmış və ya gözlənti hüququnun saxlanılmasına xidmət edir. Məhkəmə kollegiyası qeyd edilən mövqeni qəbul etmir. Belə ki, “Əmək pensiyaları haqqında” Qanunun 9.8-ci maddəsində həmin Qanun qüvvəyə mindiyi günədək güzəştli şərtlərlə pensiya hüququ verən tam əmək stajı olan şəxslərə pensiyalar yaşa və staja görə əvvəllər qüvvədə olmuş qanunvericiliklə müəyyən edilmiş tələblərə müvafiq surətdə təyin edildiyi qeyd edilən zaman “əvvəllər qüvvədə olmuş” ifadəsi ilə bağlı hər hansı fərqli şərt və qayda müəyyən etməmişdir. Yəni maddənin məzmununda əvvəllər qüvvədə olmuş qanunvericilik dedikdə hər hansı tarix (xx.xx.1997-ci il və ya xx.xx.2000-ci il tarixədək qüvvədə olan) şərtləşdirilməmişdir. Bununla bağlı, məhkəmə kollegiyası diqqətə çatdırır ki, Qüvvədən düşmüş “Vətəndaşların pensiya təminatı haqqında” Azərbaycan Respublikası Qanunun 13-cü maddəsi: Axırıncı iş yerindən asılı olmayaraq əmək şəraitinə görə güzəştli şərtlərlə yaşa görə pensiya hüququna aşağıdakılar malikdir: a) yeraltı işlərdə, əmək şəraiti xüsusilə zərərli və ağır olan işlərdə çalışan işçilər, dənizdə çalışan neftçilər—istehsalatların, peşələrin, vəzifələrin və göstəricilərin Azərbaycan Respublikasının Nazirlər Kabineti tərəfindən təsdiq olunan 1 nömrəli siyahısı üzrə: kişilər—50 yaşına çatdıqda və azı 20 il iş stajı olduqda bu müddətin azı 10 ilini həmin işlərdə çalışarsa; qadınlar—45 yaşına çatdıqda və azı 15 il iş stajı olduqda bu müddətin azı 7 il 6 ayını həmin işlərdə çalışarsa. b) əmək şəraiti zərərli və ağır olan digər işlərdə çalışan işçilər— istehsalatların, peşələrin, vəzifələrin və göstəricilərin Azərbaycan Respublikası Nazirlər Kabineti tərəfindən təsdiq olunan 2 nömrəli siyahısı üzrə:kişilər—55 yaşına çatdıqda və azı 25 il iş stajı olduqda bu müddətin azı 12 il 6 ayını həmin işlərdə çalışarsa;qadınlar—50 yaşına çatdıqda və azı 20 il iş stajı olduqda bu müddətin azı 10 ilini həmin işlərdə çalışarsa. “Vətəndaşların pensiya təminatı haqqında” Azərbaycan Respublikası Qanununa dəyişikliklər və əlavələr edilməsi barədə 13 iyun 1997-ci il tarixli 321-İQD nömrəli Azərbaycan Respublikasının Qanunu ilə edilmiş dəyişikliyə müvafiq olaraq Qanunun 13-cü maddəsində nəzərdə tutulmuş yaş hədləri 1997-ci il avqustun 1-dən başlayaraq 2000-ci il avqustun 1-dək hər il altı ay artırılır. Apellyasiya şikayətinin dəlillərinə münasibətdə kollegiya həmçinin qeyd edir ki, iddiaçı 01 avqust 1997-ci il tarixədək 1 nömrəli siyahı üzrə tələb olunan güzəştli iş stajını toplamışdır. Belə ki, iddiaçının xx.xx.1997-ci il tarixədək azı 20 il ümumi iş stajı olması və bu müddətin azı 10 ilini Azərbaycan Respublikası Nazirlər Kabinetinin 21 iyun 1993-cü il tarixli 320 nömrəli Qərarı ilə təsdiq edilmiş 1 nömrəli Siyahıda nəzərdə tutulmuş işlərdə çalışması iş materialları ilə təsdiq edilməklə bərabər işin mübahisələndirilməyən halıdır. Həmçinin, apellyasiya instansiya məhkəməsində icraat zamanı cavabdehin nümayəndəsi də izahatında xx.xx.1997-ci il tarixədək güzəştli və ümumi iş stajı ilə bağlı mübahisə olmadığını bildirdi. Bundan əlavə, qeyd edilməlidir ki, “Vətəndaşların pensiya təminatı haqqında” Qanunun 17-ci maddəsinə əsasən yaşa görə pensiya, pensiya üçün müraciət edənin orta aylıq əmək haqqının (72-ci maddə) 60 faizi, bu Qanunun 13-cü maddəsinin «a» bəndində nəzərdə tutulan işlərdə çalışan işçilərə 70 faizi, «b» bəndində nəzərdə tutulan işlərdə çalışan işçilərə isə 65 faizi, lakin minimum pensiyadan az olmayan məbləğdə təyin edilir. Yaşa görə pensiyaların əsas məbləği, habelə minimum məbləğdə hesablanmış pensiyalar tələb olunan iş stajından artıq hər tam il üçün minimum pensiyanın iki faizindən az olmamaq şərti ilə, orta aylıq əmək haqqının iki faizi qədər artırılır. Bu Qanunun 13-cü maddəsinin «a» bəndində nəzərdə tutulan işçilərin pensiyası güzəştli şərtlərlə pensiya almaq hüququ verən iş stajının kişilərdə 10 ildən və qadınlarda 7 il 6 aydan hər tam ili üçün orta aylıq əmək haqqının bir faizi qədər artırılır. Həmin maddə üzrə yaşa görə hesablanmış pensiyanın məbləği tələb olunan iş stajından artıq hər tam ilə görə minimum pensiyanın üzərinə hesablanmış əlavə istisna olmaqla, orta əmək haqqının 85 faizindən, 13-cü maddənin «a» bəndində nəzərdə tutulan işçilərin pensiyası orta aylıq əmək haqqının 100 faizindən, «b» bəndində nəzərdə tutulan işçilərin pensiyası isə orta aylıq əmək haqqının 90 faizindən artıq ola bilməz. “Vətəndaşların pensiya təminatı haqqında” Azərbaycan Respublikası Qanunun 71ci maddəsinə əsasən pensiyalar respublika üzrə müəyyən edilmiş minimum əmək haqqı və müraciət edənin orta aylıq əmək haqqından faiz əsas götürülməklə bu Qanunda müəyyən edilmiş normalarla hesablanır. Pensiya üçün müraciət edənin arzusuna əsasən orta aylıq əmək haqqı onun müraciət etdiyi aydan əvvəlki əmək fəaliyyətinin axırıncı 24 ayına və ya əmək fəaliyyətinin hər hansı ardıcıl gələn 60 ayına aid əmək fəaliyyətində fasilələr nəzərə alınmadan faktiki orta aylıq əmək haqqından hesablanır. xx.xx.2006-cı il tarixdən qüvvəyə minmiş “Əmək pensiyaları haqqında” Qanunun 27.1-ci maddəsinə görə bu Qanunun qüvvəyə mindiyi günədək qüvvədə olmuş qanunvericilik üzrə hər bir sığortaolunanın bu Qanunun qüvvəyə mindiyi tarixə qazanılmış əmək pensiyası hüququnun (əmək stajı, əməkhaqqı və sosial sığorta göstəriciləri) bu Qanunun müddəalarına uyğun şərti çevrilməsi aparılır. Bu zaman bu Qanun qüvvəyə mindiyi günədək qüvvədə olmuş qanunvericiliyə uyğun şərti qaydada hesablanan əmək pensiyasının ümumi məbləğindən əmək pensiyasının baza hissəsi çıxıldıqdan sonra yerdə qalan məbləğ qanun qüvvəyə mindiyi günədək qazanılmış əmək pensiyasının sığorta hissəsi kimi müəyyənləşdirilir. Bu Qanunun qüvvəyə mindiyi günədək sığortaolunanların qazanılmış əmək pensiyası hüquqlarının nəzərə alınması qaydaları müvafiq icra hakimiyyəti orqanı tərəfindən müəyyən edilir və bu zaman bu qanun qüvvəyə mindikdən sonra əmək pensiyası təyin olunmuş şəxslərə pensiya hesablanması üçün orta aylıq əmək haqqına (bu qanunun 20-ci maddəsində göstərilən vəzifələr üzrə əmək haqqı istisna olmaqla) məhdudiyyət tətbiq edilmir. Qeyd edilməlidir ki, 27 oktyabr 2009-cu il tarixli, 904-İİİQD nömrəli “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikasının Qanununa dəyişikliklər və əlavələr edilməsi barədə Qanun ilə “Əmək pensiyaları haqqında” Qanunun 27-ci maddəsi yeni redaksiyada verilmiş və aşağıdakı şəkildə göstərilmişdir: Bu Qanunun qüvvəyə mindiyi günədək sığortaolunanların qazanmış olduqları pensiya hüquqları pensiya kapitalına çevrilməklə onların fərdi hesablarında nəzərə alınır. Bu zaman həmin dövrə aid olan ümumi iş stajının hər ili üçün 170 manat (il tam olmadıqda isə bu məbləğ natamam ildəki iş stajı aylarının sayına mütənasib olaraq hesablanmaqla) pensiya kapitalı hesablanır və sığortaolunanların fərdi hesablarının sığorta hissəsində 2006-cı ilin 1 yanvar tarixinə qeydə alınır. Qeyd edilən Qanuna dəyişiklik xx.xx.2010-cu il tarixdən qüvvəyə minmişdir. Beləliklə, göründüyü kimi xx.xx.2010-cu il tarixədək əmək pensiyasının sığorta hissəsinin hesablanması üçün vətəndaş “Əmək pensiyaları haqqında” Qanun qüvvəyə mindiyi tarixə xx.xx.2006-cı il tarixədək olan iş stajı dövrü üzrə son 24 ay və yaxud xx.xx.2006-cı il tarixədək ardıcıl gələn istənilən 60 ay, yəni 5 ilin orta aylıq əmək haqqı barədə arayış təqdim edirdisə həmin orta aylıq əmək haqqının “Vətəndaşların pensiya təminatı haqqında” Qanunun 17-ci maddəsi ilə nəzərdə tutulmuş faizi müəyyən edilərək pensiyanın baza hissəsi çıxıldıqdan sonra pensiyanın sığorta hissəsi müəyyənləşirdi. “Əmək Pensiyaları haqqında” Azərbaycan Respublikası Qanununun 27-ci maddəsinə Azərbaycan Respublikasının “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanununa dəyişiklik və əlavələr edilməsi barədə” Azərbaycan Respublikasının 2009-cu il 27 oktyabr tarixli 904-İİİ QD Qanununa müvafiq olaraq edilmiş dəyişiklik xx.xx.2010-cu il tarixdən qüvvəyə minmiş, bu dəyişikliklərlə xx.xx.2010-cu il tarixdən sonra qazanılmış hüquqlara münasibətdə xx.xx.2006-cı il tarixdən qüvvədə olan pensiya hesablamalarının aparılması qaydası dəyişdirilmiş, pensiya hesablanarkən əmək haqqına istinad edilməsi aradan qaldırılmış, əmək pensiyalarının hesablanması zamanı bu Qanunun qüvvəyə mindiyi günədək sığortaolunanların qazanmış olduqları pensiya hüquqları pensiya kapitalına çevirməklə onların fərdi hesabında nəzərə alınması nəzərdə tutulmuşdur. Başqa sözlə, pensiya hüququ xx.xx.2010-cu il tarixədək yaranmış şəxslərə pensiya həmin dövrdə qüvvədə olmuş orta aylıq əmək haqqı əsasında hesablanaraq ödənilir. Məhkəmə kollegiyası həmçinin, oxşar işlər üzrə məhkəmə təcrübəsinə istinad edərək qeyd edir ki, xx.xx.1997-ci il tarixədək qüvvədə olmuş qanunla “pensiya hüququnun yarandığı” əsası ilə xx.xx.2006-cı il tarixdən xx.xx.2010-cu il tarixədək 50 yaşı tamam olmuş şəxslərə pensiya təyini həmin dövrdə mövcud olan məhkəmə təcrübəsinə uyğun olmuş və inzibati orqan məhz qeyd edilən məhkəmə təcrübəsinə uyğun pensiya təyinatını həyata keçirmişdir və bu, faktiki olaraq həmin dövr üçün dövlətin pensiya siyasəti olmuşdur ( Ali Məhkəmənin İnzibati Kollegiyasının 2-1(102)-1573/2023 nömrəli iş üzrə xx.xx.2023-cü il tarixli qərarı) Cavabdeh qurum vaxtilə qəbul edilmiş qərarın qanunsuz əlverişli inzibati akt olduğu qənaətindədir. Yuxarıda qeyd edilənlərə əsasən iddiaçıya vaxtilə pensiya təyinatının maddi hüquq normalarının pozulması və ya düzgün tətbiq edilməməsi nəticəsində qəbul edilmiş inzibati akt olduğu qənatinə gəlmək olmaz. Məhkəmə kollegiyası həmçinin qeyd edir ki, “İnzibati icraat haqqında” Qanunun 67.12-ci maddəsinə əsasən qanunsuz inzibati akt, həmin aktın ləğv olunmasını şərtləndirən hallar məlum olduğu gündən 1 il ərzində ləğv edilə bilər. Həmin qayda bu Qanunun 67.6.1-ci maddəsində nəzərdə tutulmuş hallara şamil olunmur. Hazırki iş üzrə isə cavabdeh inzibati orqan iddiaçıya xx.xx.2008-ci il tarixdə güzəştli şərtlərlə yaşa görə əmək pensiyası təyin edilməsindən 15 il keçdikdən sonra qanunun yuxarıda qeyd edilən müddətlə bağlı imperativ norması olmasına əhəmiyyət verməmiş, hazırda mübahisələndirən inzibati aktı qəbul etmiş, lakin həmin inzibati aktın qəbul edilməsini şərtləndirən halların nə zaman, hansı icraat çərçivəsində onlara məlum olması barədə sübutlar gətirə bilməmişdir. Odur ki, iddiaçıya vaxtilə güzəştli şərtlərlə pensiya təyininə dair qərar məhz qanuni əlverişli inzibati akt kimi qiymətləndirilməli və iddiaçıya qeyd edilən şərtlərlə təyin edilmiş pensiyanın təyinatı şərtlərinin dəyişdirilməsi nəticəsində (pensiyasının yenidən hesablanması haqqında qərarla) faktiki olaraq qanuni əlverişli inzibati akt ləğv edilmişdir. “İnzibati icraat haqqında” Qanunun: 68.2. Qanuni əlverişli inzibati akt yalnız aşağıdakı hallarda ləğv edilə bilər: 68.2.1. inzibati aktın ləğvi qanunla birbaşa nəzərdə tutulduğu halda və ya inzibati aktın özündə bu barədə müvafiq qeyd olduğu halda; 68.2.2. maraqlı şəxsin inzibati aktla müəyyən edilmiş imtiyazlardan (hüquqlardan) istifadə etmədiyi və ya lazımi qaydada və müddətdə istifadə etmədiyi halda; 68.2.3. inzibati aktın qəbulundan sonra yaranmış hüquqi və ya faktiki hallara görə həmin aktın qüvvədə qalması dövlət maraqlarına və ya ictimai maraqlara ziyan vura bildiyi halda; 68.2.4. inzibati aktın qəbulu üçün əsas olmuş hüquq normasının dəyişməsi nəticəsində inzibati orqanın həmin aktı qəbul etməməyə haqlı olduğu və maraqlı şəxsin inzibati aktla müəyyən edilmiş imtiyazlardan (hüquqlardan) istifadə etmədiyi və ya ona münasibətdə inzibati aktla təminat verilmiş öhdəliklər yerinə yetirilmədiyi və ya həmin aktın qüvvədə qalmasının dövlət maraqlarına və ya ictimai maraqlara ziyan vura bildiyi hallarda. Qanunvericiliyin tələblərindən aydın olduğu kimi, şəxsə münasibətdə qanuni əlverişli inzibati aktın ləğvi üçün qeyd edilən əsaslardan hər hansı biri mövcud olmalıdır, hazırda isə həmin dörd əsasdan hər hansı müəyyən edilmir və cavabdeh inzibati orqan qeyd edilən hallardan hər hansı birinə əsaslanmır. Məhkəmə kollegiyası hesab edir ki, faktiki olaraq xx.xx.1997-ci ilədək iddiaçı həmin dövr üçün qüvvədə olmuş “Vətəndaşların pensiya təminatı haqqında” Azərbaycan Respublikası Qanunun müəyyən edilmiş tələblərinə (20 ildən artıq ümumi əmək stajı və 10 ildən artıq güzəştli şərtlərlə əmək stajı) uyğun gəldiyinə görə inzibati orqanın əmək pensiyasının yenidən hesablayaraq 50 yaşdan təyin edilmiş əmək pensiyasının ödənilməsi şərtlərinin qeyd edilən şəkildə dəyişdirilməsi (faktiki olaraq 50 yaşdan təyin edilmiş əmək pensiyası hüququnun ləğvi) qanuna uyğun hesab edilə bilməz. Odur ki, həm maddi, həm də prosessual qanunvericiliyin tələbləri baxımından əmək pensiyasının yenidən hesablanaraq iddiaçıya təyin edilmiş güzəştli şərtlərlə yaşa görə əmək pensiyasının məbləğinin azaldılması üçün əsaslar mövcud olmamışdır. Yekunda, hazırkı inzibati işə apellyasiya qaydasında baxan məhkəmə kollegiyası yuxarıda qeyd olunanlara məcmu halda hüquqi qiymət verərək hesab edir ki, cavabdeh tərəfindən verilmiş apellyasiya şikayəti təmin edilməməli, Bakı İnzibati Məhkəməsinin 2- 1(112)-7866/2024 nömrəli, 05 avqust 2024-cü il tarixli qərarı dəyişdirilməli, dəqiqləşdirilmiş iddia tələbi təmin edilməli, cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tabeliyində Dövlət Sosial Müdafiə Fondunun Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filialının “Əmək pensiyasının yenidən hesablanması barədə” 3-17-1/3-3- 18304/2024 saylı xx.xx.2023-cü il qərarı ləğv edilməli, iddiaçının əvvəlki pensiya məbləğinin bərpa edilməsi, onun əmək pensiyasından artıq ödəmə kimi tutulmuş pensiya məbləğinin iddiaçıya qaytarılması və “Əmək pensiyasının yenidən hesablanması barədə” xx.xx.2024-cü il tarixli 3-17-1/3-3-337/2024 saylı qərarın əvvəlki inzibati akta uyğunlaşdırılması öhdəliyi cavabdeh Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondu publik hüquqi şəxsin Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi filialının üzərinə qoyulmalıdır. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 87.6-cı maddəsinə əsasən, apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qərarını dəyişdirmədən qüvvədə saxlaya bilər, dəyişdirə bilər və ya ləğv edərək (tam və ya qismən) yeni qərar qəbul edə bilər. Birinci instansiya məhkəməsinin qərarı apellyasiya tələbi həddində dəyişdirilə bilər. Nəticəvi hissə: Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinin 87, 90 və 94-cü maddələrini rəhbər tutaraq, Məhkəmə kollegiyası QƏRARA ALDİ: Cavabdeh tərəfindən verilmiş apellyasiya şikayəti təmin edilməsin. Bakı İnzibati Məhkəməsinin 2-1(112)-7866/2024 nömrəli, 05 avqust 2024-cü il tarixli qərarı dəyişdirilsin. Dəqiqləşdirilmiş iddia tələbi təmin edilsin. Cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tabeliyində Dövlət Sosial Müdafiə Fondunun Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filialının “Əmək pensiyasının yenidən hesablanması barədə” 3-17-1/3-3-18304/2024 saylı xx.xx.2023-cü il qərarı ləğv edilsin. İddiaçı əvvəlki pensiya məbləğinin bərpa edilməsi, onun əmək pensiyasından artıq ödəmə kimi tutulmuş pensiya məbləğinin iddiaçıya qaytarılması və “Əmək pensiyasının yenidən hesablanması barədə” xx.xx.2024-cü il tarixli 3-17-1/3-3-337/2024 saylı qərarın əvvəlki inzibati akta uyğunlaşdırılması öhdəliyi cavabdeh Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondu publik hüquqi şəxsin Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi filialının üzərinə qoyulsun. Qərardan onun rəsmi qaydada verildiyi (elektron kabineti olan tərəflərin elektron kabinetinə yerləşdirildiyi) gündən 1 (bir) ay müddətində Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyası vasitəsilə Azərbaycan Respublikasının Ali Məhkəməsinin İnzibati Kollegiyasına kassasiya şikayəti verilə bilər. Sədrlik edən: Aytən Oruczadə Hakimlər: Cahangir Yusifov Günel Abbasova

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar