Məhkəmə qərarları › İş №2-1(103)-4010/2023

Bakı Apellyasiya Məhkəməsi Qərardad — İş №2-1(103)-4010/2023

01.12.2023 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 2-1(103)-4010/2023 01.12.2023 BAKI APELLYASİYA MƏHKƏMƏSİ Hakimlər: Tağızadə Mirzə Nəsib oğlu (sədrlik edən və məruzəçi), Əkbərov Kamran Hüseyn oğlu və X1 ibarət tərkibdə Mirzəyeva Ayşəm Lehsan qızının katibliyi ilə, İddiaçı cavabdeh Azərbaycan Respublikası Dövlət Gömrük Komitəsinə qarşı “əmrin ləğv edilməsi və işə bərpa” tələbinə dair Bakı İnzibati Məhkəməsinin 2-1(112)-6244/2023 nömrəli, xx.xx.2023-cü il tarixli qərardadından iddiaçı tərəfindən verilmiş apellyasiya şikayəti üzrə inzibati işə Bakı Apellyasiya Məhkəməsinin binasında şifahi məhkəmə baxışı qaydasında açıq məhkəmə iclasında baxaraq müəyyən etdi: İddiaçı cavabdeh Azərbaycan Respublikası Dövlət Gömrük Komitəsinə qarşı iddia ərizəsi ilə Bakı İnzibati Məhkəməsinə müraciət edərək cavabdehin 1000/178Ş nömrəli, xx.xx.2022-ci il tarixli əmrini ləğv edərək işə bərpa olunması barədə qərar qəbul edilməsini xahiş etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, İddiaçı 231Ş nömrəli, xx.xx.1999-cu il tarixli əmrə əsasən elə həmin tarixdən Astara gömrükxanasının yol vergiləri şöbəsinin böyük inspektoru vəzifəsinə, 100/1174Ş nömrəli xx.xx.2015-ci il tarixli əmrlə həmin şöbənin baş inspektoru vəzifəsinə, 100/123Ş nömrəli xx.xx.2018-ci il tarixli əmrlə həmin tarixdən Cənub Ərazi Baş Gömrük İdarəsinin Astara gömrük postunun baş inspektoru vəzifəsinə təyin edilmişdir. 1000/178Ş nömrəli xx.xx.2022-ci il tarixli əmrlə həmin tarixdən “Gömrük orqanlarında xidmət haqqında” Əsasnamənin 120-ci maddəsinin birinci hissəsinin ikinci bəndinə əsasən xidmətdə olmanın son yaş həddinə çatması ilə əlaqədar xidmətinə xitam verilmişdir. İddiaçı hesab edir ki, Azərbaycan Respublikası Dövlət Gömrük Komitəsinin 1000/178Ş nömrəli xx.xx.2022-ci il tarixli əmri qanusuz və əsasızdır. Belə ki, iddiaçı əmək qabiliyyətini müvəqqəti itirdiyi və ambulator müalicə aldığı üçün xx.xx.2022-ci il tarixdən xx.xx.2022-ci il tarixdək xəstəlik vərəqəsində olmuşdur. Buna baxmayaraq xx.xx.2022-ci il tarixdə Azərbaycan Respublikası Dövlət Gömrük Komitəsinin 1000/178Ş nömrəli əmri ilə xidmətinə xitam verilmişdir. Halbuki, Azərbaycan Respublikasının 1999-cu il, 7 dekabr tarixli, 768-İQ nömrəli Qanunu ilə təsdiq edilmiş “Gömrük orqanlarında xidmət haqqında” Əsasnamənin 121-ci hissəsinə əsasən gömrük orqanının vəzifəli şəxsi əmək qabiliyyətini müvəqqəti itirdiyi dövrdə, habelə məzuniyyətdə və ezamiyyətdə olduğu vaxt ərzində Azərbaycan Respublikasının gömrük işini aparan icra hakimiyyəti orqanının təşəbbüsü ilə onun xidmətinə xitam verilməsinə yol verilmir. Qeyd edilənlərdən də göründüyü kimi, Azərbaycan Respublikası Dövlət Gömrük Komitəsi tərəfindən iddiaçının hüquqlarının kobud şəkildə pozulması ilə nəticələnən xx.xx.2022-ci il tarixli 1000/178Ş nömrəli qanunsuz və əsassız əmr qəbul edilmişdir. Pozulmuş hüquqlarının bərpa olunması məqsədi ilə iddiaçı dəfələrlə Azərbaycan Respublikası Dövlət Gömrük Komitəsinə müraciət etsə də, heç bir nəticəsi olmamışdır. Bu səbəbdən də, iddiaçı pozulmuş hüquqlarının bərpa olunması üçün məhkəməyə müraciət etmək qərarına gəlmişdir. İddiaçının nümayəndəsi və vəkili Nümayəndə xx.xx.2023-cü il tarixdə elektron məhkəmə informasiya sistemi vasitəsilə məhkəməyə prosessual müddətin ötürülməsinin üzrlü hesab edilərək bərpa edilməsi barədə ərizə təqdim etmişdir. Ərizə belə əsaslandırılmışdır ki, İddiaçı AR Dövlət Gömrük Komitəsinin xx.xx.2022ci il tarixli 1000/178ş saylı əmri ilə işdən azad olunan vaxt səhhətində olan problemlərə görə əmək qabiliyyətini müvəqqəti olaraq itirmiş və ambulator müalicədə olmuşdur. Həmçinin, əmrin verildiyi tarixdən sonra səhhəti ilə əlaqədar mütəmadi olaraq müalicə almışdır. Bundan sonra iddiaçının həyat yoldaşı əməliyyat keçirmiş və bu səbəbdən də hüquqlarının müdafiəsi üçün müraciət edilməmişdir. Həmçinin, iddiaçıya bildirilmişdir ki, bu əmrlə işdən azad olunsa da, sonradan yenidən işə bərpa olunacaqdır. “Gömrük orqanlarında xidmət haqqında Əsasnamə”nin 28-ci maddəsinə əsasən gömrük orqanının vəzifəli şəxsi tibbi cəhətdən yararlı olduqda, bu Əsasnamənin 27-ci maddəsində göstərilən yaş hədləri Azərbaycan Respublikasının gömrük işini aparan icra hakimiyyəti orqanı tərəfindən 5 ilə qədər müddətə artırıla bilər. İddiaçı ilə eyni vaxtda xidmət edən şəxslərin xidmət müddəti DGK tərəfindən uzadılmış və buna görə də həmin şəxslər 1 il sonra yaş həddi ilə əlaqədar təqaüdə çıxdıqda müvafiq qanunvericiliyə əsasən İddiaçı 3 dəfə çox təqaüd əldə edirlər. Yuxarıda qeyd olunanları və üzrlü səbəbləri nəzərə alaraq iddia müddətinin bərpa edilməsi xahiş edilmişdir. Bakı İnzibati Məhkəməsinin 2-1(112)-6244/2023 nömrəli, xx.xx.2023-cü il tarixli qərardadı ilə, ərizəçinin buraxılmış prosessual müddətin bərpasına dair ərizəsi təmin edilməmiş, iddia tələbi mümkün sayılmamışdır. Qərardaddan narazı qalan iddiaçı apellyasiya şikayəti verərək birinci instansiya məhkəməsi tərəfindən qəbul edilən qərardadın ləğv edilməsini və iddia tələbinin mümkün sayılmasını xahiş etmiş, apellyasiya şikayətində bildirmişdir ki, məhkəmə iddiaya baxarkən yalnız subyektiv hüquqları araşdırmış, lakin İddiaçı Dövlət Gömrük Komitəsi ilə bir sıra yazışmalarını, Komitə tərəfindən ona işə bərpa olunacağı və pensiya təminatının yaxşılaşdırılacağına dair verilən vədlərin müəyyən zaman kəsiyində baş verdiyini, bununla da iddianın mümkünsüzlüyü ilə nəticələnən prosessual müddətin ötürülməsi amillərinə diqqət yetirməmişdir. İşə baxılmasının vaxtı və yeri barədə lazımi qaydada xəbərdar edilməsinə baxmayaraq, tərəflər məhkəmə iclasına gəlməmiş və gəlməməsinin səbəbləri barədə məhkəməyə məlumat verməmişdir. Məhkəmə kollegiyası Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 62.3-cü maddəsinə əsasən şifahi məhkəmə baxışı ilə bağlı iclasa çağırılan tərəflərin iştirakı olmadan işə baxılması və iş üzrə müvafiq məhkəmə aktının qəbul edilməsini mümkün hesab etmişdir. Məhkəmə kollegiyası apellyasiya şikayətinin dəlillərini və iş materiallarını hərtərəfli araşdıraraq aşağıdakı nəticəyə gəlir. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 82-ci maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi mübahisə ilə bağlı işə şikayət həddində və hüquqi məsələlər, habelə sübutlar və faktlar(faktiki hallar) əsasında mahiyyəti üzrə tam həcmdə baxır. Kollegiya ilk öncə qeyd edir ki, Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun “İnzibati məhkəmə icraatında iddianın mümkünlüyünə dair” 05 nömrəli, 10 aprel 2015-ci il tarixli Qərarında qeyd edilmişdir ki, “Mümkünlük şərtləri iddiaya mahiyyəti üzrə baxmağa imkan verən şərtlərin mövcudluğunun yoxlanılmasını nəzərdə tutur. (1.3-cü bənd); Ona görə də, iddianın mümkünlüyü həmişə onun əsaslılığının yoxlanılmasından əvvəl aparılan hüquqi dəyərləndirmədir. (1.4-cü bənd); Mümkünlük şərtlərinin mövcudluğunu məhkəmə tərəflərin bildirməsindən asılı olmayaraq özünün xidməti vəzifəsinə görə yoxlamalıdır. (2.1-ci bənd); İddianın mümkünlük şərtləri icraatın bütün mərhələlərində yoxlanılmalı, həmin şərtlər mübahisənin mahiyyəti üzrə qərar çıxırıldığı anda mövcud olmalıdırlar.(8.6-cı bənd). Həmin Qərarda həmçinin qeyd edilmişdir ki, “Məhkəmələr ilk növbədə iddiaçının həmin iddia tələbi üzrə subyektiv hüququnun olub-olmamasını, cavabdehin həmin iddiaya cavab verməli olub-olmamasını, qanunvericilikdə nəzərdə tutulduğu hallarda cavabdehin imtinasının olub-olmamasını, İPM-də nəzərdə tutulmuş iddia müddətlərinə riayət edilibedilmədiyini yoxlamalıdırlar. (2.3-cü bənd); Məhkəmələrin diqqətinə çatdırılsın ki, İPM-də nəzərdə tutulmuş mümkünlük şərtləri ilə yanaşı ayrı-ayrı iddia növləri üzrə tələb olunan mümkünlük şərtlərinin (məsələn, məcburetmə, öhdəliyin icrası və vurulmuş ziyana görə kompensasiyanın ödənilməsi haqqında iddialarda iddiaçının müvafiq ərizə ilə əvvəlcə inzibati orqana müraciət etməsi, iddianın verilməsi müddətinə əməl olunması və s.) də mövcudluğu yoxlanılmalıdır.”(9-cu bənd) Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 32.1-ci maddəsinə əsasən mübahisələndirmə haqqında iddia vasitəsi ilə iddiaçı inzibati aktın ləğv olunmasını və ya dəyişdirilməsini məhkəmədən tələb edə bilər. «İnzibati məhkəmə icraatında iddianın mümkünlüyünə dair» Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 05 saylı, 10 aprel 2015-ci il tarixli Qərarında göstərilmişdir ki, məhkəmələr nəzərə almalıdırlar ki, inzibati mübahisələrə dair iddianın əsaslılığının yoxlanılması üçün zəruri ilkin şərt onun mümkün olmasıdır (1.1-ci bənd). Mümkünlük şərtləri iddiaya mahiyyəti üzrə baxmağa imkan verən şərtlərin mövcudluğunun yoxlanılmasını nəzərdə tutur (1.3-cü bənd). Ona görə də, iddianın mümkünlüyü həmişə onun əsaslılığının yoxlanılmasından əvvəl aparılan hüquqi dəyərləndirmədir (1.4-cü bənd). Mümkünlük şərtlərinin mövcudluğunu məhkəmə tərəflərin bildirməsindən asılı olmayaraq özünün xidməti vəzifəsinə görə yoxlamalıdır (2.1-ci bənd). İnzibаti Prosessuаl Məcəllənin 35.1-ci mаddəsinə görə bu Məcəllədə bаşqа qаydа nəzərdə tutulmаmışdırsа, iddiаçının iddiа ərizəsində inzibаti аktın qəbul edilməsi və yа qəbul edilməsindən imtinа olunmаsı, yаxud inzibаti orqаnın hərəkəti və yа hərəkətsizliyi nəticəsində onun hüquqlаrının və qаnunlа qorunаn mаrаqlаrının pozulduğunu əsаslаndırdığı hаllаrdа mübаhisələndirmə hаqqındа, məcburetmə hаqqındа, öhdəliklərin icrаsı hаqqındа və müəyyən hərəkətləri etməkdən çəkinməyə dаir iddiа mümkün sаyılır. Məhkəmə ilk növbədə iddiaçının həmin iddia tələbi üzrə subyektiv hüququnun olubolmamasını, cavabdehin həmin iddiaya cavab verməli olub-olmamasını, qanunvericilikdə nəzərdə tutulduğu hallarda cavabdehin imtinasının olub-olmamasını, İPM-də nəzərdə tutulmuş iddia müddətlərinə riayət edilib-edilmədiyini və s. müəyyənləşdirməlidir. Kollegiya qeyd edir ki, pozulmuş hüquq və azadlıqların məhkəmə müdafiəsi fiziki şəxslərin kontitusion hüququ olsa da, bu hüququn reallaşdırılması bəzi şərtlərlə məhdudlaşdırılmışdır. Bu məhdudiyyətlərdən biri də iddia tələbinin qanunla müəyyən edilmiş prosessual müddətlərə əməl edilməklə qaldırılmış olmasıdır. İşin müəyyən edilmiş hallarından aydın olur ki, “Gömrük orqanlarında xidmət haqqında Əsasnamə”nin 120-ci maddəsinin birinci hissəsinin 2-ci bəndinə əsasən xidmətdə olmanın son yaş həddinə çatdığına görə İddiaçı gömrük orqanlarında xidmətinə xitam verilmişdir. Əsas: Cənub Ərazi Baş Gömrük İdarəsinin təqdimatı. Qeyd olunan əmrdə iddiaçı “Əmrin surəti ilə tanış oldum. xx.xx.2022.” qeydi aparmış və imzası ilə təsdiq etmişdir. Həmçinin iş materiallarında olan əmək kitabçalarının təhvil verilməsinin qeydiyyat kitabından çıxarışa əsasən iddiaçı xidmətdən azad edildikdən sonra xx.xx.2022-ci il tarixdə əmək kitabçasını imza etməklə götürmüşdür. Göründüyü kimi, iddiaçının gömrük orqanlarında xidmətinə xitam verilməsi haqqında mübahisələndirilən xx.xx.2022-ci il tarixli, 1000/178Ş №-li əmr ona xx.xx.2022-ci il tarixdə elan edilmiş, iddiaçı isə sözügedən əmrdən ona elan olunduğu andan məlumatlı olmuşdur. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 38.1-ci maddəsinə əsasən mübahisələndirmə haqqında iddia inzibati aktın təqdim (elan) olunduğu vaxtdan, şikayət instansiyasına şikayət verildiyi hallarda isə şikayətə dair qəbul olunan inzibati aktın təqdim olunduğu vaxtdan 30 gün müddətində qaldırıla bilər. Göründüyü kimi, inzibati aktın mübahisələndirilməsi üçün qanunvericiliklə nəzərdə tutulmuş prosessual müddət iddiaçı tərəfindən ötürülmüşdür. Həmçinin Kollegiya bildirir ki, iddiaçının apellyasiya şikayətindən aydın olur ki, iddiaçı prosessual müddəti ötürdüyünü qəbul edir, lakin müddətin ötürülməsinin üzürlü səbəblərdən baş verdiyini bildirir. AR İPM-in 24.1-ci maddəsinə əsasən, bu Məcəllə ilə müəyyən olunmuş müddət proses iştirakçısının təqsiri olmadan buraxıldığı hallarda, məhkəmə həmin şəxsin ərizəsinə əsasən buraxılmış prosessual müddəti bərpa etməlidir. Həmin Məcəllənin 24.2-ci maddəsinə əsasən, buraxılmış prosessual müddətin bərpa edilməsi barədə ərizə müddətə əməl olunmasına mane olan hallar aradan qalxdığı gündən 15 gün ərzində verilməlidir. Müddətin buraxılmasına səbəb olmuş hallar ərizədə və ya ərizə üzrə keçirilən məhkəmə iclasında əsaslandırılmalıdır. Həmin Məcəllənin 24.4-cü maddəsinə əsasən, təbii fəlakət və ya digər qarşısıalınmaz hallar, eləcə də hüquqi müdafiə vasitələrindən istifadəyə yol verilməməsi barədə yazılı xəbərdarlıqla bağlı olan hallar istisna olmaqla, müddətin buraxılmasından 1 il keçdikdən sonra həmin müddətin bərpasına dair ərizə verilə bilməz. İş materiallarından iddia müddətinin tətbiqini istisna edən halların mövcudluğu müəyyən olunmur. Kollegiya bildirir ki, iddiaçı müddətin buraxılmasına səbəb olan halları əsaslandırmalı, bununla bağlı sübutlar təqdim etməlidir ki, məhkəmə tərəfindən həmin halların üzürlü hesab edilib-edilməyəcəyinə qiymət verilsin. Lakin hazırkı işin hallarından isə müddətin buraxılmasına səbəb olacaq üzürlü halların olması iddiaçı tərəfindən sübuta yetirilə bilinmir. İddiaçının qeyd etdikləri səbəblər isə iddiaçının təqsirini istisna edən hal kimi qiymətləndirilərək, müddətin bərpa edilməsinə əsas ola bilməz. Belə ki, iş materiallarına əlavə edilmiş tibbi sənədlərdən görünür ki, xx.xx.2022-ci il tarixdə iddiaçıya verilmiş əmək qabiliyyətinin olmaması vərəqəsi və ambulator kitabçadan (xəstəlik tarixindən) çıxarışdan görünür ki, xx.xx.1964-cü il təvəllüdlü İddiaçı xx.xx.2022-ci il tarixdən, yəni xidmətdən azad edilmədən öncə ambulator müalicə almış, xx.xx.2022-ci il tarixdən xx.xx.2022-ci il tarixədək, xx.xx.2022-ci il tarixdən xx.xx.2022-ci il tarixədək ambulator müalicə olunmuşdur. İş materiallarına əlavə edilmiş Azərbaycan Respublikası Dövlət Gömrük Komitəsinin Tibb Xidmət İdarəsi tərəfindən verilmiş xx.xx.2023-cü il tarixli arayışdan görünür ki, iddiaçının həyat yoldaşı X2 xx.xx.2022-ci il tarixdə DGK TXİ Mərkəzi Hospitalına “uzun müddət davam edən qanamalı adətin olması” şikayəti ilə müraciət etmiş, xx.xx.2022-xx.xx.2022-ci il tarixlərdə hospitalda stasionar müalicə almış, xx.xx.2022-ci il, xx.xx.2022-ci il, xx.xx.2022-ci il, xx.xx.2022-ci il, xx.xx.2022-ci il, xx.xx.2023-cü il və xx.xx.2023-cü il tarixlərdə kontrol müayinələrdən keçmişdir. Göründüyü kimi, iddiaçının müalicəsi mübahisələndirdiyi əmrin ona məlum olduğu vaxtdan əvvəl aparılmışdır. Belə olduğu halda birinci instansiya məhkəməsi haqlı olaraq qeyd etmişdir ki, “...digər tərəfdən təqdim olunan sənədlərlə, həm iddiaçının həm də həyat yoldaşının müalicəsinin uzun müddətli stasionar qaydada aparılması təsdiq olunmur. Müalicələr ambulator qaydada aparılmışdır ki, bu hal mübahisələndirilən əmr verildikdən sonrakı dövrdə iddiaçını şəxsən olmasa da, istər inzibati icraatda, istərsə də məhkəmədə nümayəndə vasitəsilə hüquqlarının müdafiəsi üçün müraciət etmək, təmsil olunmaq imkanından məhrum etməmişdi. Bu baxımdan da iddiaçının qeyd edilən dəlili əsaslı sayıla bilməz.” Bundan başqa iddiaçı apellyasiya şikayətində qeyd etmişdir ki, “...məhkəmə iddiaya baxarkən yalnız subyektiv hüquqları araşdırmış, lakin İddiaçı Dövlət Gömrük Komitəsi ilə bir sıra yazışmalarını, Komitə tərəfindən ona işə bərpa olunacağı və pensiya təminatının yaxşılaşdırılacağına dair verilən vədlərin müəyyən zaman kəsiyində baş verdiyini, bununla da iddianın mümkünsüzlüyü ilə nəticələnən prosessual müddətin ötürülməsi amillərinə diqqət yetirməmişdir.” İddiaçının qeyd edilən dəlilinə münasibətdə Kollegiya bildirir ki, yuxarda sadalanan hüquq normalarında müddətin buraxılmasının hansı hallarda bərpa edilməsinin mümkünlüyü sadalanmışdır (təbii fəlakət, digər qarşısıalınmaz hallar və s.). Bu səbəbdəndə Kollegiya hesab edir ki, iddiaçının göstərdiyi hallar, müddətin bərpa edilməsinə əsas olan üzürlü səbəblər kimi qəbul edilməməlidir. Həmçinin kollegiya bildirir ki, iddiaçı Komitə tərəfindən ona işə bərpa olunacağı və pensiya təminatının yaxşılaşdırılacağına dair verilən vədlərin olduğunu bildirsə də, buna dair hər hansı sübut təqdim etməmişdir. Eyni zamanda İnzibati İcraat Haqqında Qanunun 13.3-cü maddəsinə görə, müəyyən inzibati aktın sonradan qəbul edilməsi və ya qəbul edilməməsi ilə bağlı səlahiyyətli inzibati orqanların vədlərinə, bəyanatlarına fiziki və ya hüquqi şəxslərin etimadı qanunla qorunur. Həmin Qanunu 13.4-cü maddəsində qeyd edilmişdir ki, inzibati orqanların bu Qanunun 13.3-cü maddəsində nəzərdə tutulmuş vədləri və ya bəyanatları yalnız yazılı formada olduqda etibarlı təminat sayılır və şəxsin etimad hüququnun əsasını təşkil edir. Sadalananları nəzərə alan məhkəmə kollegiyası hesab edir ki, hazırki mübahisə üzrə iddia tələbi irəli sürülərkən prosessual müddətlə bağlı qanun normalarına əməl edilmədiyindən birinci instansiya məhkəməsi iddia tələbini mümkün saymamaqda düzgün nəticəyə gəlmişdir. İddiaçının apellyasiya şikayəti əsassız olmaqla, məhkəmə baxışı zamanı mübahisələndirilən qərardadın ləğvi üçün hər hansı əsas müəyyən edilməmişdir. AR İPM-nin 87.6-cı maddəsinə əsasən, apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qərarını dəyişdirmədən qüvvədə saxlaya bilər, dəyişdirə bilər və ya ləğv edərək (tam və ya qismən) yeni qərar qəbul edə bilər. Beləliklə, kollegiya bu nəticəyə gəlir ki, iddiaçının apellyasiya şikayəti əsassız olduğundan təmin edilməməli, məhkəmənin mübahisələndirilən qərardadı dəyişdirilmədən qüvvədə saxlanılmalıdır. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 35, 80, 87, 90 və 94-cü maddələrini rəhbər tutaraq məhkəmə kollegiyası qərara aldı: Apellyasiya şikayəti təmin edilməsin. Bakı İnzibati Məhkəməsinin 2-1(112)-6244/2023 nömrəli, xx.xx.2023-cü il tarixli qərardadı dəyişdirilmədən qüvvədə saxlanılsın. Qərardaddan təqdim olunduğu gündən 10 (on) gün müddətində Bakı Apellyasiya Məhkəməsi vasitəsi ilə Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyasına (Bakı şəhəri Y.Səfərov küçəsi 14, 1193-cü məhəllə) kassasiya şikayəti verilə bilər.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar