Məhkəmə qərarları › İş №2-1(103)-4012/2025

Bakı Apellyasiya Məhkəməsi Qərar — İş №2-1(103)-4012/2025

15.04.2026 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn.

Azərbaycan Respublikası adından Qərar Bakı şəhəri İş № 2-1(103)-4012/2025 15.04.2026 BAKI APELLYASIYA MƏHKƏMƏSI Iddiaçı İddiaçı cavabdeh Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin Tabeliyində Dövlət Sosial Müdafiə Fondu X5 Xüsusi Şərtlərlə Təyinatı üzrə Mərkəzi Filialına qarşı iş üzrə (Açar sözlər: qərarların ləğvi) Hakimlər Abbasova Günel Məhərrəm qızının sədrliyi və məruzəsi ilə, Talışınski Fuad Şəmsəddin oğlu və Məmmədov Məmməd Allahverdi oğlundan ibarət tərkibdə, Səmədzadə Günay Sarastən qızının katibliyi ilə, Iddiaçının nümayəndəsi-vəkili X1 və cavabdeh nümayəndəsi X2 iştirakları ilə, Iddiaçı İddiaçı cavabdeh Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin Tabeliyində Dövlət Sosial Müdafiə Fondu X5 Xüsusi Şərtlərlə Təyinatı üzrə Mərkəzi Filialına qarşı “qərarların ləğvi” tələbinə dair inzibati iş üzrə Bakı Inzibati Məhkəməsinin ## #### 2025-ci il tarixli, *-*(***)-****/**** nömrəli qətnaməsindən iddiaçı tərəfindən verilmiş apellyasiya şikayətinə əsasən inzibati işə Bakı Apellyasiya Məhkəməsinin binasında, açıq məhkəmə iclasında baxaraq aşağıdakı qərarı qəbul etdi. IŞIN HALLARI

1. Iddiaçı İddiaçı cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondunun Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filialına qarşı iddia ərizəsi ilə Bakı Inzibati Məhkəməsinə müraciət edərək cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Sosial Müdafiə Fondunun Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filialının ##.##.2024cü il tarixli *-**-*/*-M-******/**** saylı “artıq ödənilmiş əmək pensiyası haqqında” cavab məktubunun əsassız hesab edilməsi, ailə başçısını itirən kimi aldığı əmək pensiyasının əvvəlki məbləğinin bərpa edilməsi və son üç il üçün hesablanmış 161 369,11 manat artıq alma hesab edilən məbləğin ləğv edilməsi vəzifəsinin cavabdehə həvalə edilməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir.

2. Iddia ərizəsi onunla əsaslandırılmışdır ki, ##.##.2019-cu il tarixindən ona mərhum həyat yoldaşı X9 görə Ailə başçısını itirən kimi əmək pensiyası təyin edilmişdir. 2024-cü ilin sentyabr ayında ona təyin edilmiş ailə başsını itirən kimi aldığı əmək pensiyası DSMF-nun Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filialı tərəfindən azaldıldığına görə səbəbini aydınlaşdırmaq üçün ərizə ilə Mərkəzi Filiala müraciət etdi. Mərkəzi Filialın ##.##.2024-cü il tarixli *-**-*/*-*-******/**** saylı cavab məktubu ilə ona bildirilir ki, mərhum həyat yoldaşınızın əmək pensiyasının hesablanmasının düzgün olmadığı müəyyən edilmişdir. Araşdırma zamanı müəyyən etmişlər ki, mərhum həyat yoldaşı Rövşən Abbasova güzəştli şərtlərlə yaşa görə əmək pensiyası 52 yaşının tamamlandığı ##.##.2011-ci il tarixindən pensiya sığorta kapitalına uyğun olaraq layiq edilməli olduğu halda, qanunvericiliyə zidd olaraq 50 yaşının tamamlandığı ##.##.2009-cu il tarixindən əmək haqqına əsasən hesablanaraq təyin edilib.Bundan başqa mərhum həyat yoldaşı pensiya təyin edildikdən sonra 6 il işlədiyinə görə fərdi hesabının sığorta hissəsində qeydə alınmış 292 796.40 manat pensiya sığorta kapitalına əsasən əmək pensiyasının ##.##.2017-ci il tarixindən yenidən hesablanmasının düzgün olmadığı müəyyən edilib. Belə ki, 292 796,40 manat sığorta kapitalı Qanunun 7.3.1ci maddəsinin və 45-ci maddəsinin tələblərinə uyğun qaydada gözlənilən pensiya ödənişi müddəti aylarının sayına 78 aya bölünməklə 3753,80 manat onun qanuni amak pensiyasının üzərinə əlavə edilərək 4482,47 manat(indeksləşdirilərək ##.##.2018-ci il tarixinə 4737,97 manat ona ödənilməli olduğu halda, ##.##.2017-ci il tarixindən onun düzgün olmayan əmək pensiyası 6758,48 manata artırılmaqla (indeksləşdirilərək ##.##.2018-ci il tarixinə 7259.97 manat) ona artıq əmək pensiyası ödənilmişdir. Ona görə də ona ##.##.2019-cu il tarixindən ailə başçısını itirməyə görə əmək pensiyası təyin edilmiş və nəticədə artıq əmək pensiyası ödənilmişdir. Qeyd olunanlara əsasən ona son üç il üzrə 161 369.11 manat artıq pul vəsaiti ödənildiyinin müəyyən edildiyi bildirilir. Həmin 161 369,11 manat pul vəsaitinin əmək pensiyasından tutularaq büdcəyə bərpa edilməsi üçün qısa müddət ərzində yazılı razılığını Mərkəzi Filiala təqdim etməyi xahiş olunur. Mərkəzi Filialın üzərinə ailə başçısın itirən kimi aldığı əmək pensiyasının əvvəlki məbləğinin bərpa edilməsi vəzifəsinin həvalə edilməsi və son üç il üzrə artıq alma kimi hesablanmış 161 369,11 manatın ləğv edilməsi barədə qərar qəbul edilməlidir. Belə ki, mərhum həyat yoldaşım X10 ##.##.1959-cu il tarixində anadan olduğuna və ##.##.1997-ci il tarixinə kimi 20 ildən çox ümumi və 10 ildən çox * saylı Siyahı ilə güzəştli iş stajı toplandığına görə ona ##.##.2006- cı il tarixindən qüvvədə olan "Əmək pensiyalan haqqında" Azərbaycan Respublikasının Qanununun 9.8-ci maddəsinin tələbinə uyğun ##.##.2009-cu il tarixindən yəni 50 yaşı tamam olan gündən DSMI-nun Yasamal rayon şöbəsi tərəfindən əmək haqqından hesablanmaqla güzəştli şərtlərlə yaşa görə əmək pensiyası düzgün təyin edilmişdir. Belə ki, Qanunun 9.8-ci maddəsində deyilir: "Bu Qanun qüvvəyə minməyi günədək bu Qanunun 9-cu maddəsində göstərilən işlərdə güzəştlı şərlərlə pensiya hüququ verən tam əmək stajı olan şəxslərə pensiyalar yaşa və staja görə əvvəllər qüvvədə olmuş qanunvericiliklə müəyyən edilmiş tələblərə müvafiq surətdə təyin edilir. Göründüyü kimi əvvəllər yəni ##.##.1997-ci il tarixinə kimi qüvvədə olmuş Qanunun 13-cü maddəsinin "a" bəndinin tələbinə əsasən * nömrəli Siyahı üzrə kişilər 20 il ümumi 10 il güzəştli iş staji olduqda 50 yaşından güzəştli şərtlərlə yaşa görə əmək pensiyası almaq hüququna malik olmuşlar. Mərhum həyat yoldaşı da ##.##.1997-21 il tarixinə kimi 20 ildən çox ümumi və 10 ildən cox güzəştli iş stajı olduğuna görə ona düzgün olaraq DSMF-nun Yasamal rayon şöbəsi tərəfindən əvvəllər qüvvədə olmuş Qanunun tələbinə əsasən 50 yaşı tamam olan gündən yəni ##.##.2009-cu il tarixindən əmək haqqından hesablanmaqla güzəştli şərtlərlə yaşa görə əmək pensiyası düzgün təyin edilmişdir.

3. Cavabdeh tərəfindən məhkəməyə etiraz təqdim edilmişdir.

4. Iddiaçının nümayəndəsi (vəkili) X1 ##.##.2025-ci il tarixdə məhkəmə iclasında iddia tələbinin dəqiqləşməsi barədə ərizə təqdim edərək, cavabdeh tərəfindən qəbul olunmuş *- **-*/*-*-*****/**** nömrəli ##.##.2025-ci il və 3-17-1/3-3- *****/**** nömrəli ##.##.2024-cü il tarixli qərarların ləğv edilməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir. Həmin tarixli qərardadla iddia tələbi dəqiqləşmiş şəkildə icraata qəbul edilmişdir.

5. Bakı Inzibati Məhkəməsinin ## #### 2025-ci il tarixli, *-*(***)-****/**** nömrəli qərarı ilə iddia tələbi təmin edilməmişdir.

6. Qərardan iddiaçı apellyasiya şikayəti verərək birinci instansiya məhkəməsinin qərarının ləğv edilməsini və iddia tələbinin təmin edilməsi barədə yeni qərar qəbul edilməsini xahiş etmişdir.

APELLYASIYA ŞIKAYƏTININ DƏLILLƏRI:

7. Apellyasiya şikayəti iddia ərizəsinə uyğun olaraq əsaslandırılmışdır.

MƏHKƏMƏ ICRAATI IŞTIRAKÇILARININ IZAHATLARI:

8. Məhkəmə iclasında iştirak edən iddiaçının nümayəndəsi-vəkili A.Əliyev apellyasiya şikayətini müdafiə edərək təmin edilməsini xahiş etdi.

9. Məhkəm iclasında iştirak edən cavabdehin nümayəndəsi nümayəndə2 apellyasiya şikayətinə etiraz edərək təmin edilməməsini xahiş etdi.

MÜBAHISƏNIN HƏLLI ILƏ BAĞLI MƏHKƏMƏ ARAŞDIRMASININ ƏSASINI TƏŞKIL EDƏN SƏNƏDLƏR

10. Iş materiallarına əlavə edilmiş AZE seriyalı ******** nömrəli şəxsiyyət vəsiqəsi məlumatlarından görünür ki, ##.##.1957-ci il təvəllüdlü İddiaçı ünvan 1 ünvanında qeydiyyatdadır.

11. Iş materiallarına əlavə edilmiş Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondunun Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filialının “Əmək pensiyasının yenidən hesablanması haqqında” ##.##.2024cü il tarixli *-**-*/*-*-*****/**** nömrəli Qərarından görünür ki, İddiaçı ##.##.2019-cu il tarixdən DSMF-nin Yasamal rayon Şöbəsi tərəfindən pensiya təyin edilmişdir. Hazırki pensiya məbləği: 14577.90 manat, yenidən hesablanmış pensiya məbləği: 9331.42 manat təşkil edir. Yenidən hesablamanın səbəbi: Inventar.AB(X9-un ilkin təyinat tarixindən yenidən hesablandı(50 yaşdan 52 yaşa keçdi+ ##.##.2017-ci il tarixə 6 illik+##.##.2018(vəfat tarixi) tarixə işdən çıxma istifadə olunmamış psk kimi hesablandı) ABI-nin hüququ ##.##.2019.maddə 39.1.

12. Iş materiallarına əlavə edilmiş Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondunun Yasamal rayon şöbəsinin əmək pensiyası təyin edən komissiyasının ##.##.2019-cu il tarixli *********** nömrəli Qərarına əsasən İddiaçı ##.##.2019-cu il tarixdən ailə başçısını itirməyə görə pensiya təyin edilmişdir.

13. Iş materiallarına əlavə edilmiş AZ-İ seriyalı Ölüm haqqında Şəhadətnamədən görünür ki, X9 ##.##.2018-ci il tarixdə vəfat etmişdir. Bu barədə ölüm haqqında akt qeydləri kitabında ##.##.2019-cu il tarixdə 12 nömrəsi ilə qeyd edilmişdir.

14. X3 Çıxarışdan görünür ki, iddiaçıya ##.##.2020-##.##.2020- 9326.97 manat, ##.##.2020-##.##.2021-9940.6 manat, ##.##.2021- 12207.06 manat, ##.##.2021- ##.##.2022-11073.83 manat, ##.##.2022-11876.75 manat, ##.##.2022- 11450.34 manat, ##.##.2022-11500.34 manat, ##.##.2022-11450.34 manat, ##.##.2022- 11450.34 manat, ##.##.2022-11500.34 manat, ##.##.2022-##.##.2022-11450.34 manat, ##.##.2022- 11500.34 manat, ##.##.2022-##.##.2022-11450.34 manat, ##.##.2023-11467 manat, ##.##.2023-14838.30 manat, ##.##.2023-##.##.2023-13152.65, ##.##.2023- ##.##.2024 13109.62 manat, ##.##.2024-15912.28 manat,##.##.2024-##.##.2024-14444 manat, ##.##.2024-3197.52 manat, ##.##.2024-##.##.2024-9331.42 manat pensiya məbləği ödənilmişdir.

15. Cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondunun Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filialı tərəfindən iddiaçıya ünvanlanan ##.##.2024-cü il tarixli 3-17-1/2-M******/2024 nömrəli “Artıq ödənilmiş əmək pensiyası haqqında” məktubda bildirilmişdir ki, Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondunun Xüsusi Şərtiərlə Təyinat üzrə Mərkəzi Filialı tərəfindən # ####### 2024cü il tarixli 3-17-1/2-M-236630/2024 və ## ####### 2024-cü il tarixli 3-17- */*-M-******/**** nömrəli məktublarla cavablandırılmış ## ###### 2024-cü il tarixində daxil olmuş eyni məzmunlu müraciətinizə aidiyyəti üzrə baxılmışdır. Bir daha bildiririk ki, vaxtilə mərhum həyat yoldaşınız X14 əmək pensiyasının hesablanmasının düzgün olmadığı müəyyən edilib. Belə ki, “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanunun (bundan sonra - Qanun) 9.1-ci maddəsinin ## #### 2017-ci il tarixinədək qüvvədə olmuş redaksiyasına əsasən axırıncı iş yerindən asılı olmayaraq yeraltı işlərdə, incəsənətin xüsusi sahələrində, həmçinin əmək şəraiti xüsusilə zərərli və ağır olan işlərdə (istehsalatın, peşələrin, vəzifələrin və göstəricilərin müvafiq icra hakimiyyəti orqanı tərəfindən təsdiq olunan siyahısı üzrə) çalışan kişilər 57 yaşına çatdıqda, azı 25 il sığorta stajına malik olduqda, bu müddətin azı 12 il 6 ayını həmin işlərdə çalışmışlarsa əmək şəraitinə görə güzəştli şərtlərlə yaşa görə əmək pensiyası hüququ vardır.Qanunun 9.8-ci maddəsinə əsasən ## ###### 2006-cı il tarixinədək Qanunun 9.1-ci maddəsində göstərilən işlərdə güzəştli şərtlərlə pensiya hüququ verən tam əmək stajı olan şəxslərə pensiyalar yaşa və staja görə əvvəllər qüvvədə olmuş qanunvericiliklə müəyyən edilmiş tələblərə müvafiq surətdə həmin Qanuna uyğun olaraq təyin edilir. Azərbaycan Respublikasının # #### 2007-ci il tarixli ***-IIIQD nömrəli Qanunu ilə qüvvədən düşmüş “Vətəndaşların pensiya təminatı haqqında” Qanunun qüvvəyə mindiyi ## ######## 1992-ci il tarixində həmin Qanunun 13- cü maddəsinin “a” bəndi üzrə Azərbaycan Respublikası Nazirlər Kabinetinin ## #### 1993-cü il tarixli *** nömrəli Qərarı ilə təsdiq edilmiş * nömrəli Siyahıya əsasən güzəştli şərtlərlə yaşa görə əmək pensiyası hüququnun əldə edilməsi ilə əlaqədar kişilər üçün müəyyən edilmiş 50 pensiya yaş həddi Azərbaycan Respublikasının ## #### 1997-ci tarixli ***-IQD nömrəli Qanununun 1-ci bəndinə uyğun olaraq 1997-ci il ######un #-dən 2000-ci il ######un #-dək hər il altı ay artırılmışdır. Göründüyü kimi, 1 aqvust 2000-ci il tarixindən etibarən güzəştli şərtlərlə pensiya yaşı kişilər üçün 52 yaş müəyyən edilmişdir. Qanunun 27-ci maddəsinin # ###### 2010-cu il tarixinədək qüvvədə olmuş redaksiyasına əsasən əmək pensiyası pensiya sığorta kapitalına əsasən deyil, ödənilmiş əmək haqqının orta aylıq məbləğinə uyğun olaraq hesablanırdı. Göstərilən tarixdən qanunvericiliyə edilmiş dəyişikliklə əlaqədar # ###### 2010-cu il tarixindən sonra əmək pensiyasının məbləği toplanılan pensiya sığorta kapitalına (# ###### 2006-cı il tarixindən əvvəlki iş stajının da pensiya sığorta kapitalına şərti çevrilməsi aparılmaqla) əsasən hesablanılmasına başlanılıb. Araşdırma zamanı, mərhum Rövşən Abbasova güzəştli şərtlərlə yaşa görə əmək pensiyası 52 yaşının tamamlandığı ##.##.2011-ci il tarixindən pensiya sığorta kapitalına uyğun olaraq təyin edilməli olduğu halda, qanunvericiliyə zidd olaraq 50 yaşının tamamlandığı ##.##.2009-cu il tarixindən əmək haqqına əsasən hesablanaraq təyin edildiyi aşkar olunub. Qanunun 27-ci maddəsinin # #### 2017-ci il tarixinədək qüvvədə olmuş redaksiyasına əsasən ##.##.2006-cı il tarixinədək olan iş stajının hər tam ilinə 170 manat götürülməklə ##.##.2006-cı il tarixindən sonrakı dövrə fərdi hesabın sığorta hissəsində toplanan pensiya kapitalının cəmindən və həmin dövrdə baza hissəsi götürülməklə əmək pensiyası hesablanırdı. X7 pensiya işinə dair sənədlərdə qeyd olunan məlumatlara əsasən, # ###### 2006-cı il tarixinədək onun ümumi iş stajı 34 il 1 ay 6 gün təşkil edirdi. Bununla əlaqədar ##.##.2006-cı il tarixinədək iş stajına uyğun olaraq, Qanunun 27-ci maddəsinin tələblərinə əsasən həmin tarixə pensiyasının sığorta hissəsi 40,26 (34,10 il x 170 manat:144 ay) manat hesablanaraq ##.##.2011-ci il tarixinə indeksləşdirilib 65,94 manat müəyyən edilməklə üzərinə, ##.##.2006-##.##.2011-ci il tarixləri arasındakı işlədiyi dövr ərzində fərdi hesabının sığorta hissəsində qeydə alınmış 57788,64 manat sığorta kapitalına uyğun 401,31 (57788,64:144) manat və 85,00 manat baza hissəsi əlavə edilərək ##.##.2011-ci il tarixinə 552,25 manat (65,94+401,31+85,00) (indeksləşdirilərək ##.##.2017-ci il tarixinə 728,67 manat) məbləğində əmək pensiyası təyin edilməli olduğu halda, ##.##.2009-cu il tarixindən 2060,29 manat (indeksləşdirilərək ##.##.2017-ci il tarixinə 2969,96 manat) məbləğində əmək pensiyası təyin edilərək ödənilib. Bundan başqa, Qanunun 37.3.1-ci maddəsinin ## #### 2022-ci il tarixinədək qüvvədə olmuş redaksiyasına əsasən işləyən əmək pensiyaçılarına yaşa görə əmək pensiyasının pensiya təyin olunan günədək qazanılmış sığorta hissəsi tam məbləğdə ödənilir. Pensiya təyin olunduqdan sonrakı dövr üzrə qazanılan sığorta və yığım hissələri üzrə pensiya kapitalının toplanması davam etdirilir və şəxslər işləməyən əmək pensiyaçısı kateqoriyasına keçdikdə, yaxud pensiya təyin olunduğu gündən sonra 6 il və daha çox işlədikdə həmin dövr üzrə sığorta və yığım hissələrinin hesablanmasında gözlənilən pensiya ödənişi müddəti aylarının sayı pensiyaçının pensiya yaşından sonra işlədiyi ayların miqdarı qədər, lakin 72 aydan artıq olmamaqla azaldılaraq əmək pensiyası yenidən hesablanır. Sonrakı belə hesablamalar bu maddədə göstərilən şərt nəzərə alınmaqla hər növbəti 6 ildən bir həyata keçirilir. Qanunun 45-ci maddəsinə əsasən gözlənilən pensiya ödənişi müddəti müvafiq icra hakimiyyəti orqanı tərəfindən müəyyən edilir. Sözügedən maddənin ikinci cümləsinin ## #### 2022-ci il tarixinədək qüvvədə olmuş redaksiyasına əsasən həmin Qanunun 9-cu maddəsinə əsasən yaşa görə əmək pensiyası təyin olunan şəxslərin əmək pensiyasının sığorta və yığım hissələrinin hesablanmasında gözlənilən pensiya ödənişi müddəti aylarının sayı (144 ay) güzəştli şərtlə pensiyaya çıxma yaşı ilə Qanunun 7-ci maddəsi ilə müəyyən edilmiş pensiya yaşı (##.##.2017-ci il tarixinə kişilər 63 yaş 6 ay) arasındakı ayların sayı qədər artırılır. Bununla əlaqədar, mərhum Rövşən Abbasova pensiya təyin edildiyi gündən sonra 6 il işlədiyinə görə fərdi hesabının sığorta hissəsində qeydə alınmış 292796,40 manat pensiya sığorta kapitalına əsasən əmək pensiyasının ##.##.2017-ci il tarixindən yenidən hesablanmasının düzgün olmadığı müəyyən edilib. Belə ki, 292796,40 manat sığorta kapitalı Qanunun 37.3.1-ci maddəsinin və 45-ci maddəsinin tələblərinə uyğun qaydada gözlənilən pensiya ödənişi müddəti aylarının sayına - 78 aya (63 yaş 6 ay - 63 yaş)=6 ay+(144 ay-72 ay) bölünməklə 3753,80 manat (292796,40:78) qanuni əmək pensiyasının (728,67 manat) üzərinə əlavə edilərək 4482,47 (728,67+3753,80) manat (indeksləşdirilərək ##.##.2018-ci il tarixinə 4737,97 manat)) ona ödənilməli olduğu halda, ##.##.2017-ci il tarixindən düzgün olmayan əmək pensiyası 6758,48 manata artırılmaqla (indeksləşdirilərək ##.##.2018-ci il tarixinə 7259,97 manat)) ona artıq əmək pensiyası ödənilib. Bu səbəbdən də, sizə ##.##.2019-cu il tarixindən ailə başçısını itirməyə görə əmək pensiyası təyin edilərkən, artıq əmək pensiyası ödənilib. “Inzibati icraat haqqında” Azərbaycan Respublikası Qanununun 28.1.2-ci maddəsinə əsasən sizə vaxtilə təyin edilmiş ailə başçısını itirməyə görə əmək pensiyası hüququna yenidən baxılması haqqında inzibati icraata başlanılıb, həmçinin nəzərdə tutulan tədbirlər haqqında mülahizələriniz dinlənilərək müvafiq qərar qəbul edilməsi üçün sizə ##.##.2024-cü il tarixində məktub göndərilməklə ## ######## 2024-cü il tarixinədək Mərkəzi Filiala gəlməyiniz xahiş edilib. Mülahizənin dinlənilməsi üçün Mərkəzi Filiala gəlməmisiniz. Qanunun 39.1-ci maddəsinin # ###### 2023-cü il tarixindən qüvvədə olan redaksiyasına əsasən əmək pensiyasının və əmək pensiyasına əlavənin artıq ödənilmiş məbləği əmək pensiyaçısından son üç il üçün tutulur. Qeyd olunanlara əsasən, son üç il üzrə sizə 161369,11 manat artıq pul vəsaiti ödənildiyi müəyyən edilib. Həmin pul vəsaitinin əmək pensiyanızdan tutularaq büdcəyə bərpa edilməsi üçün yazılı razılığınızı mümkün qısa müddətdə Mərkəzi Filiala təqdim etməyinizi xahiş edirik. Əmək pensiyanız qanunvericiliyin tələblərinə uyğun qaydada hesablanaraq hazırda 9331,42 manat təşkil edir.

16. Iş materiallarına əlavə edilmiş Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondunun Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filialının “Əmək pensiyasının yenidən hesablanması haqqında” ##.##.2015-ci il tarixli *-**-*/*-*-*****/**** nömrəli Qərarından görünür ki, İddiaçı ##.##.2019-cu il tarixdən DSMF-nin Yasamal rayon Şöbəsi tərəfindən pensiya təyin edilmişdir. Hazırki pensiya məbləği: 10087.26 manat, yenidən hesablanmış pensiya məbləği: 10087.26 manat təşkil edir. Yenidən hesablamanın səbəbi: Inventar.AB(X9-un ilkin təyinat tarixindən yenidən hesablandı(55 yaşdan 57 yaşa keçdi+ ##.##.2017-ci il tarixə 6 illik+##.##.2018(vəfat tarixi) tarixə işdən çıxma istifadə olunmamış psk kimi hesablandı) ABI-nin hüququ ##.##.2019.maddə39.1.(##.##.2024-cü il tarixli *-**-*/*-*-*****/**** nömrəli sərəncamda vəfat edən şəxsin yaşı 50-52 hissədə ləğv edilsin, qalan hissədə dəyişməsin.)

TƏTBIQ EDILƏN HÜQUQ və MƏHKƏMƏNIN MÖVQEYI

17. Azərbaycan Respublikası Inzibati-Prosessual Məcəlləsinin 82-ci maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi mübahisə ilə bağlı işə şikayət həddində və hüquqi məsələlər, habelə sübutlar və faktlar (faktiki hallar) əsasında mahiyyəti üzrə tam həcmdə baxır.

18. Məhkəmə kollegiyası tərəfləri dinləyib, apellyasiya şikayətinin dəlillərini araşdırıb, hesab edir ki, apellyasiya şikayəti təmin edilməməli, birinci instansiya məhkəməsinin qərarı dəyişdirilmədən saxlanılmalıdır.

19. Iddia ərizəsi onun mümkünlüyünü şərtləndirilən tələblərə cavab verməklə təqdim olunmuş və bu səbəbdən mümkün hesab edilir. Belə ki, irəli sürülmüş iddia inzibati prosessual qanunvericiliklə müəyyən edilmiş ümumi və xüsusi mümkünlük şərtlərinə riayət edilməklə təqdim edilmişdir.

20. Işin hallarından müəyyən olunur ki, İddiaçı ##.##.2019- cu il tarixdən DSMF-nin Yasamal rayon Şöbəsi tərəfindən ailə başçısını itirməyə görə əmək pensiyası təyin edilmişdir. Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondunun Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filialının “Əmək pensiyasının yenidən hesablanması haqqında” ##.##.2024-cü il tarixli *-**-*/*-*- *****/**** nömrəli Qərarı ilə iddiaçının pensiyası 14577.90 manatdan 9331.42 manata endirilmiş və yenidən hesablamanın əsası kimi mərhum X9 təyin edilmiş güzəştli şərtlərlə yaşa görə əmək pensiyasının ilkin təyinat taixindən yenidən hesablanması olmuşdur. Iddiaçıya ##.##.2025-ci il tarixdən 10087.26 manat ailə başçısını itirməyə görə pensiya ödənilir.

21. Belə ki, işdən müəyyən olunur ki, mərhum X9 ##.##.1954-cü il təvəllüdlü olmaqla ona Dövlət Sosı al Müdafı ə Fondunun Yasamal rayon Şöbəsinin ##.##.2009-cu il tarixdən 55 yaşdan orta əmək haqqına əsasən güzəştli şərtlərlə yaşa görə əmək pensiyası təyin edilmişdir.

22. Iddiaçıya təyin edilmiş ailə başçısını itirməyə görə pensiya ilkin olaraq cavabdehin ##.##.2024-cü il tarixli qərarı ilə yenidən hesablanmış, yenidən hesablanma zamanı mərhumun R.Abbasovun pensiya hüququ 57 yaşa -##.##.2011-ci ilə çəkilmiş, bu zaman orta əmək haqqına istinadən pensiyanın yenidən hesablanması halı aradan qalxmış, mərhumun pensiyası ##.##.2006-cı il tarixədək ümumi staj və ##.##.2006-cı il tarixdən sonra toplanmış pensiya kapitalı əsasında yenidən hesablanmışdır.

23. Eyni zamanda cavbadehin sonuncu ##.##.2025-ci il tarixli qərarı ilə ##.##.2024-cü il tarixli qərarda yol verilmiş texniki səhv aradan qaldırılaraq pensiya yaşının 55 yaşdan 57 yaşa çəkildiyi qeydi daxil edilmişdir.

24. Hazırkı iddiasında iddiaçı cavabdehin hər iki qərarını mübahisələndirərək pensiyanın əvvəlki məbləğdə yenidən hesablama barədə sentyabr 2024-cü il tarixdə ödənilən 14577.90 manatdan başlayaraq ödənilməsini xahiş edir.

25. “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanununun (bundan sonra –ƏPQ) 9.1-ci maddəsinə əsasən axırıncı iş yerindən asılı olmayaraq, güzəştli şərtlərlə yaşa görə əmək pensiyası almaq hüququ verən incəsənətin xüsusi sahələrinin, yeraltı, əmək şəraiti xüsusilə zərərli və ağır olan işlərin (istehsalatların, peşələrin, vəzifələrin və göstəricilərin) müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqanın (qurumun) təsdiq etdiyi siyahısında nəzərdə tutulan işlərdə azı 12 il 6 ay çalışmış kişilərin və azı 10 il çalışmış qadınların bu Qanunun 7-ci maddəsində nəzərdə tutulmuş şərtlər daxilində yaş həddi 5 il azaldılmaqla yaşa görə əmək pensiyası hüququ vardır. Həmin Qanunun 9.8-ci maddəsinə əsasən, həmin Qanun qüvvəyə mindiyi günədək bu Qanunun 9-cu maddəsində göstərilən işlərdə güzəştli şərtlərlə pensiya hüququ verən tam əmək stajı olan şəxslərə pensiyalar yaşa və staja görə əvvəllər qüvvədə olmuş qanunvericiliklə müəyyən edilmiş tələblərə müvafiq surətdə təyin edilir. Qeyd olunan normada “əvvəllər qüvvədə olmuş qanunvericiliklə” müddəası ilə “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanununun qəbul edildiyi vaxta qədər qüvvədə olmuş vətəndaşların pensiya təminatını tənzimləyən normativ aktları, o cümlədən 2006-cı ilin yanvar ayının 1-dək qüvvədə olmuş “Vətəndaşların pensiya təminatı haqqında” Azərbaycan Respublikası Qanunu nəzərdə tutulmuşdur.

26. “Vətəndaşların pensiya təminatı haqqında” Azərbaycan Respublikası Qanunun 13cü maddəsinə əsasən axırıncı iş yerindən asılı olmayaraq əmək şəraitinə görə güzəştli şərtlərlə yaşa görə pensiya hüququna aşağıdakılar malikdir: a) yeraltı işlərdə, əmək şəraiti xüsusilə zərərli və ağır olan işlərdə çalışan işçilər, dənizdə çalışan neftçilər—istehsalatların, peşələrin, vəzifələrin və göstəricilərin Azərbaycan Respublikasının Nazirlər Kabineti tərəfindən təsdiq olunan * nömrəli siyahısı üzrə: kişilər—50 yaşına çatdıqda və azı 20 il iş stajı olduqda bu müddətin azı 10 ilini həmin işlərdə çalışarsa; qadınlar—45 yaşına çatdıqda və azı 15 il iş stajı olduqda bu müddətin azı 7 il 6 ayını həmin işlərdə çalışarsa. ## #### 1997-ci il tarixli Qanunla həmin Qanunun 13-cü maddəsində nəzərdə tutulmuş yaş hədləri 1997-ci ilin ######un #-dən başlayaraq 2000-ci ilin ######un #-dək hər il 6 ay artırılmışdır. b) əmək şəraiti zərərli və ağır olan digər işlərdə çalışan işçilər—istehsalatların, peşələrin, vəzifələrin və göstəricilərin Azərbaycan Respublikası Nazirlər Kabineti tərəfindən təsdiq olunan * nömrəli siyahısı üzrə: kişilər—55 yaşına çatdıqda və azı 25 il iş stajı olduqda bu müddətin azı 12 il 6 ayını həmin işlərdə çalışarsa; qadınlar—50 yaşına çatdıqda və azı 20 il iş stajı olduqda bu müddətin azı 10 ilini həmin işlərdə çalışarsa.

27. Beləliklə, “Vətəndaşların pensiya təminatı haqqında” Azərbaycan Respublikası Qanununa ##.##.1997-ci il tarixdə dəyişiklik edildikdən sonra 2000-ci ilin ######un #-dək yaş hədləri hər il 6 ay artırılmış, ##.##.2000-ci ildən etibarən Azərbaycan Respublikasının Nazirlər Kabineti tərəfindən təsdiq olunan * nömrəli siyahı üzrə kişilər-52 yaşına çatdıqda və azı 20 il iş stajı olduqda bu müddətin azı 10 ilini zərərli işlərdə çalışarsa, Azərbaycan Respublikasının Nazirlər Kabineti tərəfindən təsdiq olunan * nömrəli siyahı üzrə kişilər-57 yaşına çatdıqda və azı 25 il iş stajı olduqda bu müddətin azı 12 il 06 ayını zərərli işlərdə çalışarsa, güzəştli şərtlərlə yaşa görə pensiya hüququna malik olmuşlar.

28. Başqa sözlə, ##.##.1997-ci il tarixədək * nömrəli siyahı üzrə nəzərdə tutulmuş vəzifələrdə çalışan kişilər, həmin tarixədək 20 il ümumi və 10 il güzəştli stajı topladıqda həmin tarixdən sonra 50 yaşı tamam olduğu vaxtdan, * nömrəli siyahı üzrə nəzərdə tutulmuş vəzifələrdə çalışan kişilər isə ##.##.1997-ci il tarixədək 25 il ümumi və 12 il 06 ayını güzəştli stajı topladıqda həmin tarixdən sonra 55 yaşı tamam olduğu vaxtdan güzəştli pensiya təyin edilməsi nəzərdə tutulmuşdur.

29. Hazırkı iş üzrə mərhum R.Abbasova aid pensiya işinindən, əmək kitabçası qeydlərindən müəyyən olunur ki, mərhuma 55 yaşdan güzəştli pensiya təyin edilmiş, bu zaman onun ##.##.1997-ci il tarixədək 25 ildən çox ümumi stajı olsa da lakin həmin tarixədək 12 il 06 aylıq güzəştli stajı toplamamışdır. Belə ki, həmin tarixədək mərhumun güzəştli stajı (##.##.1976-##.##.1976; ##.##.1977- ##.##.1977; 27.051979-##.##.1988; ##.##.1988- ##.##.1990-cı il olmaqla) 11 il 05 ay 25 gün olmuşdur.

30. Iddiaçının tələb olunan 12 il 06 güzəştli iş stajı ##.##.2003-cü il tarixdə (##.##.2022- ##.##.2003-cü il tarixədək olan dövr əlavə edilməklə) tamamlanmışdır. Bu halda mərhum üçün güzəştli pensiya hüququ ##.##.1997-ci il tarixli dəyişikliyə uyğun olaraq 57 yaşdan- ##.##.2011-ci il tarixdən yaranmışdır.

31. Bundan əlavə iddiaçı tərəf mərhum R.Abbasovun 1 nömrıli siyahı üzrə güzəştli pensiya hüququna malik olduğunu qeyd etsə də, mərhuma aid pensiya işində R.Abbasovun Türkmənistanda neft sahəsində işlədiyi dövrün məhz dəniz şəraitində olması ilə bağlı güzəştli arayışı aşkar olunmamış, eyni zamanda əmək kitabçasında həmin dövr üzrə əmək qeydlərində sahənin “dəniz şəraitində” olması ilə bağlı qeyd daxil edilməmişdir.

32. “Inzibati icraat haqqında” Qanunun: -67.1. Inzibati orqan tərəfindən inzibati icraat haqqında hüquq normalarının və ya maddi hüquq normalarının pozulması və ya düzgün tətbiq edilməməsi nəticəsində qəbul edilmiş inzibati akt qanunsuz sayılır. -67.2. Qanunsuz inzibati akt həmin aktı qəbul etmiş inzibati orqan, subordinasiya baxımından yuxarı inzibati orqan və ya qanunla şikayətə baxmaq səlahiyyətinə malik olan müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqan (qurum) tərəfindən və yaxud məhkəmə qaydasında ləğv oluna bilər. -67.3. Qanunsuz əlverişsiz inzibati akt hər bir halda ləğv olunmalıdır. Azərbaycan Respublikasının müvafiq qanunları ilə başqa qayda nəzərdə tutulmamışdırsa, qanunsuz əlverişsiz inzibati aktın ləğv olunması həmin aktın qüvvəyə mindiyi andan yaranmış hüquqi nəticələri aradan qaldırır. -67.4. Qanunsuz əlverişli inzibati akt yalnız bu maddədə nəzərdə tutulmuş məhdudiyyətlər daxilində ləğv oluna bilər. -67.5. Maraqlı şəxsin məzmununa etimad göstərdiyi və həmin etimadın qanunla qorunduğu, habelə başqa şəxslərin hüquqlarına və ya qanunla qorunan maraqlarına, dövlət maraqlarına və ya ictimai maraqlara ziyan vurmadığı hallarda, maraqlı şəxsə münasibətdə birdəfəlik və ya cari pul və ya əşya öhdəliklərinin nəzərdə tutulduğu və ya belə öhdəliklərin əmələ gəlməsinə səbəb olmuş qanunsuz əlverişli inzibati aktın ləğv olunmasına yol verilmir. Maraqlı şəxsin ona verilmiş pul vəsaitlərini xərclədiyi və ya əmlakdan istifadə etdiyi və buna görə də onları qaytarmaq iqtidarında olmadığı və ya onları qaytardığı təqdirdə əhəmiyyətli ziyana məruz qalacağı hallarda, həmin şəxs etimadın qanunla qorunması hüququna malikdir. -67.6. Maraqlı şəxs aşağıdakı hallarda etimadın qorunması hüququna istinad edə bilməz: 67.6.1. rüşvət, hədə-qorxu və ya aldatma yolu ilə inzibati aktın qəbul edilməsinə nail olduqda; 67.6.2. səhv və ya təhrif olunmuş məlumatları əks etdirən sənədlər təqdim etməklə inzibati aktın qəbul edilməsinə nail olduqda; 67.6.3. inzibati aktın qanunsuz olduğunu bildiyi və ya kobud ehtiyatsızlıq nəticəsində bilmədiyi halda. -67.7. Bu Qanunun 67.6-cı maddəsində göstərilən hallarda qanunsuz əlverişli inzibati akt ləğv olunmalıdır. Həmin aktın ləğv olunması onun qüvvəyə mindiyi andan yaranmış hüquqi nəticələri aradan qaldırır. -68.2. Qanuni əlverişli inzibati akt yalnız aşağıdakı hallarda ləğv edilə bilər: 68.2.1. inzibati aktın ləğvi qanunla birbaşa nəzərdə tutulduğu halda və ya inzibati aktın özündə bu barədə müvafiq qeyd olduğu halda; 68.2.2. maraqlı şəxsin inzibati aktla müəyyən edilmiş imtiyazlardan (hüquqlardan) istifadə etmədiyi və ya lazımi qaydada və müddətdə istifadə etmədiyi halda; 68.2.3. inzibati aktın qəbulundan sonra yaranmış hüquqi və ya faktiki hallara görə həmin aktın qüvvədə qalması dövlət maraqlarına və ya ictimai maraqlara ziyan vura bildiyi halda; 68.2.4. inzibati aktın qəbulu üçün əsas olmuş hüquq normasının dəyişməsi nəticəsində inzibati orqanın həmin aktı qəbul etməməyə haqlı olduğu və maraqlı şəxsin inzibati aktla müəyyən edilmiş imtiyazlardan (hüquqlardan) istifadə etmədiyi və ya ona münasibətdə inzibati aktla təminat verilmiş öhdəliklər yerinə yetirilmədiyi və ya həmin aktın qüvvədə qalmasının dövlət maraqlarına və ya ictimai maraqlara ziyan vura bildiyi hallarda.

33. “Inzibati icraat haqqında” Qanunun (bundan sonra mətndə- IIQ) 67.1-ci maddəsinə əsasən qanunsuz əliverişli inzibati akt: -Inzibati orqan tərəfindən inzibati icraat haqqında hüquq normalarının pozulması; -Inzibati orqan tərəfindən maddi hüquq normalarının pozulması; -Inzibati orqan tərəfindən maddi hüquq normalarının düzgün tətbiq edilməməsi nəticəsində qəbul edilmiş inzibati aktdır. Qeyd edilməlidir ki, hüquq normasının tətbiqi-hüquq normasının həyata keçirilməsinin forması olub səlahiyyətli dövlət orqanlarını hüquq normalarının konkret münasibətə tətbiqi sahəsindəki fəaliyyətini nəzərdə tutur. Hüquq normalarının tətbiqi prosesində qanunçuluğa riayət edilməsi hüquq normalarının göstərişlərinin düzgün yerinə yetirilməsinin əsasını təşkil edir. Hüquq normasının tətbiqi özündə 3 ayrı mərhələni birləşdirir: 1) işin faktik əsaslarının müəyyən edilməsi; 2) işin hüquqi əsaslarının müəyyən edilməsi; 3) iş üzrə qərar qəbul edilməsi. Birinci mərhələdə- inzibati orqan ilk növbədə hüquqi işi düzgün həll etmək üçün zəruri olan bu faktları seçib ayırmalıdır. Ikinci mərhələdə- tədqiq edilən faktik hallara tətbiq olunmalı hüquq normasının seçilir və təhlil edilir. Bunun üçün inzibati orqanın qarşısında seçilmiş normanı təhlil edərkən onun zamana, məkana və şəxslərə görə qüvvəsini dərindən və hərtərəfli yoxlamaq, həmin normanın mətninin qanunçuluq baxımdan dəqiqliyini və əslinə uyğunluğunu, normanın dəyişib-dəyişmədiyini müəyyən etmək tələb olunur. Başqa sözlə, hüquqtətbiqetmə orqanı aşağıdakı halları dəqiq müəyyən etməlidir: - konkret işin həll edilməsi üçün əsas götürülmüş hüquq norması həmin vaxt qüvvədədirmi; - bu norma həmin işin həll edilməli olduğu ərazidə qüvvədədirmi; - normanın qüvvəsi onun tətbiq edilməli olduğu şəxsə şamil edilirmi. Üçüncü mərhələ- inzibati orqanın qərar çıxarması və bu qərarın maraqlı şəxslərə və təşkilatlara çatdırılmasıdır ki, bununla da hüquq normasının tətbiqi prosesi başa çatır və bundan sonra konkret hüquq və vəzifələri əks etdirən hüquq normasının tətbiqi aktının yerinə yetirilməsi prosesi başlayır.

34. Beləliklə, maddi hüquq o zaman düzgün tətbiq olunmamış hesab edilir ki, inzibati orqan hüququn tətbiq edilməsində səhv buraxsın, tətbiq edilməli olan normanı tətbiq etməsin, yaxud normanı səhv təfsir etsin.

35. Hazırkı mübahisə ilə bağlı müəyyən edilir ki, ƏPQ-nun 9.8-ci maddəsi ilə nəzərdə tutulmuş “yaşa görə və staja görə əvvəllər qüvvədə olmuş qanunvericiliklə” müddəası “Vətəndaşların pensiya təminatı haqqında” Qanunun 13-cü maddəsinin ##.##.1997-ci il tarixədək olan redaksiyası əsasında güzəştli pensiya təyinatına əsas verməmişdir. Cavabdeh inzibati orqan pensiya təyin edilməsi ilə bağlı müraciətə baxarkən hüquqtəbiqetmə prosesində yalnışlığa yol vermiş, hüquq münasibətlərinin tənzimləməsində qüvvədə olmayan, tətbiq edilməli olmayan hüquq normasını seçərək pensiya təyinatını aparmışdır.

36. Başqa sözlə, işin hüquqi əsaslarını düzgün müəyyən etmədiyi nəticə etibarı ilə maddi anlamda 55 yaşdan pensiya hüququ yaranmadığı halda pensiya təyin edilməsi ilə bağlı qəbul edilmiş inzibati akt IIQ-nun 67.1-ci maddəsinin tələbinə uyğun olaraq- inzibati orqan tərəfindən maddi hüquq normalarının düzgün tətbiq edilməməsi nəticəsində qəbul edilən əliverişli və qanunsuz inzibati akt hesab olunur.

37. Nə qədər ki, mərhum R.Abbasovun əmək pensiyasının hüququ ##.##.1997-ci il tarixdən sonra yaranmışdır, deməli, iddiaçıya hüququnun yarandığı vaxt qüvvədə olan norma tətbiq edilməlidir. Cavabdeh orqan ilkin olaraq pensiya təyin etdiyində pensiya təyin edilməsi zamanı qüvvədə olan ##.##.1997-ci il tarixdən sonrakı “Vətəndaşların pensiya təminatı haqqında” Qanunun 13-cü maddəsinin b bəndini tətbiq etməli olduğu halda tətbiq etməmiş, lakin hazırkı mübahisələndirilən qərarları ilə pensiyanı yenidən hesablayaraq qüvvədə olmuş normanı tətbiq etmiş, bununla da pensiyanın düzgün hesablanmasını həyata keçirmişdir.

38. Beləliklə, yuxarıda da qeyd edildiyi kimi hazırkı mübahisələndirilən inzibati aktlar iddiaçı üçün əliverişsiz inzibati aktlar olsa da qanuni və əsaslıdır.

39. Göstərilənlərə əsasən məhkəmə kollegiyası hesab edir ki, iddia tələbinin təmin edilməməsi ilə bağlı birinci instansiya məhkəməsi düzgün nəticəyə gəlmişdir.

40. Azərbaycan Respublikasının Inzibati Prosessual Məcəlləsinin 87.6-cı maddəsinə əsasən, apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qərarını dəyişdirmədən qüvvədə saxlaya bilər, dəyişdirə bilər və ya ləğv edərək (tam və ya qismən) yeni qərar qəbul edə bilər.

41. Beləliklə, məhkəmə kollegiyası iddiaçının apellyasiya şikayətində göstərdiyi dəlilləri formal hesab edir və belə qənaətə gəlir ki, bu dəlillər qanuni məhkəmə qərarının ləğvi üçün əsas ola bilməz.

42. Qeyd edilənlərə əsasən, məhkəmə kollegiyası belə nəticəyə gəlir ki, apellyasiya şikayəti təmin edilməməli, birinci instansiya məhkəməsinin qərarı dəyişdirilmədən saxlanılmalıdır.

43. Şərh olunanlara əsasən və Azərbaycan Respublikasının Inzibati-Prosessual Məcəlləsinin 87, 90, 94-cü maddələrinin tələblərini rəhbər tutaraq, məhkəmə kollegiyası

QƏRARA ALDI:

Apellyasiya şikayəti təmin edilməsin. Bakı Inzibati Məhkəməsinin ## #### 2025-ci il tarixli, *-*(***)-****/**** nömrəli qərarı dəyişdirilmədən saxlanılsın. Qərardan onun rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Bakı Apellyasiya Məhkəməsinin Inzibati Kollegiyası vasitəsilə Azərbaycan Respublikasının Ali Məhkəməsinin Inzibati Kollegiyasına kassasiya şikayəti verilə bilər.

Sədrlik edən: Günel Abbasova Hakimlər: Fuad Talışınski Məmməd Məmmədov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar