Məhkəmə qərarları › İş №2-1(103)-4013/2023

Bakı Apellyasiya Məhkəməsi Qərardad — İş №2-1(103)-4013/2023

23.11.2023 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 2-1(103)-4013/2023 23.11.2023 BAKI APELLYASİYA MƏHKƏMƏSİ Hakimlər Yusifov Cahangir Afər oğlu (sədrlik edən), X1, Məmmədova Şərafət Asif qızından ibarət tərkibdə, iddiaçının iştirakı ilə, İddiaçı cavabdeh Bakı şəhəri Yasamal rayon İcra şöbəsinə qarşı icra məmurunun hərəkətsizliyinin qanunsuz hesab edilməsi barədə iddia tələbinə dair iddia ərizəsi ilə bağlı Bakı İnzibati Məhkəməsinin 2-1(112)-11818/2023 №-li xx.xx.2023-cü il tarixli qərardadından iddiaçı tərəfindən verilmiş apellyasiya şikayətinə əsasən işə Bakı Apellyasiya Məhkəməsinin binasında (Bakı şəhəri, Z.Xəlilov küçəsi, 540-cı məhəllə), açıq məhkəmə iclasında baxaraq m ü ə y y ə n e t d i: İ. İddiaçı cavabdeh Bakı şəhəri Yasamal rayon İcra şöbəsinə qarşı məhkəməyə iddia ərizəsi, daha sonra isə iddiaçı tələbinin dəqiqləşdirilməsi barədə ərizə ilə müraciət edərək, Bakı şəhəri Yasamal rayon İcra şöbəsinin Bakı Ağır Cinayətlər Məhkəməsinin xx.xx.2016cı il tarixli 1(101)- 609/11 nömrəli hökmünün icrası ilə bağlı hərəkətsizliyinin qanunsuz hesab edilməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir. İddia aşağıdakılarla əsaslandırılmışdır: “...Bakı Ağır Cinayətlər Məhkəməsinin 28 iyul 2011-ci il tarixli, 1(101)-609/11 saylı hökmünə əsasən cinayət nəticəsində vurulmuş ziyan kimi "xxxx" ASC-dən ümumilikdə 98910 manat pulun tutularaq İddiaçı verilməsi qərara alınmışdır. Bakı şəhəri Yasamal rayon icra şöbəsinin 03 fevral 2012-ci il tarixli 17/72-918/14 saylı qərarına əsasən Bakı Ağır Cinayətlər Məhkəməsi tərəfindən verilmiş 1(101)-609/11 saylı, xx.xx.2012-ci il tarixli icra sənədi üzrə icraata başlanmışdır. 1 saylı Bakı İnzibati-İqtisadi Məhkəməsinin xx.xx.2012-ci il tarixli qərarı ilə "xxxx" ASC müflis elan edilmiş, "xxxx" MMC ləğvedici təyin edilmiş, daha sonra məhkəmənin xx.xx.2016-cı il tarixli 2iqt(81)-2410/2012 nömrəli qərardadı ilə həmin ləğvedici Əmanətlərin Sığortalanması Fondu ilə əvəz edilmişdir. Fond tərəfindən möhür ilə təsdiq edilmiş hesabdan çıxarışdan görünür ki, xx.xx.2022-ci il tarixdə 65910,00 manat Bakı Ağır Cinayətlər Məhkəməsinin hökmü əsasında və Yasamal rayon İcra şöbəsi tərəfindən hesaba köçürülmüşdür. Lakin həmin tranş əməliyyatın ödənişi faktiki olaraq ona çatmamışdır. Beləliklə də, Əmanətlərin Sığortalanması Fondu Yasamal rayon İcra şöbəsi ilə əlbir olaraq ona aid vəsaiti mənimsəmişlər. Sənədlərdə ola bilən mexaniki səhvlər isə onun məsuliyyəti deyildir. İllərdir o, banka əmanət etdiyi vəsaitləri ala bilmir. Bakı Ağır Cinayətləri Məhkəməsi tərəfindən verilmiş icra vərəqəsi isə xx.xx.2016-cı il tarixdə verilmişdir. Əmanətlərin Sığortalanması Fondu qəsdən və qərəzli şəkildə Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin qətnaməsini icra etməkdən boyun qaçırır, ona aid hesabda istədiyi düzəlişləri qanunsuz edirlər...” Bakı İnzibati Məhkəməsinin 2-1(112)-11818/2023 nömrəli xx.xx.2023-cü il tarixli qərardadı ilə iddia mümkün sayılmamışdır. İddiaçı apellyasiya şikayəti verərək həmin qərardadın ləğv edilməsini və iddianın mümkün sayılmasını məhkəmədən xahiş etmişdir. Apellyasiya şikayəti iddia ərizəsinə uyğun əsaslandırılmış və “İcra haqqında” Qanunun 7, 9, 87.1-ci və İPM-in 34.1-ci maddələrinə istinadən iddiaçı hesab etmişdir ki, iddia mümkün iddiadır. Məhkəmə kollegiyasının iclasında iştirk edən İddiaçı apellyasiya şikayətinə uyğun izahat verərək şikayətin təmin olunmsını məhkəmədən xahiş etmişdir. Məhkəmə kollegiyasının iclası barədə məlumat verilmiş cavabdeh (nümayəndəsi) məhkəmə iclasına gəlməmiş, İPM-in 62.3-cü maddəsinin tələblərini nəzərə alan məhkəmə kolegiyası onun iştirakı olmadan işə baxılmasını mümkün hesab etmişdir. İİ. Məhkəmə kollegiyası iş materiallarını araşıdırıb belə hesab edir ki, iddiaçının apellyasiya şikayəti təmin edilmədən, birinci instansiya məhkəməsinin qərardadı dəyişdirilmədən qüvvədə saxlanılmalıdır. Belə ki, İPM-in 35.1-ci maddəsinin tələbinə görə bu Məcəllədə başqa qayda nəzərdə tutulmamışdırsa, iddiaçının iddia ərizəsində inzibati aktın qəbul edilməsi və ya qəbul edilməsindən imtina olunması, yaxud inzibati orqanın hərəkəti və ya hərəkətsizliyi nəticəsində onun hüquqlarının və qanunla qorunan maraqlarının pozulduğunu əsaslandırdığı hallarda mübahisələndirmə haqqında, məcburetmə haqqında, öhdəliklərin icrası haqqında və müəyyən hərəkətləri etməkdən çəkinməyə dair iddia mümkün sayılır. Məcəllənin qeyd olunan normasının mənası onu ehtiva edir ki, inzibati icraat qaydasında baxılan iddia –subyektiv hüququ olan şəxs tərəfindən qanunla üzərinə müvafiq öhdəlik düşən inzibati orqana qarşı qaldırılmalı və inzibati icraat qaydalarına müvafiq olan iddia növünə uyğun olmaqla, iddiaçı tərəfindən hüquq və azadlıqların pozulması (sübutlar da əlavə olunmaqla) əsaslandırmalıdır ki, iddiasının inzibati məhkəmə icraatı mümkün olsun. Əks təqdirdə, həmin Məcəllənin 35.3-cü maddəsinə əsasən məhkəmə, iddianın mümkün sayılmaması barədə qərardad qəbul edir. Konkret halda isə hazırkı iddianın inzibati məhkəmə icraatının mümkünlük şərtləri öz təsdiqini tapmır. İlk öncə, İPM-in 1.1-ci maddəsinin tələbini nəzərə alan məhkəmə kollegiyası qeyd edir ki, inzibati icraat qaydasında qaldırılan iddianın ilkin mümkünlük şərti, onun inzibati hüquq münasibətlərindən yaranmasıdır. Konkret halda isə iddia olunan məsələnin inzibati hüquq münasibətlərindən irəli gəldiyi müəyyən olunmur. Belə ki, işin faktiki hallarından göründüyü kimi, cinayət mühakimə icraatı qaydasında baxılan iş üzrə mülki İddiaçı Bakı Ağır Cinayətlər Məhkəməsinin xx.xx.2016-cı il tarixli 1(101)- 609/11 nömrəli hökmünün icrası ilə bağlı cavabdeh Bakı şəhəri Yasamal rayon İcra şöbəsinin hərəkətsizliyinin qanunsuz hesab edilməsini həmin icraat qaydasında deyil, inzibati məhkəmə icraatı qaydasında tələb etmişdir. Halbuki, «İcra haqqında» Qanunun 26-cı maddəsinin tələbinə görə icra sənədlərinin vaxtında və düzgün icra edilməsinə nəzarət icra qurumunun rəhbəri və məhkəmə tərəfindən öz səlahiyyətləri daxilində həyata keçirilir. Həmin Qanunun 29.1-ci maddəsinə əsasən məhz, həm də onu nəzərdə tutur ki, tərəflər icra hərəkətlərinin həyata keçirilməsində iştirak etmək və bu zaman şifahi və yazılı izahatlar vermək, icraatın gedişində meydana çıxan bütün məsələlər üzrə öz dəlil və mülahizələrini bildirmək, icraatda iştirak edən digər şəxslərin vəsatətlərinə, dəlil və mülahizələrinə etiraz etmək, icra məmuruna etiraz etmək və onun hərəkətlərindən (hərəkətsizliyindən) şikayət vermək hüquqlarına malikdirlər. Digər tərəfdən «Homsbi» Yunanıstana qarşı» işdə (19 mart 1997 40-cı bənd) Avropa Məhkəməsi də məhz, qərarında qeyd etmişdir ki, «İnsan hüquqları haqqında» Konvensiyanın 6-cı maddəsində nəzərdə tutulan ədalətli məhkəmə araşdırması huququ, dinləmədən sonrakı prosedurları, məsələn, məhkəmə qərarının icrası prosedurunu da əhatə edir.» Göründüyü kimi, həm daxili, həm də beynəlxalq qanunvericiliyə görə icra sənədinin icra edilməsinə nəzarət icra sənədini icra edən icra qurumunun rəhbəri və həmin icra sənədini verən məhkəmənin özü tərəfindən həyata keçirilməlidir. Başqa sözlə, «icra sənədi üzrə icraatın iştirakçıları (tələbkar və borclu) icra məmurunun qanunsuz hərəkətlərindən irəli gələn məsələlər icra sənədini vermiş məhkəmədə mübahisələndirilə bilər. Məhkəmə kollegiyası onu da qeyd edir ki, icra sənədinin icrası zamanı icra məmurunun həyata keçirdiyi icra hərəkətləri və ya hərəkətsizliyi inzibati hüquq sahəsinə aid olan publik xarakterli məsələlərin tənzimlənməsinə yönəlmir. Belə ki, mülki icraat qaydasında baxılan iş üzrə qanuni qüvvəsini almış məhkəmə qərarının icrası həmin icraat çərçivəsində tərəflərin məhkəmə müdafiəsi hüquqlarının tərkib hissəsini təşkil edir və həmin işin davamı kimi qəbul edilir. İcra orqanına qarşı o halda inzibati icraat qaydasında iddianın qaldırılması mümkündür ki, icra məmuru icraatın predmetindən kənara çıxsın və ya başqa şəxslərin qanunla qorunan mənafeyini pozmuş olsun. Beləliklə də, qeyd olunanları nəzərə alan məhkəmə kollegiyası birinci instansiya məhkəməsinin qərardadı ilə iddianın mümkün sayılmamasını işin hallarına və prosessual hüquq normalarının tələblərinə uyğun nəticə kimi qiymətləndirir. Bu baxımdan da, məhkəmə kollegiyası iddiaçının apellyasiya şikayətinin həmin qərardadın maddi və prosessual hüquq normalarının pozulmaası ilə çıxarıldığını vurğulayan dəlilləri ilə razılaşmır və yekunda belə nəticəyə gəlir ki, onun apellyasiya şikayəti təmin edilmədən, Bakı İnzibati-Məhkəməsinin 2-1(112)-11818/2023 №-li xx.xx.2023-cü il tarixli qərardadı dəyişdirilmədən qüvvədə saxlanılmalıdır. Qeyd olunanlara əsasən və İPM-in 35, 80, 87, 90 və 94-cü maddələrini rəhbər tutub məhkəmə kollegiyası qəraraaldı: İddiaçının apellyasiya şikayəti təmin edilməsin. Bakı İnzibati-Məhkəməsinin 2-1(112)-11818/2023 №-li xx.xx.2023-cü il tarixli qərardadı dəyişdirilmədən qüvvədə saxlanılsın. Qərardaddan rəsmi qaydada verildiyi gündən 10 (on) gün müddətində Bakı Apellyasiya Məhkəməsi vasitəsi ilə Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyasına (Bakı şəhəri, Y.Səfərov küçəsi 14, 1193-cü məhəllə) kassasiya şikayəti verilə bilər.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar