Məhkəmə qərarları › İş №2-1(103)-4018/2025

Bakı Apellyasiya Məhkəməsi Qərar — İş №2-1(103)-4018/2025

11.02.2026 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-1(103)-4018/2025 11.02.2026 BAKI APELLYASİYA MƏHKƏMƏSİ İddiaçı cavabdeh Bakı şəhəri Cavabdehə qarşı “yaşayış sahəsinin qeyri-yaşayış sahəsinə keçirilməsi” tələbinə dair iddiası üzrə GİRİŞ HİSSƏ Bakı Apellyasiya Məhkəməsinin İnzibati kollegiyası X3 Azər oğlunun sədrliyi və məruzəsi ilə, Məmmədova Şərafət Asif qızı və Məmmədov Ceyhun Bəşir oğlundan ibarət tərkibdə, məhkəmə iclasının katibi Şirinova Lamiyə Fehruz qızının katibliyi, iddiaçının nümayəndəsi və vəkili Vəkil, cavabdehin nümayəndəsi X1 iştirakı ilə, İddiaçı cavabdeh Bakı şəhəri Cavabdehə qarşı “yaşayış sahəsinin qeyri-yaşayış sahəsinə keçirilməsi” tələbinə tələbinə dair Bakı İnzibati Məhkəməsinin xx.xx.2025-ci il tarixli, 2-1(112)-7862/2025 nömrəli qərarından cavabdeh tərəfindən verilmiş apellyasiya şikayəti üzrə inzibati işə xx.xx.2026-cı il tarixdə, Bakı Apellyasiya Məhkəməsinin inzibati binasında (Bakı şəhəri, Z.Xəlilov küçəsi, 540-cı məhəllə), açıq məhkəmə iclasında şifahi məhkəmə baxışı qaydasında baxaraq aşağıdakı qərarı qəbul etdi. TƏSVİRİ HİSSƏ İşin halları: İddiaçı ünvan 1 ünvanında yerləşən ona məxsus yaşayış sahəsinin qeyri-yaşayış sahəsinə keçirilməsi ilə bağlı cavabdeh Bakı şəhəri Cavabdehə etdiyi müraciət, sahələr arasında fərq yaradan 30,01 kv.metrdən ibarət torpaq sahəsi üzrə hüquqmüəyyənedici sənədlərin olmaması əsası ilə cavabdeh tərəfindən xx.xx.2023-cü il tarixli məktubla təmin edilməmişdir. İddiaçı cavabdeh Bakı şəhəri Cavabdehə qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, iddiaçının xx.xx.2023-cü il tarixli, ********** qeydiyyat nömrəli çıxarışa əsasən mülkiyyətində olan Bakı şəhəri, Nərimanov rayonu, Azadlıq prospekti, ev 151 ünvanında yerləşən, ümumi sahəsi 53,40 kv.m olan 34 saylı mənzilin yaşayış sahəsindən qeyriyaşayış sahəsinə keçirilməsi öhdəliyinin cavabdeh inzibati orqanın üzərinə qoyulması barədə qərar qəbul edilməsini xahiş etmişdir. İddiaçının əsaslandırması: İddia ərizəsi onunla əsaslandırılmışdır ki, Bakı şəhəri, Nərimanov rayonu, Azadlıq prospekti ev 151 ünvanında yerləşən, ümumi sahəsi 53,40 kv.m olan 34 saylı mənzil üzərində iddiaçının xüsusi mülkiyyət hüququ daşınmaz əmlakın dövlət reyestrində qeydə alınmış və ona xx.xx.2023-cü il qeydiyyat tarixli çıxarış verilmişdir. Həmin mənzillə bağlı DƏDKR publik hüquqi şəxsi 1 saylı Bakı Ərazi İdarəsi tərəfindən xx.xx.2023-cü il tarixdə 04/12504 invertar nömrəli Texniki pasport tərtib edilmiş və mənzilin ümumi sahəsinin 53,40 kv.m olması qeyd edilmişdir. İddiaçıya məxsus ünvan 2 ünvanında yerləşən daşınmaz əmlak uzun müddətdir qeyri-yaşayış sahəsi kimi fəaliyyət göstərir. İddiaçı Bakı şəhəri Cavabdehə ərizə ilə müraciət edərək ona məxsus mənzilin təyinatının dəyişdirilməsini xahiş etmişdir. Cavabdeh inzibati orqan müraciətə cavab olaraq bildirmişdir ki, mənzilin ümumi sahəsi 53,4 kv.metr, təqdim edilmiş plan-sxemə əsasən təyinatı dəyişdiriləcək sahənin ümumi sahəsi 83,5 kv.metrdir. Sahələr arasında fərq yaradan 30,01 kv.metrdən ibarət torpaq sahəsi üzrə hüquqmüəyyənedici sənədlər olmadığından müraciətin müsbət həllindən imtina edilir. İddiaçı cavabdehin imtinasını əsassız və qanunsuz hesab edir. Cavabdehin etirazları: Cavabdeh iddiaya dair etirazla məhkəməyə müraciət edərək, qeyd etmişdir ki, iddiaçı xx.xx.2023-cü il tarixdə ərizə ilə Nərimanov RİH-ə müraciət edərək sözügedən ünvanda 1ci mərtəbədə yerləşən 34 nömrəli mənzilin təyinatının dəyişdirilməsinə dair müvafiq Sərəncam verilməsini xahiş etmiş, onun müraciətinə baxılaraq, xx.xx.2024-cü il tarixli məktubla sahə üzrə hüquqmüəyyənedici sənədlərin RİH-ə təqdim edilməsi bildirilmişdir. Tələb olunan sənədlər RİH-ə təqdim edilmiş, hüquqmüəyyənedici sənədlər təqdim edildikdən sonra müəyyən edilmişdir kı, iddiaçı tərəfindən mənzilin hüdudlarından kənara çıxmaqla 30,01 kv.m torpaq sahəsi zəbt edilərək əlavə tikinti işləri yaşayış sahəsinin təyinatının dəyişdirilməsindən imtina edilmişdir. Sözügedən mənzildə aparılmış yenidənqurma işləri Cavabdeh ilə razılaşdırılmadan həyata keçirildiyinə, eyni zamanda RİH-ə təqdim olunmuş texniki pasportda əks olunmadığına görə özbaşına aparılmış hesab olunur. Bu səbəbdən yenidənqurma və yenidən planlaşdırma işləri nəticəsində mənzilin yükdaşıyan konstruktiv elementlərinin dayanaqlığının texniki və sanitar normalara uyğunluğu barədə müvafiq rəyin alınması zərurəti yaranmışdır. Birinci instansiya məhkəməsinin gəldiyi nəticə: Bakı İnzibati Məhkəməsinin xx.xx.2025-ci il tarixli, 2-1(112)-7862/2025 nömrəli qərarı ilə iddia təmin edilərək, xx.xx.2023-cü il tarixli, ********** qeydiyyat nömrəli çıxarışa əsasən İddiaçı mülkiyyətində olan Bakı şəhəri, Nərimanov rayonu, Azadlıq prospekti, ev 151 ünvanında yerləşən, ümumi sahəsi 53,40 kv.m olan 34 saylı mənzilin yaşayış sahəsindən qeyri-yaşayış sahəsinə keçirilməsi öhdəliyinin cavabdeh Bakı şəhəri Cavabdehə həvalə edilməsi qərara alınmışdır. Cavabdeh birinci instansiya məhkəməsinin həmin qərarından apellyasiya şikayəti verərək, qərarın ləğv edilməsi və iddianın təmin edilməməsi barədə qərar qəbl olunmasını xahiş etmişdir. Apellyasiya şikayətinin dəlilləri: Apellyasiya şikayəti onunla əsaslandırılmışdır ki, sözügedən mənzildə aparılmış yenidənqurma işləri Cavabdeh ilə razılaşdırılmadan həyata keçirildiyinə, eyni zamanda RİH-ə təqdim olunmuş texniki pasportda əks olunmadığına görə özbaşına aparılmış hesab olunur. Bu səbəbdən yenidənqurma və yenidən planlaşdırma işləri nəticəsində mənzilin yükdaşıyan konstruktiv elementlərinin dayanaqlığının texniki və sanitar normalara uyğunluğu barədə müvafiq rəyin alınması zərurəti yaranmışdır. Cavabdeh tərəfindən sözügedən sahibkarlıq subyektinin fəaliyyətinə hər hansı maneələr yaradılmamışdır. Bununla bağlı məhkəməyə təqdim olunmuş sənədlərdən belə görünür ki, həmin mənzil artıq neçə ildir ki, sahibkarlıq obyekti kimi fəaliyyət göstərməkdədir və iddiaçının sahibkarlıq fəaliyyətinin həyata keçirilməsi ilə bağlı cavabdeh tərəfindən hər hansı maneələrin yaradılmasına dair sübut edən dəlil yoxdur. Həmçinin qeyd olunmalıdır ki, artıq həmin sahədə bir sahibkarlıq fəaliyyəti ilə məşqul olan subyektinin mövcudluğu həmin sahənin qeyri-yaşayış sahəsinə keçirilməsi üçün əsas və ya üstünlük hüququ yaratmır. Bakı İnzibati Məhkəməsi tərəfindən aidiyyəti üzrə sorğu göndərilməmiş, müvafiq mütəxəssis cəlb olunmamış və ya ekspertiza təyin edilməmiş, İddiaçı mülkiyyətində olan mənzilin yükdaşıyan konstruksiyalarının dayanıqlılıq və möhkəmliyini müəyyən edilməmişdir. Sadəcə olaraq iddia ərizəsində göstərilmiş iddia tələbi təsdiq edilmişdir. Ekspertiza təyin edilməli və ya mütəxəssis cəlb olunmalı, ekspert və ya mütəxəssis tərəfindən aydın şəkildə mənzilin yükdaşıyan konstruktiv elementlərinin dayanaqlığının texniki və sanitar normalara uyğunluğuna dair müvafiq rəy verilməlidir. Yaşayış binasının hüdudlarından kənar çıxmaqla 30.1 kv.m əlavə qeyri-yaşayış sahəsi inşasına razılıq, habelə həmin sahənin hər hansı hüquqi əsasını təşkil edən mötəbər sənəd, o cümlədən mənzilin mərtəbəli planı təqdim olunmalıdır. Tərəflərin iştirakı və izahatları: Məhkəmə iclasında iştirak edən cavabdehin nümayəndəsi apellyasiya şikayətini müdafiə edərək və onun məzmununa uyğun izahat verərək apellyasiya şikayətinin təmin olunması, birinci instansiya məhkəməsinin qərarının ləğv edilməsi və iddianın təmin edilməməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir. Məhkəmə iclasında iştirak edən iddiaçının nümayəndəsi və vəkili apellyasiya şikayətlərinin dəlillərinə etiraz edərək, apellyasiya şikayətinin təmin edilməməsini və birinci instansiya məhkəməsinin qərarının dəyişdirilmədən saxlanılmasını xahiş etmişdir. ƏSASLANDİRMA HİSSƏSİ Apellyasiya şikayətinin və iddianın mümkünlüyü: Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinin 82-ci maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi mübahisə ilə bağlı işə şikayət həddində və hüquqi məsələlər, habelə, sübutlar və faktlar (faktiki hallar) əsasında mahiyyəti üzrə tam həcmdə baxır. Apellyasiya şikayəti qanunla müəyyən olunmuş tələblərə riayət olunmaqla verilmişdir, şikayətin mümkün sayılmaması üçün əsaslar yoxdur Məhkəmə kollegiyası iddia tələbi ilə bağlı qeyd edir ki, iddia ərizəsi onun mümkünlüyünü şərtləndirilən tələblərə cavab verməklə təqdim olunmuş və bu səbəbdən mümkün hesab edilir. Belə ki, irəli sürülmüş iddia məcburetmə haqqında iddia olmaqla inzibati məhkəmə icraatı qaydasında baxılmalıdır. İPM-in 2.2.2-ci maddəsinə əsasən, inzibati orqanın üzərinə inzibati aktın qəbul edilməsi ilə bağlı müvafiq öhdəliyin qoyulmasına dair iddialara və ya inzibati orqanın hərəkətsizliyindən müdafiəyə dair iddialara (məcburetmə haqqında iddia) inzibati məhkəmə icraatı qaydasında baxılır. Həmin Məcəllənin 33.1-ci maddəsindən görünür ki, məcburetmə haqqında iddia vasitəsi ilə iddiaçı onun arzuladığı inzibati aktı qəbul etmək vəzifəsini cavabdehin üzərinə qoymağı məhkəmədən tələb edə bilər. İddia ümumi mümkünlük şərtləri (iddianın lazımı qaydada qaldırılması, iddiaçının prosessual fəaliyyət qabiliyyətinə malik olması, iddianın ərazi və predmet aidiyyəti və s.) ilə yanaşı xüsusi mümkünlük şərtlərinə də cavab verir. Belə ki, iddiaçı iddia ərizəsində inzibati aktın qəbul edilməsindən imtina olunması nəticəsində subyektiv hüquqlarının pozulduğunu irəli sürür. İddiaçı İPM-in 38-ci maddəsinin tələbləri baxımından iddia qaldırmaq müddətinə əməl etmiş və əvvəlcədən eyni məzmunlu tələblə inzibati orqana müraciət etmiş, sonuncu bundan imtina etdiyindən hazırkı məhkəmə mübahisəsi yaranmışdır. Faktiki hallar və sübutlar: İş materiallarında olan və məhkəmə baxışında tədqiq edilmiş: ********** qeydiyyat nömrəli, xx.xx.2023-cü il qeydiyyat tarixli “Hüquqların dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın dövlət reyestri”ndən çıxarışdan görünür ki, ünvan 1 ünvanında yerləşən 53,40 ümumi sahəsi olan mənzil İddiaçı xüsusi mülkiyyətindədir; Birinci instansiya məhkəməsinin sorğusu əsasında Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsi 1 saylı Bakı Ərazi İdarəsinin 3-21-3-30/2- 19658/2025 nömrəli 16 may 2025-ci il tarixli məktubu ilə, ünvan 1 ünvanına dair arxiv sənədlərin təsdiq edilmiş surətləri təqdim edilmişdir. Apellyasiya icraatı zamanı, iddiaçı tərəf keçirilən sahənin texniki təsviri göstərilməklə planı və fotoşəkilləri məhkəməyə təqdim etmişdir. Tətbiq edilən hüquq: Azərbaycan Respublikasının Konstitusiyası: Maddə 13. Mülkiyyət I.Azərbaycan Respublikasında mülkiyyət toxunulmazdır və dövlət tərəfindən müdafiə olunur. ... Maddə 29. Mülkiyyət hüququ İ. Hər kəsin mülkiyyət hüququ vardır. İİ. Mülkiyyətin heç bir növünə üstünlük verilmir. Mülkiyyət hüququ, o cümlədən xüsusi mülkiyyət hüququ qanunla qorunur. ... Azərbaycan Respublikasının Mənzil Məcəlləsi: İİİ fəsil Yaşayış sahəsinin qeyri-yaşayış sahəsinə və qeyri-yaşayış sahəsinin yaşayış sahəsinə keçirilməsi Maddə 20. Yaşayış sahəsinin qeyri-yaşayış sahəsinə və qeyri-yaşayış sahəsinin yaşayış sahəsinə keçirilməsi şərtləri 20.1. Yaşayış sahəsinin qeyri-yaşayış sahəsinə və qeyri-yaşayış sahəsinin yaşayış sahəsinə keçirilməsinə bu Məcəllənin və şəhərsalma haqqında qanunvericiliyin tələblərinin nəzərə alınması şərti ilə yol verilir. 20.2. Yaşayış sahəsindən qeyri-yaşayış sahəsinə keçirilən sahəyə gediş-gəliş yaşayış sahələrinə gediş-gəlişi təmin edən sahələrdən istifadə etmədən mümkün olmadıqda və ya belə gediş-gəlişi qurmağa texniki imkan olmadıqda, keçirilən sahə eyni zamanda, mənzilin tərkib hissəsi kimi qaldıqda, yaxud həmin sahənin mülkiyyətçisi və ya başqa şəxs tərəfindən daimi yaşayış yeri kimi istifadə edildikdə, habelə keçirilən sahəyə mülkiyyət hüquqları digər şəxslərin hüquqları ilə yüklü edilmiş olduqda (xeyrinə yüklülük qeydə alınmış şəxslərin yazılı razılığı olduğu hallar istisna olmaqla), yaşayış sahəsinin qeyri-yaşayış sahəsinə keçirilməsinə yol verilmir. 20.3. Çoxmənzilli binalarda mənzillərin qeyri-yaşayış sahələrinə keçirilməsinə o halda yol verilir ki, belə mənzil həmin binanın birinci mərtəbəsində yerləşsin. Digər mərtəbədə yerləşən mənzilin qeyri-yaşayış sahəsinə keçirilməsinə qeyri-yaşayış sahəsinə keçirilən mənzilin bilavasitə altında yerləşən sahələrin yaşayış sahələri olmadığı hallarda yol verilir. 20.4. Qeyri-yaşayış sahəsinin yaşayış sahəsinə keçirilməsinə o halda yol verilmir ki, belə sahə müəyyən edilmiş tələblərə cavab verməsin və ya bu sahənin müəyyən edilmiş tələblərə uyğunluğunu təmin etmək mümkün olmasın, yaxud bu sahəyə mülkiyyət hüquqları digər şəxslərin hüquqları ilə yüklü edildiyi halda xeyrinə yüklülük müəyyən edilmiş şəxslərin razılığı olmasın. 20.5. Mülkiyyətçi tərəfindən xüsusi mənzil fonduna aid çoxmənzilli binanın yaşayış sahələrinin və yaşayış evlərinin bu Məcəllənin 13.5-ci maddəsində nəzərdə tutulmuş yerləşmə vasitələri kimi istifadə edilməsi üçün bu Məcəllənin İİİ fəslinə uyğun olaraq yaşayış sahəsinin qeyri-yaşayış sahəsinə keçirilməsi tələb olunmur. Maddə 21. Yaşayış sahəsinin qeyri-yaşayış sahəsinə və qeyri-yaşayış sahəsinin yaşayış sahəsinə keçirilməsi qaydası 21.1. Yaşayış sahəsinin qeyri-yaşayış sahəsinə və qeyri-yaşayış sahəsinin yaşayış sahəsinə keçirilməsi müvafiq icra hakimiyyəti orqanının və ya müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi qurumun (bundan sonra – keçirilməni həyata keçirən orqan) qərarı əsasında həyata keçirilir. 21.2. Yaşayış sahəsinin qeyri-yaşayış sahəsinə və qeyri-yaşayış sahəsinin yaşayış sahəsinə keçirilməsi üçün müvafiq sahənin mülkiyyətçisi və ya onun tərəfindən səlahiyyət verilmiş şəxs (bundan sonra bu fəsildə - ərizəçi) keçirilən sahənin yerləşdiyi ərazi üzrə keçirilməni həyata keçirən orqana aşağıdakı sənədləri təqdim edir: 21.2.1. sahənin keçirilməsi haqqında ərizə (ərizədə yaşayış sahəsinin qeyriyaşayış sahəsinə keçirilməsinin məqsədləri göstərilməlidir); 21.2.2. keçirilən sahə üzərinə hüquqları müəyyənləşdirən sənədlər (əsli və ya notariat qaydasında təsdiqlənmiş surəti); 21.2.3. keçirilən sahənin texniki təsviri göstərilməklə planı (keçirilən sahə yaşayış sahəsi olduqda onun texniki pasportu); 21.2.4. keçirilən sahənin yerləşdiyi binanın mərtəbəli planı. 21.2-1. Bu Məcəllənin 21.2-ci maddəsində nəzərdə tutulmuş sənədlərin X2 Sistemi vasitəsilə müvafiq dövlət orqanından (qurumundan) əldə edilməsi mümkün olduqda, həmin sənədlər ərizəçidən tələb edilmir. Belə sənədlərin X2 Sistemi vasitəsilə əldə edilməsi mümkün olmadığı hallarda onların təqdim edilməsi ərizəçinin razılığı ilə sorğu əsasında müvafiq dövlət orqanından (qurumundan) tələb olunur və ya ərizəçi tərəfindən təmin edilir. 21.3. Sahənin keçirilməsini həyata keçirən orqan bu Məcəllənin 21.2-ci maddəsində göstəriləndən başqa, digər sənədləri tələb edə bilməz. Sahənin keçirilməsini həyata keçirən orqan tərəfindən sənədlərin qəbul edilməsi barədə onların siyahısı, qəbul edilmə tarixi göstərilməklə qəbz verilir. 21.4. Sahənin keçirilməsi və ya ondan imtina haqqında qərar sahənin keçirilməsini həyata keçirən orqan tərəfindən bu Məcəllənin 21.2-ci maddəsinə uyğun olaraq təqdim edilmiş müvafiq ərizənin və digər sənədlərin baxılmasının nəticələri əsasında göstərilən sənədlərin həmin orqana təqdim edildiyi gündən otuz gündən gec olmayaraq qəbul edilməlidir. 21.5. Sahənin keçirilməsini həyata keçirən orqan bu Məcəllənin 21.4-cü maddəsində göstərilən qərarlardan birini qəbul etdiyi gündən üç iş günündən gec olmayaraq göstərilən qərarlardan birinin qəbul edilməsini təsdiqləyən sənədi ərizəçiyə təqdim edir və ya ərizədə göstərilən ünvana göndərir. Həmin sənədin forma və məzmunu müvafiq icra hakimiyyəti orqanı tərəfindən müəyyən edilir. Sahənin keçirilməsini həyata keçirən orqan ərizəçiyə həmin sənədi verməklə və ya göndərməklə yanaşı, qəbul edilmiş qərar barədə barəsində qərar qəbul edilən sahəyə bitişik olan sahələrin mülkiyyətçilərini məlumatlandırır. 21.6. Keçirilən sahənin yaşayış və ya qeyri-yaşayış sahəsi kimi istifadə edilməsini təmin etmək üçün həmin sahədə yenidənqurma və (və ya) yenidən planlaşdırma və ya digər işlərin aparılması zəruri olan hallarda bu Məcəllənin 21.5-ci maddəsində göstərilən sənəddə belə işlərin aparılmasına dair tələblər, aparılması zəruri olan digər işlərin siyahısı göstərilməlidir. 21.7. Əgər keçirilən sahədə yenidənqurma və (və ya) yenidən planlaşdırma və (və ya) digər işlərin görülməsi tələb edilmirsə, bu Məcəllənin 21.5-ci maddəsində nəzərdə tutulmuş sənəd sahənin keçirilməsini təsdiq edir və həmin sahənin yaşayış və ya qeyriyaşayış sahəsi kimi istifadə edilməsi üçün əsasdır. 21.8. Sahənin yaşayış və ya qeyri-yaşayış sahəsi kimi istifadə edilməsi üçün yenidənqurma və (və ya) yenidən planlaşdırma və (və ya) digər işlərin görülməsi tələb edilirsə, bu Məcəllənin 21.5-ci maddəsində nəzərdə tutulmuş sənəd həmin sənəddə nəzərdə tutulmuş müvafiq yenidənqurma və (və ya) yenidən planlaşdırma və (və ya) siyahısı göstərilən digər işlərin ərizəçi tərəfindən görülməsi üçün əsasdır. 21.9. Bu Məcəllənin 21.8-ci maddəsində göstərilən yenidənqurma və (və ya) yenidən planlaşdırma və (və ya) digər işlərin başa çatması sahənin keçirilməsini həyata keçirən orqan tərəfindən yaradılan qəbul komissiyasının aktı ilə təsdiqlənir. Yenidənqurma və (və ya) yenidən planlaşdırma və (və ya) digər işlərin bitməsini (sona çatmasını) təsdiqləyən qəbul komissiyasının aktı sahənin keçirilməsini həyata keçirən orqan tərəfindən dövlət kadastr uçotunun aparılması məqsədi ilə daşınmaz əmlakın dövlət reyestrini aparan orqana göndərilməlidir. Qəbul komissiyasının aktı sahənin keçirilməsinin başa çatmasını təsdiqləyir və keçirilmiş sahənin yaşayış və ya qeyriyaşayış sahəsi kimi istifadə edilməsi üçün əsasdır. 21.10. Keçirilmiş sahə yaşayış və ya qeyri-yaşayış sahəsi kimi istifadə edilərkən yanğın təhlükəsizliyi, sanitariya-gigiyena, ekoloji və qanunvericiliklə nəzərdə tutulmuş digər tələblərə, o cümlədən, çoxmənzilli binalarda qeyri-yaşayış sahələrinin istifadəsinə dair tələblərə riayət olunmalıdır. Maddə 22. Yaşayış sahəsinin qeyri-yaşayış sahəsinə və qeyri-yaşayış sahəsinin yaşayış sahəsinə keçirilməsindən imtina 22.1. Yaşayış sahəsinin qeyri-yaşayış sahəsinə və qeyri-yaşayış sahəsinin yaşayış sahəsinə keçirilməsindən imtinaya aşağıdakı hallarda yol verilir: 22.1.1. bu Məcəllənin 21.2-ci maddəsi ilə müəyyən edilmiş sənədlər təqdim edilmədikdə (bu Məcəllənin 21.2-1-ci maddəsinin tələbləri nəzərə alınmaqla); 22.1.2. bu Məcəllənin 20-ci maddəsində nəzərdə tutulmuş sahənin keçirilməsi şərtlərinə riayət edilmədikdə; 22.1.3. yaşayış sahəsinin yenidən qurulması və (və ya) yenidən planlaşdırılması layihəsi tikinti norma və qaydalarına uyğun olmadıqda. 22.2. Sahənin keçirilməsindən imtina haqqında qərar bu Məcəllənin 22.1-ci maddəsində nəzərdə tutulmuş pozuntulara mütləq istinad edilməklə və həmin pozuntuların mahiyyətinin nədən ibarət olduğunu göstərməklə əsaslandırılmalıdır. 22.3. Sahənin keçirilməsindən imtina haqqında qərar onun qəbul edildiyi gündən üç iş günü müddətində ərizəçiyə təqdim edilir və ya göndərilir və həmin qərardan ərizəçi tərəfindən məhkəmə qaydasında şikayət verilə bilər. “İnzibati icraat haqqında” Azərbaycan Respublikasının Qanunu: 11.1. İnzibati orqanlar qanunun tələblərinə riayət etməyə borcludurlar; 11.2. İnzibati orqanlar yalnız qanunla nəzərdə tutulmuş hallarda və qaydada şəxsin hüquq və azadlıqlarına müdaxilə edə bilərlər; 15.1. Qanunla məcburi şərt kimi nəzərdə tutulmuş hallar istisna olmaqla, yalnız formal tələblərə əməl olunmasını təmin etmək məqsədilə inzibati orqanlar tərəfindən fiziki və hüquqi şəxslərin üzərinə bu və ya başqa öhdəliklərin qoyulması qadağandır; 16.1. Fiziki və ya hüquqi şəxsə münasibətdə hər hansı hüquq normasını tətbiq etməli olan inzibati orqan, maraqlı şəxsin vəsatətinə əsasən və ya xidməti vəzifəsindən irəli gələn hallarda öz təşəbbüsü ilə həmin normanı tətbiq etməyə borcludur. Azərbaycan Respublikası İnzibati-Prosessual Məcəlləsi: 58.7. Sübutlar məhkəmə tərəfindən tam və hərtərəfli araşdırıldıqdan sonra qiymətləndirilir. 68.1. Məhkəmə mübahisə ilə bağlı iş üzrə inzibati məhkəmə icraatı nəticəsində onda yaranmış daxili inam əsasında qərar qəbul edir. Qərarda məhkəmənin mövqeyi üçün əsas olmuş səbəblər göstərilməlidir. 68.2. Məhkəmə qərarı yalnız məhkəmə icraatında tədqiq olunmuş və barələrində proses iştirakçılarının öz mülahizələrini bildirmək imkanına malik olduqları faktlar və sübutlarla əsaslandırılmalıdır. 87.6. Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qərarını dəyişdirmədən qüvvədə saxlaya bilər, dəyişdirə bilər və ya ləğv edərək (tam və ya qismən) yeni qərar qəbul edə bilər. Birinci instansiya məhkəməsinin qərarı apellyasiya tələbi həddində dəyişdirilə bilər. 87.8. Apellyasiya instansiyası məhkəməsi qərarını əsaslandırmağa borcludur. Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qərarını dəyişdirmədən qüvvədə saxladıqda, həmin qərardakı əsaslara istinad edə bilər. Lakin hər bir halda apellyasiya instansiyası məhkəməsinin qərarında apellyasiya şikayətinin dəlillərinə münasibət bildirilməlidir. Məhkəmənin mövqeyi: Birinci instansiya məhkəməsi hesab etmişdir ki, iddiaçı Mənzil Məcəlləsinin 21.2-ci maddəsində göstərilən sənədləri cavabdehə təqdim etmiş, lakin cavabdeh sözügedən məcəllənin 20.2-ci maddəsində göstərilən halların olmamasına baxmayaraq, iddiaçının müraciəti təmin etməmişdir. Cavabdehin qəbul etdiyi imtina qərarı hüquqi əsasdan məhrumdur və qanunvericilikdə nəzərdə tutulmuş prosedurların pozulması ilə nəticələnir. Qanunvericiliyin tələblərinə tam uyğun olaraq bütün sənədlər təqdim edildiyi halda, yerli icra hakimiyyətinin əsassız imtinası mülkiyyət hüququnun pozulması deməkdir. Müraciət edilən layihənin ictimai təhlükəsizlik, sanitar-gigiyenik və şəhərsalma normalarına tam uyğun olması nəzərə alınaraq, icra hakimiyyətinin qərarı obyektiv və qanuni sayıla bilməz. Məhkəmə kollegiyası birinci instansiya məhkəməsinin gəldiyi nəticə ilə razılaşaraq aşağıdakıların qeyd edilməsini zəruri hesab edir. Sadalanmış qanunvericiliyin və normativ hüquqi aktların tələblərindən göründüyü kimi yaşayış sahəsinin qeyri-yaşayış sahəsinə və qeyri-yaşayış sahəsinin yaşayış sahəsinə keçirilməsi barədə qərar qəbul etmək yerli icra hakimiyyətinin başçısının səlahiyyətindədir. Nəzərə alınmalıdır ki, bu növ qərar qəbul edilərkən hüquqi qiymətləndirilmənin aparılması Azərbaycan Respublikası Mənzil Məcəlləsinin müddəaları əsasında həyata keçirilir. Məcəllənin İİİ fəslində yaşayış sahəsinin qeyri-yaşayış sahəsinə və qeyri-yaşayış sahəsinin yaşayış sahəsinə keçirilməsi şərtləri, qaydası və imtina əsasları konkret olaraq göstərilmişdir. Məhkəmə hesab edir ki, yaşayış sahəsindən qeyri-yaşayış sahəsinə keçirilmədən imtinanın konkret əsasları göstərilsə də, cavabdeh həmin imtina əsaslarına uyğun olmayan imtina dəlilləri ilə çıxış etməklə iddiaçıların müraciətinin təminindən əsassız olaraq imtina etməkdədir. Belə ki, imtina dəlili onunla bağlı olmuşdur ki, sahənin faktiki ölçüsü hüquqmüəyyənedici sənəd üzrə mənzilin ölçüsündən çoxdur. Qeyd edilən imtina dəlili ilə bağlı məhkəmə kollegiyası bildirir ki, iddiaçının qeyriyaşayış sahəsinə keçirilməsi tələbi faktiki 83,5 kv.m. sahəyə deyil, xüsusi mülkiyyət hüququ ilə ona məxsus olan 53,4 kv.m. sahəyə olmuşdur və hazırkı iddia tələbi də həmin həcmdədir. Digər tərəfdən, cavabdeh inzibati orqan imtina məktubunda göstərməsə də, məhkəmə icraatı zamanı mənzilin qeyri-yaşayış sahəsi kimi istismara yararlı olması məsələsini qaldırmışdır ki, bunun bağlı məhkəmə kollegiyası bildirir ki, hazırkı halda yaşayış sahəsindən qeyri-yaşayış sahəsinə keçirmə barədə imtinanı zəruri edən faktiki şərtlərin mövcudluğunu sübutetmə vəzifəsi cavabdehin üzərinə düşməsinə baxmayaraq, cavabdeh həmin halı sübut edə bilməmiş, mənzilin qeyri-yaşayış sahəsi kimi istismara yararlı olması barədə rəyin təqdim edilməməsini bildirir. Halbuki, MM-nin 21.3-cü maddəsinin tələbləri konkret olaraq müəyyən edir ki, sahənin keçirilməsini həyata keçirən orqan bu Məcəllənin 21.2-ci maddəsində göstəriləndən başqa, digər sənədləri tələb edə bilməz. Təqdim edilməli olan sənədlərin siyahısı isə, sahənin keçirilməsi haqqında ərizə (ərizədə yaşayış sahəsinin qeyri-yaşayış sahəsinə keçirilməsinin məqsədləri göstərilməlidir), keçirilən sahə üzərinə hüquqları müəyyənləşdirən sənədlər (əsli və ya notariat qaydasında təsdiqlənmiş surəti), keçirilən sahənin texniki təsviri göstərilməklə planı (keçirilən sahə yaşayış sahəsi olduqda onun texniki pasportu) və keçirilən sahənin yerləşdiyi binanın mərtəbəli planıdır (işin mübahisəsiz halıdır ki, iddiaçının yaşayış sahəsi həmin binanın birinci mərtəbəsində yerləşir) ki, işin faktiki halları ilə müəyyən olunur ki, həmin sənədlər cavabdeh tərəfindən əldə edilmiş, lakin cavabdeh 21.3-cü maddənin tələblərinə uyğun olmadan imtina etmiş, məhkəmə icraatı zamanı isə, ümumi olaraq rəyin təqdim edilməli olmasına istinad etmişdir. Halbuki, cavabdeh göstərilən sənədlərdən əlavə hər hansı sənədin təqdim edilməli olmasına istinad edə bilməzdi ki, cavabdeh tərəfindən müraciət əsassız olaraq icra edilməmişdir. Cavabdeh inzibati orqan kimi sübutlara iş üçün əhəmiyyət kəsb edən bütün faktiki və hüquqi hallara müvafiq olaraq qiymət verməlidir. Lakin hazırkı halda inzibati orqan iddiaçının müraciəti üzrə tam və hərtərəfli inzibati icraat aparmamış, icraatda iddiaçının təqdim etdiyi xüsusatlara qiymət verilməsi üçün heç bir təşəbbüskarlıq göstərməmiş və yetərli sübutlar toplamamışdır. Cavabdeh heç bir sübuta əsaslanmadan iddiaçının müraciətinin təmin edilməsindən imtina etməklə, o, İnzibati icraat haqqında Qanunun tələblərinə riayət etmədiyini və nəticə etibarı ilə inzibati orqan kimi üzərinə düşən araşdırmanı aparmadığını göstərir. Eyni zamanda o da nəzərə alınmalıdır ki, cavabdeh məhkəmə icraatı zamanıda yaşayış sahəsinin qeyri-yaşayış sahəsinə keçirilməsində hər hansı maneə olduğunu təsdiq edən dəlil təqdim edə bilməmişdir. Məhkəmə, hüquqi mübahisənin predmeti olan yaşayış sahəsinin funksional təyinatının qeyri-yaşayış sahəsinə dəyişdirilməsi məsələsini hüquqi müstəvidə hərtərəfli təhlil edərək, xüsusi olaraq vurğulamağı zəruri hesab edir ki, belə təyinat dəyişikliyinin həyata keçirilməsi üçün hər hansı maneə yoxdur. Belə ki, iddiaçı tərəfin təqdim etdiyi fotoşəkillərdən də görünür ki, iddiaçının da mənzilinin olduğu həmin mərtəbə faktiki olaraq qeyri-yaşayış sahələri kimi istifadə olunur. Məhkəmə hesab edir ki, AR İPM-nin 14-cü maddəsinə uyğun olaraq hazırkı iddianın təminini konkret istisna edən halların müəyyən edilməsi cavabdehin üzərinə düşdüyündən və cavabdeh konkret olaraq müraciətin təminini istisna edən halları sübuta yetirə bilmədiyindən, məhkəmə kollegiyası hesab edir ki, birinci instansiya məhkəməsi iddianı təmin etməklə mübahisənin faktiki halları, tərəflərin münasibətləri və tətbiq edilməli olan hüquqla bağlı düzgün nəticəyə gəlmişdir. Apellyasiya şikayətinin dəlilləri birinci instansiya məhkəməsinin qəbul etdiyi qərarın ləğvi üçün əsas hesab edilə bilməz. Odur ki, cavabdeh tərəfindən verilmiş apellyasiya şikayəti təmin edilməməli, Bakı İnzibati Məhkəməsinin xx.xx.2025-ci il tarixli, 2-1(112)-7862/2025 nömrəli qərarı dəyişdirilmədən saxlanılmalıdır. NƏTİCƏVİ HİSSƏ Azərbaycan Respublikasının İnzibati-Prosessual Məcəlləsinin 82, 87, 89, 90 və 94-cü maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası qərara aldı: Cavabdeh Bakı şəhəri Cavabdeh tərəfindən verilmiş apellyasiya şikayəti təmin edilməsin. Bakı İnzibati Məhkəməsinin xx.xx.2025-ci il tarixli, 2-1(112)-7862/2025 nömrəli qərarı dəyişdirilmədən saxlanılsın. Qərardan təqdim olunduğu gündən 1 ay müddətində Bakı Apellyasiya Məhkəməsi vasitəsilə Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati kollegiyasına kassasiya şikayəti verilə bilər. Sədrlik edən Həmid Ağalarov Hakimlər Şərafət Məmmədova Ceyhun Məmmədov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar