Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-1(103)-402/2021 15.03.2021 BAKI APELLYASİYA MƏHKƏMƏSİ hakimlər Məmmədov Vidadi Məmməd oğlu (sədrlik edən və məruzəçi), Nağıyeva Elmira Eyvaz qızı və Cəmilova Xəyalə Adil qızından ibarət tərkibdə, cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin nümayəndəsi X1 iştirakı ilə İddiaçı ünvanlı sosial yardımın təyin edilməsi öhdəliyinin qoyulması tələbinə dair iddia ərizəsi ilə bağlı Bakı İnzibati Məhkəməsinin 2-1(112)-4030/2020 nömrəli iş üzrə 31 avqust 2020-ci il tarixli qərarından cavabdeh tərəfindən verilmiş apellyasiya şikayətinə əsasən inzibati işə açıq məhkəmə iclasında baxaraq müəyyən etdi: İddiaçı cavabdehlərə qarşı məhkəməyə müraciət edərək, cavabdehin 27.03.2018-ci il, 08.06.2018-ci il və 06.03.2019-cu il tarixli imtinalarının qanunsuz hesab edilərək, iddiaçıya ünvanlı dövlət sosial yardımının təyin edilməsi vəzifəsinin cavabdehə həvalə edilməsini xahiş etmişdir. İddianın əsaslarına görə, iddiaçı ailəsinə təyin ediləcək ünvanlı sosial yardımın rəsmiləşdirilməsi məqsədi ilə 27.03.2018-ci il tarixli**********49902 nömrəli elektron ərizə ilə cavabdehə müraciət etmiş, lakin müraciətinin təmin edilməsindən imtina haqqında ona bildiriş verilmişdir. İmtinanın səbəbi kimi həyat yoldaşı X4 22.04.2011-ci il tarixdən vergi ödəyicisi kimi uçota alınması və gəliri barədə məlumatın təqdim edilməməsi bildirilmişdir. Halbuki, H.Bağırov 2012-ci ildən etibarən vergi ödəyicisi kimi uçotdan çıxmışdır. Lakin, məlum olmayan səbəbdən vergi orqannın elektron bazasında qeydiyyatdan çıxarılmamışdır. Buna baxmayaraq iddiaçı eyni qayda ilə yenidən ailəsinə təyin ediləcək ünvanlı sosial yardımın rəsmiləşdirilməsi məqsədi ilə 08.06.2018-ci tarixdə **********70701 nömrəli elektron ərizə ilə cavabdehə müraciət etmişdir. 08.06.2018-ci il tarixdə yenidən ona imtina cavabı verilmişdir. İmtinanın səbəbi kimi bu dəfə də həyat yoldaşının “Əvvəlki 12 ayda muzdlu işdən gəliri olub” seçimi barədə məlumatda “bəli” əvəzinə “xeyr” qeyd edilməsi bildirilmişdir. 06.03.2019-cu ildə bir daha təyin ediləcək ünvanlı sosial yardımın rəsmiləşdirilməsi üçün cavabdehə müraciət etmişdir. Yenə də həmin gün ona imtina cavabı verilmişdir. İmtinaya səbəb kimi ailənin adambaşına düşən kommunal və rabitə xərclərinin cəminin orta aylıq məbləğinin ölkə üzrə təsdiq olunmuş yaşayış minimumunun 10 faizindən çox olması bildirilmişdir. Lakin ona ailənin adambaşına düşən kommunal və rabitə xərclərinin cəminin orta aylıq məbləği haqqında heç bir məlumat verilməmişdir və bu məbləğin nə qədər olması göstərilməmişdir. İddiaçı göstərilənlərə əsasən iddia tələbinin təmin edilməsini məhkəmədən xahiş etmişdir. Məhkəmənin 17.08.2020-ci il tarixli qərardadı ilə Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyndə Dövlət Sosial Müdafiə Fondu işə cavabdeh qismində cəlb edilmişdir. Bakı İnzibati Məhkəməsinin 31.08.2020-ci il tarixli qərardadları ilə iddianın qaldırılması üçün buraxılmış qanunla müəyyən edilən müddət bərpa edilmiş, iddia cavabdehə DSMF-yə münasibətdə mümkün sayılmamış, eyni tarixli qərarı ilə iddia təmin edilmişdir. Qərarın əsaslarına görə, “İşin faktiki hallarına əsasən iddiaçının ailəsi 4 nəfərdən ibarətdir, onlardan ikisi azyaşlıdır, biri isə ikinci qrup ümumi xəstəlik üzrə əlildir, “Düz bağırsağın blastoması İV mərhələ, qanaxma ilə ağırlaşma, düz bağırsağın blastomaslna görə cərrahi əməliyyat – sol tərəfli kolostomiya, S vari bağırsağın polipi, müstəqil birincili (çox lokalizasiyalı bədxassəli yenitörəmə” xəstəliyindən əziyyət çəkir, 01.08.2019-cu ildən 31.07.2020-ci ilə qədər 2-ci qrup ümumi səbəbdən əlilliklə bağlı 130 manat sosial müavinət almışdır, iddiaçı isə X5 xadimə işləyir, əmək stajı 1 il 5 aydır, əmək haqqı 2019cu ilin iyun-avqust aylarında 195 manat, sentyabr, dekabr aylarında 271 manat, oktyabr ayında 266,22 manat, noyabr ayında 282,31 manat, 2020-ci ilin yanvar-may aylarında 271 manat olmuşdur, Cavabdeh Аzərbаycаn Rеspublikаsının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tərəfindən iddiaçının ailəsinin qeyd edilənlərdən başqa gəlirləri olması barədə hər hansı bir sübut, ümumiyyətlə iddia ilə bağlı hər hansı bir etiraz məhkəməyə təqdim edilməmişdir. Məhkəmədə işə baxılan zaman da iddiaçının ailəsinin yuxarıda qeyd edilənlərdən başqa gəlirlərinin olması müəyyən edilməmişdir.” Qərarla razılaşmayan cavabdeh ondan apellyasiya şikayəti verərək, ləğv edilməsini xahiş etmişdir. Apellyasiya şikayətinin dəlillərinə görə, Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2016-cı il 5 fevral tarixli 37 nömrəli qərarı ilə təsdiq olunmuş “Ünvanlı dövlət sosial yardımın alınması üçün müraciət edilməsi, onun təyin olunması, verilməsi və verilməsindən imtina edilməsi Qaydaları”nın 3.7.6-ci bəndinə əsasən, ailənin adambaşına düşən kommunal və rabitə xərclərinin cəminin orta aylıq məbləği ölkə üzrə təsdiq olunmuş yaşayış minimumunun 10 faizindən çox olduqda vətəndaşa sosial yardımın təyin edilməsindən imtina edilir. Belə ki, imtina cavabı aşağıda qeyd olunmuş düstura əsaslanır: (103,40 AZN-telefon xərci + 198,80 AZN-işıq + 1.406,40 AZN-qaz) :12-orta aylıq) 4adambaşına düşən = 35,59 AZN ölkə üzrə təsdiq olunmuş yaşayış minimumu - 190 AZN (10%-i 19 AZN) Göründüyü kimi, adambaşına düşən kommunal və rabitə xərclərinin cəminin orta aylıq məbləği (35,59 AZN) ölkə üzrə təsdiq olunmuş yaşayış minimumunun 10 faizindən çox olması (19 AZN) səbəbindən vətəndaşa imtina verilərkən müvafiq Qaydalara istinad edilmişdir. Həmçinin, məhkəmə iclası zamanı bildirilmişdir ki, ərizə-bəyannamədə müvafiq qurumlar tərəfindən təqdim edilmiş ailənin kommunal xərcləri həqiqətə uyğun olmayacaq dərəcədə çoxdur. Lakin buna cavab olaraq qeyd edilmişdir ki, vətəndaş tərəfindən ərizəbəyannamə doldurularkən kənar şəxslərin həmin məlumatlara müdaxilə edilməsi (dəyişiklik və ya düzəliş edilməsi) yolverilməzdir. Ərizə-bəyannamədə vətəndaş tərəfindən qeyd edilən məlumatlar müvafiq qurumların informasiya sistemləri ilə uzlaşdırılaraq yoxlanılır. Belə ki, “Ünvanlı dövlət sosial yardımın alınması üçün müraciət edilməsi, onun təyin olunması, verilməsi və verilməsindən imtina edilməsi Qaydaları”nın 3.2-ci bəndinə əsasən, VEMTAS tərəfindən “Ərizə-bəyannamə”də qeyd edilmiş məlumatların "Elektron hökumət” portalı üzərindən bu Qaydaların 1.3-cü bəndində göstərilən qurumların informasiya sistemləri və ehtiyatları ilə xüsusi proqram təminatı vasitəsilə uzlaşdırılaraq yoxlanılması həyata keçirilir. İşə apellyasiya qaydasında baxılarkən cavabdehin nümayəndəsi şikayətə uyğun izahat vermişdir. Məhkəmə kollegiyası apellyasiya şikayətinin dəlillərini Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin (bundan sonra - İPM) 82-ci maddəsinin tələblərinə müvafiq qaydada iş materialları ilə birlikdə araşdırıb, aşağıdakıları qeyd edir. Şikayət mümkündür. Belə ki, şikayət birinci instansiya məhkəməsinin qərarının təqdim olunduğu gündən 30 gün ərzində verilmişdir (İPM-in 85.1-ci maddəsi), formal baxımdan əsaslandırılmış və şikayətçinin tələbi göstərilmişdir (İPM-in 85.2 və 85.3-cü maddələri). Şikayət mahiyyətcə əsassızdır. Azərbaycan Respublikası vətəndaşının şəxsiyyət vəsiqələrinə əsasən, Samirə Bağırova və Əhməd Bağırov adlı uşaqlar iddiaçı ilə X4 nikahından müvafiq olaraq 02.03.2014- və 19.08.2010-cu il tarixdə doğulmuşlar, hər ikisinin qeydiyyat yeri Bakı şəhəri Nardaran qəsəbəsi M.P.Vaqif küçəsi ev 8 göstərilmişdir. Nikah haqqında şəhadətnaməyə görə, H.Bağırov, X3 ilə 18.11.2009-cu ildə rəsmi nikaha daxil olmuşdur, nikahdan sonra ər və arvada Bağırov soyadı verilmidir. H.Bağırovun şəxsiyyət vəsiqəsinə əsasən, o, Bakı şəhəri Nardaran qəsəbəsi M.P.Vaqif küçəsi ev 8-də qeydiyyatdadır. Azərbaycan Respublikası Mədəniyyət Nazirliyi Bakı şəhər Mədəniyyət Baş İdarəsinin 2 nömrəli Maliyyə və X2 17 №-li 11.06.2020-ci il tarixli arayışına əsasən iddiaçı X5 xadimə işləyir, əmək stajı 1 il 5 aydır, əmək haqqı 2019-cu ilin iyun-avqust aylarında 195 manat, sentyabr, dekabr aylarında 271 manat, oktyabr ayında 266,22 manat, noyabr ayında 282,31 manat, 2020-ci ilin yanvar-may aylarında 271 manat olmuşdur. Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi Dayanıqlı və Operativ Sosial Təminat Agentliyi 3 saylı Bakı DOST Mərkəzinin 12.08.2020-ci il tarixli arayışına əsasən H.Bağırov 01.08.2019-cu ildən 31.07.2020-ci ilə qədər 2-ci qrup ümumi səbəbdən əlilliklə bağlı 130 manat sosial müavinət almışdır. “Şəxsiyyəti təsdiq edən sənəd üzrə axtarış”ın nəticələrinə dair sənədə əsasən iddiaçının əri H.Bağırov “Düz bağırsağın blastoması İV mərhələ, qanaxma ilə ağırlaşma, düz bağırsağın blastomaslna görə cərrahi əməliyyat – sol tərəfli kolostomiya, S-vari bağırsağın polipi, müstəqil birincili çox lokalizasiyalı bədxassəli yenitörəmə xəstəliyindən əziyyət çəkir və ikinci qrup əlildir. H.Bağırovun və iddiaçının notariat qaydasında təsdiq edilmiş 03.03.2019-cu il tarixli və 24.09.2018-ci il tarixli ərizələrinə əsasən onlar ailələri üçün 2 il müddətinə təyin olunacaq sosial yardımın alınması üçün iddiaçının ailəni təmsil edən şəxs kimi qeydə alınmasını xahiş etmişlər. “Ünvanlı sosial yardımın alınması üçün müraciətdən imtina edilməsinə dair bildiriş”ə əsasən iddiaçının 27.03.2018-ci il tarixli müraciətinə görə sosial yardımın təyin olunmasından ailənin adambaşına düşən kommunal və rabitə xərclərinin cəminin orta aylıq məbləğinin ölkə üzrə təsdiq olunmuş yaşayış minimumunun 10 faizindən çox olması və ailə üzvü H.Bağırovun 22.04.2011-ci ildən vergi ödəyicisi kimi uçota alınması olub gəliri barədə məlumatın təqdim edilməməsi əsası ilə imtina edilmişdir. “Ünvanlı sosial yardımın alınması üçün müraciətdən imtina edilməsinə dair bildiriş”ə əsasən iddiaçının 08.06.2018-ci il tarixli müraciətinə görə sosial yardımın təyin olunmasından ailənin adambaşına düşən kommunal və rabitə xərclərinin cəminin orta aylıq məbləğinin ölkə üzrə təsdiq olunmuş yaşayış minimumunun 10 faizindən çox olması və ailə üzvü H.Bağırovun əvvəlki 12 ayda muzdlu işdən gəliri olub seçimi barədə məlumatda uyğunsuzluq, ərizə-bəyannamədə əvvəlki 12 ayda muzdlu işdən gəliri olub seçimə xeyr qeyd edilməsi, aidiyyəti qurumun informasiya sistemindən əldə edilən məlumata əsasən əvvəlki 12 ayda muzdlu işdən gəliri olan hesab edilməsi əsası ilə imtina edilmişdir. “Ünvanlı sosial yardımın alınması üçün müraciətdən imtina edilməsinə dair bildiriş”ə əsasən iddiaçının 06.03.2019-cu il tarixli müraciətinə görə sosial yardımın təyin olunmasından ailənin adambaşına düşən kommunal və rabitə xərclərinin cəminin orta aylıq məbləğinin ölkə üzrə təsdiq olunmuş yaşayış minimumunun 10 faizindən çox olması əsası ilə imtina edilmişdir. “Ünvanlı sosial yardımın alınması üçün müraciətdən imtina edilməsinə dair bildiriş”ə əsasən iddiaçının 07.03.2019-cu il tarixli müraciətinə görə sosial yardımın təyin olunmasından ailənin adambaşına düşən kommunal və rabitə xərclərinin cəminin orta aylıq məbləğinin ölkə üzrə təsdiq olunmuş yaşayış minimumunun 10 faizindən çox olması əsası ilə imtina edilmişdir. Bakı Şəhəri Sabunçu Rayon İcra Hakimiyyəti başçısının Nardaran qəsəbəsi üzrə nümayəndəliyinin 29.02.2019-cu il tarixli 2/209 №li arayışına əsasən H.Bağırov ailə üzvləri iddiaçı, oğlu 19.08.2010-cu il təvəllüdlü Ə.Bağırov, qızı 02.03.2014-cü il təvəllüdlü S.Bağırova ilə birlikdə Nardaran qəsəbəsi M.P.Vaqif küçəsi ev 8-də yaşayır. “xxxx” ASC Sabunçu sukanal idarəsi üzrə ödənişlərin siyahısına əsasən 01.02.2018-06.03.2019 dövr üzrə H.Bağırov tərəfindən Nardaran qəsəbəsində yerləşən evdə su istehlakı ilə bağlı 2 manat ödəniş edilmişdir, elektrik enerjisinin istehlakı ilə bağlı sənədə əsasən iyun 2018-ci il - yanvar 2019-cu il, yanvar 2017-ci il - may 2018-ci il dövrlərində iddiaçının ailəsinin istehlak etdiyi elektrik enerjisinin ayda 10 manatdan çox olmaması müəyyən olunur, təbii qazın istehlakı barədə sənədə əsasən iddiaçının ailəsinin 2014-cü ilə 324 manat borcu olmuşdur, smart tipli sayğacın kartına heç bir məbləğ ödənilməmişdir. Beləliklə, məhkəmə iş materiallarından müəyyən etdi ki, iddiaçı və onun rəsmi nikahda olduğu H.Bağırov, onların iki azyaşlı uşaqları Azərbaycan Respublikasının vətəndaşlarıdırlar, iddiaçı ailəsi tərəfindən müvəkkil edilmiş şəxs kimi 2018-ci ilin mart, iyun, 2019-cu ilin mart aylarında cavabdehə müraciət edərək ünvanlı sosial yardımın ödənilməsini xahiş etmiş, lakin müraciəti təmin edilməmişdir. İmtinanın əsası kimi ailənin adambaşına düşən kommunal və rabitə xərclərinin cəminin orta aylıq məbləğinin ölkə üzrə təsdiq olunmuş yaşayış minimumunun 10 faizindən çox olması, ailə üzvü H.Bağırovun əvvəlki 12 ayda muzdlu işdən gəliri olub seçimi barədə məlumatda uyğunsuzluq, ərizəbəyannamədə əvvəlki 12 ayda muzdlu işdən gəliri olub seçimə xeyr qeyd edilməsi, aidiyyəti qurumun informasiya sistemindən əldə edilən məlumata əsasən əvvəlki 12 ayda muzdlu işdən gəliri olan, ailə üzvü H.Bağırovun 22.04.2011-ci ildən vergi ödəyicisi kimi uçota alınması olub gəliri barədə məlumatın təqdim edilməməsi göstərilmişdir. İddiaçı qeyd edilən imtinaların qanunsuz hesab edilərək onun ailəsinə ünvanlı sosial yardımın verilməsi ilə bağlı hazırki iddia ilə məhkəməyə müraciət etmişdir. Məhkəmə kollegiyası iddianı əsaslı hesab edir. Belə ki, Azərbaycan Respublikası Konstitusiyasının 38-ci maddəsinə əsasən, hər kəsin sosial təminat hüququ vardır. Hər kəs qanunla müəyyən edilmiş yaş həddinə çatdıqda, xəstəliyinə, əlilliyinə, ailə başçısını itirdiyinə, əmək qabiliyyətini itirdiyinə, işsizliyə görə və qanunla nəzərdə tutulmuş digər hallarda sosial təminat almaq hüququna malikdir. Konstitusiyanın 71-ci maddəsinin 2-ci hissəsinə görə, insan və vətəndaş hüquqlarının və azadlıqlarının, o cümlədən sosial təminat hüququnun həyata keçirilməsini heç kəs məhdudlaşdıra bilməz. “Ünvanlı dövlət sosial yardımı haqqında” AR Qanununun: 3-cü maddəsinə əsasən, sosial yardım hüququna orta aylıq gəliri onlardan asılı olmayan səbəblərdən (ailə üzvlərinin əmək qabiliyyətsiz olması, ailənin əmək qabiliyyətli üzvünün birinci dərəcə əlilliyi olan şəxsə, 8 yaşına çatmamış uşağa və ya sağlamlıq imkanları məhdud 18 yaşınadək uşağa qulluq etməsi, 23 yaşınadək əyani təhsil alması, müvafiq icra hakimiyyəti orqanında dövlət orqanının və ya hüquqi şəxsin ləğv edilməsi və ya işçilərin sayı və ya ştatların ixtisar edilməsi ilə əlaqədar işsiz kimi qeydə alınması, vəfat etməsi, məhkəmə tərəfindən itkin düşmüş və yaxud ölmüş hesab edilməsi, azadlıqdan məhrum edilməsi, ailə üzvünün olduğu yerin məlum olmaması) hər bir ailə üzvü üçün ehtiyac meyarının məcmusundan aşağı olan aztəminatlı ailələr malikdirlər; 7.1-ci maddəsinə görə, sosial yardımın məbləği ailənin orta aylıq gəliri ilə hər bir ailə üzvü üçün ehtiyac meyarının məcmusu arasında yaranan fərq məbləğində hesablanır; 7.2-ci maddəsinə əsasən, ehtiyac meyarı mərhələlərlə ölkə üzrə yaşayış minimumuna çatdırılır; 7.3-cü maddəsinə görə, ailənin orta aylıq gəlirinin hesablanması qaydası müvafiq icra hakimiyyəti orqanı tərəfindən müəyyən edilir; 8.1-ci maddəsinə əsasən, sosial yardım onu almaq üçün müraciət edilən ayın 1-dən etibarən 2 il müddətinə təyin olunur. “Azərbaycan Respublikasında 2018-ci il üçün ehtiyac meyarının həddi haqqında” AR Qanununa görə, ünvanlı dövlət sosial yardımının təyin edilməsi məqsədilə 2018-ci il üçün ehtiyac meyarının həddi 130 manat məbləğində təsdiq edilmişdir. “Azərbaycan Respublikasında 2019-cu il üçün ehtiyac meyarının həddi haqqında” AR Qanununa əsasən, ünvanlı dövlət sosial yardımının təyin edilməsi məqsədilə 2019-cu il üçün ehtiyac meyarının həddi 143 manat məbləğində təsdiq edilmişdir. “Azərbaycan Respublikasında 2020-ci il üçün ehtiyac meyarının həddi haqqında” AR Qanununa görə, ünvanlı dövlət sosial yardımının təyin edilməsi məqsədilə 2020-ci il üçün ehtiyac meyarının həddi 160 manat məbləğində təsdiq edilmişdir. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 05.02.2016-cı il tarixli 37 nömrəli qərarı ilə təsdiq edilmiş “Ünvanlı dövlət sosial yardımın alınması üçün müraciət edilməsi, onun təyin olunması, verilməsi və verilməsindən imtina edilməsi” Qaydalarının (bundan sonra - Qaydalar): 2.1-ci bəndinə əsasən, ailəni təmsil edən yetkinlik yaşına çatmış və əmək qabiliyyətli şəxs (belə şəxs olmadıqda ailə üzvü olmayan qəyyum (himayəçi), patron (köməkçi) və ya vəkil edilmiş şəxs) sosial yardımın alınması üçün müraciət edə bilər. Bu barədə ərizə (1 nömrəli əlavə) yaşayış yeri üzrə rayon (şəhər) icra hakimiyyəti başçısının inzibati ərazi dairəsi və sahə inzibati ərazi dairəsi üzrə nümayəndəliklərinin ailə tərkibi haqqında arayışına əsasən notariat orqanı tərəfindən təsdiq edilir. Müraciət nümayəndə tərəfindən edildikdə, şəxsin qəyyum (himayəçi) və ya patron (köməkçi) olmasını təsdiq edən sənədin surəti arayışa əlavə edilir; 2.3-cü bəndinə görə, sosial yardımın alınması üçün elektron formada müraciət edən Təmsilçi fərdi kommunikasiya vasitələrindən (kompüterlərdən, mobil telefonlardan və s.), habelə bu məqsədlər üçün xüsusi olaraq quraşdırılmış infoköşklərdən istifadə etməklə müraciət edir. Təmsilçi elektron formada müraciətin qeydiyyata alınması məqsədi ilə “Elektron hökumət” və ya Nazirliyin “e-sosial” internet portallarında yerləşdirilmiş “Ünvanlı sosial yardımla bağlı müraciətin edilməsi” elektron xidmətdən istifadə etməklə “Ərizəbəyannamə”ni dolduraraq Mərkəzləşdirilmiş elektron informasiya sisteminin “Ünvanlı yardım” (VEMTAS) altsisteminə (bundan sonra - VEMTAS) göndərir; 3.1-ci bəndinə əsasən, sosial yardımın alınması üçün müraciətlər VEMTAS tərəfindən 15 (on beş) iş günü müddətində araşdırılır və müvafiq qərar qəbul edilir; 3.2-ci bəndinə görə, VEMTAS tərəfindən “Ərizə-bəyannamə”də qeyd edilmiş məlumatların “Elektron hökumət” portalı üzərindən bu Qaydaların 1.3-cü bəndində göstərilən qurumların informasiya sistemləri və ehtiyatları ilə xüsusi proqram təminatı vasitəsilə uzlaşdırılaraq yoxlanılması həyata keçirilir; 3.3-cü bəndinə əsasən, müraciətin qəbul olunduğu gün VEMTAS tərəfindən seçilmiş Şöbənin ünvanlı sosial yardım üzrə işçisinə bu Qaydaların 3.7-ci bəndində göstərilən hallar istisna olmaqla, ailənin maddi-məişət şəraitinin müayinəsinin aparılması barədə tapşırıq göndərilir; 3.4-cü bəndinə görə, şöbənin ünvanlı sosial yardım üzrə işçisi “Ailənin maddiməişət şəraitinin müayinəsi”ni (4 nömrəli əlavə) müvafiq proqram təminatı ilə təchiz edilmiş xüsusi kompüter avadanlıqları vasitəsilə həyata keçirir və nəticələrini gücləndirilmiş elektron imza ilə təsdiqləyərək real vaxt rejimində VEMTAS-a ötürür; 5.1-ci bəndinə əsasən, sosial yardımın təyin olunması üçün əsas şərtlərdən biri ailənin gəlirinin düzgün hesablanmasıdır. Ailənin gəlirləri ailə üzvlərinin müraciətdən əvvəlki ardıcıl gələn 12 (on iki) ay müddətinə bütün növ gəlirlərinin, o cümlədən ailə üzvlərinə bağışlanmış hədiyyələr, mülkiyyətdən, ailə üzvlərinə məxsus əmlakdan, şəxsi yardımçı təsərrüfatdan əldə olunan və yaxud əldə oluna biləcək pul və natural formada gəlirlərinin toplusundan ibarətdir; 5.2-ci bəndinə görə, ailənin gəlirinin hesablanması zamanı pul və natura formasında bütün növ gəlirlər, o cümlədən həm Azərbaycan Respublikasının ərazisində, həm də onun hüdudlarından kənarda istənilən mənbədən daxil olan milli və xarici valyutanın məbləği nəzərə alınır; 5.3-cü bəndinə əsasən, ailənin gəlirinin hesablanması zamanı ailə üzvlərinin gəlirləri haqqında məlumatların düzgünlüyünü təsdiq edə biləcək bütün rəsmi və mənbəyi bəlli olan digər mənbələrdən (o cümlədən bilavasitə yerində araşdırmaqla) istifadə edilir; 5.4-cü bəndinə görə, ailə üzvlərinin gəlirləri muzdlu işlə əlaqədar gəlirlərə, muzdlu işlə əlaqədar olmayan gəlirlərə, alınmış cari transfertlərə və digər gəlirlərə bölünür; 5.5-ci bəndinə əsasən, muzdlu işlə əlaqədar gəlirlərə aşağıdakılar aiddir: 5.5.1. əsas iş yeri və əvəzçilik üzrə pul və ya natural formada ödənilən əməkhaqqı (tarif (vəzifə) maaşı, tarif (vəzifə) maaşına və ya əməkhaqqına əlavələr, əməyin ödənilməsi sistemləri üzrə ödənilən mükafatlar, birdəfəlik ödənclər, maddi yardımlar (5.24.2-ci yarımbənddə göstərilən hallar istisna olmaqla),qanunvericiliklə işçinin iş yeri və əməkhaqqının saxlanıldığı dövr üçün ödənilən əməkhaqqı, haqqı ödənilən ictimai işlərə görə əməkhaqqı, o cümlədən əmək qabiliyyətinin müvəqqəti itirilməsi dövrü də daxil edilməklə); 5.5.2. istehsalat qəzası və yaxud peşə xəstəliyi nəticəsində sağlamlığın pozulmasına görə ödənclər; 5.5.3. işəgötürən tərəfindən ödənilən müavinətlər (5.24.3-cü yarımbənddə göstərilən hallar istisna olmaqla); 5.6-cı bəndinə görə, ailə üzvünün muzdlu işə aid olmayan fəaliyyətdən gəlirləri sahibkarlıq və qeyri-sahibkarlıq fəaliyyətindən gəlirlərdən ibarətdir.; 5.7-ci bəndinə əsasən, sahibkarlıq fəaliyyətindən əldə edilən gəlirlər Azərbaycan Respublikasının Vergi Məcəlləsinə əsasən müəyyən edilir. İşin faktiki hallarına görə, iddiaçının ailəsi 4 nəfərdən ibarətdir, onlardan ikisi azyaşlıdır, biri isə ikinci qrup ümumi xəstəlik üzrə əlildir, çox lokalizasiyalı bədxassəli xəstəlikdən əziyyət çəkir, 01.08.2019-cu ildən 31.07.2020-ci ilə qədər 2-ci qrup ümumi səbəbdən əlilliklə bağlı 130 manat sosial müavinət almışdır, iddiaçı isə xadimə işləyir, əmək stajı 1 il 5 aydır, əmək haqqı 2019-cu ilin iyun-avqust aylarında 195 manat, sentyabr, dekabr aylarında 271 manat, oktyabr ayında 266,22 manat, noyabr ayında 282,31 manat, 2020-ci ilin yanvar-may aylarında 271 manat olmuşdur. Cavabdeh tərəfindən iddiaçının ailəsinin qeyd edilənlərdən başqa gəlirləri olması barədə hər hansı bir sübut Məhkəməyə təqdim edilməmişdir, işə baxılan zaman da iddiaçının ailəsinin yuxarıda qeyd edilənlərdən başqa gəlirlərinin olması müəyyən edilməmişdir. Eyni zamanda, iddiaçının ərinin vergi uçotunda olmasının aşkar edilməsi də ünvanlı sosial yardımın təyin edilməsindən imtina üçün əsas deyil. Belə ki, Qaydaların 5.7ci bəndinə əsasən, sahibkarlıq fəaliyyətindən əldə edilən gəlirlər Vergi Məcəlləsinə əsasən müəyyən edilir. Yəni, vergi ödəyicisinin gəlir əldə etməsi barədə təqdim edilmiş bəyannamələr, vergi yoxlaması aktları kimi sənədlər əsas götürülür. Şəxsin vergi uçotunda olması hələ onun gəlir əldə etməsi anlamına gəlmir. Həmçinin, cavabdehin məlumat bazasında iddiaçı haqqında olan 26.08.2020-ci il tarixli məlumatda qeyd edilmişdir ki, Qeydiyyat Mərkəzindən gələn 1.406,40 manat məbləği haqqında məlumat imtina səbəbi deyildir. Habelə, iddiaçı göstərmişdir ki, həmin məbləğ istehlak edilmiş təbii qazın dəyəri deyil, təbii qazın sayğac olmadan sərf edilməsi ilə bağlı hesablanmış cərimə məbləğidir. Bu hal işdə olan Azəriqaz tərəfindən tərtib olunmuş Təbii qazdan istifadə qaydalarının pozulması haqqında 0148192, 0177606, 0175236, ******* və ******* nömrəli mənzildə təbii qazdan sayğacdankənar istifadə edilmə barədə aktlarla təsdiq olunur, cərimə məbləğinin iddiaçı tərəfindən ödənilməsi barədə məlumat təqdim edilməmişdir. Qaydaların 6.1-ci bəndinə görə, sosial yardımın təyin olunmasına, verilməsinə və ödənişinə nəzarət Nazirlik tərəfindən həyata keçirilir. Azərbaycan Respublikası Prezidentinin 2011-ci il 16 fevral tarixli 386 nömrəli Fərmanı ilə təsdiq edilmiş “Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi haqqında Əsasnamə”nin 1.1-ci bəndinə əsasən Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi (bundan sonra - Nazirlik) əmək münasibətləri, əməyin mühafizəsi, əmək ehtiyatlarından istifadə, əhalinin sosial müdafiəsi, o cümlədən əmək pensiyaları və sosial sığorta, əhalinin məşğulluğu, işsizlikdən sığorta, demoqrafiya, tibbi-sosial ekspertiza, əlilliyi olan şəxslərin, o cümlədən sağlamlıq imkanları məhdud 18 yaşınadək uşaqların reabilitasiyası sahələrində dövlət siyasətini həyata keçirən mərkəzi icra hakimiyyəti orqanıdır. Əsasnamənin 3.1.31-ci bəndi ilə qanunvericiliyə uyğun olaraq aztəminatlı ailələrə ünvanlı dövlət sosial yardımının göstərilməsini təmin etmək vəzifəsi həmin Nazirliyə həvalə edilmişdir. Bütün qeyd edilənlər iddiaçının ailəsinə ünvanlı sosial yardımın təyin edilməsindən imtina etməkdə cavabdehin haqlı olmadığına dəlalət edir və məhz bu mənada məhkəmə kollegiyası apellyasiya şikayətinin dəlilləri ilə razılaşmır. Belə ki, 1.406,40 manat qaza görə cərimələr nəzərə alınmadan ailənin adambaşına düşən kommunal və rabitə xərclərinin cəminin orta aylıq məbləği 7,67 manat ölkə üzrə təsdiq olunmuş yaşayış minimumunun 10 faizi 19 manatdan az olduğu üçün (103,40 manat telefon xərci + 198,80 manat işıq pulu + 66 manat qaz pulu) :12 ay : 4 nəfər = 7,67 manat, ölkə üzrə təsdiq olunmuş yaşayış minimumu - 190 manatın 10%-i = 19 manat) Qaydaların 3.7.6-ci bəndi (“Ailənin adambaşına düşən kommunal və rabitə xərclərinin cəminin orta aylıq məbləği ölkə üzrə təsdiq olunmuş yaşayış minimumunun 10 faizindən çox olduqda vətəndaşa sosial yardımın təyin edilməsindən imtina edilir.”) iddiaçının ərizəsinə və hazırkı mübahisəyə tətbiq edilə bilməz. Beləliklə, məhkəmə kollegiyasının araşdırması ilə sabit olur ki, ilkin sübutetmə yükü qanunvericiliklə üzərinə düşən tərəf kimi iddiaçının arzuladığı inzibati aktın cavabdeh tərəfindən qəbul edilməsini zəruri edən faktiki şərtlərin mövcudluğu iş üzrə sübuta yetirilir, bu inzibati aktın cavabdeh tərəfindən qəbulunu konkret halda istisna edən faktiki şərtlərin mövcudluğu isə iş materialları ilə təsdiq olunmur (İPM-in 14.3-cü maddəsi), qanunla cavabdehə verilmiş səlahiyyətin dispozisiya şərtlərinə və hüquqi nəticələrinə iş üzrə riayət olunur, cavabdehin imtinası qanunauyğun olmamış və iddiaçının hüquqlarını pozmuşdur (İPM-in 73.1-ci maddəsi), imtina mövcud inzibati praktikaya da zidd olmaqla, cavabdehin inzibati orqan olaraq güdməli olduğu qanuni məqsədə mütənasib, həmin məqsədə çatmaq üçün öz məzmunu baxımından zəruri və yararlı olmamışdır (“İnzibati icraat haqqında” Qanunun 13.2 və 17-ci maddələri). Hazırkı inzibati işə apellyasiya qaydasında baxan məhkəmə kollegiyası yuxarıda qeyd olunanlara məcmu halda hüquqi qiymət verərək hesab edir ki, birinci instansiya məhkəməsinin iddianın təmin olunması ilə əlaqədar gəldiyi nəticə qanuni və əsaslıdır, apellyasiya şikayətinin dəlilləri işin halları və qanunvericiliklə təkzib olunur, dəlillər qərarın ləğvinə əsas vermir. Bununla bağlı olaraq, qərar dəyişdirilmədən qüvvədə saxlanılmalı, şikayət təmin edilməməlidir (İPM-in 87.6-cı maddəsi). Göstərilənlərə əsasən və İPM-in 68, 69, 87 və 94-cü maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası qərara aldı: Bakı İnzibati Məhkəməsinin 2-1(112)-4030/2020 nömrəli iş üzrə 31 avqust 2020-ci il tarixli qərarı dəyişdirilmədən qüvvədə saxlanılsın. Cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin apellyasiya şikayəti təmin edilməsin. Qərardan təqdim olunduğu gündən 1 (bir) ay müddətdə Bakı Apellyasiya Məhkəməsi (AZ1073 Bakı şəhəri Z.Xəlilov küçəsi 540-cı məhəllə) vasitəsi ilə Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyasına (AZ1025 Bakı şəhəri Y.Səfərov küçəsi 14, 1193-cü məhəllə) kassasiya şikayəti verilə bilər. HAKİMLƏR Vidadi Məmmədov Elmira Nağıyeva Xəyalə Cəmilova
Məhkəmə qərarları › İş №2-1(103)-402/2021
Bakı Apellyasiya Məhkəməsi Qərar — İş №2-1(103)-402/2021
15.03.2021 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver