Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-1(103)-402/2023 10.02.2023 BAKI APELLYASİYA MƏHKƏMƏSİ Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyası Sədrlik edən və məruzəçi-hakim Bəktaşi Səadət İnayət qızı, hakimlər Abbasov Mirzəli Əbdüləli oğlu və Əkbərov Kamran Hüseyn oğlundan ibarət tərkibdə, Həsənova Nahidə Rasim qızının katibliyi, iddiaçının nümayəndəsi Qanuni nümayəndə və cavabdehin nümayəndəsi X1 iştirakı ilə, İddiaçı cavabdeh Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondunun Sosial Ödənişlərin Təyinatı üzrə Mərkəzi Filialına qarşı “müavinətin əvvəlki dövr üzrə ödənilməsi” tələbinə dair inzibati iş üzrə Bakı İnzibati Məhkəməsinin 2-1(112)-7338/2022 saylı 24 iyun 2022-ci il tarixli qərarından iddiaçı tərəfindən verilmiş apellyasiya şikayətinə 07-10 fevral 2023-cü il tarixlərdə Bakı Apellyasiya Məhkəməsinin binasında, şifahi məhkəmə iclasında baxaraq müəyyən etdi: İddiaçı cavabdeh Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fonduna qarşı iddia ərizəsi ilə Bakı İnzibati Məhkəməsinə müraciət edərək, Azərbaycan Respublikası Prezidenti tərəfindən müharibə veteranlarına təsis edilən təqaüdün əvvəlki illər üçün xx.xx.2019-cu il tarixdən xx.xx.2021-ci il tarixədək (iddiaçı “Müharibə veteranı” vəsiqəsini aldığı tarixədək) hesablanaraq verilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması barədə qərar qəbul edilməsini xahiş etmişdir. İddiaçı tələbini onunla əsaslandırmışdır ki, “müharibə veteranı adı və müvafiq veteran vəsiqəsinin verilməsi vəzifəsinin cavabdeh Azərbaycan Respublikası Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətin üzərinə qoyulması barədə iddia tələbi ilə biz 2019-cu ildə Bakı İnzibati məhkəməsinə müraciət etmişdik. Bakı İnzibati məhkəməsi 2-1(112)- 2019/2020-ci il tarixli qərarı ilə tələbimizi xx.xx.2020-ci il tarixdə təmin etmişdir. Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyası xx.xx.2021-ci il tarixli, 2-1(102)- 1408/2021 nömrəli qərarı ilə Bakı İnzibati məhkəməsinin qərarını qüvvədə saxlayaraq İddiaçı müharibə veteranı adı və vəsiqəsinin verilməsi vəzifəsini cavabdeh Azərbaycan Respublikası Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətin üzərinə qoymuşdur. Məhkəmənin qərarına əsaslanaraq İddiaçı müharibə veteranı adı verilmişdir. Veteran vəsiqəsinin verilməsi barədə İddiaçı xx.xx.2021-ci il tarixdə Azərbaycan Respublikası Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinə müraciət edərək xx.xx.2021-ci il tarixində müharibə veteranı vəsiqəsini almışdır. “Müharibə veteranlarına Azərbaycan Respublikası Prezidentinin təqaüdü”nün təsis edilməsi haqqında Azərbaycan Respublikası Prezidentinin xx.xx.2019-cu il tarixli Fərmanı və Qanunvericiliklə müharibə veteranları üçün nəzərdə tutulmuş təqaüdü əvvəlki üç il müddət üçün ona ödənilməsi barədə İddiaçı xx.xx.2022 il tarixdə 3 saylı Bakı “DOSF” Mərkəzin vasitəsilə Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin Tabeliyində Dövlət Sosial Müdafiə Fonda müraciət etmişdir. Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin Tabeliyində Dövlət Sosial Müdafiə Fondu tərəfindən 03 mart 2022-ci il tarixli, **********1 nömrəli cavab məktubla “Müharibə veteranlarına Azərbaycan Respublikası Prezidentinin təqaüdü”nün təsis edilməsi haqqında Azərbaycan Respublikası Prezidentinin Fərmanını və Qanunvericiliyini izah edərək iddiaçıya məhkəmə qaydasında şikayət verməsi məsləhət görülmüşdür. Cavabdeh Dövlət Sosial Müdafiə Fondu “Veteran haqqında” Azərbaycan Respublikası Qanunun 7-ci maddəsinə istinad edərək veteran vəsiqəsini aldığı tarixdən əvvəlki müddət üçün iddiaçıya təqaüd verilməsindən imtina etmişdir. İmtina məktubunda cavabdeh göstərir ki, “Veteran vəsiqəsi” iddiaçıya xx.xx.2021-ci il tarixdə verildiyindən, eyni zamanda sözügedən müavinət ləğv edildiyindən” iddiaçıya Azərbaycan Respublikasının Prezidentinin təqaüdünün əvvəlki 3 il üçün təyin edilərək ödənilməsi qanunvericiliyin tələbləri baxımından mümkün hesab edilmir. Halbuki, “Veteran haqqında” Azərbaycan Respublikası Qanunun 7-ci maddəsi veteranlara güzəştlər verilməni nəzərdə tutsa da, əvvəlki tarix üçün təqaüdün alınmasını istisna edən heç bir müddəa yoxdur. Həm də imtina məktubu verəndə cavabdeh tərəfindən nəzərə alınmalı idi ki, müharibə veteranın hüquqları iddiaçı üçün “Veteran vəsiqəsi”nin verilmə tarixindən, yəni xx.xx.2021-ci il tarixdən yox, Bakı İnzibati məhkəməsinin 2-1(112)- 2019/2020 saylı qərarına əsasən xx.xx.2020-ci il tarixdən yaranmışdır. Həm də iddiaçının müraciət ərizəsində müavinətin verilməsi yox, təqaüdün verilməsi xahiş edilmişdir. "Müharibə veteranlarına Azərbaycan Respublikası Prezidentinin təqaüdü”nün təsis edilməsi haqqında Azərbaycan Respublikası Prezidentinin xx.xx.2019-cu il tarixli 641 nömrəli Fərmanı ilə müharibə veteranlarına xx.xx.2019-cu il tarixindən 80 manat məbləğində Azərbaycan Respublikası Prezidentinin təqaüdü təsis edilir və sözügedən müavinət Prezident təqaüdü ilə əvəz edilmişdir. "Sosial müavinətlər haqqında” Azərbaycan Respublikası Qanunun 9.1-ci maddəsinə əsasən “Ən çoxu müraciət edilməzdən əvvəlki üç il üçün ödənilməklə, aylıq müavinətlər ... müraciət edilmə vaxtından asılı olmayaraq bu Qanunun qüvvəyə mindiyi gündən sonra onu almaq hüququ yaranan gündən... təyin edilir”. Cavabdeh öz imtina məktubunda da müavinət sözün Prezident təqaüdü ilə əvəz edilməsini təsdiq edir. Beləliklə, Azərbaycan Respublikası Prezidentinin təqaüdün alınması hüququ iddiaçı üçün 18 sentyabr 2020-ci ildən yaranmışdır və 30 dekabr 2021-ci il tarixinə kimi hesablanıb ödənilməlidir. Cavabdehin istinad etdiyi hüquq normaları nəinki iddiaçıya əvvəlki tarix üçün təqaüdün ödənilməsini istisna etmir, bunun əksinə olaraq müraciət edilməzdən əvvəlki illər üçün aylıq təqaüdün ödənilməsini zəruri edir və cavabdeh tərəfindən hesablanıb ödənilməlidir. Lakin cavabdeh tərəfindən bundan imtina edilməklə qanunvericiliyin tələbləri və iddiaçının hüquqları kobudcasına pozulmuşdur. Azərbaycan Respublikası Müdafiə Nazirliyinin təqsiri səbəbindən uzun müddət ərzində iddiaçının hüquqları pozulduğundan “Müharibə veteran” adının və vəsiqənin verilmədiyi üçün, iddiaçının Dövlət Sosial Müdafiə Fonda müraciət etməsi mümkünsüz idi. İddiaçının ərizəsi əsasında əsl olmayan cavabdeh Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin Tabeliyində Dövlət Sosial Müdafiə Fondu əsl cavabdeh olan Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin Tabeliyində Dövlət Sosial Müdafiə Fondunun Sosial ödənişlərin təyinatı üzrə Mərkəz filialı ilə əvəz edilmişdir. Cavabdeh tərəfindən iddiaya yazılı etiraz təqdim edilərək bildirilmişdir ki, İddiaçı xx.xx.2021-ci il tarixdə Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin Nərimanov rayon idarəsi tərəfindən rəsmi olaraq veteran adı verilmiş və 01228 nömrəli vəsiqə təqdim edilmişdir. İddiaçı Fondun Sosial ödənişlərin təyinatı üzrə mərkəzi filialına ona prezident təqaüdünün təyin edilməsi üçün müraciət etmiş və ona filial tərəfindən Azərbaycan Respublikası Prezidentinin 15 aprel 2019-cu il tarixli Fərmanına müvafiq olaraq xx.xx.2021-ci il tarixdən Azərbaycan Prezidenti təqaüdü təyin edilmişdir. İddiaçı əvvəlki dövr üçün ona ödənilməmiş prezident təqaüdünün verilməsi ilə bağlı xx.xx.2022-ci il tarixdə filiala müraciət etmiş, lakin onun bu tələbinə cavabdeh tərəfindən xx.xx.2022-ci il tarixdə **********1 nömrəli cavab məktubunda haqlı olaraq imtina verilmişdir. “Müharibə veteranlarına Azərbaycan Respublikası Prezidentinin təqaüdünün təsis edilməsi haqqında” Azərbaycan Respublikası Prezidentinin xx.xx.2019-cu il tarixli 641 nömrəli Fərmanının 2.1.1-ci bəndinə əsasən, sözügedən təqaüd 2019-cu ilin aprelin 1-dək kommunal, nəqliyyat və digər xidmətlərə görə sosial müavinət alan şəxslərə həmin sosial müavinətin əvəzinə, əmək pensiyası alan və döyüşən ordunun tərkibində xidmət etmiş müharibə iştirakçılarına (Böyük Vətən müharibəsi iştirakçılarflstisna olmaqla), habelə döyüş əməliyyatı aparılan ölkədə hərbi xidmət borcunu yerinə yetirmiş hərbi qulluqçulara əmək pensiyasının sığorta hissəsinə əlavə əvəzinə verilir. Sözügedən Fərman ilə 2019-cu il aprelin 1-dək kommunal, nəqliyyat və digər xidmətlərə görə sosial müavinət alan müharibə veteranlarına həmin sosial müavinətin əvəzinə Azərbaycan Respublikası Prezidentinin aylıq 80 manat məbləğində təqaüdü təsis edilmişdir. Beləliklə, xx.xx.2019-cu il tarixdən qüvvəyə minən qanunvericilikdəki sözügedən tənzimləmələrə müvafiq olaraq müharibə veteranlarına əvvəllər verilən sosial müavinətin əvəzinə AR Prezidentinin təqaüdü təsis edilmiş, bununla da qeyd edilən tarixdən etibarən müharibə veteranı adı və vəsiqəsi almış şəxslərə ünvanlı ödəniş kimi müavinət deyil, təqaüd verilməyə başlanılmışdır. Həmçinin qeyd edilməlidir ki, müharibə veteranlarına aylıq verilməsi nəzərdə tutulmuş bu vəsait artıq sosial müavinət statuslu ödəniş deyildir və müvafiq olaraq həmin ödənişə münasibətdə “Sosial müavinətlər haqqında” Qanunun müddəalarının tətbiq edilməsi ilə əvvəlki üç il üçün ödəmələrin aparılması mümkün deyildir. Göründüyü kimi sözügedən qanunvericilikdəki dəyişikliklər nəticəsində xx.xx.2019-cu il tarixdən əvvəl və sonra müharibə veteranı vəsiqəsi almış şəxslərə münasibətdə fərqli hüquqi vəziyyət müəyyənləşdirilmiş, müharibə veteranlarına ödəniləcək vəsaitin statusu, eləcə də həmin vəsaitlərin əvvəlki dövrlər üzrə ödənilməsinin mümkünlüyü ilə bağlı yeni normalar qəbul edilmişdir. Azərbaycan Respublikası Nazirlər Kabinetinin xx.xx.2015-ci il tarixli 311 nömrəli Qərarı ilə təsdiq edilmiş “Sosial müavinətlərin, təqaüdlərin və kompensasiyaların təyin olunması üçün təqdim edilən sənədlərin və məlumatların rəsmiləşdirilməsi, baxılması və saxlanılması Qaydaları”nın 1.1-ci bəndinə əsasən, bu Qaydalar Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Sosial Müdafiə Fondunun şəhər, rayon şöbələri (bundan sonra - Şöbə) və ya “DOST” mərkəzləri (bundan sonra - Mərkəz) tərəfindən sosial sığorta ödəyicisi və əmək pensiyası hüququ olmayan şəxslərə, o cümlədən Azərbaycan Respublikasının ərazisində daimi yaşayan vətəndaşlığı olmayan şəxslərə və əcnəbilərə (dövlət qulluqçularına ömürlük müavinət istisna olmaqla) sosial müavinətlərin (bundan sonra müavinət), ayrı-ayrı kateqoriya şəxslərə Azərbaycan Respublikası Prezidentinin təqaüdlərinin (bundan sonra - təqaüd) və kompensasiyanın təyin olunması üçün təqdim edilən sənədlərin və məlumatların rəsmiləşdirilməsi, baxılması və saxlanılması qaydalarını tənzimləyir. Həmin Qaydaların 7 nömrəli əlavəsinin - “Müavinət, təqaüd və kompensasiyanın təyin edilməsi üçün tələb olunan sənədlərin siyahısının” 2.33.1-ci bəndinə əsasən, müharibə veteranlarına Azərbaycan Respublikası Prezidentinin təqaüdünün təyin edilməsi üçün müharibə veteranı vəsiqəsinin surəti tələb olunur. “Veteranlar haqqında” xx.xx.1994-cü il tarixli AR Qanunun 7-ci maddəsində və Nazirlər Kabinetinin xx.xx.1995-ci il tarixli 216 nömrəli Qərarı ilə təsdiq edilmiş “Müharibə veteranı, silahlı qüvvələr veteranı və əmək veteranı adlarının verilməsi qaydası və şərtləri haqqında” Əsasnamənin 4-cü bəndində qeyd edilir ki, veteranlar üçün nəzərdə tutulmuş güzəştlər veteran vəsiqəsi təqdim edildikdə həyata keçirilir. Bu da onu göstərir ki, vətəndaşın veteran vəsiqəsi olmadığı dövrdə, yəni xx.xx.2021-ci il tarixindən əvvəlki dövrdə sözügedən prezident təqaüdünə hüququ yaranmamışdır. Həmçinin qeyd edilməlidir ki, veteranların təqaüd almaq hüququnu onların veteran statusu almaq hüququndan fərqləndirməyə ehtiyac vardır. Veteran statusunu almaq hüququ o statusu almamışdan daha əvvəl yarana bilər, ancaq təqaüd almaq hüququ birbaşa statusun alınması ilə yaranır. Buna müvafiq olaraq, hazırkl iş üzrə iddiaçının Azərbaycan Respublikasının ərazi bütövlüyü uğrunda döyüş əməliyyatlarında iştirak etməsi - veteran statusu almaq hüququnun 1992-1994-cü ildən yaranması işin mübahisələndirilməyən halıdır, lakin iddiaçının “Veteranlar haqqında” Qanunun 3-cü maddəsində göstərilən fəaliyyəti həyata keçirmiş olması - Azərbaycan Respublikasının ərazi bütövlüyü uğrunda döyüş əməliyyatlarında iştirak etmiş olması onun bəhs edilən təqaüdü alması üçün deyil, ona veteran vəsiqəsinin verilməsi üçün hüquqi əsasdır. AR Ali Məhkəməsinin İnzibati Kollegiyasının 24 iyun 2020-ci il tarixli qərarında müəyyən edilmişdir ki, 01 aprel 2019-cu il tarixdən qüvvəyə minmiş qanunvericilikdəki yeni tənzimləmələrə əsasən müharibə veteranlarına əvvəllər verilən sosial müavinətin əvəzinə Azərbaycan Respublikası Prezidentinin təqaüdü ’təsis edilmişdir. Bununla da, qeyd olunan tarixdən sonra müharibə veteranı adı və vəsiqəsi almış şəxslərə ünvanlı ödəniş kimi müavinət yox, Azərbaycan Respublikası Prezidentinin təqaüdü verilməyə başlanılmışdır. Odur ki, müharibə veteranlarına aylıq verilməsi nəzərdə tutulmuş bu vəsait artıq sosial müavinət statuslu ödəniş deyildir və müvafiq olaraq həmin ödənişə münasibətdə “Sosial müavinətlər haqqında” Qanunun müddəaları tətbiq olunmaqla əvvəlki üç il üçün ödəmələrin aparılması yolverilməzdir. Bu mövqeyinə uyğun olaraq kollegiya hesab edir ki, 01 aprel 2019-cu il tarixdən sonra müharibə veteranı statusu almış şəxslərə münasibətdə yalnız Azərbaycan Respublikası Prezidentinin təqaüdü verilə bilər və bu təqaüd onu almaq hüququ yaranan gündən etibarən ödənilməlidir. Çünki təqaüdün təsis edilməsi ilə bağlı Fərmanda onu almaq hüququ yaranan gündən əvvəlki tarix üçün ödənilməsi ilə bağlı heç bir müddəa nəzərdə tutulmamışdır. Beləliklə, İddiaçı veteran vəsiqəsini 2019-cu ilin aprel ayından sonra xx.xx.2021-ci il tarixdən aldığı üçün onun sosial müavinət almaq deyil, prezident təqaüdü almaq hüququ yaranmışdır. Prezident təqaüdü ilə bağlı olaraq da hər hansı əvvəlki 3 illik ödəniş tələbi nəzərdə tutulmamışdır. İddiaçı vəsiqəsini aldığı tarixdən etibarən prezident təqaüdü təsis edilmiş və ödənilmişdir. Bu səbəbdən ona Fond tərəfindən verilmiş imtina qanuni və əsaslıdır. Qeyd edilən qanunvericilik normalarının tələblərini və işin faktiki hallarının nəzərə alaraq İddiaçı “müharibə veteranlarına təsis edilən təqaüdün əvvəlki illər üçün hesablanaraq ödənilməsi" tələbinin təmin edilməməsi barədə qərar qəbul edilməlidir. Bakı İnzibati Məhkəməsinin 2-1(112)-7338/2022 saylı 24 iyun 2022-ci il tarixli qərarı ilə iddia tələbi təmin edilməmişdir. (hakim: G.Sevdimalıyeva) Həmin qərardan narazı qalan iddiaçı apellyasiya şikayəti verərək birinci instansiya məhkəməsinin qərarının ləğv edilməsini və iddia tələbinin təmin edilməsini xahiş etmişdir. İddiaçının apellyasiya şikayəti mahiyyətcə iddia ərizəsinin məzmununa uyğun tərtib edilmişdir. Apellyasiya baxışı zamanı iddiaçının nümayəndəsi Qanuni nümayəndə apellyasiya şikayətini müdafiə edərək birinci instansiya məhkəməsinin qərarının ləğv edilməsini və iddianın təmin edilməsi haqqında qərar qəbul edilməsini məhkəmə kollegiyasından xahiş etdi. Apellyasiya baxışı zamanı cavabdehin nümayəndəsi X2 apellyasiya şikayətinə etiraz edərək, birinci instansiya məhkəməsinin qərarının dəyişdirilmədən saxlanılmasını məhkəmə kollegiyasından xahiş etdi. Məhkəmə kollegiyası iş üzrə tərəflərin izahatını dinləyərək, iş materiallarını və apellyasiya şikayətinin dəlillərini araşdıraraq və işdə olan sübutlara hüquqi qiymət verərək belə hesab edir ki, apellyasiya şikayəti təmin edilməməli və birinci instansiya məhkəməsinin qərarı dəyişdirilmədən saxlanılmalıdır. Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinin 82-ci maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi mübahisə ilə bağlı işə şikayət həddində və hüquqi məsələlər, habelə sübutlar və faktlar (faktiki hallar) əsasında mahiyyəti üzrə tam həcmdə baxır. İş materiallarında olan Azərbaycan Respublikasının Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidməti tərəfindən xx.xx.2021-ci il tarixdə verilmiş 01228 nömrəli vəsiqənin surətindən görünür ki, İddiaçı müharibə veteranıdır. İş materiallarında olan Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondunun Sosial Ödənişlərin Təyinatı üzrə Mərkəzi Filialı tərəfindən İddiaçı ünvanlanmış 03 mart 2022-ci il tarixli, **********1 nömrəli məktubda bildirmişdir ki, Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tabeliyində Dayanıqlı və Operativ Sosial Təminat Agentliyinin 3 saylı Bakı “DOST” mərkəzindən daxil olmuş ərizəsinə və ona əlavə olunmuş sənədlərə Mərkəzi Filialda aidiyyəti üzrə baxılmışdır. Azərbaycan Respublikasının Prezidentinin “Kommunal, nəqliyyat və digər xidmətlər üzrə güzəştlərin müavinətlərlə əvəz olunmasının təmin edilməsi haqqında” xx.xx.2001-ci il tarixli 613 nömrəli Fərmanına əsasən Azərbaycan Respublikasının ərazi bütövlüyü uğrunda döyüş əməliyyatlarında iştirak etdiyinə görə müharibə veteranı adı almış şəxslərə kommunal və digər xidmətlərin ödənilməsi üçün hər ay 55.000 (əlli beş) min manat (2006-cı il yanvarın 1-dən öncə Azərbaycan manatının denaminasiya olunmasından əvvəl olan nominal dəyər) məbləğində müavinət təyin edilmişdir. “Sosial müavinətlərin məbləğinin artırılması haqqında“ Azərbaycan Respublikasının Prezidentinin xx.xx.2013-cü il tarixli 973 nömrəli Fərmanında dəyişiklik edilməsi barədə Azərbaycan Respublikasının Prezidentinin xx.xx.2019-cu il tarixli 641 nömrəli Fərmanına əsasən “Sosial müavinətlərin məbləğinin artırılması haqqında" Azərbaycan Respublikasının Prezidentinin xx.xx.2013-cü il tarixli 973 nömrəli Fərmanın Azərbaycan Respublikasının ərazi bütövlüyü uğrunda aparılan döyüş əməliyyatlarında iştirak etdiyinə görə müharibə veteranı adı almış şəxslərə 55.000 (əlli beş min) manat məbləğində sosial müavinət verilməsini nəzərdə tutan 1.1.7-ci yarımbəndi ləğv edilmişdir. Eyni zamanda bildirilmişdir ki, Azərbaycan Respublikası Prezidentinin xx.xx.2019- cu il tarixli 641 nömrəli Fərmanı əsasında müharibə veteranlarına 80 manat məbləğində Azərbaycan Respublikası Prezidentinin təqaüdü təsis edilmiş və xx.xx.2019-cu il tarixindən sözügedən müavinət Prezident təqaüdü ilə əvəz edilmişdir. “Veteranlar haqqında” Azərbaycan Respublikası Qanununun 7-ci maddəsinə müvafiq olaraq nəzərdə tutulmuş güzəştlər “Veteran vəsiqəsi” təqdim edildikdə həyata keçirilir. Qeyd olunanları nəzərə alaraq sizə müharibə veteranları üçün nəzərdə tutulan təqaüd xx.xx.2021-ci il tarixindən qanunvericiliyin tələblərinə uyğun olaraq təyin edilmişdir. Əlavə olaraq bildirilmişdir ki, “Veteran vəsiqəsi” xx.xx.2021-ci il tarixində verildiyindən, eyni zamanda sözügedən müavinət ləğv edildiyindən ona Azərbaycan Respublikası Prezidentinin təqaüdünün əvvəlki 3 il üçün təyin edilərək ödənilməsi qanunvericiliyin tələbləri baxımından mümkün hesab edilmir. İşdən görünür ki, iddiaçı ona Azərbaycan Respublikası Prezidenti tərəfindən müharibə veteranlarına təsis edilən təqaüdün əvvəlki illər üçün xx.xx.2019-cu il tarixdən xx.xx.2021-ci il tarixədək (iddiaçı “Müharibə veteranı” vəsiqəsini aldığı tarixədək) hesablanaraq verilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulmasını məhkəmədən xahiş etmişdir. Birinci instansiya məhkəməsi iddia tələbini təmin etməmiş və mövqeyini onunla əsaslandırmışdır ki, veteranlar üçün nəzərdə tutulmuş güzəştlərin veteran vəsiqəsi təqdim edildikdə həyata keçirilməsinə dair qanunun mətni aşkardır. İddiaçı “müharibə veteranı” vəsiqəsini xx.xx.2021-ci il tarixdə almışdır. Hazırki mübahisə isə məhz prezident təqaüdünün əvvəlki illər üzrə verilməsi ilə bağlıdır. Məhkəmə qeyd etmişdir ki, “Müharibə veteranlarına Azərbaycan Respublikası Prezidentinin təqaüdünün təsis edilməsi haqqında” Azərbaycan Respublikası Prezidentinin xx.xx.2019-cu il tarixli Fərmanında müvafiq təqaüdün əvvəlki dövr üzrə verilməsinə dair aşkar müddəa yoxdur (sosial müavinətdən fərqli olaraq). Odur ki, tələbin əsaslandığı hüquqi müddəa və ya hüquqi akt yoxdur. Bu səbəbdən iddiaçının əvvəlki dövrlər üzrə prezident təqaüdünü almaq üçün qanuni gözləntisi yoxdur. Məhkəmə kollegiyası apelyasiya şikayətinin mahiyyətcə iddia ərizəsində göstərilən əsaslarla eyni olan dəlilləri üzrə birinci instansiya məhkəməsinin qəbul etdiyi qərarın nəticələri ilə razılaşaraq aşağıdakıları qeyd edir. Belə ki, “Sosial müavinətlər haqqında” Azərbaycan Respublikası Qanunun 1.0.1-ci maddəsinə görə sosial müavinətlər dedikdə bu Qanunla müəyyən edilmiş qaydada ayrı-ayrı kateqoriya şəxslərə sosial yardım göstərilməsi məqsədilə aylıq və ya birdəfəlik ödənilən pul vəsaiti başa düşülür. Həmin Qanunun 3.1-ci maddəsində qeyd edilmişdir ki, Azərbaycan Respublikasının vətəndaşları bu Qanunla müəyyən olunmuş şərtlərlə və qaydada aylıq və birdəfəlik müavinət almaq hüququna malikdirlər. Həmin Qanunun 4.0.6-cı maddəsinə əsasən bu Qanunla müvafiq icra hakimiyyəti orqanı (Azərbaycan Respublikasının Prezidenti) tərəfindən müəyyən edilmiş bəzi kateqoriya şəxslərə kommunal, nəqliyyat və digər xidmətlərə görə müavinətlər təyin edilir. Həmin Qanunun 9.1-ci maddəsinə əsasən ən çoxu müraciət edilməzdən əvvəlki üç il üçün ödənilməklə, aylıq müavinətlər müraciət edilmə vaxtından asılı olmayaraq bu qanunun qüvvəyə mindiyi gündən sonra onu almaq hüququ yaranan gündən təyin edilir. Azərbaycan Respublikasının ərazi bütövlüyü uğrunda döyüş əməliyyatlarında iştirak etdiyinə görə müharibə veteranı adı almış şəxslərin sosial müdafiəsinin gücləndirilməsi haqqında Azərbaycan Respublikası Prezidenti 11 iyul 2005-ci il tarixli 257 saylı fərmanı ilə Azərbaycan Respublikasının ərazi bütövlüyü uğrunda döyüş əməliyyatlarında iştirak etdiyinə görə müharibə veteranı adı almış şəxslərin sosial müdafiəsini gücləndirmək məqsədi ilə qərara alınmışdır. Məlumat üçün bildirilir ki, Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin 21 aprel 2006-cı il tarixli 11/27-12 saylı və 08 noyabr 2007-ci il tarixli 11/27-10 saylı təlimatına əsasən Azərbaycan Respublikası Nazirlər Kabinetinin 22 sentyabr 1995-ci il tarixli 216 nömrəli qərarı ilə təsdiq edilmiş, müharibə veteranı, silahlı qüvvələr veteranı və əmək veteranı adlarının verilməsi qaydası və şərtləri haqqında əsasnaməyə uyğun olaraq müharibə veteranı adı və müvafiq veteran vəsiqəsi Güc strukturları (Müdafiə Nazirliyi, Daxili İşlər Nazirliyi, Milli Təhlükəsizlik Nazirliyi və s.) tərəfindən onların yaratdıqları müvafiq komissiyaların rəyinə əsasən verilir. Müharibə veteranlarına müavinət həmin komissiyanın qərarı ilə müharibə veteranı adı və ya müharibə veteranı vəsiqəsi verildiyi tarixdən təyin edilib ödənilməlidir. İşin təkzib olunmaz halıdır ki, iddiaçıya müharibə veteranı vəsiqəsi Azərbaycan Respublikasının Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidməti tərəfindən xx.xx.2021-ci il tarixdə verilmişdir. Burada məhkəmə kollegiyası xüsusi olaraq qeyd etməyi zəruri hesab edir ki, «28 iyun 1994-cü il tarixdən qüvvədə olan «Veteranlar haqqında» Azərbaycan Respublikası Qanununun 12-ci maddəsinin ilkin redaksiyasında müharibə veteranları üçün mənzil, rabitə və kommunal xidmətləri haqqının ödənilməsinə görə güzəştlərin verilməsi nəzərdə tutulmuş, sonradan həmin maddəyə bir neçə dəfə müvafiq dəyişikliklər edilmiş (02 may 1995-ci il tarixli 1029 nömrəli, 20 iyun 1995-ci il tarixli 1067 nömrəli və 15 noyabr 2001-ci ıl tarixli 214-İİQD nömrəli Qanunlarla) və sonuncu dəyişikliyə əsasən bu güzəştlər müavinətlə əvəz olunmaqla, maddənin hazırkı redaksiyası belədir «İkinci Dünya müharibəsi iştirakçılarına, bu Qanunun 3-cü maddənin ikinci, dördüncü, beşinci və altıncı abzaslarında qeyd edilən şəxslərdən həlak olmuşların dul arvadlarına müvafiq icra hakimiyyət orqanı tərəfindən müəyyən olunmuş qaydada və məbləğdə telefondan (şəhərlərarası və beynəlxalq danışıqlar istisna olmaqla) mənzil, kommunal xidmətlərindən istifadə haqqının ödəmək üçün müavinət verilir». Daha sonra, Azərbaycan Respublikası Prezidentinin 2001-ci il 26 dekabr tarixli 613 nömrəli fərmanı ilə kommunal, nəqliyyat və digər xidmətlərə görə güzəştlər müavinətlərlə əvəz olunmuş və həmin Fərmana 11 iyul 2005-ci il tarixli, 257 nömrəli Fərmanla edilmiş dəyişikliyə əsasən, Azərbaycan Respublikasının ərazi bütövlüyü uğrunda döyüş əməliyyatlarında iştirak etdiyinə görə müharibə veteranı adı almış şəxslərə kommunal və digər xidmətlərin ödənilməsi üçün müəyyən məbləğdə müavinət təyin edilmişdir. Nəhayət, Azərbaycan Respublikası Prezidentinin 2019-cu il 15 aprel tarixli 641 nömrəli Fərmanı ilə 2019-cu il aprelin 1-dək kommunal, nəqliyyat və digər xidmətlərə görə sosial müavinət alan müharibə veteranlarına həmin sosial müavinətin əvəzinə Azərbaycan Respublikası Prezidentinin aylıq 80 manat məbləğində təqaüdü təsis edilmişdir. «Veteranlar haqqında» Qanunun 7-ci maddəsinə və Azərbaycan Respublikası Nazirlər Kabınetının 22 sentyabr 1995-ci il tarixli 216 nömrəli Qərarı ilə təsdiq edilmiş «Müharibə veteranı, silahlı qüvvələr veteranı və əmək veteranı adlarının verilməsi qaydası və şərtləri haqqında» Əsasnamənin 4-cü bəndinə əsasən veteranlar üçün nəzərdə tutulmuş güzəştlər veteran vəsiqəsi təqdim edildikdə həyata keçirilir». Beləliklə, yuxarıda artıq qeyd olunduğu kimi iddiaçıya müharibə veteranı vəsiqəsi xx.xx.2021-ci il tarixdə verilmiş, Azərbaycan Respublikası Prezidentinin məlum 641 saylı Fərmanı isə 15 aprel 2019-cu il tarixdə qəbul edilmişdir və həmin fərmanla 2019-cu ilin aprelin 1-dən kommunal, nəqliyyat və digər xidmətlərə görə sosial müavinət alan müharibə veteranlarına həmin sosial müavinətlərin əvəzinə, Azərbaycan Respublikası Prezidentinin aylıq 80 manat məbləğində təqaüdü təsis edilmişdir, başqa sözlə, iddiaçı müharibə veteranı vəsiqəsi xx.xx.2021-ci il tarixdə, yəni, Azərbaycan Respublikası Prezidentinin sözügedən Fərmanından sonra aldığı üçün iddiaçı həmin tarixdən sonra 80 manat məbləğində təqaüd almalı, əvvəlki illərin ödənilməsi üçün isə qeyd edilən sosial müavinətlərin tələb edilməsi qanuna uyğun deyildir. Belə olan təqdirdə, məhkəmə kollegiyası hesab edir ki, birinci instansiya məhkəməsi iddianı təmin etməməklə düzgün hüquqi nəticəyə gəlmişdir. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 58.7-ci maddəsinə əsasən sübutlar məhkəmə tərəfindən tam və hərtərəfli araşdırıldıqdan sonra qiymətləndirilir. Həmin Məcəllənin 87.6-cı maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qərarını dəyişdirmədən qüvvədə saxlaya bilər, dəyişdirə bilər və ya ləğv edərək (tam və ya qismən) yeni qərar qəbul edə bilər. Sadalanan xüsusatlara, istinad olunan hüquq normalarına əsaslanaraq və iş üzrə toplanmış sübutların məcmusuna qiymət verərək məhkəmə kollegiyası belə nəticəyə gəlir ki, birinci instansiya məhkəməsi iddiaçının tələbini təmin etməməklə iş üzrə düzgün nəticəyə gəlmiş və onun apellyasiya şikayətinin təmin edilməsi və birinci instansiya məhkəməsinin qərarının ləğv edilməsi üçün əsaslar olmadığından apellyasiya şikayəti təmin edilməməli və birinci instansiya məhkəməsinin hazırkı iş üzrə qərarı dəyişdirilmədən saxlanılmalıdır. Şərh edilənlərə əsasən və Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinin 69, 87.6, 89 və 94.1-ci maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası qərara aldı: İddiaçının apellyasiya şikayəti təmin edilməsin. Bakı İnzibati Məhkəməsinin 2-1(112)-7338/2022 saylı 24 iyun 2022-ci il tarixli qərarı dəyişdirilmədən saxlanılsın. Məhkəmə qərarı onun təqdim olunduğu gündən 30 (otuz) gün keçdikdən sonra qüvvəyə minir. Məhkəmə qərarının tam formada təqdim olunduğu gündən 1 (bir) ay müddətində Bakı Apellyasiya Məhkəməsi vasitəsi ilə ondan Azərbaycan Respublikası Ali Məhkəməsinin inzibati kollegiyasına kassasiya şikayəti verilə bilər.
Məhkəmə qərarları › İş №2-1(103)-402/2023
Bakı Apellyasiya Məhkəməsi Qərar — İş №2-1(103)-402/2023
10.02.2023 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver