Məhkəmə qərarları › İş №2-1(103)-402/2024

Bakı Apellyasiya Məhkəməsi Qərar — İş №2-1(103)-402/2024

15.02.2024 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-1(103)-402/2024 15.02.2024 BAKI APELLYASİYA MƏHKƏMƏSİ Hakimlər: Əkbərov Kamran Hüseyn oğlu (sədrlik edən və məruzəçi), Şirinov İkram Sabir oğlu və Tağızadə Mirzə Nəsib oğlundan ibarət tərkibdə, Məmmədova Leyla Asəf qızının katibliyi, İddiaçının vəkili Nümayəndə iştirakı ilə, İddiaçı cavabdeh Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsinin 1 saylı Bakı Ərazi İdarəsinə qarşı “bağ sahəsinə dair mülkiyyət hüququnun daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınması” tələbinə dair inzibati iş üzrə Bakı İnzibati Məhkəməsinin 22 aprel 2022-ci il tarixli, 2-1(112)- 815/2022 saylı qərarından iddiaçı tərəfindən verilmiş apellyasiya şikayətinə əsasən inzibati işə Bakı Apellyasiya Məhkəməsinin binasında (Bakı şəhəri, Z.Xəlilov küçəsi, 540-cı məhəllə) açıq məhkəmə iclasında baxaraq M Ü Ə Y Y Ə N E T D I : İddiaçı cavabdeh Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsinin 1 saylı Bakı Ərazi İdarəsinə qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək Pirallahı rayonu, Dübəndi bağ massivi, İİ-Cənub küçəsində yerləşən, bağçılıq kitabçası və protokoldan çıxarış sənədləri əsasında iddiaçıya məxsus, iddiaçının nəzarətində və istifadəsində olan 305 saylı bağ sahəsi üzərində hüquqlarının daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınmasına dair qərar qəbul edilməsini xahiş etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, məcburi köçkün düşdükdən sonra xx.xx.1994-cü ildən indiyə kimi Bakı şəhəri Nərimanov rayonu 178 saylı orta məktəbdə müəllimə işləmişdir. Bakı şəhəri X7 İcraiyyə komitəsinin xx.xx.1987-ci il tarixli 20/396 saylı qərarına əsasən Bakı şəhəri, Dübəndi bağçılıq yoldaşlığı ərazisində, Bakı şəhəri Nərimanov rayonu RTŞ-nin “Bilik” bağçılıq yoldaşlığının İİ-Cənub küçəsi, 305 saylı bağ sahəsi bağçılıq cəmiyyəti üzvlərinin xx.xx.1999-cu il tarixli 1 №li protokoluna əsasən iddiaçıya verilərək bağçılıq cəmiyyətinə üzv qəbul edilmişdir. Bundan əvvəl, püşkatma yolu ilə iddiaçıya düşən bağ sahəsi qayalıq olduğuna görə iddiaçı ondan imtina etmişdir. Üzvlüyə qəbul haqqını vaxtlı-vaxtında ödəmiş, təşkilati abadlıq işlərinin aparılmasında, ərazinin daş-kəsəkdən təmizlənməsində, sahələrarası daş hasarların tikintisində yaxından iştirak etmişdir. Digər bağ sahələri kimi iddiaçı da ona məxsus olan İl-Cənub küçəsi 305 saylı bağ sahəsinin sərhədlərini kubik daşla hasarlamışdır və hazıradək iddiaçının nəzarətində və istifadəsindədir. 2019-cu ilin aprel ayında iddiaçının bağ sahəsi ilə divar qonşusu olan 303 saylı bağ sahəsi arasındakı köhnəlmiş hasarı yeniləmək üçün 6 kubik daş hündürlüyündə olan hasarı sökmüşlər. Yeni tikinti işlərinin aparılması üçün icra nümayəndəsi bağın sənədini istəmişdir. Bununla əlaqədar olaraq iddiaçı cavabdehə müraciət etmişdir. Cavabdeh xx.xx.2021-ci il tarixdə **********77 nömrəli Daşınmaz əmlak üzərində hüquqların dövlət qeydiyyatına alınmasından imtina edilməsi barədə “Bildiriş” təqdim etmişdir. İddiaçı bağçılıq təsərrüfatı idarəsi ləğv edildiyinə görə siyahını tapmağın və yol verilən texniki səhvliyi araşdırmağın imkanları və səlahiyyətləri xaricində olduğunu qeyd etmişdir. İİ-Cənub küçəsində bütün bağ sahələri 500 kv.metr (20x25) sahəyə malikdir. Həmin küçədə 2 qonşudan başqa bütün bağ sahələrinin hamısında ev tikintisi aparılıb. Bütün bağ sahələri 2-3 metr sürüşmüş vəziyyətdədir. Bu hal bağ sahiblərindən heç kimi narahat etmir. Əsas odur ki, hər kəsin bağ sahəsinin ölçüsü düzgündür. Elektrik şəbəkəsi bağ sahəsinin daş hasarının bayır tərəfində İİ-Cənub küçəsinin kənarı ilə keçir, iddiaçının bağ sahəsinə heç bir aidiyyəti yoxdur. İddiaçıya bağ sahəsi bölünəndə həmin şəbəkə olmamışdır. Sakinlərin söylədiyinə görə sonradan kiminsə şəxsi təsərrüfatı üçün 3 fazlı 220V elektrik şəbəkəsi İİ-Cənub küçəsi ilə çəkilmişdir. Çəkilən zaman sakinlərin narazılığına cavab olaraq bildirilmişdir ki, şəbəkənin əraziyə maneçiliyi yoxdur. İşin birinci instansiya icraatı zamanı cavabdeh iddiaya dair yazılı etiraz təqdim edərək iddia tələbinin rədd edilməsini xahiş etmişdir. Məhkəmənin xx.xx.2021-ci il tarixli qərardadı ilə X3 və Təhsil İşçiləri Azad X4 Rayon Komitəsinin “Bilik” bağçılıq yoldaşlığı üçüncü şəxs qismində məhkəmə icraatına cəlb edilmiş, xx.xx.2021-ci il tarixli qərardadı ilə X1 məhkəmə icraatında üçüncü şəxs qismində iştirakına xitam verilmiş, Təhsil İşçiləri Azad X4 Rayon Komitəsinin “Bilik” bağçılıq yoldaşlığının isə üçüncü şəxs qismində iştirakı ləğv edilmişdir. Bakı İnzibati Məhkəməsinin 22 aprel 2022-ci il tarixli, 2-1(112)-815/2022 saylı qərarı ilə iddia rədd edilmişdir. Qərardan narazı qalan iddiaçı apellyasiya şikayəti verərək, birinci instansiya məhkəməsi qərarının ləğv edilməsini və iddia tələbinin təmin edilməsini xahiş etmişdir. Apellyasiya şikayəti iddia ərizəsinə uyğun tərtib edilmişdir. Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının 2-1(103)-206/2023 saylı,xx.xx.2023cü il tarixli qərarı ilə apellyasiya şikayəti təmin edilməmiş və Bakı İnzibati Məhkəməsinin 22 aprel 2022-ci il tarixli, 2-1(112)-815/2022 saylı qərarı dəyişdirilmədən saxlanılmışdır. Qərardan iddiaçı tərəfindən kassasiya şikayəti verilmiş, Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyasının xx.xx.2023-cü il tarixli, 2-1(102)-1428/2023 saylı qərarı ilə iddiaçının kassasiya şikayəti qismən təmin edilmiş, Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının 2 fevral 2023-cü il tarixli, 2- 1(103)-206/2023 nömrəli qərarı ləğv edilmiş, işin təkrar baxılması üçün Bakı Apellyasiya Məhkəməsinə göndərilməsi və iddiaçının kassasiya şikayəti qalan hissədə təmin edilməməsi qərara alınmışdır. Azərbaycan Respublikası İPM-nin 96.11-ci maddəsinə əsasən mübahisə edilən qərarla bağlı Ali Məhkəmənin hüquqi mövqeyi apellyasiya instansiyası məhkəmələri üçün məcburidir. İşin hazırkı apellyasiya icraatı zamanı məhkəmə kollegiyası iclasında iştirak edən iddiaçının vəkili apellyasiya şikayətini müdafiə edərək onun təmin edilməsini xahiş etdi. Cavabdeh və üçüncü şəxs məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada məlumatlandırılmalarına baxmayaraq nümayəndələri məhkəmə iclasına gəlməmişdir. Azərbaycan Respublikası İPM-nin 62.3-cü maddəsinə əsasən işə onların nümayəndələrinin iştirakı olmadan baxılması mümkün hesab edilmişdir. Məhkəmə kollegiyası işdə iştirak edən şəxsin izahatlarını dinləyərək, iş materiallarını və apellyasiya şikayətinin dəlillərini araşdıraraq, hesab edir ki, iddiaçıların apellyasiya şikayəti təmin edilməli, birinci instansiya məhkəməsinin qərarı ləğv edilməli və iddia təmin edilməlidir. Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinin 82-ci maddəsinə əsasən, apellyasiya instansiyası məhkəməsi mübahisə ilə bağlı işə şikayət həddində və hüquqi məsələlər, habelə sübutlar və faktlar (faktiki hallar) əsasında mahiyyəti üzrə tam həcmdə baxır. Hazırkı iş üzrə iddiaçıların apellyasiya şikayəti birinci instansiya məhkəməsinin qərarının ləğvinə yönəldiyi üçün məhkəmə kollegiyası qərarın qanuniliyini tam yoxlayır. Hazırkı iş üzrə birinci instansiya məhkəməsi hesab etmişdir ki, “ cavabdehin imtinasının dəlilləri aşağıdakı kimidir: 1) təqdim edilmiş bağçılıq yoldaşlıq təsərrüfatının üzvlərinin siyahısında iddiaçının adının aşkar olunmaması; 2) elektron kadastr məlumatına əsasən ərazinin bir hissəsinin (156 kv.m) daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınmış digər fiziki şəxsin – X1 adına dövlət reyestrində qeydiyyatdan keçmiş bağ sahəsinin koordinatları ilə üst-üstə düşməsi; 3) bağ sahəsinin bir hissəsinin (200 kv.m) yüksək gərginlikli elektrik şəbəkəsinin (6000 vt) mühafizə zolağında yerləşməsi. Məhkəmə araşdırması zamanı iddiaçı tərəfindən torpaq sahəsinin mərz nişanlarının yeri dəyişdirilmiş, bununla da cavabdehin imtinası üçün əsas olan X2 ayrılmış torpaq sahəsi ilə üst-üstə düşmə halı aradan qalxmışdır. Bundan başqa, qanunverici elektrik şəbəkələrinin mühafizə zonalarına daxil olan torpaq sahələrinin mülkiyyətə verilməsi ilə bağlı deyil, həmin torpaq sahəsində görülən işlərlə bağlı məhdudiyyətlər nəzərdə tutmuş, bu zaman həmin işlərin görülməsini şəbəkələrin istismarçılarının və yaxud mülkiyyətçilərinin rəsmi razılığından asılı etmişdir. Göstərilənlərə əsasən, məhkəmə cavabdehin imtinasının ikinci və üçüncü dəlili ilə razılaşmamışdır. Lakin imtinanın ilkin dəlilinə münasibətdə məhkəmə hesab etmişdir ki, bu dəlil əsaslıdır. Belə ki, iddiaçı üzvlük kitabçası və üzvlərin iclasının protokolundan çıxarışı təqdim etsə də, bu sənədlər Qanunun tələblərinə müvafiq olmamışdır. Qanunverici həmin sənədlərin kollektiv bağçılıq-yoldaşlıq təsərrüfatının üzvlərinin siyahısına müvafiq olmasını tələb edir. Lakin işdən görünür ki, iddiaçının adı “Bilik” bağçılıq yoldaşlığın üzvlərinin siyahısında mövcud deyil. Cavabdehə təhvil verilən “Bilik” bağçılıq yoldaşlığa dair arxiv sənədlərindən göründüyü kimi bağçılığın üzvlərinin ilkin siyahısında 56 nəfər üzv olmuş, həmin siyahıda iddiaçının adı qeyd olunmamışdır. Bağçılıq yoldaşlığın üzvlərinin yeni siyahısı xx.xx.2007-ci il tarixdə cavabdeh tərəfindən qəbul edilmiş, siyahıda 58 nəfər şəxsin adı göstərilmiş, lakin iddiaçının adı yenə də həmin siyahıya daxil edilməmişdir. Bağçılıq yoldaşlığın ilkin Siyahısı 1986-cı ildə tərtib edilmiş, iddiaçıya isə sənədlərə əsasən xx.xx.1999-cu il tarixdə bağ sahəsi ayrılmışdır. Buna görə də onun adının ilkin siyahıda olmaması təbiidir. Lakin sonradan baş vermiş dəyişikliklərə uyğun olaraq 2007-ci ildə bağçılığın üzvlərinin Siyahısı yenidən tərtib edilən zaman iddiaçının adının həmin siyahıya daxil edilməməsi mübahisəli bağ sahəsinin məhz 1999-cu ildə iddiaçıya ayrılmasına əsaslı şübhələr yaradır. Məhkəmə onu da nəzərə almışdır ki, məhkəmə iclasında tədqiq edilən “Bilik” bağçılıq yoldaşlığının üzvlərinin iclas protokollarından göründüyü kimi bağçılıq yoldaşlıq tərəfindən sonuncu dəfə xx.xx.1999-cu il tarixdə bağ sahəsi iddiaçıya ayrılmış, ondan əvvəl isə xx.xx.1999-cu il tarixdə 293 saylı bağ sahəsi X5 verilmişdir. Eyni ildə, arasında 2 aydan az fərq olmaqla qəbul edilmiş bu qərarlar üzrə V.Həsənovanın adının 2007-ci il tarixdə cavabdehə təqdim edilmiş siyahıya daxil edilməsi, iddiaçının adının isə qeyd edilməməsi həmin sənədlərin mötəbərliyinə olan şübhəni daha da qüvvətləndirir. Məhkəmə hesab etmişdir ki, iddiaçının hüquqların dövlət qeydiyyatı üçün təqdim etdiyi sənədlər həmin qanunun 8-ci maddəsində nəzərdə tutulmuş qaydada tərtib edilmiş sənədlərə uyğun olmamışdır. Belə olan halda müəyyən olunur ki, cavabdehin imtinası əsaslı olmuşdur.” Məhkəmə kollegiyası birinci instansiya məhkəməsinin mövqeyi ilə razılaşmır. Belə ki, “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikasının Qanunun: 8.0. Daşınmaz əmlak üzərində hüquqların əmələ gəlməsinin, başqasına keçməsinin, məhdudlaşdırılmasının (yüklülüyünün) və xitam verilməsinin dövlət qeydiyyatı üçün aşağıdakılar əsas hesab olunur: ... 8.0.7. 2007-ci il mayın 22-dək müvafiq icra hakimiyyəti orqanlarının nəzdində olan bağ təsərrüfatı idarələri tərəfindən vətəndaşlara ayrılmış bağ sahələrinə dair verilən icarə müqavilələri, sərəncamlar və orderlər kollektiv bağçılıq-yoldaşlıq təsərrüfatının üzvlərinin siyahısına müvafiq olaraq verilmiş üzvlük kitabçası və ya üzvlərin iclasının protokolundan çıxarış; Azərbaycan Respublikası Prezidentinin 13 yanvar 2015-ci il tarixli, 439 nömrəli Fərmanı: ...

2. Müəyyən edilsin ki, bu Fərmanın 1-ci hissəsi ilə təsdiq olunan Siyahıda nəzərdə tutulmuş sənədlər müvafiq əmlaka hüququn əmələ gəldiyi anda həmin əmlak magistral boru kəmərlərinin, yüksək gərginlikli elektrik şəbəkələrinin, nəqliyyat infrastrukturu obyektlərinin və suların mühafizə zonalarında, neft və qaz yataqlarının işlənməsi üçün təsərrüfat subyektlərinin istifadəsində olan torpaq sahələrində yerləşmədiyi hallarda daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınması üçün əsas hesab edilir. ... Məhkəmə kollegiyası qeyd edir ki, hazırkı işin hallarından görünür ki, cavabdehin imtinasının əsasını üç dəlil təşkil edir: 1) təqdim edilmiş bağçılıq yoldaşlıq təsərrüfatının üzvlərinin siyahısında iddiaçının adının aşkar olunmaması; 2) bağ sahəsinin bir hissəsinin (200 kv.m) yüksək gərginlikli elektrik şəbəkəsinin (6000 vt) mühafizə zolağında yerləşməsi; 3) elektron kadastr məlumatına əsasən ərazinin bir hissəsinin (156 kv.m) daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınmış digər fiziki şəxsin – X1 adına dövlət reyestrində qeydiyyatdan keçmiş bağ sahəsinin koordinatları ilə üst-üstə düşməsi. İmtinanın ilkin dəlili ilə bağlı qeyd edilməlidir ki, “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Qanunun 8.0.7-ci maddəsinə əsasən 2007- ci il mayın 22-dək müvafiq icra hakimiyyəti orqanlarının nəzdində olan bağ təsərrüfatı idarələri tərəfindən vətəndaşlara ayrılmış bağ sahələrinə dair verilən icarə müqavilələri, sərəncamlar və orderlər kollektiv bağçılıq-yoldaşlıq təsərrüfatının üzvlərinin siyahısına müvafiq olaraq verilmiş üzvlük kitabçası və ya üzvlərin iclasının protokolundan çıxarış daşınmaz əmlak üzərində hüquqların əmələ gəlməsinin, başqasına keçməsinin, məhdudlaşdırılmasının (yüklülüyünün) və xitam verilməsinin dövlət qeydiyyatı üçün əsas hesab olunur. İş materiallarından göründüyü kimi Nərimanov rayon RTŞ “Bilik” bağçılıq yoldaşlığının idarə heyətinin yığıncağının xx.xx.1999-cu il tarixli 11 nömrəli protokolundan çıxarışa əsasən iddiaçı “Bilik” bağçılıq yoldaşlığına üzv qəbul edilmiş və 2-ci Cənub küçəsində yerləşən 500 kv.m “305” saylı bağ sahəsinin daimi istifadədən ötrü ona verilmiş, habelə iddiaçıya Bağçının üzvlük kitabçası təqdim edilmişdir. Lakin “Bilik” bağçılıq yoldaşlığı tərəfindən cavabdehə təqdim edilən arxiv sənədlərində bağçılıq yoldaşlığın üzvlərinə dair iki siyahının tərtib edildiyi müəyyən olunur. Bunlardan birincisi 1986-cı ildə tərtib edilmiş və həmin siyahıda 56 nəfərin adı qeyd edilmişdir. Digər siyahı isə sonradan baş vermiş dəyişikliklərə uyğun olaraq 2007-ci ildə tərtib edilmiş və həmin siyahıda 58 nəfərin adı qeyd edilmişdir. Sonuncu siyahı cavabdeh tərəfindən xx.xx.2007-ci il tarixdə qəbul edilmişdir. Qeyd edilən siyahıların heç birində iddiaçının adı göstərilməmişdir. Birinci instansiya məhkəməsi hesab etmişdir ki, sənədlərə əsasən iddiaçıya bağ sahəsi xx.xx.1999- cu il tarixdə ayrılmışdır. Buna görə də onun adının ilkin siyahıda olmaması təbiidir. Lakin sonradan baş vermiş dəyişikliklərə uyğun olaraq 2007-ci ildə bağçılığın üzvlərinin Siyahısı yenidən tərtib edilən zaman iddiaçının adının həmin siyahıya daxil edilməməsi mübahisəli bağ sahəsinin məhz 1999-cu ildə iddiaçıya ayrılmasına əsaslı şübhələr yaradır. Məhkəmə mövqeyini “Bilik” bağçılıq yoldaşlığın sədri M.Hümbətovun cavabdehə ünvanlanan ərizəsi və cavabdeh tərəfindən xx.xx.2007-ci il tarixdə qəbul edilən siyahı ilə əsaslandırsa da, nəzərə almaq lazımdır ki, bağçılıq yoldaşılığının üzvlərinin siyahısında dəyişikliyin baş verməsi ilə bağlı “Bilik” bağçılıq yoldaşlığın sədri M.Hümbətovun cavabdehə ünvanlanan ərizəsi xx.xx.2007-ci il tarixdə tərtib edilmişdir. Həmçinin Bakı Şəhər X7 İcraiyyə Komitəsinin xx.xx.1987-ci il tarixli, 20/396 nömrəli Qərarından göründüyü kimi Əzizbəyov rayonu, Dübəndi qəsəbəsində yerləşən ərazinin 3.66 ha hissəsi kollektiv bağçılığın təşkili məqsədilə 60 nəfər üzvə ayrılmışdır. İş üzrə mübahisələndirilən xx.xx.2007-ci il tarixli siyahıda isə 58 nəfərin adı qeyd edilmiş, lakin iddiaçının adı göstərilməmişdir. Bundan başqa, nəzərə almaq lazımdır ki, iddiaçıya verilən Bağçının üzvlük kitabçası mövcuddur və həmin üzvlük kitabçası hüquqi qüvvəsini itirməmişdir. Eyni zamanda “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Qanunun 8.0.7-ci maddəsində kollektiv bağçılıq-yoldaşlıq təsərrüfatının üzvlərinin siyahısına müvafiq olaraq verilmiş üzvlük kitabçasından əlavə həm də üzvlərin iclasının protokolundan çıxarış nəzərdə tutulmuşdur. Qeyd edilən çıxarış iddiaçı tərəfindən həm cavabdehə, həm də məhkəməyə təqdim edilmiş, lakin həmin çıxarışa düzgün hüquqi qiymət verilməmişdir. İddiaçının təqdim etdiyi üzvlərin iclasının protokolundan çıxarış cavabdeh tərəfindən təqdim edilən sənədlərlə - xx.xx.1999-cu il tarixli 11 nömrəli protokolun tam mətni ilə də uzlaşır. Yuxarıda qeyd edilənlərə əsasən məhkəmə kollegiyası hesab edir ki, iddiaçı tərəfindən təqdim edilən sənədlər “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Qanunun 8.0.7-ci maddəsinin tələbləri baxımından hüquqmüəyyənedici sənədlərdir və daşınmaz əmlak – bağ sahəsi üzərində iddiaçının mülkiyyət hüququnun qeydə alınması üçün əsasdır. Cavabdehin imtinasının ikinci dəlili olan “Bağ sahəsinin bir hissəsinin yüksək gərginlikli elektrik şəbəkəsinin mühafizə zolağında yerləşməsi”nə münasibətdə məhkəmə kollegiyası qeyd edir ki, iddiaçıya bağ sahəsi Nərimanov rayon RTŞ “Bilik” bağçılıq yoldaşlığının idarə heyətinin yığıncağının xx.xx.1999-cu il tarixli 11 nömrəli protokol qərarına əsasən ayrılmış, lakin cavabdehin istinad etdiyi yüksək gərginlikli elektrik xətti 2007-ci ildə çəkilmişdir. Eyni zamanda, həmin elektrik xətti abonent tərəfindən quraşdırılmış 1418 saylı komplekt transformator məntəqəsini qidalandıran xətdir. Bundan başqa, "xxxx" Açıq Səhmdar Cəmiyyəti birinci instansiya məhkəməsinin sorğusuna cavab olaraq verdiyi xx.xx.2021-ci il tarixli, xx-xx-1040 nömrəli məktubunda göstərmişdir ki, iddiaçıya məxsus Bakı şəhəri, Pirallahı rayonu, Dübəndi bağ massivi, İİ-Cənub küçəsində yerləşən 305 saylı bağ sahəsindən "xxxx" ASC-yə məxsus heç bir kommunikasiya xətləri keçmir. Həmçinin yuxarıda qeyd edilmiş Azərbaycan Respublikası Prezidentinin 13 yanvar 2015-ci il tarixli, 439 nömrəli Fərmanına əsasən müvafiq hüquqmüəyyənedici sənədlər həmin əmlaka hüququn əmələ gəldiyi anda həmin əmlak magistral boru kəmərlərinin, yüksək gərginlikli elektrik şəbəkələrinin, nəqliyyat infrastrukturu obyektlərinin və suların mühafizə zonalarında, neft və qaz yataqlarının işlənməsi üçün təsərrüfat subyektlərinin istifadəsində olan torpaq sahələrində yerləşmədiyi hallarda daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınması üçün əsas hesab edilir. Göründüyü kimi iddiaçıya torpaq sahəsinin 1999-cu ildə ayrılması, müvafiq elektrik xəttinin isə 2007-ci ildə abonent tərəfindən çəkilməsi işin mübahisəsiz halıdır. Ona görə də, məhkəmə hesab edir ki, cavabdehin yüksək gərginlikli elektrik şəbəkəsinin mühafizə zolağı ilə bağlı gətirdiyi dəlil əsassızdır. Məhkəmə kollegiyası cavabdeh imtinasının üçüncü dəlili olan – “Ərazinin bir hissəsinin digər şəxsin adına qeydiyyatdan keçmiş bağ sahəsinin koordinatları ilə üst-üstə düşməsi” ilə bağlı qeyd etməyi zəruri hesab edir ki, birinci instansiya məhkəməsi bu xüsusatla bağlı tam, hərtərəfli və obyektiv araşdırma aparmamış, mübahisənin düzgün həlli üçün əhəmiyyət kəsb edən bütün faktiki halları müəyyənləşdirmədən və qiymətləndirmədən yekun nəticəyə gəlmişdir. Belə ki, cavabdeh xx.xx.2021-ci il tarixli imtina məktubunda və xx.xx.2021-ci il tarixli iddia tələbinə yazılı etirazında mübahisələndirilən bağ sahəsinin bir hissəsinin (156 kv.m) daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınmış digər fiziki şəxs X1 adına dövlət reyestrində qeydiyyatdan keçmiş bağ sahəsinin koordinatları ilə üst-üstə düşdüyünü bildirmişdir. Lakin cavabdeh tərəfindən məhkəməyə təqdim edilən xx.xx.2021-ci il tarixli daşınmaz əmlakın texniki vəziyyətini əks etdirən müayinə (baxış) aktında göstərilmişdir ki, sonuncu verilmiş koordinatlara əsasən qonşu sahə ilə üst-üstə düşmə halı yoxdur. Həmçinin qeyd edilənlərdən əlavə iddiaçıya məxsus bağ sahəsinin 305 nömrəli, cavabdehin üst-üstə düşdüyünü iddia etdiyi bağ sahəsinin isə G-176 nömrəli olması da işin digər ziddiyyətli hallarından biridir. “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikasının Qanunun 15.1. Hüquqların dövlət qeydiyyatına alınmasından aşağıdakı hallarda imtina edilə bilər: 15.1.1. dövlət qeydiyyatı barədə müraciət olunan hüquq bu qanuna əsasən dövlət qeydiyyatına alınmalı deyildirsə; 15.1.2. hüquqların dövlət qeydiyyatı üçün notariat qaydasında təsdiqlənməsi tələb olunmayan sənədlərin forması və məzmunu qanunvericiliklə müəyyən edilmiş tələblərə uyğun deyildirsə; 15.1.3. hüquqların dövlət qeydiyyatı barədə ərizəni verməyə ixtiyarı olmayan şəxs müraciət etdikdə; 15.1.4. daşınmaz əmlaka hüququn yaranması barədə icra hakimiyyəti və ya bələdiyyə orqanının aktı qanunvericiliklə müəyyən edilmiş qaydada etibarsız hesab olunduqda; 15.1.5. daşınmaz əmlak barəsində təsdiqləyici sənəd vermiş şəxs həmin əmlak üzərində hüquqa dair sərəncam vermək səlahiyyətinə malik olmadıqda; 15.1.6. bu qanunun 14-cü maddəsində nəzərdə tutulmuş qeydiyyatın dayandırılmasına səbəb olan hallar aradan qaldırılmadıqda. 15.2. Hüquqların dövlət qeydiyyatından əsaslandırılmış imtina barədə ərizəçiyə 5 gün müddətində bildiriş göndərilir. Bildirişin forması müvafiq icra hakimiyyəti orqanı tərəfindən müəyyən edilir. Məhkəmə kollegiyası hesab edir ki, hazırkı iş üzrə mülkiyyət hüququnun qeydiyyata alınması ilə bağlı yuxarıda qeyd edilən əsaslardan hər hansı biri mövcud olmamış, cavabdehin imtinasının əsasını təşkil dəlillər isə iş materialları ilə təkzib olunmuşdur. Azərbaycan Respublikası İPM-nin 12.1-ci maddəsinə əsasən Məhkəmə proses iştirakçılarının izahatları, ərizə və təklifləri ilə, onların təqdim etdikləri sübutlarla və işdə olan digər materiallarla kifayətlənməyərək, mübahisənin düzgün həlli üçün əhəmiyyət kəsb edən bütün faktiki halları xidməti vəzifəsinə görə araşdırmağa borcludur. Həmin Məcəllənin 58.7-ci maddəsinə əsasən Sübutlar məhkəmə tərəfindən tam və hərtərəfli araşdırıldıqdan sonra qiymətləndirilir. Göründüyü kimi sübutların qiymətləndirilməsi ilə bağlı birinci instansiyası məhkəməsinin qənaəti də Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinin 58-ci maddəsinin tələblərinə uyğun olmamışdır. Bu səbəbdən birinci instansiyası məhkəməsinin qərarı işin müəyyən olunmuş hallarına münasibətdə maddi hüquq normalarının tətbiqi baxımından qanunsuz və əsassız sayılmalı, apellyasiya şikayəti təmin edilməli, birinci instansiyası məhkəməsinin qərarı ləğv edilməli, iddia tələbi təmin olunmalıdır. Beləliklə, məhkəmə kollegiyası iş üzrə toplanmış və tədqiq edilmiş sübutlara məcmu halda qiymət verərək hesab edir ki, hazırkı mübahisəyə baxılarkən birinci instansiya məhkəməsi tərəfindən işin faktiki halları düzgün araşdırılmamış, sübutlara düzgün hüquqi qiymət verilməmiş, maddi hüquq normalarının tətbiqində səhvə yol verilmiş və düzgün nəticəyə gəlinməmişdir. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 87.6-cı maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qərarını dəyişdirmədən qüvvədə saxlaya bilər, dəyişdirə bilər və ya ləğv edərək (tam və ya qismən) yeni qərar qəbul edə bilər. Birinci instansiya məhkəməsinin qərarı apellyasiya tələbi həddində dəyişdirilə bilər. Ona görə də qeyd edilənlərə əsasən məhkəmə kollegiyası yekunda belə qənaətə gəlir ki, iddiaçının apellyasiya şikayətinin dəlili əsaslı olduğundan təmin olunmalı, Bakı İnzibati Məhkəməsinin 22 aprel 2022-ci il tarixli, 2-1(112)- 815/2022 saylı qərarı qərarı ləğv edilməli, iddia tələbi təmin edilməlidir. Şərh olunanları nəzərə alaraq, Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinin 82, 87, 89, 90, 94 və 99-cu maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası Q Ə R A R A A L D I : İddiaçı apellyasiya şikayəti təmin edilsin. Bakı İnzibati Məhkəməsinin 22 aprel 2022-ci il tarixli, 2-1(112)- 815/2022 saylı qərarı ləğv edilsin. İş üzrə yeni qərar qəbul edilsin. İddia tələbi təmin edilsin. Bakı şəhəri, Pirallahı rayonu, Dübəndi bağ massivi, 2-ci Cənub küçəsində yerləşən “305” saylı bağ sahəsi üzərində İddiaçı hüquqlarının daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınması öhdəliyi cavabdeh Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Xidməti yanında Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsinin 1 saylı Bakı Ərazi İdarəsinə həvalə edilsin. Qərardan təqdim olunduğu gündən 1 (bir) ay müddətində Bakı Apellyasiya Məhkəməsi vasitəsilə Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyasına (Bakı şəhəri, Y.Səfərov küçəsi 14, 1193-cü məhəllə) kassasiya şikayəti verilə bilər.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar