Məhkəmə qərarları › İş №2-1(103)-4021/2023

Bakı Apellyasiya Məhkəməsi Qərardad — İş №2-1(103)-4021/2023

05.12.2023 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 2-1(103)-4021/2023 05.12.2023 BAKI APELLYASİYA MƏHKƏMƏSİ X3 Oruczadənin sədrliyi və məruzəsi ilə, Xəyalə Adil qızı Cəmilova və X2 ibarət tərkibdə, Abbaslı Sücayət Hafiz qızının katibliyi ilə, Cavabdehin nümayəndəsi X1 iştirakı ilə, İddiaçı cavabdeh Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin Bakı şəhər Lokal Gəlirlər Baş İdarəsinə qarşı qərarın ləğv edilməsi tələbi barədə inzibati iş üzrə Bakı İnzibati Məhkəməsinin e-1(112)-9427/2023 nömrəli, 19 sentyabr 2023-cü il tarixli qərardadından cavabdeh tərəfindən verilmiş apellyasiya şikayətinə əsasən işə Bakı Apellyasiya Məhkəməsinin (ünvan: ünvan 2 şifahi məhkəmə baxışı qaydasında baxaraq aşağıdakı qərardadı qəbul etdi. TƏSVİRİ HİSSƏ: İddiaçı (bundan sonra İddiaçı MMC) cavabdeh Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidməti Bakı şəhəri Lokal Gəlirlər Baş İdarəsinə (bundan sonra mətndə Lokal Gəlirlər Baş İdarəsi) qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin Lokal Gəlirlər Baş İdarəsinin İddiaçı MMC vergi ödəyicisinin və ya sığortaedənin vergi qanunvericiliyinin və ya icbari tibbi sığorta və sosial sığorta qanunvericiliyinin pozulmasna görə məsuliyyətə cəlb edilməsi haqqında **********169859 nömrəli qərarın ləğv edilməsi barədə qərar çıxarılmasını xahiş etmişdir. Bir sıra prosessual hərəkətlər edildikdən sonra xx.xx.2023-cü il tarixdə cavabdeh Lokal Gəlirlər Baş İdarəsi tərəfindən məhkəməyə təqdim olunmuş xx.xx.2023-cü il tarixli, **********616800 №-li “iş üzrə icraatın dayandırılması” barədə vəsatət onunla əsaslandırılmışdır ki, Lokal Gəlirlər Baş İdarəsinin “Səyyar vergi yoxlamasının keçirilməsi haqqında” xx.xx.2022-ci il tarixli **********156379 nömrəli qərarı ilə Vergi Məcəlləsinin 38.2ci maddəsinə əsasən "xxxx" MMC-də sahibkarlıq fəaliyyəti üzrə vergilər və digər icbari ödənişlərə dair qanunvericiliyə əməl edilməsi vəziyyətinin düzgünlüyünün yoxlanılması məqsədilə növbəti səyyar vergi yoxlaması keçirilmişdir, (yoxlanılan dövr: xx.xx.2019xx.xx.2022). Səyyar vergi yoxlamasının nəticəsi üzrə tərtib edilmiş xx.xx.2023-cü il tarixli **********158340 nömrəli akt əsasında “Vergi ödəyicisinin və ya sığortaedənin vergi qanunvericiliyinin və ya icbari tibbi sığorta və sosial sığorta qanunvericiliyinin pozulmasına görə məsuliyyətə cəlb edilməsi haqqında” xx.xx.2023-cü il tarixli **********169859 nömrəli qərar qəbul edilmişdir. Yoxlama zamanı vergi ödəyicisinin fəaliyyətində Azərbaycan Respublikasının Cinayət Məcəlləsində nəzərdə tutulmuş cinayət xarekterli faktlar (vergi ödəməkdən yayınma) aşkar olunduğundan, toplanmış materiallar qanunamüvafiq tədbirlərin görülməsi üçün İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin Vergi Cinayətlərinin İbtidai Araşdırılması Baş İdarəsinə göndərilmişdir. Toplanmış materiallar əsasında "xxxx" MMC-də 739.805,20 manat məbləğində, yəni xüsusilə külli miqdarda vergilərin dövlət büdcəsinə ödənilməkdən yayındırılması faktı üzrə xx.xx.2023-cü il tarixdə Cinayət Məcəlləsinin 213.3-cü maddəsi ilə cinayət işi başlanmış və hazırda istintaqı davam etdirilir. Cinayət-Prosessual Məcəlləsinin 7.0.4-cü maddəsinə əsasən cinayət təqibi cinayət hadisəsinin müəyyən edilməsi, cinayət qanunu ilə nəzərdə tutulmuş əməli törətmiş şəxsin ifşa olunması, ittiham irəli sürülməsi, bu ittihamın məhkəmədə müdafiə edilməsi, ona cəza təyin edilməsi, zəruri olduqda prosessual məcburiyyət tədbirlərinin təmin edilməsi məqsədi ilə həyata keçirilən cinayət-prosessual fəaliyyətdir. Göründüyü kimi qanunvericilikdə cinayət təqibi yalnız cinayət işi üzrə məhkəmə mübahisəsinin mövcüdluğu deyil, həmçinin cinayət hadisəsinin müəyyən edilməsi, cinayət qanunu ilə nəzərdə tutulmuş əməli törətmiş şəxsin ifşa olunması, ittiham irəli sürülməsi kimi hallarıda özündə ehtiva edir. Vergi ödəyicisi tərəfindən aparılan əməliyyatların xarakterini, göstərilən xidmətlərin vaxtını, vergi tutulan dövriyyənin və vergilərin dövriyyədən tam hesablanıb ödənilməsinin müəyyən edilməsi məqsədilə bir sıra istintaq hərəkətləri həyata keçirilir və həmin halların müvafiq izahatlar və sənədlər əsasında araşdırılması nəticəsində əldə ediləcək məlumatlar, iş üzrə məhkəmə tərəfindən əsaslandırılmış qərarın qəbul edilməsi üçün əsas ola bilər. Qeyd olunan iş üzrə aparılan cinayət təqibinin icraatınızda olan mübahisənin həllinə təsir etməsi halları mövcuddur, həmin hallar cinayət təqibi zamanı araşdırılmadan məhkəmə mübahisəsi üzrə obyektiv və düzgün qərarın çıxarılması qeyrimümkündür. Hesab edirik ki, iş üzrə aparılan cinayət təqibinin məhkəmənin icraatında olan inzibati mübahisənin həllinə təsir etməsi halları mövcud olduğundan, inzibati məhkəmə icraatı cinayət işi üzrə icraat başa çatana kimi dayandırılmalıdır. İnzibati Prosessual Məcəllənin 7.2-ci maddəsinə əsasən inzibati məhkəmə icraatının gedişində mübahisənin predmeti və ya mübahisə edilən hüquq münasibəti ilə bağlı cinayətin törədilməsi ilə əlaqədar cinayət təqibinin mübahisənin həllinə təsir edə biləcəyi hallarda, habelə məhkəmənin qərarının cinayət və ya mülki işlər üzrə məsələnin həllindən asılı olduğu hallarda məhkəmə cinayət işi və ya mülki iş üzrə icraat başa çatana kimi məhkəmə baxışını dayandırmalıdır. Həmin Məcəllənin 48.2-ci maddəsinə əsasən inzibati məhkəmə icraatının iştirakçıları yazılı vəsatətlərini, etirazlarını, izahatlarını və bunlarla əlaqədar sənədləri məhkəmə baxışı başlayana qədər təqdim etməyə borcludurlar. İddiaçı "xxxx" MMC-nin iddia tələbi üzrə inzibati məhkəmə icraatının cinayət işi üzrə icraat başa çatana kimi dayandırılması barədə qərardad çıxarılması xahiş olunmuşdur. Bakı İnzibati Məhkəməsinin e-2-1(112)-9427/2023 nömrəli, 19 sentyabr 2023-cü il tarixli qərardadı ilə cavabdehin yazılı vəsatəti təmin edilməmişdir. Həmin qərardaddan narazı qalan cavabdeh apellyasiya şikayəti verərək, birinci instansiya məhkəməsinin qərardadının ləğv edilməsini və iş üzrə yazılı vəsatətin təmin edilməsini xahiş etmişdir. Apellyasiya şikayətinin dəlilləri: Apellyasiya şikayəti yazılı vəsatətə uyğun əsaslandırılmışdır və əlavə olaraq qeyd edilmişdir ki, hazırki mübahisə üzrə iş üçün əhəmiyyət kəsb edən sübutların (sənədlərin) Vergi Cinayətlərinin İbtidaiAraşdırması Baş İdarəsi tərəfindən başlanılmış xx.xx.2023-cü il tarixli cinayət işi ilə əlaqədar olaraq həmin Baş İdarədə olduğundan, eyni zamanda iş üzrə aparılan cinayət təqibinin məhkəmənin icraatında olan inzibati mübahisənin həllinə təsir etməsi halları mövcud olduğundan, inzibati məhkəmə icraatının cinayət işi üzrə icraat başa çatana kimi dayandırılması vacibdir. Tərəflərin izahatları: Məhkəmə kollegiyasının iclasında iştirak edən cavabdehin nümayəndəsi apellyasiya şikayətini müdafiə edərək, təmin olunmasını, qərardadın ləğv edilməsini, iş üzrə icraatın davam etdirilməsini xahiş etdi. Məhkəmə iclasının vaxtı və yeri haqqında məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada məlumat verilsə də, iddiaçı tərəf məhkəmə iclasına gəlməmiş, gəlməməsinin səbəbləri barədə məlumat verməmişdir. Məhkəmə Kollegiyası Azərbaycan Respublikası İnzibati Prossesual Məcəlləsinin 62.3-cü maddəsinə əsaslanaraq işə iddiaçı tərəfin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. ƏSASLANDİRİCİ HİSSƏ: Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinin (İPM) 82-ci maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi mübahisə ilə bağlı işə şikayət həddində və hüquqi məsələlər, habelə sübutlar və faktlar (faktiki hallar) əsasında mahiyyəti üzrə tam həcmdə baxır. Məhkəmə kollegiyası iş materiallarını araşdıraraq hesab edir ki, Bakı İnzibati Məhkəməsinin e-2-1(112)-9427/2023 saylı, 19 sentyabr 2023-ci il tarixli qərardadı dəyişdirilmədən saxlanılmalı və şikayət təmin edilməməlidir. İnzibati iş materiallarından görünür ki, Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin Bakı şəhəri Lokal Gəlirlər Baş İdarəsinin “Vergi ödəyicisinin və ya sığortaedənin vergi qanunverciliyinin və ya icbari tibbi sığorta və sosial sığorta qanunvericiliyinin pozulmasına görə məsuliyyətə cəlb edilməsi haqqında” xx.xx.2023-cü il tarixli, № **********169859 saylı qərarı ilə Azərbaycan Respublikası Vergi Məcəlləsinin 58.1-ci maddəsinə əsasən, vergi qanunvericiliyinin və ya icbari tibbi sığorta və sosial sığorta qanunvericiliyinin pozulmasına görə məsuliyyətə cəlb edilməsi qərara alınmışdır. Həmçinin, Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin Vergi Cinayətlərinin İbtidai Araşdırılması Baş İdarəsinin İstintaq və təhqiqat idarəsinin Təhqiqat şöbəsinin “Cinayət işinin başlanması və icraata qəbul edilməsi barədə” xx.xx.2023-cü il tarixli Q2301618 saylı qərarı ilə Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 213.3-cü maddəsi ilə nəzərdə tutulmuş cinayətin əlamətlərinin olmasını nəzərə alaraq və Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 46.2, 46.3, 86.2.1, 207.1.3, 207.5.1, 210.2, 210.4, 210.6.3 və 217.2-ci maddələrini rəhbər tutaraq, "xxxx" MMC 739805,20 manat məbləğində, yəni xüsusilə külli miqdarda vergilərin dövlət büdcəsinə ödənilməkdən yayındırılması faktı üzrə Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 213.3-cü maddəsi ilə cinayət işi başlanması qərara alınmışdır. İPM-nin 7.2-ci maddəsinə görə, inzibati məhkəmə icraatının gedişində mübahisənin predmeti və ya mübahisə edilən hüquq münasibəti ilə bağlı cinayətin törədilməsi ilə əlaqədar cinayət təqibinin mübahisənin həllinə təsir edə biləcəyi hallarda, habelə məhkəmənin qərarının cinayət və ya mülki işlər üzrə məsələnin həllindən asılı olduğu hallarda məhkəmə cinayət işi və ya mülki iş üzrə icraat başa çatana kimi məhkəmə baxışını dayandırmalıdır. Qanunvericilik normasının məzmunundan da göründüyü kimi, inzibati məhkəmə icraatı cinayət işi ilə əlaqədar 2 halda dayandırıla bilər: 1) mübahisənin predmeti ilə bağlı cinayət təqibi mübahisənin həllinə təsir etsin, 2) məhkəmənin qərarı cinayət işi üzrə məsələnin həllindən asılı olsun. Məhkəmə kollegiyası bununla bağlı qeyd edir ki, Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun "Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 254.1.4-cü maddəsinin şərh edilməsinə dair xx.xx.2004-cü il tarixli Qərarında açıq göstərilmişdir ki, "İbtidai istintaq orqanları tərəfindən cinayət işi üzrə qəbul olunmuş qərarlar məhkəmənin icraatında olan mülki iş üçün preyudisial əhəmiyyət kəsb etmədiyindən mülki iş üzrə icraatın dayandırılmasına səbəb ola bilməz”. İş üzrə icraatın dayandırılması - məhkəmə və ya inzibati orqan tərəfindən işə baxılmasının qeyri-mümkünlüyünün müəyyən edildiyi halda işin icraatının dayandırılması üçün başqa iş üzrə preyudisial əhəmiyyət kəsb edən faktların müəyyən edilməsidir. Bu baxımdan, həm İPM-in 7.2-ci maddəsində, həm də MPM-in 254.1.4-cü maddəsində nəzərdə tutulan hallarda iş üzrə icraatın dayandırılması üçün işlərin istənilən qarşılıqlı bağlılığı deyil, yalnız elə bir asılılığı nəzərdə tutulur ki, mübahisəli hüquq münasibətinin hüdudlarından kənara çıxan məsələ nizamlananadək həmin işə baxılması ümumiyyətlə mümkün olmasın. Birinci instansiya məhkəməsi haqlı olaraq qeyd etmişdir ki, hazırkı iş üzrə işlərin belə bir asılılığı müəyyən edilmir. Belə ki, cavabdehin Vergi ödəyicisinin vergi qanunvericiliyinin pozulmasına görə məsuliyyətə cəlb edilməsi haqqında mübahisəli qərarı, inzibati orqan (cavabdeh) tərəfindən ümumi hüquq (vergilərin müəyyən edilməsi və ödənilməsi) sahəsinə aid olan məsələni (vergiləri azaldan vergi ödəyicisinin vergi məsuliyyətinə cəlb edilməsini) həll etmək məqsədilə qəbul edilmiş və ünvanlandığı şəxs (iddiaçı) üçün hüquqi nəticələr (müəyyən miqdarda əlavə vergilər və maliyyə sanksiyaları) yaradan qərar növündə hakimiyyət tədbiri olmaqla, "İnzibati icraat haqqında” AR Qanununun 2.0.2-ci maddəsi anlamında inzibati aktdır. İnzibati orqanların hakimiyyət tədbirlərindən narazı qalan şəxslərin məhkəmə müdafiəsi hüququ isə normativ-hüquqi müstəvidə ən yüksək təminat altına alınmışdır. Hansı ki, hazırki inzibati iş üzrə həmin inzibati akt mübahisələndirilir. Cavabdeh inzibati orqan isə həmin inzibati aktın qəbul edilməsinə əsas olan fakt əsasında başlanılmış cinayət işində araşdırmanın daha geniş səviyyədə həyata keçirilməsinin mümkünlüyünə istinad edərək, hazırki icraatın dayandırılmasını tələb edir. Məhkəmə kollegiyası isə diqqətə çatdırır ki, inzibati məhkəmə icraat zamanı məhkəmə yalnız tərəflərin təqdim etdiyi sübutlarla kifayətlənməyərək, işin obyektiv araşdırılması üçün İPM-in 12-ci maddəsinin tələblərindən irəli gələn səlahiyyətlərdən istifadə edir. Həmçinin, "İnzibati icraat haqqında” Qanunun: 71.1-ci maddəsinə əsasən, maraqlı şəxslər hüquqlarını və ya qanunla qorunan maraqlarını müdafiə etmək məqsədilə inzibati aktdan və ya inzibati aktın qəbul edilməsindən imtinadan şikayət vermək hüququna malikdirlər; 72.1-ci maddəsinə görə, inzibati aktdan şikayət inzibati qaydada və ya məhkəmə qaydasında verilə bilər; 72.5-ci maddəsinə əsasən, inzibati aktlardan məhkəmə qaydasında şikayət (inzibati iddia) Azərbaycan Respublikasının müvafiq qanunu ilə müəyyən olunmuş qaydada verilir. İnzibati prosessual Məcəllənin: 2.1-ci maddəsinə görə, qanunla başqa aidiyyət qaydası müəyyən edilməmişdirsə, inzibati mübahisələrə dair işlər üzrə məhkəmə icraatı inzibati məhkəmələr və inzibati kollegiyalar tərəfindən həyata keçirilir. 2.2.1 -ci maddəsinə əsasən, şəxsin hüquq və vəzifələri ilə bağlı inzibati orqan tərəfindən qəbul edilmiş inzibati aktın mübahisələndirilməsinə (ləğv olunmasına və ya dəyişdirilməsinə) dair iddialara (mübahisələndirmə haqqında iddia) inzibati məhkəmə icraatı qaydasında baxılır. Qanunvericilik normalarının təhlilindən göründüyü kimi, Azərbaycan Respublikasının inzibati icraat və inzibati prosessual qanunvericiliyi ilə şəxslərin hüquq və vəzifələri ilə bağlı inzibati orqanlar tərəfindən qəbul edilmiş inzibati aktlardan məhkəmə qaydasında şikayət vermək, yəni inzibati məhkəmələrdə inzibati aktın ləğv olunması və dəyişdirilməsi haqqında inzibati iddia qaldırmaq hüquqları aydın təsbit olunmuş, bu hüquq heç bir istisnaya tabe tutulmamış, qanunla başqa aidiyyət qaydası müəyyən edilməmişdir. Yuxarıda göstərilənlərə əsasən, hazırkı inzibati işə apellyasiya qaydasında baxan Məhkəmə kollegiyası işin müzakirə edilən hallarına məcmu halda hüquqi qiymət verərək hesab edir ki, birinci instansiya məhkəməsinin iş üzrə icraatın dayandırılmasına dair vəsatətin təmin olunmaması ilə bağlı qərardadı dəyişdirilmədən saxlanılmalı, cavabdeh tərəfindən verilmiş apellyasiya şikayəti təmin edilməməlidir. NƏTİCƏVİ HİSSƏ: Göstərilənlərə əsasən və İPM-in 2, 35, 80, 85-ci maddələrini rəhbər tutaraq, Məhkəmə Kollegiyası QƏRARA ALDİ: Cavabdeh Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin Bakı şəhər Lokal Gəlirlər Baş İdarəsinin apellyasiya şikayəti təmin edilməsin. Bakı İnzibati Məhkəməsinin e-2-1(112)-9427/2023 nömrəli, 19 sentyabr 2023-cü il tarixli qərardadı dəyişdirilmədən saxlanılsın. Qərardaddan onun rəsmi qaydada verildiyi gündən 10 (on) gün müddətində Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyası vasitəsilə Azərbaycan Respublikasının Ali Məhkəməsinin İnzibati Kollegiyasına kassasiya şikayəti verilə bilər. Sədrlik edən: Aytən Oruczadə Hakimlər: Xəyalə Cəmilova Rəşid Səmədov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar