Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-1(103)-4024/2025 11.12.2025 BAKI APELLYASİYA MƏHKƏMƏSİ Hakimlər Əkbərov Kamran Hüseyn oğlunun sədrliyi və məruzəsi ilə, Şirinov İkram Sabir oğlundan və Nəbizadə Nigar Xeyrulla qızından ibarət tərkibdə, Məhkəmə iclas katibi Şahbazlı Nəzrin Elmar qızının katibliyi, İddiaçının nümayəndəsi Nümayəndə3, Cavabdehin nümayəndəsi Nümayəndə2 iştirakları ilə, İddiaçı cavabdeh Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondu publik hüquqi şəxsin Sosial Ödənişlərin Təyinatı üzrə Mərkəzi Filialına qarşı “iddiaçıya yaşa görə əmək pensiyası 26 avqust 2019-cu il tarixindən təyin olunması vəzifəsinin cavabdehin üzərinə qoyulması” tələbinə dair Bakı İnzibati Məhkəməsinin 2- 1(112)-2191/2025 nömrəli, xx.xx.2025-ci il tarixli qərarından cavabdeh tərəfindən verilmiş apellyasiya şikayətinə Bakı Apellyasiya Məhkəməsinin (ünvan: ünvan 2əhəllə) binasında açıq məhkəmə iclasında şifahi məhkəmə baxışı qaydasında baxaraq aşağıdakı qərarı qəbul etdi. Təsviri hissə I. Mübahisəli hüquqi məsələnin qısa xülasəsi
1. İddiaçı Bakı İnzibati Məhkəməsində cavabdeh Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondunun Sosial Ödənişlərin Təyinatı üzrə Mərkəzi Filialına qarşı iddia qaldıraraq yaşa görə əmək pensiyasının təyin edilməsini vəzifəsinin cavabdehin üzərinə qoyulması barədə qərar qəbul edilməsini xahiş etmişdir.
2. İddia tələbi “iddiaçıya yaşa görə əmək pensiyası 26 avqust 2019-cu il tarixindən təyin olunması vəzifəsinin cavabdehə həvalə edilməsi” kimi dəyişdirilmişdir.
3. İddia tələbi onunla əsaslandırılmışdır ki, iddiaçı xx.xx.1957-ci ildə təvəllüdlüdür. Əmək kitabçasına əsasən ilk dəfə işə xx.xx.1975-ci ildə işə qəbul edilmiş və əmək fəaliyyətinə başlamışdır. Sonuncu iş yeri üzrə əmr xx.xx.2004-cü il tarixdə verilmişdir. Beləliklə iddiaçının 25 il 4 ay əmək-iş stajı vardır. İddiaçı hazırki tələb ilə bağlı cavabdehə müraciət etmiş, lakin cavabdeh tərəfindən iddiaçının müraciətinin icrasından imtina edilmişdir.
4. Cavabdeh iddiaya dair yazılı etiraz ilə məhkəməyə müraciət edərək bildirmişdir ki, mərkəzi filial tərəfindən iddiaçıya ünvanlanmış xx.xx.2024-cü il tarixli imtina məktubu ilə iddiaçının ümumi iş stajının 25 ildən az, həmçinin fərdi hesabının sığorta hissəsində qeydə alınmış pensiya kapitalının əmək pensiyasının minimum məbləğindən az olmayan pensiya təminatına imkan vermədiyindən ona yaşa görə əmək pensiyasının təyin olunmasından imtina edilmişdir. İddiaçı təqdim etdiyi sənədlərin surətlərinə əsasən sığorta stajı 21 il 4 ay 18 gün təşkil etmişdir. Nazirliyin elektron informasiya ehtiyatlarındakı məlumatlara əsasən xx.xx.2006-cı il tarixdən 01,07.2018-ci il tarixədək iddiaçının fərdi şəxsi hesabının sığorta hissəsində pensiya kapitalı qeydə alınmamışdır. İddiaçı tərəfindən təqdim edilmiş əmək kitabçasının surətində qeyd olunmuş mötəbərliyinə əsaslı şübhələr olan xx.xx.1998-ci il tarixdən xx.xx.2002-ci il tarixədək "xxxx" BM-in 2 saylı filialında olan əmək fəaliyyəti dövrlərinin araşdırılması zərurəti yaranmışdır. Azərbaycan Respublikası Dövlət X1 xx.xx.2024-cü il tarixli arayışına əsasən “ARTA Razvitie” BM-in 2 saylı filialının əmr kitabları və əmək haqqı cədvəllərində İddiaçı adı aşkar edilməmişdir. Bu səbəbdən sözügedən dövrün iddiaçının sığorta stajına daxil edilməsi mümkün olmamışdır. Əmək pensiyalarının təyin edilməsi, yenidən hesablanması, bir növündən başqa növünə keçirilməsi və ödənilməsinin inzibati orqan tərəfindən tənzimlənməsi bərabərlik hüququna, o cümlədən Konstitusiya və digər normativ hüquqi aktlarda qeyd olunduğu kimi hüquqa və haqq-ədalətə (bərabər mənafelərə bərabər münasibətə) əsaslanmalı və Konstitusiyaya zidd olmaması tələblərinə uyğun həyata keçirilməlidir. Sosial təminat sahəsində münasibətlərin hüquqi tənzimlənməsi zamanı eyni hüquqi vəziyyətdə olan subyektlər arasında ayrı-seçkiliyə yol verilməsi belə tənzimləmənin bütün subyektlərə münasibətdə qüsurlu olmasına gətirib çıxara bilər. Beləliklə, iddiaçının ümumi iş stajının 25 ildən az, həmçinin fərdi hesabının sığorta hissəsində qeydə alınmış pensiya kapitalının əmək pensiyasının minimum məbləğindən az olmayan pensiya təminatına imkan vermədiyindən ona yaşa görə əmək pensiyasının təyin olunması qanunvericiliyin tələbləri baxımından mümkün olmamışdır.
II. Birinci instansiya məhkəməsinin gəldiyi nəticə:
5. Bakı İnzibati Məhkəməsinin 2-1(112)-2191/2025 nömrəli, xx.xx.2025-ci il tarixli qərarı ilə iddia tələbi təmin edilmiş, İddiaçı yaşa görə əmək pensiyası 26 avqust 2019-cu il tarixindən təyin olunnması vəzifəsi cavabdeh Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondunun Sosial Ödənişlərin Təyinatı üzrə Mərkəzi Filialının üzərinə qoyulması qərara alınmışdır.
6. Məhkəmə qərarı onunla əsaslandırılmışdır ki, “Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyasının 2-1(102)- 169/2020 nömrəli iş üzrə qəbul edilmiş xx.xx.2020-cu il tarixli qərarında əks olunmuş mövqeyinə əsasən “iş stajını təsdiq edən sənəd əmək kitabçasıdır”. Öz növbəsində cavabdeh Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondunun Sosial Ödənişlərin Təyinatı üzrə Mərkəzi Filialı iddiaçının əmək kitabşasının saxta, qeyri-mötəbər olmasına dair məhkəməyə heç bir sübut təqdim etməmişdir. İddiaçının əmək kitabçasına əsasən “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikasının Qanunun qüvvəyə mindiyi tarixə qədər artıq 25 ildən çox əmək stajı mövcuddur. Belə olan halda cavabdeh inzibati orqan “İnzibati icraat haqqında” Azərbaycan Respublikasının Qanunu ilə onun üzərinə qoyulmuş öhdəlikləri icra etməmiş, iddiaçının xeyrinə olan halları araşdırmamış və onları nəzərə almaqdan iddiaçıya yaşa görə əmək pensiyasının təyin edilməsindən əsassız imtina etmişdir.”
7. Həmin qərardan narazı qalan cavabdeh tərəfindən apellyasiya şikayəti verilərək, qərarın ləğv edilməsi və iddia tələbinin təmin edilməməsi barədə qərar qəbul edilməsi xahiş edilmişdir.
III. Apellyasiya şikayətinin dəlilləri:
Apellyasiya şikayəti iddiaya dair yazılı etiraza uyğun əsaslandırılmışdır.
IV. Tərəflərin izahatları:
8. Cavabdehin nümayəndəsi apellyasiya şikayətini müdafiə edərək, onun məzmununa uyğun izahat verərək apellyasiya şikayətinin təmin olunmasını və birinci instansiya məhkəməsinin qərarının ləğv edilərək iddia tələbinin təmin edilməməsi barədə qərar qəbul edilməsini xahiş etdi.
9. İddiaçının nümayəndəsi apellyasiya şikayətinə etiraz edərək, onun rədd edilməsini xahiş etdi.
V. Tədqiq edilmiş sənədlər: - AZE seriyalı ******** nömrəli şəxsiyyət vəsiqəsindən görünür ki, iddiaçı xx.xx.1957-ci il təvəllüdlü Azərbaycan Respublikası vətəndaşıdır. - İddiaçıya məxsus əmək kitabçasından görünür ki, o, xx.xx.1975-ci ildə 2 saylı Bakı Taxıl Məhsullarının kombinatında döyməçi vəzifəsinə qəbul edilmiş və xx.xx.1982-ci ildə işdən azad edilmiş, xx.xx.1984-cü ildə “Bakı” univermağında satıcı kimi işə qəbul edilmiş, xx.xx.1997-ci ildə işdən azad edilmiş, xx.xx.1998-ci ildə "xxxx" BM – saylı filiala fəhlə işinə qəbul edilib xx.xx.2002-ci ildə işdən azad edilmiş, xx.xx.2003-cü ildə Mərkəzi qazanxaya laborant təyin edilmiş xx.xx.2004-cü ildə işdən azad edilmişdir. - Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondunun Sosial Ödənişlərin Təyinatı üzrə Mərkəzi Filialının 04 iyul 2024-cü il tarixli 3- 17-1/2-Q-154074/2024 nömrəli məktubunda qeyd edilmişdir ki, Təqdim edilən sənədlərin surətlərinə əsasən sığorta stajı 21 il 4 ay 18 gün təşkil edir. Nazirliyin elektron informasiya ehtiyatlarındakı məlumatlara əsasən xx.xx.2006-cı il tarixindən xx.xx.2018- ci il tarixinədək fərdi şəxsi hesabında sığorta hissəsində pensiya kapitalı qeydə alınmayıb. Təqdim edilən əmək kitabçasının surətində qeyd olunmuş mötəbərliyinə əsaslı şübhələr olan xx.xx.1998-ci il tarixindən xx.xx.2002-ci il tarixinədək "ARTA Razvitie” BM-in 2 saylı filialında olan əmək fəaliyyəti dövrlərin araşdırılması zərurəti yaranmışdır. Azərbaycan Respublikası Dövlət X1 xx.xx.2024-cü il tarixli arayışına əsasən “ARTA Razvitie” BM-in 2 saylı filialının əmr kitabları və əmək haqqı cədvəllərində adınız aşkar olunmamışdır. Bu səbəbdən sözügedən dövrün sığorta stajınıza daxil edilməsi mümkün olmayıb. Qeyd olunanları nəzərə alaraq, ümumi sığorta stajının qanunla yaşa görə əmək pensiyası hüququnun yaranması üçün nəzərdə tutulandan (25 ildən) az olduğuna görə sizə bu növ pensiyanın təyin edilməsi qanunvericiliyin tələbləri baxımından mümkün hesab edilməyib. İddiaçı xx.xx.2019-cu il tarixindən yaşa görə sosial müavinət təyin edilmiş, hazırda ödənişi 220 manat məbləğində olmaqla davam etdirilir. - Milli Arxiv İdarəsi Azərbaycan Respublikası Dövlət X1 03 aprel 2025-ci il tarixli 3-48-DA-4F/2- 490/8/2025 nömrəli məktubu əsasında bildirilmişdir ki, "xxxx" Birgə Müəssisəsinin 2 saylı filialının 1998-2002-ci illərin işçi heyət üzrə əmr kitabları və əmək haqqının hesablam-ödəniş cədvəlləri yoxlanılmış və İddiaçı işə daxil olma əmri və adına hesablanmış əmək haqqı aşkar olunmamışdır. Əlavə olaraq "xxxx" Birgə Müəssisəsinin 2 saylı filialının xx.xx.2002-ci il tarixli 9a saylı əmrinin təsdiq olunmuş surətini təqdim etmişdir. Təqdim edilmiş əmrdən görünür ki, İddiaçı xx.xx.2002-ci il tarixdən öz xahişi ilə işdən azad edilmişdir.
Əsaslandırıcı hissə
VI. Tətbiq olunan hüquq
10. “Əmək pensiyaları haqqında” Qanundan: 1.0.1-ci maddəsinə əsasən əmək pensiyası - bu Qanunla nəzərdə tutulmuş qayda və şərtlərlə müəyyən edilən və məcburi dövlət sosial sığortaolunanların (bundan sonra – sığortaolunan) onlara əmək pensiyası təyin olunduqdan əvvəl aldıq-ları əməkhaqqı və digər gəlirlərin, yaxud sığortaolunanlarin ölümü ilə əlaqədar onların ailə üzvlərinin itirdikləri gəlirlərin kompensasiyası məqsədilə vətəndaşlara aylıq pul ödənişidir; 1.0.2-ci maddəsinə əsasən sosial sığorta stajı (bundan sonra - sığorta stajı) əmək pensiyası hüququnun müəyyən edilməsi zamanı nəzərə alınan iş və ya digər fəaliyyət dövrlərinin (müvafiq icra hakimiyyəti orqanına məcburi dövlət sosial sığorta haqları ödəmək şərtilə) və eləcə də müvafiq qanunvericiliklə sığorta stajına daxil edilən digər dövrlərin məcmusudur; 7-ci maddəsinə əsasən, 63 yaşına çatmış kişilərin və 60 yaşına çatmış qadınların fərdi şəxsi hesabın sığorta hissəsində qeydə alınmış pensiya kapitalı əmək pensiyasının minimum məbləğindən az olmayan pensiya təminatına imkan verdikdə sığorta stajından asılı olmayaraq, bu pensiya təminatına imkan vermədikdə isə azı 25 il sığorta stajı olduqda (2017-ci il iyulun 1-dək yaşa görə əmək pensiyası təyin edilmiş şəxslər istisna olmaqla) yaşa görə əmək pensiyası hüququ vardır. Qeyd. Bu Qanunun 7-ci maddəsində nəzərdə tutulmuş kişilərin yaş həddi 2017-ci il iyulun 1-dən başlayaraq 2021-ci il iyulun 1-dək, qadınların yaş həddi 2017-ci il iyulun 1-dən başlayaraq 2027-ci il iyulun 1-dək hər il 6 ay artırılır. 21.2-ci maddəsinə əsasən sığortaolunanın sığorta stajına bu Qanunun 21.1-ci maddəsində qeyd olunan müddətlərdən əlavə, aşağıdakı müddətlər daxil edilir: 21.2.1.işçinin işəgötürən tərəfindən hesablanmış əmək haqqına məcburi dövlət sosial sığorta haqqı ödənilən hər hansı işinin müddəti.
11. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 1996-cı il 26 dekabr tarixli, 186 nömrəli qərarı ilə təsdiq edilmiş “İşçilərin əmək kitabçasının forması və onun tərtibi qaydaları”nın 1.1-ci bəndinə əsasən isə əmək kitabçası işçinin əmək fəaliyyətini və əmək stajını təsdiq edən əsas sənəddir.
12. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2022-ci il 28 aprel tarixli 175 nömrəli Qərarı ilə təsdiq edilmiş “Əmək pensiyalarının təyin edilməsi, hesablanması, yenidən hesablanması, bir növdən başqa növə keçirilməsi və ödənilməsi Qaydası”nın 4.1. -ci maddəsinə əsasən, əmək pensiyasının təyin edilməsi zamanı nəzərə alınan sosial sığorta stajı aşağıdakılara əsasən müəyyən edilir: 4.1.1. 2006-cı il yanvarın 1-dək olan dövr üzrə:
1. “Sosial sığorta haqqında” Azərbaycan Respublikasının Qanununa və bu sahədə münasibətləri tənzimləyən digər normativ hüquqi aktlara uyğun olaraq məcburi dövlət sosial sığorta haqlarının ödənilməsi şərtilə mülkiyyət formasından, əmək fəaliyyətinin xüsusiyyətlərindən və müddətindən asılı olmayaraq, müəssisə, idarə və təşkilatlarda əmək müqaviləsi (kontraktı) əsasında işləyənlərin iş müddəti əmək fəaliyyəti barədə sənədlərə (əmək kitabçası, o olmadıqda işəgötürənin arayışı və ya dövlət arxivinin arayışı), həmin sənədlərin mötəbərliyinə əsaslı şübhələr olduğu hallarda Fond tərəfindən işəgötürəndə, dövlət arxivində və Fondda mühafizə edilən məlumatların üzləşdirilməsi nəticəsində tərtib olunan akta əsasən;
13. “İnzibati icraat haqqında” Azərbaycan Respublikası Qanunun: 19.1-ci maddəsinə əsasən inzibati icraat zamanı işin faktiki halları ilə əlaqədar fiziki və ya hüquqi şəxslər tərəfindən təqdim olunan sənədlər və dəlillər, onların həqiqətə uyğun olmadığı sübuta yetirilməyibsə, mötəbər hesab olunur. Fiziki və ya hüquqi şəxslərdən həmin sənədlərin və dəlillərin mötəbərliyini təsdiq edən əlavə sənədlərin və ya məlumatların tələb olunması qadağandır. 19.2-ci maddəsinə əsasən təqdim olunmuş sənədlərin və dəlillərin mötəbərliyinə əsaslı şübhələr olduğu hallarda, inzibati orqan müstəqil şəkildə və öz hesabına onların mötəbərliyinin müəyyən edilməsi üçün tədbirlər görür. 24.1-ci maddəsinə əsasən inzibati orqan inzibati icraat zamanı işin düzgün həlli üçün əhəmiyyət kəsb edən bütün faktiki halları hərtərəfli, tam və obyektiv araşdırmağa borcludur. 24.2-ci maddəsinə əsasən inzibati orqan maraqlı şəxslərin xeyrinə olan halların araşdırılmasından və nəzərə alınmasından imtina edə bilməz. 24.3-cü maddəsinə əsasən inzibati icraat zamanı işin bütün hallarının araşdırılması inzibati orqanın xidməti vəzifəsindən irəli gəlir. Araşdırmanın üsulu və həcmi inzibati orqan tərəfindən müəyyən edilir. İnzibati orqan maraqlı şəxslərin izahatları ilə və təqdim etdiyi sübutlarla bağlı deyildir. 24.4-cü maddəsinə əsasən təqdim olunmuş sübutlar yetərli olmadıqda, inzibati orqan öz təşəbbüsü ilə əlavə sübutlar toplamağa borcludur.
VII. Məhkəmənin mövqeyi
14. Məhkəmə kollegiyası hesab edir ki, iddia tələbinin təmin edilməsi ilə bağlı birinci instansiya məhkəməsi düzgün nəticəyə gəlmişdir.
15. Hazırkı işin hallarından görünür ki, iddiaçı xx.xx.1957-ci il təvəllüdlü olmaqla iddiaçının pensiya hüququ xx.xx.2019-cu il tarixdən yaranmışdır. Bununla əlaqədar o cavabdeh inzibati orqana müraciət etsə də, onun müraciəti təmin edilməmişdir.
16. Cavabdehin hazırkı iş üzrə imtinasının əsası kimi iddiaçının ümumi iş stajının cəmi 21 il 4 ay 18 gün olması təşkil etmişdir.
17. Belə ki, cavabdeh iddiaçının əmək kitabçasında qeyd edilmiş xx.xx.1975-ci ildən xx.xx.1997-ci ilədək və xx.xx.2003-cü ildən xx.xx.2004-cü ilədək olan dövr üzrə iş stajını mübahisləndirməmişdir, və bu iş stajı 21 il 8 ay 17 gün təşkil edir.
18. Mübahisəli dövr ilə bağlı məhkəmə kollegiyası bildirir ki, iddiaçının təqdim etdiyi sübut - əmək kitabçası onun həmin dövr üzrə iş stajına dair məlumatları əks etdirir və bu məlumatların həqiqətə uyğun olmadığı sübuta yetirilməyibsə, mötəbər hesab olunur.(“İnzibati icraat haqqında” Qanununun 19- cü maddə)
19. Cavabdeh tərəfindən həmin əmək kitabçasında göstərilən məlumatların həqiqətə uyğun olmadığı və ya saxta olması sübuta yetirilməmişdir.
20. Vahid məhkəmə təcrübəsinin mövcudluğu məhkəmələrin hüquqi məsələlərin həllinə yanaşmalarının sabitliyinin və ədalət mühakiməsi həyata keçirilərkən maddi və prosessual hüquq normalarının eyni cür tətbiq edilməsinin təminatı kimi çıxış edir. Qanunun eyni cür tətbiqi hüququn ümumiliyini, qanun qarşısında bərabərliyi və hüquqi müəyyənliyi təmin edir. Hüquqi dövlətdə bu prinsiplərin hakim olması şəxslərin ədalət mühakiməsinə və məhkəmələrə olan inamını artırır, onlara öz hərəkətlərinin hüquqi nəticələrini öncədən görmə imkanı verir. Bundan başqa, vahid məhkəmə təcrübəsinin mövcudluğu oxşar məhkəmə işlərinin həllinin proqnozlaşdırıla bilən olmasını təmin etməklə mübahisələrin məhkəmədən kənar həllinə kömək edir, bununla həm də, son nəticədə ədalət mühakiməsinin səmərəliliyinin və keyfiyyətinin artırılmasına töhfə verilmiş olur İnzibati məhkəmə icraatında kassasiya şikayətinin mümkünlüyünə dair Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyasının Qərardadı, 40-cı bənd).
21. Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyasının 2-1(102)- 169/2020 nömrəli iş üzrə qəbul edilmiş xx.xx.2020-cu il tarixli qərarında əks olunmuş mövqeyinə əsasən “iş stajını təsdiq edən sənəd əmək kitabçasıdır”.
22. “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikasının Qanununa əsasən əmək pensiyalarının təyin edilməsi, yenidən hesablanması, bir növündən başqa növünə keçirilməsi və ödənilməsi” Qaydalarının 3.1.1-ci bəndinə əsasən Qanunun qüvvəyə mindiyi günədək sığortaolunanların qazanılmış əmək pensiyası hüquqlarının nəzərə alınması üçün iş stajı əmək kitabçasına əsasən müəyyən edilir.
23. Şəxsin pensiya təyin edilməsi zamanı nəzərə alınmalı olan sosial sığorta stajı (iş stajı) bir qayda olaraq uzun illər ərzində toplanır. Bu illər ərzində onun işlədiyi, təhsil aldığı, hərbi xidmətdə olduğu və s. dövrlərin pensiya hüququ verən sosial sığorta stajına hesablanması, eləcə də hansı sənədlərin iş stajını təsdiq edən sənədlər kimi nəzərə alınmasının mümkünlüyü məsələsinə münasibətdə qanunvericiliyin normaları dəyişkən ola bilər. Belə dəyişkənliyin şəxsin hüquqlarını pozmamasını təmin etmək üçün “qazanılmış hüquq” konsepsiyası tətbiq edilməlidir.
24. Qazanılmış hüquqlara münasibətdə nəzərə almaq lazımdır ki, əvvəlki qanunvericiliklə qazanılmış hüquq sonradan həyata keçirilmiş qanunvericilik tənzimləmələri ilə ortadan qaldırıla və ya məhdudlaşdırıla bilməz. Bu, qanunvericinin sosial təminat sahəsindəki tənzimləmə müstəqilliyinin mütləq olmayıb, “qanuni gözlənti” və “hüquqi müəyyənlik” prinsipləri ilə məhdudlaşdığından irəli gəlir. Qeyd edilən prinsiplərin mənasına görə qəbul edilmiş yeni tənzimləmələr əvvəllər yaranmış hüquq münasibətlərinin davamlılığına və sabitliyinə xələl gətirməmək üçün yalnız gələcəkdə, yəni qüvvəyə mindikdən sonra yaranmış hüquq münasibətlərinə tətbiq oluna bilər və yeni müddəalar qüvvəyə mindiyi vaxtdan əvvəl şəxslərin artıq əldə edilmiş hüquqlarını əvəzsiz ləğv edə bilməz.
25. Məhkəmə kollegiyası qeyd edir ki, ilkin sübutetmə yükü qanunvericiliklə üzərinə düşən tərəf kimi iddiaçının ona pensiyanın yenidən hesablanması ilə bağlı arzuladığı inzibati aktın cavabdeh tərəfindən qəbul edilməsini zəruri edən faktiki şərtlərin mövcudluğu iş üzrə sübuta yetirilir, bu inzibati aktın cavabdeh tərəfindən qəbulunu konkret halda istisna edən faktiki şərtlərin mövcudluğu isə iş materialları ilə təsdiq olunmur (İPM-14.3). Bu səbəbdən cavabdehin imtinası qanuni olmamış və iddiaçının hüquqlarını pozmuşdur (İPM-73.1), imtina cavabdehin inzibati orqan olaraq güdməli olduğu qanuni məqsədə mütənasib, həmin məqsədə çatmaq üçün öz məzmunu baxımından zəruri və yararlı olmamışdır («İnzibati icraat haqqında» AR Qanunu, 17-ci maddə).
26. Nəticə etibarilə iddiaçının yaşa görə pensiya təyin edilməsi hüququ və bununla bağlı “qanuni gözləntisi” var. Belə ki, X2 Presedent hüququna əsasən, məhkəmə tərəfindən dəfələrlə qeyd edilmişdir ki, “mülkiyyət” ifadəsi qanunvericinin verdiyi anlayışla məhdudlaşmır, avtonom anlayışa malikdir.
27. “Əmlak”a “mövcud əmlak” və ya aktiv, o cümlədən ərizəçinin əmlak hüquqlarından istifadəni təmin etmək üçün ən azı “qanuni gözləntisi” olan iddialar ola bilər. Səmərəli şəkildə icrası mümkün olmayan əmlakı tanıtmağa ümid, eləcə də şərtin icra edilməməsi nəticəsində uzanan şərti iddia 1 saylı Protokolun 1-ci maddəsi baxımından “əmlak” hesab edilə bilməz (Prince Hans-Adam İİ of Liechtenstein v. Germany , and Gratzinger and Gratzingerova v. the Czech Republic );
28. “Mülkiyyət” anlayışı “mövcud mülkiyyətlə” məhdudlaşmır və tələblər də daxil olmaqla, ərizəçinin ən azından mülkiyyət hüququndan səmərəli şəkildə istifadənin əldə olunmasına ağlabatan və “qanuni gözləntisi” olan əmlakı da əhatə edə bilər. “Gözlənti” mübahisə obyekti olan mülki maraqla bağlı hüquqi müddəaya və ya hüquqi akta əsaslandığı halda “qanunidir” (Saghinadze və başqaları Gürcüstana qarşı 27.5.2010 tarixli qərar [İİ Bölmə] ərizə № 18768/05)
29. Beləliklə, hazırkı inzibati işə apellyasiya qaydasında baxan məhkəmə kollegiyası işin yuxarıda müzakirə edilən hallarına məcmu halda hüquqi qiymət verərək hesab edir ki, birinci instansiya məhkəməsinin qərardadı maddi və prosessual hüquq normalarının tətbiqi baxımından qanuni olmuş, apellyasiya şikayəti qərardadın ləğvinə əsas verməmiş, bununla əlaqədar olaraq, apellyasiya şikayəti təmin edilməməli, birinci instansiya məhkəməsinin qərardadı dəyişdirilmədən qüvvədə saxlanılmalıdır.
30. Odur ki, cavabdeh tərəfindən verilmiş apellyasiya şikayəti təmin edilməməli, hazırki iş üzrə Bakı İnzibati Məhkəməsinin 2-1(112)-2191/2025 nömrəli, xx.xx.2025-ci il tarixli qərarı dəyişdirilmədən saxlanılmalıdır.
Nəticə hissəsi
31. Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinin 82, 87, 89, 90 və 94- cü maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası
QƏRARA ALDİ:
Apellyasiya şikayəti təmin edilməsin. Bakı İnzibati Məhkəməsinin 2-1(112)-2191/2025 nömrəli, xx.xx.2025-ci il tarixli qərarı dəyişdirilmədən saxlanılsın. Qərardan onun rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyası vasitəsilə Azərbaycan Respublikasının Ali Məhkəməsinin İnzibati Kollegiyasına kassasiya şikayəti verilə bilər.