Məhkəmə qərarları › İş №2-1(103)-4028/2025

Bakı Apellyasiya Məhkəməsi Qərardad — İş №2-1(103)-4028/2025

24.12.2025 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 2-1(103)-4028/2025 24.12.2025 BAKI APELLYASİYA MƏHKƏMƏSİ İddiaçı cavabdehlər Azərbaycan Respublikasının Səfərbərlik və Hərbi Xidmətə Çağırış Üzrə Dövlət Xidməti Nəsimi Rayon İdarəsi və Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi Dövlət Tibbi-Sosial Ekspertiza və Reabilitasiya Agentliyinə qarşı iş üzrə (Açar sözlər: qərarın ləğv edilməsi və s.) Hakimlər Abbasova Günel Məhərrəm qızının sədrliyi və məruzəsi ilə, Talışınski Fuad Şəmsəddin oğlu və Məmməd Məmmədov Allahverdi oğlundan ibarət tərkibdə, Səmədzadə Günay Sarastən qızının katibliyi ilə, İddiaçı iştirakı ilə, İddiaçı cavabdehlər Azərbaycan Respublikasının Səfərbərlik və Hərbi Xidmətə Çağırış Üzrə Dövlət Xidməti Nəsimi Rayon İdarəsi və Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi Dövlət Tibbi-Sosial Ekspertiza və Reabilitasiya Agentliyinə qarşı “qərarın ləğv edilməsi və s.” tələbinə dair iş üzrə Bakı İnzibati Məhkəməsinin 12 avqust 2025-ci il tarixli, 2-1(112)-11632/2025 nömrəli qərardadından iddiaçı tərəfindən verilmiş apellyasiya şikayətinə əsasən inzibati işə Bakı Apellyasiya Məhkəməsinin binasında, açıq məhkəmə iclasında baxaraq aşağıdakı qərarı qəbul etdi. İŞİN HALLARİ

1. İddiaçı iddia tələbi ilə məhkəməyə müraciət edərək Azərbaycan Respublikası Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidməti Nəsimi rayon İdarəsinin iddiaçı barəsində qəbul etdiyi şəhadətləndirmənin ləğv edilməsi barədə qərar qəbul edilməsi xahiş edilmişdir.

2. Daha sonra iddiaçı iddia tələbini İddiaçı Qadraş oğlunun xx.xx.2025-ci il tarixdə hərbi xidmətə çağırışının ləğv edilməsi kimi dəyişdirmişdir.

3. Eyni zamanda iddiaçı (ərizəçi) məhkəməyə hazırkı müvəqqəti xarakterli müdafiəyə dair ərizə ilə müraciət edərək əsas iddia tələbi üzrə yekun məhkəmə qərarı qanuni qüvvəyə minənə qədər hərbi xidmətə aparılmanın cavabdehə qadağan edilməsi barədə qərardad qəbul edilməsini xahiş etmişdir.

4. Bakı İnzibati Məhkəməsinin 12 avqust 2025-ci il tarixli, 2-1(112)-11632/2025 nömrəli qərardadı ilə iddia tələbi mümkünsüz hesab edilmişdir.

5. Qərardaddan iddiaçı apellyasiya şikayəti verərək qərardadın ləğv edilməsi və iddianın mümkün hesab edilərək işə mahiyyəti üzrə baxılması üçün birinci instansiya məhkəməsinə göndərilməsi barədə qərardad qəbul edilməsini xahiş etmişdir.

6. Apellyasiya baxışı zamanı iddiaçı iddia tələbinin dəqiqləşdirilməsinə dair ərizə verərək, iddia üzrə cavabdeh qismində Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi, Dövlət Tibbi-Sosial Ekspertiza və Reabilitasiya Agentliyini, üçüncü şəxs qismində isə Azərbaycan Respublikası Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin Nəsimi rayon İdarəsi qoymaqla Agentliyin barəsində qəbul etdiyi xx.xx.2025 tarixli yekun tibbi müayinənin nəticəsi barədə qərarın ləğv edilməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir.

7. Məhkəmə kollegiyasının təşəbbüsü ilə iddiaçıya yardım göstərilərək, cavabdehlər qismində Azərbaycan Respublikasının Səfərbərlik və Hərbi Xidmətə Çağırış Üzrə Dövlət Xidməti Nəsimi Rayon İdarəsi və Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi Dövlət Tibbi-Sosial Ekspertiza və Reabilitasiya Agentliyi cəlb edilməklə, Agentliyin iddiaçı barəsində qəbul etdiyi xx.xx.2025 tarixli yekun tibbi müayinənin nəticəsi barədə qərarın ləğv edilməsi barədə qərar qəbul edilməsi olaraq, ərizə icraata qəbul edilmişdir.

APELLYASİYA ŞİKAYƏTİNİN DƏLİLLƏRİ:

8. Apellyasiya şikayəti iddia ərizəsinə uyğun olaraq əsaslandırılmışdır.

MƏHKƏMƏ İCRAATİ İŞTİRAKÇİLARİNİN İZAHATLARİ:

9. Məhkəmə iclasında iştirak edən İddiaçı apellyasiya şikayətini müdafiə edərək təmin və iddia tələbinin dəqiqləşdirilməsi barədə ərizənin icraata qəbul edilməsini xahiş etdi.

10. Məhkəmə kollegiyasının iclasının vaxtı və yeri barədə iş üzrə cavabdehə və üçüncü şəxsin nümayəndəsinə lazımi qaydada məlumat verilməsinə baxmayaraq, iş üzrə onlar məhkəmə kollegiyasının iclasında iştiraklarını təmin etməmişlər. Lakin cavabdehin nümayəndəsi məhkəməyə ərizə ünvanlayaraq, işə onların iştirakı olmadan baxılmasını xahiş etmişdir.

11. Məhkəmə kollegiyası Azərbaycan Respublikası İnzibati Prossesual Məcəlləsinin 62.3-cü maddəsinə əsaslanaraq işə cavabdehə və üçüncü şəxsin nümayəndəsinə iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir.

TƏTBİQ EDİLƏN HÜQUQ və MƏHKƏMƏNİN MÖVQEYİ

12. Məhkəmə kollegiyası iş materiallarını və apellyasiya şikayətinin dəlillərini araşdıraraq, işdə olan sübutlara hüquqi qiymət verərək hesab edir ki, apellyasiya şikayəti təmin edilməli, Bakı İnzibati Məhkəməsinin 12 avqust 2025-ci il tarixli, 2-1(112)-11632/2024 nömrəli qərardadı ləğv edilməli, iş sonrakı zəruri prosessual hərəkətlərin edilməsi üçün həmin məhkəməyə göndərilməlidir.

13. Məhkəmə kollegiyası ilk növbədə qeyd edir ki, inzibati mübahisələrə baxılması ilə əlaqədar iddianın əsaslılığının yoxlanılması üçün zəruri ilkin şərt onun mümkün hesab edilməsidir. İddianın əsaslılığının yoxlanılmasına yönəlmiş fəaliyyəti zamanı məhkəmə cavabdehə qarşı irəli sürülmüş maddi-hüquqi tələbin mövcud olub-olmamasını araşdırmaqla mahiyyəti üzrə qərar qəbul edir. Mümkünlük şərtləri isə iddiaya mahiyyəti üzrə baxmağa imkan verən şərtlərin mövcudluğunun yoxlanılmasını nəzərdə tutur. İddianın mümkünlüyü həmişə onun əsaslılığının yoxlanılmasından əvvəl aparılan hüquqi dəyərləndirmədir. Ona görə də, işə baxan məhkəmə öncə mümkünlük şərtlərinin mövcudluğunu yoxlamalı və yalnız həmin şərtlərinin mövcudluğunun müəyyən olunmasından sonra iddianın mahiyyəti üzrə araşdırılmasını aparmalıdır. Eyni zamanda, nəzərə almaq lazımdır ki, mümkünlük şərtlərinin mövcudluğunu məhkəmə tərəflərin bunu tələb edib-etməmələrindən asılı olmayaraq xidməti vəzifəsinə görə yoxlamalıdır. Tərəflər iddianı mümkün hesab etsələr belə, məhkəmə xidməti vəzifəsinə görə aparmalı olduğu yoxlama nəticəsində tərəflərin mövqelərinin əksinə olaraq iddianın mümkünsüzlüyü nəticəsinə gələ bilər. Belə ki, İPM-in 12.1-ci maddəsinə görə məhkəmə proses iştirakçılarının izahatları, ərizə və təklifləri ilə, onların təqdim etdikləri sübutlarla və işdə olan digər materiallarla kifayətlənməyərək, mübahisənin düzgün həlli üçün əhəmiyyət kəsb edən bütün faktiki halları xidməti vəzifəsinə görə araşdırmağa borcludur.

14. Azərbaycan Respublikası Ali Məhkəməsinin “İnzibati məhkəmə icraatında iddianın mümkünlüyünə dair” 10 aprel 2015-ci il tarixli, 5 saylı qərarından: 1.1 Məhkəmələr nəzərə almalıdırlar ki, inzibati mübahisələrə dair iddianın əsaslılığının yoxlanılması üçün zəruri ilkin şərt onun mümkün olmasıdır. 1.2 İddianın əsaslılığının yoxlanılmasına yönəlmiş fəaliyyəti zamanı məhkəmə cavabdehə qarşı irəli sürülmüş maddi-hüquqi tələbin mövcud olub-olmamasını araşdırmaqla mahiyyəti üzrə qərar qəbul edir. 1.3 Mümkünlük şərtləri iddiaya mahiyyəti üzrə baxmağa imkan verən şərtlərin mövcudluğunun yoxlanılmasını nəzərdə tutur. 1.4 Ona görə də, iddianın mümkünlüyü həmişə onun əsaslılığının yoxlanılmasından əvvəl aparılan hüquqi dəyərləndirmədir. 2.1. Mümkünlük şərtlərinin mövcudluğunu məhkəmə tərəflərin bildirməsindən asılı olmayaraq özünün xidməti vəzifəsinə görə yoxlamalıdır. 2.3-cü maddəsinə əsasən, məhkəmələr ilk növbədə iddiaçının həmin iddia tələbi üzrə subyektiv hüququnun olub-olmamasını, cavabdehin həmin iddiaya cavab verməli olubolmamasını, qanunvericilikdə nəzərdə tutulduğu hallarda cavabdehin imtinasının olubolmamasını, İPM-də nəzərdə tutulmuş iddia müddətlərinə riayət edilib-edilmədiyini, prosessual həmiştirakçılığın yol verilənliyini, tələblərin bir iddiada birləşdirilməsinin mümkünlüyünü İPM-in 37-ci maddəsinə uyğun yoxlamalıdır. 4.2. Hüququn həqiqətən pozulub-pozulmadığının müəyyən olunması məsələsinin eyni zamanda iddianın əsaslılığının yoxlanılmasını tələb etdiyini nəzərə alaraq məhkəmələr bu meyar üzrə mümkünlüyün yoxlanılması mərhələsində diqqətli olmalı, belə yoxlamanı əsaslılığın yoxlanılması qaydasında aparmamalıdırlar. 5.1. İddianın mümkünlüyü baxımından hüququn pozulması o halda mövcud olur ki, hüquqa müdaxilə aşkar şəkildə baş verir və birmənalı nəzərə çarpır. 5.2. Bu zaman məhkəmələr müdafiə edilmək istənilən hüququn təbiətini, həmin subyektiv hüququn tanıdığı imkanları, qanunvericilikdə təsbit edilmiş onun qoruma sferası ilə bağlı hədləri nəzərə almalıdırlar. 5.3. İddia qaldırmış şəxsin hüquqlarının qorunmasının bilavasitə qanundan irəli gəldiyi hallarda, bir qayda olaraq iddia mümkün sayılmalıdır. 6.1. İddianın mümkünlüyü baxımından hüququn pozulub-pozulmadığının müəyyən olunmasının qiymətləndirilməsi zamanı iddiaçının hüquqi marağı, başqa sözlə konkret halda hüquqi müdafiəyə ehtiyacının olub-olmadığı da nəzərə alınmalıdır. Bu zaman iddiaçının arzuladığı məqsədə çatmaq üçün düzgün hüquqi müdafiə vasitələrindən, o cümlədən əlverişli iddia növündən istifadə edib-etmədiyi yoxlanılmalıdır. 6.2. İddiaçının hüquqi marağı yalnız o halda mövcud olacaqdır ki, onun çatmaq istədiyi məqsədə qaldırılmış iddianın uğurlu olması ilə nail olmaq mümkün olsun.

15. İddiaçı öz məqsədinə digər hüquqi müdafiə vasitələrindən, eləcə də başqa predmetli iddia qaldırmaqla, həmçinin başqa cavabdehə qarşı iddia irəli sürməklə daha tez, daha münasib və daha sadə yolla nail ola bilərsə, yardım etmək vəzifəsinə əməl etmək şərtilə məhkəmələr iddianın mümkünlüyü məsələsinə baxa bilərlər. 8.1. İddia mümkün sayılmadıqda məhkəmə İPM-in 35.3-cü maddəsinə əsasən qərardad qəbul edir. 8.2. Bu qərardad məzmun baxımından mübahisə predmetinə toxunmur və yalnız iddianın mahiyyəti üzrə qərar çıxarmaq üçün şərtin mövcud olmadığını müəyyən edir. 8.3. Buna görə də, iddianın mümkün sayılmamasına dair qərardad yenidən mümkünlük şərtlərinə əməl etməklə eyni predmet üzrə iddia qaldırmaq imkanını istisna etmir. 8.4. Bunun əksinə olaraq mahiyyəti üzrə çıxarılmış qərarın hüquqi qüvvəsi iddiaçıya eyni predmet üzrə yenidən tələblə çıxış etmək imkanı vermir.

16. Məhkəmə kollegiyası hesab edir ki, birinci instansiya məhkəməsi tərəfindən Azərbaycan Respublikası İPM-nin 12, 13 və 48-ci maddələrində müəyyən edilmiş “İşin hallarının araşdırılması prinsipi”, “Məhkəmənin yardım etmək vəzifəsi” ilə bağlı tələblər pozulmuşdur”.

17. Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinin: - 12.1-ci maddəsinə əsasən məhkəmə proses iştirakçılarının izahatları, ərizə və təklifləri ilə, onların təqdim etdikləri sübutlarla və işdə olan digər materiallarla kifayətlənməyərək, mübahisənin düzgün həlli üçün əhəmiyyət kəsb edən bütün faktiki halları xidməti vəzifəsinə görə araşdırmağa borcludur. - 12.2-ci maddəsinə əsasən məhkəmə müstəqil şəkildə öz təşəbbüsü ilə və ya proses iştirakçılarının vəsatətinə əsasən digər zəruri sübutları toplamağa borcludur. Məhkəmə tərəflərdən əlavə məlumat və sübutlar tələb edə bilər. - 48.1-ci maddəsinə əsasən sədrlik edən hakim bütün formal xətaların aradan qaldırılmasına, qeyri-müəyyən ifadələrin aydınlaşdırılmasına, işin mahiyyəti üzrə vəsatətlərin verilməsinə, natamam faktiki məlumatların tamamlanmasına, prosesin sonrakı mərhələlərində işin hallarının tam müəyyənləşdirilməsi və obyektiv qiymətləndirilməsi üçün əhəmiyyət kəsb edən bütün yazılı izahatların təqdim olunmasına yardım etməlidir.

18. Məhkəmə kollegiyası İPM-nin 13-cü maddəsini nəzərə alaraq qeyd edir ki, həmin maddə məhkəmənin açıqlama və göstəriş vermək vəzifəsini müəyyənləşdirir. Məhkəmə proses iştirakçılarına formal çatışmazlıqların aradan qaldırılmasında köməklik göstərməlidir. Tərəflərin bu və ya digər hüquqi vasitələri seçdikləri halda, hansı hüquqi nəticələrin baş verəcəyi ehtimalını məhkəmə onlara açıqlamalıdır. Bunun üçün ilk növbədə məhkəmə iddia tələblərinin düzgün yazılmasında, ərizələrin, vəsatətlərin düzgün tərtib edilməsində yardımçı olmalıdır. Məhkəmə bu vəzifəni tək bir tərəfə münasibətdə deyil, prosesin bütün iştirakçılarına münasibətdə həyata keçirməlidir.

19. Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyasının ərizəçi İddiaçı cavabdeh Azərbaycan Respublikası Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidməti Nəsimi rayon İdarəsinə qarşı “müvəqqəti xarakterli müdafiə tədbirinin tətbiqi” barədə iş üzrə xx.xx.2025-ci il tarixli, 15(102)-376/2025 saylı qərarı ilə kassasiya şikayətləri qismən təmin edilmiş, Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının 2025-ci il 23 iyul tarixli, 15(103)-273/2025 nömrəli qərardadı ləğv edilərək, işə təkrar baxılması üçün Bakı Apellyasiya Məhkəməsinə göndərilmişdir. Həmin qərarın 31-ci bəndində qeyd edilmişdir ki, qanunun tələbinə əsasən əgər çağırışçı barəsində rayon, şəhər, şəhərdə rayon çağırış komissiyaları tərəfindən müddətli həqiqi hərbi xidmətə yararlılıq barədə qərar qəbul edilərsə, bu halda iş üzrə cavabdeh çağırışı həyata keçirən Azərbaycan Respublikası Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin müvafiq qurumu, sıradankənar həqiqi hərbi xidmətə yararlılıq; sağlamlıq vəziyyətinə görə həqiqi hərbi xidmətə müvəqqəti yararsız hesab edilməklə çağırışa möhlət verilməsi; dinc dövrdə həqiqi hərbi xidmətə yararsızlıq, müharibə dövründə məhdud yararlılıq; həm dinc dövrdə, həm də müharibə dövründə hərbi xidmətə yararsızlıq haqqında qərar qəbul edildikdə isə cavabdehlər həm Azərbaycan Respublikası Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin müvafiq qurumu, həm də Dövlət Tibbi-Sosial Ekspertiza və Reabilitasiya Agentliyi olmalıdır. Bu halda, hər iki inzibati orqanın cavabdeh qismində cəlb edilməsində səbəb ondan ibarətdir ki, çağırışçı barədə yekun qərar hər iki orqanın qəbul etdiyi qərarların nəticəsinə uyğun olaraq qəbul edilir.

20. Apellyasiya baxışı zamanı iddiaçıya göstərilən hüquqi yardım əsasında, iddiaçı iddia tələbinin dəqiqləşdirilməsinə dair ərizə verərək, iddia üzrə cavabdeh qismində Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi, Dövlət Tibbi Sosial Ekspertiza və Reabilitasiya Agentliyini, üçüncü şəxs qismində isə Azərbaycan Respublikası Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin Nəsimi rayon İdarəsi qoymaqla Agentliyin iddiaçı barəsində qəbul etdiyi xx.xx.2025 tarixli yekun tibbi müayinənin nəticəsi barədə qərarın ləğv edilməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir.

21. Məhkəmə kollegiyası Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyasının xx.xx.2025-ci il tarixli, 15(102)-376/2025 saylı qərarını nəzərə alaraq, digər cavabdeh qismində Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi Dövlət Tibbi-Sosial Ekspertiza və Reabilitasiya Agentliyinin cəlb edilməsini və qərarın ləğv edilməsi kimi iddia tələbininin dəqiqləşdirilməsini məqsədəuyğun hesab etmişdir.

22. Odur ki, iddia tələbi dəqiqləşdirildikdən sonra həmin dəqiqləşməyə uyğun olaraq yenidən araşdırma aparılması zəruridir, çünki dəqiqləşdirilmiş iddia ilkin tələbdən məzmuna görə fərqlənə bilər. Araşdırmanın predmeti məhz iddia tələbi ilə müəyyən olunduğundan, əvvəlki araşdırma yeni tələbi tam əhatə etmir. Bu halda işin hərtərəfli, obyektiv və ədalətli həlli üçün faktiki hallar və sübutlar yenilənmiş iddia çərçivəsində qiymətləndirilməlidir.

23. Məhkəmə kollegiyası hesab edir ki, işə baxan birinci instansiya məhkəməsi tərəfindən iddia tələbinin mümkünlük şərtlərinə qiymət verilərkən işin hallarının hərtərəfli araşdırılması prinsipi pozulmuşdur. 24.Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 87.7.2-ci bəndinə əsasən inzibati məhkəmə tərəfindən mahiyyəti üzrə qərar qəbul edilmədikdə apellyasiya instansiyası məhkəməsi, barəsində şikayət verilmiş məhkəmə qərarını ləğv edərək işi müvafiq inzibati məhkəməyə göndərə bilər. 25.Göstərilənlərə əsasən məhkəmə kollegiyası belə nəticəyə gəlir ki, apellyasiya şikayəti təmin edilməli, birinci instansiya məhkəməsinin qərardadı ləğv edilməli, iş sonrakı zəruri prosessual hərəkətlərin edilməsi üçün həmin məhkəməyə göndərilməlidir.

QƏRARA ALDİ:

Apellyasiya şikayəti təmin edilsin. Bakı İnzibati Məhkəməsinin 12 avqust 2025-ci il tarixli, 2-1(112)-11632/2025 nömrəli qərardadı ləğv edilsin. İş sonrakı zəruri prosessual hərəkətlərin edilməsi üçün həmin məhkəməyə göndərilsin. Qərardaddan kassasiya şikayəti verilə bilməz.

Sədrlik edən: Günel Abbasova Hakimlər: Fuad Talışınski Məmməd Məmmədov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar