Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-1(103)-403/2020 09.09.2020 BAKI APELLYASİYA MƏHKƏMƏSİ Hakimlər: Nuriyeva Afaq Bayram qızı (sədrlik edən və məruzəçi), Ağayev Valeh Məmməd oğlu və Hüseyn Aida Əli qızından ibarət tərkibdə, X8 oğlunun katibliyi ilə, İddiaçı, Cavabdehin nümayəndəsi X1 iştirakları ilə, İddiaçı cavabdeh Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 1 saylı Bakı Ərazi İdarəsinə və üçüncü şəxs X10 qarşı Bakı şəhəri, Sabunçu rayonu, Ləhiş bağ massivi ünvanında yerləşən, ümumilikdə 0,25 hektar ölçüdən ibarət olan 729 saylı bağ sahəsi üzərində mərhum atası X5 məxsus olması haqqında arayışın (müvafiq çıxarışın) verilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması tələbi barədə inzibati mübahisə üzrə 2 saylı Bakı İnzibati-İqtisadi Məhkəməsinin xx xxxxxx 2019-cu il tarixli, 2-1(82)-87/2019 saylı qərarından cavabdeh tərəfindən verilmiş apellyasiya şikayətinə Bakı Apellyasiya Məhkəməsinin binasında (Bakı şəhəri, Z.Xəlilov küçəsi, 540-cı məhəllə) şifahi məhkəmə iclasında baxaraq məhkəmə kollegiyası, müəyyən etdi: 2 saylı Bakı İnzibati-İqtisadi Məhkəməsinin xx xxxxxx 2019-cu il tarixli, 2-1(82)- 87/2019 saylı qərarı ilə iddia tələbi təmin edilərək, Bakı şəhəri, Sabunçu rayonu, Ləhiş bağ massivi ünvanında yerləşən, ümumilikdə 0,25 hektar ölçüdən ibarət olan 729 saylı bağ sahəsi üzərində mərhum atası X5 məxsus olması haqqında arayışın (çıxarışın) İddiaçı verilməsi vəzifəsi cavabdehə həvalə edilmiş, cavabdehdən 50 manat ekspertiza tədqiqatının dəyəri tutularaq Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertiza Mərkəzinin hesabına ödənilməsi qərara alınmışdır (hakim E.Mustafayev). Həmin qərardan narazı qalan cavabdeh tərəfindən apellyasiya şikayəti verilmişdir. İşin halları: İddiaçı cavabdeh Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 1 saylı Bakı Ərazi İdarəsinə qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, “Bakı şəhəri, Sabunçu rayonu, Ləhiş bağ massivi ünvanında yerləşən, ümumilikdə 0,25 hektar ölçüdən ibarət olan 729 saylı bağ sahəsi üzərində hüquqlarının əmələ gəlməsini dövlət qeydiyyatına alınması və dövlət reyestrindən müvafiq çıxarışın verilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması barədə qərar qəbul edilməsini xahiş etmişdir. Məhkəmənin xx.xx.2019-cu il tarixli qərardadı ilə X13 hazırkı iş üzrə inzibati məhkəmə icraatına üçüncü şəxs qismində cəlb edilmişdir. Daha sonra iddiaçı iddia tələbinin dəqiqləşdirilməsi barədə ərizə təqdim edərək, Bakı şəhəri, Sabunçu rayonu, Ləhiş bağ massivi ünvanında yerləşən, ümumilikdə 0,25 hektar ölçüdən ibarət olan 729 saylı bağ sahəsi üzərində mərhum atası X5 məxsus olması haqqında arayışın (müvafiq çıxarışın) verilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması haqqında qərar qəbul edilməsini xahiş etmiş və məhkəmənin xx.xx.2019-cu il tarixli qərardadı ilə ərizə icraata qəbul edilmişdir. İddiaçı iddia tələbini onunla əsaslandırmışdır ki, mərhum atası X11 Bakı Şəhəri İcra Komitəsinin Bağçılıq-Təsərrüfat İdarəsi ilə 15894 nömrəli xx.xx.1984-cü il tarixli müqavilə bağlayaraq Bakı şəhəri, Sabunçu rayonu (keçmiş Lenin rayonu), Ləhiş qəsəbəsində yerləşən 0,25 ha sahəsindən ibarət olan 729 nömrəli torpaq sahəsini istifadəyə götürmüşdür. Həmin vaxtdan etibarən bu torpaq sahəsi daima olaraq ailəsinin istifadəsində idi. Daha sonra atası vəfat etdikdən sonra həmin torpaq sahəsindən o, bu günə qədər istifadə edir. Bu yaxınlarda həmin torpaq sahəsi üzərində xüsusi mülkiyyət hüquqununun qeydə alınması məqsədilə müvafiq sənədlər toplayaraq cavabdehə ərizə ilə müraciət etmişdir. Lakin cavabdeh qanunsuz və absurd imtina məktubu ilə hüquqlarını kobud surətdə pozaraq ona **********32 nömrəli xx.xx.2018-ci il tarixli imtina məktubu vermişdir. İmtina məktubunda göstərilir ki, bağ sahəsində mərzçəkmə və hasarlama işləri aparılmamışdır. Daha sonra onun bağ sahəsi guya 728 və 729 ”a” nömrəli torpaq sahələrinin ərazisinə düşdüyünə görə müraciətinin təmin olunması qeyri-mümkün olduğunu qeyd edərək, mərz işlərinin zəruri olmasını göstərilmişdir. Cavabdeh onun hüquqlarını kobud surətdə pozaraq imtina etmişdir. Maraqlısı odur ki, məktubda qeyd olunan 728 saylı torpaq sahəsi ümumiyyətlə onun torpaq sahəsi ilə qarışmayıb. 729 a saylı torpaq sahəsi isə ümumiyyətlə uzun müddətdir ki, istifadə olunmayıb və əgər torpağının sərhədləri həmin torpaq sahəsi ilə toqquşursa, onda ziddəyət aradan qalxmadan hansı əsasla bu torpaq sahəsinə dair cavabdeh tərəfindən ******* nömrəli xx.xx.2015-ci il tarixli çıxarış verilərək ümumlikdə 0,11914 ha ölçüdən ibarət olan sahəni X6 xüsusi mülkiyyətinə verilmişdir. Nəzərə alsaq ki, onun da torpaq sahəsi nə hasarlanıb, nə də ki, orada mərz çəkmə işləri aparılmayıb. Onun torpaq sahəsi artıq 40 ilə yaxındır ki, mövcuddur və bu torpaq sahəsinin plan ölçüsü də var. Cavabdeh onun üzərinə qanunla düşən vəzifəni yerinə yetirməlidir və sahibliyində olan torpaq sahəsi üzrə xüsusi mülkiyyət hüququ dövlət qeydiyyatına alınmalıdır. İş üzrə 2 saylı Bakı İnzibat-İqtisadi Məhkəməsi yuxarıda göstərilən qərarı qəbul etmişdir. Apellyasiya şikayətinin dəlilləri və işdə iştirak edən şəxslərin izahatı: Məhkəmə kollegiyasının iclasında izahat vermiş cavabdehin nümayəndəsi X2 apellyasiya şikayətini müdafiə edərək, göstərmişdir ki, göstərilən bağ sahəsi “728” və “729a” saylı bağ sahələrinin ərazisinə düşür. Belə ki, iddiaçı iddia etdiyi və naturada göstərdiyi torpaq sahəsinin 0,0318 ha hissəsi RX seriyalı ******* (reyestr nömrəsi – **********03 olan) nömrəli daşınmaz əmlakın dövlət reyestrindən çıxarışa əsasən X6 mülkiyyətində olan “729a” saylı bağ sahəsi ilə üst-üstə düşür. Bundan başqa iddiaçının iddia etdiyi və naturada göstərdiyi sahənin naturada yerləşməsi sxematik xəritədə uyğunsuzluq təşkil edir və göstərilən sahə 728 saylı bağın ərazisidir. 729 saylı bağın ərazisinin 0,12 ha hissəsi digər şəxsin adına 729a nömrəsi ilə qeydiyyatdan keçmişdir. Bundan əlavə müvafiq bağ sahəsində mərzçəkmə və hasarlama işləri tam aparılmamışdır. Qeyd olunan səbəblərə görə ərazinin icrası İdarə tərəfindən mümkün olmamış və iddiaçıya qanunamüvafiq qaydada imtina məktubu ünvanlanmışdır. Nümayəndə apellyasiya şikayətinin təmin edilməsini, birinci instansiya məhkəməsinin qərarının ləğv edilməsi, iddia tələbinin rədd edilməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir. Məhkəmə kollegiyasının iclasında izahat vermiş İddiaçı apellyasiya şikayətinin dəlillərini qəbul etməyərək, onun təmin edilməməsini, birinci instansiya məhkəməsinin qərarının dəyişdirmədən saxnılması barədə qərar qəbul edilməsini xahiş etmişdir. Üçüncü şəxs X13 məhkəmə iclasının vaxtı və yeri haqqında lazımi qaydada xəbərdar edilsə də, o məhkəmə iclasına gəlməmiş və gəlməməyinin səbəbləri barədə məhkəməyə məlumat verməmişdir. Məhkəmə kollegiyası Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 62.3-cü maddəsinə əsaslanaraq şifahi məhkəmə baxışı ilə bağlı iclasa çağırılan üçüncü şəxsin iştirakı olmadan işə baxılması və iş üzrə müvafiq qərarın qəbul edilməsini mümkün hesab etmişdir. Hüquqi məsələlər: Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinin 87.7-ci maddəsinə əsasən apellyasiya instansiya məhkəməsi, bir qayda olaraq, mübahisə ilə bağlı işə mahiyyəti üzrə baxaraq həll edir. Məhkəmə kollegiyası məruzəçi-hakimin məruzəsini və iddiaçının izahatını dinləyərək, iş materiallarını araşdıraraq, apellyasiya şikayətinin dəlillərini müzakirə edərək, apellyasiya şikayətinin təmin edilməməsi nəticəsinə gəlir. Azərbaycan Respublikası İPM-nin 2.2-ci və 2.2.3-cü maddəsinə əsasən inzibati orqan tərəfindən inzibati aktın qəbul edilməsi ilə əlaqədar olmayan müəyyən hərəkətlərin edilməsinə dair iddialara (öhdəliyin icrası haqqında iddia) inzibati məhkəmə icraatı qaydasında baxılır. Həmin Məcəllənin 34.1-ci maddəsinə əsasən öhdəliyin icrası haqqında iddia vasitəsi ilə iddiaçı cavabdehdən inzibati aktın qəbul edilməsi ilə bağlı olmayan (inzibati aktın qəbul edilməsinə yönəlməyən) müəyyən hərəkətlərin edilməsini tələb edə bilər. Öhdəliyin icrası haqqında iddia vasitəsi ilə həmçinin inzibati orqanlar tərəfindən ümumi hüquqi öhdəliklərin pozulması nəticəsində vurulmuş ziyana görə kompensasiyanın ödənilməsi də tələb edilə bilər. Birinci instansiya məhkəməsi İPM-in 35.1-ci maddəsinin tələblərini nəzərə alaraq, hesab etmişdir ki, iddiaçı hazırkı tələblə məhkəməyə müraciət etməkdə sübyektiv hüquqa malik olmuş, cavabdeh inzibati orqan hazırkı iddiaya cavab verməli olan qurumdur, iddiaçı ilk əvvəl cavabdeh orqana müraciət etmiş və cavabdehin bununla bağlı imtinası var, iddiaçı qanunla müəyyən edilmiş müddət ərzində cavabdehin hərəkətindən məhkəməyə müraciət etmişdir, buna görə də iddia mümkün sayılmışdır. İş materiallarına əlavə edilmiş RX seriyalı ******* nömrəli çıxarışın surətindən görünür ki, Bakı şəhəri, Sabunçu rayonu, Ləhiş bağ sahəsi 729 A saylı bağ sahəsi X6 adına xx.xx.2015-ci il tarixdə qeydiyyata alınmışdır. İşdə olan xx xxxx 1984-cü il tarixli, 15894 nömrəli müqavilənin təsdiq edilmiş surətindən görünür ki, Ləhiş ərazisində yerləşən 0,25 hektar olan 729 saylı bağ sahəsi X4 istifadəsinə verilmişdir. İş materiallarına əlavə edilmiş Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 1 saylı Bakı Ərazi İdarəsi tərəfindən məhkəmənin sorğusuna cavab olaraq göndərilmiş xx.xx.2018-ci il tarixli **********13 nömrəli məktubda qeyd olunmuşdur ki, Bakı şəhəri, Sabunçu rayonu, Ləhiş bağ massivi, 729 nömrəli bağ sahəsinin icarəyə verilməsinə dair keçmiş X9 ilə X7 arasında bağlanmış xx.xx.1984-cü il tarixli, 15894 nömrəli müqavilə İdarənin arxivində mövcuddur. İşdə olan Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın Kadastrı və Ünvan Reyestri Xidmətinin xx xxxxxx 2018-ci il tarixli, **********32 nömrəli məktubu ilə məhkəməyə göndərilmiş mütəxəssis rəyində qeyd olunur ki, araşdırmanın nəticəsi olaraq müəyyən ediimişdir ki, iddiaçının iddia etdiyi və naturada göstərdiyi torpaq sahəsinə yerində baxış keçirilib koordinatları müəyyən edilməklə ölçülmüşdür. Ölçülmüş ərazinin faktiki sahəsi 0.2391 hektardır. Elektron kadastr baza məlumatlarında İddiaçı torpaq sahəsinin ayrılması barədə heç bir məlumat aşkar edilmədi. Elektron kadastr baza məlumatlarına əsasən: - İddiaçi İddiaçı iddia etdiyi və naturada göstərdiyi torpaq sahəsinin 0.0318 hektarı RX seriyalı ******* (reyestr nömrəsi **********03 olan) nömrəli daşınmaz əmlakın dövlət reyetsrindən çıxarışa əsasən X6 mülkiyyətində olan "729a" saylı bağ sahəsi ilə üst-üstə düşür. Azərbaycan Respublikası Prezidentinin 2186 nömrəli xx xxx 2007-ci il tarixli yerli icra hakimiyyəti orqanlarının nəzdində olan bağ təsərrüfatı idarələrinin ləğv edilməsi barədə sərəncamına əsasən yerli icra hakimiyyəti orqanlarının nəzdində olan Bağ Təsərrüfatı idarələri ləğv edilərək arxiv sənədləri Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinə təhvil verilmişdir. Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 1 saylı Bakı Ərazi İdarəsinin məlumatına əsasən iddiaçi İddiaçı iddia etdiyi və naturada göstərdiyi sahənin naturada yerləşməsi sxematik xəritədə uyğunsuzluq təşkil edir, göstərilən sahə 728 saylı bağın ərazisidir, 729 saylı bağın ərazisinin 0.1200 hektar hissəsi digər şəxsin adına 729a nömrəsi ilə qeydiyyatdan keçmişdir. xx xxxxxx 2018-ci il tarixli, **********32 nömrəli məktuba əlavə edilmiş xx.xx.2018-ci il tarixli sxemdən görünür ki, mübahisəli torpaq sahəsi – 2391 kv.metr, qeydiyyata alınmış ərazi – 0.12 ha, qeydiyyata alınmış ərazi ilə mübahisəli torpaq sahəsinin üst-üstə düşən hissəsi – 318.20 kv.metrdir. Mübahisəli torpaq sahəsi bağçılıq təsərrüfatının ərazisində yerləşir. xx xxxxxx 2018-ci il tarixli, **********32 nömrəli məktuba əlavə edilmiş Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın Kadastrı və Ünvan Reyestri Xidməti Kadastr və Yerquruluşu Layihə-Tədqiqat Mərkəzinin Bakı Layihə- Tədqiqat İdarəsi tərəfindən verilmiş mübahisəli torpaq sahəsinin faktiki yerləşmə sxemindən görünür ki, 1 saylı döngəsinin koordinatları X=410604,7200 Y=4490097,4800, 2 saylı döngəsinin koordinatları X=410690,9300 Y=4490145,0800, 3 saylı döngəsinin koordinatları X=410701,6500 Y=4490123,3400, 4 saylı döngəsinin koordinatları X=410617,2000 Y=4490076,0800, 1 saylı döngədən 2 saylı döngəyə qədər məsafə 98,5, 2 saylı döngədən 3 saylı döngəyə qədər məsafə 24,2, 3 saylı döngədən 4 saylı döngəyə qədər məsafə 96,8, 4 saylı döngədən 1 saylı döngəyə qədər məsafə 24,8 metrdir. İşdə olan Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın Kadastrı və Ünvan Reyestri Xidmətinin xx xxx 2019-cu il tarixli, **********53 nömrəli məktubu ilə məhkəməyə göndərilmiş mütəxəssis rəyində qeyd olunur ki, iddiaçının iddia etdiyi və naturada göstərdiyi mübahisələndirilən torpaq sahəsinə yerində baxış keçirilib koordinatları müəyyən edilməklə ölçülmüşdür. Azərbaycan Respublikası Prezidentinin 2186 nömrəli xx xxx 2007-ci il tarixli yerli icra hakimiyyəti orqanlarının nəzdində olan bağ təsərrüfatı idarələrinin ləğv edilməsi barədə sərəncamına əsasən yerli icra hakimiyyəti orqanlarının nəzdində olan Bağ Təsərrüfatı idarələri ləğv edilərək arxiv sənədləri Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinə Xidmətinə təhvil verildiyindən qeyd edilən sualın cavablandırılması mümkün olmadığı üçün İddiaçı iddia etdiyi sahəsinin yerində müəyyən edilmiş koordinatları Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinə sorğu ilə təqdim edilmiş və Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 1 saylı Bakı Ərazi İdarəsi tərəfindən sorğuya aşağıda qeyd edildiyi kimi cavab verilmişdir. Sözügedən sahə **********03 reyestr nömrəsi ilə 729a saylı bağ sahəsi kimi digər şəxsin adına qeydiyyatdan keçmişdir. Bağların bölgüsünə dair sxematik xəritəyə əsasən 729 saylı bağın ərazisi 729a saylı bağ sahəsinin şərq hissəsində yerləşir. xx xxx 2019-cu il tarixli, **********53 nömrəli məktuba əlavə edilmiş Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın Kadastrı və Ünvan Reyestri Xidməti Kadastr və Yerquruluşu Layihə-Tədqiqat Mərkəzinin Bakı Layihə- Tədqiqat İdarəsi tərəfindən verilmiş mübahisəli torpaq sahəsinin faktiki yerləşmə sxemindən görünür ki, 1 saylı döngəsinin koordinatları X=410661,1374 Y=4490110,9840, 2 saylı döngəsinin koordinatları X=410673,9165 Y=4490093,8878,3 saylı döngəsinin koordinatları X=410629,9418 Y=4490060,6142, 4 saylı döngəsinin koordinatları X=410616,7222 Y=4490078,5239, 1 saylı döngədən 2 saylı döngəyə qədər məsafə 21,3, 2 saylı döngədən 3 saylı döngəyə qədər məsafə 55,1, 3 saylı döngədən 4 saylı döngəyə qədər məsafə 22,3, 4 saylı döngədən 1 saylı döngəyə qədər məsafə 55,0 metrdir. İş materiallarına əlavə edilmiş Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin xx xxxxxx 2019-cu il tarixli, 18243 nömrəli məhkəmə ekspertizasının rəyindən görünür ki, Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın Kadastrı və Ünvan Reyestri Xidmətinin Yerquruluşu, torpaq kadastrı və torpaqların monitorinqi şöbəsinin aparıcı məsləhətçisi İlham Şərifovun tərtib etdiyi mütəxəssis rəyinə əsasən sözügedən sahə **********03 reyestr nömrəsi ilə 729a saylı bağ sahəsi kimi digər şəxsin adına qeydiyyatdan keçmişdir. Bağların bölgüsünə dair sxematik xəritəyə əsasən 729 saylı bağın ərazisi 729a saylı bağ sahəsinin şərq hissəsində yerləşir. Birinci instansiya məhkəməsinin sorğusuna əsasən Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 1 saylı Bakı Ərazi İdarəsi tərəfindən məhkəməyə ünvanlanmış X9 tərəfindən verilmiş 12 nömrəli orderin təsdiq edilmiş surətindən görünür ki, Bakı şəhər İcra Hakimiyyətinin xx xxxx 1994cü il tarixli, 862 nömrəli qərarına əsasən Ləhiş bağlar sahəsində 250 nömrəli BTK nəzdində 0,12 hektar torpaq sahəsi olan 729a nömrəli bağ X10 verilmişdir. İş materiallarına əlavə edilmiş Bakı şəhəri 39 saylı Notariat Kontoru tərəfindən Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin Bakı şəhər Ərazi İdarəsinə ünvanlanmış xx xxxxxx 2018-ci il tarixli, 29 nömrəli məktubun notariat qaydada təsdiq edilmiş surətində qeyd edilmişdir ki, Mərhum X3 miras qalmış əmlaka dair “Vərəsəlik hüququ haqqında şəhadətnamə”-nin verilməsi ilə bağlı vətəndaş İddiaçı tərəfindən Bakı şəhəri 39 saylı Notariat Kontoruna müraciət daxil olmuşdur. X4 xx.xx.1990-ci il tarixdə vəfat etməsi ilə əlaqədar olaraq vərəsələrin ərizəsi əsasında vərəsəlik işi açılmışdır və vərəsələrin dairəsi müəyyən edilmişdir. Qanunvericiliyin tələbinə əsasən İddiaçı miras qoyanın vərəsəsi olması barədə məlumat verilir. Bakı şəhəri, Sabunçu rayonu, Ləhiş ərazisi, sahə 729 ünvanında yerləşən 0.25 ha torpaq sahəsinə dair çıxarış verilməsi xahiş edilmişdir. İş materiallarına əlavə edilmiş Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin Bakı şəhər Ərazi İdarəsi tərəfindən verilmiş **********32 nömrəli xx.xx.2018-ci il tarixli bildirişdən görünür ki, Bakı şəhəri, Sabunçu rayonu, Ləhiş bağ massivi ünvanında yerləşən 729 saylı bağ sahəsi üzərində hüquqların daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınması ilə bağlı ********** nömrəli, xx.xx.2018-ci il tarixli ərizənizə baxılmışdır. Aparılan araşdırma zamanı müəyyən edilmişdir ki, bağ sahəsində mərzçəkmə və hasarlama işləri tam aparılmamışdır. Bundan başqa göstərilən bağ sahəsi “728” və “729-a” saylı bağ sahələrinin ərazisinə düşür. Bu səbəbdən ərizənin icrası mümkün olmamışdır. Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 176-cı maddəsinin 1,2 və 3-cü bəndlərinə əsasən ərizəçi tərəfindən bağ sahəsində hasarlanma və mərzçəkmə işlərinin aparılması zəruridir. “Daşınmaz əmlakın dövlət reyestri haqqında" Azərbaycan Respublikası qanununun 7.1 maddəsinə əsasən daşınmaz əmlak üzərində mülkiyyət və digər əşya hüquqlarının qeydiyyatı üçün, zəruri olan mərzçəkmə və inventarlaşdırma işlərinin aparılması, habelə müvafiq texniki sənədlərin tərtibi qaydası qanunvericiliklə müəyyən edilir. “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikası qanuna 9.1.2-ci maddəsinə əsasən hüquqların dövlət qeydiyyatı daxil edilmiş sənədlərdə göstərilən məlumatın dövlət reyestrində saxlanılan məlumata uyğunluğunun yoxlanılması ilə aparılır. Yuxarıda qeyd olunan nöqsanlara görə “Daşınmaz əmlakın dövlət reyestri haqqında Azərbaycan Respublikası Qanununun 15-ci maddəsinə əsasən hüquqların qeydiyyatından imtina edilmişdir. Beləliklə, işin halları ilə müəyyən olunur ki, İddiaçı cavabdeh inzibati orqana Bakı şəhəri, Sabunçu rayonu, Ləhiş bağ massivi ünvanında yerləşən, ümumilikdə 0,25 hektar ölçüdən ibarət olan 729 saylı bağ sahəsinə dair dövlət reyestrindən çıxarışın verilməsi ilə bağlı müraciət etmiş, cavabdeh inzibati orqan isə sözügedən bağ sahəsinin digər şəxsin adına qeydiyyatdan keçməsinə əsaslanaraq onun müraciətini təmin etməmişdir. “Torpaq islahatı haqqında” Azərbaycan Respublikasının xx xxxx 1996-cı il tarixli Qanununun 9-cu maddəsinə əsasən Vətəndaşların qanuni istifadəsindəki fərdi yaşayış evlərinin, həyətyanı sahələrin, fərdi, kollektiv və kooperativ bağların, dövlət bağçılıq təsərrüfatının idarəçiliyindəki bağların altında olan torpaqlar qanunvericiliklə müəyyən olunmuş qaydada əvəzsiz olaraq onların mülkiyyətinə verilir. Həmin Qanunun 10-cu maddəsinin 1-ci abzasına əsasən həyətyanı sahələr və bağlar altında olan torpaqlar vətəndaşların mülkiyyətinə onların qanuni istifadəyə və ya icarəyə götürdükləri ölçüdə verilir. Həmin maddənin 4-cü abzasına əsasən fərdi yaşayış evlərinin, həyətyanı sahələrin və bağların altında olan torpaqlar üzərində vətəndaşların mülkiyyət hüququ yerquruluşu işlərinin tərtibi ilə torpaqayırma qaydasında hazırlanan sənədlər əsasında daşınmaz əmlakın dövlət reyestrindən çıxarışla rəsmiləşdirilir. Azərbaycan Respublikası Prezidentinin xx xxxxxx 1997-ci il tarixli, 534 saylı Fərmanı ilə təsdiq edilmiş “Vətəndaşların qanuni istifadəsində olan (fərdi yaşayış evlərinin, həyətyanı sahələrin, fərdi, kollektiv və kooperativ bağların, dövlət bağçılıq təsərrüfatının idarəçiliyindəki bağların) torpaqların onların mülkiyyətinə verilməsi haqqında” Əsasnamənin (bundan sonra – Əsasnamə) 1-ci bəndinə əsasən vətəndaşların qanuni istifadəsində və ya icarəsindəki fərdi həyətyanı sahələrin altında olan torpaqlar qanunvericiliklə müəyyən olunmuş qaydada əvəzsiz olaraq onların mülkiyyətinə verilir. Həyətyanı sahələrin altında olan torpaqlar vətəndaşların mülkiyyətinə onların qanuni istifadəyə və ya icarəyə götürdükləri ölçüdə verilir. “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikası Qanununun 5.1-ci maddəsinə əsasən daşınmaz əmlakın təsvirini, dövlət qeydiyyatına alınmış hüquqları və onların məhdudlaşdırılmasına (yüklülüyünə) dair dövlət reyestrindən arayış yazılı və ya elektron formada hüquq sahibinə, onun tərəfindən vəkil edilmiş şəxsə, hüquq sahibinin əmlakına qanun və ya vəsiyyət əsasında vərəsəlik hüququ olan şəxslərə onların yazılı və ya elektron müraciətləri əsasında verilir. Həmin Qanunun 5.2-ci maddəsinə əsasən bu Qanunun 5.1-ci maddəsində nəzərdə tutulmuş hallarda dövlət reyestrindən arayışı əldə etmək üçün qeydiyyat orqanına ərizə ilə müraciət etmiş fiziki şəxs şəxsiyyətini təsdiq edən sənədi, hüquqi şəxs isə onun dövlət qeydiyyatı haqqında şəhadətnaməsinin surətini və nümayəndəsinin səlahiyyətini təsdiq edən etibarnaməni təqdim etməlidir. Dövlət reyestrindən arayış əldə etmək məqsədi ilə elektron müraciətlər dövlət orqanları tərəfindən elektron xidmətlər göstərilməsini tənzimləyən normativ hüquqi aktların tələbləri nəzərə alınmaqla həyata keçirilir. «Daşınmaz əmlakın dövlət reyestri haqqında» Azərbaycan Respublikası Qanununun 8.0-cı maddəsinə görə daşınmaz əmlak üzərində hüquqların əmələ gəlməsinin, başqasına keçməsinin, məhdudlaşdırılmasının (yüklülüyünün) və xitam verilməsinin dövlət qeydiyyatı üçün aşağıdakılar əsas hesab olunur: (maddə 8.0.7.) 2007- ci il mayın 22-dək müvafiq icra hakimiyyəti orqanlarının nəzdində olan bağ təsərrüfatı idarələri tərəfindən vətəndaşlara ayrılmış bağ sahələrinə dair verilən icarə müqavilələri, sərəncamlar və orderlər. Həmin Qanunun 12.1-ci maddəsinə görə daşınmaz əmlaka mülkiyyət və digər əşya hüquqlarının əmələ gəlməsi və başqasına keçməsi müvafiq icra hakimiyyəti orqanları tərəfindən hazırlanan sənədlər əsasında qeydiyyat orqanı tərəfindən verilən dövlət reyestrindən çıxarışla rəsmiləşdirilir. Həmin Qanunun 15-ci maddəsinə görə hüquqların dövlət qeydiyyatına alınmasından aşağıdakı hallarda imtina edilə bilər: dövlət qeydiyyatı barədə müraciət olunan hüquq bu qanuna əsasən dövlət qeydiyyatına alınmalı deyildirsə, hüquqların dövlət qeydiyyatı üçün notariat qaydasında təsdiqlənməsi tələb olunmayan sənədlərin forması və məzmunu qanunvericiliklə müəyyən edilmiş tələblərə uyğun deyildirsə, hüquqların dövlət qeydiyyatı barədə ərizəni verməyə ixtiyarı olmayan şəxs müraciət etdikdə, daşınmaz əmlaka hüququn tanınması barədə icra hakimiyyəti və ya bələdiyyə orqanının aktı qanunvericiliklə müəyyən edilmiş qaydada etibarsız hesab olunduqda, daşınmaz əmlak barəsində təsdiqləyici sənəd vermiş şəxs həmin əmlak üzərində hüquqa dair sərəncam səlahiyyətinə malik olmadıqda, bu Qanunun 14-cü maddəsində nəzərdə tutulmuş qeydiyyatın dayandırılmasına səbəb olmuş hallar aradan qaldırılmadıqda. Həmin Qanunun 22.2-ci maddəsinə əsasən müqavilə və ya digər əsaslara görə, daşınmaz əmlak üzərində mülkiyyət və ya digər əşya hüququnu əldə etmiş şəxs həmin hüququ təsdiq edən çıxarış almadan öldükdə onun qanun və ya vəsiyyət üzrə vərəsəsinə hüququn ölmüş şəxsə məxsus olması haqqında arayışı qeydiyyat orqanı verir. Hüquqların dövlət qeydiyyatı haqqında çıxarış həmin arayış əsasında verilmiş vərəsəlik sənədləri təqdim edən vərəsənin adına rəsmiləşdirilir. Qeyd olunan normaların tələbinə görə daşınmaz əmlak üzərində mülkiyyət və ya digər əşya hüququnu əldə etmiş şəxs həmin hüququ təsdiq edən çıxarış almadan öldükdə onun qanun və ya vəsiyyət üzrə vərəsəsinə hüququn ölmüş şəxsə məxsus olması haqqında arayışın verilməsi qeydiyyat orqanının qanunla müəyyən edilmiş bir vəzifəsidir. Hazırkı işdə iddiaçı Bakı şəhəri Sabunçu rayonu, Ləhiş bağ massivi ünvanında yerləşən, ümumilikdə 0,25 hektar ölçüdən ibarət olan 729 saylı bağ sahəsi üzərində iddiaçının mərhum atası X5 məxsus olması haqqında arayışın verilməsi tələbinin hüquqi əsasını “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikası Qanununun 22.2-ci maddəsi təşkil edir və bu tələbin həyata keçirilməsi qanunla cavabdehin səlahiyyətlərinə aid edilmişdir. Birinci instansiya məhkəməsi hesab etmişdir ki, cavabdeh inzibati orqanın iddiaçının müraciətindən imtinası əsassızdır və sonuncunun hüquqlarının pozulması ilə nəticələnmişdir. Məhkəmə kollegiyası apellyasiya şikayətində göstərilən “729” nömrəli bağ sahəsinin “728” və “729a” nömrəli bağ sahələrinin ərazisinə düşməsi; iddiaçının iddia etdiyi və naturada göstərdiyi sahənin naturada yerləşməsi sxematik xəritədə uyğunsuzluq təşkil etdiyi və göstərilən sahə 728 saylı bağın ərazisi olduğu dəlillərini qəbul etmir və hesab edir ki, bu əsaslarla hüquqların qeydə alınmasından imtina edilməsi əsassızdır. Belə ki, yuxarıda qeyd edildiyi kimi Məhkəmə Ekspertizası Mərkəzinin xx.xx.2019-cu il tarixli, 18243 saylı ekspert rəyi ilə “729” nömrəli bağ sahəsinin “728” nömrəli bağ sahəsinin ərazisinə düşməsi təsdiqini tapmamışdır. Məhkəmə kollegiyası “729” nömrəli bağ sahəsinin “729a” nömrəli bağ sahəsi ilə üstüstə düşməsi ilə bağlı aşağıdakıları qeyd edir. İş materiallarında olan və Dövlət Reyestr Xidmətinin 1 saylı Bakı Ərazi İdarəsinin Arxivində saxlanılan “729” nömrəli bağ sahəsinə dair plan-ölçüsü sxemindən (i.v.36) görünür ki, “729” nömrəli bağın şimal hissəsində qonşusu “728” nömrəli bağdır; şərq hissəsində qonşusu “819” nömrəli bağdır; cənub hissəsində isə “730” nömrəli bağdır; qərb hissəsində yolun yerləşdiyi müəyyən edilir. Həmin sxemdə “729a” bağ sahəsinin olduğu müəyyən edilmir. Azərbaycan Respublikası Prezidentinin xx.xx.2015-ci il tarixli Fərmanı ilə təsdiq edilmiş “Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidməti haqqında Əsasnamə”nin 3.0.23 və 3.0.29-cu bəndlərinə əsasən daşınmaz əmlak üzərində hüquqların qeydiyyatı məqsədi ilə torpaq sahəsinin planının və ölçüsünün tərtib edilməsini və verilməsini təmin etmək, vətəndaşların qanuni istifadəsindəki yaşayış evlərinin, həyətyanı sahələrin, fərdi, kollektiv və kooperativ bağların, dövlət bağçılıq təsərrüfatlarının idarəçiliyində olmuş bağların yerləşdiyi torpaqların onların mülkiyyətinə verilməsini yerquruluşu işləri aparılmaqla və normativ hüquqi aktlarda müəyyən edilmiş qaydada torpaq istifadəçiliyində mövcud olan uyğunsuzluqlar aradan qaldırılmaqla rəsmiləşdirmək xidmətin vəzifələrindədir. Azərbaycan Respublikası Nazirlər Kabinetinin xx.xx.2010-cu il tarixli, 171 nömrəli Qərarı ilə təsdiq edilmiş “Mərzçəkmə qaydaları və mərz nişanlarının formalarının nümunələri”nin 2.1-ci bəndinə əsasən, mərzçəkmə işləri-kompleks iş olmaqla torpaq mülkiyyətçilərinin, istifadəçilərinin və icarəçilərinin torpaq sahələrinin naturada yerlərinin və sərhədlərinin müəyyənləşdirilməsindən, razılaşdırılmasından, dəqiqləşdirilməsindən, bərpa edilməsindən, döngə nöqtələrinin koordinatlarınınmüəyyən edilməsindən və mərz nişanlarının bərkidilməsindən (basdırılmasından) ibarətdir. Həmin Qaydaların 2.3-cü bəndinə əsasən, torpaq sahələrinə dair sənədlərə əsasən sərhədlər yerdə (naturada) müəyyən olunmamış olduqda; torpaq sahələrinin sərhədlərinin bərpası zamanı sərhədlərdə mübahisə olduqda, fiziki və hüquqi şəxslərin mülkiyyətində, istifadəsində və icarəsində olan torpaqlarda yerdə mərz nişanları və torpaq sahələrinə aid olan tanınma nişanları itirildikdə mərzçəkmə işləri aparılır. Bağların faktiki istifadə vəziyyətinin yoxlanılması həm də ona görə əhəmiyyət kəsb edir ki, əgər dəqiq sərhədləri müəyyənləşdirmək mümkün deyildirsə, mərz çəkilməsi üçün qonşuların faktik sahibliyi həlledici əhəmiyyət daşıyır. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 176.3-cü maddəsinə əsasən əgər dəqiq sərhədləri müəyyənləşdirmək mümkün deyildirsə, mərz çəkilməsi üçün qonşuların faktik sahibliyi həlledici əhəmiyyət daşıyır. Faktik sahibliyi müəyyənləşdirmək mümkün olmadıqda, mübahisəli ərazi sahələr arasında bərabər bölüşdürülür. Əgər belə bölgü ədalətsiz nəticələr doğurarsa, tərəflərdən birinin ərizəsi ilə sərhədi məhkəmə müəyyənləşdirir. “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikası Qanununun 8.0.5-ci maddəsinə görə 2006-cı ilin iyulun 6-dək müvafiq icra hakimiyyəti orqanları tərəfindən verilmiş daşınmaz əmlak üzərində, o cümlədən torpaq sahələri, binalar və qurğular, yaşayış və qeyri-yaşayış sahələri, fərdi yaşayış və bağ evləri, yer təki sahələri, su tutarları, meşələr və çoxillik əkmələr, əmlak kompleksi kimi müəssisələr üzərində hüquqları təsdiq edən aktlar, şəhadətnamələr və qeydiyyat vəsiqələri daşınmaz əmlak üzərində hüquqların əmələ gəlməsinin, başqasına keçməsinin, məhdudlaşdırılmasının (yüklülüyünün) və xitam verilməsinin dövlət qeydiyyatı üçün əsas hesab olunur. Həmin Qanunun 10.2-ci maddəsinə görə qeydiyyata orqanına verilən ərizəyə hüquqların dövlət qeydiyyatı üçün bu Qanunun 8-ci maddəsində nəzərdə tutulmuş əsaslardan biri, torpaq sahəsinin plan və ölçüsü, torpaq sahəsində yerləşən bina, qurğu, tikililərin və digər daşınmaz əmlakın texniki pasportu, plan-cizgisi əlavə olunur. Həmin Qanunun 12.1-ci maddəsinə görə daşınmaz əmlaka mülkiyyət və digər əşya hüquqlarının əmələ gəlməsi və başqasına keçməsi müvafiq icra hakimiyyəti tərəfindən hazırlanan sənədlər əsasında qeydiyyat orqanı tərəfindən verilən dövlət reyestrindən çıxarışla rəsmiləşdirilir. Həmin Qanunun 16.1-ci maddəsinə görə qeydiyyat orqanı hüquqların dövlət qeydiyyatı zamanı buraxılan texniki səhvləri, onları aşkar etdiyi və ya bu barədə maraqlı şəxslərdən ərizə aldığı gündən üç gün müddətində aradan qaldırır. Hüquqların dövlət qeydiyyatı zamanı yaranan münasibətlərin maraqlı iştirakçılarına səhvlərin aradan qaldırılması barədə 48 saat müddətində yazılı məlumat verilməlidir. Həmin Qanunun 16.2-ci maddəsinə görə hüquqların dövlət qeydiyyatı zamanı buraxılan texniki səhvlərin düzəlişi hüquq sahiblərinə və ya üçüncü şəxslərə ziyan vurmayacağı və ya onların qanuni mənafelərini pozmayacağını güman etməyə əsas olduğu halda aparılır. Hüquq sahibi və ya üçüncü şəxs etiraz edirsə, belə düzəlişlər məhkəmənin qərarı əsasında aparılır. “İnzibati icraat haqqında” Azərbaycan Respublikasının Qanununun 15.2-ci maddəsinə əsasən qanunla birbaşa nəzərdə tutulmadığı hallarda fiziki və ya hüquqi şəxslər tərəfindən formal tələblərə əməl olunmaması və ya lazımı qaydada əməl olunmaması inzibati orqanlar tərəfindən müvafiq qərarın qəbul olunmasından imtina üçün əsas ola bilməz. Həmin Qanunun 19.1-ci maddəsinə görə inzibati icraat zamanı işin faktiki halları ilə əlaqədar fiziki və ya hüquqi şəxslər tərəfindən təqdim olunan sənədlər və dəlillər, onların həqiqətə uyğun olmadığı sübuta yetirilməyibsə, mötəbər hesab olunur. Fiziki və ya hüquqi şəxslərdən həmin sənədlərin və dəlillərin mötəbərliyini təsdiq edən əlavə sənədlərin və ya məlumatların tələb olunması qadağandır. Həmin Qanunun 19.2-ci maddəsinə görə təqdim olunmuş sənədlərin və dəlillərin mötəbərliyinə əsaslı şübhələr olduğu hallarda, inzibati orqan müstəqil şəkildə və öz hesabına onların mötəbərliyinin müəyyən edilməsi üçün tədbirlər görür. Həmin Qanunun 24.2-ci maddəsinə görə inzibati orqan maraqlı şəxslərin xeyrinə olan halların araşdırılmasından və nəzərə alınmasından imtina edə bilməz. Həmin Qanunun 24.3-cü maddəsinə görə inzibati icraat zamanı işin bütün hallarının araşdırılması inzibati orqanın xidməti vəzifəsindən irəli gəlir. Araşdırmanın üsulu və həcmi inzibati orqan tərəfindən müəyyən edilir. İnzibati orqan maraqlı şəxslərin izahatları ilə və təqdim etdiyi sübutlarla bağlı deyildir. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 14.3-cü maddəsinə görə inzibati aktın qəbul edilməsi tələbinə dair (məcburetmə haqqında) iddialar üzrə həmin aktın qəbul edilməsini zəruri edən faktiki şərtlərin mövcudluğunu sübut etmək vəzifəsi iddiaçının üzərinə düşür. Lakin inzibati orqan iddiaçının arzuladığı inzibati aktın qəbulunu konkret halda istisna edən faktiki şərtlərin mövcudluğuna istinad etdiyi hallarda, belə şərtlərin mövcudluğunu sübut etmək vəzifəsi həmin inzibati orqanın üzərinə düşür. Birinci instansiya məhkəməsinin qənaətinə görə cavabdeh tərəfindən qanunla üzərinə düşən öhdəliyin icrasını istisna edən faktiki şərtlərin mövcudluğu iş üzrə sübuta yetməməklə yanaşı, onun tərəfindən «İnzibati icraat haqqında» Azərbaycan Respublikası Qanununun qeyd olunan normalarının da tələblərinə əməl edilməmişdir. Məhkəmə kollegiyası hesab edir ki, birinci instansiya məhkəməsi iddianı təmin edərək, düzgün nəticəyə gəlmişdir. Həmçinin birinci instansiya məhkəməsi hesab etmişdir ki, keçirilmiş ekspertiza tədqiqatının dəyəri 50 manat cavabdehdən tutularaq Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertiza Mərkəzinin hesabına ödənilməlidir. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 108.1 maddəsinə uyğun olaraq prosessual xərclər məhkəmə xərclərindən (dövlət rüsumundan və digər ödəmələrdən) və hüquq müdafiə ilə bağlı proses iştirakçısının çəkdiyi, onun şikayəti üzrə şikayət instansiyasında icraatla əlaqədar xərclər də daxil olmaqla, zəruri xərclərdən ibarətdir. Həmin Məcəllənin 109-cu maddəsinə əsasən prosessual xərclərin ödənilməsi haqqında məsələ məhkəmə tərəfindən qəbul edilmiş qərardadla və ya mübahisə ilə bağlı iş üzrə qəbul edilmiş qərarla həll edilir. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 110.1 maddəsinə uyğun olaraq prosessual xərclər ödənilmiş tələblərə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Məhkəmə kollegiyası hesab edir ki, birinci instansiya məhkəməsinin qərarın ləğv edilməsi üçün əsas yoxdur, ona görə də apelyasiya şikayəti təmin edilməməli, birinci instansiya məhkəməsinin qərarı dəyişdirilmədən qüvvədə saxlanılmalıdır. Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinin 87.6-cı maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qərarını dəyişdirmədən qüvvədə saxlaya bilər, dəyişdirə bilər və ya ləğv edərək (tam və ya qismən) yeni qərar qəbul edə bilər. Birinci instansiya məhkəməsinin qərarı apellyasiya tələbi həddində dəyişdirilə bilər. Şərh edilənlərə əsasən və Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinin 68.2, 69, 87.6, 89 və 94.1-ci maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası, qərara aldı: Cavabdeh Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 1 saylı Bakı Ərazi İdarəsi tərəfindən verilmiş apellyasiya şikayəti təmin edilməsin. 2 saylı Bakı İnzibati-İqtisadi Məhkəməsinin xx xxxxxx 2019-cu il tarixli, 2-1(82)- 87/2019 saylı qərarı dəyişdirilmədən qüvvədə saxlanılsın. Qərardan təqdim olunduğu gündən 30 gün müddətində Bakı Apellyasiya Məhkəməsi vasitəsi ilə Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyasına (Bakı şəhəri, Yusif Səfərov küçəsi 14, 1193-cü məhəllə) kassasiya şikayəti verilə bilər. Sədrlik edən: Afaq Nuriyeva Hakimlər: Valeh Ağayev Aida Hüseyn
Məhkəmə qərarları › İş №2-1(103)-403/2020
Bakı Apellyasiya Məhkəməsi Qərar — İş №2-1(103)-403/2020
09.09.2020 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver