Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-1(103)-403/2023 06.04.2023 BAKI APELLYASİYA MƏHKƏMƏSİ Giriş hissə: X9 Hüseynin sədrliyi və məruzəsi ilə, Vüsalə Ələkbər qızı Baxışova və Raqib Əliddin oğlu Qurbanovdan ibarət tərkibdə, Şükriyyə Vüqar qızı Aydınlının katibliyi ilə, İddiaçının nümayəndəsi (vəkili) Vəkil, cavabdehin nümayəndəsi X2 iştirakı ilə, İddiaçı cavabdeh Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsinin 1 saylı Bakı Ərazi İdarəsinə qarşı “yaşayış sahəsindən qeyri-yaşayış sahəsinə keçirilmiş daşınmaz əmlaka mülkiyyət hüququnun daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınaraq çıxarışın və texniki pasportun verilməsi” tələbinə dair inzibati iş üzrə Bakı İnzibati Məhkəməsinin 25 may 2022-ci il tarixli, 2-1(112)-2854/2022 saylı qərarından cavabdeh tərəfindən verilmiş apellyasiya şikayətinə əsasən inzibati işə Bakı Apellyasiya Məhkəməsinin binasında, açıq məhkəmə iclasında baxaraq aşağıdakı qərarı qəbul etdi. Təsviri hissə: İddiaçı cavabdeh Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsinin 1 saylı Bakı Ərazi İdarəsinə qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, onun mülkiyyətində olan ünvan 1 ünvanda yerləşən fərdi yaşayış evinin qeyri-yaşayış obyekti kimi daşınmaz əmlakın dövlət reyestrində qediyyata alınaraq, bu barədə daşınmaz əmlakın dövlət reyestrindən çıxarışın və texniki pasportun verilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması barədə qərar qəbul edilməsini məhkəmədən xahiş etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, ünvan 2 ünvanda yerləşən ümumi sahəsi 1134.20 kv.metr, 0.133780 kv.metr torpaq sahəsi olan fərdi yaşayış evi onun xüsusi mülkiyyətindədir. Bununla bağlı Hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestrindən xx.xx.2021-ci il tarixdə ********** nömrəli reyestr qeydi aparılmış və texniki pasport tərtib edilmişdir. Bakı şəhər Sabunçu Rayon İcra Hakimiyyəti başçısının 09 fevral 2021-ci il tarixli, 26 nömrəli Sərəncamına əsasən Nardaran qəsəbəsi, Azərbaycan Qadını küçəsi, ev 47D saylı yaşayış evi mənzil fondundan çıxarılmış və qeyri-yaşayış sahəsinə keçirilmişdir. Sərəncamın icrası ilə əlaqədar Bakı şəhər Sabunçu Rayonu İcra Hakimiyyətinin vəzifəli şəxslərinin iştirakı ilə xx.xx.2021-ci il tarixli texniki rəy və akt tərtib edilmişdir, həmçinin ünvan 3 ünvanda yerləşən qeyri-yaşayış binasının eksiz-layihəsi Bakı şəhər Sabunçu Rayon İcra Hakimiyyəti tərəfindən razılaşdırılmışdır. Bakı şəhər Sabunçu Rayonu İcra Hakimiyyəti başçısının müavini tərəfindən iddiaçıya ünvanlanmış xx.xx.2021ci il tarixli, E-10-091 nömrəli yaşayış sahəsinin qeyri-yaşayış sahəsinə keçirilməsi haqqında bildirişdən görünür ki, bu bildiriş mənzilin qeyri-yaşayış sahəsinə keçirilməsi üçün əsasdır. İddiaçı cavabdehin imtinasına əsasən xx.xx.2021-ci il tarixdə Bakı şəhər Memarlıq və Şəhərsalma Baş İdarəsinə müraciət etmiş, Bakı şəhər Memarlıq və Şəhərsalma Baş İdarəsi xx.xx.2021-ci il tarixli cavab məktubunda qeyd etmişdir ki, Azərbaycan Respublikası Mənzil Məcəlləsinin 21.1-ci maddəsinə uyğun olaraq, yaşayış sahəsinin qeyri-yaşayış sahəsinə keçirilməsi yerli icra hakimiyyəti orqanının qərarı əsasında həyata keçirilir və həmin Məcəllənin 21.6-ci bəndinə əsasən keçirilən sahənin yaşayış və qeyri-yaşayış sahəsi kimi istifadə edilməsini təmin etmək üçün həmin sahədə yenidənqurma və (və ya) yenidən planlaşdırma və ya zəruri olan digər işlərin siyahısı göstərilməlidir. Yaşayış sahəsinin qeyri-yaşayış sahəsinə keçirilməsi üçün müvafiq sahənin mülkiyyətçisi və ya onun tərəfindən səlahiyyət verilmiş şəxs müvafiq icra hakimiyyəti orqanına müraciət etməlidir. Bakı İnzibati Məhkəməsinin 25 may 2022-ci il tarixli, 2-1(112)-2854/2022 saylı qərarı ilə iddianın təmin edilməsi, İddiaçı mülkiyyətində olan ünvan 3 ünvanda yerləşən fərdi yaşayış evinin qeyri-yaşayış sahəsi kimi daşınmaz əmlakın dövlət reyestrində qediyyata alınması və bu barədə daşınmaz əmlakın dövlət reyestrindən çıxarış və texniki pasportun verilməsi öhdəliyinin cavabdeh Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsinin 1 saylı Bakı Ərazi İdarəsinin üzərinə qoyulması qərara alınmışdır. Qərardan narazı qalan cavabdeh apellyasiya şikayəti verərək qərarın ləğv edilməsi, iddia tələbinin təmin edilməməsi barədə yeni qərar qəbul edilməsini xahiş etmişdir. Apellyasiya şikayətinin dəlilləri: Apellyasiya şikayəti onunla əsaslandırılmışdır ki, fərdi yaşayış evinin yaşayış fondundan qeyri yaşayış fonduna keçməsinə dair “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikasının qanununun 8.0.10.1-ci maddəsinə əsasən tikintisinə icazə tələb olunan tikinti obyektləri üçün - tikintiyə icazə verilməsi barədə qərar, tikinti layihəsinin memarlıq-planlaşdırma bölməsi, tikinti obyektinin istismarına icazə təqdim edilməlidir. Həmçinin, təqdim ediləcək sənədlər Azərbaycan Respublikası Dövlət Şəhərsalma və Arxitektura Komitəsi tərəfindən təsdiq edilməlidir. Lakin iddiaçı tərəfindən yuxarıda qeyd olunan hüquqmüəyyənedici sənədlərdən heç biri təqdim olunmamışdır. Məhkəmə icraatı iştirakçılarının izahatları: Məhkəmə kollegiyasının iclasında iştirak edən cavabdehin nümayəndəsi apellyasiya şikayətinin məzmununa uyğun izahat verərək şikayətin təmin edilməsini xahiş etdi. Məhkəmə kollegiyasının iclasında iştirak edən iddiaçının nümayəndəsi apellyasiya şikayətinə etiraz edərək təmin edilməməsini xahiş etdi və əlavə olaraq izahatında bildirdi ki, iddiaçıya məxsus ünvan 1 yaşayış evi mənzil fondundan çıxarılmış və qeyri-yaşayış sahəsinə keçirilmişdir. Sabunçu Rayon İcra Hakimiyyətinin vəzifəli şəxslərinin iştirakı ilə xx.xx.2021-ci il tarixli texniki rəy və akt tərtib edilmiş, həmçinin sözügedən ünvanda yerləşən qeyri-yaşayış binasının eskiz layihəsi Bakı şəhər Sabunçu Rayon İcra Hakimiyyəti tərəfindən razılaşdırılmışdır. Daha sonra iddiaçı həmin qeyri-yaşayış sahəsinin dövlət qeydiyyatına alınmasına dair cavabdeh orqana müraciət etsə də, xx.xx.2021-ci il tarixdə imtina cavabı almışdır. İmtinanın əsası kimi təqdim ediləcək sənədlərin AR Şəhərsalma və Arxitektura Komitəsi tərəfindən təsdiq edilməli olduğu göstərilmişdir. Bunun əsasında Azərbaycan Respublikası Dövlət Şəhərsalma və Arxitektura Komitəsi yanında Bakı şəhər Memarlıq və Şəhərsalma Baş İdarəsinə müraciət etmiş və xx.xx.2021-ci il tarixli cavab məktubunda bildirilmişdir ki, aidiyyəti üzrə yerli icra hakimiyyətinə müraciət etməyi məqsədəuyğundur. Əsaslandırma hissəsi: Azərbaycan Respublikası İnzibati-Prosessual Məcəlləsinin 82-ci maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi mübahisə ilə bağlı işə şikayət həddində və hüquqi məsələlər, habelə sübutlar və faktlar (faktiki hallar) əsasında mahiyyəti üzrə tam həcmdə baxır. Məhkəmə kollegiyası işdə iştirak edən şəxsləri dinləyib, apellyasiya şikayətinin dəlillərini araşdırıb hesab edir ki, apellyasiya şikayəti təmin edilməməli, birinci instansiya məhkəməsinin qərarı dəyişdirilmədən saxlanılmalıdır. Bakı şəhəri, Sabunçu rayonu, Nardaran qəsəbəsində yerləşən 0.82 ha sahəsi olan 9Z saylı torpaq sahəsi xx.xx.2019-cu il tarixdə Hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestrində ********** qeydiyyat nömrəsi ilə X3 adına qeydiyyata alınmışdır. X6 xx.xx.2020-ci il tarixdə Bakı şəhəri Sabunçu Rayon İcra Hakimiyyətinə ərizə ilə müraciət edərək Sabunçu rayonu, Nardaran qəsəbəsi, 9Z saylı sahədə 5,9 metr hündürlüyündə, 1 mərtəbəli 4543 kv.m olan sahəsi olan fərdi yaşayış evini inşa etdiyini bildirmişdir. xx.xx.2020-ci il tarixdə X3 ünvan 6 ünvanında yerləşən 3431.2 kv.metr sahəsi olan fərdi yaşayış evinə dair mülkiyyət hüququ Hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestrində ********** qeydiyyat nömrəsi ilə qeydə alınmış və bu barədə A.Abbasovaya çıxarış verilmişdir. xx.xx.2020-ci il tarixdə satıcı X6 ünvan 6 ünvanında yerləşən ümumi sahəsi 3431.2 kv.m olan fərdi yaşayış evininin bölgü sxem əsasında müəyyən edilən 1134.2 kv.metr hissəsini, 0,82 ha torpaq sahəsinin isə 0,13378 ha hissəsini iddiaçı Eyvaz-X1, iddiaçının fərdi yaşayış evi və torpaq sahəsi üzərində hüquqları xx.xx.2021-ci il tarixdə Hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestrində qeydə alınmış, bu barədə ********** qeydiyyat nömrəli çıxarış verilmiş, daşınmaz əmlakın ünvanı kimi Sabunçu rayonu, Nardaran qəsəbəsi, Azərbaycan Qadını küçəsi,ev 47D qeyd olunmuşdur. xx.xx.2021-ci il tarixdə iddiaçının adına həmin daşınmaz əmlakla bağlı texniki pasport tərtib edilmiş, pasportda evin 2020-ci il tarixdə tikildiyi, 1 otaqlı olması, hündürlüyünün 5.6 metr olması göstərilmişdir. xx.xx.2021-ci il tarixdə iddiaçı ərizə ilə Bakı şəhəri Sabunçu Rayon İcra Hakimiyyətinə müraciət edərək mülkiyyətində olan Sabunçu rayonu, Nardaran qəsəbəsi, Azərbaycan Qadını küçəsində yerləşən 47D saylı fərdi yaşayış evinin qeyri-yaşayış sahəsinə keçirilməsi və layihəyə uyğun evin pəncərəsinin qapı ilə əvəz edilməsini xahiş etmişdir. Bakı şəhəri Sabunçu rayon İcra Hakimiyyətinin 09 fevral 2021-ci il tarixli 26 saylı Sərəncamı ilə Nardaran qəsəbəsi, Azərbaycan Qadını küçəsində yerləşən 47D saylı yaşayış evinin mənzil fondundan çıxarılması və qeyri-yaşayış sahəsinə keçirilməsi qərara alınmışdır. xx.xx.2021-ci il tarixdə İddiaçının təqdim etdiyi layihə Bakı şəhəri Sabunçu rayon İcra Hakimiyyəti ilə razılaşdırılmışdır. Sabunçu Rayon İcra Hakimiyyəti Başçısının 30 yanvar 2017-ci il tarixli 29 saylı Sərəncamı ilə yaradılmış mənzil sahələrinin yenidən qurma və yenidən planlaşdırılması ilə bağlı komissiyanın üzvləri Nardaran qəsəbəsi, Azərbaycan Qadını küçəsində yerləşən 47D saylı fərdi yaşayış evində Sabunçu Rayon İcra Hakimiyyəti Başçısının 26 saylı 09 fevral 2021-ci il tarixli sərəncamı ilə aparılan yenidənqurma işlərindən sonra mənzilə baxış keçirərək müəyyən etmişlər ki, evin ümumi sahəsi 1134,20 kv.m.-dən ibarət olmuşdur, təsdiq edilmiş layihəyə uyğun olaraq mənzilin yenidən qurma işləri başa çatdırılmışdır, mənzil Azərbaycan Respublikası Şəhərsalma və Tikinti Məcəlləsinə uyğun tikilmişdir. Bundan sonra xx.xx.2021-ci il tarixdə Bakı şəhəri Sabunçu Rayon İcra Hakimiyyətinin “Mənzil məsələləri üzrə komissiyası” tərəfindən texniki rəy tərtib edilmiş və rəydə qeyd olunmuşdur ki, komissiya mübahisəli yaşayış evinə baxış keçirmiş və müəyyən etmişdir ki, xx.xx.2021-ci il tarixli Qeydiyyat nömrəsi ********** olan çıxarışa əsasən Sabunçu rayonu, Nardaran qəsəbəsi, Azərbaycan Qadını küçəsində 47D saylı yaşayış evi vətəndaş İddiaçı məxsusdur və evdə yenidənqurma və yenidən planlaşdırma işləri aparılmış və evin faktiki ümumi sahəsi 1134,2 kv.m olmuşdur. Komissiya Mənzil Məcəlləsinin tələblərinə uyğun olaraq rəy vermişdir ki, 47D saylı yaşayış evinin mövcud vəziyyətində qeydiyyata alınması mümkündür. Bakı şəhəri Sabunçu rayon İcra Hakimiyyəti tərəfindən xx.xx.2021-ci il tarixdə yaşayış sahəsinin qeyri-yaşayış sahəsinə keçirilməsi haqqında E-10-091 saylı bildiriş verilmiş və bildirişdə göstərilmişdir ki, Sabunçu rayon İcra Hakimiyyəti Sabunçu rayonu, Nardaran qəsəbəsi, Azərbaycan Qadını küçəsi, ev 47D saylı evin Mənzil Məcəlləsinin 20,21 və 27-ci maddələrinə uyğun olaraq qeyri-yaşayış sahəsinə keçirilməsi barədə 26 saylı 09 fevral 2021-ci il tarixli Sərəncam qəbul etmişdir. Nazirlər Kabinetinin xx.xx.2009cu il tarixli 200 saylı qərarı ilə təsdiq edilmiş formaya əsasən bu bildiriş mənzilin qeyriyaşayış sahəsinə keçirilməsi üçün əsasdır. İddiaçı xx.xx.2021-ci il tarixdə ərizə ilə Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsinin 1 saylı Bakı Ərazi İdarəsinə müraciət edərək, ünvan 3 ünvanda yerləşən fərdi yaşayış evinin qeyri-yaşayış sahəsi kimi qeydiyyata alınmasını xahiş etmiş, cavabdeh xx.xx.2021-ci il tarixli bildirişlə daşınmaz əmlak üzərində hüquqların dövlət qeydiyyatına alınmasından imtina etmiş və qeyd etmişdir ki, fərdi yaşayış evinin yaşayış fondundan qeyri yaşayış fonduna keçməsinə dair “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikasının qanununun 8.0.10.1-ci maddəsinə əsasən tikintisinə icazə tələb olunan tikinti obyektləri üçün - tikintiyə icazə verilməsi barədə qərar, tikinti layihəsinin memarlıq-planlaşdırma bölməsi, tikinti obyektinin istismarına icazə təqdim edilməlidir. Həmçinin, təqdim ediləcək sənədlər Azərbaycan Respublikası Dövlət Şəhərsalma və Arxitektura Komitəsi tərəfindən təsdiq edilməlidir. Azərbaycan Respublikası Mənzil Məcəlləsinə əsasən: 20.1-ci maddəsinə əsasən yaşayış sahəsinin qeyri-yaşayış sahəsinə və qeyriyaşayış sahəsinin yaşayış sahəsinə keçirilməsinə bu Məcəllənin və şəhərsalma haqqında qanunvericiliyin tələblərinin nəzərə alınması şərti ilə yol verilir. 21.1-ci maddəsinə əsasən yaşayış sahəsinin qeyri-yaşayış sahəsinə və qeyriyaşayış sahəsinin yaşayış sahəsinə keçirilməsi müvafiq icra hakimiyyəti orqanının və ya müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi qurumun (bundan sonra – keçirilməni həyata keçirən orqan) qərarı əsasında həyata keçirilir. 21.2-ci maddəsinə əsasən yaşayış sahəsinin qeyri-yaşayış sahəsinə və qeyriyaşayış sahəsinin yaşayış sahəsinə keçirilməsi üçün müvafiq sahənin mülkiyyətçisi və ya onun tərəfindən səlahiyyət verilmiş şəxs (bundan sonra bu fəsildə - ərizəçi) keçirilən sahənin yerləşdiyi ərazi üzrə keçirilməni həyata keçirən orqana aşağıdakı sənədləri təqdim edir: 21.2.1. sahənin keçirilməsi haqqında ərizə (ərizədə yaşayış sahəsinin qeyriyaşayış sahəsinə keçirilməsinin məqsədləri göstərilməlidir); 21.2.2. keçirilən sahə üzərinə hüquqları müəyyənləşdirən sənədlər (əsli və ya notariat qaydasında təsdiqlənmiş surəti); 21.2.3. keçirilən sahənin texniki təsviri göstərilməklə planı (keçirilən sahə yaşayış sahəsi olduqda onun texniki pasportu); 21.2.4. keçirilən sahənin yerləşdiyi binanın mərtəbəli planı. 21.3-cü maddəsinə əsasən sahənin keçirilməsini həyata keçirən orqan bu Məcəllənin 21.2-ci maddəsində göstəriləndən başqa, digər sənədləri tələb edə bilməz. Sahənin keçirilməsini həyata keçirən orqan tərəfindən sənədlərin qəbul edilməsi barədə onların siyahısı, qəbul edilmə tarixi göstərilməklə qəbz verilir. 21.4-ci maddəsinə əsasən sahənin keçirilməsi və ya ondan imtina haqqında qərar sahənin keçirilməsini həyata keçirən orqan tərəfindən bu Məcəllənin 21.2-ci maddəsinə uyğun olaraq təqdim edilmiş müvafiq ərizənin və digər sənədlərin baxılmasının nəticələri əsasında göstərilən sənədlərin həmin orqana təqdim edildiyi gündən otuz gündən gec olmayaraq qəbul edilməlidir. 21.5-ci maddəsinə əsasən sahənin keçirilməsini həyata keçirən orqan bu Məcəllənin 21.4-cü maddəsində göstərilən qərarlardan birini qəbul etdiyi gündən üç iş günündən gec olmayaraq göstərilən qərarlardan birinin qəbul edilməsini təsdiqləyən sənədi ərizəçiyə təqdim edir və ya ərizədə göstərilən ünvana göndərir. Həmin sənədin forma və məzmunu müvafiq icra hakimiyyəti orqanı tərəfindən müəyyən edilir. Sahənin keçirilməsini həyata keçirən orqan ərizəçiyə həmin sənədi verməklə və ya göndərməklə yanaşı, qəbul edilmiş qərar barədə barəsində qərar qəbul edilən sahəyə bitişik olan sahələrin mülkiyyətçilərini məlumatlandırır. 21.6-ci maddəsinə əsasən keçirilən sahənin yaşayış və ya qeyri-yaşayış sahəsi kimi istifadə edilməsini təmin etmək üçün həmin sahədə yenidənqurma və (və ya) yenidən planlaşdırma və ya digər işlərin aparılması zəruri olan hallarda bu Məcəllənin 21.5-ci maddəsində göstərilən sənəddə belə işlərin aparılmasına dair tələblər, aparılması zəruri olan digər işlərin siyahısı göstərilməlidir. 21.7-ci maddəsinə əsasən əgər keçirilən sahədə yenidənqurma və (və ya) yenidən planlaşdırma və (və ya) digər işlərin görülməsi tələb edilmirsə, bu Məcəllənin 21.5-ci maddəsində nəzərdə tutulmuş sənəd sahənin keçirilməsini təsdiq edir və həmin sahənin yaşayış və ya qeyri-yaşayış sahəsi kimi istifadə edilməsi üçün əsasdır. 21.8-ci maddəsinə əsasən sahənin yaşayış və ya qeyri-yaşayış sahəsi kimi istifadə edilməsi üçün yenidənqurma və (və ya) yenidən planlaşdırma və (və ya) digər işlərin görülməsi tələb edilirsə, bu Məcəllənin 21.5-ci maddəsində nəzərdə tutulmuş sənəd həmin sənəddə nəzərdə tutulmuş müvafiq yenidənqurma və (və ya) yenidən planlaşdırma və (və ya) siyahısı göstərilən digər işlərin ərizəçi tərəfindən görülməsi üçün əsasdır. 21.9-cu maddəsinə əsasən bu Məcəllənin 21.8-ci maddəsində göstərilən yenidənqurma və (və ya) yenidən planlaşdırma və (və ya) digər işlərin başa çatması sahənin keçirilməsini həyata keçirən orqan tərəfindən yaradılan qəbul komissiyasının aktı ilə təsdiqlənir. Yenidənqurma və (və ya) yenidən planlaşdırma və (və ya) digər işlərin bitməsini (sona çatmasını) təsdiqləyən qəbul komissiyasının aktı sahənin keçirilməsini həyata keçirən orqan tərəfindən dövlət kadastr uçotunun aparılması məqsədi ilə daşınmaz əmlakın dövlət reyestrini aparan orqana göndərilməlidir. Qəbul komissiyasının aktı sahənin keçirilməsinin başa çatmasını təsdiqləyir və keçirilmiş sahənin yaşayış və ya qeyri-yaşayış sahəsi kimi istifadə edilməsi üçün əsasdır. 24.1-ci maddəsinə əsasən yaşayış sahəsinin yenidən qurulması və (və ya) yenidən planlaşdırılması tikinti norma və qaydalarına riayət etməklə müvafiq icra hakimiyyəti orqanının (“müvafiq icra hakimiyyəti orqanı”nın səlahiyyətlərini dövlət (məcburi köçkünlərin müvəqqəti məskunlaşması üçün tikilmiş mənzil fonduna münasibətdə Azərbaycan Respublikası Qaçqınların və X4 üzrə Dövlət Komitəsinin razılığı ilə) və xüsusi mənzil fondlarına münasibətdə yerli (rayon, şəhər və şəhər rayonu) icra hakimiyyəti orqanları, bələdiyyə mənzil fonduna münasibətdə isə müvafiq bələdiyyənin razılığı əsasında yerli (rayon, şəhər və şəhər rayonu) icra hakimiyyəti orqanları həyata keçirir) və ya müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi qurumun (bundan sonra – razılaşdırmanı həyata keçirən orqan) qərarı əsasında aparılır. İddiaçı ərizəsinə qanunvericiliklə tələb olunan sənədləri əlavə etməklə sahənin keçirilməsini həyata keçirən orqana təqdim etmiş, həmin orqan tərəfindən istinad olunan qaydaya uyğun keçirilmə barədə qərar qəbul edilmiş, keçirilmə nəticəsində aparılmış yenidənqurma işləri qəbul komissiyasının aktı ilə təsdiqlənmiş, bununla da sahənin keçirilməsi başa çatmışdır. Keçirilmə başa çatdıqdan sonra yerli icra hakimiyyəti orqanının özü həmin aktı kadastr uçotunun aparılması məqsədi ilə daşınmaz əmlakın dövlət reyestrini aparan orqana göndərməli olduğu halda bunu etməmişdir. Buna görə də iddiaçı həmin keçirilmənin nəticəsi olaraq qeyri-yaşayış sahəsinin daşınmaz əmlakın dövlət reyestrində qeydə alınması üçün cavabdehə özü müraciət etmişdir. Cavabdeh isə qanunvericiliklə nəzərdə tutulmasa da, iddiaçıdan tikintiyə icazə verilməsi barədə qərar, tikinti layihəsinin memarlıq-planlaşdırma bölməsi, tikinti obyektnin istismarına icazə sənədlərini və həmin sənədlərin Azərbaycan Respublikası Dövlət Şəhərsalma və Arxitektura Komitəsi tərəfindən təsdiq edilməsini tələb etmişdir. Bunula əlaqədar, birinci instansiya qeyd etmişdir ki, cavabdehin tələb etdiyi bu sənədlər daşınmaz əmlaka hüququn ilkin hüquqi qeydiyyatı zamanı təqdim edilməsi zəruri olan sənədlər olmuş, Mənzil Məcəlləsi yaşayış sahəsi qeyri-yaşayış sahəsinə keçirildikdə, yenidənqurma və (və ya) yenidən planlaşdırma və (və ya) işlərinin başa çatmasını təsdiq edən yerli icra hakimiyəti oranının qəbul komissiyasının aktını keçirilmiş sahənin qeyriyaşayış sahəsi kimi istifadə edilməsi üçün əsas kimi qəbul etmiş, əlavə hər hansı bir müdəa nəzərdə tutmamışdır. İddiaçı cavabdehin bu imtinasından sonra onun qeyd etdiyi inzibati orqan olan Azərbaycan Respublikası Dövlət Şəhərsalma və Arxitektura Komitəsinə müraciət etmiş, Komitə xx.xx.2021-ci il tarixdə cavab olaraq bildirmişdir ki, “Azərbaycan Respublikası Mənzil Məcəlləsinin 21.1-ci maddəsinə uyğun olaraq, yaşayış sahəsinin qeyri-yaşayış sahəsinə keçirilməsi yerli icra hakimiyyəti orqanının qərarı əsasında həyata keçirilir və həmin Məcəllənin 21.6-ci bəndinə əsasən keçirilən sahənin yaşayış və qeyri-yaşayış sahəsi kimi istifadə edilməsini təmin etmək üçün həmin sahədə yenidənqurma və (və ya) yenidən planlaşdırma və ya zəruri olan digər işlərin siyahısı göstərilməlidir. Azərbaycan Respublikası Prezidentinin xx.xx.2012-ci il tarixli 648 nömrəli Fərmanı ilə təsdiq edilmiş “Yerli icra hakimiyyətləri haqqında Əsasnamə"nin 4.9.11-ci və 4.9.12-ci yarımbəndlərinə əsasən yaşayış sahəsinin qeyri-yaşayış sahəsinə keçirilməsi və yaşayış sahəsinin yenidən qurulması barədə yerli icra hakimiyyəti orqanlarına qərar qəbul etmək səlahiyyəti verilmişdir. Yaşayış sahəsinin qeyri-yaşayış sahəsinə keçirilməsi üçün müvafiq sahənin mülkiyyətçisi və ya onun tərəfindən səlahiyyət verilmiş şəxs müvafiq icra hakimiyyəti orqanına zəruri sənədləri təqdim etməlidir.” Komitə qeyd olunanlar nəzərə alınaraq, qaldırılan məsələ ilə əlaqədar aidiyyəti üzrə yerli icra hakimiyyəti orqanına müraciət etməyi tövsiyə etmişdir. Cavabdehin iddiaçını yönəltdiyi qurum müvafiq məsələ ilə bağlı özünü səlahiyyətli bilməmiş və iddiaçıya aidiyyəti üzrə yerli icra hakimiyəti orqanına müraciət etməsini tövsiyə etmişdir, hansı ki, iddiaçı məhz əmlakın yerləşdiyi yer üzrə yerli icra hakimiyyəti orqanına müraciət etmişdir. “İnzibati icraat haqqında” Azərbaycan Respublikası Qanununun 15.1-ci maddəsinə görə qanunla məcburi şərt kimi nəzərdə tutulmuş hallar istisna olmaqla, yalnız formal tələblərə əməl olunmasını təmin etmək məqsədilə inzibati orqanlar tərəfindən fiziki və hüquqi şəxslərin üzərinə bu və ya digər öhdəliklərin qoyulması qadağandır. Həmin Qanunun 32.3-cü maddəsinə əsasən inzibati orqan ərizəçidən Azərbaycan Respublikasının qanunvericiliyində nəzərdə tutulduğundan əlavə hər hansı digər sənəd və ya məlumat tələb edə bilməz. «Daşınmaz əmlakın dövlət reyestri haqqında» Qanunun: 2.1-ci maddəsinə əsasən daşınmaz əmlaka mülkiyyət və digər əşya hüquqlarının dövlət qeydiyyatı (bundan sonra - hüquqların dövlət qeydiyyatı) Azərbaycan Respublikasının Mülki Məcəlləsinə uyğun olaraq daşınmaz əmlaka hüquqların əmələ gəlməsinin, məhdudlaşdırılmasının (yüklülüyünün) başqasına keçməsinin və bu hüquqlara xitam verilməsinin dövlət tərəfindən tanınması və təsdiq edilməsi barədə hüquqi aktdır. 8.0-ci maddəsinə əsasən daşınmaz əmlak üzərində hüquqların əmələ gəlməsinin, başqasına keçməsinin, məhdudlaşdırılmasının (yüklülüyünün) və xitam verilməsinin dövlət qeydiyyatı üçün aşağıdakılar əsas hesab olunur: 8.0.1. qanunla müəyyən edilmiş qaydada icra hakimiyyəti və bələdiyyə orqanları tərəfindən müvafiq olaraq dövlətə və ya bələdiyyələrə məxsus olan daşınmaz əmlakın özgəninkiləşdirilməsinə, icarəsinə, istifadəsinə, ipoteka qoyulmasına dair qəbul olunmuş aktlar. 12.1-ci maddəsinə görə daşınmaz əmlaka mülkiyyət və digər əşya hüquqlarının əmələ gəlməsi və başqasına keçməsi müvafiq icra hakimiyyəti orqanları tərəfindən hazırlanan sənədlər əsasında qeydiyyat orqanı tərəfindən elektron üsulla təqdim olunan dövlət reyestrindən çıxarışla rəsmiləşdirilir. Çıxarışda daşınmaz əmlakın reyestr nömrəsi göstərilməlidir. Azərbaycan Respublikası Prezidentinin 2015-ci il 4 may tarixli 516 nömrəli Fərmanı ilə təsdiq edilmiş Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinin yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidməti haqqında Əsasnamənin 3.0.11-ci maddəsinə əsasən hüquqların dövlət qeydiyyatını rəsmiləşdirmək məqsədi ilə dövlət reyestrindən çıxarış vermək, 3.0.24-ci maddəsinə əsasən tikililərin, o cümlədən binaların, qurğuların, yaşayış və qeyri-yaşayış sahələrinin, fərdi yaşayış və bağ evlərinin, müəssisələrin inventarlaşdırılmasını həyata keçirmək, inventarlaşdırma işlərinin aparılması nəticəsində hüquqların dövlət qeydiyyatı üçün zəruri olan texniki sənədlərin tərtib edilməsini təmin etmək cavabdehin vəzifələrinə aid edilmişdir. Birinci instansiya məhkəməsi qeyd etmişdir ki, iddiaçı tərəfindən ilkin hüquqi qeydiyyat zamanı tələb olunan sənədlər təqdim edlməklə mübahsəli yaşayı evi onu adına qeydə alınmış, daha sonra isə iddiaçı daşınmaz əmlakın təyinatının dəyişdirilməsi ilə bağlı zəruri sənədləri əldə etməklə cavabdehə müraciət etmiş, lakin cavabeh iddiaçıdan qanunla nəzərdə tutulmayan sənədləri tələb etməklə, istinad olunan normaların tələblərini pozmuşdur. Qeyd olunanlara əsasən kollegiya hesab edir ki, iddiaçı hazırkı iddiası ilə məhkəməyə müraciət etməkdə haqlı olmuş, cavabdehin ünvan 3 ünvanda yerləşən fərdi yaşayış evinin qeyri-yaşayış sahəsi kimi daşınmaz əmlakın dövlət reyestrində qediyyata alınması və bu barədə daşınmaz əmlakın dövlət reyestrindən çıxarış və texniki pasportun verilməsindən imtinası qanuna zidd olmaqla iddiaçının hüquqlarının pozulmasına səbəb olmuşdur. Odur ki, birinci instansiya məhkəməsi iddiaçının tələbini təmin etməklə düzgün nəticəyə gəlmişdir. Beləliklə, məhkəmə kollegiyası cavabdehin apellyasiya şikayətində göstərdiyi dəlilləri formal hesab edir və belə qənaətə gəlir ki, bu dəlillər qanuni məhkəmə qərarının ləğvi üçün əsas ola bilməz. Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinin 87.6-cı maddəsinə əsasən, apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qərarını dəyişdirmədən qüvvədə saxlaya bilər, dəyişdirə bilər və ya ləğv edərək (tam və ya qismən) yeni qərar qəbul edə bilər. Qeyd edilənlərə əsasən, məhkəmə kollegiyası belə nəticəyə gəlir ki, apellyasiya şikayəti təmin edilməməli, birinci instansiya məhkəməsinin qərarı dəyişdirilmədən saxlanılmalıdır. Nəticəvi hissə: Şərh olunanlara əsasən və Azərbaycan Respublikasının İnzibati-Prosessual Məcəlləsinin 87, 90, 94-cü maddələrinin tələblərini rəhbər tutaraq, Kollegiya qərara aldı: Apellyasiya şikayəti təmin edilməsin. Bakı İnzibati Məhkəməsinin 25 may 2022-ci il tarixli, 2-1(112)-2854/2022 saylı qərarı dəyişdirilmədən saxlanılsın. Qərardan onun rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyası vasitəsilə Azərbaycan Respublikasının Ali Məhkəməsinin İnzibati Kollegiyasına kassasiya şikayəti verilə bilər. Sədrlik edən: Aida Hüseyn Hakimlər: Raqib Qurbanov Vüsalə Baxışova
Məhkəmə qərarları › İş №2-1(103)-403/2023
Bakı Apellyasiya Məhkəməsi Qərar — İş №2-1(103)-403/2023
06.04.2023 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver