Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-1(103)-403/2024 29.08.2024 BAKI APELLYASİYA MƏHKƏMƏSİ Hakimlər: Əkbərov Kamran Hüseyn oğlu (sədrlik edən və məruzəçi), Tağızadə Mirzə Nəsib oğlu və Səlimova Səadət Rəşid qızından ibarət tərkibdə, Həsənzadə Səbuhi Mehdi oğlunun katibliyi, İddiaçı, Cavabdehin nümayəndəsi X3 iştirakları ilə, İddiaçı cаvаbdеh Аzərbаycаn Rеspublikаsının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondunun Sosial Ödənişlərin Təyinatı üzrə Mərkəzi Filialına qarşı “cavabdehin imtinasının qanunsuz hesab edilərək sağlamlıq imkanları məhdud 18 yaşınadək uşağa qulluq edilməsi müddəti sığorta stajına daxil edilməklə əmək pensiyasının təyin edilməsi vəzifəsinin cavabdehin üzərinə qoyulması” tələbinə dair inzibati iş üzrə Bakı İnzibati Məhkəməsinin 2-1(112)-911/2022 saylı, 20 may 2022-ci il tarixli qərarından cavabdeh tərəfindən verilmiş apellyasiya şikayətinə əsasən inzibati işə Bakı Apellyasiya Məhkəməsinin binasında (Bakı şəhəri, Z.Xəlilov küçəsi, 540-cı məhəllə) açıq məhkəmə iclasında baxaraq M Ü Ə Y Y Ə N E T D I : İddiaçı Bakı İnzibati Məhkəməsində cavabdeh Аzərbаycаn Rеspublikаsının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondunun Sosial Ödənişlərin Təynatı üzrə Mərkəzi Filialına qarşı iddia qaldıraraq cavabdehin imtinasının qanunsuz hesab edilərək sağlamlıq imkanları məhdud 18 yaşınadək uşağa qulluq edilməsi müddəti sığorta stajına daxil edilməklə əmək pensiyasının təyin edilməsi vəzifəsinin cavabdehə həvalə edilməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir İddia ərizəsində tələb onunla əsaslandırılmışdır ki, iddiaçı əmək fəaliyyətinə 1979-cu ildən kolxozda başlasa da, xx.xx.1989-cu il tarixindən xx.xx.1989-cu il tarixinə qədər Azərbaycan SSR Yüngül Sənaye Nazirliyi Bakı Saxsı Qablar Zavodunda, xx.xx.1990-cı ildən xx.xx.1994-cü il tarixinə qədər Azərbaycan SSR Sənaye Tikintisi Nazirliyinin 4 N-li Tresti 47 saylı tikinti idarəsində, xx.xx.2006-cı il tarixindən xx.xx.2009-cu il tarixinə qədər “Azneft” İB X9 İdarəsində, xx.xx.2009- cu il tarixindən xx.xx.2014-cü il tarixinə qədər Abşeron Xüsusi Texnika sexində, xx.xx.2014-cü il tarixindən xx.xx.2016-cı il tarixinə qədər Azərbaycan Respublikası Dövlət Neft Şirkəti Təlim, Tədris və Sertifikatlaşdırma İdarəsində, xx.xx.2018-ci il tarixindən xx.xx.2018-ci il tarixinə qədər Azərbaycan Respubikasının Dövlət Neft Şirkəti “Qaz ixrac” İdarəsində, ümumilikdə 13 il 6 ay müddətində əmək fəaliyyəti göstərmişdir. 1979-1984-cü illər ərzində Azərbaycan SSR Ağsu rayonu ərazisində yerləşən Özbəkistan kolxozuna üzv olmaqla kolxozçu vəzifəsində işləmiş və bu illər ərzində mütəmadi əmək haqqı almışdır. İddiaçı kolxozda işlədiyi dövrün “Əmək pensiyaları haqqında” Qanunun qüvvəyə mindiyi xx.xx.2006-cı ilədək olan dövrə aid olduğunu və bununla bağlı həmin dövrdə yaranmış münasibətləri tənzimləyən normaları nəzərə alaraq hesab edir ki, 1979-1984-cü illərdə əmək fəaliyyəti 495 nömrəli “Kolxozçunun Əmək kitabçası” ilə öz təsdiqini tapdığından sözügedən dövr ona əmək pensiyası hüququ verən sosial sığorta stajına daxil edilməlidir. Həmçinin bildirir ki, oğlu xx.xx.1990-cı il təvəllüdlü Ağalarov Xətai Ehtibar oğlu Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin xx.xx.2019-cu il tarixli TSEK müayinəsinə dair verdiyi arayışdan da göründüyü kimi, ağır dərəcədə ifadə olunmuş kəmağılılıq, kəskin nəzərəçarpan imbesillik dərəcəsində kobud davranış pozuntuları diaqnozu ilə 1ci qrup əlildir. O, yaşa görə pensiyanın təyin edilməsinə dair iddia ərizəsini geri götürərək cavabdehə yenidən müraciət etmiş, lakin cavabehin 02 aprel 2021-ci il tarixli məktubu ilə müraciətdən imtina edilərək xx.xx.1992-ci il tarixində tərtib olunmuş əmək kitabçasına əsasən sığorta stajının 23 il 5 ay olmaqla qanunla müəyyən edilmiş 25 il müddətindən az olması və fərdi hesabın sığorta hissəsində qeydə alınmış pensiya kapitalı 16.964,74 (on altı min doqquz yüz altmış dörd manat yetmiş dörd qəpik) olmaqla qanunla tələb olunan məbləğdən az olması qeyd edilmişdir. O hesab edir ki, səkkiz ildən də çox bir müddətdə sağlamlıq imkanları məhdud uşağın tərbiyyəsi ilə məşğul olduğundan, 22 il sosial sığorta stajının nəzərə alınmaqla yaşa görə əmək pensiyası almaq üçün yaş həddi 5 il azaldılmalıdır. Hüquq münasibətlərinin yarandığı dövrdə yaş həddinin 5 il azaldılaraq 56 yaş müəyyən olunmalı olduğunu, 10 iyul 2018-ci il tarixdə 56 yaşı olduğundan, qanunla müəyyən olunmuş yaş həddinə çatdığından, iddiasının təmin edilməsini xahiş etmişdir. İşin birinci instansiya icraatı zamanı cavabdeh iddiaya dair yazılı etiraz təqdim etmişdir. Cavabdeh etirazda göstərmişdir ki, , İddiaçının təqdim etdiyi sənədlərə əsasən onun əmək pensiyası hüququ verən yaş həddinə çatmasına baxmayaraq tələb olunan sığorta stajının olmadığı müəyyən edilmişdir. xx.xx.1980-cı ildə tərtib olunmuş 495 nömrəli kolxozçunun əmək kitabçasına əsasən minimum adam günü norması 1979-cu il tarixindən 1984-cü il tarixinədək 180 gün müəyyən edilmişdir. İddiaçı 1979-cu ildən 1984-cü ilədək işlədiyi dövrdə kolxozda müəyyən olunmuş minimum adam günü normasını verinə yetirməmişdir. Beləliklə, iddiaçının kolxozda işlədiyi müddətdə 2 il 9 ay (83+24+116+143+133 = 499/180 x 12 = 33 aydan artıq (33,26)) ümumi iş stajı vardır. Həmin əmək kitabçasına əsasən iddiaçının xx.xx.1989-cu ildən xx.xx.1989-cu ilədək və xx.xx.1989-cu ildən xx.xx.1989-cu ilədək əmək fəaliyyəti 4 ay 12 gün təşkil edir. İddiaçının təqdim etdiyi xx.xx.2019-cu ildə tərtib olunmuş ******* nömrəli əmək kitabçasının surətinə və xx.xx.2021-ci iİ tarixli qulluq aktına əsasən: xx.xx.1990-xx.xx.1994-cü illər üzrə əmək fəaliyyəti dövrü 4 il 1 gün; xx.xx.2001-xx.xx.2008-ci illər üzrə sağlamlıq imkanları məhdud 18 yaşınadək uşaqa qulluq dövrü 7 il 5 ay 18 gün; xx.xx.2008xx.xx.2014; xx.xx.2014-xx.xx.2016 və xx.xx.2018xx.xx.2018-ci illər üzrə əmək fəaliyyəti dövrü 6 il 11 ay 27 gün; xx.xx.2019-xx.xx.2021-ci illər üzrə İ qrup əlillə qulluq dövrü 2 il 6 ay 24 gün təşkil edir. Qeyd olunanları nəzərə alaraq iddiaçının sığorta stajı 24 il 1 ay 22 gün təşkil edir. Əlavə olaraq bildirilir ki, iddiaçının xx.xx.2006-cı il tarixinədək 11 il 9 ay 18 gün ümumi iş stajına əsasən pensiya kapitalı 8.525,73 manatdır. (“Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanununun 8.2-ci maddəsinə əsasən pensiya yaşına çatdığı xx.xx.2019-cu il tarixə indeksləşdirilməklə). Əmək yə Əhalinin Sosial Müdafiəsi Nazirliyinin X1 Sisteminin Pensiya altsisteminə əsasən iddiaçının fərdi hesabının sığorta hissəsində xx.xx.2006-cı il tarixindən xx.xx.2018-ci il tarixinədək 14.726,10 manat sığorta kapitalı qeydə alınmışdır. İddiaçının təqdim etdiyi 2 nömrəli Zona Tibbi-Sosial Ekspert Komissiyasının 92 nömrəli xx.xx.2001ci il müayinə aktına əsasən iddiaçının oğlu Ağalarov Xətai Ehtibar oğlunun sağlamlıq imkanlarının məhdudluğu xx.xx.2001-ci il tarixdən müəyyən edildiyi üçün xx.xx.2021-ci il tarixli qulluq aktında qulluq dövrünün başlanğıcı həmin tarixdən qeyd edilmişdir. X1 Sisteminin Əlillik altsisteminə əsasən Ağalarov Xətai Ehtibar oğluna xx.xx.2019-cu il tarixindən birinci dərəcəli əlillik təyin edilmişdir. Bu səbəbdən iddiaçının birinci dərəcəli əlilə qulluq dövrü həmin tarixdən nəzərə alınmışdır. Qeyd edilən qanunvericilik normalarının tələbləri və işin faktiki halları nəzərə alınaraq qeyd edilməlidir ki, iddiaçı R.F.Ağayevanın təqdim etdiyi sənədlərə əsasən “Əmək pensiyaları haqqında” AR Qanunun 7-ci maddəsinin tələblərinə müvafiq olaraq yasa görə əmək pensiyası hüququna malik olmadığından iddia tələbi təmin edilməməlidir. Bakı İnzibati Məhkəməsinin 2-1(112)-911/2022 saylı, 20 may 2022-ci il tarixli qərarı ilə iddia təmin edilmişdir. Qərardan narazı qalan cavabdeh qanunvericiliklə müəyyən edilmiş qaydada və vaxtda apellyasiya şikayəti verərək, qərarın ləğv edilməsini və iddia tələbinin təmin edilməməsini xahiş etmişdir. Apellyasiya şikayəti onunla əsaslandırılmışdır ki, iddiaçının mübahisəli olmayan sığorta stajı ümumilikdə 24 il 1 ay 22 gün təşkil edir. İddiaçı təqdim etdiyi xx.xx.1980-cı ildə tərtib olunmuş 495 nömrəli kolxozçunun əmək kitabçasına əsasən minimum adam günü norması 1979-cu il tarixindən 1984-cü il tarixinədək 180 gün müəyyən edilmişdir. İddiaçı 1979-cu ildən 1984-cü ilədək işlədiyi dövrdə kolxozda müəyyən olunmuş minimum adam günü normasını yerinə yetirməmişdir. Beləliklə, iddiaçının kolxozda işlədiyi müddətdə 2 il 9 ay (83+24+116+143+133 = 499/180 x 12 = 33 aydan artıq (33,26) ümumi iş stajı vardır. Həmin əmək kitabçasına əsasən iddiaçının xx.xx.1989-cu ildən xx.xx.1989-cu ilədək və xx.xx.1989-cu ildən xx.xx.1989-cu ilədək əmək fəaliyyəti 4 ay 12 gün təşkil edir. İddiaçının təqdim etdiyi xx.xx.2019-cu ildə tərtib olunmuş ******* nömrəli əmək kitabçasının surətinə və xx.xx.2021-ci il tarixli qulluq aktına əsasən: xx.xx.1990-xx.xx.1994-cü illər üzrə əmək fəaliyyəti dövrü 4 il 1 gün; xx.xx.2001-xx.xx.2008-ci illər üzrə sağlamlıq imkanları məhdud 18 yaşınadək uşağa qulluq dövrü 7 il 5 ay 18 gün; xx.xx.2008- xx.xx.2014; xx.xx.2014-xx.xx.2016 və xx.xx.2018-xx.xx.2018-ci illər üzrə əmək fəaliyyəti dövrü 6 il 11 ay 27 gün; xx.xx.2019-xx.xx.2021-ci illər üzrə İ qrup əlillə qulluq dövrü 2 il 6 ay 24 gün təşkil edir. Həmçinin, iddiaçının xx.xx.2006-cı il tarixinədək 11 il 9 ay 18 gün ümumi iş stajına əsasən pensiya kapitalı 8525,73 manatdır. (“Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanununun 8.2-ci maddəsinə əsasən pensiya yaşına çatdığı xx.xx.2019-cu il tarixə indeksləşdirilməklə). Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin X1 Sisteminin Pensiya altsisteminə əsasən iddiaçının fərdi hesabının sığorta hissəsində xx.xx.2006-cı il tarixindən xx.xx.2018-ci il tarixinədək 14726,10 manat sığorta kapitalı qeydə alınmışdır. İddiaçının təqdim etdiyi 2 nömrəli Zona Tibbi-Sosial Ekspert Komissiyasının 92 nömrəli xx.xx.2001-ci il müayinə aktına əsasən iddiaçının oğlu Ağalarov Xətai Ehtibar oğlunun sağlamlıq imkanlarının məhdudluğu xx.xx.2001-ci il tarixdən müəyyən edildiyi üçün xx.xx.2021-ci il tarixli qulluq aktında qulluq dövrünün başlanğıcı həmin tarixdən qeyd edilmişdir. X1 Sisteminin Əlillik altsisteminə əsasən Ağalarov Xətai Ehtibar oğluna xx.xx.2019-cu il tarixindən birinci dərəcəli əlillik təyin edilmişdir. Bu səbəbdən iddiaçının birinci dərəcəli əlilə qulluq dövrü həmin tarixdən nəzərə alınmışdır. Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının 2-1(103)-404/2023 saylı, xx.xx.2023cü il tarixli qərarı ilə cavabdeh tərəfindən verilmiş apellyasiya şikayəti təmin edilməmiş və Bakı İnzibati Məhkəməsinin 2-1(112)-911/2022 saylı, 20 may 2022-ci il tarixli qərarı əmək pensiyası təyini tarixi iddiaçının 56,5 yaşı tamam olan tarixdən, xx.xx.2019-ci ildən qeyd edilməklə dəyişdirilmədən saxlanılması qərara alınmışdır. Qərardan cavabdeh tərəfindən kassasiya şikayəti verilmiş, Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyasının 2-1(102)-1179/2023 saylı, xx.xx.2023-cü il tarixli qərarı ilə Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının xx.xx.2023-cü il tarixli, 2- 1(103)-404/2023 nömrəli qərarı ləğv edilmiş, iş təkrar baxılması üçün həmin məhkəməyə göndərilmiş və şikayət iddianın rədd edilməsi tələbinə aid hissədə təmin edilməmişdir. Ali Məhkəmənin hazırkı iş üzrə hüquqi göstərişi ondan ibarət olmuşdur ki, “məhkəmə iddiaçının sığorta stajına aid etdiyi “sağlamlıq imkanları məhdud uşağa qulluq müddəti”nin başlanğıcını, - cavabdehin dəlillərinin əksinə olaraq, - 1994-cü il hesab edirsə, bu halda, məhkəmə işin hallarının araşdırılması prinsipinin tələblərinə uyğun davranmalı, proses iştirakçılarının təqdim etdikləri sübutlarla və işdə olan digər materiallarla kifayətlənməyərək, mübahisənin düzgün həlli üçün əhəmiyyət kəsb edən bütün faktiki halları araşdırmalı, gəldiyi nəticəni şübhələrdən azad, məhkəmə iclasında tam və hərtərəfli araşdırılmış sübutlara istinadla əsaslandırmalıdır. Hazırkı işdə bu, “sağlamlıq imkanları məhdud uşağa qulluq müddəti”nin başlanğıcının 1994-cü ilə təsadüf etdiyinə münasibətdə baş verməmişdir” Azərbaycan Respublikası İPM-nin 96.11-ci maddəsinə əsasən mübahisə edilən qərarla bağlı Ali Məhkəmənin hüquqi mövqeyi apellyasiya instansiyası məhkəmələri üçün məcburidir. Məhkəmə kollegiyası iclasında iştirak edən cavabdehin nümayəndəsi apellyasiya şikayətini müdafiə edərək onun təmin edilməsini xahiş etdi. Məhkəmə kollegiyası iclasında iştirak edən iddiaçı apellyasiya şikayətinə etiraz edərək, onun rədd edilməsini xahiş etdi. Məhkəmə kollegiyası iş materiallarını yoxlayaraq və apellyasiya şikayətinin dəlilini araşdıraraq hesab edir ki, apellyasiya şikayəti təmin edilməməli, Bakı İnzibati Məhkəməsinin 2- 1(112)-911/2022 saylı, 20 may 2022-ci il tarixli qərarı dəyişdirilmədən qüvvədə saxlanılmalıdır. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 82-ci maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi mübahisə ilə bağlı işə şikayət həddində və hüquqi məsələlər, habelə sübutlar və faktlar (faktiki hallar) əsasında mahiyyəti üzrə tam həcmdə baxır. İş materiallarında olan: - 420869 nömrəli doğum haqqında şəhadətnaməyə əsasən, Ağalarov Xətai Ehtibar oğlu xx.xx.1990-cı il tarixdə anadan olmuş, anası İddiaçı, atası isə Ağalarov Ehtibar Əmirxan oğludur. - Azərbaycan Respublikası Səhiyyə Nazirliyi Tibbi-Sosial Ekspert Komissiyasına verilən 0170003AAC5P nömrəli göndərişə əsasən, xx.xx.1990-cı il təvəllüdlü Ağalarov Xətai Ehtibar oğlu 2-ci qrup müddətsiz əlildir, doğulandan xəstədir, uşaqlıqdan psixofiziki inkişafdan geri qalıb, hərbidən kəmağıllılığa görə azad olunub, son illər vəziyyəti daha da pisləşib və dəfələrlə intihara cəhdlər etmişdir. Xəstəyə əsas diaqnoz kimi qulluq və müalicə tələb edən ciddi davranış pozuntusu, kəskin nəzərəçarpan imbesillik kobud davranış pozuntuları və psixotik daxil olmalarla anamnezində intihar cəhdləri qoyulmuşdur. Xəstənin kənar şəxlərin köməyinə və nəzarətinə daimi ehtiyacı var. - Tibbi-Sosial Ekspert Komissiyasında sonuncu müayinəyə dair verilən məlumata əsasən, xx.xx.1990-cı il təvəllüdlü Ağalarov Xətai Ehtibar oğlu ümumi xəstəlik səbəbindən müddətsiz əlildir. - Xətai rayon İcra Hakimiyyəti başçısının 1 nömrəli Sahə İnzibati Ərazi İdarəsi üzrə Nümayəndəliyinin xx.xx.2020-ci il tarixli 06/20 nömrəli arayışına əsasən, iddiaçı Xətai rayonu, Babək prospekti, ev 92, mənzil 36-da yaşayan, birinci qrup əlil olan, xx.xx.1990-cı il tarixdə anadan olmuş və dərin əqli zəifliyi, qulluq və müalicə tələb edən ciddi davranış pozuntusu olan oğlu Ağalarov Xətai Ehtibar oğluna doğulduğu gündən bu günə kimi qulluq etmişdir. - İT-İ ******* nömrəli əmək kitabçasına və kolxozçunun əmək kitabçasına əsasən, iddiaçı 47 saylı Tikinti İdarəsi 4 nömrəli trestinə işə düzəlməzdən əvvəl 1980-ci il tarixindən 1984-cü il tarixinədək kolxozda işləmiş və əmək stajı 3 ay 19 gündür, xx.xx.1989-cu ildən xx.xx.1989-cu ilə qədər Bakı saxsı qablar zabodunda tökməçi, xx.xx.1989-cu ildən xx.xx.1989-cu ilə qədər Bakı Neft Təchizatı bazasında operator, xx.xx.1990-cı ildən xx.xx.1994-cü ilə qədər 47 nömrəli Tikinti İdarəsində fəhlə,xx.xx.2006-cı ildən xx.xx.2009- cu ilə qədər Qazma İşləri idarəsində texnik,xx.xx.2009-cu ildən xx.xx.2014-cü ilə qədər İxtisaslaşdırılmış Xüsusi Texnika İdarəsində texnik,xx.xx.2014-cü ildən xx.xx.2016-cı ilə qədər Dövlət Neft Şirkətinin Təlim, Tədris və Sertifikatlaşdırma İdarəsində arxivçi,xx.xx.2018-ci ildən xx.xx.2018-ci ilə qədər Dövlət Neft Şirkətinin Qaz İxracı İdarəsində istehsalat sahəsini və xidməti otaqları yığışdıran işləmişdir. - Bakı İnzibati Məhkəməsinin 2-1(112)-6073/2021 saylı xx.xx.2021-ci il tarixli qərardadının icrası ilə bağlı məhkəməyə cavabdeh orqanın Məhkəmə Mübahisələri ilə İş üzrə Mərkəzi Filiala ünvanladığı **********4 nömrəli, xx.xx.2021-ci il tarixli xidməti məktubu məhkəməyə təqdim olunmuşdur. Həmin məktubda bildirilmişdir ki, Fililalın Monitorinq və araşdırma şöbəsinin xx.xx.2021-ci il tarixli aktına əsasən araşdırma zamanı məlum olmuşdur ki, İddiaçı oğlu X.Ağalarova xx.xx.2001-ci ildən xx.xx.2008-ci ilədək və xx.xx.2019-cu ildən hal-hazıradək qulluq etmişdir. Həmçinin vətəndaşın təqdim etdiyi uşaqlıqdan əlil övladının təkrar əlillik arayışlarına əsasən sığorta stajı nəzərə alınaraq hesablanmışdır. xx.xx.1989-xx.xx.1989-cu illər, xx.xx.1989xx.xx.1989-cu illər, xx.xx.1990-xx.xx.1994-cü illər, xx.xx.2001-xx.xx.2003-cü illər, xx.xx.2003xx.xx.2008-ci illər, xx.xx.2008- xx.xx.2014-cü illər, xx.xx.2014-xx.xx.2016-cı illər, xx.xx.2018xx.xx.2018-ci illər, xx.xx.2019-xx.xx.2021-ci illər və 2 il 8 ay kolxozdakı əmək fəaliyyəti dövrü nəzərə alınmaqla 23 il 4 ay 15 gün sığorta stajı hesablanmışdır. - Fililalın Monitorinq və araşdırma şöbəsinin xx.xx.2021-ci il tarixli aktına əsasən, Xətai rayonu, ünvan 1 ünvanında yaşayan X6, Xətai rayonu, ünvan 2vanında yaşayan X4 iştirakı ilə akt tərtib edilərək iddiaçının oğlu Ağalarov Xətai Ehtibar oğluna xx.xx.2001-ci il tarixdən xx.xx.2008-ci il tarixədək və xx.xx.2019-cu il tarixdən halhazıradək qulluq etməsi məlum olmuşdur. - İddiaçının cavabdehə ünvanladığı xx.xx.2020-ci il tarixli ərizəsinə əsasən, İddiaçı oğlu xx.xx.1990-cı il təvəllüdlü Ağalarov Xətai Ehtibar oğlu Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin xx.xx.2019-cu il tarixli TSEK müayinəsinə dair verdiyi arayışa əsasən anadangəlmə ağır dərəcədə ifadə olunmuş kəmağılılıq, kəskin nəzərəçarpan imbesillik dərəcəsində kobud davranış pozuntuları diaqnozu ilə 1-ci qrup əlildir. Azərbaycan Respublikasının “Əmək pensiyaları haqqında” Qanununa əsasən pensiyaların təyin edilməsi, yenidən hesablanması, bir növündən başqa növünə keçirilməsi və ödənilməsi Qaydalarının 3.9-cu maddəsinə əsasən İ qrup əlilə və ya sağlamlıq imkanları məhdud 18 yaşınadək uşağa, habelə ahıl şəxsə qulluq edilməsi müddəti sığortaolunanın sığorta stajına (rayon) icra hakimiyyəti orqanlarının, yaxud Şöbənin və ya idarənin nümayəndələrindən ibarət komissiya tərəfindən, xidmət edilən şəxsin, onun qonşularının ifadələrinə və digər məlumatlara əsasən xidmətin faktiki olaraq həyata keçirilməsi barədə tərtib olunan akt əsasında daxil edilir. İddiaçı qeyd olunan xüsusatlara uyğun olaraq, artıq 30 ildir ki, sağlamlıq imkanları məhdud olan oğlu Ağalarov Xətai Ehtibar oğluna qulluq etdiyindən və həmin dövr ərzində sığorta stajının yenidən hesablanması ilə əlaqədar xidmətin faktiki olaraq həyata keçirilməsi barədə aktın tərtib olunması üçün komissiya yaradılmasını və Komissiya tərəfindən sözü gedən aktın tərtib olunaraq təqdim olunmasını xahiş edir. - Cavabdehin xx.xx.2021-ci il tarixli **********8 nömrəli “Yaşa görə əmək pensiyasının təyin edilməsindən imtina olunması haqqında” məktubuna əsasən iddiaçıya bildirilmişdir ki, “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanununun 7-ci maddəsinə əsasən 64 yaşına çatmış kişilərin və 60 yaşına çatmış qadınların fərdi hesabın sığorta hissəsində qeydə alınmış pensiya kapitalı əmək pensiyasının minimum məbləğindən az olmayan pensiya təminatına imkan verdikdə sığorta stajından asılı olmayaraq, bu pensiya təminatına imkan vermədikdə isə azı 25 il sığorta stajı olduqda (2017-ci il iyulun 1-dək yaşa görə əmək pensiyası təyin edilmiş şəxslər istisna olmaqla) yaşa görə əmək pensiyası hüququ vardır. Bu Qanunun 7-ci maddəsində nəzərdə tutulmuş kişilərin yaş həddi 2017-ci il iyulun 1-dən başlayaraq 2021-ci il iyulun 1-dək, qadınların yaş həddi 2017-ci il iyulun 1-dən başlayaraq 2027-ci il iyulun 1-dək hər il 6 ay artırılır. Həmin Qanunun 8.2-ci maddəsinə müvafiq olaraq qanunla müəyyən olunmuş yaş həddi 5 il azaldılmaqla yaşa görə əmək pensiyası almaq hüququ olduğu da bildirilir. İddiaçı təqdim etdiyi xx.xx.1992-ci il tarixli əmək kitabçasına görə sığorta stajı 23 il 5 ay olmaqla qanunvericiliklə tələb olunan müddətdən (25 il) azdır. Eyni zamanda fərdi hesabın sığorta hissəsində qeydə alınmış pensiya kapitalı 16.964,74 manat olmaqla qanunla tələb olunan məbləğdən (28.800 manatdan) azdır. Qeyd olunanlara əsasən yaşa görə əmək pensiyasının təyin edilməsi qanunvericiliyin tələbləri baxımından mümkün hesab edilmir. Məhkəmə hesab etmişdir ki, cavabdeh inzibati orqanın iddiaçıya münasibətdə iddiaçının müraciətinin təmin edilməməsi ilə bağlı hərəkətləri “İnzibati icraat haqqında” Azərbaycan Respublikası Qanunun tələblərinə uyğun olmamış, cavabdeh iddiaçının uşaqlıqdan sağlamlıq imkanları məhdud olan uşağına baxması, iddiaçıdan başqa həmin şəxsə baxan şəxsin olmaması kimi halları nəzərə almamış və iddianın müraciətini formal əsaslarla təmin etməmişdir. Məhkəmə kollegiyası birinci instansiya məhkəməsinin mövqeyi ilə razılaşır. Belə ki, “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanununun: 1.0.1-ci maddəsinə əsasən əmək pensiyası - bu Qanunla nəzərdə tutulmuş qayda və şərtlərlə müəyyən edilən və məcburi dövlət sosial sığortaolunanların (bundan sonra – sığortaolunan) onlara əmək pensiyası təyin olunduqdan əvvəl aldıqları əmək haqqı və digər gəlirlərin, yaxud sığortaolunanların ölümü ilə əlaqədar onların ailə üzvlərinin itirdikləri gəlirlərin kompensasiyası məqsədilə vətəndaşlara aylıq pul ödənişidir. 7-ci maddəsinə əsasən, 63 yaşına çatmış kişilərin və 60 yaşına çatmış qadınların fərdi hesabın sığorta hissəsində qeydə alınmış pensiya kapitalı əmək pensiyasının minimum məbləğindən az olmayan pensiya təminatına imkan verdikdə sığorta stajından asılı olmayaraq, bu pensiya təminatına imkan vermədikdə isə azı 25 il sığorta stajı olduqda (2017-ci il iyulun 1dək yaşa görə əmək pensiyası təyin edilmiş şəxslər istisna olmaqla) yaşa görə əmək pensiyası hüququ vardır. Qeyd. Bu Qanunun 7-ci maddəsində nəzərdə tutulmuş kişilərin yaş həddi 2017-ci il iyulun 1dən başlayaraq 2021- ci il iyulun 1-dək, qadınların yaş həddi 2017-ci il iyulun 1-dən başlayaraq 2027-ci il iyulun 1-dək hər il 6 ay artırılır. 8.2-ci maddəsinə əsasən sağlamlıq imkanları məhdud uşağını səkkiz yaşınadək tərbiyə etmiş anaların bu Qanunun 7-ci maddəsinə uyğun şərtlər daxilində yaş həddi 5 il azaldılmaqla yaşa görə əmək pensiyası hüququ vardır. 21.1-ci maddəsinə əsasən qanunvericiliklə müəyyən edilmiş qaydada məcburi dövlət sosial sığorta haqlarının ödənilməsi şərtilə mülkiyyət formasından, əmək fəaliyyətinin xarakterindən və müddətindən asılı olmayaraq müəssisə, idarə və təşkilatlarda əmək müqaviləsi (kontraktı) əsasında işləyənlərin hərbi qulluqçuların, eləcə də hüquqi şəxs yaratmadan sahibkarlıq fəaliyyəti ilə məşğul olan fiziki şəxslərin, vəzifəyə seçilmiş və ya təyin edilmiş şəxslərin iş, hərbi xidmət və ya digər fəaliyyət müddətləri sığorta stajına daxil edilir. 21.2-ci maddəsinə əsasən sığortaolunanın sığorta stajına bu Qanunun 21.1-ci maddəsində qeyd olunan müddətlərdən əlavə, aşağıdakı müddətlər daxil edilir: 21.2.1.işçinin işəgötürən tərəfindən hesablanmış əməkhaqqına məcburi dövlət sosial sığorta haqqı ödənilən hər hansı işinin müddəti;.. 21.2.4.müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi qaydada hesablanan İ dərəcə əlilliyi olan şəxsə və ya sağlamlıq imkanları məhdud 18 yaşınadək uşağa, habelə ahıllara (yaşı 70ə çatmış şəxslərə) qulluq edilməsi müddəti; Hazırki işin faktiki hallarından müəyyən olunur ki, iddiaçı xx.xx.1963-cü il təvəllüdlüdür, xx.xx.1990-cı il təvəllüdlü oğlu Ağalarov Xətai Ehtibar oğlu doğulandan xəstədir, ona sonuncu dəfə xx.xx.2019-cu il tarixdə müayinə edilməklə başqasının qulluğuna ehtiyacı olan şəxs kimi ümumi xəstəlik səbəbi ilə təkrar birinci dərəcə əlillik müddətsiz təyin edilmişdir, uşaqlıqdan psixofiziki inkişafdan geri qalmışdır, hərbi xidmətdən kəmağıllığa görə azad edilmişdir, iddiaçı ona baxmışdır, hazırda da iddiaçının himayəsində yaşayır, iddiaçı cavabdehə müraciət edərək səkkiz ildən çox bir müddətdə sağlamlıq imkanları məhdud olan uşağını səkkiz yaşınadək tərbiyə etdiyi üçün qanunla müəyyən edilmiş yaş həddi 5 il azaldılmaqla İ qrup əlilə və ya sağlamlıq imkanları məhdud övladına baxma müddəti staja aid edilməklə ona yaşa görə əmək pensiyasının təyin edilməsini xahiş etmiş, lakin müraciətinin təmin edilməsindən imtina edildiyi üçün hazırki iddia tələbi ilə məhkəməyə müraciət etmişdir. Məhkəmə kollegiyası ilk növbədə qeyd etməyi zəruri hesab edir ki, işin hazırkı apellyasiya icraatı zamanı Ali Məhkəmənin müvafiq göstərişlərinə uyğun olaraq xx.xx.2024-cü il tarixli qərardadla iş üzrə məhkəmə-tibbi ekspertizası təyin edilmiş və ekspertlər qarşısında aşağıdakı sual qoyulmuşdur: - xx.xx.1990-cı il təvəllüdlü Ağalarov Xətai Ehtibar oğluna müayinə əsasında təyin edilmiş “V sinif - Psixi pozğunluqlar və davranış pozğunluqları ilə müşahidə olunan, qulluq və müalicə tələb edən ciddi davranış pozuntusu olan, ağır dərəcədə ifadə olunmuş kəmağılılıq, kəskin nəzərəçarpan imbesillik dərəcəsində kobud davranış pozuntuları” diaqnozu həmin şəxsdə anadangəlmə mövcud olmuşdurmu? Məhkəməyə təqdim edilmiş Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin “ Məhkəmə-Tibbi Ekspertiza və X5” Publik Hüquqi şəxsinin T304/2024 saylı ekspert rəyinin nəticə hissəsində qeyd edilmişdir ki, “ X.E.Ağalarovun əziyyət çəkdiyi “ V sinif- psixi pozğunluqlar və davranış pozğunluqları ilə müşahidə olunan, qulluq və müalicə tələb edən ciddi davranış pozuntusu olan ağır dərəcədə ifadə olunmuş kəmağıllılıq, kəskin nəzərəçarpan imbesillik dərəcəsində kobud davranış pozuntuları” diaqnozundakı xəstəliklər əyani müayinədə aşkar edilmədiyindən bunun anadangəlmə olub-olmaması barədə fikir söyləmək mümkün olmadı” Məhkəmə kollegiyası qeyd edir ki, təqdim edilmiş ekspert rəyindən göründüyü kimi iddiaçının övladı xx.xx.1990-cı il təvəllüdlü Ağalarov Xətai Ehtibar oğluna təyin edilmiş müvafiq diaqnozdakı xəstəliklərin anadangəlmə olmasını müəyyən etmək olmamışdır. Lakin sonuncu məhkəmə iclasında iddiaçı tərəfindən təqdim edilmiş 9 saylı uşaq poliklinikasından əldə edilən “xəstəlik kitabçası”ndan müəyyən edilir ki, Ağalarov Xətai Ehtibar oğlu həqiqətən 1995-ci il tarixdən etibarən yuxarıda qeyd edilən xəstəliklərlə bağlı olaraq qeydiyyata alınmışdır. Göründüyü kimi iddiaçının övladı əvvəllər də müayinəyə cəlb edilmiş və bu hal onun sağlamlıq imkanları məhdud (əlil) uşaq hesab edilməsi qənaətinə gəlməyə əsas verir. Həmçinin 2 saylı Zona Tibbi Sosial Ekspert Komissiyasının 92 saylı xx.xx.2001-ci il tarixli müayinə aktının məzmunundan aydın olur ki, bu müayinə təkrar müayinə olmuş və TSEK-in diaqnozu kimi doğum travması nəticəsində MBD sindromu qeyd edilmişdir. Həmçinin, işin araşdırılmış hallarından da göründüyü kimi, xx.xx.1990-cı il təvəllüdlü Ağalarov Xətai Ehtibar oğlu uşaqlıqdan psixofiziki inkişafdan geri qalmışdır, hərbidən kəmağıllığa görə azad olunmuşdur, xəstəliyi qulluq və müalicə tələb edən ciddi davranış pozuntusudur, bir neçə dəfə Bakı 2 nömrəli Klinik Psixatriya xəstəxanasında yatmışdır, həmin övladına körpə vaxtından iddiaçı baxmışdır ki, bunun əksini təsdiq edən – yəni qulluğa ehtiyacı olan həmin şəxsə başqa bir şəxsin baxmasını təsdiq edə sübutlar cavabdeh tərəfindən məhkəməyə təqdim edilməmiş, belə sübutlar barədə məlumat verilməmişdir. Belə olan halda iddiaçının sağlamlıq imkanı məhdud övladına baxması müddətinin xx.xx.2001-ci il tarixdən hesablanması barədə cavabdeh inzibati orqanın mövqeyi əsassızdır. Eyni zamanda, İT-İ ******* nömrəli əmək kitabçasına və kolxozçunun əmək kitabçasına əsasən,iddiaçı 47 saylı Tikinti İdarəsi 4 nömrəli trestinə işə düzəlməzdən əvvəl 1980-ci il tarixindən 1984-cü il tarixinədək kolxozda işləmiş, xx.xx.1989-cu ildən xx.xx.1989-cu ilə qədər Bakı saxsı qablar zabodunda tökməçi, xx.xx.1989-cu ildən xx.xx.1989-cu ilə qədər Bakı Neft Təchizatı bazasında operator, xx.xx.1990-cı ildən xx.xx.1994-cü ilə qədər 47 nömrəli Tikinti İdarəsində fəhlə, xx.xx.2006-cı ildən xx.xx.2009-cu ilə qədər Qazma İşləri idarəsində texnik, xx.xx.2009-cu ildən xx.xx.2014-cü ilə qədər İxtisaslaşdırılmış Xüsusi Texnika İdarəsində texnik, xx.xx.2014-cü ildən xx.xx.2016-cı ilə qədər Dövlət Neft Şirkətinin Təlim, Tədris və Sertifikatlaşdırma İdarəsində arxivçi, xx.xx.2018-ci ildən xx.xx.2018-ci ilə qədər Dövlət Neft Şirkətinin Qaz İxracı İdarəsində istehsalat sahəsini və xidməti otaqları yığışdıran işləmişdir. Göründüyü kimi, əmək kitabçaları ilə iddiaçının əmək fəaliyyəti dövrü 16 il 8 gün təşkil edir. İddiaçının doğuşdan xəstə olan sağlamlıq imkanı məhdud xx.xx.1990-cı il təvəllüdlü övladına baxma müddətini isə cavabdeh inzibati orqan xx.xx.2001-ci ildən xx.xx.2008-ci il tarixə kimi hesablasa da, Məhkəmə kollegiyası hesab edir ki, iddiaçının əmək fəaliyyət dövrü istisna olmaqla xx.xx.1994-cü ildən xx.xx.2001-ci ilədək olan dövr də doğuşdan xəstə olan sağlamlıq imkanı məhdud övladına qulluq müddəti kimi onun ümumi stajına daxil edilməlidir. Əlavə olaraq qeyd edilməlidir ki, hətta iddiaçının övladına baxma müddəti Ağalarov Xətai Ehtibar oğlunun 9 saylı uşaq poliklinikasında qeydiyyata alındığı 1995-ci ildən hesablandığı təqdirdə belə iddiaçının 25 ildən artıq ümumi iş stajı tamamlanır. AR İPM-nin 14.3-cü maddəsinə görə inzibati aktın qəbul edilməsi tələbinə dair (məcburetmə haqqında) iddialar üzrə həmin aktın qəbul edilməsini zəruri edən faktiki şərtlərin mövcudluğunu sübut etmək vəzifəsi iddiaçının üzərinə düşür. Lakin inzibati orqan iddiaçının arzuladığı inzibati aktın qəbulunu konkret halda istisna edən faktiki şərtlərin mövcudluğuna istinad etdiyi hallarda, belə şərtlərin mövcudluğunu sübut etmək vəzifəsi həmin inzibati orqanın üzərinə düşür. Göründüyü kimi hazırkı iş üzrə iddiaçı arzuladığı inzibati aktın qəbulunu konkret halda zəruri edən faktiki şərtlərin mövcudluğunu sübut edə bilmiş, cavabdeh inzibati orqan isə iddiaçının arzuladığı inzibati aktın qəbulunu konkret halda istisna edən faktiki şərtlərin mövcudluğunu sübut edə bilməmişdir. “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanunu ilə cavabdehə verilmiş səlahiyyətin dispozisiya şərtlərinə və hüquqi nəticələrinə iş üzrə riayət olunmamış, cavabdehin imtinası qanunauyğun olmamışdır İmtina cavabdehin inzibati orqan olaraq güdməli olduğu qanuni məqsədə mütənasib, həmin məqsədə çatmaq üçün öz məzmunu baxımından zəruri və yararlı olmamışdır. Məhkəmə kollegiyası eyni zamanda qeyd edir ki, birinci instansiya məhkəməsi haqlı olaraq iddianın təmin edilməsi nəticəsinə gəlsə də, yaşa görə əmək pensiyası hüququnun yaranma tarixini dəqiqləşdirməmişdir. Bununla bağlı olaraq Məhkəmə kollegiyası araşdırma apararaq qeyd edir ki, hüququn yaranması tarixi mübahisələndirilməsə də, məhkəmə qərarında dəqiqləşdirilmə aparılmalı iddiaçıya yaşa görə əmək pensiyası xx.xx.2019-cu il tarixdən, 56,5 yaşdan təyin edilməlidir. Beləliklə, məhkəmə kollegiyası iş üzrə toplanmış və tədqiq edilmiş sübutlara məcmu halda qiymət verərək hesab edir ki, hazırkı mübahisəyə baxılarkən birinci instansiya məhkəməsi tərəfindən işin faktiki halları düzgün araşdırılmış, sübutlara düzgün hüquqi qiymət verilmiş, maddi hüquq normalarının tətbiqində səhvə yol verilməmiş və düzgün nəticəyə gəlinmişdir. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 87.6-cı maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qərarını dəyişdirmədən qüvvədə saxlaya bilər, dəyişdirə bilər və ya ləğv edərək (tam və ya qismən) yeni qərar qəbul edə bilər. Birinci instansiya məhkəməsinin qərarı apellyasiya tələbi həddində dəyişdirilə bilər. Həmin Məcəllənin 87.8-ci maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi qərarını əsaslandırmağa borcludur. Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qərarını dəyişdirmədən qüvvədə saxladıqda, həmin qərardakı əsaslara istinad edə bilər. Lakin hər bir halda apellyasiya instansiyası məhkəməsinin qərarında apellyasiya şikayətinin dəlillərinə münasibət bildirilməlidir. Yuxarıda qeyd edilənləri nəzərə alaraq məhkəmə kollegiyası hesab edir ki, apellyasiya şikayəti əsassız olduğundan təmin edilməməli, Bakı İnzibati Məhkəməsinin 2-1(112)-911/2022 saylı, 20 may 2022-ci il tarixli qərarı dəyişdirilmədən qüvvədə saxlanılmalıdır. Məhkəmə kollegiyası şərh olunanları nəzərə alaraq, Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinin 82, 87, 90, 94 və 99-cu maddələrini rəhbər tutaraq Q Ə R A R A A L D I : Apellyasiya şikayəti təmin edilməsin. Bakı İnzibati Məhkəməsinin 2-1(112)-911/2022 saylı, 20 may 2022-ci il tarixli qərarı əmək pensiyası təyini tarixi iddiaçının 56,5 yaşı tamam olan tarixdən, xx.xx.2019-ci ildən qeyd edilməklə dəyişdirilmədən saxlanılsın. Qərardan təqdim olunduğu gündən 1 (bir) ay müddətində Bakı Apellyasiya Məhkəməsi vasitəsilə Azərbaycan Respublikası Ali Məhkəməsinin (Bakı şəhəri, Yusif Səfərov küçəsi 14, 1193cü məhəllə) İnzibati Kollegiyasına kassasiya şikayəti verilə bilər.
Məhkəmə qərarları › İş №2-1(103)-403/2024
Bakı Apellyasiya Məhkəməsi Qərar — İş №2-1(103)-403/2024
29.08.2024 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver