Məhkəmə qərarları › İş №2-1(103)-4030/2025

Bakı Apellyasiya Məhkəməsi Qərar — İş №2-1(103)-4030/2025

02.12.2025 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-1(103)-4030/2025 02.12.2025 BAKI APELLYASİYA MƏHKƏMƏSİ İddiaçı MMC-nin cavabdeh Azərbaycan Respublikasının İqtisadiyat Nazirliyi Yanında Dövlət Vergi Xidmətinə qarşı iş üzrə (Açar sözlər: maneələrin aradan qaldırılması) Hakimlər Abbasova Günel Məhərrəm qızının sədrliyi və məruzəsi ilə, Mədətli Fərid İlham oğlu və X3 ibarət tərkibdə, Səmədzadə Günay Sarastən qızının katibliyi ilə, Cavabdehin nümayəndəsi X2 iştirakı ilə, İddiaçı MMC-nin cavabdeh Azərbaycan Respublikasının İqtisadiyat Nazirliyi Yanında Dövlət Vergi Xidmətinə qarşı “maneələrin aradan qaldırılması” tələbinə dair inzibati iş üzrə Bakı İnzibati Məhkəməsinin 11 avqust 2025-ci il tarixli, 2-1(112)-7150/2025 nömrəli qərarından cavabdeh tərəfindən verilmiş apellyasiya şikayətinə əsasən inzibati işə Bakı Apellyasiya Məhkəməsinin binasında, açıq məhkəmə iclasında baxaraq aşağıdakı qərarı qəbul etdi. İŞİN HALLARİ

1. İddiaçı Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidməti Bakı Şəhəri Lokal Gəlirlər Baş İdarəsinə qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin üzərinə İddiaçı MMC-yə qarşı qanunsuz hərəkətlərdən çəkinmə, qanunsuz müdaxilələrin qarşısının alınması və cəmiyyətin normal fəaliyyət göstərməsinə şərait yaradılması öhdəliyinin qoyulmasını xahiş etmişdir.

2. Daha sonra iddiaçının nümayəndəsi iddia tələbinin dəqiqləşdirilməsi barədə ərizə təqdim edərək, cavabdehin üzərinə İddiaçı MMC-yə qarşı qanunsuz hərəkətlərdən çəkinmə və ƏDV depozit hesabında olan mövcud maneələrin aradan qaldırılması öhdəliyinin qoyulmasına dair qərar qəbul edilməsini xahiş etmişdir. Məhkəmənin xx.xx.2025-ci il tarixli qərardadı ilə ərizə icraata qəbul edilmişdir.

3. İddia tələbi onunla əsaslandırılmışdır ki, İddiaçı xx.xx.2023-cü il tarixdə **********nömrə ilə (VÖEN), Bakı şəhəri, Yasamal rayonu, Vasif Əliyev 40 hüquqi ünvanına malik olmaqla dövlət qeydiyyatına alınmışdır. Cəmiyyət yuyucu vasitələrin topdan və pərakəndə satışı fəaliyyəti ilə məşğul olmuşdur. İddiaçı (VÖEN **********) şəxsi hesab vərəqəsinə əsasən hazırkı xx.xx.2025-ci il tarixinə 147.589,82 manat məbləğində artıq ödəməsi mövcuddur. Müəssisənin riskli vergi ödəyiciləri siyahısına daxil edilməsi ilə bağlı vergi orqanının hər hansı bir qərarı mövcud deyildir. Lakin ƏDV subuçot hesabı vasitəsi ilə digər vergi ödəyicilərinə köçürmə edərkən “Zəhmət olmasa VÖEN-i düzgün göstərin, idxal əməliyyatları ilə bağlı Dövlət Gömrük Komitəsinə ödəniş edərkən isə “Məbləğin formatı düzgün deyil” xətası çıxır. Yaradılmış süni problem səbəbindən faktiki olaraq hal-hazırda müəssisənin fəaliyyəti faktiki olaraq dayandırılmış vəziyyətdədir. Yaranmış problemin aradan qaldırılması məqsədi ilə Dövlət Vergi Xidmətinə xx.xx.2024-cü il tarixli **********401200 şikayət və xx.xx.2024-cü il tarixli **********088600 saylı məktub ilə bağlı müraciət etsək də, müraciətə cavab verilməmiş, cəmiyyətin nümayəndələri tərəfindən DVX-nin Vergi Riskləri Baş İdarəsinə müracitə olunsa da, qəbul edilməmişlər. Son dövrlərin yaranmış təcrübəsi onu göstərir ki, vergi orqanı tərəfindən sahibkarlıq subyektlərinin ƏDV depozit hesabına bu formada qeyri-rəsmi müdaxilələr edilərək, müraciətlərə isə şablon formada uzun müddətdən sonra “Aparılan araşdırma zamanı ƏDV sub-uçot hesabı üzrə əməliyyatların aparılması üçün istifadə olunan elektron proqram təminatında texniki nasazlıq müəyyən olunmadığı müəyyən olunmuşdur” cavabı verilir. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 30 dekabr 2007- ci il tarixli, 219 saylı qərarı ilə «Vergi ödəyicisinə verilmiş elektron vergi hesab-fakturası üzrə alınmış malların (iş və xidmətlərin) dəyəri ödənilərkən ƏDV-nin ödənilməsi, ƏDV-nin depozit hesabında uçotun aparılması, ƏDV-nin hərəkəti, bu hesab üzrə aparılan əməliyyatlardan ƏDV-nin əvəzləşdirilməsi və dövlət büdcəsinə köçürülməsi Qaydaları» təsdiq edilmişdir. Həmin Qaydaların: - 1.2-ci bəndinə əsasən, əlavə dəyər vergisinin depozit hesabı - ƏDV-nin mədaxili, uçotu, hərəkəti və dövlət büdcəsinə məxarici ilə bağlı əməliyyatlar aparılan vahid xəzinə hesabıdır. ƏDV-nin depozit hesabı X1 (bundan sonra - DXA) açılır. DXA ilə bank arasında münasibətlər bank hesab müqaviləsi ilə tənzimlənir. ƏDV sub-uçot hesabı - ƏDV-nin depozit hesabına mədaxil olmuş ƏDV məbləğlərinin vergi ödəyiciləri üzrə uçotunun aparılması məqsədilə Azərbaycan Respublikasının Vergilər Nazirliyində açılmış uçot vərəqələridir. ƏDV-nin sub-uçot hesabına münasibətdə istinad edilmiş Azərbaycan Respublikası Nazirlər Kabinetinin 30 dekabr 2007-ci il tarixli, 219 saylı qərarının 4-cü bəndinə əsasən: 4.1. Vergi ödəyicisinin ƏDV sub-uçot hesabına vəsaitlər bu Qaydaların 2.1-ci bəndində göstərilən mənbələrdən və digər ƏDV sub-uçot hesablarından mədaxil edilə bilər. 4.2. ƏDV sub-uçot hesabından ƏDV məbləğlərinin köçürülməsi aşağıdakı ardıcıllıqla aparılır: - dövlət büdcəsinə; - dövlət gömrük orqanlarının xəzinədarlıq orqanlarında açılmış müvafiq depozit hesabına; - ƏDV sub-uçot hesablarına. Alınmış elektron vergi hesab-fakturasına əsasən alıcı öz ƏDV subuçot hesabından ƏDV məbləğini satıcının ƏDV subuçot hesabına köçürə bilər. Bu ödənişin aparılması üçün alıcı Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2007-ci il 27 iyul tarixli 120 nömrəli qərarı ilə təsdiq edilmiş «Vergi hesabatının elektron sənəd formasında göndərilməsi Qaydaları»na əsasən vergi orqanından alınmış istifadəçi kodu, parol və şifrə ... vasitəsilə Azərbaycan Respublikası Vergilər Nazirliyinin rəsmi internet səhifəsi olan İnternet Vergi İdarəsinə (www.etaxes.gov.az) daxil olur və ödənişi gücləndirilmiş elektron imza vasitəsilə İnternet Vergi İdarəsində yaradılmış «Köçürmə əməliyyatlarının aparılması» menyusundan istifadə etməklə həyata keçirir. ƏDV-nin depozit hesabı vasitəsilə ƏDV üzrə ödənişlərin və əvəzləşmələrin elektron formada aparılması qaydaları Azərbaycan Respublikası Vergilər Nazirliyinin kollegiyası tərəfindən təsdiq edilmiş inzibati reqlamentlə müəyyən edilir. Müddəalardan göründüyü kimi, ƏDV üzrə vergi ödəyicisi elektron vergi hesabfakturası üzrə ƏDV-nin əvəzləşdirilməsi və dövlət büdcəsinə köçürülməsini həyata keçirmək məqsədilə vergi orqanında yaradılmış elektron xidmətdən istifadə etməli və özünə məxsus ƏDV sub-uçot hesabı üzrə hərəkətlərin aparılmasında yalnız özü səlahiyyətlidir. Bu halda vergi orqanın vergi ödəyicisinin ƏDV sub-uçot hesabına hər hansı bir qaydada məhdudiyyətin qoyulmasının hüquqi əsasları qanunvericlikdə təsbit olunmamışdır, çünki ƏDV-nin sub-uçot hesabı üzrə hər hansı bir əməliyyatların aparılması yalnız vergi ödəyicisinin hüququna aiddir və gücləndirilmiş elektron imzadan istifadə etməklə o, həmin hesab üzrə proqram təminatı vasitəsilə əməliyyatlarını həyata keçirə bilər. Vergi ödəyicisinin yalnız ƏDV üzrə vergi borcu olduqda, onun ƏDV depoziti hesabından həmin borcun tutulması ilə bağlı vergi orqanı müvafiq səlahiyyətə malikdir. Eyni zamanda, Azərbaycan Respublikası Vergilər Nazirliyinin Kollegiyasının 24 dekabr 2012-ci il tarixli, “Vahid depozit hesabı vasitəsi ilə ƏDV üzrə elektron ödənişlərin və əvəzləşmələrin aparılması” elektron xidməti üzrə inzibati reqlament”in: - 3.3.1-ci bəndinə əsasən, elektron xidmətin göstərilməsindən aşağıdakı hallarda imtina edilir və sistem tərəfindən bu barədə istifadəçinin ekranına müvafiq mesajlar verilir: - Əlavə dəyər vergisi ödəyicisi olmayan vergi ödəyiciləri; - İstifadəçi kodu, parol və ya şifrəsi səhv olarsa; - Dövlət büdcəsinə borcu olduğu halda digər sub-uçot hesaba ödəniş aparılmasından imtina edilir. - Vergi ödəyicisi gücləndirilmiş elektron imzaya malik olmadıqda; - 3.3.2-ci bəndinə əsasən, imtina üçün əsas olmadıqda elektron xidmət göstərilir. Göründüyü ki, vergi orqanı tərəfindən yalnız müvafiq hallar mövcud olduğu təqdirdə elektron xidmətdən istifadə ilə bağlı imtina edilə bilər ki, qeyd edilən hallar məhdudiyyətlə bağlı deyil, bilavasitə elektron sistemdə aparılan əməliyyatlarla bağlıdır. Yəni qeyd edilmiş hallarda vergi orqanı tərəfindən sub-uçot hesaba hər hansı bir məhdudiyyət qoyulmur, lakin proqram təminatından istifadə edilməklə cavabdeh informasiya texnologiyları vasitəsilə vergi ödəyicinə sub-uçot hesabdan istifadə edilməsindən imtina edilə bilər. Belə ki, iddiaçının dövlət büdcəsinə borcu olduğu halda, Dövlət Vergi Xidmətinin rəsmi internet səhifəsi olan İnternet Vergi İdarəsində yaradılmış onun səhifəsindən digər sub-uçot hesaba ödənişlərin aparılmasından sistem tərəfindən imtina edilir. Əlavə olaraq bildirilir ki, cəmiyyət cavabdeh tərəfindən riskli vergi ödəyicisi hesab edilməmişdir. Uzun müddətdir ki, fəaliyyət göstərən bir Cəmiyyətə belə qanunsuz və əsassız məhdudiyyət tətbiq olunması çox təhlükəli bir yanaşmadır. Cəmiyyətin fəaliyyəti fəaliyyəti artıq iflic olunmuş duruma gəlmişdir.

4. Cavabdeh tərəfindən iddiaya etiraz təqdim edilmişdir.

5. Bakı İnzibati Məhkəməsinin 11 avqust 2025-ci il tarixli, 2-1(112)-7150/2025 nömrəli qərarı ilə iddia təmin edilərək, İddiaçı MMC-yə qarşı qanunsuz hərəkətlərdən çəkinmə və ƏDV depozit hesabında olan mövcud maneələrin aradan qaldırılması öhdəliyinin cavabdeh Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin üzərinə qoyulması qərara alınmışdır.

6. Cavabdeh həmin qərardan apellyasiya şikayəti verərək qərarın ləğv edilməsini və iddianın rədd edilməsini xahiş etmişdir.

APELLYASİYA ŞİKAYƏTİNİN DƏLİLLƏRİ:

7. Apellyasiya şikayəti iddia ərizəsinə qarşı etiraza uyğun olaraq əsaslandırılmışdır.

MƏHKƏMƏ İCRAATİ İŞTİRAKÇİLARİNİN İZAHATLARİ:

8. Məhkəmə iclasında iştirak edən cavabdehin nümayəndəsi R.Abbasov apellyasiya şikayətinin məzmununa uyğun izahat verərək şikayətin təmin edilməsini xahiş etdi.

9. Məhkəmə kollegiyasının iclasının vaxtı və yeri barədə iddiaçıya lazımi qaydada məlumat verilməsinə baxmayaraq, iş üzrə iddiaçı məhkəmə kollegiyasının iclasında iştiraklarını təmin etməmişdir.

10. Məhkəmə kollegiyası Azərbaycan Respublikası İnzibati Prossesual Məcəlləsinin 62.3-cü maddəsinə əsaslanaraq işə iddiaçının iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir.

MÜBAHİSƏNİN HƏLLİ İLƏ BAĞLİ MƏHKƏMƏ ARAŞDİRMASİNİN ƏSASİNİ TƏŞKİL EDƏN SƏNƏDLƏR

11. İddiaçı MMC (bundan sonra iddiaçı) ərizə ilə Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinə (bundan sonra cavabdeh) müraciət edərək ƏDV hesabının açılmasını xahiş etmişdir.

12. Cavabdeh tərəfindən iddiaçıya ünvanlanan xx.xx.2025-ci il tarixli məktubla bildirilmişdir ki, aparılan araşdırma zamanı ƏDV sub-uçot hesabı üzrə əməliyyatların aparılması üçün istifadə olunan elektron proqram təminatında texniki nasazlıq müəyyən olunmamışdır.

13. Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyasının xx.xx.2025-ci il tarixli 15(102)-157/2025 saylı Qərardadı ilə Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının 14 fevral 2025-ci il tarixli 15(103)-63/2025 saylı qərardadından (hazırki iddia tələbi üzrə iddiaçı (ərizəçi)İddiaçı MMC-nin müvəqqəti xarakterli müdafiə tədbirinin tətbiqinə dair ərizəsi təmin edilmişdir) cavabdeh tərəfindən verilmiş kassasiya şikayəti mümkün sayılmamışdır.

TƏTBİQ EDİLƏN HÜQUQ və MƏHKƏMƏNİN MÖVQEYİ

14. Azərbaycan Respublikası İnzibati-Prosessual Məcəlləsinin 82-ci maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi mübahisə ilə bağlı işə şikayət həddində və hüquqi məsələlər, habelə sübutlar və faktlar (faktiki hallar) əsasında mahiyyəti üzrə tam həcmdə baxır.

15. Məhkəmə kollegiyası tərəfləri dinləyib, apellyasiya şikayətinin dəlillərini araşdırıb hesab edir ki, apellyasiya şikayəti təmin edilməməli, birinci instansiya məhkəməsinin qərarı dəyişdirilmədən saxlanılmalıdır.

16. Məhkəmə iddia tələbi ilə bağlı ilk növbədə qeyd edir ki, iddia ərizəsi onun mümkünlüyünü şərtləndirilən tələblərə cavab verməklə təqdim olunmuş və bu səbəbdən mümkün hesab edilir.

17. Azərbaycan Respublikası Vergi Məcəlləsinin 175.8-ci maddəsinə görə ƏDV ödəyiciləri, ƏDV-nin məqsədləri üçün qeydiyyatda olmayan səhmlərinin və paylarının 50 faizindən çoxu dövlətə məxsus olan hüquqi şəxslər və büdcə təşkilatları tərəfindən mallar, xidmətlər (işlər) alınarkən onlara verilmiş elektron qaimə-fakturaları üzrə, habelə bina tikintisi fəaliyyəti ilə məşğul olan şəxslərdən yaşayış və qeyri-yaşayış sahələri alan şəxslər tərəfindən ƏDV-nin məbləği ƏDV-nin depozit hesabına köçürülməlidir. ƏDV-nin depozit hesabında uçotun aparılması, ƏDV-nin hərəkəti, bu hesab üzrə aparılan əməliyyatlardan ƏDV-nin əvəzləşdirilməsi və dövlət büdcəsinə köçürülməsi qaydaları müvafiq icra hakimiyyəti orqanı tərəfindən müəyyən edilir.

18. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 30 dekabr 2007-ci il tarixli, 219 saylı qərarı ilə təsdiq edilmiş “Vergi ödəyicisinə verilmiş elektron qaimə-faktura üzrə alınmış malların (iş və xidmətlərin) dəyəri ödənilərkən ƏDV-nin ödənilməsi, ƏDV-nin depozit hesabında uçotun aparılması, ƏDV-nin hərəkəti, bu hesab üzrə aparılan əməliyyatlardan ƏDV-nin əvəzləşdirilməsi və dövlət büdcəsinə köçürülməsi” Qaydaları: Bənd 1.1. Bu Qaydalar “Azərbaycan Respublikasının Vergi Məcəlləsinə əlavələr və dəyişikliklər edilməsi haqqında” Azərbaycan Respublikası Qanununun tətbiq edilməsi barədə” Azərbaycan Respublikası Prezidentinin 2007-ci il 14 dekabr tarixli 675 nömrəli Fərmanının 1.4-cü bəndinin icrasını təmin etmək məqsədi ilə hazırlanmışdır və vergi ödəyicisinə verilmiş elektron qaimə-faktura üzrə alınmış malların (iş və xidmətlərin) dəyəri ödənilərkən ƏDV-nin ödənilməsi və ƏDV-nin depozit hesabında uçotun aparılması, ƏDV-nin hərəkəti, bu hesab üzrə əməliyyatların aparılması, habelə həmin əməliyyatlardan ƏDV-nin əvəzləşdirilməsi və dövlət büdcəsinə və dövlət gömrük orqanlarının xəzinədarlıq orqanlarında açılmış müvafiq depozit hesabına köçürülməsi qaydalarını müəyyən edir. Bənd 1.2. Əlavə dəyər vergisinin depozit hesabı – ƏDV-nin mədaxili, uçotu, hərəkəti və dövlət büdcəsinə məxarici ilə bağlı əməliyyatlar aparılan vahid xəzinə hesabıdır. ƏDVnin depozit hesabı X1 (bundan sonra - DXA) açılır. DXA ilə bank arasında münasibətlər bank hesab müqaviləsi ilə tənzimlənir. ƏDV sub-uçot hesabı – ƏDV-nin depozit hesabına mədaxil olmuş ƏDV məbləğlərinin vergi ödəyiciləri üzrə uçotunun aparılması məqsədi ilə Azərbaycan Respublikasının Vergilər Nazirliyində açılmış uçot vərəqələridir. Bənd 4.6. Vergi ödəyicisi tərəfindən ƏDV sub-uçot hesabından dövlət gömrük orqanlarının xəzinədarlıq orqanlarında açılmış müvafiq depozit hesabına yük gömrük bəyannamələrinə uyğun olaraq idxal olunan mallara görə ƏDV ödənişi həyata keçirildiyi halda, Azərbaycan Respublikasının Vergilər Nazirliyi tərəfindən elektron formatlı ödəniş tapşırığında ödənişi aparan vergi ödəyicilərinin adı, VÖEN-i, dövlət gömrük orqanlarının xəzinədarlıq orqanlarında açılmış müvafiq depozit hesabının nömrəsi və ödəniş məbləği əks etdirilməklə, bu Qaydaların 3.2-ci bəndində müəyyən edilmiş qaydada təqdim olunur. Bənd 4.7. Vergi ödəyicisi ƏDV sub-uçot hesabından ƏDV məbləğlərinin qaytarılması üçün həmin vəsaiti dövlət büdcəsinə köçürməlidir və bu vəsaitlərin qaytarılması vergi qanunvericiliyinə uyğun olaraq həyata keçirilir. Bənd 4.8. Azərbaycan Respublikasının Vergilər Nazirliyi və DXA arasında ƏDV-nin depozit hesabına mədaxil və məxaric olunmuş vəsaitlər barədə aylıq üzləşmə aktı tərtib edilir. Bənd 4.9. Azərbaycan Respublikasının Vergilər Nazirliyi tərəfindən proqram təminatı vasitəsi ilə bu Qaydaların 4 nömrəli əlavəsinə uyğun formada istənilən iki tarix aralığında ƏDV sub-uçot hesabının hərəkəti barədə məlumata DXA-ya elektron formatda baxış və həmin məlumatın çapı üçün imkan yaradılır. Bu zaman iki tarix aralığı dedikdə, birinci tarixin əvvəli saat 00:00-dan - ikinci tarixin əvvəli saat 00:00-dək olan müddətlər nəzərdə tutulur.

19. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 24 noyabr 2011-ci il tarixli, 191 saylı Qərarı ilə təsdiq edilmiş “Elektron xidmət növlərinin Siyahısı”nın 7 və 7.3-cü bəndlərinə uyğun olaraq “Vahid depozit hesabı vasitəsilə ƏDV üzrə elektron ödənişlərin və əvəzləşmələrin aparılması” Azərbaycan Respublikasının Vergilər Nazirliyi tərəfindən göstərilən elektron xidmətlərin siyahısına daxildir.

20. Azərbaycan Respublikası Vergilər Nazirliyi Kollegiyasının “Vergilər Nazirliyi tərəfindən göstərilən elektron xidmətlər üzrə inzibati reqlamentlərin müəyyən edilməsi haqqında” 24 dekabr 2012-ci il tarixli **********004800 saylı Qərarı: Bənd 1. Vergilər Nazirliyi tərəfindən göstərilən aşağıdakı elektron xidmətlər üzrə inzibati reqlamentlər təsdiq edilsin: 1.1. “Elektron bəyannamənin qəbulu” elektron xidməti üzrə inzibati reqlament (1 nömrəli əlavə); 1.2. “Elektron vergi hesab-fakturasının qəbulu” elektron xidməti üzrə inzibati reqlament (2 nömrəli əlavə); 1.3. “Vahid depozit hesabı vasitəsi ilə ƏDV üzrə elektron ödənişlərin və əvəzləşmələrin aparılması” elektron xidməti üzrə inzibati reqlament (3 nömrəli əlavə); Azərbaycan Respublikası Vergilər Nazirliyinin Kollegiyasının 24 dekabr 2012-ci il tarixli, **********004800 saylı qərarı ilə təsdiq edilmiş “Vergi və digər büdcə daxilolmalarının internet vasitəsilə ödənilməsi” elektron xidməti üzrə inzibati reqlamentinin ümumi müddəaları: 1.1. Elektron xidmətin adı: Vergi və digər büdcə daxilolmalarının internet vasitəsi ilə ödənilməsi. 1.2. Elektron xidmətin məzmunu: Bu xidmət vergi ödəyiciləri tərəfindən vergi və rüsumların müasir ödəniş mexanizmlərindən istifadə edilərək elektron formada ödənilməsini əhatə edir. 1.4. Elektron xidməti göstərən dövlət qurumunun adı: Azərbaycan Respublikasının Vergilər Nazirliyi. 1.5. Elektron xidmətin digər icraçıları: Yoxdur. 1.6. Elektron xidmətin avtomatlaşdırılma səviyyəsi: tam avtomatlaşdırılmışdır. 1.7. Elektron xidmətin icra müddəti: Elektron xidmətin icra müddəti sorğunun informasiya sistemi tərəfindən emalı müddətindən asılıdır.

21. Nəzərə almaq lazımdır ki, əlavə dəyər vergisinin depozit hesabı ƏDV-nin mədaxili, uçotu, hərəkəti və dövlət büdcəsinə məxarici ilə bağlı əməliyyatlar aparılması məqsədlərinə, ƏDV sub-uçot hesabı isə ƏDV-nin depozit hesabına mədaxil olmuş ƏDV məbləğlərinin vergi ödəyiciləri üzrə uçotunun aparılması məqsədlərinə xidmət edir. Əlavə dəyər vergisinin depozit hesabı vahid xəzinə hesabıdır. ƏDV sub-uçot hesabı isə Vergilər Nazirliyində açılmış uçot vərəqələridir.

22. Qanunvericilikdə başqa hallar nəzərdə tutulmadıqda, ƏDV tutulan əməliyyatlar üçün malların (işlərin, xidmətlərin) alışı zamanı ödənilmiş ƏDV məbləği əməliyyatın dəyəri bank hesabına, ƏDV məbləği ƏDV-nin depozit hesabına ödənildikdə əvəzləşdirilir.

23. Malları (işləri, xidmətləri) alan şəxs tərəfindən elektron qaimə-fakturalarda göstərilən malların (işlərin, xidmətlərin) ƏDV-siz dəyəri həmin malları (işləri, xidmətləri) təqdim edən şəxsin bank hesabına, ƏDV-nin məbləği isə ƏDV-nin depozit hesabına köçürülməlidir.

24. Alınmış mallara (işlərə, xidmətlərə) görə təqdim edilmiş elektron qaiməfakturaları üzrə ödənilməli olan ƏDV-nin məbləği vergi ödəyicisi tərəfindən ƏDV-nin depozit hesabına ödəniş sənədləri əsasında köçürülür. Vergi ödəyicisinin ƏDV sub-uçot hesabına vəsaitlər yuxarıda istinad olunan normalarda göstərilən mənbələrdən və digər ƏDV sub-uçot hesablarından mədaxil edilə bilər.

25. Alınmış elektron qaimə-fakturaya əsasən alıcı öz ƏDV sub-uçot hesabından ƏDV məbləğini satıcının ƏDV sub-uçot hesabına köçürə bilər. Bu ödənişin aparılması üçün alıcı “Elektron imza və elektron sənəd haqqında” Azərbaycan Respublikasının Qanununa və Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2006-cı il 28 yanvar tarixli 27 nömrəli qərarına uyğun olaraq əldə edilmiş gücləndirilmiş elektron imza vasitəsilə Azərbaycan Respublikası Vergilər Nazirliyinin rəsmi internet səhifəsi olan İnternet Vergi İdarəsinə (www.e-taxes.gov.az) daxil olur və ödənişi gücləndirilmiş elektron imza vasitəsilə İnternet Vergi İdarəsində yaradılmış “Köçürmə əməliyyatlarının aparılması” menyusundan istifadə etməklə həyata keçirir. ƏDV-nin depozit hesabı vasitəsilə ƏDV üzrə ödənişlərin və əvəzləşmələrin elektron formada aparılması qaydaları Azərbaycan Respublikası Vergilər Nazirliyinin kollegiyası tərəfindən təsdiq edilmiş inzibati reqlamentlə müəyyən edilir.

26. Vergi ödəyiciləri gücləndirilmiş elektron imza vasitəsilə öz ƏDV sub-uçot hesabı üzrə real vaxt rejimində əməliyyatların aparılması ilə yanaşı, bu sub-uçot hesabı üzrə aparılmış əməliyyatlar və saldo barədə məlumatlar əldə edə bilərlər.

27. İş materiallarından müəyyən edilir ki, iddiaçının sub-uçot hesabında olan ƏDV məbləğinin sərbəst və maneəsiz hərəkəti, habelə köçürülməsi ilə bağlı əməliyyatlar vergi orqanları tərəfindən tam təmin edilməmişdir.

28. Belə ki, xx.xx.2025-ci il tarixli məhkəmə iclası zamanı iddiaçının nümayəndəsi İnternet Vergi İdarəsi Portalı vasitəsilə yaradılmış elektron xidmətdən istifadə edə bilməməsini nümayiş etdirmiş, “İdxala görə ƏDV köçürmə” və “Digər sub-uçot hesaba ƏDV köçürmə” əməliyyatlarını icra etmək üçün bütün zəruri hərəkətləri etməsinə baxmayaraq, ondan asılı olmayan səbəblərdən əməliyyatı uğurla icra edə bilməmiş, sistem tərəfindən monitorda reqlamentdə müəyyən edilməyən “Zəhmət olmasa VÖEN-i düzgün göstərin”, “Məbləğin formatı düzgün deyil” və s. yazısının göstərildiyi və iddiaçıya münasibətdə bunun davamlı xarakter daşıdığı müəyyən edilmişdir.

29. İddiaçının bununla bağlı müraciətinə baxılması barədə cavabdehin iş materiallarına əlavə olunmuş məktubunda, eyni zamanda cavabdehin nümayəndəsinin birinci instansiya məhkəməsinin iclasında verdiyi izahatında iddiaçının ƏDV sub-uçot hesabı üzrə əməliyyatların aparılması üçün istifadə olunan elektron proqram təminatında texniki nasazlığın müəyyən olunmadığı və hər hansı bir məhdudiyyətin qoyulmadığı bildirilmişdir. Lakin bundan sonra da “Vahid depozit hesabı vasitəsi ilə ƏDV üzrə elektron ödənişlərin və əvəzləşmələrin aparılması” elektron xidməti vasitəsi ilə iddiaçı tərəfindən müvafiq əməliyyatların aparılması təmin edilməmişdir. Halbuki həmin müraciətdən sonra cavabdeh ən azından iddiaçının qeyd olunan proqram təminatından maneəsiz istifadə imkanının təmin edilməsi ilə bağlı müvafiq tədbirlər görməli idi. Bununla bağlı nəzərə alınmalıdır ki, cavabdeh tərəfindən iddiaçının ƏDV depozit hesabı üzrə vəsaitlərin hərəkətinə hər hansı bir məhdudiyyətin qoyulmadığını bildirməsi yetərli sayıla bilməz. O da qeyd olunmalıdır ki, cavabdeh proqram təminatında yaranan nasazlıqların aradan qaldırılması öhdəliyinə bağlıdır.

30. Eyni zamanda iş materiallarında olan iddiaçının şəxsi hesab vərəqəsindən müəyyən edilir ki, iddiaçının xx.xx.2025-ci il tarixə hər hansı bir vergi borcu olmamaqla, 25196,59 manat məbləğində artıq ödəməsi mövcuddur.

31. Lakin cavabdeh tərəfindən həm yuxarıda istinad olunan normaların tələbindən, həm də tərəflər arasında bağlanmış müqavilədən irəli gələn öhdəlik iddiaçıya münasibətdə yerinə yetirilməmiş, nəticədə iddiaçının maliyyə əməliyyatlarının aparılması və malların təqdim edilməsi üzrə imkanları məhdudlaşmışdır.

32. Halbuki, Azərbaycan Respublikası Prezidentinin “Dövlət orqanlarının və Azərbaycan Respublikasının Prezidenti tərəfindən yaradılan publik hüquqi şəxslərin elektron xidmətlər göstərməsinin təşkili sahəsində bəzi tədbirlər haqqında” 23 may 2011-ci il tarixli, 429 saylı Fərmanına, Azərbaycan Respublikası Nazirlər Kabinetinin 24 noyabr 2011-ci il tarixli, 191 saylı Qərarı ilə təsdiq edilmiş “Mərkəzi icra hakimiyyəti orqanları və Azərbaycan Respublikasının Prezidenti tərəfindən yaradılan publik hüquqi şəxslər tərəfindən konkret sahələr üzrə elektron xidmətlər göstərilməsi Qaydaları”na əsasən elektron xidmətin təşkili üçün elektron xidmət bölməsində aidiyyəti üzrə göstərilən xidmətin adının, bu xidmətin göstərilməsi üçün tələb olunan sənədlərin dəqiq siyahısının, müvafiq sənədlərin (ərizə, blank və digər) elektron formasının yerləşdirilməsi, şəxslərin bu bölmədən maneəsiz, sərbəst istifadəsinin təmin edilməsi vergi orqanlarının vəzifəsidir. Buna görə də ƏDV subuçot hesabı ilə bağlı olan proqram təminatının daima işlək vəziyyətdə olmasına görə Azərbaycan Respublikasının Vergilər Nazirliyi məsuliyyəti daşıyır.

33. Hazırkı mübahisəyə münasibətdə cavabdeh tərəfindən proqram təminatının fasiləsiz fəaliyyət göstərməsi, vergi ödəyicisinin elektron xidmətlərdən maneəsiz və sərbəst istifadəsi təmin edilməmiş, nəticədə iddiaçının ƏDV depozit hesabında əməliyyatların aparılmasına maneə yaranmışdır. Bu maneələr onun normal iş fəaliyyətinə, o cümlədən üçüncü şəxslər qarşısında öhdəliklərinin yerinə yetirilməsinə maneçilik törətmiş və iqtisadi maraqlarına ziyan vurma riski yaratmışdır.

34. Oxşar iş üzrə Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyasının 2- 1(102)-895/2022 saylı, xx.xx.2022-ci il tarixli qərarında da eyni hüquqi mövqe nümayiş etdirilmişdir.

35. Azərbaycan Respublikası Konstitusiyasının 71-ci maddəsinin İ hissəsinə əsasən Konstitusiyada təsbit edilmiş insan və vətəndaş hüquqları, gözləmək və qorumaq qanunvericilik, icra və məhkəmə hakimiyyəti orqanlarının borcudur.

36. Göstərilənlərə əsasən məhkəmə kollegiyası hesab edir ki, iddia tələbinin təmin edilməsi ilə bağlı birinci instansiya məhkəməsi düzgün nəticəyə gəlmişdir.

37. Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinin 87.6-cı maddəsinə əsasən, apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qərarını dəyişdirmədən qüvvədə saxlaya bilər, dəyişdirə bilər və ya ləğv edərək (tam və ya qismən) yeni qərar qəbul edə bilər.

38. Beləliklə, məhkəmə kollegiyası cavabdehin apellyasiya şikayətində göstərdiyi dəlilləri formal hesab edir və belə qənaətə gəlir ki, bu dəlillər qanuni məhkəmə qərarının ləğvi üçün əsas ola bilməz. Qeyd edilənlərə əsasən, məhkəmə kollegiyası belə nəticəyə gəlir ki, apellyasiya şikayəti təmin edilməməli, birinci instansiya məhkəməsinin qərarı dəyişdirilmədən saxlanılmalıdır.

39. Şərh olunanlara əsasən və Azərbaycan Respublikasının İnzibati-Prosessual Məcəlləsinin 87, 90, 94-cü maddələrinin tələblərini rəhbər tutaraq, məhkəmə kollegiyası

QƏRARA ALDİ:

Apellyasiya şikayəti təmin edilməsin. Bakı İnzibati Məhkəməsinin 11 avqust 2025-ci il tarixli, 2-1(112)-7150/2025 nömrəli qərarı dəyişdirilmədən saxlanılsın. Qərardan onun rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyası vasitəsilə Azərbaycan Respublikasının Ali Məhkəməsinin İnzibati Kollegiyasına kassasiya şikayəti verilə bilər.

Sədrlik edən: Günel Abbasova Hakimlər: Fərid Mədətli Elvin Əliyev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar