Məhkəmə qərarları › İş №2-1(103)-4034/2024

Bakı Apellyasiya Məhkəməsi Qərardad — İş №2-1(103)-4034/2024

10.12.2024 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 2-1(103)-4034/2024 10.12.2024 BAKI APELLYASİYA MƏHKƏMƏSİ Giriş hissə: X1 Səmədovun sədrliyi və məruzəsi ilə, Xəyalə Adil qızı Cəmilova və X2 ibarət tərkibdə, Eldarzadə Şirazi Elxan oğlunun katibliyi, İddiaçının nümayəndəsi və vəkili Vəkil iştirakı ilə, İddiaçı "xxxx" QSC-nin cavabdeh İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidməti Bakı şəhəri Lokal Gəlirlər Baş İdarəsinə qarşı “qərarın ləğv edilməsi tələbi”nə dair Bakı İnzibati Məhkəməsinin e-2-1(112)-12693/2024 nömrəli iş üzrə xx.xx.2024-cü il tarixli qərardadından iddiaçı tərəfindən verilmiş apellyasiya şikayətinə əsasən inzibati işə Bakı Apellyasiya Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq məhkəmə kollegiyası aşağıdakı qərardadı qəbul etdi Təsviri hissə: İddiaçı "xxxx" QSC cavabdeh İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidməti Bakı şəhəri Lokal Gəlirlər Baş İdarəsinə qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək cavabdehin xx.xx.2023-cü il tarixli, **********568400 nömrəli qərarının ləğv edilməsini xahiş etmişdir. Cavabdeh vəsatət verərək iddianın mümkün sayılmamasını xahiş etmişdir. Vəsatət onunla əsaslandırılmışdır ki, iddiaçı iddia müddətini ötürmüşdür. Bakı İnzibati Məhkəməsinin e-2-1(112)-12693/2024 nömrəli iş üzrə xx.xx.2024-cü il tarixli qərardadı ilə (hakim B.Cəlalov) "xxxx" QSC-nin cavabdeh İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidməti Bakı şəhəri Lokal Gəlirlər Baş İdarəsinə qarşı qərarın ləğv edilməsi tələbinə dair iddiası mümkün sayılmamışdır. Qərardaddan narazı qalan iddiaçı apellyasiya şikayəti verərək Bakı İnzibati Məhkəməsinin e-2-1(112)-12693/2024 nömrəli iş üzrə xx.xx.2024-cü il tarixli qərardadının ləğv edilməsini, iddianın mümkünlüyü barədə yeni qərardad qəbul edilməsini xahiş etmişdir. Apellyasiya şikayətinin dəlilləri: Apellyasiya şikayəti onunla əsaslandırılmışdır ki, məhkəmə nəzərə almamışdır ki, xx.xx.2023-cü il tarixli, **********568400 nömrəli qərarın qəbul olunmasından sonra cavabdehlə aralarında mütəmadi olaraq elektron yazışmaları olmuşdur. Belə ki, aşağıda qeyd olunan tarixlərdə tərəflər arasında yazışmalar olmuşdur: xx.xx.2023 – Vergidən gələn borc haqqında qərar; xx.xx.2023- Vergidən gələn uyğunsuzluqlar barədə; xx.xx.2023- Vergidən STT-ya cavab məktubu; xx.xx.2023- STT-dan Vergiyə məktub; xx.xx.2023 – Vergidən STT-ya cavab məktubu; xx.xx.2023 – Vergidən borc bildirişi; xx.xx.2023 – STTdan Vergiyə məktub; xx.xx.2023 –STT-dan Vergiyə məktub; xx.xx.2023 –Vergidən STT-ya cavab məktubu; xx.xx.2023-STT-dan Vergiyə məktub; xx.xx.2023 –STT-dan Vergiyə məktub; xx.xx.2023 –Vergidən STT-ya cavab məktubu; xx.xx.2024 –STT-dan Vergiyə şikayət; xx.xx.2024 –Vergidən STT-ya cavab məktubu; xx.xx.2024 –STT-dan Vergiyə məktub; xx.xx.2024 –Vergidən STT-ya cavab məktub; Göründüyü kimi həmin tarixlərdə iddianın verilməsi qeyri-mümkün idi. Həmçinin, qərardan inzibati icraat qaydasında şikayət instansiyasına şikayət verilmişdir. Buna görə də, müddətin ötürülməsi üzrlü səbəblərdən baş vermişdir və iddia mümkün hesab edilməli idi. Bakı İnzibati Məhkəməsinin 23 sentyabr 2024-cü il tarixli, e-2-1(112)-12693/2024 nömrəli qərardadı qanunsuz və əsassız olduğuna görə ləğv edilməlidir. Bakı İnzibati Məhkəməsi 23 sentyabr 2024-cü il tarixli, e-2-1(112)-12693/2024 nömrəli qərardadı onunla əsaslandırılmışdır ki, "xxxx" QSC-nin iddiası mübahisələndirmə haqqında iddia olduğuna görə iddia inzibati aktın təqdim (elan) olunduğu vaxtdan 30 gün müddətində verilməli idi. Lakin həmin iddia mübahisələndirmə haqqında olsa belə, cavabdeh tərəfindən qərar təqdim olunduqdan sonra iddiaçı ilə aralarında uzun müddət yazışmalar olmuşdur. Həmin yazışmaların davam etdiyi üçün iddiaçı tərəfindən məhkəməyə iddia ilə müraciət olunmamışdır. Bakı İnzibati Məhkəməsi sübutları tam və hərtərəfli araşdırmadan yekun qərar qəbul etmişdir. Belə ki, məhkəmə sadəcə cavabdehin iddia müddətinin ötürülməsi ilə bağlı ərizəsi ilə kifayətlənmişdir. Beləliklə, Bakı İnzibati Məhkəməsi iş üzrə təqdim olunan sübutları hərtərəfli və tam araşdırmadan qərardad qəbul etdiyinə görə həmin qərardad ləğv olunmalıdır. Məhkəmə icraatı iştirakçılarının izahatları: Məhkəmə iclasında iştirak edən iddiaçının nümayəndəi və vəkili apellyasiya şikayətini müdafiə edərək onun təmin edilməsini xahiş etdi. Əvvəlki məhkəmə iclasında iştirak edən cavabdehin nümayəndəsi apellyasiya şikayətinə etiraz edərək təmin edilməməsini, birinci instansiya məhkəməsinin qərardadının dəyişdirilmədən saxlanılmasını xahiş etdi. Sonuncu məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada xəbərdar edilmiş cavabdeh inzibati orqan nümayəndəsinin məhkəmə iclasında iştirakını təmin etməmiş, səbəbləri barədə məlumat verməmişdir. Məhkəmə kollegiyası Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 62.3-cü maddəsinə əsaslanaraq işə cavabdehin nümayəndəsinin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Əsaslandırma hissəsi: Məhkəmə kollegiyası proses iştirakçılarını dinləyib, iş materiallarını və apellyasiya şikayətinin dəlillərini araşdıraraq, işdə olan sübutlara hüquqi qiymət verərək hesab edir ki, apellyasiya şikayəti təmin edilməli, Bakı İnzibati Məhkəməsinin e-2-1(112)-12693/2024 nömrəli iş üzrə xx.xx.2024-cü il tarixli qərardadı ləğv edilməli, iş sonrakı zəruri prosessual hərəkətlərin edilməsi üçün həmin məhkəməyə göndərilməlidir. Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinin 82-ci maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi mübahisə ilə bağlı işə şikayət həddində və hüquqi məsələlər, habelə sübutlar və faktlar (faktiki hallar) əsasında mahiyyəti üzrə tam həcmdə baxır. Birinci instansiya məhkəməsi mübahisələndirilən qərardadı qəbul edərkən qeyd etmişdir ki, baxılan işdə iddiaçı cavabdehin xx.xx.2023-cü il tarixli qərarını mübahisələndirir və elektron iddia ərizəsi xx.xx.2024-cü il tarixdə məhkəməyə təqdim edilmişdir. Cavabdehin təqdim etdiyi sənədlərdən isə müəyyən edilir ki, mübahisələndirilən qərar xx.xx.2023-cü il tarixdə iddiaçının elektron kabinetinə göndərilmiş və xx.xx.2023-cü il tarixdə oxunmuşdur. “İnzibati icraat haqqında” Qanunun 62.2-ci maddəsinə görə, poçt rabitəsi vasitəsilə ölkə daxilində göndərilmiş inzibati akt, onun poçta təqdim edildiyi gündən 5 gün keçdikdən sonra, elektron üsulla göndərilmiş inzibati akt isə göndərildiyi gündən 3 gün keçdikdən sonra maraqlı şəxsə təqdim olunmuş sayılır. 30 günlük iddia müddətinin axımı qərarın elektron kabinetə yerləşdirildiyi tarixdən 3 gün sonra, yəni xx.xx.2023-cü il tarixdən başlanır. İddiaçı həmin qərardan 30 gün müddətində, yəni xx.xx.2023-cü il tarixdə iddia verə bilərdi. Lakin iddiaçı xx.xx.2024-cü il tarixdə, yəni 10 aydan sonra iddia verərək göstərilən müddəti ötürmüşdür. Məhkəmə kollegiyası birinci instansiya məhkəməsinin bu mövqeyi ilə razılaşmır. Belə ki, Vergi Məcəlləsinin 70.1-ci və 70.2-ci maddələrinə əsasən vergi orqanının vergi ödəyicisinə və ya vergi ödəyicisinin vergi orqanına tələbi yazılı şəkildə və ya elektron formada tərtib edilməmişdirsə və bir tərəf onu digər tərəfə verməmişdirsə, belə tələblərin heç biri vergi orqanı və ya vergi ödəyicisi üçün hüquqi qüvvəyə malik deyildir. Vergi orqanının vergi ödəyicisinə göndərdiyi hər hansı qərar, akt, bildiriş, tələbnamə, məktub və ya digər sənədlər (onların surətləri) adı göstərilməklə vergi orqanının rəhbəri (onun müavini) tərəfindən imzalanmalı və möhürlə təsdiq edilməlidir. Elektron üsulla göndərilən sənədlərin möhürlə təsdiq edilməsi tələb olunmur. Həmin Məcəllənin 70.2-1-ci və 70.2-1.3-cü maddələrinə əsasən sənədlər (onların surətləri) vergi orqanı tərəfindən vergi ödəyicisinə elektron üsulla elektron kabinetinə göndərildikdə – elektron üsulla göndərildiyi gündən 3 iş günü keçdikdən sonra lazımi qaydada çatdırılmış sayılır. “Elektron imza və elektron sənəd haqqında” Qanunun 1.1.4-cü maddəsinə əsasən elektron imza - digər verilənlərə əlavə edilən və ya onlarla məntiqi əlaqəli olan, imza sahibini identikləşdirməyə imkan verən verilənlər; 1.1.15-ci maddəsinə görə (əvvəlki redaksiyada) informasiya sistemində istifadə üçün elektron formada təqdim edilən və elektron imza ilə təsdiq olunmuş sənəd elektron sənəd hesab olunur. İş materiallarında olan mübahisələndirilən qərar elektron imza ilə təsdiq edilmədiyindən və elektron sənədin həqiqiliyinin yoxlanılması mümkün olmadığından həmin qərar iddiaçıya çatdırılmamış hesab edilməlidir. Bundan başqa, “Elektron imza və elektron sənəd haqqında” Azərbaycan Respublikasının Qanununun 27-ci maddəsinə əsasən alan aşağıdakı hallarda elektron sənədi göndərən tərəfindən göndərilməmiş hesab etməlidir: elektron sənədin göndərilməməsi barədə bildiriş almışdırsa (maddə 27.3.1.), elektron sənədin həqiqiliyi təsdiqlənməmişdirsə (maddə 27.3.2.), elektron sənədin həqiqiliyinin yoxlanması nəticəsində alana bəlli olmuşdur və ya bəlli olmalı idi ki, qəbul edilmiş elektron sənəd başqa sənədin avtomatik təkrarıdır. Belə olan halda işə baxarkən, birinci instansiya məhkəməsinin mübahisələndirilən qərarın xx.xx.2023-cü il tarixdə iddiaçının elektron kabinetinə göndərilməsi və xx.xx.2023cü il tarixdə oxunmasına və elektron iddianın xx.xx.2024-cü il tarixdə məhkəməyə təqdim edilməsinə və beləliklə iddia müddətinin ötürülməsinə istinad edərək iddianı mümkün hesab etməməsi qanuni və əsaslı olmamışdır. Məhkəmə kollegiyası hesab edir ki, işin təkrar birinci instansiya icraatı zamanı İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidməti Bakı şəhəri Lokal Gəlirlər Baş İdarəsinin xx.xx.2023-cü il tarixli, **********568400 nömrəli qərarının iddiaçıya başqa yolla çatdırılıbçatdırılmadığı araşdırılmalı, yalnız bundan sonra birinci instansiya məhkəməsi işin hallarını və qanunvericiliyin qeyd olunan tələblərini nəzərə alaraq iddianın mümkünlük məsələsinə qiymət verməlidir. Beləliklə yuxarıda qeyd edilənlərə əsasən müəyyən edilir ki, hazırkı mübahisəyə baxılarkən birinci instansiya məhkəməsi tərəfindən işin faktiki halları düzgün araşdırılmamış, hüquq normalarının tətbiqində səhvə yol verilmiş və düzgün olmayan nəticəyə gəlinmişdir. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 87.7-ci maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi, bir qayda olaraq, mübahisə ilə bağlı işə mahiyyəti üzrə baxaraq həll edir. Məhkəmə icraatının davam etdirilməsinin zəruri olduğu aşağıdakı müstəsna hallarda apellyasiya instansiyası məhkəməsi, barəsində şikayət verilmiş məhkəmə qərarını ləğv edərək işi müvafiq inzibati məhkəməyə göndərə bilər: 87.7.1. inzibati məhkəmədə icraat zamanı yol verilmiş ciddi prosessual pozuntular səbəbindən əhəmiyyətli sayda və ya geniş həcmdə sübutların araşdırılması tələb olunduqda; 87.7.2. inzibati məhkəmə tərəfindən mahiyyəti üzrə qərar qəbul edilmədikdə. Həmin Məcəllənin 87.9-cu maddəsinə əsasən, apellyasiya instansiyası məhkəməsinin şikayətlə bağlı hüquqi mövqeyi birinci instansiya məhkəmələri üçün məcburidir. Beləliklə, məhkəmə kollegiyası işin yuxarıda qeyd olunan hallarını nəzərə alaraq belə qənaətə gəlir ki, iddiaçı tərəfindən verilmiş apellyasiya şikayəti təmin edilməli, birinci instansiya məhkəməsinin iş üzrə qəbul etdiyi qərardad ləğv edilməli, iş sonrakı prosessual hərəkətlərin yerinə yetirilməsi üçün həmin məhkəməyə göndərilməlidir. Nəticəvi hissə: Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinin 80, 87, 90, 94-cü maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası Qərara aldı: İddiaçı "xxxx" QSC tərəfindən verilmiş apellyasiya şikayəti təmin edilsin. Bakı İnzibati Məhkəməsinin e-2-1(112)-12693/2024 nömrəli iş üzrə xx.xx.2024-cü il tarixli qərardadı ləğv edilsin. İş sonrakı prosessual hərəkətlərin yerinə yetirilməsi üçün həmin məhkəməyə göndərilsin. Sədrlik edən: Rəşid Səmədov Hakimlər: Xəyalə Cəmilova Elvin Əliyev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar