Məhkəmə qərarları › İş №2-1(103)-4036/2023

Bakı Apellyasiya Məhkəməsi Qərardad — İş №2-1(103)-4036/2023

20.12.2023 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 2-1(103)-4036/2023 20.12.2023 BAKI APELLYASİYA MƏHKƏMƏSİ İddiaçı Cavabdeh Azərbaycan Respublikası Dövlət Sərhəd Xidmətinə qarşı “əmrin dəyişdirilməsi” tələbinə dair iddiası üzrə GİRİŞ HİSSƏ Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyası X4 Cəmilovanın sədrliyi və məruzəsi ilə, Aytən Pənah qızı Oruczadədən və X2 ibarət tərkibdə, Alıcanlı-Yusifli Sevinc Mahir qızının katibliyi ilə, Cavabdehin nümayəndəsi X1 iştirakı ilə, İddiaçı cavabdeh Azərbaycan Respublikası Dövlət Sərhəd Xidmətinə qarşı “əmrin dəyişdirilməsi” tələbinə dair iddiası üzrə Bakı İnzibati Məhkəməsinin 2-1(112)-12352/2023 saylı xx.xx.2023-cü il tarixli qərardadından iddiaçı tərəfindən verilmiş apellyasiya şikayətinə 20 dekabr 2023-cü il tarixdə Bakı Apellyasiya Məhkəməsinin (ünvan: ünvan 2əhəllə) binasında açıq məhkəmə iclasında şifahi məhkəmə baxışı qaydasında baxaraq aşağıdakı qərardadı qəbul etdi. TƏSVİRİ HİSSƏ İddiaçı cavabdeh Azərbaycan Respublikası Dövlət Sərhəd Xidmətinə qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, hərbi xidmətdən ehtiyata tərxis olunmağı barədə cavabdehin SQK-nın xx.xx.2006-cı il tarixli 168 ş/h saylı əmrinin dəyişdirilməsi və xəstəliyi ilə əlaqədar ehtiyata tərxis olunmağı barədə əmr verilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması barədə qərar qəbul edilməsini xahiş etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, o, 15 avqust 1998-ci il tarixdən 15 avqust 2002-ci il tarixədək AAHM-də, 26 avqust 2002-ci il tarixdən 07 mart 2006-cı il tarixədək Dövlət Sərhəd Xidmətində hərbi xidmətdə olmuşdur. DSX-SQK-n 06 mart 2006-cı il tarixli 168 ş/h saylı əmri ilə ehtiyata tərxis olunmuşdur. Əmrdə qeyd edilir ki, onun ərizəsinə əsasən hərbi xidmətdən ehtiyata tərxis olunmuşdur. Həmin qeydi düzgün saymır və O, hərbi xidmət dövründə ağır xəstəliyə mübtəla olub. Uzun müddətli müayinə və müalicələrin hər hansı nəticəsi olmamış. Müalicə həkimlərinin düzgün diaqnoz qoymaması və müalicənin düzgün aparılmaması nəticəsində xəstəliyi daha da şiddətlənmişdir. Xəstəlik səbəbindən hərbi xidmətimi davam etdirə bilmədiyindən həkimlərin məsləhəti ilə müalicəni xarici ölkələrdən birində davam etdirmək üçün hərbi xidmətdən tərxis olunmağı barədə ərizə yazmağa məcbur olmuşdur. Ona “Burqer xəstəliyi, sol aşağı ətrafın işemik qanqrenası” diaqnozu qoyulmuşdur. Müalicə vaxtında düzgün aparılmadığı üçün sol ayağının amputasiya olunacağını bildirdirmişdir. 20 oktyabr 2010-cu il tarixdə ümumi anestiziya altında sol ətrafı baldırın orta 1/3 səviyyəsində amputasiyası əməliyyatı olunmuşdur. Göründüyü kimi, o, hərbi xidmət dövründə aldığı xəstəliklər səbəbindən hərbi xidmətdən tərxis olunmaq məcburiyyətində olmuş və. hazırda hərbi qulluqçulara verilən hər hansı imtiyazlardan istifadə edə bilmir. O, DSX-SQK-n 06 mart 2006-cı il tarixli 168 ş/h saylı əmrinin dəyişdirilməsi və xəstəliyi ilə əlaqədar ehtiyata tərxis olunmağı barədə əmr verilməsi barədə Azərbaycan Respublikasının Dövlət Sərhəd Xidmətinin rəisi cənab Elçin Quliyevə yazılı müraciət etmişdir. Müraciətinə verilmiş Azərbaycan Respublikasının Dövlət Sərhəd Xidmətinin Şöbə rəisi Qasım Kamalov tərəfindən imzalanmış 16 iyun 2023-cü il tarixli 3-38-30/2-A- 17/3- 1/2023 saylı cavabda qeyd edilir ki, “Azərbaycan Respublikasının Dövlət Sərhəd Xidmətinin rəisinin 06 mart 2006-cı il tarixli 168 ş/h saylı əmrinə əsasən “Hərbi xidmət haqqında” Azərbaycan Respublikasının Qanununun 18-ci maddəsinin “d” bəndinə (xidməti uyğunsuzluğa görə) müvafiq olaraq Silahlı Qüvvələrin ehtiyatına buraxılmısınız. Hərbi xidmətə yararsız olmağınız barədə Dövlət Sərhəd Xidmətinin Mərkəzi-Hərbi Həkim Komissiyası tərəfindən verilmiş xx.xx.2010-cu il tarixli 1213 saylı xəstəlik haqqında şəhadətnamə xx.xx.2006-cı il tarixdə Silahlı Qüvvələrin ehtiyata buraxıldığınız dövrdən sonrakı vaxtı əhatə etdiyindən barənizdə Silalı Qüvvələrin ehtiyatına buraxılma barədə maddənizin dəyişdirilməsi mümkün deyildir”. Cavabdeh Azərbaycan Respublikasının Dövlət Sərhəd Xidmətinin həmin cavabını qanunsuz və əsassız hesab edir. Bakı İnzibati Məhkəməsinin 2-1(112)-12352/2023 saylı xx.xx.2023-cü il tarixli qərardadı ilə İddiaçı buraxılmış müddətin bərpa edilməsi barədə vəsatətinin təmin edilməməsi, İddiaçı cavabdeh Azərbaycan Respublikası Dövlət Sərhəd Xidmətinə qarşı əmrin dəyişdirilməsi tələbinə dair iddiasının mümkün sayılmaması qərara alınmışdır. Həmin qərardaddan narazı qalan İddiaçı tərəfindən apellyasiya şikayəti verilərək, qərardadın ləğv edilməsi, müddətin bərpası və iddianın mümkün sayılması barədə qərar qəbul edilməsi xahiş edilmişdir. Apellyasiya şikayətinin dəlilləri Apellyasiya şikayəti iddia ərizəsinin məzmununa uyğun olaraq əsaslandırılmış və əlavə olaraq bildirilmişdir ki, hərbi xidmətdən ehtiyata tərxis olunduqdan sonra 17 il ərzində (2003-ci ildə hərbi xidmətdə olarkən aldığı xəstəliklərdən) müxtəlif dövlətlərdə müalicə almışdır. Belə ki, 2010-ci ildə İsrail Dövlətində, 2015-ci ildən 2021-ci illərə qədər Dağıstan Respublikasında və Azərbaycanın müxtəlif xəstəxanalarında müalicə olmuşdur. Həmin dövrlərdə məhkəməyə müraciət etmək imkanı belə olmamışdır. O, bildirmişdir ki, 15 avqust 1998-ci il tarixdən 15 avqust 2002-ci il tarixədək AAHM-də, 26 avqust 2002-ci il tarixdən 07 mart 2006-cı il tarixədək Dövlət Sərhəd Xidmətində hərbi xidmətdə olmuşdur. DSX-SQK-n 06 mart 2006-cı il tarixli 168 ş/h saylı əmri ilə ehtiyata oz ərizəsi əsasında tərxis olunmuşdur. İddiaçı hərbi xidmət dövründə ağır xəstəliyə mübtəla olmuş, uzun müddətli müayinə və müalicələrin hər hansı nəticəsi olmamışdır. Müalicə düzgün aparılmadığı üçün solayağının amputasiya olunacağını bildirmişlər. 20 oktyabr 2010-cu il tarixində Mərkəzi Klinik Hərbi Hospitalda ümumi anestiziya altında sol ətrafın baldırın orta 1/3 səviyyəsində amputasiyası əməliyyatı aparılmışdır. Amputasiya olunmasının səbəbindən biri də DSX-nin HH-nın həkimləri tərəfindən müalicə etməkdən imtina etmələri, (güya o, xidmətdən boyun qaçırmaq istəyir) və xəstəliyinin düzgün müalicə olmaması olmuşdur. Son diaqnoz:”Sağ aşağı ətrafın Burger xəstəliyi. Sağ topuq pəncə oynağı nahiyyəsinin trofiki yarasından sonrakı çapıq toxuması. Sol baldırın orta 1/3-dən amputasion güdülü. Obliterasiedici tromboflebit. Sağ baldır arteriyasının okkulüziyasıdördüncü dərəcəli xroniki işemiyası. Amputasion güdülün infeksiyalaşmış yarası. Səthi qastrit. Xroniki prostatit.Soltərəfli ikinci dərəcəli varikosele”. Göründüyü kimi, iddiacı hərbi xidmət dövründə aldığı xəstəliklər səbəbindən hərbi xidmətdən tərxis olunmaq məcburiyyətində olmuşdur. İş materialarından görünür ki, iddiacının hərbiçilərə verilən imtiyazlardan hərum olunmasının səbəbi DSX- SQK-n 06 mart 2006-cı il tarixli 168 ş/h saylı əmrinin düzğün verilməməsi olmuş və bu səbəbli əlaqəyə görə onun imtiyazlar almaq hüququnun pozulması yalnız 2023-ci ilin iyun ayında məlum olmuş, həmin hüquqların bərpası üçün inzibati orqana və məhkəməyə müraciət etsədə pozulmuş hüquqlarını bərpa edə bilməmişdir. Beləliklə, hesab edir ki, məhkəmə tərəfindən maddi və prosessual hüquq normalarının pozulması nəticəsində qanunsiz qərarın qəbul edilməsinə gətirib çıxartmışdır. Göründüyü kimi, birinci instansiya məhkəməsi tərəfindən məhkəmənin gəldiyi nəticə üçün mühüm əhəmiyyəti olan hallar tam, obyektiv və hərtərəfli araşdırılmamamışdır. Tərəflərin izahatları Cavabdehin nümayəndəsi X3 apellyasiya şikayətinə etiraz edərək, apellyasiya şikayətinin təmin edilməməsini və birinci instansiya məhkəməsinin qərardadının dəyişdirilmədən qüvvədə saxlanılmasını xahiş etmişdir. xx.xx.2023-cü il tarixdə keçirilmiş məhkəmə iclası barədə lazımi qaydada məlumatlandırılmış iddiaçı xx.xx.2023-cü il tarixdə məhkəməyə daxil olmuş teleqram vasitəsilə ailə vəziyyəti ilə əlaqədar məhəmə iclasında iştirak etməyəcəyini və iclasın növbəti aya təxirə salınmağını xahiş etmişdir. Cavabdehin nümayəndəsi işin baxılmasının təxirə salınmasına etiraz etmişdir. Məhkəmə kollegiyası Azərbaycan Respublikası İnzibati Prossesual Məcəlləsinin 62.3-cü maddəsinə əsaslanaraq hazırki iş üzrə verilmiş apellyasiya şikayətinə İddiaçı iştirakı olmadan baxılması və iş üzrə qərar qəbul edilməsini mümkün hesab etmişdir. ƏSASLANDİRİCİ HİSSƏ Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinin 82-ci maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi mübahisə ilə bağlı işə şikayət həddində və hüquqi məsələlər, habelə sübutlar və faktlar (faktiki hallar) əsasında mahiyyəti üzrə tam həcmdə baxır. Apellyasiya şikayəti qanunla müəyyən olunmuş tələblərə riayət olunmaqla verilmişdir, şikayətin mümkün sayılmaması üçün əsaslar yoxdur. Hazırki işdən görünür ki, İddiaçı cavabdeh Azərbaycan Respublikası Dövlət Sərhəd Xidmətinə qarşı tələbi “cavabdehin xx.xx.2006-cı il tarixli, 168 ş/h saylı əmrinin dəyişdirilməsi və xəstəliyi ilə əlaqədar ehtiyata tərxis olunmağı barədə əmrin verilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulmasına dair qərar qəbul edilməsi” barədədir. İşə birinci instansiya qaydasında baxmış məhkəmə iddiaçının hazırki iddia ilə məhkəməyə müraciət etmək üçün iddia müddətinin ötürülməsinə istinad edərək, iddianın mümkün sayılmaması qənaətinə gəlmişdir. Məhkəmə kollegiyası birinci instansiya məhkəməsinin gəldiyi nəticə ilə razılaşaraq aşağıdakıların da qeyd edilməsini zəruri hesab edir. İnzibati mübahisələrə baxılması ilə əlaqədar iddianın əsaslılığının yoxlanılması üçün zəruri ilkin şərt onun mümkün hesab edilməsidir. Mümkünlüyün yoxlanılması zamanı məhkəmə səlahiyyətli məhkəməyə müraciət olunması, doğru iddia növünün və cavabdehin seçilməsi və s. bu kimi formal şərtləri araşdırdığı halda, iddianın əsaslılığının yoxlanılmasına yönəlmiş fəaliyyəti zamanı cavabdehə qarşı irəli sürülmüş maddi-hüquqi tələbin mövcud olub-olmamasını araşdırmaqla mahiyyəti üzrə qərar qəbul edir. Mümkünlük şərtləri isə iddiaya mahiyyəti üzrə baxmağa imkan verən şərtlərin mövcudluğunun yoxlanılmasını nəzərdə tutur. İddianın mümkünlüyü həmişə onun əsaslılığının yoxlanılmasından əvvəl aparılan hüquqi dəyərləndirmədir. Ona görə də, işə baxan məhkəmə əvvəlcə mümkünlük şərtlərinin mövcudluğunu yoxlamalı və yalnız həmin şərtlərin mövcudluğunun müəyyən olunmasından sonra iddianın mahiyyəti üzrə araşdırılmasını aparmalıdır. Eyni zamanda nəzərə almaq lazımdır ki, mümkünlük şərtlərinin mövcudluğunu məhkəmə tərəflərin bunu tələb edib-etməmələrindən asılı olmayaraq xidməti vəzifəsinə görə yoxlamalıdır. Tərəflər iddianı mümkün hesab etsələr də, məhkəmə xidməti vəzifəsinə görə aparmalı olduğu yoxlama nəticəsində tərəflərin mövqelərinin əksinə olaraq iddianın mümkünsüzlüyü nəticəsinə gələ bilər. Azərbaycan Respublikası İPM-in 35.1-ci maddəsinə əsasən bu Məcəllədə başqa qayda nəzərdə tutulmamışdırsa, iddiaçının iddia ərizəsində inzibati aktın qəbul edilməsi və ya qəbul edilməsindən imtina olunması, yaxud da inzibati orqanın hərəkəti və ya hərəkətsizliyi nəticəsində onun hüquqlarının və qanunla qorunan maraqlarının pozulduğunu əsaslandırdığı hallarda, mübahisələndirmə haqqında, məcburetmə haqqında və ya öhdəliklərin icrası haqqında və müəyyən hərəkətləri etməkdən çəkinməyə dair iddia mümkün sayılır. Həmin maddənin təfsirinə görə, istənilən növ inzibati məhkəmə icraatı qaydasında baxılmalı olan iddia yalnız onun mümkünlüyü haqqında şərt yerinə yetirildiyi halda yolveriləndir, iddianın əsaslı hesab edilərək, məhkəmə tərəfindən mümkün sayılması üçün əsas şərtləri - iddia tələbinin iddia müddətinə dair normalara riayət edilməklə, iddiaya cavab verilməli olan inzibati orqana qarşı yönəlməsi, iddiaçının pozulması ehtimal olunan subyektiv hüququnun mövcudluğunun Azərbaycan Respublikası Konstitusiyasından, ümumi (publik) hüquq sahəsində qüvvədə olan qanunlardan və digər normativ hüquqi aktlardan irəli gəlməsi, inzibati məhkəmə icraatı qaydasında iddia inzibati orqanın hərəkəti və hərəkətsizliyi nəticəsində şəxsin hüquqlarının və qanunla qorunan maraqlarının güman və ehtimal edilən pozulması zamanı deyil, konkret hüquqlarının pozulmasının əsaslandırdığı hallarda mümkün hesab edilir. Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun “İnzibati məhkəmə icraatında iddianın mümkünlüyünə dair” 05 nömrəli 10 aprel 2015-ci il tarixli Qərarında qeyd edilmişdir ki, “...Mümkünlük şərtləri iddiaya mahiyyəti üzrə baxmağa imkan verən şərtlərin mövcudluğunun yoxlanılmasını nəzərdə tutur. (1.3-cü bənd); Ona görə də, iddianın mümkünlüyü həmişə onun əsaslılığının yoxlanılmasından əvvəl aparılan hüquqi dəyərləndirmədir. (1.4-cü bənd); Mümkünlük şərtlərinin mövcudluğunu məhkəmə tərəflərin bildirməsindən asılı olmayaraq özünün xidməti vəzifəsinə görə yoxlamalıdır. (2.1-ci bənd); Məhkəmələr ilk növbədə iddiaçının həmin iddia tələbi üzrə subyektiv hüququnun olubolmamasını, cavabdehin həmin iddiaya cavab verməli olub-olmamasını, qanunvericilikdə nəzərdə tutulduğu hallarda cavabdehin imtinasının olub-olmamasını, İPM-də nəzərdə tutulmuş iddia müddətlərinə riayət edilib-edilmədiyini....yoxlamalıdırlar (2.3-cü bənd); İddianın mümkünlük şərtləri icraatın bütün mərhələlərində yoxlanılmalı, həmin şərtlər mübahisənin mahiyyəti üzrə qərar çıxırıldığı anda mövcud olmalıdırlar. (8.6-cı bənd); Məhkəmələrin diqqətinə çatdırılsın ki, İPM-də nəzərdə tutulmuş mümkünlük şərtləri ilə yanaşı ayrı-ayrı iddia növləri üzrə tələb olunan mümkünlük şərtlərinin (məsələn, məcburetmə, öhdəliyin icrası və vurulmuş ziyana görə kompensasiyanın ödənilməsi haqqında iddialarda iddiaçının müvafiq ərizə ilə əvvəlcə inzibati orqana müraciət etməsi, iddianın verilməsi müddətinə əməl olunması və s.) də mövcudluğu yoxlanılmalıdır (9-cu bənd)”. Azərbaycan Respublikası Ali Məhkəməsinin Plenumunun «İnzibati məhkəmə icraatında iddianın mümkünlüyünə dair» 10 aprel 2015-ci il tarixli 5 №-li qərarında göstərilmişdir ki, məhkəmələr nəzərə almalıdırlar ki, inzibati mübahisələrə dair iddianın əsaslılığının yoxlanılması üçün zəruri ilkin şərt onun mümkün olmasıdır. Mümkünlük şərtləri iddiaya mahiyyəti üzrə baxmağa imkan verən şərtlərin mövcudluğunun yoxlanılmasını nəzərdə tutur. Ona görə də, iddianın mümkünlüyü həmişə onun əsaslılığının yoxlanılmasından əvvəl aparılan hüquqi dəyərləndirmədir. Mümkünlük şərtlərinin mövcudluğunu məhkəmə tərəflərin bildirməsindən asılı olmayaraq özünün xidməti vəzifəsinə görə yoxlamalıdır (qərarın 1.1, 1.3, 1.4 və 2.1-ci bəndləri). İddianın mümkünlük şərtlərindən biri də iddianın qanunla müəyyən olunmuş müddətdə verilməsidir. Birinci instansiya məhkəməsi hesab etmişdir ki, iddiaçının mübahisə etdiyi əmr 2006cı ildə verilmişdir və həmin əmrin verilməsindən 17 ilə yaxın müddət keçmişdir. İddiaçı isə qanunla müəyyən edilmiş müddət ərzində məhkəməyə müraciət etməyərək məhkəmə müdafiəsi hüququndan yararlanmamışdır və ona görə də onun iddiası mümkün sayılmamışdır. Nəzərə alınmalıdır ki, məhkəməyə müraciət hüququ mütləq hüquq deyildir və şəxsin məhkəməyə yazılı müraciətinin qəbul olunması üçün bəzi şərtlər, məhdudiyyətlər müəyyən olunmuşdur. Bu məhdudiyyətlərdən biri də inzibati iddiaların verilməsi üçün qanunla müəyyən olunmuş müddətlərdir. Konkret şəxsə məxsus olan maddi hüquq pozulduqda onun müdafiəsi üçün hüququ pozmuş şəxsə qarşı məcburiyyət tədbirlərinin tətbiqi halına qanun iddia müddətləri şamil edir. «İnzibati icraat haqqında» Qanunun 73-cü maddəsində inzibati şikayətin verilməsi üçün müddətlər müəyyən olunaraq göstərilmişdir ki, qanunda başqa qayda nəzərdə tutulmamışdırsa, şikayət inzibati aktın qüvvəyə mindiyi gündən 30 gün müddətində müvafiq şikayət instansiyasına verilir. Həmin Qanunun 73.2-ci maddəsində deyilir ki, inzibati aktda ona qarşı mümkün hüquqi müdafiə vasitələri, bu hüquqi müdafiə vasitələrindən istifadə (şikayət vermə) qaydası və müddəti nəzərdə tutulmadıqda və ya inzibati akt onun ünvanlanmadığı digər maraqlı şəxslərin qanuni maraqlarına (ilk dəfə) toxunduqda, həmin inzibati aktdan onun qüvvəyə mindiyi gündən 6 ay müddətində şikayət verilə bilər. Bu müddətlər təkcə inzibati aktdan verilən şikayətlərə (mübahisələndirmə haqqında iddialara) deyil, həm də digər inzibati şikayətlərə aid edilmişdir. Çünki «İnzibati icraat haqqında» Qanunun 71.2-ci maddəsində deyilir ki, şəxsin müraciətinin məqsədi inzibati aktın qəbulu ilə bağlı olmadığı hallarda inzibati orqanın hərəkət və ya hərəkətsizliyindən də bu fəslin qaydalarına uyğun olaraq şikayət verilə bilər. «İnzibati icraat haqqında» Qanunun müddəaları inzibati orqanların fiziki və ya hüquqi şəxslərə münasibətdə faktiki xarakterli digər fəaliyyətinə (hərəkətlərinə) də şamil olunur. İnzibati icraatla bağlı hərəkətlər bu Qanunla və Azərbaycan Respublikasının başqa müvafiq qanunları ilə müəyyən edilmiş müddətlərdə həyata keçirilir. Qanunla müəyyən olunmuş müddətin axımı müddətin başlanğıcının təyin edildiyi təqvim tarixindən və ya hadisənin baş verməsindən sonrakı gündən başlanır («İnzibati icraat haqqında» Qanunun 1.2, 48.1 və 48.2-ci maddələri). Məhkəmə həmçinin vurğulayır ki, Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsi qüvvəyə minənədək, yəni 1 yanvar 2011-ci il tarixədək qəbul edilmiş inzibati aktların mübahisələndirilməsi üçün əvvəlki qanunla müəyyən edilmiş məhkəməyə müraciət etmə müddəti 01 yanvar 2011-ci ilədək ötürülmüşsə, onlar yeni qanuna görə də mübahisələndirilə bilməz. Belə ki, İPM onun qüvvəyə minməsindən əvvəl məhkəmə qaydasında mübahisələndirilməsi imkanı aradan qalxmış hər hansı inzibati akta qarşı yeni hüquqi müdafiə imkanı yaratmır. İddia müddətlərinin hüquq münasibətləri sistemində rolu və əhəmiyyəti ondan ibarətdir ki, bu hüquq institutu hüquq münasibətləri iştirakçılarını intizamlandırır, onları öz hüquqlarını vaxtında müdafiə etməyə məcbur edir, hüquq münasibətlərində qeyrimüəyyənliyin, qeyri-stabilliyin aradan qaldırılmasına xidmət edir, tərəflərə üzərindən çox vaxt ötmüş, mötəbərliyinin yoxlanılması çətin və ya qeyri-mümkün olan sübutlara istinad etməsini aradan qaldıraraq ədalət mühakiməsi orqanlarına mübahisələri obyektiv əsaslarla həll etmək imkanı yaradır. İddia müddətlərinin bu cür təyinatı nəzərə alınaraq, müddətin üzürlü səbəb olmadan buraxıldığı halda inzibati məhkəmə icraatında iddianın mümkünsüzlüyü kimi hüquqi nəticə nəzərdə tutulmuşdur. Hazırki işdə də iddiaçı irəli sürdüyü iddia üzrə iddia müddətini buraxmışdır. Doğrudur ki, müəyyən dövrdə qanunvericilik iddia müddətinin şəxsin hüquq və azadlığının pozulduğu barədə ona «məlum olan gündən» hesablanması qaydasını müəyyən etmişdi. Məsələn, Azərbaycan Respublikası MPM-nin 298-ci maddəsinə görə şəxs özünün hüquq və azadlığının pozulduğu barədə ona məlum olan gündən qanunda başqa müddət müəyyən edilməyibsə 1 ay müddətində ərizə ilə məhkəməyə müraciət etmək hüququna malik idi (Həmin norma 10 iyun 2011-ci il tarixli 143- İVQD nömrəli Azərbaycan Respublikasının Qanunu ilə MPM-dən çıxarılmışdır və bu cür mübahisələndirmə qaydaları Azərbaycan Respublikası İPM-lə tənzimlənməyə başlamışdır). Lakin bu hal da iddianın mümkün sayılmasına əsas vermir. Əvvəla ona görə ki, yuxarıda qeyd olunduğu kimi, inzibati orqanın mübahisələndirilən hərəkəti baş verən dövrdə qüvvədə olmuş Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsi bu cur mübahisələndirmə üçün qısaldılmış 10 gün iddia müddəti müəyyən etmişdi və iddia müddətinin axımının hüquq və azadlığının pozulduğu barədə şəxsə «məlum olan gündən» hesablanması qaydası müəyyən olunmamışdı. İddiaçı qanunvericilik aktının verdiyi hüquqi müdafiə imkanlarından, həm də həmin aktda müəyyən edilmiş müddətlərdə istifadə etmədiyi halda, yeni qanuna istinadla inzibati iddianı qaldıra bilməz. Belə ki, İnzibati Prosessual Məcəllə onun qüvvəyə minməsindən əvvəl məhkəmə qaydasında mübahisələndirilməsi imkanı aradan qalxmış hər hansı inzibati akta qarşı yeni hüquqi müdafiə imkanı yaratmır. Odur ki, iddiaçının apellyasiya şikayətində “mübahisələndirilən sərəncamla bağlı məhkəmə icraatında olan işə baxılarkən məlumatlı olmaması” barədə göstərdiyi dəlili məhkəmə kollegiyası əsassız hesab edir. Bununla bağlı Kollegiya hesab edir ki, birinci instansiya məhkəməsi iddianın qeyrimümkün sayılması barədə düzgün nəticəyə gəlmişdir. Oxşar işlər üzrə Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyasının qərarlarında da hüquqi mövqe yuxarıdakı qaydada əsaslandırılmışdır (2-1(102)-1642/2023 saylı 19 iyul 2023-cü il tarixli qərar). İddiaçının apellyasiya şikayətinin dəlillərinə münasibətdə isə qeyd edilməlidir ki, həmin dəlillər formal xarakter daşımaqla yanaşı, qərardadın ləğv edilməsi və işə mahiyyəti üzrə baxılması üçün əsas vermir. Buna görə də məhkəmə kollegiyası hesab edir ki, iddiaçının apellyasiya şikayəti təmin olunmamalı, Bakı İnzibati Məhkəməsinin 2-1(112)-12352/2023 saylı xx.xx.2023-cü il tarixli qərardadı qanuni və əsaslı olduğu üçün dəyişdirilmədən saxlanılmalıdır. Azərbaycan Respublikasının İnzibati-Prosessual Məcəllənin 87.6-cı maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qərarını dəyişdirmədən qüvvədə saxlaya bilər, dəyişdirə bilər və ya ləğv edərək (tam və ya qismən) yeni qərar qəbul edə bilər. NƏTİCƏVİ HİSSƏ Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinin 80, 87, 90, 94-cü maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası QƏRARA ALDİ: İddiaçı tərəfindən verilmiş apellyasiya şikayəti təmin edilməsin. Bakı İnzibati Məhkəməsinin 2-1(112)-12352/2023 saylı xx.xx.2023-cü il tarixli qərardadı dəyişdirilmədən saxlanılsın. Qərardaddan onun rəsmi qaydada verildiyi gündən 10 (on) gün müddətində Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyası vasitəsilə Azərbaycan Respublikasının Ali Məhkəməsinin İnzibati Kollegiyasına kassasiya şikayəti verilə bilər. Sədrlik edən Xəyalə Cəmilova Hakimlər Aytən Oruczadə Rəşid Səmədov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar