Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-1(103)-4036/2024 25.12.2024 BAKI APELLYASİYA MƏHKƏMƏSİ Hakimlər Nəbizadə Nigar Xeyrulla qızının sədrliyi və məruzəsi ilə, Abbasova Günel Məhərrəm qızı və Əkbərov Kamran Hüseyn oğlundan ibarət tərkibdə, Əsədova Leyla Kamran qızının katibliyi ilə, İddiaçı, Üçüncü şəxs X4 iştirakı ilə, İddiaçı cavabdeh Bakı şəhəri Sabunçu Rayonu Polis İdarəsinə (üçüncü şəxslər - X9 və X11 cəlb edilməklə) qarşı mülkiyyətində olan ünvan 5ndən üçüncü şəxslərin pasport qeydiyyatından çıxarılması vəzifəsinin cavabdeh Bakı şəhəri Sabunçu rayon Polis İdarəsinin üzərinə qoyulması tələbinə dair inzibati iş üzrə Bakı İnzibati Məhkəməsinin xx.xx.2024-cü il tarixli, 2-1(112)-3685/2024 saylı qərarından üçüncü şəxs X11 tərəfindən verilmiş apellyasiya şikayətinə əsasən inzibati işə Bakı Apellyasiya Məhkəməsinin inzibati binasında, açıq şifahi məhkəmə baxış iclasında baxaraq, MÜƏYYƏN ETDİ: İddiaçı cavabdeh Bakı şəhəri Sabunçu Rayonu Polis İdarəsinə (üçüncü şəxslər - X9 və X11 cəlb edilməklə) qarşı mülkiyyətində olan ünvan 5ndən üçüncü şəxslərin pasport qeydiyyatından çıxarılması vəzifəsinin cavabdeh Bakı şəhəri Sabunçu rayon Polis İdarəsinin üzərinə qoyulması tələbinə dair iddia ərizəsi ilə Bakı İnzibati Məhkəməsinə müraciət etmişdir. İddia ərizəsi onunla əsaslandırılmışdır ki, iddiaçının həyat yoldaşı X12 2016-cı ildə dünyasını dəyişəndən sonra ünvan 1 ünvanı iddiaçının adına rəsmiləşdirilmişdir. Daşınmaz əmlakın Dövlət reyestrindən iddiaçının adına çıxarış verilmişdir. İddiaçının oğlu xx.xx.2002-ci ildə ailə quraraq həmin evdə yaşamağa başlamışdır. Lakin xx.xx.2009-cu ildə Bakı şəhəri Sabunçu Rayon Məhkəməsi tərəfindən oğlu ilə gəlini arasındakı nikah pozulmuşdur. Üçüncü şəxslər həmin vaxtdan iddiaçının mülkiyyətində olan evdə yaşamırlar. Onların qeydiyyatları formal xarakter daşıyır. İddiaçı hazırkı tələb ilə bağlı cavabdeh inzibati orqana müraciət etsə də, müraciətinin icrasından imtina edilmişdir. Bakı İnzibati Məhkəməsinin xx.xx.2024-cü il tarixli, 2-1(112)-3685/2024 saylı qərarı ilə (hakim Miminat Hacıbəyova) iddiа tələbi təmin еdilmiş; İddiaçı mülkiyyətində olan Bakı şəhəri, Sabunçu rayonu, Vişnyovka - 2 bağ sahəsi, 299 saylı bağ evindən X9 və X4 pasport qeydiyyatından çıxarılması vəzifəsi cavabdeh Bakı şəhəri Sabunçu rayon Polis İdarəsinin üzərinə qoyulması qərara alınmışdır. Qərardan narazı qalan üçüncü şəxs X11 apellyasiya şikayəti vermiş və şikayətini onunla əsaslandırmışdır ki, İddiaçı onun nənəsidir. X1 onu qeydiyyatdan çıxarıldığı Bakı şəhəri, Sabunçu rayonu, Vişnyovka-2 qəsəbəsi, bağ evi ev 299-də yaşayan zaman dünyaya gətirmiş, valideynlərinin nikahı pozulana qədər o, Bakı şəhəri, Sabunçu rayonu, Vişnyovka-2 qəsəbəsi, bağ evi ev 299-də yaşamış və qeydiyyatda olmuşdur. Valideynlərinin nikahı 2009-cu ildə pozulmuş və anası X9 İddiaçı təkidi ilə onu da götürüb evi tərk etmişdir. Həmin vaxt onun 7 yaşı var idi. O, iddiaçının ailə üzvü kimi həmin evə qeydiyyata düşmüş və orada yaşayıb, hal-hazırda ondan asılı olmayan səbəbdən o, həmin evdə yaşaya bilmir, çünki anasınaa qarşı iddiaçının münasibəti ona olan münasibətinə də öz təsirini göstərmişdir. Onun qeydiyyatdan çıxarılımağı məsələsini həll edən zaman məhkəmə tərəfindən həmin yaşayış sahəsində yaşayıb-yaşamamağı, istifadə hüququnun mövcud olub-olmaması məsələsi araşdırılmalıdır. Belə ki, o, mülkiyyətçinin keçmiş ailə üzvü deyil, onun nəvəsidir, buna görə də evdən istifadə hüququ mövcuddur. Hazırkı tələb inzibati orqan olan rayon polis idarəsinə qarşı yönəldiyindən, onun mübahisəli evə dair hər hansı əmlak hüququna, o cümlədən istifadə hüququna sahib olub-olmamağını müəyyənləşdirmək və bu əsasdan onu mənzilə əmlak hüququ olmayan şəxs kimi tanıyaraq iddiaçının tələbi əsasında qeydiyyatdan çıxarmaq cavabdeh inzibati orqanın hazırkı inzibati icraat çərçivəsində baxıb öz qiymətləndirməsi ilə həll edə biləcəyi məsələ deyildir. Cavabdehin imtinası mahiyyətcə qanuna zidd olmamış və bu səbəbdən iddiaçının hüquqlarını pozmamışdır, imtina mövcud inzibati praktikaya zidd olmamaqla, cavabdehin inzibati orqan olaraq güdməli olduğu qanuni məqsədə mütənasib, həmin məqsədə çatmaq üçün öz məzmunu baxımından zəruri və yararlı olmuşdur. Belə olan halda iddia tələbi təmin edilməməli idi. Məhkəmə iclasında iştirak edən üçüncü şəxs X11 izahatında məhkəmə kollegiyasına bildirdi ki, mübahisəli ünvanda yeddi yaşından yaşamır və həmin evə dair bu günədək hər hansı tələb və iddiaları olmayıb. Hal-hazırda onu sırf qeydiyyatdan çıxarılması narahat edir. Belə ki, heç bir yerdə qeydiyyatda olmaması ona işində problem yaradır. Eyni zamanda hesab edir ki, yeddi yaşından həmin evdə yaşadığından, ona da torpaqdan pay düşməlidir. Məhkəmə iclasında iştirak edən İddiaçı izahatında məhkəməyə bildirdi ki, nəvəsi X11 onu evdə istəmədiyini və onu evdən qovduğunu bildirir, lakin bu doğru deyil. Bu məsələdə tək günahkarkar elə oğludur. O, oğluna X9 ilə boşandıqları zaman onun analıq hüququndan məhrum edilməli olduğunu bildirmişdi. Lakin oğlu bununla razı olmadı. Əgər vaxtında o, analıq hüququndan məhrum edilsə idi, indi bu problemlər yaşanmaz və nəvəsi də ona qarşı belə münasibətdə olmazdı. Məhkəmə kollegiyası tərəfləri dinləyib, iş materiallarını və apellyasiya şikayətinin dəlillərini araşdıraraq, işdə olan sübutlara hüquqi qiymət verərək hesab edir ki, apellyasiya şikayəti əsassızdır, birinci instansiyası məhkəməsi tərəfindən işə baxılan zaman prosessual hüquq normalarının tələblərinə riayət edilmiş, habelə mübahisəli hüquq münasibətini tənzimləyən maddi hüquq normaları düzgün tətbiq olunmuşdur. Belə ki, iş materiallarında olan sənədlərdən aşağıdakılar müəyyən edilir: • Bakı şəhəri Sabunçu Rayon Məhkəməsinin xx.xx.2009-cu il tarixli, 2(008)- 2337/2009 saylı qətnaməsi ilə iddiaçı X13 ilə cavabdeh X9 arasında 24 oktyabr 2002-ci il tarixdə Bakı şəhəri Xətai rayonu VVADQ şöbəsində bağlanmış 993 nömrəli akt qeydinin ləğv edilməsi qərara alınmışdır. • AZ-İ seriyalı 112927 nömrəli “Nikahın pozulması haqqında Şəhadətnamə”yə əsasən, X13 və X9 arasında olan nikah ləğv edilmişdir. • 1117072846 qeydiyyat nömrəli, xx.xx.2017-ci il tarixli “Hüquqların dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın dövlət reyestrindən” çıxarışa əsasən, ünvan 5 İddiaçı xüsusi mülkiyyət hüququ ilə adına qeydiyyatdan keçmişdir. • Bakı şəhəri Sabunçu rayon Polis İdarəsinin İddiaçı ünvanladığı xx.xx.2023-cü il tarixli, 49/2-M-42341 nömrəli məktubuna əsasən bildirilmişdir ki, vətəndaş X10 və X4 iddiaçıya məxsus olan ünvandan qeydiyyatdan çıxarılması Sabunçu RPİ QMBnin səlahiyyətləri daxilində deyildir. Qeyd olunan faktla əlaqədar olaraq Bakı şəhər İnzibati Məhkəməsinə müraciət etməyi məqsədə müvafiq hesab edilir. • İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsi 1 saylı Bakı Ərazi İdarəsinin Bakı İnzibati Məhkəməsinə ünvanladığı xx.xx.2024-cü il tarixli, 3-21-3- 30/2-2383/2024 **********83 nömrəli “Müvafiq məlumat və sənəd surətinin təqdim edilməsi barədə” məktubuna əsasən bildirilmişdir ki, ünvan 5 ünvanına dair X10 və X4 istifadə hüquqlarının qeydiyyatdan keçməsi ilə bağlı məlumat aşkar edilməmişdir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 152.1-ci maddəsinə əsasən, mülkiyyət hüququ - subyektin ona mənsub əmlaka (əşyaya) öz istədiyi kimi sahib olmaq, ondan istifadə etmək və ona dair sərəncam vermək üzrə dövlət tərəfindən tanınan və qorunan hüquqdur. Mülki Məcəllənin 152.5-ci maddəsinə müvafiq olaraq, mülkiyyətçi qanunda və ya müqavilədə müəyyən edilən məhdudiyyətlər nəzərə alınmaqla müəyyənləşdirilmiş hədlərdə əmlaka (əşyaya) sərbəst surətdə sahib ola bilər, ondan istifadə edə bilər və ona dair sərəncam verə bilər, həmin əmlaka başqa şəxslərin sahibliyinə yol verməyə bilər, ona mənsub əmlak barəsində öz mülahizəsi ilə istənilən hərəkətləri edə bilər, bir şərtlə ki, həmin hərəkətlər qonşuların və ya üçüncü şəxslərin hüquqlarını pozmasın, yaxud hüquqdan sui-istifadə olmasın. “İnsan Hüquqlarının və X5 Haqqında Konvensiya”nın 1 saylı Protokolunun 1-ci bəndinə müvafiq olaraq, hər bir fiziki və ya hüquqi şəxs öz mülkiyyətindən maneəsiz istifadə hüququna malikdir. Konstitusiya Məhkəməsinin mülkiyyət hüququ ilə bağlı formalaşdırdığı hüquqi mövqe ondan ibarətdir ki, bu hüququn məzmunu Konstitusiyanın 13-cü maddəsinin müddəaları nəzərə alınmaqla başa düşülməlidir. Vətəndaş cəmiyyətinin mühüm institutu olan mülkiyyət iqtisadiyyatın inkişafının əsasını təşkil edən ən vacib amillərdəndir. Buna görə də mülkiyyət Konstitusiyanın 13-cü maddəsi ilə toxunulmaz elan olunaraq dövlət tərəfindən qorunur. Mülkiyyət hüququ isə cəmiyyətdəki hər bir fərdin azadlığının əsası kimi çıxış edir, şəxsiyyətin inkişafı və azad sahibkarlıq üçün zəruri şərtdir. Dövlət mülkiyyət hüququnun səmərəli həyata keçirilməsinə qanunsuz müdaxilələrdən çəkinməli və onların qarşısını almalıdır (S.Bayramovanın şikayəti üzrə Konstitusiya Məhkəməsi Plenumunun 16 iyul 2012-ci il tarixli qərarı). “Yaşayış yeri və olduğu yer üzrə qeydiyyat haqqında” Azərbaycan Respublikası Qanununun 1-ci maddəsinə görə, Azərbaycan Respublikasının vətəndaşları, əcnəbilər və vətəndaşlığı olmayan şəxslər (bundan sonra şəxslər) Azərbaycan Respublikasında yaşayış yeri və olduğu yer üzrə qeydiyyata alınmalıdırlar. Yaşayış yeri və olduğu yer üzrə qeydiyyatın məqsədi Azərbaycan Respublikasında yaşayan şəxslərin uçota alınması, onların başqa şəxslər, dövlət və cəmiyyət qarşısında vəzifələrinin icra edilməsi, insan və vətəndaş hüquqlarının və azadlıqlarının həyata keçirilməsi (sosial müdafiə, pensiya təminatı, hərbi xidmətə çağırış, məhkəmə qərarlarının icrası və s.) üçün zəruri şərait yaratmaqdır. Həmin Qanunun 2-ci maddəsinə əsasən, şəxsin yaşayış yeri - tam həcmdə fəaliyyət qabiliyyətli şəxsin mülkiyyətçi kimi icarə və kirayə müqaviləsi üzrə, yaxud Azərbaycan Respublikasının qanunvericiliyi ilə nəzərdə tutulmuş digər əsaslarla daimi və ya daha çox yaşadığı ev, mənzil, xidməti yaşayış sahəsi, yataqxana, ahıllar və əlilliyi olan şəxslər, o cümlədən sağlamlıq imkanları məhdud 18 yaşınadək uşaqlar üçün sosial xidmət müəssisələri, xüsusi təhsil müəssisələri və digər bu kimi yaşayış yerləri başa düşülür. Həmin Qanunun 5-ci maddəsinə müvafiq olaraq, yaşayış yeri üzrə qeydiyyatda olmayan vətəndaşa ilk dəfə Azərbaycan Respublikası vətəndaşının şəxsiyyət vəsiqəsi verilərkən o, yaşayış yeri üzrə qeydiyyata alınır. Həmin Qanunun 9-cu maddəsinə görə, müvafiq icra hakimiyyəti orqanları tərəfindən şəxs yaşayış yeri üzrə qeydiyyatdan aşağıdakı hallarda çıxarılır: 1) yaşayış yerini dəyişdikdə - yeni yaşayış yeri üzrə qeydiyyata alınması barədə müvafiq icra hakimiyyəti orqanlarının məlumatına əsasən; 2) başqa ölkədə yaşayış yeri seçdikdə - müvafiq icra hakimiyyəti orqanlarının məlumatına əsasən; 3) ömürlük azadlıqdan məhrum edildikdə məhkəmənin qanuni qüvvəyə minmiş hökmü əsasında; 4) öldükdə və ya məhkəmə qətnaməsi ilə ölmüş elan edildikdə - ölüm aktının qeydə alınması haqqında müvafiq dövlət orqanının məlumatı əsasında; 5) yaşayış sahəsindən çıxarıldıqda və ya yaşayış sahəsindən istifadə hüququna xitam verildikdə məhkəmənin qanuni qüvvəyə minmiş qətnaməsi əsasında; 6) qeydiyyata alınma üçün əsas olmuş sənədlərin və ya məlumatların həqiqətə uyğun olmadığı və ya qeydiyyat məsələsi həll edilərkən vəzifəli şəxs tərəfindən qanunsuz hərəkətə yol verildiyi aşkar edildikdə - məhkəmənin qanuni qüvvəyə minmiş qərarı əsasında. “Yaşayış yeri və olduğu yer üzrə qeydiyyat haqqında” Azərbaycan Respublikası Qanununun 9-cu maddəsinin birinci hissəsinin bəzi müddəalarının şərh edilməsinə dair” Azərbaycan Respublikası Konstitusiyası Məhkəməsi Plenumunun xx.xx.2020-ci il tarixli qərarında göstərilmişdir ki, “Yaşayış yeri və olduğu yer üzrə qeydiyyat haqqında” Azərbaycan Respublikası Qanununun 9-cu maddəsinin birinci hissəsinin mənasına görə mülkiyyətçinin ərizəsi əsasında qeydiyyata alınmış, lakin həmin yaşayış sahəsində faktiki yaşamayan və ya istifadə hüququ olmayan şəxsin qeydiyyatına mülkiyyətçinin inzibati orqana müraciəti əsasında xitam verilməlidir. Yaşayış sahəsinə əmlak hüquqları mövcud olmayan şəxslərin mülkiyyətçinin tələbi əsasında qeydiyyatdan çıxarılmasından inzibati orqan tərəfindən imtina edildikdə, məhkəmələr bununla bağlı mübahisələrə inzibati məhkəmə icraatı qaydasında baxaraq şəxsin yaşayış yeri üzrə qeydiyyatdan çıxarılması öhdəliyini həmin orqanın üzərinə qoya bilər. İşin faktiki hallarından görünür ki, iddiaçı mənzilin mülkiyyətçisidir. Onun mülkiyyət hüququ xx.xx.2017-ci il tarixdə daşınmaz əmlakın dövlət reyestrində qeydə alınmışdır. İş materialları və proses iştirakçılarının izahatları ilə müəyyən edilir ki, üçüncü şəxs Əmrahova (*hal-hazırda Məlikova) Aynurə Sadıq qızı iddiaçının oğlu ilə rəsmi nikahda olmuş, 2002-ci ildən 2009-cu ilədək mübahisəli ünvanda yaşamış, lakin 2009-cu ildə nikahları pozulduqdan sonra digər üçüncü şəxs – xx.xx.2002-ci il təvəllüdlü X7 da özü ilə apararaq həmin ünvandan köçmüş və 2009-cu ildən üçüncü şəxslərin ünvan 6 ünvanında yaşamamaları işin mübahisələndirilməyən hallarındandır. İddiaçı hazırda mülkiyyətində olan mənzildə qeydiyyatda olan və faktiki yaşamayan üçüncü şəxslərin qeydiyyatdan çıxarılması ilə bağlı cavabdeh orqana müraciət etmiş, lakin cavabdeh orqan müraciətin təmin edilməsindən imtina etmişdir. İddiaçı hazırkı iddia ilə cavabdehin imtinasını mübahisələndirmiş, birinci instansiya məhkəməsi cavabdehin imtinasını iddiaçının hüquqlarının pozulmasına səbəb olan hal kimi qiymətləndirməklə, iddianı təmin etmişdir. Məhkəmə kollegiyası birinci instansiya məhkəməsinin gəldiyi nəticəni əsaslı hesab edir. Belə ki, qanunvericilikdə birbaşa olaraq daşınmaz əmlakla bağlı hər hansı qanunla qorunan hüquq sahibi olmayan şəxslərin mülkiyyətçinin ərizəsi əsasında qeydiyyatdan çıxarılması imkanı nəzərdə tutulmamış, lakin bu hal həmin şəxslərin qeydiyyatdan çıxarılmalarına maneə təşkil etməməlidir. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun “Yaşayış yeri və olduğu yer üzrə qeydiyyat haqqında” Azərbaycan Respublikası Qanununun 9-cu maddəsinin birinci hissəsinin bəzi müddəalarının şərh edilməsinə dair” 24 sentyabr 2020ci il tarixli Qərarında qeyd edilmiş hüquqi mövqeyə əsasən mükiyyətçiyə məxsus yaşayış sahəsinə qeydiyata alınmış, lakin həmin yaşayış sahəsindən istifadə hüququ olmayan və orada faktiki yaşamayan şəxslərin qeydiyyatdan çıxarılması məsələsi ilə əlaqədar Konstitusiya Məhkəməsinin Plenumu qeyd etməyi zəruri hesab edir ki, bu hallarda qeydiyyatda olan şəxslərin mülkiyyətçinin ərizəsi əsasında inzibati orqan tərəfindən qeydiyyatdan çıxarılması məsələsi qanunvericilikdə birmənalı qaydada tənzimlənməsə də, “Yaşayış yeri və olduğu yer üzrə qeydiyyat haqqında” Qanunun 9-cu maddəsinin birinci hissəsinin 1-ci bəndinin mənasına görə bu mümkün hesab edilməlidir. Qeyd edilən norma məhz şəxsin yaşayış yerini dəyişdiyi halda müvafiq icra hakimiyyəti orqanının məlumatı əsasında onun əvvəlki yaşayış yeri üzrə qeydiyyatdan çıxarılmasını müəyyən edir. Qanunun bu normasında nəzərdə tutulmuş “şəxsin yaşayış yerini dəyişməsi” ifadəsi “şəxsin həmin yaşayış sahəsində yaşamaması” mənasını da ehtiva edir. Nəzərə alınmalıdır ki, Konstitusiya Məhkəməsi Plenumunun son illərdə qəbul etdiyi Qərarlar mülkiyyətçinin hüquqlarının müdafiəsinə, üçüncü şəxsin yaşayış sahəsinə dair əmlak hüquqlarının mövcudluğunun mülkiyyətçinin hüquqlarının, o cümlədən sərəncam hüququnun realizəsinə maneəçilik yaratmamasına istiqamətlənmişdir. Göstərilənlərə əsasən Konstitusiya Məhkəməsinin Plenumu hesab edir ki, mülkiyyətçinin iradə ifadəsi olan razılıq ərizəsi ilə ona məxsus yaşayış sahəsinə digər şəxsin qeydiyyata alınması nəticəsində yaranmış hüquqi münasibətlərə mülkiyyətçinin inzibati orqana müraciəti əsasında xitam verilə bilər. Konstitusiya Məhkəməsi Plenumu adıçəkilən Qərarında yekunda bu nəticəyə gəlmişdir ki, “Yaşayış yeri və olduğu yer üzrə qeydiyyat haqqında” Azərbaycan Respublikası Qanununun 9-cu maddəsinin birinci hissəsinin mənasına görə mülkiyyətçinin ərizəsi əsasında qeydiyyata alınmış, lakin həmin yaşayış sahəsində faktiki yaşamayan və ya istifadə hüququ olmayan şəxsin qeydiyyatına mülkiyyətçinin inzibati orqana müraciəti əsasında xitam verilməlidir. Həmçinin qeyd olunmalıdır ki, Azərbaycan Respublikasının Mənzil Məcəlləsininin 30.1-ci maddəsinə əsasən, yaşayış sahəsi mülkiyyətçisinin ailə üzvlərinə həmin mülkiyyətçi ilə ona məxsus olan yaşayış sahəsində birlikdə yaşayan mülkiyyətçinin arvadı (əri), habelə onun uşaqları və valideynləri aid edilir. Digər qohumlar, mülkiyyətçinin himayəsində olan əmək qabiliyyəti olmayanlar mülkiyyətçi tərəfindən ailə üzvləri kimi yaşayış sahəsinə köçürüldükdə, onun ailə üzvləri hesab edilə bilərlər. “Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 228.1 və 228.2-ci və Azərbaycan Respublikası Mənzil Məcəlləsinin 30.1 və 30.2-ci maddələrinin şərh edilməsinə dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun xx.xx.2014-cü il tarixli qərarına əsasən, Azərbaycan Respublikası Mənzil Məcəlləsinin 30.1-ci maddəsinin ikinci cümləsinin “digər qohumlar” ifadəsi Azərbaycan Respublikası Ailə Məcəlləsinin 15-ci Fəslinin müddəalarına əsasən yaşayış sahəsinin mülkiyyətçisindən özünün saxlanılmasını tələb etmək hüququ olan şəxsləri ehtiva edir. xx.xx.1947-ci il təvəllüdlü iddiaçının xx.xx.2002-ci il təvəllüdlü nəvəsini saxlamağa məcbur olmaması, eyni zamanda sonuncunun hazırkı vəziyyətdə nənəsindən özünün saxlanılmasını qanunvericiliklə tələb edə bilməməsi, nəvənin faktiki olaraq 2009-cu ildən (*7 yaşından) mübahisəli ünvanda yaşamaması iddiaçının yaşayış sahəsində üçüncü şəxs X4 (*birinci instansiyası məhkəməsinin qərarını yalnız Hüseyn Əmrahov mübahisələndirmişdir) qeydiyyatda saxlanılmasını mülkiyyət hüququnun pozuntusu kimi qiymətləndirməyə əsas verir. Həmçinin qeyd edilməlidir ki, şəxsin yaşayış yerindən qeydiyyatdan çıxarılması onun üçün hər hansı əlverişsiz hüquqi nəticələr yaratmamaqla yanaşı, yaşayış sahəsi üzrə, ümumiyyətlə qeydiyyatsız qalmasına da səbəb olmur. Belə ki, hazırkı iş üzrə üçüncü şəxs(lər) özünün yeni yaşayış yeri üzrə və ya Azərbaycan Respublikası Nazirlər Kabinetinin 09 aprel 2003-cü il tarixli, 55s nömrəli Sərəncamına uyğun olaraq Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin şəxsiyyət vəsiqəsi verən müvafiq orqanının ünvanı üzrə qeydiyyata alına bilər. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 68.1-ci maddəsinə əsasən, məhkəmə mübahisə ilə bağlı iş üzrə inzibati məhkəmə icraatı nəticəsində onda yaranmış daxili inam əsasında qərar qəbul edir. Qərarda məhkəmənin mövqeyi üçün əsas olmuş səbəblər göstərilməlidir. İnzibati Prosessual Məcəllənin 68.2-ci maddəsinə görə, məhkəmə qərarı yalnız məhkəmə icraatında tədqiq olunmuş və barələrində proses iştirakçılarının öz mülahizələrini bildirmək imkanına malik olduqları faktlar və sübutlarla əsaslandırılmalıdır. İnzibati Prosessual Məcəllənin 87.6-cı maddəsinə müvafiq olaraq, apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qərarını dəyişdirmədən qüvvədə saxlaya bilər, dəyişdirə bilər və ya ləğv edərək (tam və ya qismən) yeni qərar qəbul edə bilər. Birinci instansiya məhkəməsinin qərarı apellyasiya tələbi həddində dəyişdirilə bilər. Beləliklə, hazırkı inzibati işə apellyasiya qaydasında baxan məhkəmə kollegiyası yuxarıda qeyd olunanlara məcmu halda hüquqi qiymət verərək hesab edir ki, üçüncü şəxs X11 tərəfindən Bakı İnzibati Məhkəməsinin xx.xx.2024-cü il tarixli, 2-1(112)-3685/2024 saylı qərarından verilmiş apellyasiya şikayəti təmin edilməməli, qərar dəyişdirilmədən saxlanılmalıdır. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 80, 87, 90 və 94-cü maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası QƏRARA ALDİ: Üçüncü şəxs X11 tərəfindən verilmiş apellyasiya şikayəti təmin edilməsin. Bakı İnzibati Məhkəməsinin xx.xx.2024-cü il tarixli, 2-1(112)-3685/2024 saylı qərarı dəyişdirilmədən saxlanılsın. Qərardan qərarın tam formada təqdim olunduğu (elektron kabineti olan tərəflərin elektron kabinetinə yerləşdirildiyi) gündən 1 (bir) ay müddətində Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyası vasitəsilə Azərbaycan Respublikasının Ali Məhkəməsinin İnzibati Kollegiyasına kassasiya şikayəti verilə bilər Sədrlik edən: Nigar Nəbizadə Hakimlər: Kamran Əkbərov Günel Abbasova
Məhkəmə qərarları › İş №2-1(103)-4036/2024
Bakı Apellyasiya Məhkəməsi Qərar — İş №2-1(103)-4036/2024
25.12.2024 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver