Məhkəmə qərarları › İş №2-1(103)-4038/2024

Bakı Apellyasiya Məhkəməsi Qərar — İş №2-1(103)-4038/2024

25.12.2024 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-1(103)-4038/2024 25.12.2024 BAKI APELLYASİYA MƏHKƏMƏSİ Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyası Hakimlər Nəbizadə Nigar Xeyrulla qızının sədrliyi və məruzəsi ilə, Əkbərov Kamran Hüseyn oğlu və Abbasova Günel Məhərrəm qızından ibarət tərkibdə, Əsədova Leyla Kamran qızının katibliyi, Cavabdeh Bakı şəhəri Suraxanı Rayon İcra Hakimiyyətinin nümayəndəsi Nümayəndə iştirakı ilə, İddiaçı cavabdeh Bakı şəhəri Suraxanı Rayon İcra Hakimiyyətinə qarşı mənzil uçot işinin köçürülməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması tələbinə dair iddiası üzrə Bakı İnzibati Məhkəməsinin xx.xx.2024-cü il tarixli, 2-1(112)-10448/2024 saylı qərarından cavabdeh tərəfindən verilmiş apellyasiya şikayətinə əsasən işə Bakı Apellyasiya Məhkəməsinin inzibati binasında açıq məhkəmə iclasında şifahi məhkəmə baxışı qaydasında baxaraq MÜƏYYƏN ETDİ: İddiaçı cavabdeh Bakı şəhəri Suraxanı Rayon İcra Hakimiyyətinə qarşı mənzil uçot işinin köçürülməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması tələbinə dair iddia ərizəsi ilə Bakı İnzibati Məhkəməsinə müraciət etmişdir. İddia ərizəsi onunla əsaslandırılmışdır ki, Suraxanı rayon İcra Hakimiyyəti Başçısının aparatı onlara təqdim edilmiş iddiaçının yaşayış yerinə dair Bakı şəhər İcra Hakimiyyəti Mənzil-Kommunal Təssərüfatı Departametinin Suraxanı Mənzil -Kommunal Təsərrüfatı Birliyinin 103 saylı Mənzil-X1 arayışını nəzərə almamışlar. Həmin arayışda bir başa və açıq-aydın qeyd olunmuşdur ki, iddiaçı - İddiaçı 2017-ci il tarixdən hal-hazıradək, yəni 7 ildir ki, ünvan 1 ünvanında yaşayır. Suraxanı rayon İcra Hakimiyyəti onun hazırkı səhətini və sağlıq durumunu nəzərə almır və Azərbaycan Respublikası Prezidentinin “Azərbaycan Respublikasının ərazi bütövlüyünün, müstəqilliyinin və konstitusiya quruluşunun müdafiəsi ilə əlaqədar əlilliyi müəyyən edilmiş şəxslərin və şəhid ailələrinin sosial-məişət şəraitinin yaxşılaşdırılması ilə bağlı bir sıra tədbirlər haqqında” Azərbaycan Respublikası Prezidentinin 2021-ci il 25 yanvar tarixli 2449 nömrəli Sərəncamının tələblərini kobud surətdə pozur. Cavabdeh iddiaya yazılı münasibətini təqdim edərək iddia tələbinin rədd olunması barədə qərar qəbul edilməsini məhkəmədən xahiş etmişdir. Etiraz onunla əsaslandırılmışdır ki, “Bakı şəhərində mənzil şəraitinin yaxşılaşdırılmasına ehtiyacı olan vətəndaşların uçotu və mənzillərin bölüşdürülməsi Qaydaları”nın 8-ci bəndinə əsasən, mənzil şəraitinin yaxşılaşdırılmasına ehtiyacı olan hesab edilmiş vətəndaşlar yaşayış yeri üzrə uçota bu şərtlə götürülürlər ki, onlar azı son 5 il ərzində Bakı şəhərində daimi qeydiyyatda olmaqla yaşamış olsunlar. Vətəndaş İddiaçı mənzil uçot-işinə əlavə edilmiş yaşayış yeri üzrə qeydiyyat haqqında arayışdan onun Bakı şəhərində 5 il daimi qeydiyyatda olmadığı müəyyən edildiyindən yuxarıda qeyd olunan qaydaların tələblərinə uyğun olaraq bu iş üzrə iddiaçıya imtina cavabı verilmişdir. Bakı İnzibati Məhkəməsinin xx.xx.2024-cü il tarixli, 2-1(112)-10448/2024 saylı qərarı ilə (hakim Bəhlul Cəlalov) iddia tələbi təmin edilmiş, iddia tələbi təmin edilmiş, İddiaçı mənzil-uçot işinin Quba Rayon İcra Hakimiyyətindən Bakı şəhəri Suraxanı Rayon İcra Hakimiyyətinə köçürülməsi barədə sərəncam vermə öhdəliyi Suraxanı rayon İcra Hakimiyyətinin üzərinə qoyulması qərara alınmışdır. Bakı İnzibati Məhkəməsinin xx.xx.2024-cü il tarixli, 2-1(112)-10448/2024 saylı qərarı cavabdeh tərəfindən mübahisələndirilmiş və apellyasiya şikayətində faktiki olaraq maddi hüquq normalarının sadalanması ilə kifayətlənmişdir. Məhkəmə iclasında iştirak edən cavabdeh Bakı şəhəri Suraxanı Rayon İcra Hakimiyyətinin nümayəndəsi Nümayəndə apellyasiya şikayətini müdafiə etdi və məhkəməyə bildirdi ki, iddiaçı onlara müraciət edərkən Bakı şəhərində 2024-cü ildən qeydiyyatda olmasına dair arayışı təqdim etmişdir. Həmin vaxt İcra Hakimiyyətinə məhkəməyə təqdim edilən iddiaçının 2018-ci ildən Bakı şəhərində qeydiyyatda olması barədə arayış təqdim edilsə idi, müraciət müsbət həll olunardı. Belə ki, şəxsin 5 il müddətində Bakı şəhərində qeydiyyatda olması riayət edilməli olan qanunvericiliyin tələbidir. xx.xx.2024-cü il tarixli məhkəmə iclasında iştirak etmiş İddiaçı məhkəməyə bildirmişdir ki, 2017-ci ildən Bakı şəhərində yaşayır, 2018-ci ildən yaşadığı ünvan üzrə - Suraxanı rayonunda qeydiyyatdadır, hal-hazırda Yeni Yasamalda köşk işlədir. Özü qazidir və üçüncü qrup əlildir. Hazırkı məhkəmə iclasına iddiaçı gəlməmiş və məhkəmə kollegiyası tərəfindən işə onun iştirakı olmadan baxılması mümkün hesab edilmişdir. Məhkəmə kollegiyası tərəfləri dinləyib, iş materiallarını və apellyasiya şikayətinin dəlillərini araşdıraraq, işdə olan sübutlara hüquqi qiymət verərək hesab edir ki, apellyasiya şikayəti əsassızdır, birinci instansiyası məhkəməsi tərəfindən işə baxılan zaman prosessual hüquq normalarının tələblərinə riayət edilmiş, habelə mübahisəli hüquq münasibətini tənzimləyən maddi hüquq normaları düzgün tətbiq olunmuşdur. Belə ki, iş materiallarında olan sənədlərdən aşağıdakılar müəyyən edilir: • Azərbaycan Respublikası Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin Bakı şəhəri Suraxanı Rayon İdarəsinin xx.xx.2024-cü il tarixli məktubuna əsasən İddiaçı SHXÇDX-nin Quba rayon şöbəsində xx.xx.2017- ci il tarixdə ilkin hərbi qeydiyyata alınmışdır. xx.xx.2019-cu il tarixdən xx.xx.2021-ci il tarixədək müddətli həqiqi hərbi xidmətdə olmuşdur. xx.xx.2024-cü il tarixdən SHXÇDX-nin Suraxanı rayon idarəsində hərbi qeydiyyata alınmışdır. • Bakı şəhər İcra Hakimiyyəti Mənzil-Kommunal Təsərrüfatı Departamenti Suraxanı Rayon Mənzil-Kommunal Təsərrüfatı Birliyi 103 saylı Mənzil-Kommunal İstismar Sahəsinin xx.xx.2024-cü il tarixli 371 №-li Arayışına əsasən Nəsirov X2 rayonu, Hövsan qəsəbəsi, 14/15 məhəllə, 6 saylı evin 22 №-li mənzilində yaşayır. Notarial Kontorun təsdiq etdiyi qonşuların aktına əsasən qeyd olunan mənzildə 2017-ci ildən faktiki olaraq yaşayır. • Azərbaycan Respublikasının Daxili İşlər Nazirliyi Baş Pasport Qeydiyyat və Miqrasiya İdarəsinin xx.xx.2024-cü il tarixli məktubuna əsasən xx.xx.2001-ci il təvəllüdlü İddiaçı xx.xx.2015-ci il tarixdən, xx.xx.2018-ci il tarixədək, Quba rayonu, Amsar kəndində, xx.xx.2018-ci il tarixdən, hazırkı vaxtadək, ünvan 5 ünvanında qeydiyyatdadır. Cavabdeh etirazının əsası olaraq Azərbaycan Respublikasının Daxili İşlər Nazirliyinin Yaşayış yeri üzrə qeydiyyat haqqında ******* nömrəli, xx.xx.2024-cü il tarixli arayışını təqdim etmiş, lakin həmin arayış Azərbaycan Respublikasının Daxili İşlər Nazirliyi Baş Pasport Qeydiyyat və Miqrasiya İdarəsinin xx.xx.2024-cü il tarixli məhkəmənin sorğusuna verdiyi cavabın mötəbərliyini sual altına qoymur; həmçinin cavabdehin istinad etdiyi arayışda qeyd olunan tarix (*xx.xx.2024-cü il) iddiaçının SHXÇDX-nin Suraxanı rayon idarəsində hərbi qeydiyyata alınması tarixidir. Qeyd edilməlidir ki, Azərbaycan Respublikası Mənzil Məcəlləsinin 51.7-ci maddəsi ilə vətəndaşların yaşayış sahəsinə ehtiyacı olan qismində uçotunun aparılması qaydasının müvafiq icra hakimiyyəti orqanı tərəfindən müəyyən edildiyi nəzərdə tutulsa da, hazırkı halda uçota alınma ilə bağlı yeganə və mövcud qüvvədə olan qanunvericilik “Azərbaycan SSR ərazisində mənzil ehtiyacını yaxşılaşdırmağa ehtiyacı olan vətəndaşları uçota götürməyin və yaşayış sahələrini bölüşdürməyin Nümunəvi Qaydaları” və “Bakı şəhərində mənzil şəraitinin yaxşılaşdırılmasına ehtiyacı olan vətəndaşların uçotu və mənzillərin bölüşdürülməsi Qaydaları”ndan ibarətdir. Bakı Şəhər Xalq Deputatları Soveti 4-cü sessiyasının 8 aprel 1988-ci il tarixli qərarı ilə təsdiq edilmiş “Bakı şəhərində mənzil şəraitinin yaxşılaşdırılmasına ehtiyacı olan vətəndaşların uçotu və mənzillərin bölüşdürülməsi Qaydaları”nın: 7-ci bəndində Bakı şəhərində daimi yaşayan mənzil şəraitinin yaxşılaşdırılmasına ehtiyacı olan vətəndaşların kateqoriyaları sadalanmışdır (*şəxs artıq uçota alındığından, məhkəmə kollegiyası tərəfindən bu hissələrə toxunulmur); 8-ci bəndinə əsasən, mənzil şəraitinin yaxşılaşdırılmasına ehtiyacı olan hesab edilmiş vətəndaşlar yaşayış yerində mənzil şəraitinin yaxşılaşdırılmasına ehtiyacı olanların uçotuna bu şərtlə götürülürlər ki, azı son beş il ərzində Bakı şəhərində yaşamış olsunlar və daimi pasport qeydiyyatında olsunlar. Adları çəkilən Qaydaların yuxarıda qeyd edilən müddəalarından da müəyyən olunur ki, mənzil şəraitinin yaxşılaşdırılmasına ehtiyacı olan vətəndaşların uçotuna həmin yaşayış məntəqəsində müəyyən edilən vaxt ərzində daimi yaşayan şəxslər götürülürlər. Cavabdeh tərəfindən mübahisələndirilsə də, iddiaçının yaşayış yeri üzrə qeydiyyat məlumatlarına əsasən 5 ildən artıq Bakı şəhərində (Suraxanı rayonu) yaşadığı müəyyən olunduğundan məhkəmə kollegiyası hesab edir ki, iddiaçının tələbinin təmin edilməsi üçün zəruri şərtlər hazırkı işdə mövcuddur. Belə ki, iddiaçı faktiki olararaq 2017-ci ildən tarixdən Bakı şəhərində yaşayır və xx.xx.2018-ci ildən (5 ildən çox) Bakı şəhərində pasport qeydiyyatındadır. Yuxarıda qeyd olunanlara əsasən məhkəmə kollegiyası belə qənaətə gəlir ki, hazırkı iş üzrə iddiaçı arzuladığı inzibati aktın qəbulunu konkret halda zəruri edən faktiki şərtlərin mövcudluğunu sübut etmiş, cavabdeh inzibati orqan isə iddiaçının arzuladığı inzibati aktın qəbulunu konkret halda istisna edən faktiki şərtlərin mövcudluğunu sübut edə bilməmişdir. Qanunvericiliklə cavabdehə verilmiş səlahiyyətin dispozisiya şərtlərinə və hüquqi nəticələrinə iş üzrə riayət olunmamış, cavabdehin imtinası qanunauyğun olmamışdır. İmtina cavabdehin inzibati orqan olaraq güdməli olduğu qanuni məqsədə mütənasib, həmin məqsədə çatmaq üçün öz məzmunu baxımından zəruri və yararlı olmamışdır. Belə ki, iddiaçının mənzil uçotuna alınması barədə Quba rayon İcra Hakimiyyəti başçısının Sərəncamı ləğv edilməmiş, dəyişdirilməmiş və etibarsız hesab edilməmişdir. Cavabdehin məktubunda qeyd etdiyi digər hal, yəni şəxsin mənzil uçotunun köçürülməsi ilə bağlı qaydaların təsdiq edilməməsi iddiaçının qazanılmış hüququnun məhdudlaşdırılması üçün əsas ola bilməz. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 68.1-ci maddəsinə əsasən, məhkəmə mübahisə ilə bağlı iş üzrə inzibati məhkəmə icraatı nəticəsində onda yaranmış daxili inam əsasında qərar qəbul edir. Qərarda məhkəmənin mövqeyi üçün əsas olmuş səbəblər göstərilməlidir. İnzibati Prosessual Məcəllənin 68.2-ci maddəsinə görə, məhkəmə qərarı yalnız məhkəmə icraatında tədqiq olunmuş və barələrində proses iştirakçılarının öz mülahizələrini bildirmək imkanına malik olduqları faktlar və sübutlarla əsaslandırılmalıdır. İnzibati Prosessual Məcəllənin 87.6-cı maddəsinə müvafiq olaraq, apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qərarını dəyişdirmədən qüvvədə saxlaya bilər, dəyişdirə bilər və ya ləğv edərək (tam və ya qismən) yeni qərar qəbul edə bilər. Birinci instansiya məhkəməsinin qərarı apellyasiya tələbi həddində dəyişdirilə bilər. Beləliklə, hazırkı inzibati işə apellyasiya qaydasında baxan məhkəmə kollegiyası yuxarıda qeyd olunanlara məcmu halda hüquqi qiymət verərək hesab edir ki, cavabdeh tərəfindən verilmiş apellyasiya şikayəti təmin edilməməli, Bakı İnzibati Məhkəməsinin xx.xx.2024-cü il tarixli, 2-1(112)-10448/2024 saylı qərarı dəyişdirilmədən saxlanılmalıdır. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 80, 87, 90 və 94-cü maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası QƏRARA ALDİ: Cavabdeh Bakı şəhəri Suraxanı Rayon İcra Hakimiyyəti tərəfindən verilmiş apellyasiya şikayəti təmin edilməsin. Bakı İnzibati Məhkəməsinin xx.xx.2024-cü il tarixli, 2-1(112)-10448/2024 saylı qərarı dəyişdirilmədən saxlanılsın. Qərardan qərarın tam formada təqdim olunduğu (elektron kabineti olan tərəflərin elektron kabinetinə yerləşdirildiyi) gündən 1 (bir) ay müddətində Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyası vasitəsilə Azərbaycan Respublikasının Ali Məhkəməsinin İnzibati Kollegiyasına kassasiya şikayəti verilə bilər Sədrlik edən: Nigar Nəbizadə Hakimlər: Kamran Əkbərov Günel Abbasova

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar