Məhkəmə qərarları › İş №2-1(103)-4039/2025

Bakı Apellyasiya Məhkəməsi Qərardad — İş №2-1(103)-4039/2025

05.11.2025 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 2-1(103)-4039/2025 05.11.2025 BAKI APELLYASİYA MƏHKƏMƏSİ Hakimlər Abbasova Günel Məhərrəm qızının sədrliyi və məruzəsi ilə, X3 və Mədətli Fərid İlham oğlundan ibarət tərkibdə, Səmədzadə Günay Sarastən qızının katibliyi ilə, İddiaçı və iddiaçının nümayəndəsi-vəkili Vəkil5 iştirakları, İddiaçı cavabdeh Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti yanında Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri Publik Hüquqi Şəxsinin 1 saylı Bakı Ərazi İdarəsinə qarşı “çıxarışın və plan-ölçü sənədinin verilməsi” tələbinə dair iş üzrə Bakı İnzibati Məhkəməsinin 19 avqust 2025-ci il tarixli, 2- 1(112)-3020/2025 nömrəli qərar və qərardadından iddiaçı tərəfindən verilmiş apellyasiya şikayətlərinə Bakı Apellyasiya Məhkəməsinin binasında, açıq məhkəmə iclasında baxaraq MÜƏYYƏN ETDİ: İddiaçı məhkəməyə iddia ərizəsi ilə müraciət edərək 14 noyabr 2005-ci il tarixli 103 saylı Bakı şəhəri Səbail Bələdiyyəsinin qərarı və eyni tarixli alqı-satqı müqaviləsi ilə alınmış ümumi sahəsi 600 kv.metr torpaq sahəsi üzərində mülkiyyət hüquqlarının dövlət reyestrində qeydiyyata alınması, plan-ölçü sənədinin verilməsi və mülkiyyət hüququnun daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınmasına dair çıxarışın verilməsi öhdəliyinin Daşınmaz Əmlakın Dövlət kadastrı və Reyestri publik hüquq şəxsi 1 Saylı Bakı Ərazi İdarəsinin üzərinə qoyulması barədə qərar qəbul edilməsini xahiş etmişdir. İddia tələbi “Səbail Bələdiyyəsi tərəfindən İddiaçı ayrılan sahə üzərində X1 adına qeydiyyata alınmış mülkiyyət hüququna dair qeydin və müvafiq çıxarışın ləğv edilməsi; Səbail Bələdiyyəsi ilə İddiaçı arasında bağlanmış xx.xx.2005-ci il tarixli Torpaqların alqısatqısına dair akta əsasən tərtib olunmuş cizgi planına uyğun olaraq həmin ərazi üzərində iddiaçının mülkiyyət hüququnun qeydiyyata alınması, həmin sahənin plan ölçüsü sənədi, texniki pasportu və çıxarışın verilməsi” kimi dəqiqləşdirilmişdir. Bakı İnzibati Məhkəməsinin 19 avqust 2025-ci il tarixli, 2-1(112)-3020/2025 saylı qərardadı ilə iddia tələbi “Səbail Bələdiyyəsi tərəfindən İddiaçı ayrılan sahə üzərində X1 adına qeydiyyata alınmış mülkiyyət hüququna dair qeydin və müvafiq çıxarışın ləğv edilməsi” hissəsində mümkün sayılmamışdır. Bakı İnzibati Məhkəməsinin 19 avqust 2025-ci il tarixli, 2-1(112)-3020/2025 saylı qərarı ilə iddia tələbi ”Səbail Bələdiyyəsi ilə İddiaçı arasında bağlanmış xx.xx.2005-ci il tarixli Torpaqların alqı-satqısına dair akta əsasən tərtib olunmuş cizgi planına uyğun olaraq həmin ərazi üzərində iddiaçının mülkiyyət hüququnun qeydiyyata alınması, həmin sahənin plan-ölçüsü sənədi və çıxarışın verilməsi” hissəsində təmin edilməmişdir. Qərardan və qərardaddan narazı qalan iddiaçı apellyasiya şikayətləri verərək qərarın ləğv edilməsini və iddianın təmin olunmasını, qərardadın isə ləğv edilərək iddia tələbinə həmin hissədə mahiyyəti üzrə baxılması barədə qərar qəbul edilməsini xahiş etmişdir. Bir sıra prosessual hərəkətlər edildikdən sonra məhkəmə iclası 05 noyabr 2025-ci il tarixə təyin edilmişdir. 05 noyabr 2025-ci il tarixində keçirilən məhkəmə iclasında İddiaçı ərizə təqdim edərək, iddia ərizəsinin və ona əlavə edilmiş sənədlərin geri qaytarılmasını xahiş etmişdir. Məhkəmə iclasında iştirak edən İddiaçı və iddiaçının nümayəndəsi-vəkili Vəkil4 iddianın geri götürülməsi barədə ərizənin təmin edilməsini xahiş etmişdir. Məhkəmə kollegiyasının iclasının vaxtı və yeri barədə iş üzrə cavabdehə və 3-cü şəxslərə lazımi qaydada məlumat verilməsinə baxmayaraq, iş üzrə cavabdehin nümayəndəsi və 3-cü şəxslər məhkəmə kollegiyasının iclasında iştirakını təmin etməmişlər. Məhkəmə kollegiyası Azərbaycan Respublikası İnzibati Prossesual Məcəlləsinin 62.3-cü maddəsinə əsaslanaraq işə onların iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə kollegiyası iddiaçı tərəfindən təqdim edilmiş ərizəni və iş materiallarını araşdıraraq hesab edir ki, iş üzrə icraata xitam verilməlidir. Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinin 55.3-cü maddəsinə əsasən məhkəmənin tələbinə baxmayaraq, iddiaçı 30 gündən çox müddət ərzində ardıcıl olaraq iş üzrə məhkəmə icraatından yayındıqda, iddia geri götürülmüş sayılır. Belə hallarda məhkəmə iddianın geri götürülmüş sayılması barədə qərardad qəbul edir. Həmin Məcəllənin 55.5-ci maddəsinə əsasən iddiaçı iddiadan imtina etdikdə və ya iddia məhkəmə tərəfindən geri götürülmüş sayıldıqda, məhkəmə icraata xitam verilməsi barədə qərardad qəbul edir. Həmin qərardadda iddiadan imtina edilməsinin və ya iddianın geri götürülmüş sayılmasının bu Məcəllədə nəzərdə tutulmuş hüquqi nəticələri göstərilməlidir. Məhkəmənin həmin qərardadından şikayət verilə bilməz. Məhkəmə kollegiyası nəzərə alır ki, iddianın geri götürülmüş hesab edilməsindən fərqli olaraq, iddianın bilavasitə iddiaçının özü tərəfindən geri götürülməsi İPM-də aşkar tənzimlənməsə də, “iddianın geri götürülməsi”nin yolverilənliyi İPM-in 55.3-cü və 55.5-ci maddələrinin təyinatına və məqsədinə uyğundur. Belə ki, bir halda, iddiaçının icraatın davam etdirilməsinə marağının olmamasına dair qənaət iddiaçının icraatdan yayınmasında ifadə olunan passiv davranışından irəli gəlirsə, hazırkı halda, bu qənaət (icraatın davam etdirilməsinə marağın olmaması) iddiaçının bilavasitə özünün aktiv davranışından – onun iddianı geri götürmə barədə ərizə verməsindən irəli gəlir. Göründüyü kimi, hər iki (passiv və aktiv) davranış eyni nəticəyə yönəlməklə İPM-in 55.3-cü və 55.5-ci maddələrinin məqsədlərini – iddiaçının icraatın davam etdirilməsinə marağının olmamasının müəyyən edilməsini və bu səbəblə iddia üzrə icraata xitam verilməsini təmin edir. Göstərilənləri nəzərə alaraq Məhkəmə kollegiyası qeyd edir ki, iddiaçı tərəfindən verilmiş iddianın geri götürülməsinə dair ərizə təmin edilməli və iddia tələbi üzrə (Bakı İnzibati Məhkəməsi tərəfindən qəbul edilmiş 19 avqust 2025-ci il tarixli, 2-1(112)- 3020/2025 saylı qərar və qərardadı üzrə) icraata xitam verilməlidir. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 80, 87-ci maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası QƏRARA ALDİ: İddianın geri götürülməsinə dair ərizə təmin edilsin. Hazırkı iddia tələbi üzrə (Bakı İnzibati Məhkəməsi tərəfindən qəbul edilmiş 19 avqust 2025-ci il tarixli, 2-1(112)-3020/2025 saylı qərar və qərardadı üzrə) icraata xitam verilsin. Qərardaddan 10 gün müddətində Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati kollegiyasına Bakı Apellyasiya Məhkəməsi vasitəsi ilə kassasiya şikayəti verilə bilər. Sədrlik edən: Günel Abbasova Hakimlər: Elvin Əliyev Fərid Mədətli

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar