Məhkəmə qərarları › İş №2-1(103)-404/2022

Bakı Apellyasiya Məhkəməsi Qərar — İş №2-1(103)-404/2022

14.02.2022 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-1(103)-404/2022 14.02.2022 BAKI APELLYASİYA MƏHKƏMƏSİ Hakimlər: Həmidov Həmid Üzeyir oğlu (sədrlik edən və məruzəçi), Nağıyeva Elmira Eyvaz qızı və Yusifov Cahangir Afər oğlundan ibarət tərkibdə, Məhkəmə iclas katibi Quluzadə Arzu İsrafil qızının katibliyi, İddiaçının vəkili və nümayəndəsi Vəkil, Cavabdehin nümayəndəsi X2 iştirakları ilə, İddiаçı İddiaçı cаvаbdеh Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinə qаrşı “11000 manat birdəfəlik ödənişin verilməsi vəzifəsinin həvalə edilməsi” tələbinə dair iş üzrə Bakı İnzibati Məhkəməsinin 2-1(112)-2922/2021 saylı, 05 avqust 2021-ci il tarixli qərarından cavabdeh tərəfindən verilmiş apellyasiya şikayətinə Bakı Apellyasiya Məhkəməsinin məhkəmə iclas zalında, açıq məhkəmə iclasında baxaraq müəyyən etdi: İddiаçı İddiaçı cavabdeh Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinə qarşı Bakı İnzibati Məhkəməsində iddia qaldıraraq 11000 (on bir min) manat birdəfəlik ödəmənin verilməsi vəzifəsinin cаvаbdеh Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinə həvalə edilməsi hаqqındа qərаr qəbul еdilməsini хаhiş еtmişdir. İddiа tələbi оnunlа əsаslаndırılmışdır ki, iddiaçı 04.11.1987-ci ildə X4 ilə rəsmi nikahla ailə qurmuş, həmin nikahdan 22.05.1993-cü ildə İsmayıl adlı bir oğlu anadan olmuşdur. X1 rayon Hərbi Komissarlığı tərəfindən 20.04.1994-cü ildə orduya çağırılmış, Tərtər rayonu ərazisində dislokasiya olunan N nömrəli hərbi hissənin tərkibində xidmət etmiş, 29.04.1994-cü ildə Ağdərə rayonunda hərbi borcunu yerinə yetirərkən itkin düşmüşdür. Füzuli rayon məhkəməsinin 28.11.1994-cü il tarixli qətnaməsinə əsasən X3 xəbərsiz itkin düşməsi faktı müəyyən edilmişdir. Füzuli rayon məhkəməsinin 22.02.2007-ci il tarixli qətnaməsi ilə 16.03.1961-ci ildə Füzuli rayonunun Kərimbəyli kəndində anadan olmuş X4 ölmüş elan edilmiş və məhkəmə qətnaməsinin qanuni qüvvəyə mindiyi gün 22.03.2007-ci il X3 ölüm günü sayılmışdır. Bununla əlaqədar birdəfəlik ödəmənin verilməsi üçün cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinə müraciət etsə də, müraciəti təmin olunmamışdır. İddiaçı göstərilənlərə əsasən iddia tələbinin təmin edilməsini məhkəmədən xahiş etmişdir. Cavabdeh Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi Azərbaycan Respublikasının İnzibati-Prosessual Məcəlləsinin 47-ci maddəsinə uyğun qaydada iddiaya dair etirazını təqdim edərək bildirmişdir ki, Azərbaycan Respublikasının Dövlət Sığorta Kommersiya Şirkəti tərəfindən təqdim edilmiş müvafiq siyahıya əsasən şəhid hərbi qulluqçu X3 vərəsəsinə (vərəsələrinə) 24.05.2007-ci il tarixində 11000 manat məbləğində sığorta ödənişi həyata keçirilmişdir. Cavabdeh göstərilənlərə əsasən iddia tələbinin təmin edilməməsini məhkəmədən xahiş etmişdir. Bakı İnzibati Məhkəməsinin 2-1(112)-2922/2021 saylı, 05 avqust 2021-ci il tarixli qərarı ilə iddia təmin edilmiş, İddiaçı 11000 manat sığorta ödənişinin verilməsi vəzifəsi Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin üzərinə qoyulması qərara alınmışdir. Cavabdeh apelyasiya şikayəti verərək təmin edilməsini və birinci instansiya məhkəməsinin qərarının ləğv edilərək iddia tələbinin təmin edilməməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir. Apellyasiya şikayəti onunla əsaslandırılmışdır ki, Dövlət Sığorta Kommersiya Şirkətinə şəhid hərbi qulluqçu X3 vərəsələrinə sığorta ödənişinin edilib-edilməməsi barədə 15.01.2021-ci il tarixli sorğu ünvanlanmış və 25.01.2021-ci il tarixli sorğuya cavab məktubunda bildirlmişdir ki, Dövlət Sığorta Şirkətinin elektron informasiya bazasının məlumatrlarına əsasən Q.B.Vəliyevin vərəsələrinə 24.05.2007-ci il tarixdə 11.000 manat sığorta ödənişi verilmişdir. Məhkəmə kollegiyasının iclasında iştirak edən cavabdehin nümayəndəsi apellyasiya şikayətini müdafə edərək birinci instansiya məhkəməsinin qərarının ləğv edilməsi və iddia tələbinin təmin edilməməsi barədə qərar qəbul edilməsini xahiş etdi. Məhkəmə kollegiyasının iclasında iddiaçının vəkili və nümyəndəsi apellyasiya şikayətinə etiraz edərək təmin edilməməsini və birinci instansiya məhkəməsinin qərarının dəyişdirilmədən saxlanılmasını xahiş etdi. Məhkəmə kollegiyası tərəflərin nümayəndələrinin izahatlarını dinləyərək, apellyasiya şikayətini iş materialları ilə birlikdə araşdıraraq hesab edir ki, apellyasiya şikayəti təmin edilməli, birinci instansiya məhkəməsinin hazırkı iş üzrə qərarı ləğv edilərək, iddia tələbi təmin edilməməlidir. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 82-ci maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi mübahisə ilə bağlı işə şikayət həddində və hüquqi məsələlər, habelə sübutlar və faktlar (faktiki hallar) əsasında mahiyyəti üzrə tam həcmdə baxır. Apellyasiya instansiyası məhkəməsi həmçinin bu Məcəllənin 12-ci maddəsinin tələblərinə əsasən yeni təqdim olunmuş sübutları (subutetmə vasitələrini) və faktları (faktiki halları) da nəzərə alır. İş materiallarından görünür ki, iddiaçı 04.11.1987-ci ildə X4 ilə rəsmi nikahla ailə qurmuş, həmin nikahdan 22.05.1993-cü ildə İsmayıl adlı bir oğlu anadan olmuşdur. iddiaçının mərhum həyat yoldaşı X1 rayon Hərbi Komissarlığı tərəfindən 20 aprel 1994-cü ildə orduya çağırılmış, Tərtər rayon ərazisində dislokasiya olunan N nömrəli hərbi hissənin tərkibində xidmət etmiş, 29.04.1994-cü ildə Ağdərə rayonunda hərbi borcunu yerinə yetirərkən itkin düşmüşdür. Füzuli rayon məhkəməsinin 28.11.1994-cü il tarixli qətnaməsinə əsasən X3 xəbərsiz itkin düşməsi faktı müəyyən edilmişdir. Füzuli rayon məhkəməsinin 22.02.2007-ci il tarixli qətnaməsi ilə 16.03.1961-ci ildə Füzuli rayonunun Kərimbəyli kəndində anadan olmuş X4 ölmüş elan edilmiş və məhkəmə qətnaməsinin qanuni qüvvəyə mindiyi gün 22.03.2007-ci il X3 ölüm günü sayılmışdır. Odur ki, iddiaçı hazırda şəhid ailəsi statusuna malikdir. İddiaçı “11 000 manat birdəfəlik ödəmənin verilməsi” ilə bağlı ƏƏSMN-ə ərizə ilə müraciət etmiş və cavabdeh orqanın 03 oktyabr 2020-ci il tarixli cavab məktubunda bildirilmişdir ki, Dövlət Sığorta Kommersiya Şirkəti tərəfindən təqdim edilmiş müvafiq siyahıya əsasən şəhid hərbi qulluqçu X3 vərəsəsinə (vərəsələrinə) 24.05.2007-ci il tarixində 11000 manat məbləğində sığorta ödənişi həyata keçirildiyi üçün onun vərəsəsinin (vərəsələrinin) birdəfəlik ödəməni almaq hüququ yoxdur. Dövlət Sığorta Kommersiya Şirkətinin 05.11.2018-ci il tarixli məktbuna əlavə edilmiş siyahıya əsasən X3 vərəsələrinə 2007-ci ildə 11000 manat sığorta ödənişi ödənilmişdir, həmin Şirkətin 25.01.2021-ci il tarixli məktubuna əsasən Dövlət Sığorta Şirkətinin elektron informasiya bazasının məlumatlarına əsasən Q.B.Vəliyevin varisinə 24.05.2007-ci ildə 11000 manat sığorta ödənişi verilmiş, lakin, həmin ödənişlə bağlı sənədlərin saxlama müddəti bitdiyi üçün məhv edilməsi ilə bağlı təqdim edilməsinin mümkün olmamışdır. Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin 23.10.2020-ci il tarixli məktubuna əsasən “Azərbaycan Respublikasının ərazi bütövlüyü uğrunda həlak olmuş, ölmüş və hərbi əməliyyatlarda xəbərsiz itkin düşdüyünə görə ölmüş elan edilmiş hərbi qulluqçuların və daxili işlər orqanlarının ailə üzvlərinin sosial müdafiəsinin yaxşılaşdırılması ilə bağlı əlavə tədbirlər haqqında” Azərbaycan Respublikası Prezidentinin 19.04.2018-ci il tarixli, 1 nömrəli Fərmanına uyğun olaraq, birdəfəlik ödəmə həqiqi hərbi xidmətdə (toplantıda) olduğu zaman həlak olması, ölməsi və ya xəbərsiz itkin düşdüyünə görə ölmüş elan edilməsi ilə əlaqədar barəsində sığorta ödənişinin verilməsinə dair qanuni qüvvəyə minmiş məhkəmə aktı olmayan, habelə 11000 manat məbləğində (qanunvericiliklə müəyyən edilmiş məcburi ödənişlər nəzərə alınmaqla) sığorta ödənişi almamış hərbi qulluqçuların və daxili işlər orqanları əməkdaşlarının vərəsələrinə Azərbaycan Respublikası Əmək və Əhalin Sosial Müdafiəsi Nazirliyi tərəfindən verilir. Azərbaycan Respublikasının Dövlət Sığorta Kommersiya Şirkəti tərəfindən təqdim edilmiş müvafiq siyahıya əsasən şəhid hərbi qulluqçu X3 vərəsəsinə (vərəsələrinə) 24.05.2007-ci il tarixində 11000 manat məbləğində sığorta ödənişi həyata keçirildiyi üçün onun vərəsəsinin (vərəsələrinin) birdəfəlik ödəməni almaq hüququ yoxdur. İddiaşı həmin imtinanı mübahisələndirmişdir. Birinci instansiya məhkəməsi öz qərarını onunla əsaslandırmışdır ki, cavabdeh 11000 manat sığorta ödənişinin 2007-ci ilin may ayının 24-də X3 vərəsəsinə Dövlət Kommersiya Sığorta Şirkəti tərəfindən ödənilməsini etirazının əsası kimi göstərsə də, Dövlət Kommersiya Sığorta Şirkəti tərəfindən qeyd edilən ödənişin X3 vərəsəsinə ödənilməsini təsdiq edən ödəniş sənədini (bank ödəniş tapşırığı, ödəniş qəbzi və s.) məhkəməyə təqdim etməmişdir. Məhkəmə kollegiyası birinci instansiya məhkəməsinin hüquqi nəticəsi ilə razılaşmır və hesab edir ki, iddia tələbinin təmin edilməsi üçün qanuni əsaslar mövcud olmamışdır. “Hərbi qulluqçuların statusu haqqında ” Azərbaycan Respublikasının Qanununun (Hərbi qulluqçu statusunun əldə edilməsi və itirilməsi) 3-cü maddəsinə əsasən, vətəndaşlar Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş qaydada Azərbaycan Respublikasının Silahlı Qüvvələrinə çağırıldıqları, könüllü qaydada və ya bağlaşma üzrə Silahlı Qüvvələrdə xidmətə daxil olduqları, toplanışlara çağırıldıqları, hərbi təhsil müəssisələrinə daxil olduqları gündən hərbi qulluqçu statusu əldə edir və Azərbaycan Respublikasının Silahlı Qüvvələrində xidmətdən buraxıldıqları, hərbi hissənin siyahılarından çıxarıldıqları, hərbi təhsil müəssisələrindən çıxarıldıqları və ya kənar edildikləri, toplanışı başa çatdırdıqları gündən bu statusu itirirlər. “Hərbi qulluqçuların statusu haqqında ” Azərbaycan Respublikasının Qanununun 27-ci maddəsinə əsasən, hərbi qulluqçuların hərbi xidmət (toplanışlar) dövründə həlak olması (ölməsi), xəsarət (yaralanma, travma, kontuziya) alması, səhhətinin (sağlamlığının) pozulması (xəstəliklə əlaqədar sağlamlığına ziyan dəydikdə), habelə hərbi xidmət vəzifələrini yerinə yetirməsi ilə bağlı bədbəxt hadisələrin nəticələrinin ehtimalına qarşı hərbi qulluqçu statusunu əldə etdikləri gündən onlar dövlət tərəfindən icbari şəxsi sığorta edilirlər. “Azərbaycan Respublikasının ərazi bütövlüyü uğrunda həlak olmuş, ölmüş və hərbi əməliyyatlarla əlaqədar xəbərsiz itkin düşdüyünə görə ölmüş elan edilmiş hərbi qulluqçuların və daxili işlər orqanları əməkdaşlarının ailə üzvlərinin sosial müdafiəsinin yaxşılaşdırılması ilə bağlı əlavə tədbirlər haqqında” Azərbaycan Respublikası Prezidentinin 19 aprel 2018-ci il tarixli, 1 nömrəli fərmanının 1-ci bəndinə əsasən 1997-ci il avqustun 2-dək Azərbaycan Respublikasının ərazi bütövlüyü uğrunda həlak olmuş, ölmüş və hərbi əməliyyatlarla əlaqədar xəbərsiz itkin düşdüyünə görə ölmüş elan edilmiş hərbi qulluqçuların (bundan sonra – hərbi qulluqçuların) və daxili işlər orqanları əməkdaşlarının vərəsələrinə bu Fərmanla müəyyənləşdirilmiş qaydada 11000 (on bir min) manat məbləğində birdəfəlik ödəmə (bundan sonra – birdəfəlik ödəmə) verilməsi qərara alınmışdır. Həmin fərmanın 2-ci bəndinə əsasən birdəfəlik ödəmə bu Fərmanın 5-ci və 5-1-ci hissələrində nəzərdə tutulmuş siyahılardakı hərbi qulluqçuların və daxili işlər orqanları əməkdaşlarının Azərbaycan Respublikasının Mülki Məcəlləsinə uyğun olaraq müəyyən edilən vərəsələrinə Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tərəfindən verilir. Həmin Fərmanının 4-cü bəndinə əsasən birdəfəlik ödəmə həqiqi hərbi xidmətdə (toplanışda) olduğu zaman həlak olması, ölməsi və ya xəbərsiz itkin düşdüyünə görə ölmüş elan edilməsi ilə əlaqədar barəsində sığorta ödənişinin verilməsinə dair qanuni qüvvəyə minmiş məhkəmə aktı olmayan, habelə 11000 manat məbləğində (qanunvericiliklə müəyyən edilmiş məcburi ödənişlər nəzərə alınmaqla) sığorta ödənişi almamış hərbi qulluqçuların və daxili işlər orqanları əməkdaşlarının vərəsələrinə verilir. İş materiallarında olan sübutlardan müyyən olunur ki, Dövlət Sığorta Kommersiya Şirkətinin Elektron İnformasiya Bazasının məlumatlarına əsasən şəhid hərbi qulluqçu X3 vərəsələrinə 24 may 2007-ci il tarixdə 11.000 manat məbləğində sığorta ödənişinin verilməsi müəyyən olunmuşdur. Məhkəmə kollegiyası tərəfindən 13 dekabr 2021-ci il tarixdə Dövlət Sığorta Kommersiya Şirkətinə sorğu ünvanlanmışdır. Dövlət Sığorta Kommersiya Şirkətinin 28 dekabr 2021-ci il tarixli sorğuya cavab məktubundan görünür ki, 22 mart 2007-ci il tarixində şəhid olmuş hərbi qulluqçu X3 vərəsələrinə sığorta hadisəsi ilə əlaqədar Şirkət tərəfindən 11.000 (on bir) manat sığorta məbləği ödənilmiş, lakin sığorta məbləğinin ödənilməsi ilə əlaqədar ödəniş tapşırığının təqdim edilməsi mümkün olmamışdır. Belə ki, sığorta məbləğinin mərhumun vərəsələrinin hesablarına köçürülməsindən uzun müddət keçdiyindən "xxxx" ASC tərəfindən həmin ödənişlərlə bağlı çıxarışların edilməsi mümkün deyildir. Bildirilmişdir ki, pul köçürülməsi İddiaçı yuxarıda qeyd olunan tarixdə hesab açılmadan həyata keçirilmişdir. Azərbaycan Respublikası Mərkəzi X6 30 iyul 2013-cü il tarixli 16/3 nömrəli qərarı ilə təsdiq edilmiş “Azərbaycan Respublikasının bank sistemində arxiv işinin aparılması haqqında Təlimatın” 1 nömrəli Əlavəsinin “Vl.Mühasibat uçotu və hesabatı” bölməsində hesab açılmadan pul köçürmələri sənədlərinin (o cümlədən sürətli ödəniş vasitəsilə) saxlanılma müddəti 5 il müəyyən olunduğundan hərbi qulluqçuların Dövlət İcbari Sığortasına dair ödəniş sənədləri arxivə təhvil verilmiş və məhv edilmişdir. Dövlət Sığorta Kommersiya Şirkətinin 15 iyul 2021-ci il tarixli məktubundan görünür ki, normativ-hüquqi aktlara uyğun olaraq hərbi qulluqçuların dövlət icbari şəxsi sığortası ödənişinə dair sənədlər dövlət arxivinə təhvil verilmiş və qanunla müəyyən edilmiş müddətdən sonra həmin sənədlər məhv edilmişdir. İş materiallarında olan Füzuli rayon Notariat ofisinin 30 dekabr 2021-ci il tarixli 504 saylı məktubu ilə də təsdiq olunur ki, Füzuli rayonunun Kərimbəyli kəndində yaşamış və Azərbaycan Respublikasının ərazi bütövlüyü uğrunda həlak olmuş X3 vərəsəsi- İddiaçı birdəfəlik ödəməyə, sığorta ödənişinə dair vərəsəlik şəhadətnamələri verilmişdir. Odur ki, ödəniş tapşırığının məhkəməyə təqdim edilməməsi əsası ilə iddianın təmin edilməsi və şəhid hərbi qulluqçu X3 vərəsələrinə təkrarən 11.000 manat məbləğində birdəfəlik sığorta ödənişinin edilməsinin cavabdehə həvalə edilməsi barədə məhkəmənin gəldiyi nəticə işin faktiki hallarına uyğun olmamışdır. Məhkəmə kollegiyası yuxarıda göstərilənlərə əsasən qeyd edir ki, Dövlət Sığorta Kommersiya Şirkəti tərəfindən 11.000 manat sığorta ödənişinin 24 may 2007-ci ilin X3 vərəsəsi İddiaçı ödənilməsi iş materiallarında olan sənədlərlə öz təsdiqini tapdıgından sığorta ödənişinin verilməsindən imtina eidlməsi qanunvericiliyin tələblərinə uyğun olmuşdur. Beləliklə, məhkəmə kollegiyası qeyd edir ki, iddianın təmin edilməsi üçün qanunauyğun əsaslar mövcud olmamış, inzibati orqanın imtinası əsaslı olmuşdur. Apellyasiya şikayətində göstərilən dəlillər birinci instansiya məhkəməsinin qərarının ləğvi üçün əsasdır. Buna görə də cavabdehin apellyasiya şikayəti təmin edilməli, birinci instansiya məhkəməsinin hazırkı iş üzrə qərarı ləğv edilməli və iddia tələbi təmin edilməməlidir. Göstərilənlərə əsaslanaraq və Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 82, 87, 90, 94 və 99-cu maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası qərara aldı: Apellyasiya şikayəti təmin edilsin. Hazırkı iş üzrə Bakı İnzibati Məhkəməsinin 2-1(112)-2922/2021 saylı, 05 avqust 2021-ci tarixli qərarı ləğv edilsin. İddiаçı İddiaçı cаvаbdеh Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinə qаrşı “11000 manat birdəfəlik ödənişin verilməsi vəzifəsinin həvalə edilməsi” tələbinə dair iddia tələbi təmin edilməsin. Qərardan, təqdim edildiyi gündən 1 ay müddətində Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyasına (Bakı şəh.Yusif Səfərov küç.14, 1193-cü məh. AZ1025) Bakı Apellyasiya Məhkəməsi vasitəsi ilə kassasiya şikayəti verilə bilər.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar