Məhkəmə qərarları › İş №2-1(103)-404/2023

Bakı Apellyasiya Məhkəməsi Qərar — İş №2-1(103)-404/2023

12.01.2023 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-1(103)-404/2023 12.01.2023 BAKI APELLYASİYA MƏHKƏMƏSİ Giriş hissə: X6 Oruczadənin sədrliyi və məruzəsi ilə, Xəyalə Adil qızı Cəmilova və X5 ibarət tərkibdə, Abbaslı Sücayət Hafiz qızının katibliyi ilə, İddiaçı, Cavabdehin nümayəndəsi X4 iştirakları ilə, İddiaçı cаvаbdеh Аzərbаycаn Rеspublikаsının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondunun Sosial Ödənişlərin Təyinatı üzrə Mərkəzi Filialına qarşı “cavabdehin imtinasının qanunsuz hesab edilərək sağlamlıq imkanları məhdud 18 yaşınadək uşağa qulluq edilməsi müddəti sığorta stajına daxil edilməklə əmək pensiyasının təyin edilməsi vəzifəsinin cavabdehin üzərinə qoyulması” tələbinə dair inzibati iş üzrə Bakı İnzibati Məhkəməsinin 2-1(112)-911/2022 saylı, 20 may 2022-ci il tarixli qərarından cavabdeh tərəfindən verilmiş apellyasiya şikayətinə əsasən inzibati işə Bakı Apellyasiya Məhkəməsinin inzibati binasında, açıq şifahi məhkəmə baxış iclasında baxaraq aşağıdakı qərarı qəbul etdi. Təsviri hissə: İddiaçı Bakı İnzibati Məhkəməsində cavabdeh Аzərbаycаn Rеspublikаsının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondunun Sosial Ödənişlərin Təynatı üzrə Mərkəzi Filialına qarşı iddia qaldıraraq cavabdehin imtinasının qanunsuz hesab edilərək sağlamlıq imkanları məhdud 18 yaşınadək uşağa qulluq edilməsi müddəti sığorta stajına daxil edilməklə əmək pensiyasının təyin edilməsi vəzifəsinin cavabdehə həvalə edilməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, iddiaçı əmək fəaliyyətinə 1979-cu ildən kolxozda başlasa da, xx.xx.1989-cu il tarixindən xx.xx.1989-cu il tarixinə qədər Azərbaycan SSR Yüngül Sənaye Nazirliyi Bakı Saxsı Qablar Zavodunda, xx.xx.1990-cı ildən xx.xx.1994-cü il tarixinə qədər Azərbaycan SSR Sənaye Tikintisi Nazirliyinin 4 N-li Tresti 47 saylı tikinti idarəsində, xx.xx.2006-cı il tarixindən xx.xx.2009-cu il tarixinə qədər “Azneft” İB X9 İdarəsində, xx.xx.2009-cu il tarixindən xx.xx.2014-cü il tarixinə qədər Abşeron Xüsusi Texnika sexində, xx.xx.2014-cü il tarixindən xx.xx.2016-cı il tarixinə qədər Azərbaycan Respublikası Dövlət Neft Şirkəti Təlim, Tədris və Sertifikatlaşdırma İdarəsində, xx.xx.2018-ci il tarixindən xx.xx.2018-ci il tarixinə qədər Azərbaycan Respubikasının Dövlət Neft Şirkəti “Qaz ixrac” İdarəsində, ümumilikdə 13 il 6 ay müddətində əmək fəaliyyəti göstərmişdir. 1979-1984-cü illər ərzində Azərbaycan SSR Ağsu rayonu ərazisində yerləşən Özbəkistan kolxozuna üzv olmaqla kolxozçu vəzifəsində işləmiş və bu illər ərzində mütəmadi əmək haqqı almışdır. İddiaçı kolxozda işlədiyi dövrün “Əmək pensiyaları haqqında” Qanunun qüvvəyə mindiyi xx.xx.2006-cı ilədək olan dövrə aid olduğunu və bununla bağlı həmin dövrdə yaranmış münasibətləri tənzimləyən normaları nəzərə alaraq hesab edir ki, 1979-1984-cü illərdə əmək fəaliyyəti 495 nömrəli “Kolxozçunun Əmək kitabçası” ilə öz təsdiqini tapdığından sözügedən dövr ona əmək pensiyası hüququ verən sosial sığorta stajına daxil edilməlidir. Həmçinin bildirir ki, oğlu xx.xx.1990-cı il təvəllüdlü Ağalarov Xətai Ehtibar oğlu Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin xx.xx.2019-cu il tarixli TSEK müayinəsinə dair verdiyi arayışdan da göründüyü kimi, ağır dərəcədə ifadə olunmuş kəmağılılıq, kəskin nəzərəçarpan imbesillik dərəcəsində kobud davranış pozuntuları diaqnozu ilə 1-ci qrup əlildir. O, yaşa görə pensiyanın təyin edilməsinə dair iddia ərizəsini geri götürərək cavabdehə yenidən müraciət etmiş, lakin cavabehin 02 aprel 2021-ci il tarixli məktubu ilə müraciətdən imtina edilərək xx.xx.1992-ci il tarixində tərtib olunmuş əmək kitabçasına əsasən sığorta stajının 23 il 5 ay olmaqla qanunla müəyyən edilmiş 25 il müddətindən az olması və fərdi hesabın sığorta hissəsində qeydə alınmış pensiya kapitalı 16.964,74 (on altı min doqquz yüz altmış dörd manat yetmiş dörd qəpik) olmaqla qanunla tələb olunan məbləğdən az olması qeyd edilmişdir. O hesab edir ki, səkkiz ildən də çox bir müddətdə sağlamlıq imkanları məhdud uşağın tərbiyyəsi ilə məşğul olduğundan, 22 il sosial sığorta stajının nəzərə alınmaqla yaşa görə əmək pensiyası almaq üçün yaş həddi 5 il azaldılmalıdır. Hüquq münasibətlərinin yarandığı dövrdə yaş həddinin 5 il azaldılaraq 56 yaş müəyyən olunmalı olduğunu, 10 iyul 2018-ci il tarixdə 56 yaşı olduğundan, qanunla müəyyən olunmuş yaş həddinə çatdığından, iddiasının təmin edilməsini xahiş etmişdir. Cavabdeh iddiaya etirazda göstərmişdir ki, İddiaçının təqdim etdiyi sənədlərə əsasən onun əmək pensiyası hüququ verən yaş həddinə çatmasına baxmayaraq tələb olunan sığorta stajının olmadığı müəyyən edilmişdir. xx.xx.1980-cı ildə tərtib olunmuş 495 nömrəli kolxozçunun əmək kitabçasına əsasən minimum adam günü norması 1979-cu il tarixindən 1984-cü il tarixinədək 180 gün müəyyən edilmişdir. İddiaçı 1979-cu ildən 1984-cü ilədək işlədiyi dövrdə kolxozda müəyyən olunmuş minimum adam günü normasını verinə yetirməmişdir. Beləliklə, iddiaçının kolxozda işlədiyi müddətdə 2 il 9 ay (83+24+116+143+133 = 499/180 x 12 = 33 aydan artıq (33,26)) ümumi iş stajı vardır. Həmin əmək kitabçasına əsasən iddiaçının xx.xx.1989-cu ildən xx.xx.1989-cu ilədək və xx.xx.1989-cu ildən xx.xx.1989-cu ilədək əmək fəaliyyəti 4 ay 12 gün təşkil edir. İddiaçının təqdim etdiyi xx.xx.2019-cu ildə tərtib olunmuş ******* nömrəli əmək kitabçasının surətinə və xx.xx.2021-ci iİ tarixli qulluq aktına əsasən: xx.xx.1990-xx.xx.1994-cü illər üzrə əmək fəaliyyəti dövrü 4 il 1 gün; xx.xx.2001-xx.xx.2008-ci illər üzrə sağlamlıq imkanları məhdud 18 yaşınadək uşaqa qulluq dövrü 7 il 5 ay 18 gün; xx.xx.2008xx.xx.2014; xx.xx.2014xx.xx.2016 və xx.xx.2018-xx.xx.2018-ci illər üzrə əmək fəaliyyəti dövrü 6 il 11 ay 27 gün; xx.xx.2019-xx.xx.2021-ci illər üzrə İ qrup əlillə qulluq dövrü 2 il 6 ay 24 gün təşkil edir. Qeyd olunanları nəzərə alaraq iddiaçının sığorta stajı 24 il 1 ay 22 gün təşkil edir. Əlavə olaraq bildirilir ki, iddiaçının xx.xx.2006-cı il tarixinədək 11 il 9 ay 18 gün ümumi iş stajına əsasən pensiya kapitalı 8.525,73 manatdır. (“Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanununun 8.2-ci maddəsinə əsasən pensiya yaşına çatdığı xx.xx.2019-cu il tarixə indeksləşdirilməklə). Əmək yə Əhalinin Sosial Müdafiəsi Nazirliyinin X1 Sisteminin Pensiya altsisteminə əsasən iddiaçının fərdi hesabının sığorta hissəsində xx.xx.2006-cı il tarixindən xx.xx.2018-ci il tarixinədək 14.726,10 manat sığorta kapitalı qeydə alınmışdır. İddiaçının təqdim etdiyi 2 nömrəli Zona Tibbi-Sosial Ekspert Komissiyasının 92 nömrəli xx.xx.2001-ci il müayinə aktına əsasən iddiaçının oğlu Ağalarov Xətai Ehtibar oğlunun sağlamlıq imkanlarının məhdudluğu xx.xx.2001-ci il tarixdən müəyyən edildiyi üçün xx.xx.2021-ci il tarixli qulluq aktında qulluq dövrünün başlanğıcı həmin tarixdən qeyd edilmişdir. X1 Sisteminin Əlillik altsisteminə əsasən Ağalarov Xətai Ehtibar oğluna xx.xx.2019-cu il tarixindən birinci dərəcəli əlillik təyin edilmişdir. Bu səbəbdən iddiaçının birinci dərəcəli əlilə qulluq dövrü həmin tarixdən nəzərə alınmışdır. Qeyd edilən qanunvericilik normalarının tələbləri və işin faktiki halları nəzərə alınaraq qeyd edilməlidir ki, iddiaçı R.F.Ağayevanın təqdim etdiyi sənədlərə əsasən “Əmək pensiyaları haqqında” AR Qanunun 7-ci maddəsinin tələblərinə müvafiq olaraq yasa görə əmək pensiyası hüququna malik olmadığından iddia tələbi təmin edilməməlidir. Cavabdeh göstərilənlərə əsasən iddianın təmin edilməməsini məhkəmədən xahiş etmişdir. Bakı İnzibati Məhkəməsinin 2-1(112)-911/2022 saylı, 20 may 2022-ci il tarixli qərarı ilə (hakim M.Hacıbəyova) iddia təmin edilmişdir. Qərardan narazı qalan cavabdeh qanunvericiliklə müəyyən edilmiş qaydada və vaxtda apellyasiya şikayəti verərək, qərarın ləğv edilməsini və iddia tələbinin təmin edilməməsini xahiş etmişdir. Apellyasiya şikayətinin dəlilləri: Apellyasiya şikayəti iddiaya etiraza uyğun əsaslandırılmış və qeyd edilmişdir ki, iddiaçının mübahisəli olmayan sığorta stajı ümumilikdə 24 il 1 ay 22 gün təşkil edir. İddiaçı təqdim etdiyi xx.xx.1980-cı ildə tərtib olunmuş 495 nömrəli kolxozçunun əmək kitabçasına əsasən minimum adam günü norması 1979-cu il tarixindən 1984-cü il tarixinədək 180 gün müəyyən edilmişdir. İddiaçı 1979-cu ildən 1984-cü ilədək işlədiyi dövrdə kolxozda müəyyən olunmuş minimum adam günü normasını yerinə yetirməmişdir. Beləliklə, iddiaçının kolxozda işlədiyi müddətdə 2 il 9 ay (83+24+116+143+133 = 499/180 x 12 = 33 aydan artıq (33,26) ümumi iş stajı vardır. Həmin əmək kitabçasına əsasən iddiaçının xx.xx.1989-cu ildən xx.xx.1989-cu ilədək və xx.xx.1989-cu ildən xx.xx.1989-cu ilədək əmək fəaliyyəti 4 ay 12 gün təşkil edir. İddiaçının təqdim etdiyi xx.xx.2019-cu ildə tərtib olunmuş ******* nömrəli əmək kitabçasının surətinə və xx.xx.2021-ci il tarixli qulluq aktına əsasən: xx.xx.1990-xx.xx.1994-cü illər üzrə əmək fəaliyyəti dövrü 4 il 1 gün; xx.xx.2001xx.xx.2008-ci illər üzrə sağlamlıq imkanları məhdud 18 yaşınadək uşağa qulluq dövrü 7 il 5 ay 18 gün; xx.xx.2008-xx.xx.2014; xx.xx.2014-xx.xx.2016 və xx.xx.2018-xx.xx.2018-ci illər üzrə əmək fəaliyyəti dövrü 6 il 11 ay 27 gün; xx.xx.2019-xx.xx.2021-ci illər üzrə İ qrup əlillə qulluq dövrü 2 il 6 ay 24 gün təşkil edir. Həmçinin, iddiaçının xx.xx.2006-cı il tarixinədək 11 il 9 ay 18 gün ümumi iş stajına əsasən pensiya kapitalı 8525,73 manatdır. (“Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanununun 8.2-ci maddəsinə əsasən pensiya yaşına çatdığı xx.xx.2019-cu il tarixə indeksləşdirilməklə). Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin X1 Sisteminin Pensiya altsisteminə əsasən iddiaçının fərdi hesabının sığorta hissəsində xx.xx.2006-cı il tarixindən xx.xx.2018-ci il tarixinədək 14726,10 manat sığorta kapitalı qeydə alınmışdır. İddiaçının təqdim etdiyi 2 nömrəli Zona Tibbi-Sosial Ekspert Komissiyasının 92 nömrəli xx.xx.2001-ci il müayinə aktına əsasən iddiaçının oğlu Ağalarov Xətai Ehtibar oğlunun sağlamlıq imkanlarının məhdudluğu xx.xx.2001-ci il tarixdən müəyyən edildiyi üçün xx.xx.2021-ci il tarixli qulluq aktında qulluq dövrünün başlanğıcı həmin tarixdən qeyd edilmişdir. X1 Sisteminin Əlillik altsisteminə əsasən Ağalarov Xətai Ehtibar oğluna xx.xx.2019-cu il tarixindən birinci dərəcəli əlillik təyin edilmişdir. Bu səbəbdən iddiaçının birinci dərəcəli əlilə qulluq dövrü həmin tarixdən nəzərə alınmışdır. Məhkəmə icraatı iştirakçılarının izahatları: Məhkəmə kollegiyasının iclasında iştirak edən cavabdehin nümayəndəsi iddiaya etiraza və apellyasiya şikayətinə uyğun izahat verərək, şikayətin təmin olunması, birinci instansiya məhkəməsinin qərarının ləğv edilməsini və iddia tələbinin təmin olunmamasını xahiş etdi. Məhkəmə kollegiyasının iclasında iştirak edən iddiaçı iş materiallarına uyğun izahat verərək apellyasiya şikayətinin təmin edilməməsini, birinci instansiya məhkəməsinin qərarının dəyişdirilmədən saxlanılmasını xahiş etdi. Əsaslandırıcı hissə: Azərbaycan Respublikası İnzibati-Prosessual Məcəlləsinin 82-ci maddəsinə əsasən apelyasiya instansiyası məhkəməsi mübahisə ilə bağlı işə şikayət həddində və hüquqi məsələlər, habelə sübutlar və faktlar (faktiki hallar) əsasında mahiyyəti üzrə tam həcmdə baxır. Apellyasiya şikayəti qanunla müəyyən olunmuş tələblərə riayət olunmaqla verilmişdir, şikayətin mümkün sayılmaması üçün əsaslar yoxdur. Belə ki, şikayət birinci instansiya məhkəməsinin qərarının təqdim olunduğu gündən 30 gün ərzində verilmişdir (İPM-85.1), formal baxımdan əsaslandırılmış və şikayətçinin tələbi göstərilmişdir (İPM-85.2, 85.3). Məhkəmə kollegiyası tərəfləri dinləyib, apellyasiya şikayətinin dəlillərini iş materialları ilə birlikdə araşdırıb hesab edir ki, apellyasiya şikayəti təmin edilməməli, birinci instansiya məhkəməsinin qərarı dəyişdirilmədən saxlanılmalıdır. Hazırki işin hallarından müəyyən olunur ki, iddiaçı xx.xx.1963-cü il təvəllüdlüdür, xx.xx.1990-cı il təvəllüdlü oğlu Ağalarov Xətai Ehtibar oğlu doğulandan xəstədir, ona sonuncu dəfə xx.xx.2019-cu il tarixdə müayinə edilməklə başqasının qulluğuna ehtiyacı olan şəxs kimi ümumi xəstəlik səbəbi ilə təkrar birinci dərəcə əlillik müddətsiz təyin edilmişdir, uşaqlıqdan psixofiziki inkişafdan geri qalmışdır, hərbi xidmətdən kəmağıllığa görə azad edilmişdir, iddiaçı ona baxmışdır, hazırda da iddiaçının himayəsində yaşayır, iddiaçı cavabdehə müraciət edərək səkkiz ildən çox bir müddətdə sağlamlıq imkanları məhdud olan uşağını səkkiz yaşınadək tərbiyə etdiyi üçün qanunla müəyyən edilmiş yaş həddi 5 il azaldılmaqla İ qrup əlilə və ya sağlamlıq imkanları məhdud övladına baxma müddəti staja aid edilməklə ona yaşa görə əmək pensiyasının təyin edilməsini xahiş etmiş, lakin müraciətinin təmin edilməsindən imtina edildiyi üçün hazırki iddia tələbi ilə məhkəməyə müraciət etmişdir. Məhkəmə kollegiyası ilk öncə iddianın mümkünlüyü ilə bağlı aşağıdakıları qeyd edir: Belə ki, baxılan işdə iddianın ümumi və xüsusi mümkünlük şərtləri mövcuddur. Yəni iddia inzibati mübahisədir və ona baxmaq səlahiyyəti inzibati məhkəmələrə aiddir (İPM-in 1.1, 2.1, 3.1 və 8.1.4-cü maddələri). İddiaçı İPM-in 2.2.3-cü maddəsində nəzərdə tutulmuş iddianı (öhdəliyin icrası) qaldırmışdır. İddiaçı cavabdehin üzərinə inzibati aktın qəbul edilməsi ilə əlaqədar olmayan müəyyən hərəkətlərin edilməsi öhdəliyinin qoyulmasını xahiş edir. Cavabdeh tərəfindən iddiaçının müvafiq müraciətinə baxılaraq qaldırılan məsələnin həllindən imtina olunduğundan, tərəflər arasında inzibati mübahisə mövcuddur. İddiaçı məhkəmədə qaldırdığı iddia ilə bağlı cavabdeh inzibati orqana müraciət etmiş və cavabdeh tərəfindən imtina məktubu almışdır. Bu Məcəllənin 8.1.2-ci maddəsi ilə müəyyən edilmiş aidiyyət qaydaları məcburetmə və öhdəliyin icrası haqqında iddialara da şamil olunur. İPM-in 34.1-ci maddəsinə əsasən öhdəliyin icrası haqqında iddia vasitəsi ilə iddiaçı cavabdehdən inzibati aktın qəbul edilməsi ilə bağlı olmayan (inzibati aktın qəbul edilməsinə yönəlməyən) müəyyən hərəkətlərin edilməsini tələb edə bilər. Həmin Məcəllənin 35.1-ci maddəsinə əsasən bu Məcəllədə başqa qayda nəzərdə tutulmamışdırsa, iddiaçının iddia ərizəsində inzibati aktın qəbul edilməsi və ya qəbul edilməsindən imtina olunması, yaxud inzibati orqanın hərəkəti və ya hərəkətsizliyi nəticəsində onun hüquqlarının və qanunla qorunan maraqlarının pozulduğunu əsaslandırdığı hallarda mübahisələndirmə haqqında, məcburetmə haqqında, öhdəliklərin icrası haqqında və müəyyən hərəkətləri etməkdən çəkinməyə dair iddia mümkün sayılır. Məhkəmə kollegiyası qeyd edir ki, iddia mümkün iddia olmaqla yanaşı, mahiyyəti üzrə də əsaslı olması nəticəsinə gəlməkdə birinci instansiya məhkəməsi haqlı olmuşdur. Məhkəmə Kollegiyası ilk öncə aşağıdakı qanunvericilik normalarına nəzər yetirir: “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanununun: - 1.0.1-ci maddəsinə əsasən əmək pensiyası - bu Qanunla nəzərdə tutulmuş qayda və şərtlərlə müəyyən edilən və məcburi dövlət sosial sığortaolunanların (bundan sonra – sığortaolunan) onlara əmək pensiyası təyin olunduqdan əvvəl aldıqları əmək haqqı və digər gəlirlərin, yaxud sığortaolunanların ölümü ilə əlaqədar onların ailə üzvlərinin itirdikləri gəlirlərin kompensasiyası məqsədilə vətəndaşlara aylıq pul ödənişidir. - 7-ci maddəsinə əsasən, 63 yaşına çatmış kişilərin və 60 yaşına çatmış qadınların fərdi hesabın sığorta hissəsində qeydə alınmış pensiya kapitalı əmək pensiyasının minimum məbləğindən az olmayan pensiya təminatına imkan verdikdə sığorta stajından asılı olmayaraq, bu pensiya təminatına imkan vermədikdə isə azı 25 il sığorta stajı olduqda (2017-ci il iyulun 1-dək yaşa görə əmək pensiyası təyin edilmiş şəxslər istisna olmaqla) yaşa görə əmək pensiyası hüququ vardır. Qeyd. Bu Qanunun 7-ci maddəsində nəzərdə tutulmuş kişilərin yaş həddi 2017-ci il iyulun 1-dən başlayaraq 2021ci il iyulun 1-dək, qadınların yaş həddi 2017-ci il iyulun 1-dən başlayaraq 2027-ci il iyulun 1dək hər il 6 ay artırılır. - 8.2-ci maddəsinə əsasən sağlamlıq imkanları məhdud uşağını səkkiz yaşınadək tərbiyə etmiş anaların bu Qanunun 7-ci maddəsinə uyğun şərtlər daxilində yaş həddi 5 il azaldılmaqla yaşa görə əmək pensiyası hüququ vardır. - 21.1-ci maddəsinə əsasən qanunvericiliklə müəyyən edilmiş qaydada məcburi dövlət sosial sığorta haqlarının ödənilməsi şərtilə mülkiyyət formasından, əmək fəaliyyətinin xarakterindən və müddətindən asılı olmayaraq müəssisə, idarə və təşkilatlarda əmək müqaviləsi (kontraktı) əsasında işləyənlərin hərbi qulluqçuların, eləcə də hüquqi şəxs yaratmadan sahibkarlıq fəaliyyəti ilə məşğul olan fiziki şəxslərin, vəzifəyə seçilmiş və ya təyin edilmiş şəxslərin iş, hərbi xidmət və ya digər fəaliyyət müddətləri sığorta stajına daxil edilir. - 21.2-ci maddəsinə əsasən sığortaolunanın sığorta stajına bu Qanunun 21.1-ci maddəsində qeyd olunan müddətlərdən əlavə, aşağıdakı müddətlər daxil edilir: 21.2.1.işçinin işəgötürən tərəfindən hesablanmış əməkhaqqına məcburi dövlət sosial sığorta haqqı ödənilən hər hansı işinin müddəti;.. 21.2.4.müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi qaydada hesablanan İ dərəcə əlilliyi olan şəxsə və ya sağlamlıq imkanları məhdud 18 yaşınadək uşağa, habelə ahıllara (yaşı 70-ə çatmış şəxslərə) qulluq edilməsi müddəti. Şərh olunan qanunvericiliyin müddəalarından göründüyü kimi, ümumi əsaslarla yaşa görə əmək pensiyası hüququnun yaranması üçün əsas şərt müvafiq olaraq pensiya yaş həddinə çatması ilə yanaşı minimum pensiya təyinatına imkan verən pensiya kapitalı və (və ya) minimum staj tələbini yerinə yetirməkdir. Sağlamlıq imkanları məhdud uşağını səkkiz yaşınadək tərbiyə etmiş qadının Qanunun 7-ci maddəsinə uyğun şərtlər daxilində, onun yaşa görə əmək pensiyası hüququ 5 il azaldılmaqla yaranır. Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi Kollegiyasının 2017-ci il 11 dekabr tarixli 17 nömrəli qərarı ilə təsdiq edilmiş “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanununa əsasən əmək pensiyalarının təyin edilməsi, yenidən hesablanması, bir növündən başqa növünə keçirilməsi və ödənilməsi Qaydalarının: - 3.9-cu bəndinə əsasən, İ qrup əlilə və ya sağlamlıq imkanları məhdud 18 yaşınadək uşağa, habelə ahıl şəxsə qulluq edilməsi müddəti sığortaolunanın sığorta stajına şəhər (rayon) icra hakimiyyəti orqanlarının, yaxud Şöbənin və ya İdarənin nümayəndələrindən ibarət komissiya tərəfindən, xidmət edilən şəxsin, onun qonşularının ifadələrinə və digər məlumatlara əsasən xidmətin faktiki olaraq həyata keçirilməsi barədə tərtib olunan akt əsasında daxil edilir. - 4.1.5-ci bəndinə əsasən, sağlamlıq imkanları məhdud uşağını səkkiz yaşınadək tərbiyə etmiş anaların Qanunun 7-ci maddəsinə uyğun şərtlər daxilində yaş həddi 5 il azaldılmaqla yaşa görə əmək pensiyası hüququ vardır. “Əlilliyin və uşaqların sağlamlıq imkanları məhdudluğunun qarşısının alınması, əlillərin və sağlamlıq imkanları məhdud uşaqların reabilitasiyası və sosial müdafiəsi haqqında” 1992-ci il tarixli 284 nömrəli Qanununun (31 may 2018-ci il tarixli 1153- VQ nömrəli Azərbaycan Respublikasının Qanunu ilə ləğv edilmişdir): - 2-ci maddəsinə əsasən, əlil – anadangəlmə, xəstəlikdən və ya xəsarətdən doğan əqli və ya fiziki qüsurlar nəticəsində həyat fəaliyyəti məhdudlaşan, sosial yardıma və müdafiəyə ehtiyacı olan şəxsdir. Sağlamlıq imkanları məhdud 18 yaşınadək uşaq — orqanizmin ümumi inkişafının pozulmasına səbəb olan müxtəlif əqli, ruhi, fiziki qüsurlar və xəstəliklər nəticəsində həyat fəaliyyəti məhdudlaşan, sosial yardıma və müdafiəyə ehtiyacı olan uşaqdır. Hazırda qüvvədə olan “Əlilliyi olan şəxslərin hüquqları haqqında” Qanunun 1.0.2-ci maddəsinə əsasən, əlilliyi olan şəxs dedikdə, müxtəlif maneələrlə qarşılaşdığı zaman digər şəxslərlə bərabər səviyyədə cəmiyyət həyatında tam və səmərəli iştirakına mane olan sabit fiziki, psixi, əqli və ya hissiyyat pozuntuları olan şəxs, o cümlədən sağlamlıq imkanları məhdud 18 yaşınadək uşaq nəzərdə tutulur. Məhkəmə kollegiyası qənaətini əsaslandırmaq üçün aşağıdakı sübutlara nəzər yetirir: İş materiallarında olan Azərbaycan Respublikası Səhiyyə Nazirliyi Tibbi-Sosial Ekspert Komissiyasına verilən 0170003AAC5P nömrəli göndərişə əsasən, xx.xx.1990-cı il təvəllüdlü Ağalarov Xətai Ehtibar oğlu 2-ci qrup müddətsiz əlildir, doğulandan xəstədir, uşaqlıqdan psixofiziki inkişafdan geri qalıb, hərbidən kəmağıllılığa görə azad olunub, son illər vəziyyəti daha da pisləşib və dəfələrlə intihara cəhdlər etmişdir. Xəstəyə əsas diaqnoz kimi qulluq və müalicə tələb edən ciddi davranış pozuntusu, kəskin nəzərəçarpan imbesillik kobud davranış pozuntuları və psixotik daxil olmalarla anamnezində intihar cəhdləri qoyulmuşdur. Xəstənin kənar şəxlərin köməyinə və nəzarətinə daimi ehtiyacı var. Tibbi-Sosial Ekspert Komissiyasında sonuncu müayinəyə dair verilən məlumata əsasən, xx.xx.1990-cı il təvəllüdlü Ağalarov Xətai Ehtibar oğlu ümumi xəstəlik səbəbindən müddətsiz əlildir. Xətai rayon İcra Hakimiyyəti başçısının 1 nömrəli Sahə İnzibati Ərazi İdarəsi üzrə Nümayəndəliyinin xx.xx.2020-ci il tarixli 06/20 nömrəli arayışına əsasən, iddiaçı Xətai rayonu, Babək prospekti, ev 92, mənzil 36-da yaşayan, birinci qrup əlil olan, xx.xx.1990-cı il tarixdə anadan olmuş və dərin əqli zəifliyi, qulluq və müalicə tələb edən ciddi davranış pozuntusu olan oğlu Ağalarov Xətai Ehtibar oğluna doğulduğu gündən bu günə kimi qulluq etmişdir. İş materiallarına əlavə olunmuş Bakı şəhəri Baş Səhiyyə idarəsi 2 saylı X3 tərəfindən verilmiş “Xəstənin tibbi kartası”ndan çıxarışdan görünür ki, xx.xx.1990-cı il təvəllüdlü Ağalarov Xətai Ehtibar oğlunun xəstəliyi “anadangəlmə orta debillik dərəcəsində ağıl zəifliyi, kobud davranış pozuntuları ilə. Psixotik epizodlar və intihar cəhdləri ilə” müşahidə olunur. Həmçinin, Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tabeliyində Dövlət Tibbi-Sosial Ekspertiza və Reabilitasiya Agentliyinin xx.xx.2022-ci il trixli **********0 nömrəli məktubun əlavə edilmiş tibbi-sosial ekspertiza sənədlərindən görünür ki, xx.xx.2019-cu il tarixdə Ağalarov Xətai Ehtibar oğlunun qiymətləndirmə məlumatlarına əsasən, anadangəlmə V sinif - Psixi pozğunluqlar və davranış pozğunluqları ilə müşahidə olunan, qulluq və müalicə tələb edən ciddi davranış pozuntusu olan, ağır dərəcədə ifadə olunmuş kəmağılılıq, kəskin nəzərəçarpan imbesillik dərəcəsində kobud davranış pozuntuları diaqnozu ilə 1-ci qrup əlildir. Apellyasiya şikayətinin dəlillərinə münasibət: İşin cavabdeh inzibati orqan tərəfindən mübahisələndirilməyən halı iddiaçının müəyyən olunan yaş həddinə çatması və sığorta stajının ümumilikdə 24 il 01 ay 22 gün təşkil etməsidir. Belə ki, iddiaçı xx.xx.1963-cü il təvəllüdlü olmaqla yaşa görə əmək pensiyası hüququ qanunvericiliyin yuxarıdakı normaları nəzərə alınmaqla xx.xx.2019-cu il (61,5- 5=56,5 yaşdan) tarixdən yaranır. Apellyasiya şikayətindən də aydın göründüyü kimi, cavabdeh inzibati orqan iddiaçının kolxozda işlədiyi dövrləri və sağlamlıq imkanı məhdud olan övladına baxma müddətini mübahisələndirmişdir. Məhkəmə kollegiyası işin araşdırılmış hallarına qiymət verərək qeyd edir ki, birinci instansiya məhkəməsi iddiaçının kolxozda işlədiyi dövrləri ümumi staja aid etsə də, həmin müddətin hansı dövrləri əhatə etməsi, hesablamalar dəqiq göstərilməmişdir. Belə olan halda məhkəmə kollegiyası apellyasiya şikayətinin həmin dəlili ilə razılaşaraq qeyd edir ki, xx.xx.1980-cı ildə tərtib olunmuş 495 nömrəli kolxozçunun əmək kitabçasına əsasən minimum adam günü norması 1979-cu il tarixindən 1984-cü il tarixinədək 180 gün müəyyən edilmişdir. Belə olan halda iddiaçının həmin illərdə kolxozda işlədiyi və ümumi staja daxil edilən müddət 2 il 9 ay (83+24+116+143+133 = 499/180 x 12 = 33 aydan artıq (33,26)) müəyyən edilməlidir. Həmçinin, həmin əmək kitabçasında qeyd edilmiş iddiaçının Bakı saxsı Qablar zavodunda xx.xx.1989-cu ildən xx.xx.1989-cu ilədək və Bakı Neft Təchizatı bazasında xx.xx.1989-cu ildən xx.xx.1989-cu ilədək əmək fəaliyyəti dövrü də (4 ay 12 gün) ümumi staja aid edilməlidir. Məhkəmə kollegiyası qeyd edir ki, apellyasiya şikayətinin qeyd edilən dəlili iddiaçıya yaşa görə əmək pensiyasının təyin edilməsindən imtinaya səbəb ola bilməz. Belə ki, iddiaçının sağlamlıq imkanı məhdud olan övladına baxma müddəti ilə bağlı Məhkəmə kollegiyası şikayətin dəlili ilə razılaşmır. Göründüyü kimi, cavabdeh inzibati orqan iddiaçının sağlamlıq imkanı məhdud övladına baxması müddətinin xx.xx.2001-ci ildən xx.xx.2008-ci il tarixə kimi, həmçinin xx.xx.2019-cu il tarixdən xx.xx.2021-ci il tarixə kimi olan dövrlərini onun stajına aid etmişdir. Bunu onunla əsaslandırır ki, iddiaçının oğlu Ağalarov Xətai Ehtibar oğlunun sağlamlıq imkanının məhdudluğu ilə bağlı müvafiq inzibati orqanın müayinə aktı xx.xx.2001-ci ilə aiddir. Bundan başqa, X1 sisteminin Əlillik altsisteminə əsasən Ağalarov Xətai Ehtibar oğluna xx.xx.2019-cu il tarixindən 1-ci dərəcəli əlillik verilmişdir. Lakin cavabdeh inzibati orqanın sübut qismində nəzərə aldığı 2 saylı Zona Tibbi- Sosial Ekspert Komissiyasının 92 saylı xx.xx.2001-ci il tarixli müayinə aktı xx.xx.2001-ci il tarixə aid olsa da, həmin müayinə aktının məzmunundan aydın olur ki, bu müayinə təkrar müayinə olmuş və TSEK-in diaqnozu kimi doğum travması nəticəsində MBD sindromu qeyd edilmişdir. Həmçinin, işin araşdırılmış hallarından da göründüyü kimi, xx.xx.1990-cı il təvəllüdlü Ağalarov Xətai Ehtibar oğlu uşaqlıqdan psixofiziki inkişafdan geri qalmışdır, hərbidən kəmağıllığa görə azad olunmuşdur, xəstəliyi qulluq və müalicə tələb edən ciddi davranış pozuntusudur, bir neçə dəfə Bakı 2 nömrəli Klinik Psixatriya xəstəxanasında yatmışdır, həmin övladına körpə vaxtından iddiaçı baxmışdır ki, bunun əksini təsdiq edən – yəni qulluğa ehtiyacı olan həmin şəxsə başqa bir şəxsin baxmasını təsdiq edə sübutlar cavabdeh tərəfindən məhkəməyə təqdim edilməmiş, belə sübutlar barədə məlumat verilməmişdir. Belə olan halda iddiaçının sağlamlıq imkanı məhdud övladına baxması müddətinin xx.xx.2001-ci il tarixdən hesablanması barədə cavabdeh inzibati orqanın mövqeyi əsassızdır. Həmçinin, İT-İ ******* nömrəli əmək kitabçasına və kolxozçunun əmək kitabçasına əsasən,iddiaçı 47 saylı Tikinti İdarəsi 4 nömrəli trestinə işə düzəlməzdən əvvəl 1980-ci il tarixindən 1984-cü il tarixinədək kolxozda işləmiş, xx.xx.1989-cu ildən xx.xx.1989-cu ilə qədər Bakı saxsı qablar zabodunda tökməçi, xx.xx.1989-cu ildən xx.xx.1989-cu ilə qədər Bakı Neft Təchizatı bazasında operator, xx.xx.1990-cı ildən xx.xx.1994-cü ilə qədər 47 nömrəli Tikinti İdarəsində fəhlə, xx.xx.2006-cı ildən xx.xx.2009-cu ilə qədər Qazma İşləri idarəsində texnik, xx.xx.2009-cu ildən xx.xx.2014-cü ilə qədər İxtisaslaşdırılmış Xüsusi Texnika İdarəsində texnik, xx.xx.2014-cü ildən xx.xx.2016-cı ilə qədər Dövlət Neft Şirkətinin Təlim, Tədris və Sertifikatlaşdırma İdarəsində arxivçi, xx.xx.2018-ci ildən xx.xx.2018-ci ilə qədər Dövlət Neft Şirkətinin Qaz İxracı İdarəsində istehsalat sahəsini və xidməti otaqları yığışdıran işləmişdir. Göründüyü kimi, əmək kitabçaları ilə iddiaçının əmək fəaliyyəti dövrü 16 il 8 gün təşkil edir. İddiaçının doğuşdan xəstə olan sağlamlıq imkanı məhdud xx.xx.1990-cı il təvəllüdlü övladına baxma müddətini isə cavabdeh inzibati orqan xx.xx.2001-ci ildən xx.xx.2008-ci il tarixə kimi hesablasa da, Məhkəmə kollegiyası hesab edir ki, iddiaçının əmək fəaliyyət dövrü istisna olmaqla xx.xx.1994-cü ildən xx.xx.2001-ci ilədək olan dövr də doğuşdan xəstə olan sağlamlıq imkanı məhdud övladına qulluq müddəti kimi onun ümumi stajına daxil edilməlidir. Belə olan halda iddiaçının tələb olunan 25 illik stajı tamamlanır. Birinci instansiya məhkəməsi haqlı olaraq iddianın təmin edilməsi nəticəsinə gəlsə də, yaşa görə əmək pensiyası hüququnun yaranma tarixini dəqiqləşdirməmişdir. Bununla bağlı olaraq Məhkəmə kollegiyası araşdırma apararaq qeyd edir ki, hüququn yaranması tarixi mübahisələndirilməsə də, məhkəmə qərarında dəqiqləşdirilmə aparılmalı iddiaçıya yaşa görə əmək pensiyası xx.xx.2019-cu il tarixdən, 56,5 yaşdan təyin edilməlidir. Bununla da, hazırkı inzibati işə apellyasiya qaydasında baxan məhkəmə kollegiyası yuxarıda qeyd olunanlara məcmu halda hüquqi qiymət verərək hesab edir ki, birinci instansiya məhkəməsinin iddianın təmin olunması ilə əlaqədar gəldiyi nəticə düzgündür, apellyasiya şikayətinin dəlilləri işin halları və qanunvericiliklə təkzib olunur, şikayət qərarın ləğvinə əsas vermir. Bununla bağlı olaraq şikayət təmin edilməməli, Bakı İnzibati Məhkəməsinin 2-1(112)-911/2022 saylı, 20 may 2022-ci il tarixli qərarı iddiaçıya əmək pensiyası təyini tarixi iddiaçının 56,5 yaşı tamam olan tarixdən, xx.xx.2019-ci ildən göstərilməklə dəyişdirilmədən saxlanılmalıdır. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəllənin 52-ci maddəsinə əsasən məhkəmə iddia ərizəsinin ifadə tərzi ilə bağlı olmasa da, iddia tələbindən kənara çıxmağa haqlı deyildir. Həmin Məcəlləsinin 68.1-ci maddəsinə əsasən məhkəmə mübahisə ilə bağlı iş üzrə inzibati məhkəmə icraatı nəticəsində onda yaranmış daxili inam əsasında qərar qəbul edir. Qərarda məhkəmənin mövqeyi üçün əsas olmuş səbəblər göstərilməlidir. Həmin Məcəllənin 87.6-cı maddəsinə əsasən, apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qərarını dəyişdirmədən qüvvədə saxlaya bilər, dəyişdirə bilər və ya ləğv edərək (tam və ya qismən) yeni qərar qəbul edə bilər. Birinci instansiya məhkəməsinin qərarı apellyasiya tələbi həddində dəyişdirilə bilər. Nəticəvi hissə: Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinin 87, 90 və 94-cü maddələrini rəhbər tutaraq, Məhkəmə kollegiyası QƏRARA ALDİ: Cavabdeh tərəfindən verilmiş apellyasiya şikayəti təmin edilməsin. Bakı İnzibati Məhkəməsinin 2-1(112)-911/2022 saylı, 20 may 2022-ci il tarixli qərarı əmək pensiyası təyini tarixi iddiaçının 56,5 yaşı tamam olan tarixdən, xx.xx.2019-ci ildən qeyd edilməklə dəyişdirilmədən saxlanılsın. Qərardan onun rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyası vasitəsilə Azərbaycan Respublikasının Ali Məhkəməsinin İnzibati Kollegiyasına kassasiya şikayəti verilə bilər. Sədrlik edən: Aytən Oruczadə Hakimlər: Xəyalə Cəmilova Rəşid Səmədov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar