Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 2-1(103)-4040/2025 24.09.2025 BAKI APELLYASİYA MƏHKƏMƏSİ GİRİŞ HİSSƏ: X3 Oruczadənin sədrliyi və məruzəsi ilə, Günel Məhərrəm qızı Abbasova və X1 ibarət tərkibdə, Abbaslı Sücayət Hafiz qızının katibliyi, İddiaçı və onun nümayəndəsi Nümayəndə iştirakları ilə, İddiaçı cavabdeh Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 1 saylı Bakı Ərazi İdərəsinə qarşı “çıxarışın verilməsi” tələbinə dair inzibati iş üzrə Bakı İnzibati Məhkəməsinin 2-1(112)- 1232/2020 saylı 21 may 2020-ci il tarixli qərarından iddiaçı tərəfindən verilmiş apellyasiya şikayətinin mümkünlüyünün yoxlanılması məsələsinə (prosessual müddətin bərpası barədə ərizəyə) 24 sentyabr 2025-ci il tarixdə Bakı Apellyasiya Məhkəməsinin (ünvan: ünvan 2əhəllə) binasında açıq məhkəmə iclasında şifahi məhkəmə baxışı qaydasında baxaraq MÜƏYYƏN ETDİ: İddiaçı Nümayəndə cavabdeh Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinin yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 1 saylı Bakı Ərazi İdarəsinə qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Bakı şəhəri, Suraxanı rayonu, Zığ qəsəbəsinin qərb hissəsində yerləşən torpaq sahəsinə dair hüquqların daşınmaz əmlakın dövlət reyestrində qeydiyyatının aparılması və həmin mülkiyyətə dair çıxarışın verilməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir. Daha sonra iddiaçı Nümayəndə əsl İddiaçı ilə əvəz edilmişdir. 2 saylı Bakı İnzibati-İqtisadi Məhkəməsinin 2-1(82)-1512/2019 saylı, xx.xx.2019-cu il tarixli qərardadına əsasən inzibati işin icraatı 2 saylı Bakı İnzibati-İqtisadi Məhkəməsinin icraatında olan iddiaçı Azərbaycan Respublikası Dövlət Neft Şirkətinin “Qaz İxrac” İdarəsi tərəfindən Suraxanı Rayon İcra Hakimiyyətinə qarşı (İddiaçı, “X2” LTD-nin Azərbaycan Respublikasındakı filialı 3-cü şəxs qismində cəlb etməklə) “xx.xx.2000-ci il tarixli, 780 nömrəli sərəncamın ləğv olunması” barədə 2- 1(82)-2042/2019 saylı iş üzrə yekun məhkəmə aktı qanuni qüvvəyə minənədək dayandırılmışdır. 2 saylı Bakı İnzibati-İqtisadi Məhkəməsinin 2-1(82)-2042/2019 saylı, xx.xx.2019-cu il tarixli qərardadına əsasən iddiaçı Azərbaycan Respublikasının Dövlət Neft Şirkətinin “Qaz İxrac” İdarəsinin cavabdeh Bakı şəhəri Suraxanı Rayon İcra Hakimiyyətinə (üçüncü şəxs İddiaçı) qarşı “xx.xx.2000-ci il tarixli, 780 nömrəli sərəncamın ləğv olunması” tələbi barədə iddiası mümkün sayılmaması qərara alınmışdır. Bakı İnzibati Məhkəməsinin 2-1(112)-1232/2020 saylı, xx.xx.2020-ci il tarixli qərardadına əsasən işin dayandırılmasına səbəb olmuş hallar aradan qalxdığından, iş üzrə icraat təzələnmişdir. Bakı İnzibati Məhkəməsinin 2-1(112)-1232/2020 saylı 21 may 2020-ci il tarixli qərarı ilə (hakim F.Mədətli) iddia təmin edilməmişdir. Həmin qərardan narazı qalan iddiaçı tərəfindən apellyasiya şikayəti verilərək, qərarın ləğv edilməsi və iddianın təmin edilməsi xahiş edilmişdir. Apellyasiya şikayətinə ötürülmüş prosessual müddətin bərpa edilməsi barədə ərizə də əlavə edilmişdir. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 87.2-ci maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi apellyasiyanın mümkünlüyü əsaslarını yoxlayır. İnzibati prosessual qanunvericiliyin tələblərinə görə apellyasiya şikayətinin vaxtında verilməsi apellyasiyanın mümkün sayılması üçün əsas şərtlərdən biridir. İş materiallarından müəyyən olunur ki, Bakı İnzibati Məhkəməsinin 2-1(112)- 1232/2020 saylı 21 may 2020-ci il tarixli qərarı xx.xx.2023-ci il tarixdə iddiaçının nümayəndəsi Nümayəndə tərəfindən qəbzə imza edilməklə qəbul edilmişdir. Lakin apellyasiya şikayəti xx.xx.2025-ci il tarixdə məhkəməyə daxil olmuşdur. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 75.3-cü maddəsinə görə məhkəmə qərarı, bu Məcəllənin 20.1-ci maddəsində nəzərdə tutulmuş qaydada proses iştirakçılarına təqdim edilir. Həmin Məcəllənin 20.1-ci maddəsinə əsasən müddətin axımının başlanmasına səbəb olan məhkəmə qərarları, qərardadları, sərəncamları, eləcə də məhkəmə iclasının tarixinin müəyyən olunması ilə və ya məhkəməyə çağırışla bağlı olan məhkəmə sənədləri proses iştirakçılarına şəxsən və ya digər üsullarla təqdim edilməlidir. Hər bir halda təqdimetmənin təsdiqi barədə müvafiq qeydlər və ya sənədlər iş üzrə materiallara əlavə olunur. Həmin Məcəllənin 22.1-ci maddəsinə əsasən bu Məcəllə ilə başqa qayda nəzərdə tutulmamışdırsa, müddətin axımı təqdim edilmə anından, təqdim edilmənin bu Məcəllə ilə məcburi hesab olunmadığı hallarda isə, elan edilmə anından başlanır. Eyni zamanda həmin Məcəllənin 23.1-ci maddəsinə əsasən məhkəmə qərarına (qərardadına) qarşı şikayət verilməsi ilə bağlı bu Məcəllədə nəzərdə tutulmuş müddətin axımı, proses iştirakçısına həmin qərara (qərardada) qarşı şikayət vermənin qaydası və müddəti, şikayətin verilə biləcəyi məhkəmə və onun ünvanı barədə məlumatların nəzərdə tutulduğu məhkəmə aktının və ya bu barədə məhkəmə tərəfindən yazılı məlumatın təqdim edildiyi gündən başlanır. Həmin Məcəllənin 24.1-ci maddəsinə əsasən bu Məcəllə ilə müəyyən olunmuş müddət proses iştirakçısının təqsiri olmadan buraxıldığı hallarda, məhkəmə həmin şəxsin ərizəsinə əsasən buraxılmış prosessual müddəti bərpa etməlidir. Həmin Məcəllənin 24.2-ci maddəsinə əsasən buraxılmış prosessual müddətin bərpa edilməsi barədə ərizə müddətə əməl olunmasına mane olan hallar aradan qalxdığı gündən 15 gün ərzində verilməlidir. Müddətin buraxılmasına səbəb olmuş hallar ərizədə və ya ərizə üzrə keçirilən məhkəmə iclasında əsaslandırılmalıdır. Həmin Məcəllənin 24.3-cü maddəsinə əsasən ərizənin verilməsi ilə eyni vaxtda müddəti buraxılmış prosessual hərəkət də edilməlidir. Həmin Məcəllənin 24.4-cü maddəsinə əsasən təbii fəlakət və ya digər qarşısıalınmaz hallar, eləcə də hüquqi müdafiə vasitələrindən istifadəyə yol verilməməsi barədə yazılı xəbərdarlıqla bağlı olan hallar istisna olmaqla, müddətin buraxılmasından 1 il keçdikdən sonra həmin müddətin bərpasına dair ərizə verilə bilməz. Həmin Məcəllənin 85.1-ci maddəsinə əsasən şikayət məhkəmə qərarının tam formada təqdim olunduğu gündən 30 gün müddətində inzibati məhkəmə vasitəsilə verilir. Məhkəmə kollegiyası apellyasiya şikayəti üzrə apellyasiyanın mümkünlük məsələsi ilə bağlı məhkəmə iclasını xx.xx.2025-ci il tarixə təyin etmişdir. Məhkəmə iclasında iştirak edən iddiaçı və onun nümayəndəsi müddətin bərpası barədə ərizəni müdafiə edərək ötürülmüş prosessual müddətin bərpa edilməsini xahiş etdilər. Həmçinin iddiaçı əlavə olaraq izahatında bildirdi ki, həyat yoldaşı Nümayəndə 2020ci ilin ikinci yarısından başlayaraq ağır xəstəlik keçirmiş və uzunmüddətli müalicəyə ehtiyac duymuşdur. O uzun illərdi şəkərli diabet xəstəliyindən əziyyət çəkir. Bu səbəbdən o, həyat yoldaşının qayğısına qalmaqla məşğul olmaq məcburiyyətində qaldığından və pandemiya şəraitində əlavə məhdudiyyətlər olduğundan, qəbul olunmuş məhkəmə qərarından xəbərsiz qalmış, qətnamənin onlara təqdim edildiyinə dair heç bir rəsmi bildiriş və ya sənəd də təqdim olunmamışdır. Hazırda həyat yoldaşının səhhəti stabilləşmiş və o, hazırda yenə onu evdə tək qoyaraq harasa çıxa bilmir. Məhkəmə kollegiyası iclasının vaxtı və yeri barədə lazımi qaydada məlumat verilməsinə baxmayaraq cavabdeh tərəf məhkəmə kollegiyasının iclasında nümayəndəsinin iştirakını təmin etməmiş, səbəbi barədə məlumat verməmişdir. Məhkəmə kollegiyası cavabdehin nümayəndəsinin iştirakı olmadan apellyasiya şikayətinin mümkünlüyü məsələsinə baxılmasını mümkün hesab etdi. İş materiallarından göründüyü kimi məhkəmə qərarı xx.xx.2023-cü il tarixdə iddiaçının nümayəndəsi Nümayəndə tərəfindən qəbzə imza edilməklə qəbul edilmiş və 30 günlük prosessual müddət ötürülmüşdür. Yuxarıda qeyd edilən qanunvericilik normasına əsasən də müddətin buraxılmasından 1 ildən çox ( 2 il 4 ay 22 gün) keçdiyindən, ərizənin verilməsi əsassız olmuşdur. Məhkəmə kollegiyası qeyd olunan halları nəzərə alaraq hesab edir ki, İddiaçı apellyasiya şikayəti verilməsi üçün ötürülmüş prosessual müddətin bərpası barədə ərizəsi təmin edilməməli, 2-1(112)-1232/2020 saylı 21 may 2020-ci il tarixli qərarından verdiyi apellyasiya şikayəti mümkün sayılmamalıdır. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 58.7-ci maddəsinə əsasən sübutlar məhkəmə tərəfindən tam və hərtərəfli araşdırıldıqdan sonra qiymətləndirilir. Həmin Məcəllənin 87.3-cü maddəsinə əsasən apellyasiya mümkün sayılmadıqda apellyasiya instansiyası məhkəməsi şikayəti qəbul etməkdən imtina edir. Yuxarıdakılara əsasən və Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 22.1, 23.1, 24.1, 80, 85.1, 87, 90 və 94-cü maddələrini rəhbər tutub, məhkəmə kollegiyası QƏRARAALDİ: Prosessual müddətin bərpası barədə ərizə təmin edilməsin. Bakı İnzibati Məhkəməsinin 2-1(112)-1232/2020 saylı 21 may 2020-ci il tarixli qərarından İddiaçı tərəfindən verilmiş apellyasiya şikayəti qeyri-mümkün hesab edilsin və şikayətin qəbulundan imtina edilsin. Qərardaddan, onun işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 10 gün müddətində Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyası vasitəsi ilə Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyasına kassasiya şıkayəti verilə bilər. Sədrlik edən: Aytən Oruczadə Hakimlər: Günel Abbasova Elvin Əliyev
Məhkəmə qərarları › İş №2-1(103)-4040/2025
Bakı Apellyasiya Məhkəməsi Qərardad — İş №2-1(103)-4040/2025
24.09.2025 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver