Məhkəmə qərarları › İş №2-1(103)-4041/2024

Bakı Apellyasiya Məhkəməsi Qərar — İş №2-1(103)-4041/2024

10.12.2024 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-1(103)-4041/2024 10.12.2024 BAKI APELLYASİYA MƏHKƏMƏSİ Giriş hissə: X3 Səmədovun sədrliyi və məruzəsi ilə, Xəyalə Adil qızı Cəmilova və X4 ibarət tərkibdə, Eldarzadə Şirazı Elxan oğlunun katibliyi, İddiaçının nümayəndəsi və vəkili Vəkil, Cavabdehin nümayəndəsi X1 iştirakları ilə, İddiaçı cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondunun Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filialına qarşı “güzəştli şərtlərlə yaşa görə əmək pensiyasının təyin edilməsi öhdəliyinin qoyulması” tələbinə dair inzibati iş üzrə Bakı İnzibati Məhkəməsinin e-2-1(112)- 9928/2024 nömrəli, 29 avqust 2024-cü il tarixli qərarından cavabdeh tərəfindən verilmiş apellyasiya şikayətinə əsasən inzibati işə Bakı Apellyasiya Məhkəməsinin inzibati binasında, açıq şifahi məhkəmə iclasında baxaraq aşağıdakı qərarı qəbul etdi. Təsviri hissə: İddiaçı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi Dövlət Sosial Müdafiə Fondunun Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filialının üzərinə İddiaçı xx.xx.2024-ci il tarixindən güzəştli şərtlərə əmək pensiyasının təyin edilməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir. İddiaçının nümayəndəsi daha sonra məhkəməyə ərizə təqdim edərək Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi Dövlət Sosial Müdafiə Fondunun Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filialının üzərinə İddiaçı xx.xx.2023-cü il tarixindən güzəştli şərtlərə əmək pensiyası təyin edilməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, İddiaçı cavabdeh inzibati orqana müraciət edərək ona güzəştli şərtlərlə yaşa görə əmək pensiyasının təyin olunmasını xahiş etmişdir. Cavabdeh inzibati orqan tərəfindən iddiaçıya güzəştli şərtlərlə yaşa görə əmək pensiyasının təyin olunmasından imtina edilməsi barədə 3-17-1/2-S104906/2024 nömrəli, xx.xx.2024-ci il tarixli bildiriş göndərilmişdir. Cavabdeh inzibati orqan bu məktubda "xxxx" ASC Suraxanı rayon Su Kanal İdarəsi”nin verdiyi xx.xx.2024-cü il tarixli SH-01/7-04 nömrəli arayışına istinad edərək imtinasını onunla əsaslandırır ki, iddiaçının işlədiyi xx.xx.1996 - xx.xx.2004-cü il tarixləri arasındakı dövr ərzində Suraxanı sahəsində yeraltı kanalizasiya şəbəkələrində, xx.xx.2004 - xx.xx.2009-cu və xx.xx.2010 - xx.xx.2011-ci il tarixləri arasında Suraxanı qəza xidməti sahəsində, xx.xx.2013 - xx.xx.2019-cu il tarixləri arasındakı dövr ərzində Kanalizasiya və yağış suyu şəbəkələrinin istismarı sahəsində, xx.xx.2019 - xx.xx.2022-ci il tarixləri arasındakı dövr ərzində Su və Kanalizasiya istismarı sahəsində və xx.xx.2022 - xx.xx.2024-cü il tarixləri arasındakı dövr ərzində Su və Kanalizasiya istismarı sahəsinin Tullantı suların axıdılması xidmətində təmirçi-çilingər vəzifəsi Azərbaycan Respublikasının Nazirlər Kabinetinin 23 yanvar 2007-ci il tarixli 12 nömrəli Qərarı ilə təsdiq edilmiş “Güzəştli şərtlərlə yaşa görə əmək pensiyası hüququ verən istehsalatların, peşələrin, vəzifələrin və göstəricilərin Siyahısı”nın ümumi peşələr (35) bölməsində nəzərdə tutulmuş “yeraltı kanalizasiya şəbəkələrində daim məşğul olan qəza-bərpa işlərinin çilingərləri vəzifələsi”nə uyğun gəlmir. Cavabdeh həmçinin qeyd edir ki, iddiaçının adı çəkilən müəssisədəki iş stajına aid qeyd olunan məlumatların cavabdeh tərəfindən yerində dəqiqləşdirilməsi zamanı iddiaçının işlədiyi vəzifənin xx.xx.2024-cü il tarixli SH-01/7-04 nömrəli arayışda istinad edilən yeraltı kanalizasiya şəbəkələrində daim məşğul olan qəza-bərpa işlərinin çilingərləri vəzifəsinə uyğun olmadığı müəyyən edilib. Bu fakt, “Suraxanı rayon Sukanal İdarəsi”nin 6 mart 2024-cü il tarixli birgə Aktı ilə təsdiq edilmişdir. İddiaçı hesab edir ki, cavabdeh inzibati orqanın imtinası tam qanunsuz və əsassızdır. 1. Cavabdeh inzibati orqan iddiaçıya güzəştli şərtlərlə əmək pensiyası imtina məktubunda qəsdən "xxxx" ASC Suraxanı rayon Su Kanal İdarəsi”nin verdiyi xx.xx.2024cü il tarixli SH-01/7-04 nömrəli arayışın məzmununu təhrif etmişdir. Belə ki, həmin arayışdan görünür ki, iddiaçı xx.xx.1996-cı il tarixdən xx.xx.2024-cü il tarixə qədər, ümumilikdə 26 il 2 ay ərzində yeraltı kanalizasiya şəbəkələrində daim qəza-bərpa işləri üzrə çilingər peşəsində çalışmışdır. Bütün bu dövr ərzində bu ixtisas Azərbaycan Respublikasının Nazirlər Kabinetinin 23 yanvar 2007-ci il tarixli 12 nömrəli Qərarı ilə təsdiq edilmiş “Güzəştli şərtlərlə yaşa görə əmək pensiyası hüququ verən istehsalatların, peşələrin, vəzifələrin və göstəricilərin Siyahısı”nın 35-ci bəndinə əsasən güzəştli sayılır. 2. İddaçıya işlədiyi bu müddət ərzində və hal-hazırda əmək şəraiti xüsusilə zərərli və ağır olduğu üçün Əmək Məcəlləsinin 159-cu maddəsinin tələbinə uyğun olaraq hər ay əmsallaşdırılmış əlavə əməkhaqqı hesablanmış, eyni zamanda bu əməkhaqqı məbləğindən Dövlət Sosial Müdafiə Fonduna əlavə ödənişlər edilmişdir. Bu fakt iddaçının əməkhaqqı hesabatı vərəqlərindən də aşkar görünür. 3. Cavabdeh inzibati orqan pensiya təyin edərkən iddiaçının vəzifəsinin adının necə yazıldığını deyil, onun yerinə yetirmiş olduğu əmək funksiyalarını, vəzifələrini, işlədiyi əmək şəraitini, habelə işlədiyi müddətdə ona ödənilmiş əməkhaqqının və şəxsi pensiya hesabına köçürmələrin tərkibini əsas götürməli idi. 4. Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi Kollegiyasının № 03 2013-cü il 08 may tarixli qərarı ilə təsdiq edilmiş “Şəhər, qəsəbə və əhali yaşayan ərazilərdə qaz, su təchizatı və tullantı sularının axıdılması və yaşıllaşdırma təsərrüfatlarına aid olan fəhlə peşələrinin və işlərin Vahid X2”nın “Su təchizatı və tullantı sularının axıdılması” bölməsində Qəza-bərpa işləri üzrə çilingər vəzifəsinin xüsusiyyətləri qeyd olunmuşdur. Həmin xüsusiyyətlərə əsasən iddiaçının peşə funsiyalarının, kanalizasiya şəbəkəsi ilə iş olduğu görünür. Kanalizasiya özlüyündə tullantı su və mayelərin məskunlaşma bölgələrindən və sənaye bölgələrindən uzaqlaşdırılması üçün qurulan yeraltı qurğu sistemidir. 5. İddiaçının əmək pensiyasının təyin edilməsi haqqında ərizə verdikdən sonra cavabdeh inzibati orqanın işverənlə birlikdə tərtib etdikləri 6 mart 2024-cü il tarixli birgə Akt iddiaçının ona qədər yaranmış əmək və pensiya hüququnu heç bir halda məhdudlaşdıra bilməz. Bu Aktın hazırkı mübahisənin həlli üçün heç bir hüquqi qüvvəsi də ola bilməz. Ən azından ona görə ki, həmin akt iddiaçıya pensiya hüququ verən hüquqmüəyyənedici sənədləri etibarsız sayılmasına əsas vermir və iddiaçının 26 il 2 ay ərzində işverənlə razılaşdırılmış əmək şaraitində (xüsusilə ağır və zərərli şəriatdə) işləməsinin nəticələrini aradan qaldırmır. Habelə, güzəştli pensiya almaq üçün DSMF-na edilmiş əlavə ödənişləri iddiaçıya qaytarmır. 6. İnzibati Prosessual Məcəllənin 14.3-cü maddəsinin tələbinə görə, inzibati orqan iddiaçının arzuladığı inzibati aktın qəbulunu konkret halda istisna edən faktiki şərtlərin mövcudluğuna istinad etdiyi hallarda, belə şərtlərin mövcudluğunu sübut etmək vəzifəsi həmin inzibati orqanın üzərinə düşür. Lakin 6 mart 2024-cü il tarixli birgə Akt iddiaçının əsaslandığı halların heç birini təkzib etmir və bu halların ifadə olunduğu rəsmi sənədləri etibarsız etmir. 7. “İnzibati icraat haqqında” Azərbaycan Respublikasının Qanununun 19.1-ci maddəsinin tələbinə görə inzibati icraat zamanı işin faktiki halları ilə əlaqədar fiziki və ya hüquqi şəxslər tərəfindən təqdim olunan sənədlər və dəlillər, onların həqiqətəuyğun olmadığı sübuta yetirilməyibsə, mötəbər hesab olunur. Fiziki və ya hüquqi şəxslərdən həmin sənədlərin və dəlillərin mötəbərliyini təsdiq edən əlavə sənədlərin və ya məlumatların tələb olunması qadağandır. Cavabdeh iddiaya dair yazılı etiraz təqdim edərək, iddia tələbinin rədd edilməsini xahiş etmişdir. Etiraz iddiaçıya ünvanlanmış imtina məktubuna uyğun əsaslandırılmış, həmçinin qeyd olunmuşdur ki, Azərbaycan Respublikası Nazirlər Kabinetinin 23 yanvar 2007-ci il tarixli 12 nömrəli Qərarı ilə təsdiq edilmiş “Güzəştli şərtlərlə yaşa görə əmək pensiyası hüququ verən istehsalatların, peşələrin, vəzifələrin və göstəricilərin Siyahısı”nın ümumi peşələr bölməsində (35) yeraltı kanalizasiya şəbəkələrində daim məşğul olan qəza-bərpa işlərinin çilingərləri vəzifəsi nəzərdə tutulmuşdur. İddiaçının Mərkəzi Filiala təqdim etdiyi Azərsu ASC “Suraxanı rayon Sukanal İdarəsi”nin iddiaçıya dair xx.xx.2024-cü il tarixli SH- 01/7- 04 nömrəli arayışında xx.xx.1996-xx.xx.2004-cü il tarixləri arasındaki dövr ərzində Suraxanı sahəsində yeraltı kanalizasiya şəbəkələrində, xx.xx.2004-xx.xx.2009-cu və xx.xx.2010-xx.xx.2011-ci il tarixləri arasındaki dövrlər ərzində Suraxanı qəza xidməti sahəsində, xx.xx.2011-xx.xx.2013-cu il tarixləri arasındaki dövr ərzində Suraxanı Sukanal sahəsində, xx.xx.2013-xx.xx.2019-cu il tarixləri arasındaki dövr ərzində Kanalizasiya və yağış suyu şəbəkələrinin istismarı sahəsində, xx.xx.2019-xx.xx.2022-ci il tarixləri arasındaki dövr ərzində Su və kanalizasiya istismarı sahəsində və xx.xx.2022- xx.xx.2024cü il tarixləri arasındaki dövr ərzində Su və kanalizasiya istismarı sahəsinin Tullantı suların axıdılması xidmətində təmirçi-çilingər vəzifəsində işlədiyi qeyd olunmuşdur. İddiaçının adıçəkilən müəssisədəki iş stajına aid sənədlərdə qeyd olunan məlumatların Mərkəzi Filialın mütəxəssisləri tərəfindən yerində dəqiqləşdirilməsi zamanı işlədiyi vəzifənin sözügedən arayışda istinad edilən yuxarıda qeyd olunan yeraltı kanalizasiya şəbəkələrində daim məşğul olan qəza-bərpa işlərinin çilingərləri vəzifəsinə uyğun olmadığı müəyyən edilmişdir. Bu fakt “Suraxanı rayon Sukanal İdarəsi”nin 6 mart 2024-cü il tarixli birgə Aktı ilə təsdiq edilmişdir. Bu səbəbdən də iddiaçının güzəştli iş stajı yoxdur. Oxşar işlər üzrə Ali Məhkəmənin formalaşmış hüquqi mövqeyinə görə, məhkəmə qərarının əsaslandırılması zamanı iddiaçının zərərli əmək şəraitində işlədiyi dövrün siyahıda nəzərdə tutulan hansı sahəyə və koda uyğunluğu dəqiq göstərilməlidir. Bu halda, məhkəmə iddiaçının gördüyü iş, tutduğu vəzifə və malik olduğu peşə ilə güzəştli şərtlərlə yaşa görə əmək pensiyası hüququ verən iş, vəzifə və peşə arasındakı uyğunluğu (eyniliyi) işin konkret halları (iddiaçının tutduğu vəzifəyə və malik olduğu peşəyə görə gördüyü işin xarakteri, habelə işlədiyi müəssisənin fəaliyyət istiqaməti və s.) nəzərə alınmaqla müəyyən edə bilər. Bu zaman nəzərə alınmalıdır ki, burada, söhbət müxtəlif işlərin, vəzifələrin və peşələrin adlarının eyniliyinin müəyyən edilməsindən deyil, şəxsin təyin olunduğu işə, vəzifəyə və peşəyə görə bilavasitə icra etdiyi funksional vəzifənin (işin) eyniliyinin müəyyən olunmasından gedir. Funksional vəzifənin (işin) eyniliyi isə iş yerindən və ya səlahiyyətli orqanlardan bu barədə əldə edilmiş vəzifə təlimatlarına əsasən müəyyən edilə bilər. Yuxarıda qeyd olunan mövqe Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyasının xx.xx.2024-cü il tarixli 2-1(102)-482/2024 nömrəli, xx.xx.2024-cü il tarixli 2- 1(102)-669/2024 nömrəli, xx.xx.2024-cü il tarixli 2-1(102)-668/2024 nömrəli, xx.xx.2024-cü il tarixli 2-1(102)-669/2024 nömrəli qərarlarında da ifadə olunmuşdur. Bakı İnzibati Məhkəməsinin e-2-1(112)-9928/2024 nömrəli, 29 avqust 2024-cü il tarixli qərarı ilə (hakim G.Sevdimalıyeva) iddia tələbi təmin edilmiş və İddiaçı 60 yaşının tamam olduğu xx.xx.2023-cü il tarixindən güzəştli şərtlərlə yaşa görə əmək pensiyasının təyin olunması öhdəliyinin cavabdeh Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondunun Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filialının üzərinə qoyulması qərara alınmışdır. Cavabdeh inzibati orqan həmin qərardan apellyasiya şikayəti verərək, qərarın ləğv edilməsini və iddia tələbinin rədd edilməsini xahiş etmişdir. Cavabdehin apellyasiya şikayəti iddiaya dair yazılı etiraza uyğun əsaslandırılmışdır. Məhkəmə icraatı iştirakçılarının izahatları: Məhkəmə iclasında iştirak edən cavabdehin nümayəndəsi apellyasiya şikayətini müdafiə edərək təmin edilməsini, birinci instansiya məhkəməsinin qərarının ləğv edilməsini və iddia tələbinin rədd edilməsini xahiş etdi. Məhkəmə iclasında iştirak edən iddiaçının nümayəndəsi və vəkili apellyasiya şikayətinə etiraz edərək təmin edilməməsini, birinci instansiya məhkəməsinin qərarının dəyişdirilmədən saxlanılmasını xahiş etdi. Əsaslandırıcı hissə: Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 82-ci maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi mübahisə ilə bağlı işə şikayət həddində və hüquqi məsələlər, habelə sübutlar və faktlar (faktiki hallar) əsasında mahiyyəti üzrə tam həcmdə baxır. Məhkəmə kollegiyası işdə iştirak edən şəxsləri dinləyib, apellyasiya şikayətinin dəlillərini araşdırıb, hesab edir ki, apellyasiya şikayəti təmin edilməməli, birinci instansiya məhkəməsinin qərarı dəyişdirilmədən saxlanılmalıdır. Hazırkı işin hallarından müəyyən edilir ki, iddiaçı xx.xx.1963-cü il təvəllüdlüdür və 60 yaşdan güzəştli şərtlərlə pensiya təyin olunmasına dair xx.xx.2024-cü il tarixdə cavabdeh quruma müraciət etmişdir. İddiaçının ümumi iş stajı ilə bağlı mübahisə yoxdur. Hazırki iş üzrə mübahisə İddiaçı güzəştli şərtlərlə əmək stajı müddətinin hesablanması ilə bağlıdır. Birinci instansiya məhkəməsi mübahisələndirilən qərarında gəldiyi nəticəni onunla əsaslandırmışdır ki, cavabdeh orqan tərəfindən imtinanın əsası olaraq "xxxx" ASC “Suraxanı rayon Sukanal İdarəsi”nin xx.xx.2024-cü il tarixli SH-01/7-04 nömrəli arayışında iddiaçının təmirçi-çilingər vəzifəsində işlədiyinin qeyd olunduğunun bildirilməsi tamamilə xəyali təfsirdən ibarətdir. Belə ki, "xxxx" ASC Suraxanı rayon Sukanal İdarəsi tərəfindən təqdim edilmiş xx.xx.2024-cü il tarixli güzəştli arayışa əsasən müəyyən olunur ki, İddiaçı xx.xx.2011-ci il tarixdən xx.xx.2024-cü il tarixədək 26 il 2 ay 2 gün qəza-bərpa işləri üzrə çilingər vəzifəsində işləmişdir (bu hal iddiaçıya məxsus əmək kitabçası və əmək müqaviləsi bildirişləri ilə də təsdiq edilir). İddiaçı 60 yaşının tamam olduğu xx.xx.2023-cü ilədək azı 26 il əmək şəraitinə görə güzəştli şərtlərlə əmək stajı mövcuddur. Cavabdeh tərəfindən verilmiş apelyasiya şikayətinin dəlilləri iddiaya etirazın dəlilləri ilə eynilik təşkil edir. Məhkəmə kollegiyası hesab edir ki, birinci instansiya məhkəməsi iddia tələbinin təmin olunması barədə düzgün nəticəyə gəlmişdir. Belə ki, “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanunun 9.1-ci maddəsinə əsasən, axırıncı iş yerindən asılı olmayaraq, güzəştli şərtlərlə yaşa görə əmək pensiyası almaq hüququ verən incəsənətin xüsusi sahələrinin, yeraltı, əmək şəraiti xüsusilə zərərli və ağır olan işlərin (istehsalatların, peşələrin, vəzifələrin və göstəricilərin) müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqanın (qurumun) təsdiq etdiyi siyahısında nəzərdə tutulan işlərdə azı 12 il 6 ay çalışmış kişilərin və azı 10 il çalışmış qadınların bu Qanunun 7-ci maddəsində nəzərdə tutulmuş şərtlər daxilində yaş həddi 5 il azaldılmaqla yaşa görə əmək pensiyası hüququ vardır. 13 may 2022-ci il tarixli 530-VİQD nömrəli Azərbaycan Respublikasının Qanunu ilə 9.1-ci maddə qeyd edilən yeni redaksiyada verilmişdir. Əvvəlki redaksiyada deyilirdi: 9.1. Axırıncı iş yerindən asılı olmayaraq yeraltı işlərdə, incəsənətin xüsusi sahələrində, həmçinin əmək şəraiti xüsusilə zərərli və ağır olan işlərdə (istehsalatların, peşələrin, vəzifələrin və göstəricilərin müvafiq icra hakimiyyəti orqanı tərəfindən təsdiq olunan siyahısı üzrə) çalışan sığortaolunanların: kişilər - 60 yaşına çatdıqda, azı 25 il sığorta stajına malik olduqda və bu müddətin azı 12 il 6 ayını həmin işlərdə, qadınlar - 55 yaşına çatdıqda, azı 20 il sığorta stajına malik olduqda və bu müddətin azı 10 ilini həmin işlərdə çalışmışlarsa və fərdi hesabın sığorta hissəsində qeydə alınmış pensiya kapitalı əmək pensiyasının minimum məbləğindən az olmayan pensiya təminatına imkan verdikdə, əmək şəraitinə görə güzəştli şərtlərlə yaşa görə əmək pensiyası hüququ vardır. "xxxx" ASC Suraxanı rayon Sukanal İdarəsi tərəfindən təqdim edilmiş xx.xx.2024-cü il tarixli güzəştli arayışda qeyd edilmişdir ki, İddiaçı xx.xx.2011-ci il tarixdən (Əmr 15- k, xx.xx.2011-ci il) bu günədək güzəştli peşədə işləyir: - xx.xx.1996-xx.xx.2004 – Kanalizasiya şəbəkələrinin istismarı müəssisiəsi. Suraxanı sahəsində yeraltı kanalizasiya şəbəkələrində daim qəza-bərpa işləri üzrə çilingər peşəsində çalışıb. (Əmr 128-k, xx.xx.1996-cı il). Bu ixtisas Azərbaycan Nazirlər Kabinetinin xx.xx.2007-12 nömrəli Qərarı ilə təsdiq edilmiş Güzəştli şərtlərlə yaşa görə əmək pensiyası hüququ verən istehsalatların, peşələrin, vəzifələrin və göstəricilərin siyahısının 35-ci bəndinə əsasən güzəştli sayılır. Güzəştli əmək stajı 7 il 9 ay 22 gün hesablanmışdır. - xx.xx.2004-xx.xx.2009 – "xxxx" Səhmdar Cəmiyyəti Bakı Kanalizasiya xidməti İdarəsi, kanalizasiya şəbəkələrinin İstismarı sahəsi. Suraxanı qəza xidməti sahəsində yeraltı kanalizasiya şəbəkələrində daim qəza-bərpa işləri üzrə çilingər peşəsində çalışıb. (Əmr 05-k, xx.xx.2004-cü il). Bu ixtisas Azərbaycan Nazirlər Kabinetinin 23.01 2007-ci il tarixli 12 nömrəli Qərarı ilə təsdiq edilmiş Güzəştli şərtlərlə yaşa görə əmək pensiyası hüququ verən istehsalatların, peşələrin, vəzifələrin və göstəricilərin siyahısının 35-ci bəndinə əsasən güzəştli sayılır. Güzəştli əmək stajı ixtisasa əsasən, 4 il 8 ay 6 gün hesablanmışdır. - xx.xx.2010-xx.xx.2011 – "xxxx" Səhmdar Cəmiyyəti Bakı Kanalizasiya xidməti İdarəsi. Kanalizasiya şəbəkələrinin istismarı sahəsi. Suraxanı sahəsində yeraltı kanalizasiya şəbəkələrində daim qəza-bərpa işləri üzrə çilingər peşəsində çalışıb (Əmr 40k, xx.xx.2010-ci il). Bu ixtisas Azərbaycan Nazirlər Kabinetinin xx.xx.2007-ci il tarixli 12 nömrəli Qərarı ilə təsdiq edilmiş Güzəştli şərtlərlə yaşa görə əmək pensiyası hüququ verən istehsalatların, peşələrin, vəzifələrin və göstəricilərin siyahısının 35-ci bəndinə əsasən güzəştli sayılır. Güzəştli əmək stajı ixtisasa əsasən, 10 ay 13 gün hesablanmışdır. - xx.xx.2011-xx.xx.2013 – “Azərsu’’ ASC Bakı Sukanal İdarəsi, Suraxanı Sukanal sahəsində yeraltı kanalizasiya şəbəkələrində daim qəza-bərpa işləri üzrə çilingər peşəsində çalışıb. (Əmr 15-k, xx.xx.2011-ci il). Bu ixtisas Azərbaycan Nazirlər Kabinetinin xx.xx.2007-ci il tarixli 12 nömrəli Qərarı ilə təsdiq edilmiş Güzəştli şərtlərlə yaşa görə əmək pensiyası hüququ verən istehsalatların, peşələrin, vəzifələrin və göstəricilərin siyahısının 35-ci bəndinə əsasən güzəştli sayılır. Güzəştli əmək stajı ixtisasa əsasən, 2 il 29 gün hesablanmışdır. - xx.xx.2013-xx.xx.2019 – Kanalizasiya və yağış suyu şəbəkələrinin istismarı sahəsində yeraltı kanalizasiya şəbəkələrində daim qəza-bərpa işləri üzrə çilingər peşəsində çalışıb. (Əmr 54-k, xx.xx.2013-cü il). Bu ixtisas Azərbaycan Nazirlər Kabinetinin xx.xx.2007- ci il tarixli 12 nömrəli Qərarı ilə təsdiq edilmiş Güzəştli şərtlərlə yaşa görə əmək pensiyası hüququ verən istehsalatların, peşələrin, vəzifələrin və göstəricilərin siyahısının 35-ci bəndinə əsasən güzəştli sayılır.Güzəştli əmək stajı ixtisasa əsasən, 5 il 10 ay 29 gün hesablanmışdır. - xx.xx.2019-xx.xx.2022 – Su və kanalizasiya şəbəkələrinin istismarı sahəsində yeraltı kanalizasiya şəbəkələrində daim qəza-bərpa işləri üzrə çilingər peşəsində çalışıb (Əmr 42- k. 01.04 2019-cü il). Bu ixtisas Azərbaycan Nazirlər Kabinetinin xx.xx.2007-cı il tarixli 12 nömrəli Qərarı ilə təsdiq edilmiş Güzəştli şərtlərlə yaşa görə əmək pensiyası hüququ verən istehsalatların, peşələrin, vəzifələrin və göstəriçılərın siyahısının 35-ci bəndinə əsasən güzəştli sayılır. Güzəştli əmək stajı ixtisasa əsasən, 3 il 2 ay 10 gün hesablanmışdır. - 10.06.202-xx.xx.2024 – Su və kanalizasiya şəbəkələrinin istismarı sahəsinin Tullantı suların axıdılması xidmətində yeraltı kanalizasiya şəbəkələrində daim qəza-bərpa işləri üzrə çilingər peşəsində çalışıb. Bu ixtisas Azərbaycan Nazirlər Kabinetinin xx.xx.2007-ci il tarixli 12 nömrəli Qərarı ilə təsdiq edilmiş Güzəştli şərtlərlə yaşa görə əmək pensiyası hüququ verən istehsalatların, peşələrin, vəzifələrin və göstəricilərin siyahısının 35-ci bəndinə əsasən güzəştli sayılır Güzəştli əmək stajı ixtisasa əsasən, 1 il 7 ay 14 gün hesablanmışdır. - Yuxarıda qeyd olunmuş bu ixtisas yeraltı kanalizasiya şəbəkələrində daim məşğul olan qəza-bərpa işlərinə aiddir. Onun bu işlərin aparılmasında 26 il 2 ay 2 gün hesablanmışdır. Arayış "xxxx" ASC-nin Suraxanı rayon Sukanal İdarəsində olan əmək kitabçası əsasında verilir. “Güzəştli şərtlərlə yaşa görə əmək pensiyası hüququ verən istehsalatların, peşələrin, vəzifələrin və göstəricilərin Siyahısı”nın təsdiq edilməsi barədə Azərbaycan Respublikası Nazirlər Kabinetinin 23 yanvar 2007-ci il tarixli 12 nömrəli Qərarı:

35. Ümumi peşələr yeraltı kanalizasiya şəbəkələrində daim məşğul olan qəza-bərpa işlərinin çilingərləri və ustaları. Beləliklə, məhkəmə kollegiyası iş üzrə toplanmış və tədqiq edilmiş sübutlara məcmu halda qiymət verərək hesab edir ki, hazırkı mübahisəyə baxılarkən birinci instansiya məhkəməsi tərəfindən işin faktiki halları düzgün araşdırılmış, sübutlara düzgün hüquqi qiymət verilmiş, maddi hüquq normalarının tətbiqində səhvə yol verilməmiş və düzgün nəticəyə gəlinmişdir. Odur ki, hazırkı inzibati işə apellyasiya qaydasında baxan məhkəmə kollegiyası yuxarıda qeyd olunanlara məcmu halda hüquqi qiymət verərək hesab edir ki, apellyasiya şikayətinin dəlilləri işin halları və qanunvericiliklə təkzib olunur, həmin dəlillər qərarın ləğvinə əsas vermir. Bununla bağlı olaraq, şikayət təmin edilməməli, qərar dəyişdirilmədən saxlanılmalıdır. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 87.6-cı maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qərarını dəyişdirmədən qüvvədə saxlaya bilər, dəyişdirə bilər və ya ləğv edərək (tam və ya qismən) yeni qərar qəbul edə bilər. Birinci instansiya məhkəməsinin qərarı apellyasiya tələbi həddində dəyişdirilə bilər.

Nəticəvi hissə:

Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinin 87, 90 və 94-cü maddələrini rəhbər tutaraq, Məhkəmə kollegiyası

QƏRARA ALDİ:

Cavabdeh inzibati orqanın apellyasiya şikayəti təmin edilməsin. Bakı İnzibati Məhkəməsinin e-2-1(112)-9928/2024 nömrəli, 29 avqust 2024-cü il tarixli qərarı dəyişdirilmədən saxlanılsın. Qərardan onun rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyası vasitəsilə Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyasına kassasiya şikayəti verilə bilər.

Sədrlik edən: Rəşid Səmədov Hakimlər: Xəyalə Cəmilova Elvin Əliyev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar