Məhkəmə qərarları › İş №2-1(103)-4041/2025

Bakı Apellyasiya Məhkəməsi Qərar — İş №2-1(103)-4041/2025

19.11.2025 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-1(103)-4041/2025 19.11.2025 BAKI APELLYASİYA MƏHKƏMƏSİ Hakimlər Nəbizadə Nigar Xeyrulla qızı (sədrlik edən və məruzəçi), Qasımov Vidadi Kamal oğlu və Əkbərov Kamran Hüseyn oğlundan ibarət tərkibdə, Əsədova Leyla Kamran qızının katibliyi, İddiaçı nümayəndəsi və vəkili Vəkil, Cavabdeh İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin İdxal-İxrac Əməliyyatları üzrə Nəzarət Baş İdarəsinin nümayəndəsi Nümayəndə iştirakları ilə, İddiaçı cavabdeh İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin İdxal-İxrac Əməliyyatları üzrə Nəzarət Baş İdarəsinə qarşı cavabdeh tərəfindən qəbul edilmiş “Vergi ödəyicisinin vergi qanunverciliyinin pozulmasına görə məsuliyyətə cəlb edilməsi haqqında” xx.xx.2024-cü il tarixli qərarın ləğv edilməsi tələbinə dair Bakı İnzibati Məhkəməsinin 21 may 2025-ci il tarixli, e-2-1(112)-5342/2025 saylı qərarından iddiaçı tərəfindən verilmiş apellyasiya şikayəti üzrə inzibati işə Bakı Apellyasiya Məhkəməsinin binasında açıq məhkəmə iclasında şifahi məhkəmə baxışı qaydasında baxaraq MÜƏYYƏN ETDİ: İddiaçı cavabdeh İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin İdxal-İxrac Əməliyyatları üzrə Nəzarət Baş İdarəsinə qarşı iddia ərizəsi ilə Bakı İnzibati Məhkəməsinə müraciət edərək, cavabdeh tərəfindən qəbul edilmiş “Vergi ödəyicisinin vergi qanunverciliyinin pozulmasına görə məsuliyyətə cəlb edilməsi haqqında” xx.xx.2024-cü il tarixli, **********2972 saylı qərarın ləğv edilməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir. İddia ərizəsi onunla əsaslandırılmışdır ki, cavabdeh tərəfindən xx.xx.2024-cü il tarixdə iddiaçının sahibkarlıq fəaliyyəti göstərdiyi Bakı şəhəri, Qaradağ rayonu, Lökbatan ŞTQ, Lökbatan qəsəbəsi, Sədərək Ticarət Mərkəzinə gedən yolun şimal qərbi ünvanında yerləşən təsərrüfat subyektində (obyektində) operativ vergi nəzarəti tədbiri keçirilmişdir. Nəzarət tədbiri zamanı mağazada hər hansı qaydada malların satışı olmamış və eləcə də mağazada hər hansı mal qalığı aşkar edilməmiş, həmçinin də digər əməliyyatlar aparılmamışdir. Qeyd edilən hal nəzarət tədbirini keçirən vergi əməkdaşları tərəfindən tərtib edilmiş xx.xx.2024-cü il tarixli, DVX seriyalı, 104594 saylı Aktla təsdiq edilmişdir. Nəzarət tədbirin mövzusu üzrə mağazada real olaraq heç bir qanun pozuntu halı aşkar edilmədiyi halda, vergi əməkdaşları tərəfindən vergi qanunvericiliyinin tələblərinə və operativ nəzarət tədbirinin mahiyyətinə zidd olaraq xx.xx.2024-cü il tarixli, DVX seriyalı, 104595 saylı Akt tərtib edilməklə guya mağazada 9709598,00 manat (ƏDV və ticarət əlavəsi daxil olmaqla) dəyərində malların elektron qaimə-faktura təqdim edilmədən satıldığı müəyyən edilmişdir. Operativ vergi nəzarəti tədbiri qanunun tələblərinə zidd və qeyri-obyektiv keçirildiyinə görə iddiaçının nümayəndəsi tərəfindən etiraz edilmiş və xx.xx.2024-cü il tarixdə cavabdehə yazılı şikayət (etiraz) verilmişdir. Cavabdeh tərəfindən şikayətin dəlilləri nəzərə alınmamış və “Vergi ödəyicisinin vergi qanunvericiliyinin pozulmasına görə məsuliyyətinə cəlb edilməsi haqqında” xx.xx.2024-cü il tarixli, **********2972 saylı qərar qəbul edilmişdir. Həmin qərara əsasən iddiaçı 970959,80 manat məbləğində vergi məsuliyyətinə cəlb edilmişdir. Qanunla müəyyən edilən qaydada hüquq pozuntusu aşkar edilmədiyi halda ehtimal (şübhə) əsasında şəxsin vergi məsuliyyətinə cəlb edilməsi vergi və digər aidiyyəti qanunvericilik normalarının hüquqi mahiyyətinə tamamilə ziddir, sahibkarın Azərbaycan Respublikasının Konstitusiyası ilə və digər qanun və normativ aktlarla qorunan azad sahibkarlıq hüquqlarının pozulmasıdır. Hazırkı dövrdə dövlətimizin sahibkarlıq sahəsində əsas məqsədi sahibkarlığa hər cür dəstək göstərmək, sahibkarlıq fəaliyyətini təşviq etmək, ölkəmizin iqtisadi qüdrətini yüksəltmək, maddi nemətlər bolluğu yaratmaq, sahibkarlığın inkişafına mane olan bütün neqativ halların aradan qaldırılması olduğu halda, sahibkarlıq fəaliyyətinə qanunsuz müdaxilələrin edilməsi dövlətimizin bu sahədə apardığı iqtisadi siyasətə və eləcə də ədalətli və şəffaf vergi münasibətlərinin formalaşmasına ziddir. Bakı İnzibati Məhkəməsinin 21 may 2025-ci il tarixli, e-2-1(112)-5342/2025 saylı qərarı ilə (hakim S.İ.Qənbərova) iddia tələbi təmin edilməmişdir. İddiaçı birinci instansiyası məhkəməsinin qərarını mübahisələndirmiş və apellyasiya şikayətini onunla əsaslandırmışdır ki, birinci instansiya məhkəməsi mövcud qanunvericiliyin tələblərinə və analoji işlər üzrə formalaşmış məhkəmə təcrübəsinə uyğun olmayan qərar qəbul etməklə maddi və prosessual hüquq normalarını düzgün tətbiq etməmişdir. İddiaçı xx.xx.2023-cü il tarixdə ********** saylı şəhadətnamə (VÖEN) ilə vergi uçotuna, xx.xx.2023-cü il tarixində isə əlavə dəyər vergisi (ƏDV) qeydiyyatına alınmışdır. Sahibkarlıq fəaliyyəti göstəridiyi Bakı şəhəri, Qaradağ rayonu, Lökbatan ŞTQ, Lökbatan qəsəbəsi, Sədərək TM-ə gedən yolun şimal qərbi ünvanda yerləşən təsərrüfat subyekti (obyekti) xx.xx.2023-cü il tarixdə **********-11001 kodla vergi orqanında uçota alınmış, həmin təsərrüfat subyektində (obyektində) xx.xx.2023-cü il tarixdə “WizarPOS Q2“ markalı nəzarət-kassa aparatı (NKA) quraşdırılaraq vergi orqanında qeydiyyatdan keçirilmişdir. İddiaçının əsas fəaliyyəti “Uşaq geyimlərinin pərakəndə satışı” olmuşdur. Cavabdeh vergi orqanı tərəfindən xx.xx.2024-cü il tarixdə operativ vergi nəzarəti tədbiri keçirilmişdir. Nəzarət tədbiri keçirilən zaman mağazada hər hansı qaydada malların satışı olmamış, eləcə də hər hansı mal qalığı aşkar edilməmiş, həmçinin də digər əməliyyatlar aparılmamışdir. Bu fakt vergi əməkdaşları tərəfindən akt tərtib edilməklə təsdiq edilmişdir. Nəzarət tədbiri zamanı mağazada hər hansı satış əməliyyatı olmadığı halda, vergi əməkdaşları akt tərtib edərək guya mağazada ƏDV və ticarət əlavəsi daxil olmaqla 9709598,0 manat dəyərində malların elektron qaimə-faktura təqdim edilmədən satıldığı ehtimal (şübhə) edilmişdir. Bu ehtimal (şübhə) əsasında “Vergi ödəyicisinin vergi qanunvericiliyinin pozulmasına görə məsuliyyətə cəlb edilməsi haqqında” xx.xx.2024-cü il tarixli **********2972 nömrəli qərar qəbul edilərək iddiaçı barədə Vergi Məcəlləsinin 58.13cü maddəsinə əsasən 970959,80 manat məbləğində maliyyə sanksiyası tətbiq edilmişdir. Qeyd edildiyi kimi, operativ vergi nəzarəti tədbiri zamanımalların satışının olmadığı və bu zaman obyektdə mal qalığının aşkar edilmədiyi, idxal edilmiş malların mağazada quraşdırılmış NKA vasitəsi ilə satıldığı və NKA-dan kənar malların satışının olmadığı, mal alan şəxslərin fiziki şəxslər olduğu, elektron qaimə-faktura verilməli olan, lakin elektron qaimə-faktura təqdim edilməli olan sahibkarlıq subyektləri müəyyən edilmədiyi halda, heç bir qanuni əsas olmadan, əvvəllər başa çatmış əməliyyatlara (satılmış mallara) görə iddiaçı əsassız və qanunun tələblərinə zidd olaraq vergi məsuliyyətinə cəlb edilmişdir. Operativ vergi nəzarəti tədbiri Vergi Məcəlləsinin 32-ci maddəsi ilə müəyyən olunan nəzarət tədbirlərindən biridir. “Operativ” sözü leksik mənasına görə “təcili, sürətli, çevik” (hərəkət, əməliyyat) deməkdir. Bu nəzarət tədbirini vergi yoxlamalarından fərqləndirən başlıca əlamət ondan ibarətdir ki, konkret məsələlər üzrə vergi ödəyicisinin yalnız cari fəaliyyəti üzrə həyata keçirilir. Vergi Məcəlləsinin 50.1-ci maddəsinə əsasən operativ vergi nəzarəti vergi ödəyicilərinin təsərrüfat subyektlərində (obyektlərində) həyata keçirilən cari nəzarət tədbiridir. Səyyar və kameral vergi yoxlamalarından fərqli olaraq başa çatmış münasibətləri deyil, tədbir zamanı davam edən pozuntunu müəyyən etməyə hüquq verən nəzarət tədbiridir. Operativ vergi nəzarəti ilə vergi ödəyicisinin yalnız tədbir zamanı cari fəaliyyəti üzrə baş verən pozuntularırəsmiləşdirməli olduğu halda, vergi orqanıin əvvəlki dövrün əməliyyatlarına müdaxilə etməsi, həmçinin ümumiyyətlə bu tədbirin həyata keçirilməsi üçün Vergi Məcəlləsinin 50.2-ci maddəsində müəyyən edilmiş əsasların mövcud olmaması halında yoxlamanın keçirilməsi tamamilə əsassızdır və belə halda vergi ödəyicisinin vergi məsuliyyətinə cəlb edilməsi istinad edilən qanunvericiliyin tələblərinə ziddir. Göründüyü kimi, qanunverici operativ vergi nəzarətinin əvvəlki dövrə şamil edilməməsini müəyyən etmişdir. Operativ vergi nəzarəti tədbiri səyyar və kameral vergi yoxlamalarından fərqli olaraq başa çatmış münasibətləri deyil, tədbir zamanı davam edən pozuntunu müəyyən etməyə hüquq verən nəzarət tədbiridir. Cavabdeh tərəfindən operativ vergi nəzarəti tədbiri zamanı malların elektron qaimə-faktura ilə satılması halı aşkar edilməmişdir. Cavabdeh operativ vergi nəzarəti tədbirindən əvvəlki dövrdə həyata keçirilən satış dövriyyələrini əsas tutmaqla formal olaraq akt tərtib etmiş, bununla da operativ vergi nəzarəti tədbirinin qanunla müəyyən edilmiş mahiyyətinə zidd olaraq inzibati qərarlar qəbul olunmuşdur. ... Operativ vergi nəzarəti Vergi Məcəlləsinin 50.1.1-50.1.14-cü maddələrində əks olunmuş hallara vergi ödəyicisi tərəfindən tədbir anında riayət edilibedilməməsini yoxlamaq məqsədilə həyata keçirilən nəzarət tədbiridir. Təsadüfi deyildir ki, iş materiallarında olan yoxlamaların vahid məlumat reyestrindən çıxarışda operativ vergi nəzarəti tədbirinin yoxlanılan dövrü vergi qanunvericiliyinə uyğun olaraq “cari fəaliyyət” kimi əks olunmuşdur. Cavabdeh isə iddaçının cari fəaliyyətini deyil, tədbirindən əvvəlki dövrüoperativ vergi nəzarəti tədbiri ilə əhatə etməklə faktiki olaraq səyyar vergi yoxlaması aparmış, bununla da vergi qanunvericiliyinin tələblərini pozmuşdur. Vergi Məcəlləsinə əlavə edilmiş və xx.xx.2024-cüil tarixdən qüvvəyə minmiş 50.4-1- ci maddəsinə əsasən Məcəllənin 50.1-ci maddəsi üzrə operativ vergi nəzarəti bu Məcəllənin 56.1-ci və 85.4-cü maddələrində nəzərdə tutulan dövr üzrə həyata keçirilir. Vergi Məcəlləsinin 56.1-ci maddəsinintələbinə görə Vergi Məcəlləsinin tələblərinin pozulması anından (....) 3 il (...) keçmişdirsə, şəxs həmin hüquq pozuntusunun törədilməsinə görə məsuliyyətə cəlb edilə bilməz və vergi öhdəlikləri yarana bilməz. Vergi Məcəlləsinin 85.4cü maddəsinin tələbinə görə isə vergi orqanları vergiyə cəlb edilən hesabat dövrü qurtardıqdan sonra 3 il ərzində vergi ödəyicisinin vergisini, faizləri və maliyyə sanksiyasını hesablamaq və hesablanmış məbləği yenidən hesablamaq (...) hüququna malikdirlər. Deməli burada əsas faktor “Vergi Məcəlləsinin tələblərinin pozulmasıhalı” olmalıdır və yuxarıda qeyd edildiyi kimi tədbir zamanı pozuntu halı aşkar edilməmişdir. Eyni zamanda, bütün hallarda “elektron-qaimə faktura təqdim edilməsi öhdəliyi”işin faktiki və hüquqi halları nəzərə alınmadan düzgün olmayaraq iddiaçının üzərinə qoyulmuşdur. Qanunvericilikdə bu öhdəlik kifayət qədər fərqləndirilmiş, hansı halda vergi ödəyicisi “elektron-qaimə faktura təqdim etmə öhdəliyi daşıması” konkret olaraq müəyyən edilmişdir. ... Pərakəndə ticarət fəaliyyəti üzrə vergi tutulan əməliyyatın məbləğ həddi qanunvericilikdə nəzərdə tutulmamışdır. Pərakəndə satış növü ilə məşğul olan təsərrüfat subyektlərində bir malın eyni vaxtda toplu halında sahibkarlıq fəaliyyətini həyata keçirən hüquqi və fiziki şəxslərə satılmasının topdansatış ticarət fəaliyyəti kimi qəbul edilməsi üçün işdə yetərli mötəbər sübut (sübutlar) mövcud deyildir. Məhkəmənin dəlillərindən biri budur ki, iddiaçı cavabdeh orqana müraciətində pərakəndə satış həyata keçirdiyini bildirsə də bununla bağlı hər hansı sübutu (o cümlədən mağazanın fotoşəkili, pərakəndə ticarəti həyata keçirməsini təsdiq edən reklam məhsulları və s.) cavabdehə, məhkəmə icraatı zamanı isə məhkəməyə təqdim etməmişdir. Bununla bağlı qeyd edilir ki, iddiaçının sahibkarlıq fəaliyyəti göstəridiyi Bakı şəhəri, Qaradağ rayonu, Lökbatan ŞTQ, Lökbatan qəsəbəsi,Sədərək TM-ə gedən yolun şimal qərbi ünvanda yerləşən **********-11001 kodlu mağzaza xx.xx.2024-cü il tarixdə vergi uçotundan çıxarılaraq mağaza sahibinə qaytarıldığından 2025-ci ilin yanvar-may aylarında davam edən məhkəmə dövründə başqasının mülkiyyətində və ya istifadəsində olan mağazanın foto şəkilinin çəkilməsi və reklam məhsullarının məhkəməyə təqdim edilməsi qeyri-mümkün olmuşdur. Məhkəmə iclasında iştirak edən İddiaçı nümayəndəsi və vəkili Vəkil izahatında məhkəməyə bildirdi ki, birinci instansiya məhkəməsi tərəfindən maddi və prosessual hüquq normaları düzgün tətbiq edilməmiş, işin araşdırılması səhv aparılmış, təqdim edilmiş sübutlara lazımi və düzgün qiymət verilməmişdir. Yoxlama qanunvericiliyin tələblərinə uyğun olmadan keçirilmişdir. Yoxlama zamanı hər hansı qanun pozuntusu reallıqda aşkar edilməmişdir. Yəni mağazada heç bir satış yoxdur, müəyyən əməliyyatlar vaxtilə aparılmış, hesabatda da bu öz əksini tapmışdır. Sadəcə olaraq vergi orqanı hesab edir ki, burada qanun pozulub, amma reallıqda qanun pozuntusu aşkar etməyib və bu operativ vergi nəzarət tədbirinin mahiyyətinə zidd olaraq, onlar geri tarixə müraciət edərək iddiaçının əvvəllər baş tutmuş əməliyyatlarına ümumilikdə sanskiya tətbiq etmişlər. Halbuki, qanunvericilikdə qeyd edilmişdir ki, sanksiyanı 10 faiz olmaqla real vəziyyətdə aşkar olunmuş malın dəyərinə vurula bilər və bütövlükdə bu şəxsin 1 illik fəaliyyətinə şamil oluna bilməz. Bu yalnız vergi qanunvericiliyinə görə səyyar və kameral vergi yoxlaması zamanı ola bilər, yəni sənədli yoxlamalar aparılmaqla müəyyən dövrləri əhatə etməklə yoxlanıldığı halda qanun 3 illik müddətə icazə verir. Özləri də akt tərtib ediblər ki, heç bir şey aşkar etmədik. Üstəlik də ödəyicinin fəaliyyəti pərakəndə satış olmuşdur. Bütün uçot sənədlərində pərakəndə satış kimi qeyd olunub. Lakin, cavabdeh vergi orqanı malların pərakəndə satışını, malların nəzarət-kassa aparatı vasitəsilə həyata keçirilməsini nəzərə almamış, hesab etmişdir ki, topdansatış fəaliyyət həyata keçirilmişdir. Qanunvericilikdə pərakəndə satış və topdansatış anlayışlarının mənaları fərqləndirilir. Yəni mallar istehlakçı tərəfindən adi vətəndaşlara verilir, ikinci halda isə topdansatış zamanı qaimə-faktura tətbiqi yalnız sahibkarlıq məqsədləri üçün həyata keçirilən fəaliyyət üzrə yazıla bilər. Belə olan halda VÖEN-i olmayan şəxsə elektron qaimə-faktura necə verilə bilər. Halbuki, elektron qaimə-fakturtaların uçotu sistemdə gedir.Əgər şəxsin VÖEN-i yoxdursa, orada hansı əməliyyat aparıla bilər. Yəni burada texniki məsələlər də var. Cavabdeh hesab edir ki, mallar topdan satılıb, kassaya əməliyyatlar qısa aralıqda daxil edilib, buna görə də hesab olunur ki, şəxsin fəaliyyəti topdan olub. Əslində isə qanunvericilikdə nəzarət kassaaparatına çeklərin hansı saniyədə, hansı dəqiqədə vurulmasına münasibətdə bir tələb yoxdur. 1 saatdan sonra da vurula bilər, 10 dəqiqədən sonra da, 1 saniyədən sonra da. Yəni bu əməliyyatın hansı formada getməyindən asılıdır. Nəzərə alınmır ki, bu kənddə saatlarla bir adamın gəlib-getdiyi yer deyil, bura alış-veriş mərkəzidir. Hamı ora gəlib, mal alıb aparır. Necə demək olar ki, sən dövriyyəni necə eləmisən. Belə çıxır ki, şəxs dövriyyəsini gizlətməlidir. Malı satıb və dövlətə hər hansı ziyan dəyməyib. Məhkəmə iclasında iştirak edən cavabdeh İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin İdxal-İxrac Əməliyyatları üzrə Nəzarət Baş İdarəsinin nümayəndəsi Nümayəndə izahatında məhkəməyə bildirdi ki, vergi ödəyicisinə Vergi məcəlləsinin 58.13cü maddəsinə əsasən e-qaimə təqdim etməli olduğu halda, e-qaiməsiz malların satışına görə 970.959 manat maliyyə sanksiyası tətbiq olunmuşdur. Vergi ödəyicisinin vəkili israrla bildirir ki, həmin o idxal olunmuş və e-qaiməylə alınmış 8 milyonluq mal hamısı sıfırlanaraq nəzarət-kassa aparatı vasitəsilə pərakəndə şəkildə satılmışdır. Hər bir halda kassa məlumatları və idxal məlumatlarını müqayisə etməkdə fayda vardır. İdxal məlumatlarına əsasən, düzdür, məbləğlər üst-üstə düşür, idxalı 7.866.284 manat, NK ilə satışına baxanda 6.400.000 manatdır. Hardasa məbləğlər üst-üstə düşür, lakin aşkardır ki, bununla topdansatış əməliyyatları pərdələnib. Say etibarilə idxalına baxanda 636.736 cüt ayaqqabı, 1.272.55 ədəd müxtəlif geyim malları, 48.259 kq. müxtəlif çeşiddə mallar idxal edib. Kassa məlumatlarına əsasən, 7.261 ədəd mal satışı həyata keçirilib. Burada da 1 milyondan çox, 2 milyona yaxın sayla mal idxal edib, 7.261 ədəd mal satıb. Bu özü də göstərir ki, topdansatış əməliyyatları pərakəndə satışla pərdələnib. Hətta obyektin fotoşəkilləri çəkilib, oradan da görünür ki, obyekt anbar tipli olmuşdur. Vergi ödəyicisi qeydiyyata alınana qədər, operativ vergi nəzarətini həyata keçirənə qədər əmək müqaviləli işçisi olmamışdır. Obyekt tamamilə tullantılardan ibarət olmuşdur. İdxal məlumatlarına baxanda görürük ki, malların dəyəri 5-10 manatdır, hətta 5 manatdan da azdır. Kassa məlumatlarına isə baxanda görürür ki, həmin mallar 700, 800, 900 manat civarında satılmışdır. Kassa məlumatlarında məlumatların hamısı ayaqabılara aiddir, amma idxal məlumatlarında geyimlə bağlıdır. Bunlar hamısı qanuna uyğunsuzluğun bariz nümunəsidir. Məhkəmə kollegiyası işdə iştirak edən şəxsləri dinləyib, iş materiallarını və apellyasiya şikayətinin dəlillərini araşdıraraq, işdə olan sübutlara hüquqi qiymət verərək hesab edir ki, apellyasiya şikayəti əsassızdır, birinci instansiyası məhkəməsi tərəfindən işə baxılan zaman prosessual hüquq normalarının tələblərinə riayət edilmiş, habelə mübahisəli hüquq münasibətini tənzimləyən maddi hüquq normaları düzgün tətbiq olunmuşdur. Belə ki, iş materiallarında olan və məhkəmə kollegiyası tərəfindən tədqiq edilən sənədlərdən görünür ki: - Operativ vergi nəzarətinin həyata keçirilməsi haqqında xx.xx.2024-cü il tarixli, **********9503 saylı qərardan görünür ki, Bakı şəhəri, Qaradağ rayonu, Lökbatan ŞTQ, Lökbatan qəsəbəsi, Sədərək TM-ə gedən yolun şimal qərbində yerləşən İddiaçı məxsus olan obyektdə malların Vergi Məcəlləsinin 58.8-ci maddəsində göstərilən sənədlər əsasında alınmasına, malların elektron qaimə-faktura əsasında təqdim edilməsinə, topdansatış ticarət və istehsal obyektlərindən, habelə anbarlardan malların pərakəndə satış qaydasında rəsmiləşdirməklə təqdim edilməsinə, habelə malların vergi ödəyicisinin bir təsərrüfat subyektindən (obyektindən) digər təsərrüfat subyektinə (obyektinə) göndərilməsi zamanı bu Məcəllənin 71-1.5.10-cu maddəsində nəzərdə tutulan növdə elektron qaimə-fakturanın tərtib edilməsinə nəzarət edilməsi məsələsi(ləri) üzrə xx.xx.2024-cü il tarixdən xx.xx.2024-cü il tarixədək (xx.xx.2024-cü il tarixi daxil olmaqla) operativ vergi nəzarətinin həyata keçirilməsi qərara alınmışdır. - xx.xx.2024-cü il tarixli, KY242228206 saylı sahibkarlıq sahəsində aparılan yoxlamaların vahid məlumat reyestrindən çıxarışdan görünür ki, yuxarıda qeyd edilən operativ vergi nəzarətinin keçirilməsi barədə məlumat xx.xx.2024-cü il tarixdə reyestrə daxil edilmiş, yoxlamanın təyin edilməsi üçün əsas kimi Vergi Məcəlləsinin 50.2.2-ci maddəsinə istinad olunmuşdur. - Vergi ödəyicisinə məxsus pul vəsaitinin uçotdan gizlədilməsi və ya uçota alınmaması və ona məxsus malların Vergi Məcəlləsi ilə müəyyən edilən elektron qaiməfaktura əsasında alınmasına və ya mədaxilinə, malların elektron qaimə-faktura əsasında təqdim edilməsinə, topdansatış ticarət və istehsal obyektlərindən, habelə anbarlardan malların pərakəndə satış qaydasında rəsmiləşdirməklə təqdim edilməsinə (elektron ticarət qaydasında satılan malların sifariş edilərək pərakəndə satış ticarət obyektlərinə məxsus anbarlardan təqdim edilməsi istisna olmaqla), habelə malların vergi ödəyicisinin bir təsərrüfat subyektindən (obyektindən) digər təsərrüfat subyektinə (obyektinə) göndərilməsi zamanı bu Məcəllənin 71-1.5.10-cu maddəsində nəzərdə tutulan növdə elektron qaiməfakturanın tərtib edilməsinə nəzarət edilməsi məsələsi üzrə operativ vergi nəzarətinin nəticəsi haqqında xx.xx.2024-cü il tarixli, DVX seriyalı, 104594 saylı aktdan görünür ki, xx.xx.2024-cü il tarixdə saat 18:10-də keçirilmiş operativ vergi nəzarəti zamanı Bakı şəhəri, Qaradağ rayonu, Lökbatan qəsəbəsi, Sədərək ticarət mərkəzinə gedən yolun şimal-qərbində yerləşən obyektdə fərdi sahibkara məxsus anbarda mal aşkar olunmamışdır. Mal qalığı sıfırdır. - xx.xx.2024-cü il tarixli, 10595 saylı aktdan isə görünür ki, Bakı şəhəri, Qaradağ rayonu, Lökbatan ŞTQ, Lökbatan qəsəbəsi, Sədərək TM-ə gedən yolun şimal qərbində yerləşən uşaq geyimləri mağazasında iddiaçının iştirakı ilə operativ vergi nəzarəti tədbiri keçirilmiş, nəticədə müəyyən edilmişdir ki, xx.xx.2024-cü il tarixdə saat 16:20-də OVN zamanı fiziki şəxsə məxsus Bakı şəhəri, Qaradağ rayonu, Lökbatan ŞTQ, Lökbatan qəsəbəsi, Sədərək TM-ə gedən yolun şimal qərbində yerləşən obyektdə ümumi dəyəri 9709598,0 manat məbləğində malın digər vergi ödəyisilərinə e-qaimə tətbiq edilmədən satılması müəyyən olunmuşdur. - Cavabdehin xx.xx.2024-cü il tarixli, **********2972 saylı vergi ödəyicisinin vergi qanunvericiliyinin pozulmasına görə məsuliyyətinə cəlb edilməsi haqqında qərarından görünür ki, İddiaçı Azərbaycan Respublikası Vergi Məcəlləsinə əsasən elektron qaiməfaktura təqdim edilməli olduğu halda malların elektron qaiməfaktura verilmədən təqdim edilməsinə, habelə malların əvvəlcədən sifariş edilmədən təqdim edilməsi üçün malların təsərrüfat subyektindən (obyektindən) nəqliyyat vasitələrinə yüklənməsi üçün təsərrüfatdaxili yerdəyişmə qaimə-fakturasının tərtib edilmədən verilməsinə görə Vergi Məcəlləsinin 58.13-cü maddəsinə əsasən 970959,80 manat məbləğində vergi məsuliyyətinə cəlb edilmişdir. İddiaçı hazırda cavabdehin xx.xx.2024-cü il tarixli, **********2972 saylı vergi ödəyicisinin vergi qanunvericiliyinin pozulmasına görə məsuliyyətinə cəlb edilməsi haqqında qərarını mübahisələndirir. Həmin qərar Azərbaycan Respublikası Vergi Məcəlləsinin 58.13-cü maddəsinə əsasən, qəbul edilmişdir, hansı ki, həmin normaya əsasən Vergi Məcəlləsinə əsasən elektron qaimə-faktura təqdim edilməli olduğu halda malların elektron qaimə-faktura verilmədən təqdim edilməsinə, topdansatış ticarət və istehsal obyektlərindən, habelə anbarlardan malların pərakəndə satış qaydasında rəsmiləşdirməklə təqdim edilməsinə (elektron ticarət qaydasında satılan malların sifariş edilərək pərakəndə satış ticarət obyektlərinə məxsus anbarlardan təqdim edilməsi istisna olmaqla), habelə malların əvvəlcədən sifariş edilmədən təqdim edilməsi üçün malların təsərrüfat subyektindən (obyektindən) nəqliyyat vasitələrinə yüklənməsi üçün təsərrüfatdaxili yerdəyişmə qaiməfakturasının tərtib edilmədən verilməsinə görə – malları təqdim edən şəxsə təqvim ili ərzində belə hala birinci dəfə yol verdikdə təqdim edilmiş malların satış qiymətinin 10 faizi, ikinci dəfə yol verdikdə 20 faizi, üç və daha çox dəfə yol verdikdə 40 faizi miqdarında maliyyə sanksiyası tətbiq edilir. İstinad edilən normadan görünür ki, vergi ödəyicisinə Vergi Məcəlləsinin 58.13-cü maddəsinə əsasən maliyyə sanksiyasının tətbiq edilməsi üçün ödəyici topdansatış ticarət və istehsal obyektlərindən, habelə anbarlardan malları pərakəndə satış qaydasında rəsmiləşdirməklə təqdim etməlidir. Vergi Məcəlləsinin 13.2.62-ci maddəsinə görə, pərakəndə satış – malların alıcıya satışının (təqdim edilməsinin) son istehlak məqsədi ilə və yalnız bu Məcəllədə müəyyən edilmiş qaydada qəbz və ya nəzarət-kassa aparatının çeki təqdim edilməklə həyata keçirilməsi üzrə ticarət fəaliyyətidir. Vergi Məcəlləsinin 13.2.63-cü maddəsinə müvafiq olaraq, topdansatış – malların alıcıya satışının (təqdim edilməsinin) onun sahibkarlıq fəaliyyəti məqsədləri üçün və yalnız bu Məcəllədə müəyyən edilmiş qaydada elektron-qaimə faktura təqdim edilməklə həyata keçirilməsi üzrə ticarət fəaliyyətidir. Azərbaycan Respublikası Prezidentinin 16 iyun 2017-ci il tarixli, 1460 saylı Fərmanı ilə təsdiq edilmiş “Topdansatış ticarət fəaliyyəti sahəsində vergitutma məqsədləri üçün gəlirlərin və xərclərin uçotunun aparılması Qaydası”nın 3.5-ci bəndinə əsasən, topdansatış ticarət sahəsində fəaliyyət göstərən vergi ödəyicisinə məxsus malların təsərrüfatdaxili (bir anbardan digər anbara, bir ticarət obyektindən digər ticarət obyektinə) hərəkəti “Malların təsərrüfatdaxili yerdəyişməsi qaimə-fakturası” ilə sənədləşdirilməklə elektron və ya kağız daşıyıcıda uçota alınır. Topdansatış ticarət sahəsində fəaliyyət göstərən vergi ödəyicisinin bu fəaliyyətlə yanaşı, istehsal (o cümlədən kənd təsərrüfatı məhsullarının istehsalı) üzrə təsərrüfat subyektləri (obyektləri) mövcud olduqda, həmin təsərrüfat subyektlərindən (obyektlərdən) malların topdansatış ticarət fəaliyyətində istifadə üçün götürülməsi və ya qaytarılması “Malların təsərrüfatdaxili yerdəyişməsi qaimə-fakturası” ilə sənədləşdirilməklə elektron və ya kağız daşıyıcıda uçota alınır. Qaydanın 3.6-cı bəndinə görə, vergi ödəyicisinə məxsus anbarlar və ya təsərrüfat subyektləri (obyektlər) topdansatış ticarət fəaliyyəti həyata keçirilən təsərrüfat subyektinin (obyektin) hüdudlarından kənarda yerləşdikdə və malların daşınması nəqliyyat vasitəsilə həyata keçirildikdə, həmin nəqliyyat vasitəsi üçün, əlavə olaraq, “Yük avtonəqliyyatı üçün elektron yol vərəqi” tərtib edilir. Qaydanın 4.1-ci bəndinə müvafiq olaraq, topdansatış ticarət sahəsində fəaliyyət göstərən təsərrüfat subyektlərində (obyektlərdə) malların təqdim edilməsi (satışı) Azərbaycan Respublikasının Vergi Məcəlləsi ilə müəyyən edilmiş elektron qaimə-faktura tərtib edilməklə həyata keçirilir. Malların dəyəri nağdsız qaydada (POS-terminal vasitəsilə) ödənildikdə, alıcıya (vergi ödəyicisinə) elektron qaimə-faktura ilə yanaşı, POS-terminaldan çıxarış verilir. Azərbaycan Respublikası Prezidentinin 19 aprel 2017-ci il tarixli, 1341 saylı Fərmanı ilə təsdiq edilmiş “Pərakəndə ticarət fəaliyyəti sahəsində vergitutma məqsədləri üçün gəlirlərin və xərclərin uçotunun aparılması Qaydası”nın 1.3-cü bəndinə görə, bu Qaydada istifadə olunan əsas anlayışlar aşağıdakı mənaları ifadə edir: 1.3.1. pərakəndə satış – malların alıcıya satışının (təqdim edilməsinin) son istehlak məqsədilə və yalnız Azərbaycan Respublikasının Vergi Məcəlləsində müəyyən edilmiş qaydada qəbz və ya nəzarət-kassa aparatının çeki təqdim edilməklə həyata keçirilməsi üzrə ticarət fəaliyyəti; 1.3.4. ticarət (xidmət) obyekti – ticarət fəaliyyətini həyata keçirmək məqsədilə istifadə edilən, vergiödəyicilərinə mülkiyyət və ya digər əşya hüququ əsasında məxsus olan əmlak. Qaydanın 3.5-ci bəndinə müvafiq olaraq, pərakəndə ticarət fəaliyyəti göstərən vergiödəyicisinə məxsus malların təsərrüfatdaxili hərəkəti (bir anbardan digər anbara, bir ticarət obyektindən digər ticarət obyektinə) “Malların təsərrüfatdaxili yerdəyişməsi qaiməfakturası” ilə sənədləşdirilməklə elektron və ya kağız daşıyıcıda uçota alınır. Pərakəndə ticarət fəaliyyəti göstərən vergiödəyicisinin bu fəaliyyətlə yanaşı, istehsal (o cümlədən kənd təsərrüfatı məhsullarının istehsalı) və topdansatış fəaliyyəti üzrə təsərrüfat subyektləri (obyektləri) mövcud olduqda, həmin təsərrüfat subyektlərindən (obyektlərdən) malların pərakəndə satış fəaliyyətində istifadə üçün götürülməsi və ya qaytarılması “Malların təsərrüfatdaxili yerdəyişməsi qaiməfakturası” ilə sənədləşdirilməklə elektron və ya kağız daşıyıcıda uçota alınır. Qaydanın 3.12-ci bəndinə görə, vergiödəyicisi pərakəndə ticarətlə yanaşı, digər fəaliyyət növlərini həyata keçirdikdə, alınmış malları təyinatına uyğun olaraq ayrıca uçota almalıdır. Bu zaman həmin mallar “anbarda olan mallar”, “pərakəndə ticarətdə olan mallar”, “dolu və boş taralar”, “satın alınan məmulatlar”, “kirayə (yolda olan) mallar” və digər təyinatlar üzrə mədaxil edilir. Qaydanın 4.3-cü bəndinə əsasən, pərakəndə ticarət fəaliyyəti ilə məşğul olan vergiödəyicisinin anbarlarında olan malların ticarət obyektlərinə verilməsi “Malların təsərrüfatdaxili yerdəyişməsi qaiməfakturası” ilə sənədləşdirilir. İstinad olunan normalardan görünür ki, malların topdan satışı sahibkarlıq fəaliyyəti məqsədləri üçün mallların alıcıya təqdim edilməsini nəzərdə tutursa, pərakəndə satış son istehlak məqsədi üçün malalrın alıcıya təqdim edilməsini ehtiva edir. Pərakəndə satış ticarət obyektində, topdan satış isə o cümlədən anbarda həyata keçirilir. İşin hallarından görünür ki, iddiaçının fəaliyyət göstərdiyi təsərrüfat obyekti ticarət obyekti deyil, anbar təyinatlı olmuş, habelə iddiaçı malların pərakəndə deyil, topdan satışını həyata keçirmişdir. Belə ki, işdə olan 22 oktyabr 2024-cü il tarixli aktdan görünür ki, iddiaçının qeydiyyatda olduğu 11001çkodlu obyekt vergi orqanında mağaza kimi qeyd olunmasına baxmayaraq, faktiki olaraq anbar tipli olması aşkar edilmiş, işə əlavə edilmiş anabarın şəkillərindən təsərrüfat obyektinin faktiki vəziyyətinin pərakəndə satışın həyata keçirilməsi üçün yararlı olmadığını təsdiq etmişdir. Bundan əlavə, işdən görünür ki, iddiaçı cox qısa zaman kəsiyində çekləri nəzarət kassa aparatına daxil etmişdir ki, bu da pərakəndə ticarətin dövriyyəsinə uyğun gəlmir. Belə ki, qanunverici pərakəndə satış zamanı kassaya daxil edilən əməliyyatların həcmi ilə bağlı hər hansı bir tələb müəyyən etməsə də, iddiaçının fəaliyyət göstərdiyi obyektin faktiki vəziyyəti və yerləşmə yeri, onun pərakəndə satış kimi rəsmiləşdirməyə çalışdığı əməliyyatların tezliyi nəzərə alındıqda, aydın olur ki, həmin əməliyyatın pərakəndə ticarət kimi qəbul edilməsi həyatın normal axarına uyğun deyildir. İddiaçı cavabdeh orqana müraciətində pərakəndə satış həyata keçirdiyini bildirsə də, bununla bağlı hər hansı bir sübutu (o cümlədən mağazanın fotoşəkili, pərakəndə ticarəti həyata keçirməsini təsdiq edən reklam məhsulları və sair) cavabdehə, məhkəmə icraatı zamanı isə məhkəməyə təqdim etməmişdir. İddia ərizəsindən görünür ki, iddiaçı mübahisəli qərarın ləğvini tələb edərkən cavabdeh tərəfindən prosessual normaların pozulmasına istinad etmişdir. İnzibati Prosessual Məcəllənin 70.1-ci maddəsinə əsasən, inzibati aktın qanuna zidd olduğu və bunun nəticəsində iddiaçının hüquqlarının pozulduğu hallarda, məhkəmə həmin inzibati aktın (şikayət instansiyasına inzibati şikayət verildiyi hallarda isə, habelə şikayət instansiyasının müvafiq qərarının) ləğv edilməsi barədə qərar qəbul edir. İnzibati akt qəbul edilərkən inzibati icraatın inzibati orqanın qərarına təsir edən şəkildə pozulduğu hallarda da bu qayda tətbiq olunur. Normanın mənasına görə, formal (prosessual) hüquqi tələblərin pozulmasına görə inzibati akt o zaman ləğv olunur ki, həmin pozuntu qərara təsir etsin, yəni müddəaya riayət edilmiş olacağı təqdirdə oxşar deyil, fərqli qərar qəbul edilsin. Hazırkı halda cavabdeh orqan maddi hüquq normalarını düzgün tətbiq etdiyindən məhkəmə kollegiyası hesab edir ki, onun formal tələblərə əməl etməməsi qərarın ləğvi üçün əsas ola bilməz. Bundan əlavə, iddiaçı cavabdeh tərəfindən operativ vergi nəzarətinin keçirilməsi haqqında qərarında Vergi Məcəlləsinin 50.2-ci maddəsinin hər hansi bir nomrasına istinad edilməməsini bildirmişdir. Bununa bağlı məhkəmə kollegiyası qeyd edir ki, işdə olan operativ vergi nəzarətinin həyata keçirilməsi haqqında xx.xx.2024-cü il tarixli qərarda belə bir istinad olmasa da, həmin tarixli, KY242228206 saylı sahibkarlıq sahəsində aparılan yoxlamaların vahid məlumat reyestrindən çıxarışdan görünür ki, həmin operativ vergi nəzarəti Vergi Məcəlləsinin 50.2.2-ci maddəsinə əsasən keçirilmişdir. Mübahisəli qərarın qəbul edildiyi dövrdə qüvvədə olan Vergi Məcəlləsinin 50.1-ci maddəsinə görə, operativ vergi nəzarəti sahibkarlıq fəaliyyəti ilə məşğul olan hüquqi və fiziki şəxslərin gəlir götürmək üçün istifadə etdikləri, yaxud vergi tutulan obyektlərin və ya əmtəə-material ehtiyatlarının saxlanılması ilə bağlı olan anbar, ticarət və bu qəbildən olan digər binalarında (ərazilərində) (yaşayış binaları (sahələri) istisna olmaqla), nəqliyyat vasitələrində (sahibkarlıq fəaliyyəti üçün istifadə edilməyən şəxsi nəqliyyat vasitələri istisna olmaqla) həyata keçirilən və aşağıdakı məsələləri əhatə edən vergi nəzarəti formasıdır: 50.1.13. malların bu Məcəllənin 58.8-ci maddəsində göstərilən sənədlər əsasında alınmasına, malların elektron qaimə-faktura əsasında təqdim edilməsinə, topdansatış ticarət və istehsal obyektlərindən, habelə anbarlardan malların pərakəndə satış qaydasında rəsmiləşdirməklə təqdim edilməsinə, habelə malların vergi ödəyicisinin bir təsərrüfat subyektindən (obyektindən) digər təsərrüfat subyektinə (obyektinə) göndərilməsi zamanı bu Məcəllənin 71-1.5.10-cu maddəsində nəzərdə tutulan növdə elektron qaiməfakturanın tərtib edilməsinə nəzarət edilməsi. Vergi Məcəlləsinin 50.4-1-ci maddəsinə əsasən, bu Məcəllənin 50.1 -ci maddəsi üzrə operativ vergi nəzarəti Məcəllənin 56.1 -ci və 85.4- cü maddələrində nəzərdə tutulan dövr üzrə həyata keçirilir. Vergi Məcəlləsinin 56.1-ci maddəsinə görə, Azərbaycan Respublikası Vergi Məcəlləsinin tələblərinin (məcburi dövlət sosial sığorta, işsizlikdən sığorta və icbari tibbi sığorta haqları istisna olmaqla) pozulması anından 3 il (xaricdə əldə olunan gəlirlər üzrə xarici dövlətlərin səlahiyyətli orqanlarından müvafiq məlumatlar daxil olduğu hallarda həmin gəlirlər üzrə 5 il, həmçinin bu Məcəllənin 71.4-cü maddəsi ilə müəyyən edilmiş sənədlərin və məlumatların saxlanılması ilə bağlı ən azı 5 il, habelə, Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinə uyğun olaraq təyin edilən vergi yoxlamalarında isə Azərbaycan Respublikasının Cinayət Məcəlləsinə müvafiq olaraq cinayət məsuliyyətinə cəlb etmə müddəti) keçmişdirsə, şəxs həmin hüquq pozuntusunun törədilməsinə görə məsuliyyətə cəlb edilə bilməz və vergi öhdəlikləri yarana bilməz. Vergi Məcəlləsinin 85.4-cü maddəsinə əsasən vergi orqanları vergiyə cəlb edilən hesabat dövrü qurtardıqdan sonra 3 il ərzində vergi ödəyicisinin vergisini, faizləri və maliyyə sanksiyasını hesablamaq və hesablanmış məbləği yenidən hesablamaq, verginin, faizlərin və maliyyə sanksiyalarının hesablanmış (yenidən hesablanmış) məbləğini vergiyə cəlb edilən hesabat dövrü qurtardıqdan sonra (səyyar vergi yoxlaması zamanı əlavə hesablanmış vergilər, faizlər və maliyyə sanksiyaları üzrə səyyar vergi yoxlamasının materiallarına baxılmanın nəticələri üzrə çıxarılmış qərarın tarixindən etibarən) 5 il ərzində tutmaq hüququna malikdirlər. Apellyasiya şikayətinin məzmununa nəzər yetirdikdə müəyyən edilir ki, şikayətinin dəlilləri faktiki olaraq iddia ərizəsinin əsaslandırmasını təkrarlayır və birinci instansiyası məhkəməsi tərəfindən dəlillər üzrə kifayət qədər geniş və əsaslı araşdırma aparılmış, dəlillər cavablandırılmışdır. Lakin bununla yanaşı məhkəmə kollegiyası apellyasiya şikayətinin dəlillərinə münasibətdə qeyd etməyi zəruri hesab edir ki, iş materiallarında olan analoji iş üzrə Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyasının xx.xx.2025-ci il tarixli, 2-1(102)-2004/2025 saylı qərarında aşağıdakılar göstərilmişdir: “ ... 33. Bununla yanaşı qeyd edilməlidir ki, əgər operativ vergi nəzarətinin həyata keçirilməsi haqqında qərarda belə nəzarətin həyata keçirilməsinə imkan verən əsas kimi Vergi Məcəlləsinin 50.2-ci maddəsində sadalanmış əsaslardan hər hansı birinə və ya bir neçəsinə ümumi qaydada istinad edilmiş, lakin onunla bağlı zəruri hallar və məlumatlar qərarın özündə birbaşa açıqlanmamışsa, bu hal məhkəmə icraatının gedişində İPM-in 58.6-cı maddəsinə uyğun olaraq sübutetmənin təzələnməsi və ya tamamlanması qaydasında aradan qaldırıla bilər. Nəzərə alınmalıdır ki, operativ vergi nəzarətinin həyata keçirilməsi haqqında qərar bununla bağlı inzibati orqan tərəfindən qərarın özünün qəbul edilməsinədək aparılmış bir icraatın nəticəsi olaraq çıxarılır. Başqa sözlə, həmin qərar müvafiq icraatın nəticəsidir. Ona görə də, qeyd edilən icraatla bağlı mövcud materiallar həmin vahid icraatın tərkib hissəsini təşkil edirlər. Odur ki, qərarda Vergi Məcəlləsinin 50.2ci maddəsində sadalanmış əsaslardan hər hansı birinə və ya bir neçəsinə ümumi qaydada istinad edilmiş, lakin onunla bağlı zəruri hallar və məlumatlar qərarın özündə birbaşa açıqlanmamış olsa belə, sonradan cavabdeh məhkəmə icraatının gedişində təqdim olunmuş icraata aid materiallara istinad etməklə əsaslandırma təqdim edərsə, bu zaman “yetərli əsaslandırma” tələbi ödənilmiş sayıla bilər. Həlledici olan qərarın əsaslandırılmasının əsası kimi istinad olunan həmin materialların qərarın çıxarılmasınadək mövcud olması, onların qərarda istinad olunan Vergi Məcəlləsinin konkret maddəsindəki əsasla bağlılığının müəyyən edilməsi və yetərli hesab oluna bilməsidir. Eyni zamanda, nəzərə alınmalıdır ki, inzibati orqan daha sonra məhkəmə icraatının gedişində əsaslandırmanın mövcudluğunu sübut etmək üçün qərarda istinad etdiyi normadan fərqli normaya sonradan istinad edə bilməz, eləcə də sonradan yaranmış halları qərarın əsaslandırılması kimi də təqdim edə bilməz. ... 35. Operativ vergi nəzarətinin həyata keçirilməsi haqqında xx.xx.2024-cü il tarixli qərarla bağlı “Sahibkarlıq sahəsində aparılan yoxlamaların vahid məlumat reyestrindən Çıxarış”da yoxlamanın təyin edilməsi üçün əsas kimi Vergi Məcəlləsinin 50.2.2-ci maddəsi (vergi orqanları tərəfindən mənbəyi bəlli mənbələrdən əldə etdikləri məlumatlar) qeyd edilmişdir. İş materiallarından müəyyən edilir ki, göstərilən məlumatlar vergi orqanlarının baza məlumatlarında olan sənədlər, iddiaçının idxalı ilə bağlı gömrük məlumatları, vergi ödəyicisinin qeydiyyata olan obyekti barədə olan məlumatlar, nəzarətkassa aparatına edilmiş mədaxillər barədə məlumatlar, vergi ödəyicisinin təqdim etdiyi hesabatlar və digər məlumatlardır ki, göstərilən sənədlər də apellyasiya instansiya məhkəməsinə təqdim edilmişdir. Həmin məlumatlar qərarın çıxarılmasınadək mövcud olan, qərarda istinad olunan əsasla (Vergi Məcəlləsinin 50.2.2-ci maddəsi ilə) bağlılığı müəyyən edilən və yetərli hesab oluna biləcək xarakterli məlumatlardır. Sözügedən məlumatlar nəzərə alındıqda onlar operativ vergi nəzarətinin həyata keçirilməsi haqqında qərarın əsaslandırılması kimi qəbul edilə bilər. Odur ki, apellyasiya məhkəməsinin gəldiyi operativ vergi nəzarətinin həyata keçirilməsi haqqında qərarın əsaslandırılmadığına, həmin yoxlamanın keçirilməsini zəruri edən şərtlərin mövcudluğunun təsdiq olunmadığına və bunların üzərindən mübahisələndirilən vergi məsuliyyətinə cəlb etmə haqqında qərarın ləğvinə dair nəticə düzgün olmamışdır. ... 37. İşin hallarında müəyyən olunur ki, məhkəmə operativ vergi nəzarətinin həyata keçirilməsi haqqında qərarın əsaslandırılmadığına istinadla mübahisələndirilən vergi məsuliyyətinə cəlb etmə haqqında qərarı ləğv edərkən, icraatla bağlı qanunvericiliyin tələblərinin pozulduğunu əsas götürmüşdür. Lakin nəzərə alınmalıdır ki, belə pozuntular yalnız inzibati orqanın qərarına təsir edən vəziyyətlər yaratdıqda inzibati aktın ləğvinə əsas verə bilər. Apellyasiya məhkəməsi isə inzibati icraatın inzibati orqanın qərarına təsir edən şəkildə pozulduğu halını müəyyən etmədən qərarı ləğv etmişdir. ... 40. Hazırki iş üzrə operativ vergi nəzarətinin həyata keçirilməsi haqqında qərar yeni normanın qüvvədə olduğu xx.xx.2024-cü il tarixdə qəbul edildiyindən cavabdeh yoxlamadan əvvəlki dövr üzrə (xx.xx.2023-cü il tarixdən xx.xx.2024-cü il tarixədək olan dövr) operativ vergi nəzarəti keçirməkdə haqlı olmuşdur. Bundan başqa, operativ vergi nəzarəti Vergi Məcəlləsinin 56.1-ci və 85.4-cü maddələrində nəzərdə tutulan dövrləri də keçməmişdir. Müvafiq olaraq mübahisələndirilən vergi məsuliyyətinə cəlb etmə haqqında qərarın bu əsasdan çıxış etməklə ləğvinə dair gəlinmiş nəticə də düzgün olmamışdır. ... 61. Ağlabatanlıq meyarları tətbiq edilərək ehtimallardan aşağıdakı hallarda “əsaslı şübhə” formalaşa bilər: Malların xüsusiyyəti və istifadə təyinatı – şəxsi istehlak üçün qeyri-mümkün görünən malın təqdim edilməsi. Formalaşmış bazar münasibətləri və işgüzar adətlər nəzərə alındıqda neytral kənar şəxsin və ya obyektiv müşahidəçinin nəzərindən baxıldıqda inandırıcılıq. Burada sadəcə malın sayı deyil, malların istehlak məntiqi nəzərə alınmalıdır. Əməliyyatların təkrarlılığı və qısa fasilələrlə aparılması – az müddət ərzində dəfələrlə böyük həcmdə alış. Alıcının kimliyi – mümkün olduqda alıcının vergi ödəyicisi olub-olmamasının və aldığı malın onun sahibkarlıq fəaliyyəti ilə əlaqəsinin müəyyənləşdirilməsi. Satıcının təsərrüfat subyektinin xüsusiyyəti və yerləşməsi – vergi ödəyicisinin malın satışını həyata keçirdiyi təsərrüfat subyektinin xüsusiyyəti, yerləşmə yeri və təyinatının pərakəndə satışa uyğunluq baxımından qiymətləndirilməsi. Satıcının tətbiq etdiyi ticarət əlavəsi (marja) – topdan və pərakəndə qiymətlər arasındakı fərqin araşdırılması. Əməliyyatın həcmi – həyatın adi axarında formalaşmış vərdişlər baxımından pərakəndə satışın həcminə uyğun gəlməyən, şəxsi istehlak üçün qeyri-mümkün görünən sayda mal alınması. Prosessual təminatlar – tədbir qanunvericiliyin tələblərinə uyğun keçirilibmi? İnzibati icraat gedişində vergi ödəyicisinə izah imkanı verilibmi? Onun tərəfindən verilmiş izahlara münasibətdə: izahedici səbəbin olmaması və ya qeyri-ağlabatan izahların təqdim edilməsi. İqtisadi və kontekstual ağlabatanlıq - İqtisadi məntiq: Pərakəndə bazar bu qədər topdansatışı istehlak edə bilərmi? Sektor müqayisəsi: Mənfəət marjaları bazar ortalaması ilə müqayisədə qeyri-normal dərəcədə fərqlidirsə, şübhə güclənir.

62. Kollegiya xüsusi olaraq qeyd edir ki, ilk növbədə vergi orqanları sözügedən ağlabatanlıq meyarlarına əsaslanan araşdırma aparmaqla hər bir konkret hala münasibətdə obyektiv hallardan yaranan əsaslı şübhənin mövcud olub-olmadığına qiymət verməlidirlər. Bu məsələ üzrə lazımi araşdırma və qiymətləndirmə məhz inzibati icraat mərhələsində təmin olunmalıdır. Başqa sözlə, vergi orqanının qərarından gəlinən nəticənin qeyd olunan meyarlar üzrə aparılmış araşdırmanın nəticəsi olduğunu müəyyən etmək mümkün olmalıdır”. Məhkəmə kollegiyası hesab edir ki, hazırkı iş çərçivəsində yuxarıda qeyd olunan “ağlabatanlıq meyarları”na əsaslanan araşdırma kifayət qədər geniş şəkildə aparılmış və obyektiv hallardan yaranan əsaslı şübhələrin mövcud olmasına qiymət verilmişdir. Bununla bağlı iddiaya qarşı verilmiş etirazda cavabdeh tərəfindən aşağıdakılar göstərilmiş və qeyd olunanlar iddiaçı tərəfindən təkzib edilməmişdir: “ ... İddiaçı etibarnamə üzrə səlahiyyətli nümayəndəsi X1 Baş İdarəyə təqdim etdiyi xx.xx.2024-cü il tarixli arayışda qeyd etmişdir ki, “Fiziki şəxsin fəaliyyətindən tam xəbərdaram. Qeyd olunan obyektdən başqa yerdə obyektimiz yoxdur. Başqa yerdə saxlanca mal verməmişik və saxlanca mal götürməmişik. Malların üzərinə 2 faiz tətbiq olunmaqla satış həyata keçiririk. Obyektin iş vaxtı həftənin 5 günü olmaqla saat 09:00- dan 18:00-dəkdir”. İddiaçıya məxsus təsərrüfat subyektinin fotoşəkillərinə nəzər yetirdikdə məlum olur ki, obyekt anbardır və pərakəndə ticarətin həyata keçirilməsi üçün lazımi şəraitə və heç bir göstəriciyə malik olmamışdır. Həmçinin, iddiaçının vergi orqanına təqdim etdiyi “təsərrüfat subyektinin qeydiyyat ərizəsi”ndə obyektin anbar olduğunu qeyd etmişdir. Bu hal həmçinin, icarə müqaviləsində də öz əksini tapmışdır. Obyektin təyinatı üzrə istifadə edilmədiyi yoxlayıcılar tərəfindən aşkar edilərək sərbəst aktla rəsmiləşdirilmişdir. ... vergi ödəyicisi tərəfindən 8.067.130,28 manat dəyərində olan mallara 2% ticarət əlavəsi və 18% ƏDV tətbiq etməklə 9.709.598 manata e-qaimə təqdim etmədən topdan qaydada Vergi Məcəlləsinin 58.13-cü maddəsinin tələbini pozaraq müxtəlif vergi ödəyicilərinə satması faktı aşkar olunmuşdur. Ticarət əlavəsi ilə bağlı qeyd edilməlidir ki, iddiaçının səlahiyyətli nümayəndəsi tərəfindən xx.xx.2024-cü il tarixdə malların üzərinə 2% ticarət əlavəsi tətbiq etməklə satışın həyata keçirilməsi barədə arayış təqdim edilmişdir. ... İddiaçı tərəfindən nəzarət-kassa aparatı vasitəsilə aparılmış əməliyyatlar barədə hesabata nəzər yetirdikdə görürük ki, çeklərin əksər hissəsi çox qısa zaman aralığı ilə (10- 15 saniyə fərqi ilə) mədaxil olunmuşdur (Məsələn, 1 dəqiqə ərzində 3-4 çek vurulmuşdur ki, bu hal qəti şəkildə real və ağlabatan deyildir). Həmçinin qeyd edilməlidir ki, operativ nəzarətin həyata keçirildiyi zaman nəzarətkassa aparatı təsərrüfat subyektində mövcud olmamışdır. Eyni zamanda bildiririk ki, vergi ödəyicisinin vergi uçotuna alındığı vaxtdan indiki vaxtadək heç bir işçisi olmamışdır. ... vergi ödəyicisində xx.xx.2023-xx.xx.2024-cü il tarixlərində keçirilmiş operativ vergi nəzarəti tədbiri çərçivəsində "xxxx" MMC tərəfindən təqdim olunmuş arayışa əsasən məlum olmuşdur ki, iddiaçının yeganə obyekti üzrə icarə müqaviləsinə xx.xx.2023-cü il tarixində xitam verilmişdir. Yəni, həmin tarixdən etibarən iddiaçının faktiki olaraq obyekti mövcud olmamasına baxmayaraq, ticarət fəaliyyəti ilə məşğul olmuşdur. Bu hal onu deməyə əsas verir ki, əslində nəzarət-kassa aparatı vasitəsi ilə həyata keçirilmiş satış əməliyyatlar topdan fəaliyyəti pərdələmək məqsədi daşımışdır. Belə ki, vergi ödəyicisinin pərakəndə fəaliyyətlə məşğul olması onun təsərrüfat subyektinin olmasını zəruri edir. Həmçinin, OVN gedişatı zamanı da sözügedən obyektin iddiaçıya məxsus olmadığı və iddiaçının orada fəaliyyət göstərmədiyi aşkar edilmişdir”. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəllənin 68.1-ci maddəsinə müvafiq olaraq, məhkəmə mübahisə ilə bağlı iş üzrə inzibati məhkəmə icraatı nəticəsində onda yaranmış daxili inam əsasında qərar qəbul edir. Qərarda məhkəmənin mövqeyi üçün əsas olmuş səbəblər göstərilməlidir. İnzibati Prosessual Məcəllənin 68.2-ci maddəsinə görə, məhkəmə qərarı yalnız məhkəmə icraatında tədqiq olunmuş və barələrində proses iştirakçılarının öz mülahizələrini bildirmək imkanına malik olduqları faktlar və sübutlarla əsaslandırılmalıdır. İnzibati Prosessual Məcəllənin 87.6-cı maddəsinə əsasən, apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qərarını dəyişdirmədən qüvvədə saxlaya bilər, dəyişdirə bilər və ya ləğv edərək (tam və ya qismən) yeni qərar qəbul edə bilər. Birinci instansiya məhkəməsinin qərarı apellyasiya tələbi həddində dəyişdirilə bilər. Beləliklə, hazırkı işə apellyasiya qaydasında baxan məhkəmə kollegiyası yuxarıda qeyd olunanlara məcmu halda hüquqi qiymət verərək hesab edir ki, birinci instansiya məhkəməsinin gəldiyi nəticə düzgündür, apellyasiya şikayəti qərarın ləğvinə əsas vermir. Ona görə də, İddiaçı tərəfindən verilmiş apellyasiya şikayəti təmin edilməməli, Bakı İnzibati Məhkəməsinin 21 may 2025-ci il tarixli, e-2-1(112)-5342/2025 saylı qərarı dəyişdirilmədən saxlanılmalıdır. Şərh olunanlara əsasən və Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinin 87, 90, 94-cü maddələrinin tələblərini rəhbər tutaraq, Kollegiya

QƏRARA ALDİ:

İddiaçı tərəfindən verilmiş apellyasiya şikayəti təmin edilməsin. Bakı İnzibati Məhkəməsinin 21 may 2025-ci il tarixli, e-2-1(112)-5342/2025 saylı qərarı dəyişdirilmədən saxlanılsın. Qərardan qərarın tam formada təqdim olunduğu (elektron kabineti olan tərəflərin elektron kabinetinə yerləşdirildiyi) gündən 1 (bir) ay müddətində Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyası vasitəsilə Azərbaycan Respublikasının Ali Məhkəməsinin İnzibati Kollegiyasına kassasiya şikayəti verilə bilər. Sədrlik edən: Nigar Nəbizadə Hakimlər: Vidadi Qasımov Kamran Əkbərov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar