Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-1(103)-4042/2023 08.12.2023 BAKI APELLYASİYA MƏHKƏMƏSİ Hakimlər: Tağızadə Mirzə Nəsib oğlu (sədrlik edən və məruzəçi), Əkbərov Kamran Hüseyn oğlu və X1 ibarət tərkibdə, Mirzəyeva Ayşəm Lehsan qızının katibliyi, İddiaçı iştirakı ilə, İddiaçı cavabdeh Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiə Nazirliyi Tabeliyində Dövlət Tibbi-Sosial Ekspertiza və Reabiliyasiya Agentliyinə qarşı “əlilliyin bərpa edilməsi” tələbinə dair Bakı İnzibati Məhkəməsinin 2-1(112)-8030/2023 nömrəli, xx.xx.2023-cü il tarixli qərarından cavabdeh tərəfindən verilmiş apelyasiya şikayətinə əsasən inzibati işə Bakı Apellyasiya Məhkəməsinin binasında (Bakı şəhəri, Z.Xəlilov küçəsi, 540-cı məhəllə), şifahi məhkəmə baxışı qaydasında, açıq məhkəmə iclasında baxaraq müəyyən etdi: Birinci instansiya məhkəməsində aparılan icraat : İddiaçı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tabeliyində Dövlət Tibbi-Sosial Ekspertiza və Reabilitasiya Agentliyinin “diaqnoz əlillik əlaməti təyin etmir” qərarının ləğv edilməsi, iddiaçının əlillik dərəcəsinin xx.xx.2022-ci il tarixdən bərpa edilməsi və həmin tarixdən ödənilməmiş müavinətin iddiaçıya ödənilməsi öhdəliyinin cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin üzərinə qoyulması barədə qərar qəbul edilməsini xahiş etmişdir. İddiaçı daha sonra iddia tələbinin dəqiqləşdirilməsi barədə ərizə təqdim edərək cavabdeh qismində Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Tibbi-Sosial Ekspertiza və Reabiliyasiya Agentliyi nəzərə alınmaqla iddia tələbinin xx.xx.2021-ci il tarixdən 2-ci qrup əlilliyin bərpa edilməsi kimi dəyişdirilməsini xahiş etmişdir. Məhkəmənin xx.xx.2023-cü il tarixli qərardadı ilə cavabdeh qismində Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Tibbi- Sosial Ekspertiza və Reabiliyasiya Agentliyi nəzərə alınmaqla iddia tələbi xx.xx.2021-ci il tarixdən 2-ci qrup əlilliyin bərpa edilməsi kimi dəyişdirilmişdir. Tələb onunla əsaslandırılmışdır ki, İddiaçı 1986-1988-ci illərdə Əfqanıstan Respublikasında gedən döyüş əməliyyatlarında iştirak etmişdir və orada yaralanmışdır. Azərbaycana gələndən sonra iddiaçıya 3-cü qrup əlillik verilmişdir. Daha sonra 1-ci Qarabağ müharibəsində iştirak etmişdir. Bundan sonra iddiaçının səhhətində ağırlaşmalar olmuş və nəticədə ona 2-ci qrup əlillik verilmişdir. xx.xx.2021-ci ildə heç bir səbəb olmadan iddiaçıya verilmiş əlillik ləğv edilmiş və aldığı müavinət kəsilmişdir. İddiaçı da məcbur qalaraq hərbi səbəblə əlaqədar əlillik vəziyyətinin qiymətləndirilməsi barədə ərizə ilə Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Tibbi-Sosial Ekspertiza və Reabilitasiya Agentliyinə müraciət etmişdir. Lakin qeyd olunan Agentlikdən iddiaçıya imtina cavabı verilmişdir. İmtina belə əsaslandırılmışdır ki, "Azərbaycan Respublikasının ərazi bütövlüyünün, müstəqilliyinin və konstitusiya quruluşunun müdafiəsi ilə əlaqədar" əlillik vəziyyətinizin qiymətləndirilməsi üçün iddiaçı xx.xx.2022-ci il tarixdə Agentlikdə komissiyada əyani müayinə olunmuşdur. Təqdim edilən tibbi sənədlər və ətraflı əyani müayinənin nəticəsi olaraq iddiaçı barəsində "Diaqnoz əlillik əlaməti təyin etmir" qərarı qəbul edilmişdir. İddiaçının əlillik vəziyyətinin müayinəsi zamanı göndərişdə qeyd edilmiş ağırlaşmalar və patofunksional dəyişikliklər Azərbaycan Respublikası Nazirlər Kabinetinin göndərişin rəsmiləşdirildiyi dövrdə qüvvədə olan 30 dekabr 2015-ci il tarixli 413 nömrəli Qərarı ilə təsdiq edilmiş “Əlilliyin və sağlamlıq imkanları məhdudluğunun müəyyən olunması meyarlarına dair Əsasnamə”yə müvafiq olaraq əlillik təyininə əsas verməmişdir”. Bakı İnzibati Məhkəməsinin 2-1(112)-8030/2023 nömrəli, xx.xx.2023-cü il tarixli qərarı ilə iddia tələbi təmin edilərək, İddiaçı İİ dərəcə əlilliyin (hazırda qüvvədə olan meyarlara əsasən orqanizmin funksiyalarının 61-80 faiz pozulmasının) xx.xx.2021-ci il tarixdən təyin edilməsi öhdəliyinin cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Tibbi Sosial Ekspertiza və Reabilitasiya Agentliyinin üzərinə qoyulması qərara alınmışdır. Qərardan narazı qalan cavabdeh apelyasiya şikayəti verərək qərarın ləğv edilməsini və iddia tələbinin təmin edilməməsini xahiş etmişdir. Apelyasiya şikayətinin dəlilləri və məhkəmə icraatı iştirakçılarının izahatları Apelyasiya şikayətini onunla əsaslandırmışdır ki, iddiaçı NK-in 30 dekabr 2015-ci il tarixli 413 nömrəli qərarı ilə təsdiq edilmiş Əlilliyin və sağlamlıq imkanlarının məhdudluğunun müəyyən olunması meyarlarına dair Əsasnamənin tələbləri ilə müayinə olunmamışdır. Sonuncu dəfə Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2022-ci il 13 may tarixli 187 nömrəli Qərarı ilə təsdiq edilmiş Əsasnamə ilə müayinə edilərək təyinat aparılmış və diaqnoz əlillik təyinatına əsas vermədiyi müəyyən edilmişdir. Həmçinin məhkəmə vətəndaşın göndərişində qeyd olunmuş diaqnozun təsdiq olunması ilə baqlı məhkəmə tibbi ekspertizası təyin etməmişdir. Halbuki, göndərişdə qeyd olunan diaqnoz əlillik təyinatına əsas vermədiyi halda məhkəmə xüsusi tibbi bilik tələb edən sahədə qərar çıxararaq orqanın diskresion səlahiyyətinə əsassız müdaxilə etmişdir. Tərəflərin izahatları : Məhkəmə kollegiyasının iclasında iştirak edən iddiaçı apelyasiya şikayətinin əsassız olduğunu, qərarın qüvvədə saxlanılmasını xahiş etmişdir. Cavabdeh tərəf məhkəmə kollegiyasının iclasında iştirak etməmiş və məhkəmə kollegiyası Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 62.3-cü maddəsinə əsaslanaraq şifahi məhkəmə baxışı ilə bağlı iclasa çağırılan tərəfin iştirakı olmadan işə baxılması və iş üzrə müvafiq məhkəmə aktının qəbul edilməsini mümkün hesab etmişdir. Apellyasiya instansiya məhkəməsinin mövqeyi Məhkəmə kollegiyası tərəflərin izahatını dinləyib, apelyasiya şikayətini iş materialları ilə araşdıraraq aşağıdakı nəticəyə gəlir. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 82-ci maddəsinə əsasən apelyasiya instansiyası məhkəməsi mübahisə ilə bağlı işə şikayət həddində və hüquqi məsələlər, habelə sübutlar və faktlar (faktiki hallar) əsasında mahiyyəti üzrə tam həcmdə baxır. Kollegiya məhkəmənin mövqeyilə razılaşır, hesab edir ki, hazırki işin faktiki halları baxımından iddianın təmin edilməsi ilə düzgün nəticəyə gəlinmişdir. İş materiallarından müəyyən edilir ki, iddiaçının əlillik təyinatına əsas olmuş xəstəlik Əfqanıstanda hərbi qulluq keçərkən yaranmış, xx.xx.1987-ci ildə sol tərəf döş qəfəsinin çoxsaylı güllə yarası və kəllə beyin travması almışdır. İddiaçıya ilkin olaraq əlillik (3-cü dərəcə) xx.xx.1991-ci ildə təyin edilmişdir və həmin tarixdən etibarən əlilliyi uzadılmışdır. İddiaçının 2021-ci ilə qədər qüvvədə olan əlilliyinin olması (baş beynin travmatik xəstəliyi, posttravmatik ensefalopatiya, kəskin asteno-nevrotik sindromla. Kəllədaxili hipertenziya) işin mübahisəsiz halıdır. İddiaçıya ilk dəfə əlilliyin təyinatından imtina xx.xx.2022-ci il tarixli müayinənin nəticəsində olmuşdur. Səbəb-göndərişin natamam doldurulması, 1991-2014, 2016-2021-ci illər ərzində əsas xəstəlik üzrə aldığı stasionar müalicələr, mütəxəssis rəyləri, instrumental müayinələr ətraflı qeyd olunsun. Əsas xəstəliyin ağırlaşmaları instrumental müayinə ilə öz təsdiqini tapmır. İş materiallarında olan göndərişdən həkimlər tərəfindən iddiaçının müayinədən keçdiyi (nevropotoloq və psixiatr tərəfindən xx.xx.2021-ci il tarixdə aparılmış müayinənin nəticəsində S06.9 Dəqiqləşdirilməmiş kəllədaxili travma, baş beyin silkələnməsindən sonrakı davamlı qalıq əlamət. Posttravmatik ensefolopatiya. Koqnitiv funksiyaların pozulması və tez-tez təkrarlanan vegetativ krizlər. Kəskin asteno-nevrotik sindrom. Diabetik profilerativ retinopatiya; ağırlaşması G93.4 Dəqiqləşdirilməmiş ensefalopatiya. Posttravmatik ensefolopatiya; ağırlaşması F48.0 Nevrasteniya, kəskin astenonevrotik sindrom; ağırlaşması F06.7 yüngü koqnitiv pozğunluq, koqnitiv funksiyaların pozulması və tez-tez təkrarlanan krizlərlə) müəyyən olunur. Birinci instansiya məhkəməsinin mövqeyi ilə razılaşan Kollegiya qeyd edir ki, iddiaçının 2022-ci ilin sentyabrında əyani müayinəsi zamanı təqdim olunmuş epiqrizlərdəki diaqnozlar şikayələri və klinik əlamətlərlə uyğunsuzluq təşkil etdiyi qeyd edilsə də, həmin uyğunsuzluğun nədən ibarət olması barədə məlumat qeyd edilməmişdir. Cavabdeh apellyasiya şikayətində qeyd etmişdir ki, “iddiaçı Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2022-ci il 13 may tarixli 187 nömrəli Qərarı ilə təsdiq edilmiş Əsasnamə ilə müayinə edilərək təyinat aparılmış və diaqnoz əlillik təyinatına əsas vermədiyi müəyyən edilmişdir. Həmçinin məhkəmə vətəndaşın göndərişində qeyd olunmuş diaqnozun təstiq olunması ilə baqlı məhkəmə tibbi ekspertizası təyin etməmişdir. Halbuki, göndərişdə qeyd olunan diaqnoz əlillik təyinatına əsas vermədiyi halda məhkəmə xüsusi tibbi bilik tələb edən sahədə qərar çıxararaq orqanın diskresion səlahiyyətinə əsassız müdaxilə etmişdir”. Qeyd olunanlarla bağlı Kollegiya bildirir ki, iddiaçıya aid əlillik altsistemindən görünür ki, iddiaçının başının sağ təpə nahiyyəsində qəlpə zədəsi yeri var, təpə nahiyyəsində bir neçə ədəd millimetrik yad cisimlər (qəlpə) izlənilir. Birinci instansiya məhkəməsi haqlı olaraq hazırkı işin hallarına münasibətdə həmin dövrdə qüvvədə olan Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2015-ci il 30 dekabr tarixli 413 nömrəli qərarı ilə təsdiq edilmiş “Əlilliyin və sağlamlıq imkanlarının məhdudluğunun müəyyən olunması meyarlarına dair” Əsasnaməsinin müddəalırını əsas götürmüşdür. Belə kİ, iddiaçının əlillik təyinatına əsas olmuş xəstəlik Əfqanıstanda hərbi qulluq keçərkən yaranmış, xx.xx.1987-ci ildə sol tərəf döş qəfəsinin çoxsaylı güllə yarası və kəllə beyin travması almışdır. İddiaçıya ilkin olaraq əlillik (3-cü dərəcə) xx.xx.1991-ci ildə təyin edilmişdir və həmin tarixdən etibarən əlilliyi uzadılmışdır. İddiaçının 2021-ci ilə qədər qüvvədə olan əlilliyinin olması (baş beynin travmatik xəstəliyi, posttravmatik ensefalopatiya, kəskin asteno-nevrotik sindromla. Kəllədaxili hipertenziya) işdən görünür. İddiaçıya aid əlillik altsistemindən görünür ki, iddiaçının başının sağ təpə nahiyyəsində qəlpə zədəsi yeri var, təpə nahiyyəsində bir neçə ədəd millimetrik yad cisimlər (qəlpə) izlənilir. Qeyd edilənləri nəzərə alan birinci instansiya məhkəməsi haqlı olaraq qeyd etmişdir ki, “keçirilmiş qapalı kəllə-beyin travmasının nəticəsində XBT 10-a əsasən, həmin dövrdə qüvvədə olan Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2015-ci il 30 dekabr tarixli 413 nömrəli qərarı ilə təsdiq edilmiş “Əlilliyin və sağlamlıq imkanlarının məhdudluğunun müəyyən olunması meyarlarına dair” Əsasnaməyə əsasən əlillik təyin olunmasına əsas verən xəstəliyini (baş-beyin travmaları S06-S06.9, eləcə də nevrasteniya F48) müəyyən etməsinə baxmayaraq və həmin xəstəliklərlə bağlı illər ərzində stasionar (xx.xx.2014xx.xx.2014-cü il tarixdə və xx.xx.2021-xx.xx.2021-ci il tarixdə Bakı 3 nömrəli Şəhər Klinik Xəstəxana) və mütəmadi olaraq ambulator müalicələrdə olmasına baxmayaraq (müayinəyə dair sənədlər iş materiallarına əlavə edilmişdir), əlilliyin növbəti müddətə həmin xx.xx.2021-ci il tarixdən təyin olunmaması iddiaçının qanunla qorunan hüquqlarını pozmuş və işin konkret halı nəzərə alınmaqla iddiaçının vəziyyətinə mütənasib olmamışdır.” Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2020-ci il 16 yanvar tarixli 11 nömrəli Qərarı ilə təsdiq edilmiş “Əlilliyin qiymətləndirilməsi Qaydası”ndan: 4.2. Müddət göstərilməklə müəyyən olunmuş orqanizmin funksiyalarının pozulması 31-60 faiz aralığında ardıcıl olaraq 15 il, 61-80 faiz aralığında ardıcıl olaraq 10 il və 81-100 faiz aralığında ardıcıl olaraq 4 il müddətində müəyyən olunduğu halda, eləcə də fərqli faiz aralıqları üzrə bu Qaydanın 4.3-cü bəndi nəzərə alınmaqla 15 il əlillik müddəti olduqda, növbəti qiymətləndirmə zamanı əlillik müddətsiz müəyyən edilir. 4.3. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2022-ci il 13 may tarixli 187 nömrəli Qərarı ilə təsdiq edilmiş “Əlilliyin müəyyən olunması meyarları”nın qüvvəyə mindiyi günədək əlilliyi müəyyən edilmiş şəxslərin əlillik müddətləri İ, İİ və İİİ dərəcə üzrə müvafiq olaraq 81-100 faiz, 61-80 faiz və 31-60 faiz kimi bu Qaydanın 4.2-ci bəndində qeyd edilmiş müddətlərə daxil edilir. Həmin tarixədək müəyyən edilmiş sağlamlıq imkanlarının məhdudluğu müddəti orqanizmin funksiyalarının pozulmasının hər üç faiz aralığı müddəti üzrə nəzərə alınır. Beləliklə, yuxarıda sadalananlara məcmu halda qiymət verən məhkəmə kollegiyası hesab edir ki, birinci instansiya məhkəməsi tərəfindən prosessual hüquq normalarının tələblərinə əməl edilərək, maddi hüquq normaları işin hallarına düzgün tətbiq edildiyindən, cavabdehin apelyasiya şikayəti isə hər hansı mötəbər dəlillə əsaslandırılmadığından məhkəmənin mübahisələndirilən qərarının ləğvi üçün əsaslar müəyyən edilməmişdir. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 68.1-ci maddəsinin tələbinə görə məhkəmə mübahisə ilə bağlı iş üzrə inzibati məhkəmə icraatı nəticəsində onda yaranmış daxili inam əsasında qərar qəbul edir. Qərarda məhkəmənin mövqeyi üçün əsas olmuş səbəblər göstərilməlidir. Həmin Məcəllənin 68.2-ci maddəsinə əsasən məhkəmə qərarı yalnız məhkəmə icraatında tədqiq olunmuş və barələrində proses iştirakçılarının öz mülahizələrini bildirmək imkanına malik olduqları faktlar və sübutlarla əsaslandırılmalıdır. Həmin Məcəllənin 87.6-cı maddəsinə əsasən, apelyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qərarını dəyişdirmədən qüvvədə saxlaya bilər, dəyişdirə bilər və ya ləğv edərək (tam və ya qismən) yeni qərar qəbul edə bilər. Birinci instansiya məhkəməsinin qərarı apellyasiya tələbi həddində dəyişdirilə bilər. Hazırki işə apellyasiya qaydasında baxan məhkəmə kollegiyası yuxarıda qeyd olunanlara məcmu halda hüquqi qiymət verərək hesab edir ki, cavabdehin apellyasiya şikayəti təmin edilməməli, birinci instansiya məhkəməsinin mübahisələndirilən qərarı dəyişdirilmədən saxlanılmalıdır. Beləliklə, məhkəmə kollegiyası Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 87, 89, 90 və 94-cü maddələrini rəhbər tutaraq qərara aldı: Apellyasiya şikayəti təmin edilməsin. Bakı İnzibati Məhkəməsinin 2-1(112)-8030/2023 nömrəli, xx.xx.2023-cü il tarixli qərarı dəyişdirilmədən qüvvədə saxlanılsın. Qərardan təqdim olunduğu gündən 1 (bir) ay müddətində Bakı Apelyasiya Məhkəməsi vasitəsilə Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyasına (Bakı şəhəri, Yusif Səfərov küçəsi 14, 1193-cü məhəllə) kassasiya şikayəti verilə bilər.
Məhkəmə qərarları › İş №2-1(103)-4042/2023
Bakı Apellyasiya Məhkəməsi Qərar — İş №2-1(103)-4042/2023
08.12.2023 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver