Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 2-1(103)-4042/2024 28.11.2024 BAKI APELLYASİYA MƏHKƏMƏSİ Hakimlər Yusifov Cahangir Afər oğlu (sədrlik edən), Abbasova Günel Məhərrəm qızı və Oruczadə Aytən Pənah qızından ibarət tərkibdə, iddiaçının nümayəndəsi X3 iştirakı ilə, İddiaçı Azərbaycan Respublikası Dövlət Neft Şirkətinin İddiaçı cavabdeh Bakı şəhəri Suraxanı Rayon İcra Hakimiyyətinə (X5 üçüncü şəxs qismində cəlb edilməklə) qarşı “sərəncamın etibarsız hesab edilməsi tələbinə dair” inzibati mübahisə üzrə Bakı İnzibati Məhkəməsinin 2-1(112)-2988/2024 saylı xx.xx.2024-cü il tarixli qərardadından iddiaçı tərəfindən verilmiş apellyasiya şikayətinə əsasən işə Bakı Apellyasiya Məhkəməsinin binasında (Bakı şəhəri, Z.Xəlilov küçəsi, 540-cı məhəllə), açıq məhkəmə iclasında baxaraq MÜƏYYƏN ETDİ: İ. İddiaçı Azərbaycan Respublikası Dövlət Neft Şirkəti İddiaçı (bundan sonra mətndə “Azneft” İB) cavabdeh Bakı şəhəri Suraxanı Rayon İcra Hakimiyyətinə (bundan sonra mətndə Suraxanı RİH) qarşı iddia ərizəsi ilə Bakı İnzibati Məhkəməsinə müraciət edərək, SOCAR-ın İddiaçı neft və qaz əməliyyatlarının aparılması məqsədilə daimi istifadəsinə ayrılmış ünvan 1 ünvanında 39 T 414472.2601; 4469824.8801 coğrafi koordinatlarda yerləşən sənaye təyinatlı torpaq sahəsinin fərdi yaşayış evinin tikilməsi məqsədilə X1 ayrılması barədə Suraxanı RİH-nin xx.xx.1999-cu il tarixli, 522 saylı sərəncamın etibarsızlığının tanınması barədə qərar çıxarılmasını xahiş etmişdir. İddiaçı tələbini aşağıdakılarla əsaslandırmışdır: “...“Azneft” İB neft və qaz əməliyyatlarının aparılması məqsədilə istifadəsinə ayrılmış sənaye təyinatlı torpaq sahəsinin, Bakı şəhəri, Suraxanı rayonu, Qaraçuxur qəsəbəsi, X9 küçəsi, 120 saylı sahə ünvanında 39 T 414472.2601; 4469824.8801 coğrafi koordinatlarda yerləşən torpaq sahəsinin 0,3 ha-dan ibarət bir hissəsi Suraxanı rayon İcra Hakimiyyətinin xx.xx.1999-cu il tarixli, 522 saylı sərəncamı ilə qanunsuz olaraq fərdi yaşayış evinin tikilməsi məqsədilə vətəndaş X1 ayrılmışdır. Bundan sonra, xx.xx.2023-cü il tarixli 4Ə-88 reyestr nömrəli alqı-satqı müqaviləsinə əsasən X4 mülkiyyət hüquqları daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınaraq xx.xx.2023-cü il tarixli **********19 reyestr və ********** qeydiyyat nömrəli olan çıxarış verilmişdir. Həmin torpaq sahəsinin üzərində aparılan hər hansı fəaliyyət insanların həyat və sağlamlığı üçün potensial təhlükə mənbəyidir. Eləcə də cavabdehin hüquqazidd hərəkətləri nəticəsində göstərilən torpaq sahəsinin hüquqi rejimi və məqsədli təyinatı, ən əsası isə texniki təhlükəsizlik və yanğın təhlükəsizliyi qaydalarının tələbləri kobud surətdə pozulmuş və “Azneft” İB fəaliyyətinə ciddi maneələr yaranmışdır. Sənaye təyinatlı olması və Bakı şəhər İcra Hakimiyyətinin sərəncamı ilə İB-nin müddətsiz istifadəsinə ayrılması açıq şəkildə göstərir ki, Suraxanı rayon İcra Hakimiyyətinin mübahisəli torpaq sahəsinə dair sərəncam verməyə səlahiyyəti olmamışdır...” Bakı İnzibati Məhkəməsinin 2-1(112)-2988/2024 saylı xx.xx.2024-cü il tarixli qərardadı ilə iddia mümkün sayılmamışdır. İddiaçı apellyasiya şikayəti verərək, həmin qərardadın ləğv edilməsini və iddianın mümkün sayılmasını xahiş etmişdir. Apellyasiya şikayəti Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin (“İPM”) 85ci maddəsinə uyğun əsaslandırılmış, apellyasiya mümkündür. Apellyasiya şikayəti aşağıdakılarla əsaslandırılmışdır: “... Məhkəmənin iddia müddəti ilə bağlı mövqeyi ilə əlaqədar bildiririlir ki, İddiaçı nümayəndələri əraziyə baxış keçirən zaman, mübahisə predmeti olan Suraxanı rayon İcra Hakimiyyətinin xx.xx.1999-cu il tarixli 522 saylı sərəncamı rəsmi qaydada “Azneft” İB-yə verilməmiş və yalnız vətəndaş X2 tərəfindən SOCAR-a edilən müraciətdən sonra sözügedən sərəncamın mövcudluğu “Azneft” İB-nə məlum olmuşdur. Lakin məhkəmə mübahisə predmeti olan Suraxanı rayon İcra Hakimiyyətinin xx.xx.1999-cu il tarixli 522 nömrəli sərəncamının müvafiq iddia tələbi ilə məhkəməyə müraciət etmək üçün qanunla nəzərdə tutulmuş müddətin ötürülməsinə istinad edərək, İddiaçı SOCAR-ın İddiaçı cavabdeh Bakı şəhəri Suraxanı Rayon İcra Hakimiyyətinə qarşı “sərəncamın etibarsız hesab edilməsi tələbinə dair” iddiası mümkün sayılmamışdır. Qərarla bağlı ikinci məqam da ondan ibarətdir ki, məqsədli təyinatı və İddiaçı daimi istifadəsində olması nəzərə alınmadan həmin torpaq sahəsi fərdi yaşayış evinin tikilməsi məqsədilə qanunsuz olaraq vətəndaşın mülkiyyətinə verilmişdir. Azərbaycan Respublikası Torpaq Məcəlləsinin (xx.xx.1970-cı ildə qəbul edilmiş, xx.xx.1971 -ci ildən qüvvəyə minmiş) 6, 134 və 137-ci maddələrindən görünür ki, Sənaye, nəqliyyat, digər qeyri-kənd təsərrüfatı müəssisələri, idarələri və təşkilatları istifadə etmədikləri torpaqları rayon və ya şəhər xalq deputatları Sovetləri icraiyyə komitələrinin qərarı əsasında, SSR İttifaqının və Azərbaycan SSR-in qanunvericiliyi ilə müəyyən edilən qaydada və şərtlərlə kənd təsərrüfatı məqsədləri üçün kolxozların, sovxozların, digər müəssisələrin, idarələrin və təşkilatların və vətəndaşların müvəqqəti istifadəsinə verə bilər. Hazırki iş üzrə mübahisəli torpaq sahəsi Azərbaycan Respublikası Dövlət Neft Şirkətinin daimi istifadəsində olan və neft-qaz hasilatı məqsədilə İddiaçınə verilmiş sənaye təyinatlı torpaq sahəsinin hüdudları daxilində yerləşməsi müəyyən edilmişdir. Belə olan halda, fərdi evin tikilməsi üçün torpaq sahəsinin ayrılması ilə bağlı qərar qəbul edilən zaman qüvvədə olan Torpaq Məcəlləsinin yuxarıda qeyd olunan müddəalarının tələblərinə riayət edilməmiş, həmin torpaq sahəsi ilə bağlı qərar qəbul etmək səlahiyyəti Səbail rayon İcra Hakimiyyətinə aid olmamışdır. İnzibati İcraat haqqında” Qanunun 65-ci maddəsinin tələbləri baxımından, Suraxanı rayon İcra Hakimiyyətinin xx.xx.1999-cü il tarixli, 522 nömrəli “fərdi ev tikmək üçün torpaq sahəsinin ayrılması barədə” qərarı üzərindən nə qədər müddət keçməsinə baxmayaraq qəbul edildiyi andan etibarsız hesab edilir. Qaldırılmış iddianın subsidarlığına gəlincə qeyd etməliyik ki, etibarsızlığın tanınması barədə iddia məcburetmə barədə iddialardan daha geniş mahiyyət kəsb edir. Burada subsidarlıq yalnız qəbul edildiyi andan etibarsız olan inzibati aktın nəticələrinin aradan qaldırılmasına aid ola bilər...” Məhkəmə kollegiyasının iclasında iştirak edən iddiaçının nümayəndəsi apellyasiya şikayətini müdafiə etdiyini bildirərək təmin olunmasını məhkəmədən xahiş etmişdir. Məhkəmə kollegiyasının iclasının vaxtı və yeri barədə xəbərdar edilmiş cavabdeh və üçüncü şəxs məhkəmə iclasına gəlməmiş, İPM-in 62-ci maddəsinin tələblərini nəzərə alan məhkəmə kollegiyası onların iştirakı olmadan işə baxılmasını mümkün hesab etmişdir. İİ. Məhkəmə kollegiyası işdə iştirak edən şəxsi dinləyib, iş materiallarını araşdırıb belə nəticəyə gəlir ki, iddiaçının apellyasiya şikayəti təmin edilmədən, aşağıdakı əsaslara görə birinci instansiya məhkəməsinin qərardadı dəyişdirilmədən qyvvədə saxlanılmalıdır. İşə əlavə olunmuş Suraxanı RİH Başçısının “Suraxanı Rayon İcra Hakimiyyəti başçısının xx.xx.1994-cü il tarixli, 1227 saylı sərəncamında dəyişikliklər aparılması haqqında” xx.xx.1999-cu il tarixli 522 №-li, sərəncamının surətindən müəyyən olunur ki, Suraxanı rayon İcra Hakimiyyəti Başçısının xx.xx.1994-cü il tarixli, 1227 saylı sərəncamın 1-ci bəndinə dəyişiklik edilərək, vətəndaş “X1 fərdi yaşayış evi tikmək üçün Zığ qəsəbəsinin şərq hissəsində, 75 №-li sahədə, 600 kv.metr torpaq sahəsi ayrılsın” kimi oxunması qərara alınmışdır. İddiaçının hazırkı tələbindən göründüyü kimi, İPM-in 36.1-ci və “İnzibati icraat haqqında” Qanunun 65-ci maddələrinə istinadən, Suraxanı rayon İcra Hakimiyyətinin zəmin sərəncamının etibarsız hesab edilməsini tələb etmişdir. Konkret halda aşağıdakı əsaslara görə iddianın mümkünlük şərtləri ödənilmir. İPM-in 35.1-ci maddəsinin tələbinə görə bu Məcəllədə başqa qayda nəzərdə tutulmamışdırsa, iddiaçının iddia ərizəsində inzibati aktın qəbul edilməsi və ya qəbul edilməsindən imtina olunması, yaxud inzibati orqanın hərəkəti və ya hərəkətsizliyi nəticəsində onun hüquqlarının və qanunla qorunan maraqlarının pozulduğunu əsaslandırdığı hallarda mübahisələndirmə haqqında, məcburetmə haqqında, öhdəliklərin icrası haqqında və müəyyən hərəkətləri etməkdən çəkinməyə dair iddia mümkün sayılır. Məcəllənin qeyd olunan normasının mənası onu ehtiva edir ki, inzibati icraat qaydasında qaldırılan iddianın mümkünlüyü şərtləririn yerinə yetirildiyi halda, yolveriləndir. Yəni, iddia subyektiv hüququ olan şəxs tərəfindən iddia müddəti çərçivəsində qanunla cavabdehlik daşıya bilən inzibati orqana qarşı qaldırılmalı və formal olaraq (subutlar da əlavə olunmaqla) əsaslandırılmalıdır ki, mümkün iddia kimi icraata qəbul edilsin. Əks halda, Məcəllənin 35.3-cü maddəsinə müvafiq olaraq iddianın mümkün sayılmaması barədə qərardad çıxarılır. İddiaçı tərəfindən qaldırılan hazırkı iddia isə mümkünlük şərtlərinə cavab vermir. Birincisi ona görə ki, 1999-cü ildə mübahisəli sərəncəm verilərkən idddiaçının istinad etdyi inzibati qanunvericilik mövcud olmamışdır. Həmin vaxt, yəni, 1 sentyabr 2000-ci il tarixə qədər qüvvədə olmuş, Azərbaycan SSR Mülki Məcəlləsinin 73-cü maddəsi nəzərdə tuturdu ki, hüququ pozulmuş şəxsin iddiası üzrə onun hüquqlarını müdafiə etmək üçün ümumi müddət (iddia müddəti) 3 il, dövlət təşkilatlarının, kolxozların və kooperativ və sair ictimai təşkilatların bir-birinə olan iddiaları üzrə isə 1 il müəyyən edilir. Həmin Məcəllənin 77-ci maddəsi isə nəzərdə tuturdu ki, iddia müddəti tərəflərin bildirməsindən asılı olmayaraq, məhkəmə, arbitraj və ya münsiflər məhkəməsi tərəfindən tətbiq olunur. Mübahisələndirilən sərəncamların qəbul olunduğu vaxt qüvvədə olmuş mülki qanunvericiliyin qeyd olunan tələbləri baxımından, iddia müddəti artıq ötmüşdür ki, belə olan halda da qanun imperativ qaydada məhkəmə tərəfindən iddia müddətinin tətbiq edilməsi nəzərədə tutulur. İddiaçı 28 dekabr 1999-cu il tarixinə qədər qüvvədə olmuş Azərbaycan SSR Mülki Prosessual Məcəlləsinin 243-5-ci maddəsinə müvafiq də öz hüquqlarının müdfaisəni reallaşdırmamışdır. Belə ki, həmin maddə nəzərdə tuturdu ki, vətəndaş, hərbi qulluqçu, kollektiv yuxarı orqandan və ya vəzifəli şəxsdən şikayəti ödəməkdən imtina aldığı gündən, yaxud yuxarı orqana və ya vəzifəli şəxsə şikayət verildikdən sonra, ərizəçi 1 ay müddətində ona cavab almamışdırsa, həmin ayın tamam olduğu gündən hesablanan bir ay ərzində məhkəməyə şikayət verə bilər. Eyni zamanda, 1 sentyabr 2000-ci il tarixdən qüvvədə olan Mülki Məcəllənin 19-cu maddəsi nəzərdə tutur ki, dövlət hakimiyyəti orqanının və ya yerli özünüidarə orqanının mülki qanunvericiliyə uyğun gəlməyən, fiziki və ya hüquqi şəxsin mülki hüquqlarını və qanunla qorunan mənafelərini pozan qeyri-normativ xarakterli aktı məhkəmə tərəfindən etibarsız sayıla bilər. Həmin Məcəllənin 373.1-ci maddəsinin tələbinə əsasən ümumi iddia müddəti on il təşkil edir. Göründüyü kimi, iddiaçı tərəfindən qüvvədə olan mülki qanunvericiliklə müəyyən edilən 10 illik müddət də artıq buraxılmışdır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin xx.xx.2012-ci il tarixədək qüvvədə olmuş 298-ci maddəsi isə nəzərədə tuturdu ki, şəxs özünün hüquq və azadlığının pozulduğu barədə ona məlum olan gündən qanunda başqa müddət müəyyən edilməyibsə 1 ay müddətində ərizə ilə məhkəməyə müraciət etmək hüququna malikdir. İddiaçı isə qeyd olunan normadan da yararlanaraq inzibati qanunvericilik 1 yanvar 2011-ci il tarixdən qüvvəyə minənə qədər hüquqlarını reallaşdırmaq üçün heç bir addım atmamışdır. Beləliklə də iddiaçı 2011-ci il tarixə qədər etibarsızlığını tələb etdiyi sərəncamın aradan qaldırılması üçün qanunvnvericiliklə müəyyən olunan bütün iddia müddətlərini ötürmüş, 25 il keçdikdən sonra yalnız, hazırkı iddia tələbi ilə məhkəməyə müraciət edərək, qüvvədə olan inzibati qanunvericiliyə istinadən (hansı ki, barəsində mübahisəli sərəncam verilmiş üçüncü şəxsin hüquqi vəziyyətini pisləşdirir) cavabdehin xx.xx.1999-cu il tarixli sərəncamının etibarsız hesab edilməsini tələb etmişdir. Ən azından, Azərbaycan Respublikası Konstitusiyasının 71-ci maddəsinin İ hissəsi nəzərdə tutur ki, Konstitusiyada təsbit edilmiş insan və vətəndaş hüquqlarını və azadlıqlarını gözləmək və qorumaq qanunvericilik, icra və məhkəmə hakimiyyəti orqanlarının borcudur. Beləliklə də, inzibati icraat haqqında qanunvericilik isə xx.xx.2011-ci il tarixdən yaranmış münasibətləri tənzimləndiyi nəzərə alınmaqla, konkret halda, mübahisələndirilən sərəncamın qəbul olunduğu vaxt qüvvədə olan maddi hüquq normalarına münasibətdə, iddiaçı tərəfindən iddia müddətini buraxıldığı halda, iddiaçının həmin sərəncamın etibarsızılığının tanınması barədə hazırkı iddiası, İPM-in 35-ci maddəsində nəzərdə tutulan əsasalandırılmış iddia kimi qiymətləndirilə bilməz. Bu baxımdan, birinci instansiya məhkəməsi tərəfindən İPM-in qeyd olunan 35.3-cü maddəsinin tələbi qaydasında iddianın mümkün sayılmaması işin hallarına, maddi və prosessual hüquq normalarına uyğundur. Qeyd olunanları nəzərə alan məhkəmə kollegiyası iddiaçının apellyasiya şikayətinin məhkəmənin müddətlə bağlı yanaşmasının əsassız olduğunu və qanunsuz olaraq iddianın mümkünsüz sayıldığını mübahisələndirən dəlilləri ilə razılaşmır və yekunda belə qənaətə gəlir ki, onun apellyasiya şikayəti təmin edilmədən, Bakı İnzibati Məhkəməsinin 2-1(112)- 2988/2024 saylı xx.xx.2024-cü il tarixli qərardadı dəyişdirilmədən qüvvədə saxlanılmalıdır. Yuxarıda qeyd edilənlərə əsasən və İPM-in 80, 83, 87, 90 və 94-cü maddələrini rəhbər tutaraq məhkəmə kollegiyası qəraraaldı: İddiaçının apellyasiya şikayəti təmin edilməsin. Bakı İnzibati Məhkəməsinin 2-1(112)-2988/2024 saylı xx.xx.2024-cü il tarixli qərardadı dəyişdirilmədən qüvvədə saxlanılsın. Qərardaddan rəsmi qaydada verildiyi gündən 10 (on) gün müddətində Bakı Apellyasiya Məhkəməsi vasitəsi ilə Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyasına (Bakı şəhəri, Y.Səfərov küçəsi 14, 1193-cü məhəllə) kassasiya şikayəti verilə bilər.
Məhkəmə qərarları › İş №2-1(103)-4042/2024
Bakı Apellyasiya Məhkəməsi Qərardad — İş №2-1(103)-4042/2024
28.11.2024 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver