Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-1(103)-4042/2025 23.10.2025 BAKI APELLYASİYA MƏHKƏMƏSİ İddiaçı cavabdeh Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin Bakı şəhəri Lokal Gəlirlər Baş İdarəsinə qarşı “qaytarılacaq olan ƏDV-nin yekun məbləği barədə məlumatın müvəkkil banka ötürülməsi” tələbinə dair iş üzrə Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyası, hakimlər Ceyhun Bəşir oğlu Məmmədov (sədrlik edən və məruzəçi), Şərafət Asif qızı Məmmədovadan və X1 ibarət tərkibdə, Eldarzadə Şirazi Elxan oğlunun katibliyi, İddiaçının nümayəndəsi Vəkil iştirakı ilə, Bakı İnzibati Məhkəməsinin 2-1(112)-610/2025 saylı, xx.xx.2025-ci il tarixli qərarından iddiaçı tərəfindən verilmiş apellyasiya şikayətinə Bakı Apellyasiya Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq, aşağıdakı qərarı qəbul etdi. İşin faktiki halları
1. 653 nömrəli, 05 yanvar 2023-cü il tarixli bir tərəfdən “MTK” adlanacaq "xxxx" Mənzil Tikinti Kooperativinin nümayəndəsi X3 şəxsində, digər tərəfdən “Payçı” adlanacaq İddiaçı arasında bağlanmış payçı müqaviləsindən görünür ki, “MTK” pay qismində çıxış edən ünvan 1 ünvanında tikilməkdə olan “AVANT PARK” Yaşayış Kompleksinin 11-ci binasında, 11-ci blok, 9-cu mərtəbə, 2 №-li, 3 otaqlı mənzili tikib “Payçı”-nın mülkiyyətinə verməyi öhdəsinə götürmüşdür. Müqaviləyə əsasən onun ümumi dəyəri 182984 manat təşkil edir.
2. BPM**********44 nömrəli xx.xx.2023-cü il tarixli mədaxil qəbzindən görünür ki, İddiaçı tərəfindən AVNT-648 xx.xx.2023-cü il tarixli sənədə əsasən mənzilin ilkin ödənişi kimi 54984.00 manat "xxxx" MTK-nın hesabına ödənilmişdir.
3. xx.xx.2023-cü il tarixli BPM**********53 nömrəli mədaxil qəbzindən görünür ki, iddiaçı tərəfindən "xxxx" MTK-nın hesabına 128 000,00 manat ödəniş edilmişdir.
4. İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin Bakı şəhəri Lokal Gəlirlər Baş İdarəsinin **********945100 nömrəli, xx.xx.2023-cü il tarixli qərarından görünür ki, İddiaçı nağdsız qaydada alınmış yaşayış və qeyri-yaşayış sahələrinə görə ödənilmiş əlavə dəyər vergisinin qaytarılması ilə bağlı müraciət etmişdir. İddiaçı xx.xx.2023-cü il tarixli ərizəsi üzrə ƏDV-nin geri qaytarılması təmin edilməmişdir. Qərar bununla əsaslandırılmışdır ki, Azərbaycan Respublikası Prezidentinin 25 may 2022-ci il tarixli Fərmanı ilə təsdiq edilmiş “Fiziki şəxs olan istehlakçılar tərəfindən Azərbaycan Respublikasının ərazisində bina tikintisi fəaliyyəti ilə məşğul olan şəxslərdən nağdsız qaydada alınmış yaşayış və qeyri-yaşayış sahələrinə görə ödənilmiş əlavə dəyər vergisinin qaytarılması Şərtləri və Qaydası”nın 5.1.2-ci bəndinə əsasən alıcı yaşayış və qeyri-yaşayış sahələrinin tam dəyərini (ƏDV-siz) nağdsız qaydada satıcının bank hesabına, ƏDV məbləğini isə satıcının ƏDV depozit hesabına ödəməlidir. Lakin, alıcı İddiaçı tərəfindən təqdim edilmiş sənədlərin araşdırılması zamanı yaşayış və qeyriyaşayış sahələrinin tam dəyərinin (ƏDV daxil) satıcının bank hesabına ödənildiyi müəyyən edilmişdir.
5. "xxxx" MTK-nın iddiaçıya ünvanlanmış xx.xx.2023-cü il tarixli məktubundan görünür ki, iddiaçı ilə bağlanmış Payçı müqaviləsinə əsasən Bakı şəhəri, Şərifzadə 241 ünvanında yerləşən “AVANT Park” Yaşayış Kompleksinin 11 -ci bina, 11-ci blok, 9-cu mərtəbəsində 2 nömrəli, üç otaqlı mənzil ona təqdim edilmişdir. Mənzilin ƏDV daxil məbləği 182 984 (bir yüz səksən iki min doqquz yüz səksən dörd) manat, ƏDV məbləği isə 27 912,81 (iyirmi yeddi min doqquz yüz on iki) manat 81 qəpik təşkil etmişdir. “Fiziki şəxs olan istehlakçılar tərəfindən Azərbaycan Respublikasının ərazisində bina tikintisi fəaliyyəti ilə məşğul olan şəxslərdən nağdsız qaydada alınmış yaşayış və qeyriyaşayış sahələrinə görə ödənilmiş əlavə dəyər vergisinin qaytarılması Şərtləri və Qaydası” barədə xx.xx.2022-ci il tarixli Azərbaycan Respublikası Prezidentinin Fərmanına əsasən iddiaçının mənzilin ödənişinə dair MTK tərəfindən hər hansı normativ hüquqi aktlar pozulmamışdır. “AVANT Park” Yaşayış Kompleksinin ona aid olan 11-ci bina, 11-ci blok, 9-cu mərtəbəsində yerləşən 2 nömrəli, üç otaqlı mənzilin alışı zamanı iddiaçı tərəfindən cari hesabına ödənilmiş 27 912,81 (iyirmi yeddi min doqquz yüz on iki) manat 81 qəpik ƏDV məbləği isə vergi orqanına aid MTK-nın ƏDV depozit hesabına ödənilmiş və son nəticədə vergi orqanına hesabat təqdim edilmişdir.
6. İqtisadiyyat Nazirliyi yanında Döviət Vergi Xidməti Bakı şəhəri Lokal Gəlirlər Baş İdarəsinin xx.xx.2024-cü il tarixli, 3-21-2-3/2-311247/2024 nömrəli məktubdan görünür ki, Bakı İnzibati Məhkəməsinin xx.xx.2024-cü il tarixli 2-1(112)-4565/2024 saylı vətəndaş İddiaçı ƏDV-nin qaytarılması ilə bağlı məlumatların təqdim edilməsi barədə müraciətinə iqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin Bakı şəhəri Lokal Gəlirlər Baş idarəsində baxılmışdır. Azərbaycan Respublikası Prezidentinin 25 may 2022-ci il tarixli Fərmanı ilə ‘‘Fiziki şəxs olan istehlakçılar tərəfindən Azərbaycan Respublikasının ərazisində bina tikintisi fəaliyyəti ilə məşğul olan şəxslərdən nağdsız qaydada alınmış yaşayış və qeyri-yaşayış sahələrinə görə ödənilmiş əlavə dəyər vergisinin qaytarılması Şərtləri və Qaydası” təsdiq edilmişdir. Fərmanın icrası ilə bağlı fiziki şəxs olan istehlakçılar tərəfindən Azərbaycan Respublikası ərazisində bina tikintisi fəaliyyəti ilə məşğul olan şəxslərdən nağdsız qaydada alınmış yaşayış və qeyri-yaşayış sahələrinə görə ödənilmiş əlavə dəyər vergisinin bir hissəsinin qaytarılması ilə bağlı MTK tərəfindən e-qaimələrin tərtib edilməsi və alıcılar tərəfindən müraciətlərin edilməsi üçün internet Vergi İdarəsində müvafiq portal yaradılmış (https://new.etaxes.gov.az/eportal/az/logm/) və 21 noyabr 2022-ci il tarixdən istifadəyə verilmişdir. Bina tikintisi fəaliyyəti ilə məşğul olan şəxslər bu portala daxil olaraq alıcı fiziki şəxsə qaydaların tələblərinə uyğun e-qaimə faktura tərtib edir, alıcı isə öz növbəsində aldığı eqaimə fakturanın məlumatlarının doğruluğunu yoxlayaraq təsdiq edir. Bundan sonra, alıcı şəxsi kabinetində yerləşən keçid vasitəsilə qaydaların tələblərinə uyğun şəkildə ödənişləri həyata keçirmək üçün X5 “Kommunal" ödənişlər bölməsinin “Yaşayış və qeyri- yaşayış sahələrinin alışı üzrə ödənişlər” altbölməsinə daxil olur (Alıcının fərdi qaydada banka yaxınlaşaraq ödənişi həyata keçirmək imkanı mövcuddur). Burada FİN və qaimənin nömrəsi barədə məlumatlar daxil edilməklə ödənişlər həyata keçirilir. Ödənişlər tam etdikdən sonra alıcının elektron kabinetində müvafiq ərizə forması doldurulur və təsdiqedici sənədlər əlavə olunaraq portal vasitəsilə ƏDV-nin geri qaytarılması ilə bağlı müraciət edilir. Müraciət avtomatik olaraq vergi orqanına daxil olur və müvafiq risk qiymətləndirilməsi aparılır. Risk qiymətləndirilməsinin nəticələri üzrə ƏDV-nin bir hissəsinin geri qaytarılmasından imtina edildikdə, bu barədə əsaslandırılmış inzibati akt qəbul olunur və 2 iş günü müddətində alıcının elektron kabinetə göndərilir. Alıcı ƏDV-nin geri qaytarılmasından imtinadan inzibati qaydada və məhkəməyə şikayət verə bilər. Yaşayış və qeyriyaşayış sahələrinin çıxarışı olduğu halda fiziki şəxslərlə bina tikintisi fəaliyyəti ilə məşğul olan şəxslər arasında alqı-satqı müqaviləsi notarial qaydada təsdiq edilir. Bu zaman vəsaitin daşınmaz əmlaka sərəncam müqavilələrinin mötəbərliyini və hüquqi baxımdan icrasının tamlığını təmin etmək məqsədilə tərəflərin biri-birinə ödəməli olduqları pul məbləğləri notariusun bankda açdığı depozit hesabı vasitəsilə köçürülür. Alqı-satqı müqaviləsi notarial qaydada təsdiqləndikdə, alıcı müvafiq e-qaimə fakturanı notariusa təqdim etməli və notariusdan ödənişin, müvafiq qaydada, əsas məbləğini satıcının bank hesabına, ƏDV məbləğini isə ƏDV depozit hesabına köçürülməsini tələb etməlidir. Vətəndaşlar müraciət zamanı ödəniş formasına qoyulan tələblərlə yanaşı, aşağıdakı məqamlara da diqqət yetirməlidirlər: 1. Alıcı yaşayış və qeyriyaşayış sahələrinin dəyərini satıcıya nağdsız qaydada tam şəkildə ödədikdən sonra, 90 gündən gec olmayaraq, ƏDV-nin qaytarılması məqsədilə portalda qeydiyyatdan keçərək elektron kabinet yaratmalı və müvafiq sənədlər əlavə etməklə elektron kabinet vasitəsilə müraciətini portala göndərməlidir: 2. Alıcı eyni binadan 1, yaxud bir neçə yaşayış və (və ya) qeyri-yaşayış sahəsi aldıqda, ƏDV- nin bir hissəsinin qaytarılması mexanizmi alınmış sahələrin hər biri üzrə 500 kvadratmetrdən çox olmayan hissəyə mütənasib ödənilmiş ƏDV-yə tətbiq edilir; 3. ƏDV bir hissəsi alınmış yaşayış və qeyri-yaşayış sahələrinin dəyəri nağdsız qaydada satıcıya tam şəkildə ödənildiyi halda qaytarılır; 4. Qaytarılacaq ƏDV məbləği müvəkkil bank tərəfindən bank əməliyyatlarının aparılmasına görə xidmət haqları çıxılmaqla alıcıya 30 iş günü müddətində müvəkkil bank vasitəsilə qaytarılır.
a) Birinci instansiya məhkəməsində icraat
7. İddiaçı cavabdeh Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin Bakı şəhəri Lokal Gəlirlər Baş İdarəsinə qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, ünvan 3 ünvanında yerləşən “AVANT Park” yaşayış Kompleksinin 11-ci binasında, 11-ci blok, 9-cu mərtəbə, 2 №li, üç otaqlı olan mənzilə görə İddiaçı qaytarılacaq olan ƏDV-nin yekun məbləği barədə məlumatın müvəkkil banka ("Azərbaycan Beynəlxalq Bankı” ASC-nin baş ofisi (Müştəri Xidmətləri Departamenti)) ötürülməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması barədə qərar qəbul edilməsini xahiş etmişdir.
8. İddia tələbi onunla əsaslandırılmışdır ki, iddiaçı xx.xx.2023-cü il tarixində “AVANT Group'“ MTK (bundan sonra “MTK") ilə 0653 saylı Payçı müqaviləsini bağlamışlar. Həmin Payçı müqaviləsinə əsasən iddiaçı ünvan 4 ünvanında tikilməkdə olan “AVANT PARK" Yaşayış Kompleksinin 11-ci binasında, 11- ci blok, 9-cu mərtəbə, 2 №li, üç otaqlı olan mənzili almış və bu mənzilə görə ƏDV daxil 182 984 manat məbləğində pul vəsaitləri MTK-nın hesablarına mədaxil edilmişdir. Daha sonra “AVANT Group" MTK ilə bağlanmış Payçı müqaviləsi və mədaxil qəbzlərinin surətləri əlavə edilməklə, Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin Bakı şəhəri Lokal Gəlirlər Baş İdarəsinə “Fiziki şəxslər tərəfindən nağdsız qaydada alınmış yaşayış və qeyri-yaşayış sahələrinə görə ödənilmiş əlavə dəyər vergisinin qaytarılması ilə bağlı elektron ərizə" xx.xx.2023-cü il tarixində müraciət etmişdir. Cavabdeh xx.xx.2023-cü il tarixli, **********945100 saylı qərarı ilə yaşayış və qeyriyaşayış sahələrinə görə ödənilmiş əlavə dəyər vergisinin qaytarılmasından imtina etmişdir. Cavabdeh öz imtinasını onunla əlaqələndirmişdir ki, Azərbaycan Respublikası Prezidentinin xx.xx.2022-ci il tarixli, 1693 nömrəli Fərmanı ilə təsdiq edilmiş "Fiziki şəxs olan istehlakçılar tərəfindən Azərbaycan Respublikasının ərazisində bina tikintisi fəaliyyəti ilə məşğul olan şəxslərdən nağdsız qaydada alınmış yaşayış və qeyri-yaşayış sahələrinə görə ödənilmiş əlavə dəyər vergisinin qaytarılması Şərtləri və Qaydasının 5.1.2-ci bəndinə əsasən Alıcı yaşayış və qeyriyaşayış sahələrinin tam dəyərini (ƏDV-siz) nağdsız qaydada Satıcının bank hesabına, ƏDV məbləğini isə Satıcının ƏDV depozit hesabına ödəməlidir. Lakin, alıcı İddiaçı tərəfindən təqdim edilmiş sənədlərin araşdırması zamanı yaşayış və qeyriyaşayış sahələrinin tam dəyərinin (ƏDV daxil) Satıcının bank hesabına ödənildiyi müəyyən edilmişdir. Həmin qərarda Cavabdeh özü də təsdiq etmişdir ki, tərəfindən ƏDV ödənilmiş, lakin Qaydanın 5.1.2-ci bəndinə uyğun ödəniş edilməmişdir. Çünki iddiaçı tərəfindən yaşayış sahəsinin qiyməti ƏDV daxil hesablanmış, MTK-ya ödəniş etsə də, müvafiq qaydada MTK da öz tərəfindən ƏDV məbləğini ödəmiş, vergiyə hesabat təqdim etmişdir. Bununla əlaqədar MTK-ya ərizə ilə müraciət edildiyi zaman iddiaçı tərəfindən ödənilmiş ƏDV məbləğinin ƏDV depozit hesabına köçürülməsi və müvafiq qaydada vergiyə hesabat verilməsi barədə MTK tərəfindən ərizəsi cavablandırılmışdır. İddiaçı tərəfindən MTK-nın cari hesabına ödənilmiş ƏDV məbləği MTK tərəfindən müvafiq qaydada ƏDV depozit hesabına köçürülmüşdür.
9. Cavabdeh iddiaya etiraz edir və bildirir ki, İddiaçı nağdsız qaydada alınmış yaşayış və qeyri-yaşayış sahələrinə görə ödənilmiş əlavə dəyər vergisinin qaytarılması ilə bağlı müraciət etmişdir. Alıcı İddiaçı tərəfindən xx.xx.2023-cü il tarixli elektron ərizəyə 653 nömrəli müqavilə, bank mədaxil qəbzi və digər sənədlər əlavə edilmişdir. Təqdim edilmiş sənədlərin araşdırılması zamanı müqavilə üzrə yaşayış və qeyri-yaşayış sahələrinin tam dəyərinin (ƏDV daxil) satıcının bank hesabına ödənildiyi müəyyən edilmişdir. Fiziki şəxsə ƏDV qaytarmaq ərizəsindən imtina barədə Bildiriş və Yaşayış və qeyri-yaşayış sahələrinə görə ödənilmiş əlavə dəyər vergisinin qaytarılmasından imtina edilməsi haqqında” xx.xx.2023-cü il tarixli **********945100 nömrəli Qərar göndərilmişdir. İddia ərizəsində qeyd edilir ki, cavabdeh formal tələblərə əsaslanaraq imtina etmişdir. Belə ki, tərəfindən ödənilmiş ƏDV məbləği hazırda dövlət büdcəsinə ödənilib. Sadəcə iki hesaba deyil, bir hesaba ödənilməsi səbəbi imtina üçün heç bir halda əsas ola bilməz. Alıcı İddiaçı tərəfindən təqdim edilmiş sənədlərin araşdırılması zamanı yaşayış və qeyriyaşayış sahələrinin tam dəyərinin (ƏDV daxil) satıcının bank hesabına ödənildiyi müəyyən edilmişdir. Ödənişin düzgün formada həyata keçirilməsi üçün iddiaçının heç bir əngəli olmamışdır.
10. Bakı İnzibati Məhkəməsinin 2-1(112)-610/2025 saylı, xx.xx.2025-ci il tarixli qərarı ilə iddia təmin edilməmişdir.
11. İddiaçı apellyasiya şikayəti verərək, həmin qərarının ləğv edilməsini və iddia tələbinin təmin edilməsi barədə yeni qərar qəbul edilməsini xahiş etmişdir. APELLYASİYA ŞİKAYƏTİNİN VƏ ONA QARŞİ ETİRAZİN DƏLİLLƏRİ, MƏHKƏMƏ İCRAATİ İŞTİRAKÇİLARİNİN İZAHATLARİ
b) Apellyasiya şikayətinin dəlilləri
12. Apellyasiya şikayəti iddiaya uyğun əsaslandırılmış və əlavə olaraq bildirilmişdir ki, Portal xx.xx.2022-ci il tarixdə tam işlək vəziyyətdə olmayıb. Proqram təminatının Portala həmin tarixlərdə inteqrasiya edilməməsi birbaşa dəlildir.
ç)Apellyasiya şikayətinə qarşı etirazın dəlilləri
13. Apellyasiya şikayətinə dair yazılı etiraz daxil olmuşdur. Etiraz onunla əsaslandırılmışdır ki, 2022 dekabr-2023-cü ilin yanvar-aprel ayları ərzində müraciətləri təsdiqlənmiş şəxslər barədə məlumatı əks etdirən cədvəl məhkəməyə təqdim edilmiş, həmin cədvələ əsasən də müəyyən edilir ki, sistemin işlək olmamasına, hətta 2022-ci ilin dekabr və 2023-cü ilin yanvar ayları üzrə müxtəlif şəxslərə ƏDV geri qaytarmaları həyata keçirilmişdir. Həmin siyahı üzrə təqdim edilmiş X2 və X6 aid olan ödəniş tapşırıqlarından da göründüyü kimi, Qaydaların qüvvəyə mindiyi tarixlə Portalın rəsmi istifadəyə verildiyi tarixlər arasında mənzilin alışı ilə əlaqədar müvəkkil bank vasitəsilə ödənişlər etmiş və ödənişlərin edilməsi zamanı qanunvericiliyin tələbləri gözlənilərək ƏDV məbləği satıcının ƏDV depozit hesabına ödənilmişdir.
c) Proses iştirakçılarının izahatları
14. Məhkəmədə iddiaçının nümayəndəsin və vəkili birinci instansiya məhkəməsinin qərarının ləğv edilməsinin və iddianın təmin edilməsinin məhkəmədən xahiş etmişdir. Cavabdeh məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada məlumatlandırılmasına baxmayaraq məhkəmə iclasına gəlməmişdir. Qanunvericiliyin tələbləri baxımından apellyasiya şikayətinə cavabdehin iştirakı olmadan baxılması məhkəmə kollegiyası tərəfindən mümkün hesab edildi.
TƏTBİQ EDİLƏN HÜQUQ
15. “İnzibati İcraat Haqqında” Azərbaycan Respublikası Qanununun: 2.0.6-cı maddəsinə əsasən inzibati icraat - fiziki və ya hüquqi şəxslərin müraciəti əsasında və ya inzibati orqanların öz təşəbbüsü ilə inzibati aktın qəbul edilməsi, icra olunması, dəyişdirilməsi və ya ləğv edilməsi, habelə inzibati şikayətlərə baxılması üzrə müvafiq inzibati orqanlar tərəfindən bu Qanunla müəyyən olunmuş prosedur qaydalar daxilində həyata keçirilən fəaliyyətdir. 15.1-ci maddəsinə əsasən qanunla məcburi şərt kimi nəzərdə tutulmuş hallar istisna olmaqla, yalnız formal tələblərə əməl olunmasını təmin etmək məqsədilə inzibati orqanlar tərəfindən fiziki və hüquqi şəxslərin üzərinə bu və ya başqa öhdəliklərin qoyulması qadağandır; 24.1-ci maddəsinə əsasən inzibati orqan inzibati icraat zamanı işin düzgün həlli üçün əhəmiyyət kəsb edən bütün faktiki halları hərtərəfli, tam və obyektiv araşdırmağa borcludur; 24.2-ci maddəsinə əsasən inzibati orqan maraqlı şəxslərin xeyrinə olan halların araşdırılmasından və nəzərə alınmasından imtina edə bilməz;
16. Azərbaycan Respublikası Vergi Məcəlləsinin: 165.6.-ci maddəsinə əsasən, fiziki şəxs olan istehlakçılar tərəfindən Azərbaycan Respublikasının ərazisində bina tikintisi fəaliyyəti ilə məşğul olan şəxslərdən nağdsız qaydada alınmış yaşayış və qeyri-yaşayış sahələrinə görə ödənilmiş ƏDV-nin qaytarılması şərtlərini və qaydasını müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqan (qurum) təsdiq edir. Bu maddəyə uyğun olaraq qaytarılan məbləğ ödənilmiş ƏDV-nin 30 faizini təşkil edir. Fiziki şəxs olan istehlakçılar eyni binadan bir və ya bir neçə yaşayış və (və ya) qeyri-yaşayış sahələrini aldıqda, ƏDV-nin qaytarılması alınmış yaşayış sahəsinin 500 kvadrat metr və qeyri-yaşayış sahəsinin 500 kvadrat metrdən çox olmayan hissəsinə mütənasib ödənilmiş ƏDV-yə tətbiq edilir.
17. Azərbaycan Respublikasının ərazisində bina tikintisi fəaliyyəti ilə məşğul olan şəxslərdən nağdsız qaydada alınmış yaşayış və qeyri-yaşayış sahələrinə görə ödənilmiş əlavə dəyər vergisinin qaytarılması Şərtləri və Qaydası”nın 5.1.2-ci bəndinə əsasən alıcı yaşayış və qeyri-yaşayış sahələrinin tam dəyərini (ƏDV-siz) nağdsız qaydada satıcının bank hesabına, ƏDV məbləğini isə satıcının ƏDV depozit hesabına ödəməlidir. Həmin Qaydanın 6-cı bəndi keçid müddəaları nəzərdə tutmuşdur. Keçid müddəaları Vergi Məcəlləsinin 165.6-cı maddəsinin qüvvəyə mindiyi 2020-ci il 01 yanvar tarixdən Qaydanın qüvvəyə mindiyi 2022-ci il 25 may tarixədək olan dövrə ərzindəyaranmış münasibətləri tənzimləmiş, Qaydanın zaman etibarilə qanunun qüvvəyə minməsindən xeyli müddət sonra qüvvəyə minməsinin şəxslərə münasibətdə yarada biləcəyi əlverişsiz vəziyyətləri onların maraqlarını nəzərə almaqla nizamlamağa yönəlmişdir.
18. Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsi Maddə 68.1 məhkəmə mübahisə ilə bağlı iş üzrə inzibati məhkəmə icraatı nəticəsində onda yaranmış daxili inam əsasında qərar qəbul edir. Qərarda məhkəmənin mövqeyi üçün əsas olmuş səbəblər göstərilməlidir. Maddə 68.2 məhkəmə qərarı yalnız məhkəmə icraatında tədqiq olunmuş və barələrində proses iştirakçılarının öz mülahizələrini bildirmək imkanına malik olduqları faktlar və sübutlarla əsaslandırılmalıdır. Maddə 82. Apellyasiya instansiyası məhkəməsi mübahisə ilə bağlı işə şikayət həddində və hüquqi məsələlər, habelə sübutlar və faktlar (faktiki hallar) əsasında mahiyyəti üzrə tam həcmdə baxır. Apellyasiya instansiyası məhkəməsi həmçinin bu Məcəllənin 12-ci maddəsinin tələblərinə əsasən yeni təqdim olunmuş sübutları (sübutetmə vasitələrini) və faktları (faktiki halları) da nəzərə alır. Maddə 87.6 Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qərarını dəyişdirmədən qüvvədə saxlaya bilər, dəyişdirə bilər və ya ləğv edərək (tam və ya qismən) yeni qərar qəbul edə bilər. Birinci instansiya məhkəməsinin qərarı apellyasiya tələbi həddində dəyişdirilə bilər. Maddə 87.7. Apellyasiya instansiyası məhkəməsi, bir qayda olaraq, mübahisə ilə bağlı işə mahiyyəti üzrə baxaraq həll edir. Məhkəmə icraatının davam etdirilməsinin zəruri olduğu aşağıdakı müstəsna hallarda apellyasiya instansiyası məhkəməsi, barəsində şikayət verilmiş məhkəmə qərarını ləğv edərək işi müvafiq inzibati məhkəməyə göndərə bilər: Maddə 87.7.1. inzibati məhkəmədə icraat zamanı yol verilmiş ciddi prosessual pozuntular səbəbindən əhəmiyyətli sayda və ya geniş həcmdə sübutların araşdırılması tələb olunduqda; Maddə 87.7.2. inzibati məhkəmə tərəfindən mahiyyəti üzrə qərar qəbul edilmədikdə; Maddə 87.8. Apellyasiya instansiyası məhkəməsi qərarını əsaslandırmağa borcludur. Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qərarını dəyişdirmədən qüvvədə saxladıqda, həmin qərardakı əsaslara istinad edə bilər. Lakin hər bir halda apellyasiya instansiyası məhkəməsinin qərarında apellyasiya şikayətinin dəlillərinə münasibət bildirilməlidir. Maddə 94.1 Kassasiya şikayəti məhkəmə qərarının tam formada təqdim olunduğu gündən 1 ay, məhkəmə qərardadının təqdim olunduğu gündən, həmçinin bu Məcəllənin 131.3-cü və 132.3-cü maddələrində nəzərdə tutulmuş hallarda 10 gün müddətində müvafiq apellyasiya instansiyası məhkəməsi vasitəsi ilə verilir. APELLYASİYA BAXİŞİNİN HƏDLƏRİ
19. Apellyasiya şikayətində qərar tam mübahisələndirildiyindən birinci instansiya məhkəməsinin aktı bütövlükdə yoxlanılır.
20. Qanunun tələbinə görə, apellyasiya instansiyası məhkəməsi mübahisə ilə bağlı işə şikayət həddində və hüquqi məsələlər, habelə sübutlar və faktlar (faktiki hallar) əsasında mahiyyəti üzrə tam həcmdə baxır.
APELLYASİYA İNSTANSİYASİ MƏHKƏMƏSİNİN MÖVQEYİ
21. Əvvəla məhkəmə Kollegiyası qeyd edir ki, hazırkı iddia inzibati mübahisə olmaqla inzibati məhkəmə icraatı qaydasında baxılmalı olduğundan məhkəmə və ərazi aidiyyəti baxımından düzgün verilmiş və inzibati-prosessual qanunvericiliyə əsasən məcburetmə haqqında iddia növünə aiddir. (İPM-nin 1.1, 2.2.2-ci maddələrinə əsasən)
22. İşin faktiki halları və apellyasiya şikayətinin dəlillərinə münasibətdə isə məhkəmə Kollegiyası tətbiq edilən hüquq normalarına (Bu Qərarın 15-18-ci bəndləri) əsaslanaraq qeyd edir ki, Kollegiya birinci instansiya məhkəməsinin mövqeyi ilə razılaşır.
23. Belə ki, hazırkı işin hallarından görünür ki, "xxxx" Mənzil Tikinti Kooperativi ilə “Payçı” adlanacaq İddiaçı arasında 0653 nömrəli, 05 yanvar 2023-cü il tarixli payçı müqavilə bağlanmışdır. Həmin müqaviləyə əsasən “MTK” pay qismində çıxış edən ünvan 1 ünvanında tikilməkdə olan “AVANT PARK” Yaşayış Kompleksinin 11-ci binasında, 11ci blok, 9-cu mərtəbə, 2 №-li, 3 otaqlı mənzili tikib “Payçı”-nın mülkiyyətinə verməyi öhdəsinə götürmüşdür. Həmin mənzilin ümumi dəyəri müqaviləyə əsasən 182984 manat təşkil edir. İddiaçı tərəfindən mənzilin ilkin ödənişi kimi 54984.00 manat "xxxx" MTK-nın hesabına ödənilmişdir. xx.xx.2023-cü il tarixdə isə iddiaçı tərəfindən "xxxx" MTK-nın hesabına 128 000,00 manat ödəniş edilmişdir. Lakin, iddiaçı tərəfindən yaşayış və qeyri-yaşayış sahələrinin tam dəyərinin (ƏDV daxil) yanvar 2023-cü il tarixdə satıcının bank hesabına ayrı-ayrılıqda deyil, birlikdə ödənildiyi müəyyən edilmişdir. Hazırda iddiaçı ödədiyi vəsait üzrə ƏDV-nin geri qaytarılmasını tələb edir.
24. Cavabdeh orqan isə alıcı İddiaçı tərəfindən təqdim edilmiş sənədlərin araşdırılması zamanı yaşayış və qeyri yaşayış sahələrinin tam dəyərinin (ƏDV daxil) satıcının bank hesabına ödənildiyin və ödənişin düzgün formada həyata keçirilmədiyini bildiriərək, iddia ərizəsini təmin etməkdən imtina etmişdir.
25. Məhkəmə kollegiyası iş materialları üzrə müəyyən olunan aşağıdakı hallar və qanunvericiliyin tələbləri nəzərə alınmaqla cavabdeh orqanın qeyd olunan dəliləri ilə razılaşır.
26. Belə ki, Azərbaycan Respublikasının ərazisində bina tikintisi fəaliyyəti ilə məşğul olan şəxslərdən nağdsız qaydada alınmış yaşayış və qeyri-yaşayış sahələrinə görə ödənilmiş əlavə dəyər vergisinin qaytarılması Şərtləri və Qaydası”nın 5.1.2-ci bəndinə əsasən alıcı yaşayış və qeyri-yaşayış sahələrinin tam dəyərini (ƏDV-siz) nağdsız qaydada satıcının bank hesabına, ƏDV məbləğini isə satıcının ƏDV depozit hesabına ödəməlidir. Lakin, iddiaçı yaşayış və qeyri-yaşayış sahələrinin tam dəyərinin (ƏDV daxil) yanvar 2023-cü il tarixdə satıcının bank hesabına ayrı-ayrılıqda deyil, birlikdə ödəmişdir.
27. Həmçinin, sözügedən Qaydanın 6-cı bəndi keçid müddəaları nəzərdə tutmuşdur. Keçid müddəaları Vergi Məcəlləsinin 165.6-cı maddəsinin qüvvəyə mindiyi 2020-ci il 01 yanvar tarixdən Qaydanın qüvvəyə mindiyi 2022-ci il 25 may tarixədək olan dövrə ərzindəyaranmış münasibətləri tənzimləmiş, Qaydanın zaman etibarilə qanunun qüvvəyə minməsindən xeyli müddət sonra qüvvəyə minməsinin şəxslərə münasibətdə yarada biləcəyi əlverişsiz vəziyyətləri onların maraqlarını nəzərə almaqla nizamlamağa yönəlmişdir.
28. Keçid müddəalarına görə Vergi Məcəlləsinin 165.6-cı maddəsinin qüvvəyə mindiyi 2020-ci il yanvarın 1-dən Fərmanla təsdiq edilmiş Qaydanın qüvvəyə mindiyi 25 may 2022-ci il tarixədək bina tikintisi fəaliyyəti ilə məşğul olan şəxslərdən yaşayış və qeyriyaşayış sahələrini əldə etmiş və ödənişi tam həyata keçirmiş, habelə əldə edilmiş yaşayış və qeyri-yaşayış sahələrinə görə ödənişləri davam etdirən alıcılara ödənilmiş ƏDV-nin 30 faizinin Qaydanın qüvvəyə mindiyi tarixədək ƏDV məbləğinin satıcının bank hesabına və ya ƏDV depozit hesabına ödənilməsindən asılı olmayaraq qaytarılması qaydası müəyyən edilmişdir.
29. Bununla bağlı kollegiya qeyd edir ki, iddiaçı yaşayış və qeyri-yaşayış sahələrinə dair müqaviləni xx.xx.2022- ci il tarixdən sonra, hətta portalın istifadədə verildiyi noyabr 2022-ci il tarixdən sonra, 05.012023-cü il tarixə bağlamış və müqavilələr üzrə ödənişi də həmin tarixdən sonra, xx.xx.2023-cü ildə etmişdir. Belə olan halda hazırkı iş üzrə mübahisə Qaydanın keçid normalarına görə deyil, ümumi qaydalara görə həll olunmalıdır. Buna görə, Qaydanın 5.1.2-ci bəndi iş üzrə tətbiq olunmalıdır, belə ki, iddiaçı yaşayış və qeyri-yaşayış sahələrinin tam dəyərini (ƏDVsiz) nağdsız qaydada satıcının bank hesabına, ƏDV məbləğinin isə satıcının ƏDV depozit hesabına ödədiyi halda, onun ödənilmiş ƏDV-nin 30 faizini geri almaq hüququ yaranardı.
30. Eyni zamanda iddiaçının apellyasiya şikayətinin dəlili olan Portalın xx.xx.2022-ci il tarixdə tam işlək vəziyyətdə olmaması dəlilinə münasibətdə kollegiya cavabdeh orqan Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin Bakı şəhəri Lokal Gəlirlər Baş İdarəsinə müvafiq sorğu vermişdir. xx.xx.2025-ci il tarixli sorğuya cavab məktubundan görünür ki, X2 və X6 aid olan ödəniş tapşırıqları göstərilən tarixlərdə qanunvericiliyin tələblərinə uyğun həyata keçirilmiş (ƏDV hesabı üçün ayrı qəbz verilmişdir) və xx.xx.2023-cü il tarixli Ödəniş tapşırığına əsasən X4 aldığı mənzilə görə ödədiyi 53.000 manat pul Avant Group MTK hesabına ödənilmişdir. Qeyd olunanlar ona əsas veriri ki, "xxxx" MTK həmin dövr üçün ƏDV qaiməsi vermək iqtidarında olmuşdur.
31. Göründüyü kimi (30-cü bənddə qeyd olunan şəxslərdlə bağlı) Qaydaların qüvvəyə mindiyi tarixlə Portalın rəsmi istifadəyə verildiyi tarixlər arasında mənzilin alışı ilə əlaqədar müvəkkil bank vasitəsilə ödənişlər edilmiş və ödənişlərin edilməsi zamanı qanunvericiliyin tələbləri gözlənilərək ƏDV məbləği satıcının ƏDV depozit hesabına ödənilmişdir. Lakin iddiaçıya münasibətdə ƏDV ayrıca hesaba ödənilməsi öz təstiqini tapmamışdır.
32. Qeyd olunanlar onu deməyə əsas verir ki, cavabdeh, iddiaçının hazırkı tələblə bağlı məhkəməyə qədər müraciətinin təmin edilməsindən imtina etməkdə haqlı olmuş, onun qanunla qorunun hüquqlarını pozmamışdır.
33. Məhkəmə kollegiyası qeyd olunanları nəzərə alaraq belə qənaətə gəlir ki, apellyasiya şikayətinin dəlilləri birinci instansiya məhkəməsinin qəbul etdiyi qərarın ləğvi üçün əsas hesab edilə bilməz. Hesab olunur ki, birinci instansiya məhkəməsi iddianı təmin etməməklə mübahisənin faktiki halları, tərəflərin münasibətləri və tətbiq edilməli olan hüquqla bağlı düzgün nəticəyə gəlmişdir.
34. İnzibati Prosessual Məcəllənin 12-ci maddəsinə əsasən məhkəmə proses iştirakçılarının izahatları, ərizə və təklifləri ilə, onların təqdim etdikləri sübutlarla və işdə olan digər materiallarla kifayətlənməyərək, mübahisənin düzgün həlli üçün əhəmiyyət kəsb edən bütün faktiki halları xidməti vəzifəsinə görə araşdırmağa borcludur.
35. Beləliklə, məhkəmə Kollegiyası hesab edir ki, apellyasiya şikayəti təmin olunmamalı, Bakı İnzibati Məhkəməsinin 2-1(112)-610/2025 saylı, xx.xx.2025-ci il tarixli qərarı dəyişdirilmədən qüvvədə saxlanılmalıdır.
36. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası İPM-nin 68.1-ci, 68.2-ci, 68.3-cü, 87.6-cı, 87.8-ci, 94.1.-ci maddələrini rəhbər tutaraq, Məhkəmə kollegiyası
qərara aldı:
İddiaçı tərəfindən verilmiş apellyasiya şikayəti təmin edilməsin. Bakı İnzibati Məhkəməsinin 2-1(112)-610/2025 saylı, xx.xx.2025-ci il tarixli qərarı dəyişdirilmədən qüvvədə saxlanılsın. Qərardan, Kassasiya şikayəti məhkəmə qərarının tam formada təqdim olunduğu gündən 1 ay müddətində, Bakı Apellyasiya Məhkəməsi vasitəsilə Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyasına verilə bilər.