Məhkəmə qərarları › İş №2-1(103)-4045/2024

Bakı Apellyasiya Məhkəməsi Qərardad — İş №2-1(103)-4045/2024

17.12.2024 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 2-1(103)-4045/2024 17.12.2024 BAKI APELLYASİYA MƏHKƏMƏSİ İddiaçı Cavabdeh Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsi 1 saylı Bakı Ərazi İdarəsinə qarşı “qeyri-yaşayış sahəsinə çıxarışın verilməsi” tələbinə dair iddiası üzrə “3-cü şəxs qismində işə cəlb edilmə” barədə ərizəyə dair GİRİŞ HİSSƏ Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyası X14 Cəmilovanın sədrliyi və məruzəsi ilə, X6 və X13 ibarət tərkibdə, X10-Yusiflinin katibliyi ilə, İddiaçı qanuni təmsilçisi X2 və vəkili Vəkil2, Cavabdehin nümayəndəsi X7, X1 nümayəndəsi və vəkili Vəkil1 iştirakı ilə, 1 saylı Bakı İnzibati-İqtisadi Məhkəməsinin 2-1(81)-3843/2019 saylı inzibati işi üzrə üçüncü şəxs qismində icraata cəlbedilmə barədə X1 ərizəsinə dair Bakı İnzibati Məhkəməsinin 2-1(81)-3843/2019 saylı 11 sentyabr 2024-cü il tarixli qərardadından ərizəçi tərəfindən verilmiş şikayətə 17 dekabr 2024-cü il tarixdə Bakı Apellyasiya Məhkəməsinin (ünvan: ünvan 2əhəllə) binasında açıq məhkəmə iclasında şifahi məhkəmə baxışı qaydasında baxaraq aşağıdakı qərardadı qəbul etdi. TƏSVİRİ HİSSƏ İddiaçı cavabdeh Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsi 1 saylı Bakı Ərazi İdarəsinə qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət etmişdir. 1 saylı Bakı İnzibati-İqtisadi Məhkəməsinin 2-1(81)-3843/2019 saylı xx.xx.2019-cu il tarixli qərarı ilə İddiaçı cavabdeh Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsi 1 saylı Bakı Ərazi İdarəsinə qarşı iddia tələbi təmin edilərək, ünvan 3 ünvanda yerləşən ümumi sahəsi 191.3 kv.m. qeyri-yaşayış sahəsinin İddiaçı adına eskiz layihəyə uyğun olaraq daşınmaz əmlakın dövlət reyestrində qeydə alınması, həmin qeyri-yaşayış sahəsinə dair çıxarışın verilməsi öhdəliyinin Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsin 1 saylı Bakı Ərazi İdarəsinə həvalə edilməsi qərara alınmışdır. Sonradan X4 məhkəməyə ərizə ilə müraciət edərək, iş üzrə üçüncü şəxs qismində cəlb edilərək 1 saylı Bakı İnzibati-İqtisadi Məhkəməsinin 2-1(81)-3843/2019 saylı xx.xx.2019-cu il tarixli qərarının ləğv edilməsi və işə mahiyyəti üzrə baxılmasının təzələnməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir. Ərizə onunla əsaslandırılmışdır ki, qeyd olunan məhkəmə qərarı inzibati məhkəmə icraatına cəlb olunmamış üçüncü şəxs X8 maraqlarına toxunur. Məhkəmə qərarından yalnız iddaçı İddiaçı cavabdeh X11 qarşı qeyri-yaşayış sahəsindən çıxarılma tələbinə dair kommersiya işi üzrə iddia qaldırıldığını bilən kimi tərəfindən göndərilmiş vəkil sorğusuna verilmiş cavabdan sonra məlumatlı olmuşlar. Belə ki, Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında ƏMDX DƏDKR publik hüquqi şəxsin xx.xx.2024-cü il tarixli məktubundan görünür ki, İddiaçı adına ünvan 4 ünvanında yerləşən qeyri-yaşayış sahəsi 1 saylı Bakı İnzibati Məhkəməsinin 2-1 (81 )-3843/2019 nömrəli xx.xx.2019-cu il tarixli qərarına əsasən qeydiyyata alınmışdır. Qeyd edir ki, İddiaçı adına rəsmiləşdirilmiş qeyri-yaşayış sahəsi X11 məxsus olan qeyri-yaşayış sahəsi ilə üst-üstə düşür. Tərəflər arasında qeyd olunan əmlakla bağlı 2012-ci ildə Yasamal Rayon Məhkəməsində mübahisə olmuş, İddiaçı direktoru X5 həmin işdə iddiaçı qismində iştirak etmiş və nəticədə məhkəmə qərarı Sahib Əliyevin xeyrinə yekunlaşmışdır. Hazırda həmin mülki işin materialları ilə tanış olmaq üçün vəsatət verilmişdir. Sənədlər əldə edildikdən sonra məhkəməyə təqdim ediləcəkdir. Onu da qeyd edir ki, Sahib Əliyevə məxsus olan Bakı şəhəri, Yasamal rayonu, Xiyabani küçəsində yerləşən qeyri-yaşayış sahəsi uzun müddətdir ki, kafe kimi fəaliyyət göstərir və İddiaçınə məxsus olan digər qeyri-yaşayış sahəsi ilə qonşuluqda yerləşir. Məhkəmə qərarı çıxarılarkən ən azı yerli baxış keçirilsəydi, o zaman iddia tələbində hüquqlarının təmin olunması xahiş edilən qeyri-yaşayış sahəsinin Sahib Əliyevin sahiblik və istifadəsində olması müəyyən olunacaqdı. Bundan başqa, Sahib Əliyevin adında kommunal xərclərin ödənilməsinə dair müqavilələr yenilənmiş (həmin müqavilələr 30 ildir ki Sahib Əliyevlə bağlanır) və hazırda məhkəməyə təqdim olunur. Həmçinin, qeyri-yaşayış sahəsinin layihəsi də təqdim olunur. Qeyd edir ki, inzibati məhkəmə icraatına cəlb olunmamış üçüncü şəxs X18 1 saylı Bakıİnzibati Məhkəməsinin 2-1(81)-3843/2019 nömrəli xx.xx.2019-cu il tarixli qərarının mövcudluğundan Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında ƏMDX DƏDKR publik hüquqi şəxsin xx.xx.2024-cü il tarixli məktubundan sonra məlumatlı olmuşdur. Deməli, İddiaçı direktoru X5 2019-cu ildə məhkəməyə müraciət etməklə Sahib Əliyevlə aralarında olan Yasamal Rayon Məhkəməsindəki mübahisəni gizlətmiş və məhkəməni aldadaraq mülkiyyət hüququnun tanınmasına nail olmuşdur. Azərbaycan Respublikası İPM-nin 28.2-ci maddəsinə əsasən mübahisə edilən hüquq münasibətində üçüncü şəxsin iştirakının xarakteri inzibati məhkəmə icraatının tərəfləri və həmin üçüncü şəxs barəsində vahid qərarın qəbul olunmasını şərtləndirdiyi hallarda, həmin şəxs iştirakçı kimi inzibati məhkəmə icraatına mütləq cəlb edilməlidir (zəruri cəlbetmə). Ona görə də hesab edir ki, 1 saylı Bakı-İnzibati Məhkəməsinin 2-1(81)-3843/2019 nömrəli xx.xx.2019-cu il tarixli qərarı ləğv edilməli və X18 hazırki iş üzrə məhkəmə icraatına üçüncü şəxs kimi cəlb edilməlidir. Bakı İnzibati Məhkəməsinin 2-1(81)-3843/2019 saylı 11 sentyabr 2024-cü il tarixli qərardadı ilə ərizənin təmin edilməməsi qərara alınmışdır. Həmin qərardaddan narazı qalan ərizəçi tərəfindən apellyasiya şikayəti verilərək qərardadın ləğv edilməsi və ərizənin təmin edilməsi barədə qərardad qəbul edilməsi xahiş edilmişdir. Apellyasiya şikayətinin və ona əlavənin dəlilləri Apellyasiya şikayəti ərizənin məzmununa uyğun əsaslandırılmış və əlavə olaraq bildirilmişdir ki, qərardad qanuna zidd və əsassız olduğu üçün ləğv edilməlidir. Belə ki, qərardadda maddi hüquq normaları pozulmaqla qanunlar düzgün tətbiq edilməmişdir. Məhkəmə qərardadında qeyd edilir ki, X4 öz ərizəsində məhkəmənin qeyd edilən qərarının ləğv edilərək işə onun iştirakı ilə yenidən baxılmalı olmasını qeyd etsə də, qanuni qüvvəsini almış məhkəmə qərarı ilə onların hansı hüquqlarının və qanunla qorunan maraqlarının pozulmasını, pozulmanın əhəmiyyətini öz ərizəsində əsaslandırmamış, sadəcə olaraq onun istifadəsində olan qeyri-yaşayış sahəsinin hazırda iddiaçının mülkiyyətində olan mübahisəli qeyri-yaşayış sahəsinin bir hissəsi ilə üst-üstə düşdüyünü qeyd etmiş, lakin bununla bağlı məhkəməyə hər hansı bir sübut (həmin qeyri- yaşayış sahəsinin onun qanuni istifadəsində olması və yaxud onun həmin qeyri-yaşayış sahəsinə dair gözlənilən mülkiyyət, istifadə və ya icarə hüququnun olması ilə bağlı) məhkəməyə təqdim edə bilməmişdir (səhifə 5, abzas 9). Məhkəmənin bu mövqeyi ilə razılaşmaq mümkün deyil. Çünki İddiaçı adına rəsmiləşdirilmiş qeyri-yaşayış sahəsi X11 məxsus olan qeyri-yaşayış sahəsi ilə üst-üstə düşür. Sahib Əliyevə məxsus olan Bakı şəhəri, Yasamal rayonu, Xiyabani küçəsində yerləşən qeyri-yaşayış sahəsi uzun müddətdir ki, kafe kimi fəaliyyət göstərir və İddiaçınə məxsus olan digər qeyri-yaşayış sahəsi ilə qonşuluqda yerləşir. Məhkəmə qərarı çıxarılarkən ən azı yerli baxış keçirilsəydi, o zaman iddia tələbində hüquqlarının təmin olunması xahiş edilən qeyri-yaşayış sahəsinin Sahib Əliyevin sahiblik və istifadəsində olması müəyyən olunacaqdı. Hətta, üçüncü şəxs qismində cəlbetmə barədə ərizəyə baxılarkən yerli baxış keçirilməsi barədə vəsatət verilsə də, məhkəmə prosessual hüquq normalarının tələbini pozaraq həmin vəsatətə münasibət belə bildirməmişdir. Bundan başqa, Sahib Əliyevin adında kommunal xərclərin ödənilməsinə dair müqavilələr yenilənmiş (həmin müqavilələr 30 ildir ki Sahib Əliyevlə bağlanır) və məhkəməyə təqdim olunmuşdur. Həmçinin, mübahisəli qeyri-yaşayış sahəsinin layihəsi də məhkəməyə təqdim olunmuşdur. Həmin layihə icra hakimiyyəti tərəfindən təsdiq olunmasa da, hazırda qeyri-yaşayış sahəsinin Sahib Əliyevin istifadəsi və sahibliyində olmasını da inkar etmir. X29 layihəni icra hakimiyyətində təsdiq etdirmək istəyərkən müəyyən olunmuşdur ki, onun əmlakına dair İddiaçı tərəfindən onun xəbəri olmadan qanunsuz olaraq məhkəmə qərarı çıxarılaraq mülkiyyət sənədi verilmişdir. Qeyd olunanlardan əlavə, 1 saylı Bakı İnzibati-İqtisadi Məhkəməsində 2019-cu ildə işə baxılarkən İddiaçı rəhbəri tərəflər arasında daha əvvəl mövcud olmuş məhkəmə çəkişmələri barədə məlumat verməmiş və bu faktı məhkəmədən gizlətmişdir. Belə ki, 2011-ci ildə İddiaçı rəhbəri X16 Rayon Məhkəməsinə müraciət edərək cavabdeh X9 ünvan 6 ünvanda yerləşən 40 kv metr sahədən ibarət olan qeyri-yaşayış sahəsindən çıxarılmasını xahiş etmişdir. Yasamal Rayon Məhkəməsinin 2(004)-3270/2011 nömrəli xx.xx.2011-ci il tarixli qətnaməsi ilə iddia təmin edilsə də, Bakı Apelyasiya Məhkəməsinin 2(103)- 557/2012 nömrəli xx.xx.2012-ci il tarixli qətnaməsi ilə Sahib Əliyevin apelyasiya şikayəti təmin edilərək qətnamə ləğv edilmiş və iddia təmin edilməmişdir. Həmin qətnamədən Rasim Qasımbəyli kassasiya şikayəti versə də Ali Məhkəmənin 2(102)-2170/2012 nömrəli xx.xx.2012-ci il tarixli qərarı ilə qətnamə dəyişdirilmədən saxlanılmışdır. Beləliklə, nəticədə İddiaçı rəhbəri Rasim Qasımbəyli cavabdeh Sahib Əliyevə qarşı məhkəmə çəkişmələrini uduzmuşdur. Qanuni qüvvəsini almış Bakı Apelyasiya Məhkəməsinin 2(103)-557/2012 nömrəli xx.xx.2012-ci il tarixli qətnaməsində qeyd edilir ki, məhkəmə kollegiyasının qənaətinə görə mübahisəli tikilinin məhz Bakı şəhəri Yasamal Rayon İcra hakimiyyəti başçısının 22 iyun 1992-ci il tarixli sərəncamı əsasında iddiaçı tərəfindən inşa edilmiş tikili olmasına əsas vermir (səhifə 5, abzas 3). Daha sonra qətnamədə qeyd edilir ki, göründüyü kimi, iddiaçı X2 mübahisələndirdiyi Bakı şəhəri, M.Xiyaban i küçəsi, 14a-da yerləşən mübahisəli tikilinin Bakı şəhəri Yasamal rayon icra hakimiyyəti başçısının 22 iyun 1992-ci il tarixli sərəncamı ilə ünvan 7 ünvanda tikintisinə icazə verilmiş tikili olması işdə olan sübutlarla təsdiq olunmur (səhifə 5, abzas 6). Məhkəmə kollegiyası, həmçinin qeyd etməyi zəruri hesab edir ki, iddiaçı X5 ünvan 8 ünvanda yerləşən mübahisəli tikiliyə hüququnun olmasını təsdiq edən hər hansı sübutu məhkəməyə təqdim etməmişdir (səhifə 5, abzas 7). Göründüyü kimi qanuni qüvvəyə minmiş məhkəmə qətnaməsi ilə mübahisəli qeyri-yaşayış sahəsinin Bakı şəhəri Yasamal Rayon İcra Hakimiyyəti başçısının 22 iyun 1992-ci il tarixli sərəncamı ilə İddiaçınə tikintisinə icazə verilmiş tikili olması sübutlarla təsdiqini tapmadığı müəyyən olunsa da, Bakı İnzibati Məhkəməsinin 2-1(81)-3843/2019 nömrəli xx.xx.2024-cü il tarixli qərardadında qeyd olunur ki, bundan əlavə hazırki qərarla daşınmaz əmlak üzərində hüquqları qeydiyyata alınmış sahə Bakı şəhəri Yasamal Rayon İcra Hakimiyyəti başçısının 22 iyun 1992-ci il tarixli sərəncamı ilə ünvan 9 ünvanında tikintisinə icazə verilmiş tikililər olmaqla, həmin tikililərin layihəsi Bakı şəhər İcra Hakimiyyəti Memarlıq və Şəhərslama Baş İdarəsi tərəfindən razılaşdırılmışdır. (səhifə 6, abzas 2). Halbuki həmin sərəncamın arxiv kötüyü, ümumiyyətlə belə bir sərəncamın mövcud olub-olmaması araşdırılmamış və bu barədə heç bir müvafiq orqana sorğu göndərilməmişdir. Həmçinin yuxarıda qeyd edildiyi kimi, qanuni qüvvəsini almış məhkəmə qərarları ilə müəyyən edilmişdir ki, sözügedən vaxt Müəssisənin direktoru R.Qasımbəylinin mübahisələndirdiyi, X8 istifadəsində olan ünvan 10 ünvanında yerləşən mübahisəli tikilinin Bakı şəhəri Yasamal Rayon İcra Hakimiyyəti başçısının 22 iyun 1992-ci il tarixli sərəncamı ilə ünvan 9 ünvanında tikintisinə icazə verilmiş tikili olması işdə olan sübutlarla təsdiq olunmamışdır. Hazırki ərizəyə məhkəmədə baxılarkən işə baxan hakim mübahisəli qeyri-yaşayış sahəsinin Sahib Əliyevin qanuni istifadəsində olması barədə ondan sübut tələb etmişdir. O da qeyd etmişdir ki, ilk növbədə qeyri-yaşayış sahəsinin İddiaçı qanuni istifadəsində olması barədə sübut tələb olunmalıdır. Çünki 1 saylı Bakı İnzibati-İqtisadi Məhkəməsinin xx.xx.2019-cu il tarixli, 2-1(81)-3843/2019 saylı qərarının istinad etdiyi əsas sübut Prime Legal ekspertiza və hüquq şirkətinin təqdim etdiyi xx.xx.2019-cu il tarixli ekspert rəyidir. Məhkəmə təcrübəsində bu tip özəl şirkətlər tərəfindən təqdim olunan mütəxəssis rəyləri adətən qəbul edilmir. Əgər məhkəmə işə qanuni şəkildə araşdırma aparıb qərar çıxarmaq istəyirdisə, o zaman Məhkəmə Ekspertia Mərkəzinə göndərib rəy əldə edə bilərdi. Bu da məhkəmə qərarının heç bir sübuta söykənmədiyini bir daha təsdiq etmiş olur. Hazırda apelyasiya şikayətinə əlavə verilərək şikayətin nəticə hissəsinin dəqiqləşdirilməsinə zərurət yaranmışdır. Bakı İnzibati Məhkəməsinin 2-1(81)-3843/2019 nömrəli xx.xx.2024-cü il tarixli qərardadının ləğv edilərək X1 1 saylı Bakı İnzibati-İqtisadi Məhkəməsinin xx.xx.2019-cu il tarixli 2-1(81)-3843/2019 saylı qərarının ləğv edilməsi və iş üzrə məhkəmə icraatına üçüncü şəxs qismində cəlb edilməsi barədə ərizəsinin təmin edilməsini xahiş etmişdir. Tərəflərin izahatları Ərizəçinin nümayəndəsi Vəkil1 apellyasiya şikayətini müdafiə edərək və onun məzmununa uyğun izahat verərək, şikayətin təmin edilməsini, birinci instansiya məhkəməsinin qərardadının ləğv edilərək ərizənin təmin edilməsini xahiş etmişdir. İddiaçı qanuni təmsilçisi X5 və onun vəkili Vəkil2 apellyasiya şikayətinin dəlillərinə etiraz edərək onun təmin edilməməsini və birinci instansiya məhkəməsinin qərardadının dəyişdirilmədən saxlanılmasını xahiş etmişdir. Cavabdehin nümayəndələri X19 apellyasiya şikayətinin dəlillərinə etiraz edərək onun təmin edilməməsini və birinci instansiya məhkəməsinin qərardadının dəyişdirilmədən saxlanılmasını xahiş etmişdir. Məhkəmə iclasında iştirak edən mütəxəssis X20 bildirmişdir ki, iddiaçının adına çıxarış verilən zaman, yəni 2020-ci ildə həmin çıxarışa dair texniki pasport tərtib olunan zaman Sahib Əliyev tərəfindən istifadə olunan obyektin 1-ci mərtəbəsi əks olunsa da, sonradan tikilən 2-ci mərtəbə sonradan tikildiyi üçün həmin texniki pasportda mövcudu deyildir. ƏSASLANDİRİCİ HİSSƏ Azərbaycan Respublikasının İnzibati-Prosessual Məcəllənin 87.6-cı maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qərarını dəyişdirmədən qüvvədə saxlaya bilər, dəyişdirə bilər və ya ləğv edərək (tam və ya qismən) yeni qərar qəbul edə bilər. Hazırki işdən müəyyən olunur ki, ərizəçi X21 1 saylı Bakı İnzibati-İqtisadi Məhkəməsinin 2-1(81)-3843/2019 saylı xx.xx.2019-cu il tarixli qərarının ləğv edilərək iş üzrə məhkəmə icraatına üçüncü şəxs qismində cəlb edilməsini tələb edir. Birinci instansiya məhkəməsi ərizənin təmin edilməməsi qənaətinə gəlmişdir. Məhkəmə kollegiyası birinci instansiya məhkəməsinin gəldiyi nəticə ilə razılaşaraq aşağıdakıların da qeyd olunmasını zəruri hesab edir. İnzibati-Prosessual Məcəllənin: 28.1. İş üzrə məhkəmə qərarı qanuni qüvvəyə minənə qədər və ya iş yuxarı instansiya məhkəməsinin icraatında olduğu müddətdə, məhkəmə qərarının digər şəxslərin qanunla qorunan maraqlarına toxunacağı hallarda, məhkəmə xidməti vəzifəsinə uyğun olaraq öz təşəbbüsü ilə və ya həmin şəxslərin vəsatəti əsasında onları üçüncü şəxs qismində inzibati məhkəmə icraatına cəlb edə bilər. Məhkəmə qərarının qəbul edildiyi, lakin qanuni qüvvəyə minmədiyi dövrdə məhkəmə üçüncü şəxslərin icraata cəlb edilməli olduğu qənaətinə gəldikdə, həmin məhkəmə qərarının ləğv edilməsi və işə mahiyyəti üzrə baxılmasının təzələnməsi barədə qərardad qəbul edir. 28.2. Mübahisə edilən hüquq münasibətində üçüncü şəxsin iştirakının xarakteri inzibati məhkəmə icraatının tərəfləri və həmin üçüncü şəxs barəsində vahid qərarın qəbul olunmasını şərtləndirdiyi hallarda, həmin şəxs iştirakçı kimi inzibati məhkəmə icraatına mütləq cəlb edilməlidir (zəruri cəlbetmə). “Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 28-ci maddəsinin şərh edilməsinə dair” Konstitusiya Məhkəməsi Plenumunun 12 aprel 2017-ci il tarixi qərarında göstərilmişdi ki, işdə iştirak etməyə cəlb olunmayan, məhkəmə aktı ilə maraqlarına toxunan şəxslərin şikayəti üzrə işə yenidən baxılması məhkəmə səhvlərinin, məhkəmə qərarlarının əsaslı olmamasının, maddi hüquq normalarının məhkəmə tərəfindən düzgün tətbiq edilməməsinin və ya prosessual qanunvericilik normalarının pozulmasının və ya digər məsələlərin yoxlanılması məqsədini daşımamalıdır. Bu zaman məhkəmənin üzərinə düşən əsas vəzifə həmin məhkəmə aktı ilə maraqlarına toxunan şəxslərin pozulmuş hüquqlarının bərpa edilməsidir. Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyasının 01/2022 saylı 17 fevral 2022-ci il tarixli “İnzibati məhkəmə icraatına üçüncü şəxslərin cəlb edilməsi və onların hüquqi müdafiə vasitələrindən istifadə hüquqlarına dair” qərardadında qeyd edilmişdir ki, “... qəbul edilməsi nəzərdə tutulan məhkəmə aktının digər şəxslərin maraqlarına birbaşa təsir törətməsi halından o zaman söz edilə bilər ki, həmin məhkəmə aktı üçüncü şəxsin hüquqi statusuna təsir etmiş olsun, yəni ona münasibətdə konkret hüquqlar və vəzifələr yaratsın, yaxud mövcud hüquqları və vəzifələri ləğv etsin və ya dəyişdirsin. ... Cəlbetmə üçün həlledici olan məsələlərdən biri də qəbul edilməsi nəzərdə tutulan məhkəmə qərarının mübahisə tərəfləri olmayan digər şəxslərin qanunla qorunan maraqlarına toxunma halını yaratmasıdır. Belə olan halda, qanunla qorunan maraqlara nəyin aid edilə biləcəyinə aydınlıq gətirilməlidir. Maraqların maddi hüquqla müəyyən olunduğu nəzərə alındıqda qanunla qorunan maraq kimi maddi hüquq norması əsasında tanınmış maraqlar çıxış edirlər. Başqa sözlə, diqqət yetirilməli olan hal ondan ibarətdir ki, konkret baxılan iş üzrə mübahisənin həlli ilə bağlı tətbiq edilən və ya edilməli olan maddi hüquq normalarından hər hansı biri üçüncü şəxsin mənafeyini bu və ya digər dərəcədə müdafiə edirmi? Bu mənada, mütləq nəzərə almaq lazımdır ki, üçüncü şəxs qismində icraata qoşula bilmək üçün şəxsin hüquqları hüquqi mənada qorunmalıdır, yəni mübahisənin həlli ilə əlaqədar tətbiq edilən və ya edilməli olan konkret maddi-hüquq normalarından hər hansı biri şəxsin mənafeyinin bu və ya digər dərəcədə müdafiəsi məqsədini güdməlidir. Hüquqi maraq müəyyən olunmadan, sırf məhkəmə qərarının çıxarılmasından sonra yaranacaq iqtisadi, sosial, mənəvi və ya başqa faktiki maraqların mövcudluğu cəlbetmə üçün yetərli deyildir.” İş üzrə 1 saylı Bakı İnzibati-İqtisadi Məhkəməsinin 2-1(81)-3843/2019 saylı xx.xx.2019-cu il tarixli qərarı ilə ünvan 3 ünvanda yerləşən ümumi sahəsi 191.3 kv.m. olan qeyri-yaşayış sahəsinin İddiaçı adına eskiz layihəyə uyğun olaraq daşınmaz əmlakın dövlət reyestrində qeydə alınması, həmin qeyri-yaşayış sahəsinə dair çıxarışın verilməsi öhdəliyi Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsin 1 saylı Bakı Ərazi İdarəsinə həvalə edilmişdir. Məhkəmənin sözügedən qərarı xx.xx.2020-ci il tarixdə qanuni qüvvəsini almış və icra olunması üçün Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsin 1 saylı Bakı Ərazi İdarəsinə göndərilmişdir. Bununla bağlı ünvan 4 ünvanında yerləşən sahəsi 186.3 kv.m. olan qeyri-yaşayış binası İddiaçı kiçik müəssəsinin adına xüsusi mülkiyyət hüququ əsasında qeydiyyata alınmış və xx.xx.2020-ci il qeydiyyat tarixli ********** qeydiyyat nömrəli “Hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestrindən Çıxarış” verilmişdir. Hazırda ərizəçi Sahib Əliyev işə 3-cü şəxs qismində cəlb edilməsini tələb edir və bu cəlbetmənin əsası kimi ona istinad edir ki, məhkəmə qərarı ilə iddiaçının adına rəsmiləşdirilmiş qeyri-yaşayış sahəsinin bir hissəsi uzun müddətdi ki, onun faktiki istifadəsindədir, digər tərəfdən iddiaçının qanuni təmsilçisi tərəfindən ona qarşı 2012-ci ildə baxılmış mülki iş üzrə onun qeyri-yaşayış sahəsindən çıxarılmasına dair iddia tələbi rədd edilmişdir, bu barədə məhkəmə qərarının mövcudluğu hazırki işə mahiyyəti üzrə birinci instansiya məhkəməsi tərəfindən baxılarkən iddiaçı tərəfindən bildirilməmişdir. Ərizəçi məhkəmə qərarı ilə iddiaçının adına rəsmiləşdirilmiş qeyri-yaşayış sahəsinin bir hissəsinin onun faktiki istifadəsində olmasını təsdiq edən sübutlar qismində aşağıdakı sənədləri təqdim etmişdir. - Yasamal rayon Sukanal İdarəsinin xx.xx.2024-cü il tarixli 074597 nömrəli üzləşmə aktı. Həmin akta əsasən Yasamal rayon Sukanal İdarəsinin İdarə rəisi ilə abonent X18 tərəfdən sudan istifadəyə və kanalizasiya xidmətinə görə tərəflər arasında qarışılıqlı hesablaşmalar aparılmış və üzləşmə aktı tərtib edilmişdir; - Su təchizatı və tullantı sularının axıdılması xidmətlərinə dair hüquqi şəxslərlə və hüquqi şəxs yaratmadan sahibkarlıq fəaliyyəti ilə məşğul olan fiziki şəxslərlə bağlanan xx.xx.2024-cü il tarixli müqavilə. Həmin müqavilə bir tərəfdən "xxxx" Açıq Səhmdar Cəmiyyətinin Yasamal Rayon Sukanal İdarəsi rəisi, digər tərəfdən X18 şəxsində “Su təchizatı və tullantı suları haqqında" Qanuna uyğun olaraq bağlanmış və obyektin xidməti ünvanı olaraq Xiyabani küçəsi 14/A göstərilmişdir; - Enerjitəchizatı müəssisəsi ilə qeyri-istehsal müəssisəsi, ticarət, ictimai iaşə və digər növ xidmət müəssisəsi arasında elektrik enerjisinin alqı-satqısının xx.xx.2024-cü il tarixli birtipli müqaviləsi. Müqavilə tərəflər-"xxxx" ASC ilə abonent “İbrahim Market” X18 (ünvan: Xiyabani 12) arasında bağlanmışdır; - 56 saylı Mənzil-Kommunal İstismar sahəsinin 98 nömrəli xx.xx.2024-cü il tarixli arayışı. Həmin arayışa əsasən Xiyabani küçəsi 14 a saylı yataqxananın yaxınlığında qeyriyaşayış sahəsi (“Qaymaq” kafesi) 2008-ci ildən X8 istifadəsindədir. - Yasamal Rayon Məhkəməsinin 2(004)-3270/2011 saylı 06 sentyabr 2011-ci il tarixli qətnaməsi ilə iddiaçı X3 iddiası qismən təmin edilərək, cavabdeh X9 ünvan 12 ünvanda yerləşən 40 kv.metr sahədən ibarət olan qeyri-yaşayış sahəsindən çıxarılması və qalan hissədə iddianın təmin edilməməsi qət olunmuşdur. Həmin qətnamə cavabdeh X9 verdiyi apellyasiya şikayətinə əsasən Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının 2(103)- 557/2012 saylı 11 yanvar 2012-ci il tarixli qətnaməsi ilə ləğv edilmiş və iddiaçı X3 cavabdeh X11 qarşı qeyri-yaşayış sahəsindən çıxarılma və dəymiş ziyanın ödənilməsinə dair iddia tələbinin təmin edilməməsi qət olunmuşdur. Həmin qətnamə Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasının 2(102)-2170/1227 saylı 27 iyun 2012-ci il tarixli qərarı ilə dəyişdirilmədən saxlanılmışdır. Sadalanan sənədlərdən müəyyən olunur ki, hazırki iş üzrə qəbul edilmiş məhkəmə qərarı ilə iddiaçının adına rəsmiləşdirilmiş qeyri-yaşayış sahəsinin bir hissəsi hələ 2011-ci ildən ərizəçi Sahib Əliyevin faktiki istifadəsində olmuş, sonuncu tərəfindən həmin qeyriyaşayış sahəsi üzərində müvafiq hüquqlarından birinin qeydə alınması ilə bağlı hər hansı sənəd məhkəməyə təqdim olunmamışdır. Belə sənəd qismində ərizəçi yalnız kommunal xidmətlərin göstərilməsi ilə bağlı bağlanmış müqavilələri təqdim etmişdir ki, həmin müqavilələr də onlara nəzər yetirilərkən müəyyən olundu ki, 2024-cü ildə bağlanmaqla yanaşı, daşınmaz əmlak üzərində ərizəçinin hər hansı hüququnun mövcudluğu faktını təsdiq etmir. İddiaçı ona məxsus qeyri-yaşayış sahəsinin bir hissəsinin Sahib Əliyev tərəfindən uzun müddətdi ki, zəbt olunduğunu, həmin qeyri-yaşayış sahəsindən ərizəçini çıxara bilmədiyini, belə ki, həmin ərazinin boşaldılması ilə bağlı məhkəməyə müraciət etsə də, yekun məhkəmə aktına əsasən onun adına 1992-ci ildə verilmiş sərəncamdakı ünvanla çıxarılması tələb olunan ərazinin yerləşdiyi ünvanın fərqli olması səbəbi ilə iddiasının rədd edildiyini bildirir. Hazırki vəziyyətdə ərizəçinin inzibati işə 3-cü şəxs qismində cəlb olunması üçün istinad etdiyi hal- faktiki istifadəsində olan mübahisəli qeyri-yaşayış sahəsinin məhkəmə qərarı ilə iddiaçının adına rəsmiləşdirildiyi işin mübahisəsiz halıdır. Həmin halın ərizəçinin zəruri cəlbetmə qaydasında işə cəlb olunması üçün yetərli olub-olmaması məsələsinə qiymət verərkən məhkəmə kollegiyası aşağıda göstərilənləri diqqətə çəkir: İşdən görünür ki, məhkəmə qərarının icrası ilə bağlı iddiaçının adına xx.xx.2020-ci ildə verilmiş daşınmaz əmlakın dövlət reyestrindən çıxarışda qeyri-yaşayış sahəsinin ünvanı ünvan 13 isə 186,3 kv.m. göstərilmişdir. Həmin çıxarışa əlavə olunmuş və apellyasiya baxışı zamanı təqdim olunmuş xx.xx.2020-ci il tarixə olan vəziyyəti əks etdirən Texniki Pasportdan görünür ki, ünvan 14 ünvanında yerləşən İddiaçı kiçik müəssəsinə məxsus obyektin mərtəbələr üzrə planının eksplikasiyasında 01 mərtəbə, ümumi sahə 186.3 kv.m. göstərilmişdir. İşin apellyasiya baxışı zamanı ərizəçinin vəsatəti ilə bağlı 11 dekabr 2024-cü il tarixdə məhkəmə kollegiyası tərəfindən mübahisəli əraziyə yerli baxış keçirilmiş və bu zaman müəyyən edilmişdi ki, ərizəçi S.Əliyevin istifadə etdiyi obyekt həqiqətən də İddiaçı mülkiyyətində olan və texniki pasportunda əksini tapan daşınmaz əmlakın bir hissəsidir. Həmin obyektin üzərində olan tikili isə iddiaçının adına işlənmiş texniki pasportda əksini tapmamışdır. Belə ki, yerində müayinədə iştirak edən, cavabdeh qurumdan mütəxəssis qismində dəvət olunan X20 bildirmişdir ki, iddiaçının adına çıxarış verilən zaman tərtib olunan və xx.xx.2020-ci il tarixə olan vəziyyəti əks etdirən texniki pasportda Sahib Əliyevin faktiki istifadəsində olan obyektin (“Qaymaq“ kafesinin) yalnız 1-ci mərtəbəsi əks olunmuşdur, 2-ci mərtəbəsi texpasportda əksini tapmamışdır. Məhkəmə iclasında iştirak edən şəxslərin deməsinə görə, ərizəçinin faktiki istifadəsində olan obyektin 2-ci mərtəbəsi təxminən 3 ay bundan öncə inşa edilmişdir, buna görə də xx.xx.2020-ci il tarixə olan vəziyyəti əks etdirən texniki pasportda həmin tikili (obyektin 2-ci mərtəbəsi) əks olunmamışdır. Qeyd olunan faktlar xx.xx.2024-cü ilə tarixli Daşınmaz əmlakın texniki vəziyyətini əks etdirən müayinə (baxış) aktındakı məlumatlarla da təsdiq olunur. Həmin müayinə aktına əsasən Bakı şəhəri, Yasamal rayonu, M.Xiyabanı 14G ünvanında yerləşən daşınmaz əmlakın hüquq müəyyənedici sənəd üzrə sahəsi- 186.3 kv.m və faktiki 186.3 kv.m-dir, texniki pasportda qeyd olunmuş 9 saylı 19.8 kv.m. və 10 saylı 18.8 kv.m.-lik sahələr çıxarış və texniki pasportda olan 186.3 kv.m. sahənin umumi sahəsinə daxildir. Həmin sahələrin üstündə sonradan inşa olunmuş 2-ci mərtəbə texniki pasportda öz əksini tapmamışdır. “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Qanunun 16.6-cı maddəsinə əsasən dövlət reyestrinin məzmununun qeyri-dəqiqliyi sübuta yetirilməyincə, həmin məzmunun həqiqiliyi və tamamlığı prezumpsiyası qüvvədədir. Eyni müddəa Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 140-cı maddəsində də nəzərdə tutulmuşdur. Ərizəçi, iddiaçı X2 cavabdeh X12 qarşı ünvan 12 ünvanda yerləşən 40 kv.metr sahədən ibarət olan qeyri-yaşayış sahəsindən çıxarılması və s. tələbi ilə bağlı qəbul edilmiş məhkəmə qərarlarının hazırki iş üzrə onun 3-cü şəxs qismində işə cəlb olunmasında preyudisial əhəmiyyət daşıdığına istinad edir. Bu barədə məhkəmə kollegiyası qeyd edir ki, qanuni qüvvəyə minmiş məhkəmə aktı özündə mübahisələndirilən maddi hüququn, yaxud belə hüquqa əsaslanan faktın mövcud olub-olmamasını qəti surətdə müəyyənləşdirir və səlahiyyətli şəxsin tələbi ilə hər hansı qeyd-şərt qoyulmadan onların həyata keçirilməsini ehtiva edir. Məhz bu baxımdan prosessual qanunvericilikdə nəzərdə tutulmuş bütün müdafiə vasitələri istifadə edildikdən sonra qanuni qüvvəyə minmiş məhkəmə aktı təkzibolunmazlıq, müstəsnalıq və məcburilik kimi hüquqi xüsusiyyətlərə malikdir (C.İsmayılzadənin şikayəti üzrə Konstitusiya Məhkəməsi Plenmunun 2014-cü il 6 iyun tarixli Qərarı). Məhkəmə qərarının preyudisiallığı prinsipi də qanuni qüvvəyə minmiş məhkəmə qərarı ilə müəyyənləşdirilmiş faktların və hüquq münasibətlərinin işdə iştirak edən şəxslər tərəfindən yenidən mübahisələndirilməsinin, məhkəmə üçün isə onların başqa prosesdə araşdırılmasının və təkzib edilməsinin mümkünsüzlüyünü ehtiva edir. Mülki Prosessual Məcəllənin 82.3-cü maddəsinə əsasən bir mülki iş üzrə qanuni qüvvəyə minmiş məhkəmə qətnaməsi ilə müəyyən edilmiş faktlar həmin işdə iştirak edən şəxslər tərəfindən başqa məhkəmə prosesində mübahisələndirilmir və yenidən sübut edilmir. Həmçinin, həmin Məcəllənin 233.3-cü maddəsinə görə, qətnamə qanuni qüvvəyə mindikdən sonra tərəflər və işdə iştirak edən digər şəxslər, habelə onların hüquq varisləri məhkəmədə eyni iddia tələblərini, eyni əsas üzrə yenidən irəli sürə bilməzlər, habelə məhkəmə tərəfindən müəyyən edilmiş faktlara və hüquq münasibətlərinə qarşı başqa prosesdə mübahisə edə bilməzlər. Preyudisiallıq məhkəmə aktının qanuni qüvvəsinin təkzibedilməzliyi, müstəsnalığı və məcburiliyi kimi keyfiyyət göstəricilərini özündə ehtiva edir. Preyudisiya institutu məhkəmə aktlarına yenidən baxılmasının qarşısının alınmasına, məhkəmə təcrübəsində eyniliyin, sabitliyin və hüquqi müəyyənliyin təmin edilməsinə yönəlmişdir (Konstitusiya Məhkəməsi Plenumunun “Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 82.3-cü maddəsinin şərh edilməsinə dair” 2016-cı il 23 fevral tarixli Qərarı). Hüquqi müəyyənlik prinsipi baxımından eyni predmet üzrə qanuni qüvvəyə minmiş fərqli məhkəmə qərarlarının olması nəticədə məhkəmə aktlarının icrası prosesini mümkünsüz və səmərəsiz edir (Konstitusiya Məhkəməsi Plenumunun "xxxx" Qapalı Səhmdar Cəmiyyətinin şikayəti üzrə 2020-ci il 14 fevral tarixli Qərarı). Belə ki, işlərə eyni tərəflər arasında, eyni mübahisə predmeti üzrə fərqli məhkəmə icraatında baxılması mahiyyət etibarı ilə fərqli nəticələrə və sonda hüquqi müəyyənlik prinsipinin pozulmasına səbəb ola bilər. (Konstitusiya Məhkəməsi Plenumunun G.İsmayılzadənin şikayəti üzrə 2016-cı il 29 noyabr tarixli Qərarı). Hazırki işdə ərizəçinin istinad etdiyi məhkəmə qərarlarına münasibətdə məhkəmə kollegiyası qeyd edir ki, istinad olunan mülki iş üzrə mübahisə hazırki işdəki mübahisədən fərqli tərəflərin arasında və başqa predmet barəsində olmuşdur. Bu baxımdan məhkəmə kollegiyası yuxarıda qeyd olunanlara nəzərən hesab edir ki, ərizəçinin istinad etdiyi mülki iş üzrə qəbul edilmiş məhkəmə qərarlarının hazırki işdə preyudisiallığından söhbət gedə bilməz. Digər tərəfdən, məhkəmə kollegiyası onu da qeyd edir ki, hazırkı iş üzrə ərizəçinin üçüncü şəxs kimi işə cəlb olunma məsələsinə baxıldıqda ilk növbədə onun adi, yoxsa zəruri cəlbetmə qaydasında işə cəlb olunması məsələsinə diqqət yetirmək lazımdır. İPM-in 28.1-ci maddəsi üçüncü şəxslərin inzibati məhkəmə icraatına cəlb olunması ilə bağlı adi cəlbetmə, 28.2-ci maddəsi isə zəruri cəlbetməni tənzimləyir. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 28-ci maddəsinin şərh edilməsinə dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumunun 12 aprel 2017-ci il tarixli qərarında aşağıdakılar göstərilmişdir: “Zəruri cəlbetmə o zaman mövcud olur ki, qəbul ediləcək məhkəmə qərarı tək inzibati məhkəmə icraatının tərəfləri barəsində deyil, həmçinin üçüncü şəxsə münasibətdə də hüquqi qüvvəyə malik olsun. Əgər məhkəmə qərarını üçüncü şəxsin hüquqlarına müdaxilə etmədən (başqa şəxs üçün hüquq və vəzifələrin yaradılması, təsdiq və ya müəyyən olunması, dəyişdirilməsi və ya ləğv edilməsi) qəbul etmək mümkün deyilsə, həmin şəxs mütləq məhkəmə icraatına cəlb edilməli və bu, zəruri cəlbetmə kimi qiymətləndirilməlidir. Bu hal bir qayda olaraq o zaman mövcud olur ki, üçüncü şəxsin mübahisəli hüquq münasibətlərində birbaşa iştirakı olsun və münasibətin hüquqi taleyi həll edildiyi zaman qəbul edilmiş qərar onun maraqlarına təsir etsin. Bu halda həmin şəxs üçüncü şəxs qismində, yəni iştirakı zəruri olan üçüncü şəxs qismində inzibati məhkəmə icraatına cəlb edilməlidir”. Həmçinin Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyasının 01/2022 saylı 17 fevral 2022-ci il tarixli “İnzibati məhkəmə icraatına üçüncü şəxslərin cəlb edilməsi və onların hüquqi müdafiə vasitələrindən istifadə hüquqlarına dair” qərardadında qeyd edilmişdir ki, “Zəruri cəlbetmə halının mövcudluğu üçün üçüncü şəxsin mübahisəli hüquq münasibətində bilavasitə iştirakı tələb olunur. Çünki İPM-in 28.2-ci maddəsinin tələblərinə əsasən zəruri cəlbedilən mübahisəli hüquq münasibətinin bilavasitə iştirakçısı olmalıdır. Bundan başqa, çıxarılacaq məhkəmə qərarı həm icraatın tərəflərinə, həm də üçüncü şəxsə münasibətdə vahid qərarın qəbul edilməsini şərtləndirməlidir. Adi cəlbetmə ilə zəruri cəlbetməni fərqləndirmək üçün əsas meyar zəruri cəlbetmədə vahid qərarın qəbul olunmasının vacibliyidir. Burada əsas fərq ondan ibarətdir ki, cəlb edilməsi zəruri olan üçüncü şəxslərin daxil olduğu mübahisəli hüquq münasibəti ilə əlaqədar məhkəmə yalnız belə şəxslər cəlb edildikdən sonra işə baxa və həmin şəxslər daxil olmaqla prosesin bütün tərəflərinə münasibətdə yekun və ədalətli qərar verə bilər. Zəruri cəlbetmə halında üçüncü şəxslər mübahisəli hüquq münasibətinin elə tərəfi olmalıdırlar ki, məhkəmə qərarı prosesin tərəfləri ilə birlikdə üçüncü şəxslərin də mütləq iştirakı ilə bütün tərəflərə münasibətdə vahid formada qəbul edilə bilsin. Bu hal o zaman mövcud olur ki, məhkəmə qərarını birbaşa olaraq üçüncü şəxslərin hüquqlarına müdaxilə etmədən effektiv şəkildə qəbul etmək mümkün olmur. Vahid qərardan isə o zaman söz edilə bilər ki, çıxarılmış qərar üçüncü şəxsin hüquqi statusuna birbaşa təsir edə bilsin. Əgər məhz məhkəmə qərarının çıxarılması nəticəsində hüquq və vəzifələrin yaradılması, təsdiq və ya müəyyən olunması, dəyişdirilməsi və ya ləğv edilməsi baş verirsə, hüquqi statusa həmin qərarla birbaşa təsir edilmiş olur. Qəbul edilməsi nəzərdə tutulan məhkəmə qərarının mübahisənin tərəfi olmayan digər şəxslərin hüquqi statuslarına göstərəcəyi mümkün təsirin dərəcəsi və intensivliyi cəlbetmənin adi, yaxud zəruri olduğunun müəyyənləşdirilməsi baxımından önəm kəsb edə bilər. Təsirin yüksək dərəcəsi və müdaxilə intensivliyinin çoxluğu bir qayda olaraq zəruri cəlbetmənin mövcudluğuna işarə edir. Beləliklə, əgər aidiyyəti olan şəxsin hüquqi statusuna birbaşa təsir və ya müdaxilə etmədən məhkəmə qərarını qəbul etmək mümkün deyilsə, o zaman hüququna müdaxilə edilməsi nəzərdə tutulan şəxs zəruri cəlbetmə qaydasında icraatda iştiraka cəlb olunmalıdır.” Hazırki işdə ərizəçinin dəlillərinə görə, o, məhkəmə qərarı ilə iddiaçının adına rəsmiləşdirilmiş qeyri-yaşayış sahəsinin bir hissəsinin faktiki istifadəçisi olduğu üçün hazırki məhkəmə icraatına mütləq cəlb olunmalıdır. Məhkəmə kollegiyası hesab edir ki, ərizəçinin müvafiq sahə üzərində faktiki sahiblik və ondan istifadə etməsi faktı onun zəruri cəlbetmə qaydasında işə qoşulması üçün yetərli hal kimi qiymətləndirilə bilməz. Nəzərə alınmalıdır ki, iddiaçının bu işdəki cavabdeh quruma qarşı tələbi “qeyri-yaşayış sahəsinin onun adına daşınmaz əmlakın dövlət reyestrində qeydə alınması və qeyri-yaşayış sahəsinə dair çıxarışın verilməsi” barədədir. Ərizəçinin dəlillərinə və təqdim etdiyi sənədlərə görə onun faktiki istifadəsində olan qeyri-yaşayış sahəsi üzərində hər hansı hüququnun daşınmaz əmlakın dövlət reyestrində qeydi mövcud deyildir. Bununla yanaşı, ərizəçinin faktiki istifadəsində olan qeyri-yaşayış sahəsi ilə bağlı ümumiyyətdlə hər hansı hüquqmüəyyənedici sənədi yoxdur. Ərizəçi özünün də qeyd etdiyi kimi, mübahisəli qeyriyaşayış sahəsindən uzun müddətdi ki, yalnız faktiki istifadə edir və bu istifadə və sahiblik etmə hüququna dair hər hansı sənədi indiyənədək əldə etməmişdir. Belə olan halda iş üzrə icraat ərizəçinin cəlbetməsi nəticəsində təzələnib işə yenidən baxılacağı təqdirdə belə, iddiaçının tələbi üzrə qəbul ediləcək qərar ərizəçinin hüquqi statusuna birbaşa təsir etməyəcəkdir. Belə ki, məhz məhkəmə qərarının çıxarılması nəticəsində hüquq və vəzifələrin yaradılması, təsdiq və ya müəyyən olunması, dəyişdirilməsi və ya ləğv edilməsi baş verərsə, ərizəçinin hüquqi statusuna həmin qərarla birbaşa təsir edilmiş olar. Hazırki işdə isə ərizəçinin hüquqi statusuna belə təsiretmə mövcud olmadığından onun barəsində vahid məhkəmə qərarının qəbul ediləcəyindən söhbət gedə bilməz. Kollegiya onu da qeyd edir ki, ərizəçinin dəlilləri əsasən onun inzibati məhkəmə icraatına adi cəlbetmə qaydasında cəlb olunması ilə bağlıdır. Halbuki, İPM-nin yuxarıda qeyd olunan müddəalarına və Ali Məhkəmənin İnzibati Kollegiyasının 01/2022 saylı 17 fevral 2022-ci il tarixli “İnzibati məhkəmə icraatına üçüncü şəxslərin cəlb edilməsi və onların hüquqi müdafiə vasitələrindən istifadə hüquqlarına dair” qərardadındakı hüquqi mövqeyə görə iş üzrə yekun məhkəmə qərarı qəbul edildikdən sonra həmin qərarın ləğv edilərək icraatın təzələnməsinə adi cəlbetmə qaydasında deyil, yalnız zəruri cəlbetmə qaydasında 3-cü şəxsin cəlbinin zəruriliyi ilə yol verilir. Odur ki, hazırki vəziyyətdə ərizəçinin göstərdiyi dəlillər onun zəruri cəlb edilməli olan 3-cü şəxs qismində işə cəlb olunmasını qanunla tələb etmədiyi üçün qanuni qüvvəyə minmiş məhkəmə qərarının ləğv edilərək işə mahiyyəti üzrə baxılmasının təzələnməsi barədə qərardad qəbul edilməsi üçün əsaslar mövcud deyildir. Bu səbəbdən məhkəmə kollegiyası hesab edir ki, hazırki iş üzrə çıxarılan məhkəmə aktı X1 hər hansı qanuni mənafeyinə toxunmadığından birinci instansiya məhkəməsi düzgün olaraq sonuncunun işə cəlb olunmasından imtina etmişdir. Bununla bağlı X1 tərəfindən verilmiş apellyasiya şikayəti təmin edilməməli və Bakı İnzibati Məhkəməsinin 2-1(81)-3843/2019 saylı 11 sentyabr 2024-cü il tarixli qərardadı dəyişdirilmədən saxlanılmalıdır. NƏTİCƏVİ HİSSƏ Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinin 80, 87, 90, 94-cü maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası QƏRARA ALDİ: X4 tərəfindən verilmiş apellyasiya şikayəti təmin edilməsin. Bakı İnzibati Məhkəməsinin 2-1(81)-3843/2019 saylı 11 sentyabr 2024-cü il tarixli qərardadı dəyişdirilmədən saxlanılsın. Qərardaddan onun rəsmi qaydada verildiyi gündən 10 (on) gün müddətində Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyası vasitəsilə Azərbaycan Respublikasının Ali Məhkəməsinin İnzibati Kollegiyasına kassasiya şikayəti verilə bilər. Sədrlik edən Xəyalə Cəmilova Hakimlər Rəşid Səmədov Elvin Əliyev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar