Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-1(103)-4048/2024 25.12.2024 BAKI APELLYASİYA MƏHKƏMƏSİ Hakimlər Nəbizadə Nigar Xeyrulla qızının sədrliyi və məruzəsi ilə, Abbasova Günel Məhərrəm qızı və Əkbərov Kamran Hüseyn oğlundan ibarət tərkibdə, Əsədova Leyla Kamran qızının katibliyi ilə, İddiaçı, Cavabdeh Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin Bakı şəhəri Lokal Gəlirlər Baş İdarəsinin nümayəndəsi Nümayəndə2 Üçüncü şəxs "xxxx" Mənzil Tikinti Kooperativinin nümayəndəsi Nümayəndə1 iştirakı ilə, İddiaçı cavabdeh Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin Bakı şəhəri Lokal Gəlirlər Baş İdarəsinə qarşı Bakı şəhəri, Yasamal rayonu, Şərifzadə küç.241 ünvanında yerləşən “AVANT Park” yaşayış Kompleksinin 5-ci binasında, 5-ci blok, 8-ci mərtəbə, 4 №-li, iki otaqlı olan mənzilə görə İddiaçı qaytarılacaq olan ƏDV-nin yekun məbləği barədə məlumatın müvəkkil banka ötürülməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması tələbinə dair iddiası üzrə Bakı İnzibati Məhkəməsinin xx.xx.2024-cü il tarixli, 2-1(112)-6381/2024 saylı qərarından cavabdeh tərəfindən verilmiş apellyasiya şikayətinə əsasən inzibati işə Bakı Apellyasiya Məhkəməsinin inzibati binasında, açıq şifahi məhkəmə baxış iclasında baxaraq, MÜƏYYƏN ETDİ: İddiaçı cavabdeh İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin Bakı şəhəri Lokal Gəlirlər Baş İdarəsinə qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək Bakı şəhəri, Yasamal rayonu, Şərifzadə küç.241 ünvanında yerləşən “AVANT Park” yaşayış Kompleksinin 5-ci binasında, 5-ci blok, 8-ci mərtəbə, 4 №- li, iki otaqlı olan mənzilə görə İddiaçı qaytarılacaq olan ƏDV-nin yekun məbləği barədə məlumatın müvəkkil banka ("xxxx" ASC-nin baş ofisi (Müştəri Xidmətləri Departamenti) ötürülməsi öhdəliyinin cavabdeh Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin Bakı Şəhəri Lokal Gəlirlər Baş İdarəsinin üzərinə qoyulması və xx.xx.2023-cü il tarixində qəbul edilmiş, **********583200 saylı imtina qərarının ləğv edilməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir. İddia ərizəsi onunla əsaslandırılmışdır ki, xx.xx.2022-ci il tarixində "xxxx" MTK ilə iddiaçı arasında 0574 saylı payçı müqaviləsi bağlanmış, həmin payçı müqaviləsinə əsasən iddiaçı Bakı şəhəri, Yasamal rayonu,A.M. Şərifzadə küç.241 ünvanında tikilməkdə olan “AVANT PARK” yaşayış Kompleksinin 5-ci binasında, 5-ci blok, 8-ci mərtəbə, 4 №-li, iki otaqlı olan mənzili almış və bu mənzilə görə ƏDV daxil 128 205 (bir yüz iyirmi səkkiz min iki yüz beş) manat məbləğində pul vəsaitləri MTK- nın hesablarına mədaxil edilmişdir. Daha sonra "xxxx" MTK ilə bağlanmış payçı müqaviləsi və mədaxil qəbzlərinin surətləri əlavə edilməklə, Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin Bakı şəhəri Lokal Gəlirlər Baş İdarəsinə (bundan sonra “Cavabdeh”) “Fiziki şəxslər tərəfindən nağdsız qaydada alınmış yaşayış və qeyri-yaşayış sahələrinə görə ödənilmiş əlavə dəyər vergisinin güzəşt edilmiş məbləği barədə məlumatların ötürülməsinə dair elektron ərizə ilə xx.xx.2023-cü il tarixində cavabdehə müraciət olunmuş, lakin cavabdeh xx.xx.2023-cü il tarixli, **********583200 saylı qərarı ilə yaşayış və qeyri-yaşayış sahələrinə görə ödənilmiş əlavə dəyər vergisinin qaytarılmasından imtina etmişdir. Cavabdeh öz imtinasını onunla əlaqələndirmişdir ki, Azərbaycan Respublikası Prezidentinin xx.xx.2022-ci il tarixli, 1693 nömrəli Fərmanı ilə təsdiq edilmiş “Fiziki şəxs olan istehlakçılar tərəfindən Azərbaycan Respublikasının ərazisində bina tikintisi fəaliyyəti ilə məşğul olan şəxslərdən nağdsız qaydada alınmış yaşayış və qeyri-yaşayış sahələrinə görə ödənilmiş əlavə dəyər vergisinin qaytarılması Şərtləri və Qaydası”nm (bundan sonra”Qayda”) 5.1.2-ci bəndinə əsasən alıcı yaşayış və qeyri-yaşayış sahələrinin tam dəyərini (ƏDV-siz) nağdsız qaydada satıcının bank hesabına, ƏDV məbləğini isə satıcının ƏDV depozit hesabına ödəməlidir. Lakin, alıcı İddiaçı tərəfindən təqdim edilmiş sənədlərin araşdırması zamanı yaşayış və qeyri-yaşayış sahələrinin tam dəyərinin (ƏDV daxil) satıcının bank hesabına ödənildiyi müəyyən edilmişdir. İddiaçı hesab edir ki, cavabdehin qərarı əsassızdır və onun hüquqlarının pozulmasına səbəb olur. Cavabdeh iddiaya etirazını məhkəməyə təqdim etmiş və etirazını onunla əsaslandırmışdır ki, İddiaçı nağdsız qaydada alınmış yaşayış sahəsinə görə ödənilmiş əlavə dəyər vergisinin qaytarılması ilə bağlı cü il tarixli ərizə ilə İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin Bakı şəhəri Lokal Gəlirlər Baş İdarəsinə müraciət etmiş və ərizəyə müqavilə və bank mədaxil qəbzləri əlavə edilmişdir. Qeyd etmək lazımdır ki, İddiaçı tərəfindən təqdim edilmiş sənədlərin araşdırılması zamanı yaşayış sahəsinin tam dəyərini (ƏDV-siz) nağdsız qaydada satıcının bank hesabına, ƏDV məbləğini isə satıcının ƏDV depozit hesabına ödəməli olduğu halda, onun tərəfindən yaşayış sahəsinin tam dəyərinin (ƏDV daxil) satıcının bank hesabına ödənildiyi müəyyən edilmişdir. Bu da “Fiziki şəxs olan istehlakçılar tərəfindən Azərbaycan Respublikasının ərazisində bina tikintisi fəaliyyəti ilə məşğul olan şəxslərdən nağdsız qaydada alınmış yaşayış və qeyri-yaşayış sahələrinə görə ödənilmiş əlavə dəyər vergisinin qaytarılması Şərtləri və Qaydası”nın 5.1.2-ci bəndinin tələblərinə uyğun deyil. Göründüyü kimi, ƏDV-nin geri qaytarılması üçün fiziki şəxslər alınmış yaşayış sahəsi üzrə ödənişlərin həyata keçirilməsi zamanı yuxarıda qeyd edilən tələblərə uyğun şəkildə ödənişləri həyata keçirməlidirlər. Yəni yaşayış sahələrinin tam dəyərini (ƏDV-siz) nağdsız qaydada satıcının ("xxxx" MTK-nın) bank hesabına, ƏDV məbləğini isə satıcının ("xxxx" MTK-nın) ƏDV depozit hesabına ödəməli olduğu halda, lakin İddiaçı tərəfindən yaşayış sahələrinin tam dəyərinin (ƏDV daxil) satıcının bank hesabına ödənildiyi müəyyən edilmişdir. İddiaçı iddia ərizəsində qeyd etdiyi ödəniş apardığı həmin dövrdə ƏDV məbləğinin əsas vəsaitdən ayrı ödənilməsi zamanı yaranmış texniki xəta ilə bağlı bildirilir ki, hər hansı texniki xətanın həqiqətən də mövcud olması ilə bağlı heç bir sübut iddia ərizəsinə əlavə edilməmişdir. "xxxx" MTK ilə iddiaçı arasında bağlanmış xx.xx.2022-ci il traixli 0574 saylı payçı müqaviləsində həqiqətən də ƏDV-nin ayrıca ödənilməsi şərti və bunun üçün "xxxx" MTK-nın ƏDV depozit hesabı qeyd edilmədiyi müəyyən olunur. Bakı İnzibati Məhkəməsinin xx.xx.2024-cü il tarixli, 2-1(112)-6381/2024 saylı qərarı ilə (hakim Orxan Həsənov) iddia təmin edilmiş, cavabdehin xx.xx.2023-cü il tarixində qəbul edilmiş **********583200 saylı qərarının ləğv edilməsi; ünvan 3 ünvanında yerləşən “AVANT Park” yaşayış Kompleksinin 5-ci binasında, 5-ci blok, 8-ci mərtəbə, 4 №-li, iki otaqlı olan mənzilə görə İddiaçı qaytarılacaq olan ƏDV-nin yekun məbləği barədə məlumatın müvəkkil banka ("xxxx" ASC-nin baş ofisi (Müştəri Xidmətləri Departamenti) ötürülməsi öhdəliyinin cavabdeh Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin Bakı Şəhəri Lokal Gəlirlər Baş İdarəsinin üzərinə qoyulması qərara alınmışdır. Bakı İnzibati Məhkəməsinin xx.xx.2024-cü il tarixli, 2-1(112)-6381/2024 saylı qərarı cavabdeh tərəfindən mübahisələndirilmiş və apellyasiya şikayəti onunla əsaslandırılmışdır ki, mənzilin ƏDV məbləğinin "xxxx" MTK-nın ƏDV depozit hesabına ödənilməməsinin əsası MTK-nın texniki imkanlarının mövcud olmaması ilə əlaqədar olduğundan, bunun əksini təsdiq edən sənədlər təqdim edilmədiyindən, cavabdehin yanaşması düzgün olmamışdır. İddiaçının ödəniş apardığı həmin dövrdə ƏDV məbləğinin əsas vəsaitdən ayrı ödənilməsi zamanı texniki xəta ilə bağlı məhkəmənin mövqeyinə münasibətdə hər hansı texniki xətanın həqiqətən də mövcud olması ilə bağlı heç bir sübut məhkəməyə təqdim edilməmişdir. ƏDV-nin geri qaytarılması üçün fiziki şəxslər alınmış yaşayış sahəsi üzrə ödənişlərin həyata keçirilməsi zamanı yuxarıda qeyd edilən tələblərə uyğun şəkildə ödənişləri həyata keçirməlidirlər. Yəni, yaşayış sahələrinin tam dəyərini (ƏDV-siz) nağdsız qaydada satıcının ("xxxx" MTK-nın) bank hesabına, ƏDV məbləğini isə satıcının ("xxxx" MTK-nın) ƏDV depozit hesabına ödəməli olduğu halda, iddiaçı tərəfindən yaşayış sahələrinin tam dəyərinin (ƏDV daxil) satıcının bank hesabına ödənildiyi müəyyən edilmişdir. Fiziki şəxs tərəfindən ödəniş Qaydaların tələblərinə uyğun şəkildə, yəni yaşayış və qeyri-yaşayış sahələrinin tam dəyəri (ƏDV-siz) satıcının bank hesabına və ƏDV məbləği satıcının ƏDV-nin depozit hesabına ödənilməmişdirsə, ƏDV-nin qaytarılmasına yol verilmir. Məhkəmə iclasında iştirak edən cavabdeh Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin Bakı şəhəri Lokal Gəlirlər Baş İdarəsinin nümayəndəsi Nümayəndə2 izahatında məhkəməyə bildirdi ki, tələbdən imtinanın əsası sözügedən münasibətləri tənmizləyən “Fiziki şəxs olan istehlakçılar tərəfindən Azərbaycan Respublikasının ərazisində bina tikintisi fəaliyyəti ilə məşğul olan şəxslərdən nağdsız qaydada alınmış yaşayış və qeyri-yaşayış sahələrinə görə ödənilmiş əlavə dəyər vergisinin qaytarılması Şərtləri və Qaydası”nın 5.1.2-ci bəndinin tələblərinə əməl olunmamasıdır. Qeyd etmək lazımdır ki, İddiaçı tərəfindən təqdim edilmiş sənədlərin araşdırılması zamanı yaşayış sahəsinin tam dəyərini nağdsız qaydada satıcının bank hesabına, ƏDV məbləğini isə satıcının depozit hesabına ödəməli olduğu halda, onun tərəfindən yaşayış sahəsinin ƏDV daxil olmaqla tam dəyərinin satıcının bank hesabına ödənildiyi müəyyən edilmişdir. Bu qaydalara riayət olunmadığına görə "xxxx" MTK ilə İddiaçı arasında bağlanmış xx.xx.2022-ci il tarixli müqavilədə ƏDV-nin ayrıca ödənilməsi şərti və bunun üçün "xxxx" MTK-nın ƏDV depozit hesabı qeyd edilmədiyi müəyyən olunur. Qarşı tərəfin etdiyi müraciətdən inzibati orqan tərəfindən göstərilən əsaslarla bağlı olaraq və həmçinin iddiaçıya 90 gün müddətin keçməsi səbəbindən imtina edilmişdir. Ödənişin edilməməsinin portalın fəaliyyəti ilə əlaqələndirirlər, amma hazırkı mübahisənin portalla hər hansı əlaqəsi yoxdur. Məhkəmə iclasında iştirak edən İddiaçı izahatında apellyasiya şikayətinin təmin edilməməsini, birinci instansiyası məhkəməsinin qərarının dəyişdirilmədən saxlanılmasını məhkəmədən xahiş etdi. Məhkəmə iclasında iştirak edən üçüncü şəxs "xxxx" Mənzil Tikinti Kooperativinin nümayəndəsi Nümayəndə1 izahatında məhkəməyə bildirdi ki, 25 noyabr tarixinə kimi qaiməsiz dövr idi. İddiaçı tərəfindən ödəniş isə 15-18 noyabr tarixlərində edilmişdir. Həmçinin qeyd olunmalıdır ki, bu öhdəliyin icrası iddiasıdır, mübahisələndirmə və məcburetmə iddiası olmadığından müddətdən söhbət gedə bilməz. Apellyasiya şikayəti əsassız olduğuna görə təmin edilməməsini, birinci instansiyası məhkəməsinin qərarının dəyişdirilmədən saxlanılmasını məhkəmədən xahiş etdi. Məhkəmə kollegiyası tərəfləri dinləyib, iş materiallarını və apellyasiya şikayətinin dəlillərini araşdıraraq, işdə olan sübutlara hüquqi qiymət verərək hesab edir ki, apellyasiya şikayəti əsassızdır, birinci instansiyası məhkəməsi tərəfindən işə baxılan zaman prosessual hüquq normalarının tələblərinə riayət edilmiş, habelə mübahisəli hüquq münasibətini tənzimləyən maddi hüquq normaları düzgün tətbiq olunmuşdur. Belə ki, iş materiallarında olan sənədlərdən aşağıdakılar müəyyən edilir: • 15 noyabr 2022-ci il tarixli 0574№-li payçı müqaviləsindən görünür ki, həmin müqaviləyə əsasən: -1.1 “MTK” pay qismində çıxış edən ünvan 4 ünvanında tikilməkdə olan“AVANT PARK” yaşayış kompleksinin 5-ci binasında, 5-ci blok, 8-ci mərtəbə, 4 Ns-li, 2 otaqlı mənzili tikib və “Payçı”-nın (İddiaçı) mülkiyyətinə verməyi öhdəsinə götürür. -1.2 “Payçı” bu müqaviləyə əsasən pay qismində çıxış edən Bakı şəhəri, Yasamal rayonu, A.M. Şərifzadə küç.241 ünvanında tikilməkdə olan “AVANT PARK” Yaşayış Kompleksinin 5-ci binasmda, 5-ci blok, 8-ci mərtəbə, 4 Ne-li, 2 otaqlı mənzili (bundan sonra “Mənzil”) qəbul etməyi, bu Müqavilədə göstərilən müddətdə və qaydada mənzil üzrə tələb olunan bütün ödənişləri “MTK”-ya ödənilməsini və həmçinin gələcəkdə “AVANT PARK” yaşayış kompleksində xidmət göstərəcək Şirkətə kommunal ödənişləri etməyi öhdəsinə götürür. -2.5 “Payçı” Müqavilənin ümumi dəyərinin qalıq 102500 manat məbləğində pul vəsaitini, “Payçı” “MTK” və “Payçı” "xxxx" ASC arasında bağlanacaq olan müqavilələrə əsasən aldığı kredit vəsaitinin hesabına tam şəkildə ödəməyi öz öhdəsinə götürür.- 2.7 "Payçı" ödənişlərin əsas və ƏDV-yə aid hissələrini qanunvericilikdə nəzərdə tutulmuş qaydada həyata keçirəcəkdir. • Mədaxil qəbzlərindən görünür ki, İddiaçı Kəmanlətdin qızı 25.705 manat və 102.500 manat məbləğində vəsaiti "xxxx" MTK-nın bank hesabına köçürmüşdür. • "xxxx" MTK-nın 29 yanvar 2024-cü il tarixli məktubundan görünür ki, “Fiziki şəxs olan istehlakçılar tərəfindən Azərbaycan Respublikasının ərazisində bina tikintisi fəaliyyəti ilə məşğul olan şəxslərdən nağdsız qaydada alınmış yaşayış və qeyriyaşayış sahələrinə görə ödənilmiş əlavə dəyər vergisinin qaytarılması Şərtləri və Qaydasına dair Azərbaycan Respublikası Prezidentinin xx.xx.2022-ci il tarixli, 1693 nömrəli Fərmanın tələbinə görə mənzilin satışı həyata keçən dövrdə e-qaimə göndərilməsi tələb olunmadığından e-qaimə təqdim edilməmişdir. Buna baxmayaraq Kooperativə ödənilən ƏDV daxil 128.205 manat məbləğin 19.556,69 manat 69 qəpik ƏDV məbləği müvafiq qaydada vergi orqanına ümumi hesabatda bəyan edilmiş və yaranmış vergi öhdəliyi ödənilmişdir. Azərbaycan Respublikası İnzibati-Prosessual Məcəlləsinin 82-ci maddəsinə əsasən, apelyasiya instansiyası məhkəməsi mübahisə ilə bağlı işə şikayət həddində və hüquqi məsələlər, habelə sübutlar və faktlar (faktiki hallar) əsasında mahiyyəti üzrə tam həcmdə baxır. Apellyasiya şikayəti qanunla müəyyən olunmuş tələblərə riayət olunmaqla verilmişdir, şikayətin mümkün sayılmaması üçün əsaslar yoxdur. Belə ki, şikayət birinci instansiya məhkəməsinin qərarının təqdim olunduğu gündən 30 gün ərzində verilmişdir (İPM-85.1), formal baxımdan əsaslandırılmış və şikayətçinin tələbi göstərilmişdir (İPM-85.2, 85.3). İddia mümkün iddiadır və mümkün iddia olmaqla yanaşı, mahiyyəti üzrə də əsaslı olması nəticəsinə gəlməkdə birinci instansiya məhkəməsi haqlı olmuşdur. Belə ki, Azərbaycan Respublikası Vergi Məcəlləsinin 153.1-ci maddəsinə əsasən, əlavə dəyər vergisi (bundan sonra – ƏDV) vergi tutulan dövriyyədən hesablanan verginin məbləği ilə bu Məcəllənin müddəalarına uyğun olaraq verilən elektron qaimə-fakturalara və ya idxalda ƏDV-nin ödənildiyini göstərən sənədlərə müvafiq surətdə əvəzləşdirilməli olan verginin məbləği arasındakı fərqdir. Azərbaycan Respublikası Prezidentinin 25 may 2022-ci il tarixli 1693 nömrəli Fərmanı ilə təsdiq edilmiş “Fiziki şəxs olan istehlakçılar tərəfindən Azərbaycan Respublikasının ərazisində bina tikintisi fəaliyyəti ilə məşğul olan şəxslərdən nağdsız qaydada alınmış yaşayış və qeyri-yaşayış sahələrinə görə ödənilmiş əlavə dəyər vergisinin qaytarılması Şərtləri və Qaydası”nın müddəalarına görə: “ ... bu Qaydanın tələbləri bina tikintisi fəaliyyəti ilə məşğul olan şəxslərdən nağdsız qaydada alınmış yaşayış və qeyri-yaşayış sahələrinə görə təqdim edilmiş elektron qaiməfaktura üzrə yaşayış və qeyri-yaşayış sahələrinin qiymətindən (ƏDV ilə birlikdə) asılı olmayaraq tətbiq edilir. ƏDV-nin alıcıya qaytarılması alıcının bank hesabına köçürmə yolu ilə həyata keçirilir. Qaytarılan məbləğ ödənilmiş ƏDV-nin 30 faizini təşkil edir. ... alıcı – satıcıdan yaşayış və qeyri-yaşayış sahələrini nağdsız qaydada alan fiziki şəxs olan istehlakçıdır. ... satıcı – ƏDV ödəyicisi olan və Azərbaycan Respublikasının ərazisində bina tikintisi fəaliyyəti ilə məşğul olan şəxsdir. ... operator – ƏDV-nin qaytarılması şərtilə alıcılara təqdim edilən yaşayış və qeyriyaşayış sahələri üzrə elektron qaimə-fakturanın tərtib edilməsinə, həmin elektron qaiməfaktura barədə məlumatların aidiyyəti üzrə ötürülməsinə imkan verən proqram təminatının, portalın və vahid elektron məlumat bazasının fəaliyyətini təşkil və idarə edən Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətidir. (bundan sonra – Dövlət Vergi Xidməti). ... yaşayış və qeyri-yaşayış sahələrinin təqdim edilməsi – bina tikintisi fəaliyyəti ilə məşğul olan şəxslər tərəfindən yaşayış və qeyri-yaşayış sahələrinin notarial qaydada təsdiq edilməklə, habelə notarial qaydada təsdiq edilmədən bağlanılmış müqavilələr üzrə, həmçinin mənzil-tikinti kooperativi üzvlərinin ümumi yığıncağının qərarı ilə özgəninkiləşdirilməsidir. ... operator: ... bu Qayda ilə müəyyən edilmiş hallarda ƏDV-nin qaytarılması işlərini təşkil edir. ... alıcı yaşayış və qeyri-yaşayış sahələrinin dəyərini satıcıya nağdsız qaydada tam şəkildə ödədikdən sonra 90 (doxsan) gündən gec olmayaraq, ƏDV-nin qaytarılması məqsədilə portalda qeydiyyatdan keçərək elektron kabinetini yaradır, elektron kabinet vasitəsilə müraciətini və aşağıdakı sənədləri skan edərək portala göndərir: yaşayış və qeyri-yaşayış sahələrinin təqdim edilməsi ilə bağlı sənədin surəti; alınmış yaşayış və qeyriyaşayış sahələrinin tam dəyərinin (ƏDV-siz) nağdsız qaydada satıcının bank hesabına, ƏDV məbləğinin isə satıcının ƏDV depozit hesabına ödənildiyini təsdiq edən və aşağıdakı məlumatların dəqiq göstərildiyi bank ödəniş sənədi. ... dəyəri satıcıya tam şəkildə ödənilmiş yaşayış və qeyri-yaşayış sahələrinə görə bu Qaydanın 5.1-ci bəndində nəzərdə tutulan müddətdən sonra müraciət edildikdə ƏDV-nin qaytarılmasına yol verilmir. ... elektron qaimə-faktura və bu Qaydanın 5.1-ci bəndində qeyd olunmuş sənədlərdə göstərilən məlumatlar operator tərəfindən yoxlanıldıqdan sonra dərhal risk qiymətləndirilməsi aparılır və risk qiymətləndirilməsinin nəticələri əsasında, təqdim edilmiş sənədlər bu Qayda ilə müəyyən edilmiş tələblərə cavab verdikdə, operator alıcıya qaytarılacaq ƏDV-nin yekun məbləği barədə məlumatı həmin gün müvəkkil banka ötürür. Bu barədə alıcının portalda yaratdığı elektron kabinetə məlumat göndərilir. ... müvəkkil bank bu Qaydanın 5.5-ci bəndində nəzərdə tutulan ƏDV məbləğini məlumatı aldığı tarixdən 5 (beş) iş günündən gec olmayaraq alıcının bank hesabına qaytarır. Müvəkkil bank tərəfindən əcnəbilərə və vətəndaşlığı olmayan şəxslərə ƏDV məbləği onların seçimindən asılı olaraq milli və ya xarici valyutada qaytarılır. ... qaytarılacaq ƏDV məbləği müvəkkil bank tərəfindən bank əməliyyatlarının aparılmasına görə xidmət haqları çıxılmaqla alıcıya ödənilir”. İşin müəyyən edilmiş hallarından görünür ki, iddiaçı xx.xx.2022-ci il tarixində "xxxx" Mənzil Tikinti Kooperativi ilə № 0574 Payçı müqaviləsini bağlamışdır. Müqaviləyə əsasən satıcıdan ("xxxx" MTK) ünvan 6 ünvanında tikilməkdə olan “AVANT PARK” Yaşayış Kompleksinin 5-ci binasında, 5-ci blok, 8-ci mərtəbə, 4 №-li, 2 otaqlı mənzili almışdır. Müqavilənin ümumi dəyəri ƏDV daxil olmaqla 128205 manat təşkil etmişdir. Müqavilə üzrə ilkin ödənişi müqavilənin ümumi dəyərinin 20 faizini təşkil etməklə 25705 manat (xx.xx.2022-ci il) məbləğində öncədən MTK-nın bank hesabına avans şəklində ödəmişdir. Müqavilənin ümumi dəyərinin qalıq 102500 manat məbləğində pul vəsaitini isə “Payçı MTK” və “Payçı ABB ASC” arasında bağlanmış olan müqavilələrə əsasən aldığı kredit vəsaitinin hesabına tam şəkildə ödəmişdir (xx.xx.2022-ci il). İddiaçı Azərbaycan Respublikası Prezidentinin 25 may 2022-ci il tarixli Fərmanı ilə təsdiq edilmiş “Fiziki şəxs olan istehlakçılar tərəfindən Azərbaycan Respublikasının ərazisində bina tikintisi fəaliyyəti ilə məşğul olan şəxslərdən nağdsız qaydada alınmış yaşayış və qeyri- yaşayış sahələrinə görə ödənilmiş əlavə dəyər vergisinin qaytarılması Şərtləri və Qaydası”-na istinad edərək, yaşayış və qeyri-yaşayış sahələrinə görə ödənilmiş əlavə dəyər vergisinin qaytarılması ilə bağlı cavabdeh inzibati orqana müraciət etmiş, lakin iddiaçının müraciətinin təmin edilməsindən imtina ilə bağlı xx.xx.2023-cü il tarixli **********583200 nömrəli qərar qəbul edilmişdir. Cavabdeh “Yaşayış və qeyri-yaşayış sahələrinə görə ödənilmiş əlavə dəyər vergisinin qaytarılmasından imtina edilməsi haqqında” xx.xx.2023-cü il tarixli **********583200 qərarında, iddia tələbinə etirazında və apellyasiya şikayətinin dəlillərində yaşayış sahəsinə görə ödənişin müvafiq olaraq iki fərqli hesaba deyil, vahid hesaba köçürülməsinə istinad etmişdir. Kollegiya apellyasiya şikayətinin dəlillərini əsassız, birinci instansiya məhkəməsinin iddia tələbinin təmin edilməsi ilə bağlı gəldiyi nəticəni əsaslı hesab edir. Belə ki, İddiaçı alıcı qismində, yəni satıcıdan yaşayış və qeyri-yaşayış sahələrini nağdsız qaydada alan fiziki şəxs olan istehlakçı olaraq, üçüncü şəxs "xxxx" MTK isə satıcı qismində, yəni ƏDV ödəyicisi olan və Azərbaycan Respublikasının ərazisində bina tikintisi fəaliyyəti ilə məşğul olan şəxs olaraq iştirak edir. Yaşayış və qeyri-yaşayış sahələrinin dəyərini satıcıya nağdsız qaydada tam şəkildə ödədikdən sonra ödənilmiş əlavə dəyər vergisinin geri qaytarılması üçün müraciət etmək iddiaçının qanunla nəzərdə tutulmuş hüququdur. Məhkəmə araşdırması zamanı məlum olmuşdur ki, iddiaçı tərəfindən yaşayış sahəsinin dəyəri satıcıya tam şəkildə ödənilmiş (iş materiallarında olan mədaxil qəbzlərinə əsasən) və 90 gün müddətində əlavə dəyər vergisinin qaytarılması məqsədilə portaldan qeydiyyatdan keçərək müvafiq orqana müraciət etmişdir. Kollegiya qeyd edir ki, yaşayış sahəsinə ödənişin qəsdən fərqli qaydada həyata keçirilməsi iddiaçıya münasibətdə hər hansı əlverişli şərait yaratmır. Qeyd edilən dövrdə ƏDV məbləğinin əsas vəsaitdən ayrı ödənilməsi üçün texniki imkanların mövcud olmasına da cavabdeh tərəfindən hər hansı sübut təqdim edilməmişdir. Digər tərəfdən üçüncü şəxs "xxxx" MTK tərəfindən həmin ƏDV məbləği ilə bağlı hesabat təqdim etməsi və depozit hesabına köçürülmüş olması ilə bağlı da hər hansı şübhə və mübahisə yoxdur. Odur ki, iddiaçının yaşayış sahəsinə görə ödənişi müvafiq olaraq iki fərqli hesaba deyil, vahid hesaba köçürməsi formal xəta olaraq qəbul edilməli və iddiaçının hüquqların həyata keçirilməsinə mane olan hal kimi dəyərləndirilməməlidir. “Fiziki şəxs olan istehlakçılar tərəfindən Azərbaycan Respublikasının ərazisində bina tikintisi fəaliyyəti ilə məşğul olan şəxslərdən nağdsız qaydada alınmış yaşayış və qeyriyaşayış sahələrinə görə ödənilmiş əlavə dəyər vergisinin qaytarılması Şərtləri və Qaydası”nın 5.4-cü bəndinə əsasən, alıcı tərəfindən nağdsız qaydada alınmış yaşayış və qeyri-yaşayış sahələrinə görə ödənilmiş ƏDV-nin qaytarılması ilə bağlı alıcının müraciətinə operator 10 (on) iş günü müddətində baxır və bu Qaydanın 5.1-ci bəndində nəzərdə tutulan sənədlərin düzgünlüyünü yoxlayır. Sənədlərdə çatışmazlıq aşkar olunduqda, müraciət daxil olduğu gündən 5 (beş) iş günü müddətində çatışmazlıqların aradan qaldırılması barədə alıcının portalda yaratdığı elektron kabinetə bildiriş göndərilir. Bütün çatışmazlıqlar eyni zamanda bildirilməlidir. Alıcı həmin çatışmazlıqları bildirişi aldığı tarixdən ən geci 10 (on) iş günü müddətində aradan qaldırmalıdır. Bu zaman operatorun müraciətə baxması ilə bağlı müddətin axımı dayandırılır və dayandırılmış müddət operator tərəfindən alıcının müraciətinə baxılma müddətinə daxil edilmir. Çatışmazlıqların aradan qaldırılması barədə alıcının müraciətindən sonra müddətin axımı bərpa olunur. Göründüyü kimi, qanunvericiliyin tələblərinə uyğun olaraq ƏDV-nin qaytarılması ilə bağlı müraciət olunarkən 10 iş günü müddətində iddiaçı tərəfindən təqdim olunan sənədlər yoxlanılmalı və çatışmazlıqlar barədə müvafiq olaraq iddiaçıya məlumat verilməlidir. Lakin hazırkı iş üzrə cavabdeh orqan tərəfindən sənədlərdəki çatışmazlıqlar barədə hər hansı məlumat verilmədən iddiaçıya münasibətdə ƏDV-nin qaytarılmasından imtina olunması barədə qərar qəbul edilmişdir. Nəticədə isə iddiaçı çatışmazlıqlar barədə məlumatlanma və çatızmazlıqların aradan qaldırılması hüququndan da məhrum olmuşdur. Cavabdeh apellyasiya şikayətində bildirmişdir ki, aradadan qaldırılması mümkün olan çatışmamazlıqlar mövcud deyildi, lakin bu yanaşma cavabdehin qanunvericilikdə nəzərdə tutulmuş məlumat vermək vəzifəsini aradan qaldırmır. Beləliklə, məhkəmə kollegiyası hesab edir ki, iddiaçı hazırkı iddiası ilə məhkəməyə müraciət etməkdə haqlı olmuş, mübahisələndirilən qərar qəbul olunarkən maddi hüquq normaları düzgün tətbiq edilməmişdir. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 68.1-ci maddəsinə əsasən, məhkəmə mübahisə ilə bağlı iş üzrə inzibati məhkəmə icraatı nəticəsində onda yaranmış daxili inam əsasında qərar qəbul edir. Qərarda məhkəmənin mövqeyi üçün əsas olmuş səbəblər göstərilməlidir. İnzibati Prosessual Məcəllənin 68.2-ci maddəsinə görə, məhkəmə qərarı yalnız məhkəmə icraatında tədqiq olunmuş və barələrində proses iştirakçılarının öz mülahizələrini bildirmək imkanına malik olduqları faktlar və sübutlarla əsaslandırılmalıdır. İnzibati Prosessual Məcəllənin 87.6-cı maddəsinə müvafiq olaraq, apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qərarını dəyişdirmədən qüvvədə saxlaya bilər, dəyişdirə bilər və ya ləğv edərək (tam və ya qismən) yeni qərar qəbul edə bilər. Birinci instansiya məhkəməsinin qərarı apellyasiya tələbi həddində dəyişdirilə bilər. Hazırkı işə apellyasiya qaydasında baxan məhkəmə kollegiyası yuxarıda qeyd olunanlara məcmu halda hüquqi qiymət verərək hesab edir ki, birinci instansiya məhkəməsinin iddianın təmin olunması ilə əlaqədar gəldiyi nəticə düzgündür, apellyasiya şikayətinin dəlilləri işin halları və qanunvericiliklə təkzib olunur, şikayət qərarın ləğvinə əsas vermir. Ona görə də cavabdeh Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin Bakı Şəhəri Lokal Gəlirlər Baş İdarəsi tərəfindən verilmiş apellyasiya şikayəti təmin edilməməli, Bakı İnzibati Məhkəməsinin xx.xx.2024-cü il tarixli, 2-1(112)-6381/2024 saylı qərarı dəyişdirilmədən saxlanılmalıdır. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 80, 87, 90 və 94-cü maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası QƏRARA ALDİ: Cavabdeh Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin Bakı Şəhəri Lokal Gəlirlər Baş İdarəsi tərəfindən verilmiş apellyasiya şikayəti təmin edilməsin. Bakı İnzibati Məhkəməsinin xx.xx.2024-cü il tarixli, 2-1(112)-6381/2024 saylı qərarı dəyişdirilmədən saxlanılsın. Qərardan qərarın tam formada təqdim olunduğu (elektron kabineti olan tərəflərin elektron kabinetinə yerləşdirildiyi) gündən 1 (bir) ay müddətində Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyası vasitəsilə Azərbaycan Respublikasının Ali Məhkəməsinin İnzibati Kollegiyasına kassasiya şikayəti verilə bilər Sədrlik edən: Nigar Nəbizadə Hakimlər: Kamran Əkbərov Günel Abbasova
Məhkəmə qərarları › İş №2-1(103)-4048/2024
Bakı Apellyasiya Məhkəməsi Qərar — İş №2-1(103)-4048/2024
25.12.2024 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver