Məhkəmə qərarları › İş №2-1(103)-4049/2024

Bakı Apellyasiya Məhkəməsi Qərardad — İş №2-1(103)-4049/2024

26.11.2024 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 2-1(103)-4049/2024 26.11.2024 BAKI APELLYASİYA MƏHKƏMƏSİ Giriş hissə: X3 Səmədovun sədrliyi və məruzəsi ilə, Xəyalə Adil qızı Cəmilova və X4 ibarət tərkibdə, Eldarzadə Şirazi Elxan oğlunun katibliyi, İddiaçı, Cavabdehin nümayəndəsi X1 iştirakları ilə, İddiaçı cavabdeh Azərbaycan Respublikası Müdafiə Nazirliyinə qarşı “əmrin ləğv edilməsi” tələbinə dair inzibati iş üzrə Bakı İnzibati Məhkəməsinin 2-1(112)-11329/2024 saylı, 24 sentyabr 2024-cü il tarixli qərardadından iddiaçı tərəfindən verilmiş apellyasiya şikayətinə Bakı Apellyasiya Məhkəməsinin binasında, açıq məhkəmə iclasında, şifahi məhkəmə baxışı qaydasında baxaraq müəyyən etdi: Təsviri hissə: İddiaçı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək onun barəsində cavabdeh Azərbaycan Respublikası Müdafiə Nazirliyinin xx.xx.2021-ci il tarixli 01689 nömrəli əmrinə əsasən, “Hərbi Xidmətkeçmə haqqında” Əsasnamənin 156-cı maddəsinin “e” bəndinə (xidməti uyğunsuzluğa görə) müvafiq olaraq ehtiyyata buraxılmağı barədə əmrin qanunsuz hesab edilməsi və bununla bağlı bütün məhdudiyyətlərin aradan qaldırılması barədə qərar qəbul edilməsini xahiş etmişdir. İddia tələbi “Azərbaycan Respublikası Müdafiə Nazirliyinin xx.xx.2021-ci il tarixli 01689 nömrəli əmrinə əsasən, “Hərbi Xidmətkeçmə haqqında” Əsasnamənin 156-cı maddəsinin “e” bəndinə (xidməti uyğunsuzluğa görə) müvafiq olaraq ehtiyyata buraxılmağı barədə əmrin ləğvi və xidmətə bərpa olunma” kimi nəzərə alınmışdır. İddia tələbi onunla əsaslandırılmışdır ki, İddiaçı xx.xx.1992-ci ildə Xanlar şəhərində anadan olmuşdur. Hal-hazırda ailə üzvləri ilə birlikdə ünvan 1 ünvanında yaşayır. İddiaçı 2007-ci ildə valideyinlərinin razılığı ilə C.Naxçıvanski adına hərbi liseyə qəbul olmuş və 2010-cu ildə liseyi bitirmişdir. 2010-2014-cü illərdə Heydər Əliyev adına Azərbaycan Ali Hərbi Təyyarəçilik Məktəbini elektronika, telekomunikasiya və radiotexnika mühəndisli ixtisası üzrə bitirmişdir. 2014-cü ilin 26 iyun tarixindən 01 may 2021-ci il tarixinədək Azərbaycan Ordusunda zabit qismində xidmətdə olmuşdur. İddiaçı xidmətdə olduğu müddət ərzində komandir heyətindən və yuxarı qərargahdan aldığı bütün əmr və tapşırıqları sözsüz, birmənalı və layiqincə yerinə yetirmişdir. İddiaçı Azərbaycan Respublikasının ərazi bütövlüyü uğrunda gedən Vətən Müharibəsi zamanı Hərbi Hava Qüvvələrinin “N” saylı hərbi hissədə xidmətdə olmuş və hərbi hissənin qarşısına qoyulan döyüş tapşırıqlarının yerinə yetirilməsində yaxından iştirak etmişdir. Hərbi xidmətdə olduğu illər ərzində bir neçə dəfə medal, illik xidmətlərinə görə əlavə pul mükafatlarını 100 faiz qismində almışdır. İddiaçı 2021-ci ilin ikinci yarımilində Hərbi Hava Qüvvələri komandanlığına etdiyi müraciətdən sonra Müdafiə Nazirinin əmri ilə Azərbaycan Ordusunda Qüsursuz Xidmətlərimə görə “Qüsursuz Xidmətlərə görə 3-cü dərəcəli” medal ilə təltif olunmuşdur. 01 may 2021-ci il tarixində Sumqayıt Hərbi Prokurorluğu tərəfindən saxlanılaraq iddiaçı barəsində Azərbaycan Respublikası Cinayət Məcəlləsinin müvafiq maddəsi ilə cinayət işi başlanılmış və həmin iş üzə iddiaçıya Bakı Hərbi Məhkəməsinin xx.xx.2021-ci il tarixli hökmü ilə 1 (bir) il müddətinə azadlıqdan mərhumetmə cəzası təyin edilmişdir. İddiaçı barəsində çıxarılan hökmdə törətdiyi cinayət əməlinin hərbi xidmət əleyhinə olmaması səbəbindən zabit rütbəsindən məhrum edilməmişdir. Lakin buna baxmayaraq, Azərbaycan Respublikasının Müdafiə Nazirliyinin xx.xx.2021-ci il tarixli əmrinə əsasən “Hərbi Xidmətkeçmə haqqında Əsasnamənin” 156-cı maddəsinin “e” bəndinə (xidmətə uyğunsuzluğa görə) müvafiq olaraq ehtiyata buraxılmışdır. İddiaçı hesab edir ki, Azərbaycan Respublikası Müdafiə Nazirliyinin xx.xx.2021-ci il tarixli 01689 nömrəli əmri qanunvericiliyin tələblərinin pozulması ilə qəbul edilib. Cavabdeh iddiaya dair yazılı etiraz ilə məhkəməyə müraciət edərək bildirmişdir ki, Hərbi vəzifənin və hərbi xidmətkeçmənin hüquqi tənzimləmə qaydaları “Hərbi vəzifə və hərbi xidmət haqqında” Azərbaycan Respublikası Qanunu və Azərbaycan Respublikasının 3 oktyabr 1997-ci il tarixli 377-1Q nömrəli Qanunu ilə təsdiq edilmiş “Hərbi xidmətkeçmə haqqında” Əsasnamə ilə müəyyən edilir Hərbi xidmətə daxıl olma və hərbi xidmətdən buraxılma da həmin qanunvericilik aktları ilə tənzimlənir. “Hərbi xidmətkeçmə haqqında Əsasnamənin 165-ci maddəsinə əsasən Ehtiyata və ya istefaya buraxılma barədə əmrlər buraxılan hərbi qulluqçulara hərbi hissə komandirləri (rəisləri) tərəfindən elan olunur. Həmin Əsasnamənin 168-ci maddəsinə əsasən hərbi qulluqçuların həqiqi hərbi xidmətdən buraxılmaları haqqında (bu Əsasnamənin 156-158-ci maddələri) şəxsi heyət üzrə əmrlərin verilməsindən sonra buraxılma zamanı qüvvədə olan qanunvericiliyin pozulması hallarına yol verilməmişdirsə və buraxılma ilə əlaqədar yeni hallar aşkar edilməmişdirsə, dəyişikliyə yol verilmir. Hazırki halda mübahisə predmeti Azərbaycan Respublikası müdafiə nazirinin xx.xx.2021-ci il tarixli 01689 nömrəli əmri və əmrdən irəli gələn iddiaçının hüquqlarını pozan hərəkətlərdir. İddia tələbi xarakterinə görə mübahisələndirmə haqqında iddia növünə aiddir və mübahisələndirmə haqqında iddianın mümkün sayılması üçün ümumi mümkünlük şərtləri ilə yanaşı xüsusi mümkünlük şərtləri - iddia qaldırmaq səlahiyyətinin olması (İPM-in 35.1-ci maddəsi) və iddia müddətinə riayət edilməsi (İPM-in 38.1-ci maddəsi) mövcüd olmalıdır. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 35.1-ci maddəsinə əsasən, bu Məcəllədə başqa qayda nəzərdə tutulmamışdırsa, iddiaçının iddia ərizəsində inzibati aktın qəbul edilməsi və ya qəbul edilməsindən imtina olunması, yaxud da inzibatı orqanın hərəkəti və ya hərəkətsizliyi nəticəsində onun hüquqlarının və qanunla qorunan maraqlarının pozulduğunu əsaslandırdığı hallarda, mübahisələndirmə haqqında, məcburetmə haqqında və ya öhdəliklərin icrası haqqında və müəyyən hərəkətləri etməkdən çəkinməyə dair iddia mümkün sayılır. Həmin Məcəllənin 38.1-ci maddəsinə əsasən mübahisələndirmə haqqında iddia inzibatı aktın təqdim (elan) olunduğu vaxtdan, şikayət instansiyasına şikayət verildiyi hallarda isə şikayətə dair qəbul olunan inzibati aktın təqdim olunduğu vaxtdan 30 gün müddətində, elmi dərəcələr və elmi adlar verilməsi, xarici ölkələrdə verilmiş elmi dərəcələr və elmi adlar haqqında sənədlərin nostrifikasiyası (ekvivalentliyinin müəyyən edilməsi və tanınması) və ya təkrar attestasiya əsasında tanınması, elmi dərəcədən və elmi addan məhrumetmə (elmi adın və elmi dərəcənin bərpası) ilə bağlı inzibati aktlara münasibətdə isə bu inzibati aktlar qəbul edildiyi tarixdən 2 ay müddətində qaldırıla bilər. “İnzibati icraat haqqında“ Azərbaycan Respublikası Qanununun 73.1-ci maddəsinə əsasən qanunda başqa qayda nəzərdə tutulmamışdırsa, şikayət inzibati aktın qüvvəyə mindiyi gündən 30 gün müddətində müvafiq şikayət instansiyasına verilir. Azərbaycan Respublikası Ali Məhkəməsinin Plenumu “İnzibati məhkəmə icraatında iddianın mümkünlüyünə dair” 10 aprel 2015-ci il tarixli 5 nömrəli qərarında göstərmişdir ki, inzibatı mübahisələrə dair iddianın əsaslılığının yoxlanılması üçün zəruri ilkin şərt onun mümkün olmasıdır Mümkünlük şərtləri iddiaya mahiyyəti üzrə baxmağa imkan verən şərtlərin mövcudluğunun yoxlanılmasını nəzərdə tutur. Ona görə də, iddianın mümkünlüyü həmişə onun əsaslılığının yoxlanılmasından əvvəl aparılan hüquqi dəyərləndirmədir. Mümkünlük şərtlərinin mövcudluğunu məhkəmə tərəflərin bildirməsindən asılı olmayaraq, özünün xidməti vəzifəsinə görə yoxlamalıdır. Mübahisələndirilən inzibati akt - Azərbaycan Respublikası müdafiə nazirinin 01689 nömrəli əmridir. Əmi isə xx.xx.2021-ci il tarixlidir. İddiaçı isə sözügedən əmri qanunvericilikdə nəzərdə tutulmuş müddətdə mübahisələndirməmişdir. Başqa sözlə, iddia müddəti 30 gün, yəni xx.xx.2021-ci il tarixdə bitmiş və iddiaçı isə məhkəməyə Azərbaycan Respublikası müdafiə nazirinin xx.xx.2021-ci il tarixli 01689 nömrəli əmrin mübahisələndirilməsi barədə ərizəni isə 2024-cü ilin avqust ayının 10-də təqdim etmişdir. Belə ki, iddiaçı inzibatı aktın mübahisələndirilməsi üçün qanunvericilikdə nəzərdə tutulmuş müddəti (30 gün) ötürmüşdür. İddiaçı barəsində Azərbaycan Respublikası Müdafiə Nazirliyi qərar qəbul edilərkən qüvvədə olan qanunvericiliyin pozulması hallarına yol verilməmişdir. Bakı İnzibati Məhkəməsinin 2-1(112)-11329/2024 saylı, 24 sentyabr 2024-cü il tarixli qərardadı ilə (hakim G.Sevdimalıyeva) iddia mümkün sayılmamışdır. Həmin qərardaddan iddiaçı apellyasiya şikayəti verərək Bakı İnzibati Məhkəməsinin 2-1(112)-11329/2024 saylı, 24 sentyabr 2024-cü il tarixli qərardadının ləğv edilməsi, iddia tələbinin mümkün sayılması barədə qərar qəbul edilməsini xahiş etmişdir. Apellyasiya şikayətinin dəlilləri: Apellyasiya şikayəti onunla əsaslandırılmışdır ki, İPM-nin 13-cü maddəsinə əsasən məhkəmədə qaldırılan iddialarda yol verilən formal xətaların aradan qaldırılmasında, aydın olmayan iddia tələblərinin dəqiqləşdirilməsində, yanlış iddia növlərinin münasibləri ilə əvəz olunmasında, natamam faktiki məlumatların tamamlanmasında, eləcə də işin hallarının müəyyənləşdirilməsi və qiymətləndirilməsi baxımından əhəmiyyət kəsb edən izahatların təqdim olunmasında proses iştirakçılarına yardım etməyə borcludur. Bu Məcəllənin 35-ci Maddəsinin 1-ci bəndi: Bu Məcəllədə başqa qayda nəzərdə tutulmamışdırsa, iddiaçının iddia ərizəsində inzibati aktın qəbul edilməsi və ya qəbul edilməsindən imtina olunması, yaxud inzibati orqanın hərəkəti və ya hərəkətsizliyi nəticəsində onun hüquqlarının və qanunla qorunan maraqlarının pozulduğunu əsaslandırdığı hallarda mübahisələndirmə haqqında, məcburetmə haqqında, öhdəliklərin icrası haqqında və müəyyən hərəkətləri etməkdən çəkinməyə dair iddia mümkün sayılır” qeyd olunsa da işə sədrlik edən hakim buna biganə yanaşdı. Belə ki, həbsdən azad olunduqdan sonra “Vətəndaşların müraciətləri haqqında” Qanuna istinad edərək Müdafiə Nazirliyinin Qərargahına müvafiq əmrin dəyişdirilməsi və ona bu işdə kömək edilməsi barədə müraciətlər ünvanlasa da, hər dəfəsində vəzifəli şəxs tərəfindən “qərar qəbul edilən zaman heç bir qanun pozuntusuna yol verilməmişdir” cavabı verilmişdir. Ona göndərilən heç bir cavab məktubunda vəzifəli şəxs “Vətəndaşların müraciətləri haqqında” Qanunun 7-ci maddəsinin 7.8-ci bəndinin tələbinə əsasən ona məlumat verməmişdir. Azərbaycan Respublikasının 1997-ci il 3 oktyabr tarixli, 377-İQ nömrəli Qanunu ilə təsdiq edilmiş “Hərbi xidmətkeçmə haqqında” Əsasnamənin 22-ci maddəsinin “Növbəti hərbi rütbə verilmək (hərbi rütbənin aşağı salınmasına, hərbi rütbədən məhrum edilməyə, hərbi rütbənin bərpa edilməsinə), vəzifəyə təyin edilmək və ya həqiqi hərbi xidmətdən buraxılmaq üçün təqdim olunan hərbi qulluqçulara (müddətli, müddətdən artıq həqiqi hərbi xidmət hərbi qulluqçularından, kursant və bağlaşma üzrə hərbi xidmət keçənlərdən başqa) hərbi hissələrdə alay (briqada), əlahiddə tabor komandiri, onlara bərabər və onlardan yuxarı birbaşa rəislər tərəfindən (5 və 6 saylı əlavələr) imzalanan təqdimatlar tərtib edilir və vəzifəyə təyin olunma qaydalarına uyğun olaraq müvafiq qurumların vasitəsilə qərar qəbul edilməsi üçün komanda üzrə müvafiq rəislərə göndərilir. Qeyd olunan məsələlər üzrə “təqdimatları imzalamaq hüququ olmayan hərbi hissə bölmələrinin komandirləri və digər birbaşa rəislər komanda üzrə raport verməklə bu barədə vəsatət qaldırırlar” maddəsinə uyğun olaraq hərbi hissə komandiri əvəzi olan X5 iddiaçının ehtiyyata buraxılmağı barədə yuxarı komandanlığa göndərdiyi 156-cı maddənin “e” bəndi üzrə Təqdimat Azərbaycan Respublikasının Qanunun tələbləri pozulmaqla həyata keçirilib. O da MN-nin rəsmisindən aldığı məktublara əsasən hərbi hissə komandiri əvəzi olan Emin Kərimovun etdiyi əməlin vəzifə səlahiyyətlərini aşma kimi qiymətləndirərək Respublika Hərbi Prokurorluğuna xx.xx.2024-cü ildə elektron müraciət ünvanlamışdır. Ona müraciəti ilə əlaqədar aparılan araşdırmanın cavabının göndərilməməsi səbəbindən yenidən xx.xx.2024-cü ildə Respublika Hərbi Prokurorluğuna elektron müraciət ünvanlamışdır. Bunadan sonra, xx.xx.2024-cü il tarixində SHP-a dəvət olunaraq araşdırmanın nəticəsi (xx.xx.2024-cü il tarixli) ilə tanış olmuşdur və kserosurəti ona xx.xx.2024-cü ildə verilmişdir. Yəni o, xx.xx.2024-cü il tarixində bilmişdir ki, sözü gedən məsələ aidiyyəti üzrə məhkəmədə öz həllini tapa bilər. Yalniz bundan 12 gün sonra, yəni xx.xx.2024-cü ildə Bakı İnzibati Məhkəməsinə ərizə ilə müraciət etmişdir. İPM-in 38.1-ci maddəsinə əsasən, mübahisələndirmə haqqında iddia inzibati aktın təqdim (elan) olunduğu vaxtdan, şikayət instansiyasına şikayət verildiyi hallarda isə şikayətə dair qəbul olunan inzibati aktın təqdim olunduğu vaxtdan 30 gün müddətində, elmi dərəcələr və elmi adlar verilməsi, xarici ölkələrdə verilmiş elmi dərəcələr və elmi adlar haqqında sənədlərin nostrifikasiyası (ekvivalentliyinin müəyyən edilməsi və tanınması) və ya təkrar attestasiya əsasında tanınması, elmi dərəcədən və elmi addan məhrumetmə (elmi adın və elmi dərəcənin bərpası) ilə bağlı inzibati aktlara münasibətdə isə bu inzibati aktlar qəbul edildiyi tarixdən 2 ay müddətində qaldırıla bilər. Xüsusi olaraq qeyd olunmalıdır ki, “Hərbi xidmətkeçmə haqqında” Əsasnamənin 165-ci maddəsinə əsasən Ehtiyata və ya istefaya buraxılma barədə əmrlər buraxılan hərbi qulluqçulara hərbi hissə komandirləri (rəisləri) tərəfindən elan olunur - bəndinə uyğun olaraqda ona ehtiyyata buraxılması elan edilməyib. Belə ki, ehtiyyata buraxılması haqqında olan təqdimatda qeyd olunan əsas, yəni Sumqayıt Hərbi Prokurorluğu tərəfindən hərbi hissədə profilaktik tədbirlər görülməsi üçün göndərilmiş Təqdimat onun ehtiyata buraxılması üçün əsas götürülə bilməz. Buna səbəb “Hərbi xidmətkeçmə haqqında” Əsasnamənin 158-ci maddəsinin (Törətdikləri cinayətlərə görə məhkum (hərbi rütbəsindən məhrum olunmadan) edilmiş hərbi qulluqçular həqiqi hərbi xidmətdən ehtiyata, yaxud istefaya buraxılırlar) 1-ci abzasında qeyd olunub ki, Bu maddədə göstərilən hərbi qulluqçuların buraxılmaları üçün təqdimat (raport) təqdim edilməsi və onların buraxılması məhkəmənin qanuni qüvvəyə minmiş hökmünün icrası üçün göstərişin hərbi hissəyə daxil olunmasından sonra icra edilir. Bu halda azadlıqdan məhrum edilməyə məhkum olunan və hökmün qanuni qüvvəyə mindiyi ana qədər həbsdə olan hərbi qulluqçular məhkəmənin hökmündə göstərilən cəza çəkmə günündən və hökmün qanuni qüvvəyə minməsi gününədək azadlıqda olanlar — məhkəmənin qanuni qüvvəyə minmiş hökmünün icrası üçün göstərişin hərbi hissə tərəfindən aldığı gündən həqiqi hərbi xidmətdən buraxılırlar. Həmin maddənin 8-ci abzasında qeyd olunub ki, barələrində istintaq işi aparılan, yaxud məhkəmədə cinayət işinə baxılan hərbi qulluqçular bu işlər üzrə qərar çıxarılanadək həqiqi hərbi xidmətdən buraxıla bilməzlər. Yəni, xx.xx.2021-ci ilədək onun ehtiyyata buraxılmağı tam qanunsuzdur. Barəsində Bakı Hərbi Məhkəməsinin 12 noyabr 2021-ci ildə çıxarılmış hökm 3 dekabr 2021-ci ildə qanuni qüvvəyə minmiş hesab edilirsə göndərilən təqdimatın hərbi hissədən çıxış tarixi N oktyabr 2021-ci ildir bu da onu deməyə əsas verir ki, X5 “Hərbi xidmətkeçmə haqqında” Əsasnamənin 158-ci maddəsinin 1-ci və 8-ci bəndlərinin tələbini ya bilmir və ya bilərəkdən qərəzli yanaşma edərək belə bir qanun pozuntusuna yol vermişdir. X2 yol verdiyi səhlənkarlıq səbəbində həm Hərbi Hava Qüvvələri komandanlığında həm də Müdafiə Nazirliyi Şəxsi Heyət Baş İdarəsinin Kadrlar İdarəsinin vəzifəli şəxsləri xidməti nöqsana yol vermiş olublar. Başqa bir sözlə nüanslara heç bir instansiyada formal olan bu təqdimata diqqət edilmədən müvafiq təqdimatın tələbini icra ediblər. Daha sonda xidmət illərinin hesablanmasında ciddi nöqsana yol verilmişdir ki, hərbi hissədə kadr işləri üzrə cavabdeh şəxs onun xidmət müddətinin başlaması və bitməsi tarixlərini düzgün hesablamayaraq qeydiyyat aparmışdır. Belə ki, həbsdə olduğu müddəti də xidmət illərinin üzərinə gəliblər. Halbuki, müvafiq qanunvericiliklə bu yolverilməzdir, ya o həbsdə olmuş olmalıdır, ya xidmətdə. İstintaq altında olan və təcridxanada saxlanılan şəxsin necə ola bilər ki, xidmət illəri davam etdirilə bilər. Bu kimi ikili halların baş verməməsi üçün 158-ci maddədə həbs olunan şəxs barədə olan qanuni qüvvəyə minmiş hökmün bildirişini aldıqdan sonra ehtiyyata buraxılma qeyd olunub ki, orada cəzanın əvvəli qeyd olunur və buna istinad edərək əmr imzalananda cəzanın başlanması günündən ehtiyyata buraxılmış sayılmalıdır. Təqdimatın əsaslandırma hissəsində qeyd olunmuşdur ki, özünü hərbi hissədə nizam intizamsız zabit kimi aparmış. Necə intizamsız olmuşdur ki, istintaq altında olan zaman Müdafiə Nazirinin xx.xx.2021-ci il tarixli əmri ilə ona “Azərbaycan Respublikasının “Qüsursuz xidmətə görə” medalının Əsasnaməsinin və təsvirinin təsdiq edilməsi haqqında” Azərbaycan Respublikasının 2002-ci il 17 may tarixli, 330-İİQ nömrəli Qanunu ilə təsdiq edilmiş “Qüsursuz xidmətə görə” medal haqqında qanuna əsasən “Qüsursuz xidmətə görə” 3-cü dərəcəli medal verilmişdir. Bu medal verilməsi üçün adından da bəlli olduğu kimi qüsursuz xidmət etmiş hərbi qulluqçulara verilir. Yəni törətmiş olduğu cinayət əməlinin xidməti vəzifələrinin icrası ilə heç bir əlaqəsi olmamışdır, əgər olmuş olsa idi və bu məhkəmədə öz təsdiqini tapsaydı o, zabit rütbəsindən məhrum olunardı. X2 yuxarı qərargaha göndərdiyi təqdimata əsasən onun düzgünlüyünə qərar verən şəxslərin laqeyidliyi səbəbindən Müdafiə Nazirinin 30 noyabr 2021-ci il tarixli əmri də müddət baxımından səhvdir çünki, məhkəmənin qanuni qüvvəyə minmiş hökmü 3 dekabr 2021-ci il tarixlidir. O ehtiyata buraxılan zaman MN-nin əmrindən çıxarışında da qeyd olunduğu kimi sərəncamda olan olmuşdur ki, sərəncama çıxarılma təqdimatının əsası mahiyyət etibarı ilə istintaqa cəlb olunmağıdırsa necə olur ki, ehtiyata buraxılanda məhkəmənin qanuni qüvvəyə minmiş hökmünə məhəl qoymayaraq əsas uyğunsuzluq olur. Həmin Əsasnamənin 168-ci maddəsinə əsasən hərbi qulluqçuların həqiqi hərbi xidmətdən buraxılmaları haqqında (bu Əsasnamənin 156-158-ci maddələri) şəxsi heyət üzrə əmrlərin verilməsindən sonra buraxılma zamanı qüvvədə olan qanunvericiliyin pozulması hallarına yol verilməmişdirsə və buraxılma ilə əlaqədar yeni hallar aşkar edilməmişdirsə, dəyişikliyə yol verilmir - qeydi var və iddiaçı da buna istinadən müraciət edərək sadəcə 156-cı maddənin 158-ci maddəyə dəyişdirilməsini hər dəfə xahiş etmişdir, çünki (qeyd etdiyi 158-ci maddənin tələblərinə məhəl qoyulmamışdır ki, bu da mövcud qanunvericiliyin tələblərinin pozulmasıdır) Müdafiə Nazirliyində əmr imzalananda və ya ünvanladığı məktublara cavab verilən zaman “Vətəndaşların müraciətləri haqqında” Azərbaycan Respublikasının Qanunu 7-ci maddəsinin (Vətəndaşların yazılı müraciətlərinin qəbulu, qeydiyyatı və onlara baxılması qaydasını) 7.8.-ci bəndinin (Müraciətin baxılmamış saxlanılması, qismən təmin edilməsi və ya rədd edilməsi barədə qərar qəbul olunduqda, müraciət edənə cavab məktubunda həmin qərardan şikayət verilməsi qaydası izah edilir) tələbi pozularaq ona adiyyəti məsələ ilə əlaqədar heç bir şikayət vermək hüququ izah edilmədiyini yuxarıda da qeyd etmişdir. İddiaçı İPM-nin 38.1-ci maddəsinin tələbini zamanında (30 noyabr 2021-ci ildə) bilməmiş və bu səbəbdən də əmr imzalandığı gündən deyil, şikayətlərinin icra edilmədiyi tarixdən 12 gün sonra Bakı İnzibati Məhkəməsinə müraciət etmişdir. Tərəflərin iştirakı: Məhkəmə iclasında iştirak edən iddiaçı apellyasiya şikayətini müdafiə edərək təmin edilməsini xahiş etdi. Məhkəmə iclasında iştirak edən cavabdehin nümayəndəsi apellyasiya şikayətinə etiraz edərək təmin edilməməsini, birinci instansiya məhkəməsinin qərardadının dəyişdirilmədən saxlanılmasını xahiş etdi. Əsaslandırma hissəsi: Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 82-ci maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi mübahisə ilə bağlı işə şikayət həddində və hüquqi məsələlər, habelə sübutlar və faktlar (faktiki hallar) əsasında mahiyyəti üzrə tam həcmdə baxır. Məhkəmə kollegiyası iş materiallarını və apellyasiya şikayətinin dəlillərini araşdıraraq, işdə olan sübutlara hüquqi qiymət verərək hesab edir ki, apellyasiya şikayəti təmin edilməməli, Bakı İnzibati Məhkəməsinin 2-1(112)-11329/2024 saylı, 24 sentyabr 2024-cü il tarixli qərardadı dəyişdirilmədən saxlanılmalıdır. Məhkəmə kollegiyası ilk növbədə qeyd edir ki, inzibati mübahisələrə baxılması ilə əlaqədar iddianın əsaslılığının yoxlanılması üçün zəruri ilkin şərt onun mümkün hesab edilməsidir. İddianın əsaslılığının yoxlanılmasına yönəlmiş fəaliyyəti zamanı məhkəmə cavabdehə qarşı irəli sürülmüş maddi-hüquqi tələbin mövcud olub-olmamasını araşdırmaqla mahiyyəti üzrə qərar qəbul edir. Mümkünlük şərtləri isə iddiaya mahiyyəti üzrə baxmağa imkan verən şərtlərin mövcudluğunun yoxlanılmasını nəzərdə tutur. Məhkəmə kollegiyası hesab edir ki, birinci instansiya məhkəməsi düzgün nəticəyə gəlmişdir. Azərbaycan Respublikası İPM-in; -2.2.1-ci maddəsinə əsasən şəxsin hüquq və vəzifələri ilə bağlı inzibati orqan tərəfindən qəbul edilmiş inzibati aktın mübahisələndirilməsinə (ləğv olunmasına və ya dəyişdirilməsinə) dair iddialara (mübahisələndirmə haqqında iddia) inzibati məhkəmə icraatı qaydasında baxılır. -32.1-ci maddəsinə əsasən mübahisələndirmə haqqında iddia vasitəsi ilə iddiaçı inzibati aktın ləğv olunmasını və ya dəyişdirilməsini məhkəmədən tələb edə bilər. Mübahisələndirmə haqqında iddia mübahisə edilən inzibati aktın icra olunması nəticəsində meydana gəlmiş nəticələrin aradan qaldırılması tələbini özündə əks etdirən əlavə ərizə ilə birlikdə də qaldırıla bilər. -38.1-ci maddəsinə əsasən mübahisələndirmə haqqında iddia inzibati aktın təqdim (elan) olunduğu vaxtdan, şikayət instansiyasına şikayət verildiyi hallarda isə şikayətə dair qəbul olunan inzibati aktın təqdim olunduğu vaxtdan 30 gün müddətində, elmi dərəcələr və elmi adlar verilməsi, xarici ölkələrdə verilmiş elmi dərəcələr və elmi adlar haqqında sənədlərin nostrifikasiyası (ekvivalentliyinin müəyyən edilməsi və tanınması) və ya təkrar attestasiya əsasında tanınması, elmi dərəcədən və elmi addan məhrumetmə (elmi adın və elmi dərəcənin bərpası) ilə bağlı inzibati aktlara münasibətdə isə bu inzibati aktlar qəbul edildiyi tarixdən 2 ay müddətində qaldırıla bilər. Məhkəmə kollegiyası “İnzibati məhkəmə icraatında iddianın mümkünlüyünə dair” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 10 aprel 2015-ci il tarixli, 5 saylı qərarında göstərilmiş mövqeyinin nəzərə alınmasını zəruri hesab edir. Sözügedən Qərarda göstərilmişdir ki, “Məhkəmələr nəzərə almalıdırlar ki, inzibati mübahisələrə dair iddianın əsaslılığının yoxlanılması üçün zəruri ilkin şərt onun mümkün olmasıdır. İddianın əsaslılığının yoxlanılmasına yönəlmiş fəaliyyəti zamanı məhkəmə cavabdehə qarşı irəli sürülmüş maddi-hüquqi tələbin mövcud olub-olmamasını araşdırmaqla mahiyyəti üzrə qərar qəbul edir. Mümkünlük şərtləri iddiaya mahiyyəti üzrə baxmağa imkan verən şərtlərin mövcudluğunun yoxlanılmasını nəzərdə tutur. Ona görə iddianın mümkünlüyü həmişə onun əsaslılığının yoxlanılmasından əvvəl aparılan hüquqi dəyərləndirmədir. Mümkünlük şərtlərinin mövcudluğunu məhkəmə tərəflərin bildirməsindən asılı olmayaraq özünün xidməti vəzifəsinə görə yoxlamalıdır. İşin araşdırılması prinsipi bu hallara da şamil olunur. İPM-in 12.1-ci maddəsinə görə məhkəmə proses iştirakçılarının izahatları, ərizə və təklifləri ilə, onların təqdim etdikləri sübutlarla və işdə olan digər materiallarla kifayətlənməyərək, mübahisənin düzgün həlli üçün əhəmiyyət kəsb edən bütün faktiki halları xidməti vəzifəsinə görə araşdırmağa borcludur” (1.1-2.2-ci bəndlər). Həmin Qərarın 2.3-cü bəndinə əsasən, məhkəmələr ilk növbədə iddiaçının həmin iddia tələbi üzrə subyektiv hüququnun olub-olmamasını, cavabdehin həmin iddiaya cavab verməli olub-olmamasını, qanunvericilikdə nəzərdə tutulduğu hallarda cavabdehin imtinasının olub-olmamasını, İPM-də nəzərdə tutulmuş iddia müddətlərinə riayət edilibedilmədiyini, prosessual həmiştirakçılığın yol verilənliyini, tələblərin bir iddiada birləşdirilməsinin mümkünlüyünü İPM-in 37-ci maddəsinə uyğun yoxlamalıdırlar. Göründüyü kimi, işin hallarının araşdırılması (obyektiv araşdırma) prinsipinin tələbinə əsasən, məhkəmə mübahisənin düzgün həlli üçün əhəmiyyət kəsb edən bütün faktiki halları araşdırmağa borcludur. Qeyd edilən qayda həmçinin, iddianın mümkünlüyü ilə bağlı şərtlərin mövcudluğunun yoxlanılmasına da şamil olunur. Belə ki, obyektiv araşdırma prinsipi yalnız iddianın əsaslılığının yoxlanılması zamanı deyil, həmçinin iddianın mümkünlük şərtlərinin yoxlanılması zamanı da tətbiq olunmalıdır. İstinad olunan normaların tələbinə əsasən, inzibati məhkəmə icraatı qaydasında baxılmalı olan istənilən növ iddia yalnız onun verilməsi üçün nəzərdə tutulmuş şərtlərə kompleks şəkildə cavab verdiyi və əsaslandırıldığı halda inzibati məhkəmə icraatı qaydasında baxıla bilər. Qeyd olunan normaların tələblərinə və müvafiq Plenum qərarındakı hüquqi mövqelərə görə işə baxan məhkəmələr icraatın bütün mərhələlərində iddiaya mahiyyəti üzrə baxmağa imkan verən şərtlərin mövcud olub-olmadığını yoxlamalıdırlar ki, həmin şərtlərdən biri də iddianın verilməsi müddətinə riayət olunmasıdır. Hazırkı iddia mübahisələndirmə haqqında iddia olduğundan bu növ iddiaya iddia müddəti tətbiq olunur. Bu baxımdan məhkəmə kollegiyası birinci instansiya məhkəməsinin mövqeyi ilə razılaşaraq hesab edir ki, iddiaçı inzibati prosessual qanunvericiliklə müəyyən edilmiş iddianın verilmə müddətini ötürmüşdür. Birinci instansiya məhkəməsi mübahisələndirilən qərarında qeyd etmişdir ki, İddiaçı xx.xx.2021-ci il tarixli, 01689 nömrəli əmr əsasında “Hərbi xidmətkeçmə haqqında” Əsasnamənin 156-cı maddəsinin “E” bəndinə (xidməti uyğunsuzluğa) görə ehtiyata buraxılmışdır. İddiaçı müvafiq əmrin qəbul edilməsindən (xx.xx.2021-ci il tarixində) təxminən 02 il 07 ay sonra məhkəməyə müraciət etmişdir. İddiaçı izahatında bildirmişdir ki, bir neçə ay həbsdə olmuş, sonrakı dövrdə isə cavabdeh Azərbaycan Respublikası Müdafiə Nazirliyinə müraciət etmiş və müraciətlərinin cavablandırılmasını gözləmişdir, lakin məhkəməyə vaxtında (iddia müddəti ərzində) müraciət etməli olduğunu bilməmişdir. İddiaçının izahatından da aydın olur ki, iddia müddətinin buraxılmasını əsaslandıran hallar mövcud deyildir. Belə olan təqdirdə məhkəmə haqlı olaraq hesab etmişdir ki, prosessual müddətin ötürülməsini əsaslandıran hallar olmadığından prosessual müddətin bərpası haqqında ərizə verilməsinə dair hüquqi yardım göstərilməsi zərurəti yoxdur. Məhkəmə kollegiyası qeyd edilənləri məcmu halında qiymətləndirərək qeyd edir ki, iddiaçı qeyd edilən müddətdə məhkəməyə müraciət etmək hüququnu həyata keçirməsinə mane olan və ya həmin hüququn həyata keçirilməsini məhdudlaşdıran obyektiv halların mövcudluğunu əsaslandırmamışdır və Kollegiya qeyd edilən müddətdə iddiaçının iddia ərizəsi ilə məhkəməyə müraciət hüququnu məhdudlaşdıran hər hansı hal müəyyən etmir. Odur ki, qərarın mübahisələndirilməsi (qanunsuzluğunun tanınması) ilə bağlı yol verilən müddət ötürülmüşdür, bu səbəbdən də iddiaçının hüquqlarının və qanunla qorunan maraqlarının pozulduğunu əsaslandırdığı hallar mövcud deyildir. İPM-in 24.4-cü maddəsinə əsasən, təbii fəlakət və ya digər qarşısıalınmaz hallar, eləcə də hüquqi müdafiə vasitələrindən istifadəyə yol verilməməsi barədə yazılı xəbərdarlıqla bağlı olan hallar istisna olmaqla, müddətin buraxılmasından 1 il keçdikdən sonra həmin müddətin bərpasına dair ərizə verilə bilməz. Göründüyü kimi, prosessual müddətin bərpa edilməsi yalnız müəyyən zaman çərçivəsində mümkündür ki, bunun üçün də qanunverici tərəfindən müəyyən müddət məhdudiyyəti nəzərdə tutulmuşdur. Müddət məhdudiyyəti institutu inzibati idarəçilikdə, mülki dövriyyədə və ümumiyyətlə, hüquq münasibətlərində hüquqi müəyyənliyin və sabitliyin bərqərar olması, hüquqi təhlükəsizliyin təmin olunması məqsədlərinə xidmət edir. İnzibati hüquq münasibətlərini tənzimləyən qanunvericilik müddətin bərpa edilməsi barədə ərizənin təqdim edilməsini istisna edən hal kimi ərizənin müddətin buraxılmasından 1 il keçməsi ilə şərtləndirir. Bu baxımdan Kollegiya hesab edir ki, iddiaçı iddia müddətini ötürməklə yanaşı, tələbinə münasibətdə cavabdeh tərəfindən verilmiş inzibati aktın mövcudluğundan xəbərdar olduğu vaxtdan 1 ildən çox müddət keçdikdən sonra məhkəməyə müraciət etmişdir ki, bu hal hazırki mübahisə üzrə onun müddətin bərpası barədə ərizə ilə də məhkəməyə müraciət etmək hüququnu itirdiyini göstərir. İPM-in 35.1-ci maddəsinə əsasən, bu Məcəllədə başqa qayda nəzərdə tutulmamışdırsa, iddiaçının iddia ərizəsində inzibati aktın qəbul edilməsi və ya qəbul edilməsindən imtina olunması, yaxud inzibati orqanın hərəkəti və ya hərəkətsizliyi nəticəsində onun hüquqlarının və qanunla qorunan maraqlarının pozulduğunu əsaslandırdığı hallarda mübahisələndirmə haqqında, məcburetmə haqqında, öhdəliklərin icrası haqqında və müəyyən hərəkətləri etməkdən çəkinməyə dair iddia mümkün sayılır. Beləliklə, məhkəmə kollegiyası qeyd olunan normaların tələblərinə əsasən belə qənaətə gəlir ki, birinci instansiya məhkəməsi iddianın mümkün sayılmaması barədə düzgün nəticəyə gəlmişdir. Odur ki, apellyasiya şikayəti təmin olunmamalı, birinci instansiya məhkəməsinin qərardadı dəyişdirilmədən saxlanılmalıdır. Nəticəvi hissə: Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 80, 85, 87, 90 və 94-cü maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası Qərara aldı: İddiaçının apellyasiya şikayəti təmin edilməsin. Bakı İnzibati Məhkəməsinin 2-1(112)-11329/2024 saylı, 24 sentyabr 2024-cü il tarixli qərardadı dəyişdirilmədən saxlanılsın. Qərardaddan inzibati məhkəmə icraatının iştirakçıları rəsmi qaydada təqdim olunduğu gündən 10 (on) gün müddətində Bakı Apellyasiya Məhkəməsi vasitəsilə Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyasına kassasiya şikayəti verə bilər. Sədrlik edən: Rəşid Səmədov Hakimlər: Xəyalə Cəmilova Elvin Əliyev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar