Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-1(103)-405/2022 27.01.2022 BAKI APELLYASİYA MƏHKƏMƏSİ Hakimlər Yusifov Cahangir Afər oğlu (sədrlik edən), Həmidov Həmid Üzeyir oğlu və Nağıyeva Elmira Eyvaz qızından ibarət tərkibdə, iddiaçının nümayəndəsi Vəkil və cavabdehin nümayəndəsi X1 iştirakı ilə İddiaçı cavabdeh Azərbaycan Respublikası Cavabdehnə qarşı əmrin ləğv edilməsi, xidmətə bərpa olunması, məcburi iş buraxma müddəti üçün əmək haqqının ödənilməsi tələbinə dair" Bakı İnzibati Məhkəməsinin 2-1(112)-4997/2021 saylı 10.08.2021-ci il tarixli qərarından iddiaçı tərəfindən verilmiş apellyasiya şikayətinə əsasən işə Bakı Apellyasiya Məhkəməsinin binasında (Bakı şəhəri, Z.Xəlilov küçəsi, 540-cı məhəllə), açıq məhkəmə iclasında baxaraq müəyyən e t d i: İ. İddiaçı cavabdeh Azərbaycan Respublikası Cavabdehnə qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Azərbaycan Respublikası Cavabdeh 08 fevral 2021-ci il tarixli,0159\ş saylı əmrinin ləğv edilməsi, onun əvvəlki - Nazirliyin Dövlət Yanğından Mühafizə hissəsinin 17 nömrəli yanğından mühafizə bölməsinin böyük yanğınsöndürəni daxili xidmət baş çavuşu vəzifəsinə bərpa edilməsi, məcburi iş buraxma müddəti üçün 8 fevral 2021-ci il tarixdən hesablanmaqla işə bərpa edildiyi tarixədək məcburi iş buraxma müddəti üçün əmək haqqının ödənilməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir. İddia aşağıdakılarla əsaslandırılmışdır: “...Cavabdeh əmrin verilməsinə əsas kimi Azərbaycan Respublikası Səhiyyə Nazirliyi “Məhkəmə-tibbi ekspertiza və X2” X5 30 dekabr 2020-ci il tarixli,3516\K nömrəli aktının olması göstərilir. Barəsində verilən əmri qanunsuz və əsassızdır. Belə ki, o 2013-cü ildən fövqəladə hallar orqanlarında xidmət edir. Xidməti dövründə nümunəvi əməkdaş hesab edilmiş, barəsində intizam tənbehi tədbiri görülməmişdir. Əksinə. xidməti yuxarı rəhbərlik və rəis heyyəti daim yüksək qiymətləndirmişdir. 23 dekabr 2020-ci il tarixində Baş İdarəyə çağrılmış, ona narkoloji testdən keçməli olduğu bildirilmişdir. Testdən keçməli olanlarla birlikdə Cavabdeh tibb mərkəzinə gətirilmiş, orada müayinə olunmuş, nəticə neqativ çıxmışdır. Sonra yenidən müayinə edilməsi üçün Respublika Narkoloji Mərkəzinə aparılmış və orada yenidən müayinə edilmişdir. Nəticə yenə neqativ olmuşdur. Daha sonra o əməkdaşlara qan analizi belə verməyə hazır olmağını bildirmişdir ki, barəsində şübhələr qalmasın. Oradan birbaşa “Məhkəmə-tibbi ekspertiza və X2“ X5 binasına gəlmiş və yenidən sidik və qan analizi vermişdir. Bundan sonra əməkdaşlar onun xidməti vəsiqəsini qaytarmış və işini davam etdirəcəyini bildirmişlər. 05 yanvar 2021-ci il tarixədək işləmiş və həmin tarixdən növbəti məzuniyyətə çıxmışdır. Məzuniyyət qutarandan sonra 7 fevral tarixdə işə çıxmışdır. 10 fevral 2021-ci il tarixdə işə gələrkən rəis onun xidmətdən azad olunduğunu qeyri rəsmi bildirdi və “Məhkəmə-tibbi ekspertiza və X2” aktınının əsas olduğunu dedi. O bunun əsassız olmasını, narkotikadan istifadə etmədiyini, yanlış akt yazıldığını bildirmiş, həmin gün yəni 10 fevral 2021-ci il tarixdə Dövlət Təhlükəsizlik Xidmətinin hərbi tibb baş İdarəsində qan və sidik analizləri verərək özünü yenidən müayinə etdirmiş, orada da narkotik maddə tapılmamışdır. Göründüyü kimi 3 səlahiyyətli dövlət qurumları onun narkotika qəbul etməməyini müəyyən etdiyi halda Birliyin müayinədən 7 gün sonra tərtib etdiyi akt qanuni və əsaslı, mötəbər sənəd hesab edilə bilməz. Bundan əlavə məhkəmə və istintaq təcrübəsində narkoloji xəstələrin müayinə edilərək rəy verilməsi Birliyə yox Respublika Narkoloji Mərkəzinə həvalə edilir və bu qurumun rəyi əsas götürülür. Çünki burada daha ixtisaslı mütəxəssislər çalışır. Birlikdə isə meyidin müayinəsi zamanı qarşılarına qanda spirtli içki, narkotika olub-olmaması məsələsinin aydınlaşdırılmasına sual qoyulsa müayinə aparlır. Şəxsin narkoloji xəstə olubolmamasının aydınlaşdırılması Birliyin səlahiyyətində deyil. Odur ki, cavabdeh Birliyin yox Narkoloji Mərkəzin gəldiyi nəticəyə inanmalı idi....” Bakı İnzibati Məhkəməsinin 2-1(112)-4997/2021 saylı 10.08.2021-ci il tarixli qərarı ilə iddia rədd edilmişdir. İddiaçı apellyasiya şikayəti verərək, həmin qərarın ləğv edilməsini və iddia ərizəsinin təmin olunması barədə yeni qərar qəbul edilməsini xahiş etmişdir. Azərbaycan respublikasının İnzibati Prosessual Məcəlləsinin («İPM») 85-ci maddəsinin tələblərinə uyğun verilmişdir və məhkəmə icraatı mümkündür. Apellyasiya şikayəti aşağıdakılarla əsaslandırılmışdır: “ …Məhkəmənin qərarı əsassızdır. Belə ki, 3 səlahiyyətli dövlət qürumları narkotik qəbul etməməsini müəyyən etdiyi halda Birliyin müayinədən 7 gün sonra tərtib etdiyi aktı mötəbər hesab edilə bilməz. Bundan əlavə məhkəmə və istintaq təcrübəsində narkoloji xəstələr barədə rəy verilməsi Birliyə yox, Respublika Narkoloji Mərkəzinə həvalə edilir və onun rəyi əsas götürülür. Şəxsin narkoloji xəstə olub-olmamasını aydınlaşdırmaq Birliyin səlahiyyətində deyil. Cavabdeh Narkoloji Mərkəzin gəldiyi nəticəyə inanmalı idi. Birliyin aktı əsaslı olsa belə əmrdə istinad edilən «Narkoloji xidmət və nəzarət haqqında» Qanunun 6.7-ci maddəsi ona şamil edilə bilməz. Çünki bu maddə heç də müalicə məqəsədi ilə yaxud qanunla müəyyən edilən istehlak normasında, yaxud təsadüfən narkotik qəbul edənlərə yox narkoloji xəstələrə şamil edilməlidir. Həmin Qanunun 7.1-ci maddəsinə əsasən şəxsin narkoloji xəstə olub-olmaması, narkoloji xəstənin səhhətinin vəziyyəti, onun proqnozları, göstərilmiş xidmətlər haqqında məlumatlar Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş qaydada verilir. Onun isə narkoloji xəstə olmasını təsdiq edən heç bir sənəd mövcud deyil. Birlik vəkil sorğusuna əsasən aktın surətini verməsə də əmrdə 23 dekabr 2021-ci il tarixli müayinə zamanı tərəfimdən narkotik vasitə aşkarlanmışdır» sözünün verilməsi onu təsdiq edir ki, xəstə olması barədə rəy yoxdur. Şəxsin qanında narkotik maddə tapılması onun narkoloji xəstə olması anlamını vermir…» Məhkəmə kollegiyasının iclaslarında iştirak edən iddiaçının nümayəndəsi Vəkil apellyasiya şikayətini dəlillərinə uyğun müdafiə edərək təmin olunmasını məhkəmədən xahiş etmişdir. Məhkəmə kollegiyasının iclaslarında iştirak edən cavabdehin nümayəndəsi R.Cəbrayılov daxil olmuş əməliyyat məlumatlarına əsasən iddiaçının narkotik vasitələrdən istifadə etməsi məlum olduğunu, onun müəyənədən keçirildiyini və məhkəmə-tibb ekspertizası aktı ilə gəlinən rəyə əsasən narkotik vasitələrdən istifadə etdiyi öz təsdiqini tapdığını bildirərək birinci instansiya məhkəməsinin qərarını qüvvəsində saxlanılmasını xahiş etmişdir. İİ. Məhkəmə kollegiyası işdə iştirak edən şəxsləri dinləyib, iş materiallarını araşdırıb belə nəticəyə gəlir ki, aşağıdakı əsaslara görə iddiaçının apellyasiya şikayəti təmin edilmədən, birinci instansiya məhkəməsinin qərarı dəyişdirilmədən qüvvədə saxlanılmalıdır. İddiaçının tələbindən göründüyü kimi, cavabdehin, onun xidmətdən xaric edilməsi barədə 08 fevral 2021-ci il tarixli,0159\ş saylı əmrinin ləğv edilməsini və həmin əmrin hüquqi nəticələrinin aradan qaldırılmasını tələb etmişdir. İPM-in 32.1-ci maddəsinə əsasən mübahisələndirmə haqqında iddia vasitəsi ilə iddiaçı inzibati aktın ləğv olunmasını və ya dəyişdirilməsini məhkəmədən tələb edə bilər. Mübahisələndirmə haqqında iddia mübahisə edilən inzibati aktın icra olunması nəticəsində meydana gəlmiş nəticələrin aradan qaldırılması tələbini özündə əks etdirən əlavə ərizə ilə birlikdə də qaldırıla bilər. Həmin Məcəllənin 14.1-ci maddəsinə əsasən mübahisələndirilən inzibati aktı qəbul etmiş inzibati orqan həmin aktın qəbul edilməsini zəruri edən faktiki şərtlərin mövcudluğunu sübut etməlidir. Cavabdehin işə əlavə olunmuş mübahisələndirilən əmrindən görünür ki, “Fövqəladə hallar orqanlarında xidmətkeçmə haqqında” Azərbaycan Respublikasının Qanununun 31.1.8-ci, 31.5-ci və 33.1.12-ci maddələrini və Azərbaycan Respublikası Prezidentinin 2006-cı il 19 aprel tarixli 394 nömrəli Fərmanı ilə təsdiq edilmiş "Azərbaycan Respublikasının Cavabdeh haqqında Əsasnamə"nin 10.10.22-ci bəndini rəhbər tutularaq Nazirliyin Dövlət Yanğından Mühafizə Xidmətinin Nərimanov rayon Yanğından mühafizə hissəsinin 17 nömrəli yanğından mühafizə bölməsinin böyük yanğınsöndürəni daxili xidmət baş çavuşu olan hazırkı iddiaçı İddiaçı fövqəladə hallar orqanlarından xaric edilmişdir. Həmin Qanunun 31.1.5 və 31.1.8-ci maddələrindən isə görünür ki, vəzifələrin icrası zamanı qanunvericiliyə uyğun olaraq kobud pozuntulara, habelə bu Qanunun 11-ci maddəsində nəzərdə tutulmuş, xidmətlə bir araya sığmayan hərəkətlərə yol verildikdə fövqəladə hallar orqanlarından xaric etmə növündə intizam tənbehi tətbiq edilir. Həmin Qanunun 10.0.2-ci maddəsindən isə görünür ki, fövqəladə hallar orqanları əməkdaşları, o cümlədən, fövqəladə hallar orqanlarının nüfuzunu aşağı sala biləcək hərəktlərə yol verməməyə, 10.0.10-cu maddəsinə əsasən isə etik davranış və intizam qaydalarına əməl etməyə borcludurlar. Cavabdehin mübahisələndirilən əmrində iddiaçı barəsində fövqəladə hallar orqanlarından xaric etmə intizam tənbehinin tətbiq edilməsinə əsas kimi Azərbaycan Respublikası Səhiyyə Nazirliyi “Məhkəmə-tibbi ekspertiza və X2” X5 30 dekabr 2020-ci il tarixli,3516\K nömrəli aktı göstərilmişdir. İşə əlavə olunmuş həmin Aktdan isə görünür ki, iddiaçı İddiaçı götürülmüş qan və sidik nümunələrinin məhkəmə - kimyəvi tədqiqatına əsasən iddiaçı «İddiaçı götürülmüş qan nümunəsinin tərkibində tiryək qrupuna aid olan morfin adlı alkoloidin sintetik analoqu olan “Heroin” və 1,4 benzodiazepin qrupuna aid olan törəmə aşkar edilmişdir…» Belə olan halda, yəni, iddiaçının qeyd olunan narkotk vasitələdən istifadə etməsi isə “Fövqəladə hallar orqanlarında xidmətkeçmə haqqında” Qanunun 10-cu maddəsinin qeyd olunan müddəaları baxımından, fövqəladə hallar orqanları əməkdaşının etik davranışı ilə bir araya sığmayan və fövqəladə hallar orqanlarının nüfuzunu aşağı sala biləcək hərəkət kimi qiymətləndirilməyə bilməz. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2002-ci il 12 sentyabr tarixli, 145 nömrəli Qərarı ilə təsdiq edilmiş “Narkoloji xəstələr üçün fəaliyyət məhdudiyyəti nəzərdə tutulmuş peşə növlərinin və vəzifələrin Siyahısı və məhdudiyyətin müddəti”nin 1-ci hissəsinin 10-cu bəndi isə nəzərədə tutur ki, narkotik vasitə istifadəçilərinin müdafiə, təhlükəsizlik, məhkəmə və hüquq mühafizə orqanlarında bütün növ peşə və vəzifələrdə çalışmalarına yol verilmir. İddiaçının apellyasiya şikayətinin qeyd olunan dəlillərindən göründyü kimi, «Narkoloji xidmət və nəzarət haqqında» Qanunun 6 və 7-ci maddələrinə istinadən hesab edir ki, «Birliyin» sözügedən ekspertiza aktı mötəbər sübut kimi qiymətləndirilə və onun xidmətdən xaric edilməsi üçün əsas ola bilməzdi. Məhkəmə kollegiyası iddiaçının qeyd olunan dəlilləri ilə razılaşmır. Belə ki, sözügedən Qanunun 20.2-ci maddəsinə əsasən sərxoşluq hallarının müəyyən edilməsi məqsədilə tibbi müayinənin aparılması üsulları Azərbaycan Respublikasının müvafiq icra hakimiyyəti tərəfindən təsdiq edilir. «Narkoloji xidmət və nəzarət haqqında» Azərbaycan Respublikası Qanunun tətbiq edilməsi haqqında» Azərbaycan Respublikası Prezidentinin Fərmanının 2-ci bəndinin 2-ci abzasına əsasən Qanunun 20.2-ci maddəsində nəzərdə tutulan müvafiq icra hakimiyyəti» orqanının səlahiyyətlərini Səhiyyə Nazirliyi tərəfindən həyata keçirilir. «Məhkəmə tibbi ekspertiza və Patoloji Anatomiya» Elmi-Təcrübi və Tədris Birliyində Mərkəzi Narkoloji xidmətləri haqqında» Əsasnamənin 5-ci bəndinə əsasən məhkəmə psixiatrik və məhkəmə narkoloji ekspertizalar psixiatriya və narkologiya ixtisaslarına uyğun olaraq ixtisaslaşmış həkimlər-məhkəmə–tibb ekspertləri tərəfindən aparılır. Həmin Əsasnamənin 11-ci bəndinə əsasən məhkəmə psixiatrik və Məhkəmə narkoloji şöbələrin rəhbərləri Səhiyyə Nazirliyinin əmr və təlimatlarını, şöbələr haqqında əsasnaməni, məhkəmə psixiatrik, məhkəmə narkoloji işlərini nizamlayan normativ göstəriş, qayda və təlimatları, Birliyin əsasnaməsini rəhbər tutaraq fəaliyyət göstərdikləri ərazidə müvafiq xidmətləri təşkil edir. Qeyd olunanlar onu deməyə əsas verir ki, iddiaçının müəyinəsi Səhiyyə Nazirliyinin «Məhkəmə-tibbi ekspertiza və Patoloji Anatomiya» Elmi-Təcrübi və Tədris Birliyi» tərəfindən aparılması heç də qanunvericiliyə zidd olmamışdır. Ən azından «Narkoloji xidmət və nəzarət haqqında» Qanunda belə bir qadağaedici norma mövcud deyil. Bu baxımdan, məhkəmə kolllegiyası mübahisələndirilən ekspertiza aktı ilə müəyyən edilən müəyinənin nəticələrinə inandırıcı yanaşır. İddiaçının apellyasiya şikayətində istinad etdiyi, Respublika Narkoloji Mərkəzinin və DTX-nın poliklinikası tərəfindən iddiaçıda narkotik vasitə aşkar edilmədiyi ilə bağlı dəlillərinə gəldikdə isə məhkəmə kollegiyası hesab edir ki, həminsəhiyyə müəssisələrində aparılan müəyinələrin nəticələri - Səhiyyə Nazirliyi “Məhkəmə-tibbi ekspertiza və X2”ndə elmi-metodik üsullardan istifadə edilməklə aparılan ekspertiza tədqiqatının nəticələri ilə eyniləşdirilə və işin həqiqi hallarını əks etdirə bilməz. Həmin “Birlik” aparılan ekspertiza tədqiqatın nəticələrinə görə iddiaçının qan və sidik nümunələrinin məhkəmə - kimyəvi tədqiqatı zamanı tərkibində tiryək qrupuna aid olan morfin adlı alkoloidin sintetik analoqu olan “Heroin” və 1,4 benzodiazepin qrupuna aid olan törəmə aşkar edilməsi isə onu göstərir ki, o, həmin tərkibli narkotik vasitələrdən stfadə etmiş, bununla da qanunvericiliklə üzərinə düşən vəzifələrini kobud surətdə pozmuş, fövqaladə hallar əməkdaşı adına ləkə gətirən hərəkətələrə yol vermişdir. “İnzibati icraat haqqında” Qanunun 67.1-ci maddəsinin tələbindən isə görünür ki, inzibati akt, inzibati və maddi hüquq normalarının pozulması və ya düzgün tətbiq edilməsi ilə qəbul edildiyi halda qanunsuz sayılır. Eyni zamanda, İnzibati Posessual Məcəllənin 70.1-ci maddəsinin mənasından isə görünür ki, inzibati akt o halda ləğv oluna bilər ki, qanuna zidd olduğu sübuta yetirilsin. Beləliklə də, cavabdehin mübahisələndirilən əmrinin ləğv edilməsi üçün əsaslar müəyyən olunmur. Bu baxımdan, məhkəmə kollegiyası hesab edir ki, birinci instansiya məhkəməsi iddianı rədd etməklə mahiyyəti üzrə düzgün olan nəticəyə gəlmişdir. Ona görə də qeyd edilənldəri nəzərə alan məhkəmə kollegiyası iddiaçının apellyasyia şikayətinin birinci instansiya məhkəməsinin qərarının qanunsuz və əsassız olduğunu mübahisələndirən dəlilləri ilə razılaşmır və yekunda belə nəticəyə gəlir ki, onun apellyasiya şikayəti təmin edilmədən, Bakı İnzibati Məhkəməsinin 2-1(112)-4997/2021 saylı 10.08.2021-ci il tarixli qərarı dəyişdirilmədən qüvvədə saxlanılmalıdır. İPM-in 87.6-cı maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qərarını dəyişdirmədən qüvvədə saxlaya bilər. Yuxarıda göstərilənlərə əsasən və İPM-nin 69, 82, 87, 89, 90, 94-cü maddələrini rəhbər tutaraq məhkəmə kollegiyası qərara a l d ı: İddiaçı apellyasiya şikayəti təmin edilməsin. Bakı İnzibati Məhkəməsinin 2-1(112)-4997/2021 saylı 10.08.2021-ci il tarixli qərarı dəyişdirilmədən qüvvədə saxlanılsın. Qərardan təqdim olunduğu gündən 1(bir) ay müddətində Bakı Apellyasiya Məhkəməsi vasitəsilə Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyasına (ünvan) kassasiya şikayəti verilə bilər. Sədrlik edən: Cahangir Yusifov Hakimlər: Həmid Həmidov Elmira Nağıyeva
Məhkəmə qərarları › İş №2-1(103)-405/2022
Bakı Apellyasiya Məhkəməsi Qərar — İş №2-1(103)-405/2022
27.01.2022 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver