Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-1(103)-405/2024 23.01.2024 BAKI APELLYASİYA MƏHKƏMƏSİ Giriş hissə: X5 Səmədovun sədrliyi və məruzəsi ilə, Xəyalə Adil qızı Cəmilova və Aytən Pənah qızı Oruczadədən ibarət tərkibdə, Eldarzadə Şirazi Elxan oğlunun katibliyi, İddiaçının nümayəndəsi X6, Üçüncü şəxsin nümayəndəsi X3 iştirakları ilə, İddiaçı cavabdeh Binəqədi Rayon İcra Hakimiyyətinə qarşı (üçüncü şəxs Azərbaycan Respublikasının Müdafiə Nazirliyi) “vəfat etmiş ərinin əvəzinə mənzil növbəsinə götürülməsi və mənzil kirayəsi haqqının ödənilməsi” barədə iddia tələbinə dair inzibati iş üzrə Bakı İnzibati Məhkəməsinin 2-1(112)-1404/2022 saylı, xx.xx.2022-ci il tarixli qərarından iddiaçı tərəfindən verilmiş apellyasiya şikayətinə əsasən inzibati işə Bakı Apellyasiya Məhkəməsinin inzibati binasında, açıq şifahi məhkəmə baxış iclasında baxaraq aşağıdakı qərarı qəbul etdi. Təsviri hissə: İddiaçı cavabdeh Binəqədi Rayon İcra Hakimiyyətinə qarşı “Hərbi qulluqçuların statusu haqqında” Qanunun 28-ci maddəsinin tələblərinə əsaslanaraq mərhum həyat yoldaşı kapitan Rəşad Mahmudovun həyat yoldaşı kimi Binəqədi Rayon İcra Hakimiyyətində dövlət mənzil fondu hesabına növbədənkənar abad mənzil almaq üçün hərbi qulluqçuların mənzil uçotuna sənədlərin qəbul edilməsi və uşaqların yetkinlik yaşına çatanadək (abad mənzil verilənədək) müvəqqəti mənzilin kirayəsi üçün kompensasiyanın ödənilməsini 01 yanvar 2021-ci il tarixdən davam etdirilməsi, hər ay 375 manat ödənilməsi tələbinə dair iddia ərizəsi ilə Bakı İnzibati Məhkəməsinə müraciət etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, Azərbaycan Respublikasının Silahlı Qüvvələrində 20 ildən artıq qüsursuz həqiqi hərbi xidmətdə olan iddiaçının həyat yoldaşı kapitan X4 44 günlük Vətən müharibəsində iştirak etdikdən sonra cərrahiyyə əməliyyatı aparılması məqsədilə Silahlı Qüvvələrin Baş Klinik Hospitalına müraciət etmiş, əməliyyatın icrası üçün avadanlıq və həkim mütəxəssislərin olmadığına, sağlamlığı getdikcə ağırlaşdığına görə, hospitalın rəisinin komandanlığa ünvanladığı məktubun cavabına əsaslanaraq R.Mahmudov xx.xx.2020-ci il tarixli məzuniyyət bileti alıb, neyrocərrahiyyə əməliyyatı olunması üçün “Bakı Medikal Plaza” klinikasına getmiş, xx.xx.2020-ci il tarixdə klinikada neyrocərrahiyyə əməliyyatı düzgün aparılmamış, xəstənin qanına kliniki infeksiya yeridilib reanimasiya şöbəsinə yerləşdirilmiş, 41 gün müddətində xəstəyə əzab-əziyyət verdikdən sonra beyini və qanı irinləşdirib və xx.xx.2021-ci il tarixdə həyatdan məhrum etmişlər. İddiaçı “Hərbi qulluqçuların statusu haqqında” Qanunun 28-ci maddəsinin tələblərinə əsaslanaraq mərhum kapitan Rəşad Mahmudovun həyat yoldaşı kimi Binəqədi Rayon İcra Hakimiyyətində Dövlət Mənzil Fondu hesabına növbədənkənar abad mənzil almaq üçün mənzillə təmin edilməsini və uşaqların yetkinlik yaşına çatanadək (abad mənzil verilənədək) müvəqqəti mənzilin kirayəsi üçün kompensasiyanın ödənilməsini 01 yanvar 2021-ci il tarixdən davam etdirilməsini, hər ay 375 manat ödənilməsini xahiş etmişdir. İcra Hakimiyyətinin hüquq şöbəsinin və sənədlərlə iş şöbəsinin müdirləri ona qanunsuz, əsassız cavablar vermiş, xx.xx.2021-ci il, xx.xx.2021-ci il, xx.xx.2021-ci il tarixlərdə poçt vasitəsilə ona göndərdiyi ərizələrə yazılı cavab verməkdən imtina etmişdilər. Bakı Şəhər İcra Hakimiyyətinə, İnsan Hüquqları üzrə Müvəkkili aparatına, Müdafiə Nazirliyinə dəfələrlə şikayət məktubları ünvanladıqdan sonra, cavabdehin xx.xx.2021-ci il tarixli imtina məktubunu almışdır. Birinci instansiya məhkəməsinin xx.xx.2021-ci il tarixli qərardadı ilə Azərbaycan Respublikasının Müdafiə Nazirliyi üçüncü şəxs qismində məhkəmə icraatına cəlb edilmişdir. Cavabdeh iddia ərizəsinə etirazında iddianın rədd olunmasını məhkəmədən xahiş etmişdir. Etiraz Azərbaycan Respublikası Mənzil Məcəlləsinin 51.2-ci maddəsinə, "Hərbi qulluqçuların statusu haqqında” Azərbaycan Respublikasının Qanunun 12-ci maddəsinin 7-ci bəndinə, 21-ci maddəsinə (5-ci bəndinə), 28-ci maddəsinə, Mənzil Məcəlləsinin 51.2ci maddəsinə istinadən onunla əsaslandırılmışdır ki, əlavə güzəştin olması həmin zabitə nisbətdə tətbiq ediləcəyi bəlli deyil. Belə ki, sənədlər təqdim edildikdə şəxsin güzəştdən istifadə hüququnun olmaması halları da müəyyən oluna bilər. Bundan başqa, iddiaçı iddia ərizəsində Binəqədi Rayonu İcra Hakimiyyətinin üzərinə fərdi yaşayış evinin tikintisi üçün torpaq sahəsi ilə təmin olunması vəzifəsinin qoyulmasını xahiş edir. Halbuki, “Torpaq islahatı haqqında” Qanuna uyğun olaraq, vətəndaşlara hər-hansı bir məqsəd üçün torpaq sahəsinin ayrılması 01 yanvar 2001-ci il tarixdən bələdiyyələrin səlahiyyətinə verilmişdir. İddiaçı qəbulda olarkən bununla bağlı dəfələrlə müvafiq izahatların verilməsinə baxmayaraq, o rayon İcra hakimiyyətinin səlahiyyəti çərçivəsində olmayan öhdəliyinin üzərinə qoyulması barədə iddia qaldırmışdıır. Bundan başqa, güzəşt mənzil növbəsinə dayanmaq istəyən şəxsin özünə məxsus olduğu halda o həmin güzəştlə mənzil növbəsinə dayana bilir. Qanunvericiliyin yuxarıda qeyd olunan müddəalarından göründüyü kimi güzəşt mənzil növbəsinə dayanmaq istəyən şəxsin özünə məxsus olduğu halda o həmin güzəştlə mənzil növbəsinə dayana bilər. İddiaçının həyat yoldaşı vəfat etdiyindən ona məxsus olmuş imtiyazların onun həvat yoldaşına şamil edilməsi qanunvericilikdə nəzərdə tutulmadığından məsələsinin müsbət həlli mümkün olmamışdır. Mənzil Məcəlləsinin 51.5ci maddəsinə əsasən uçota alınma və ya uçota almaqdan imtina haqqında qərar uçota alınmanı həyata keçirən orqan tərəfindən bu Məcəllənin 51.4-cü maddəsində göstərilən uçota alınma haqqında ərizənin və digər sənədlərin baxılmasının nəticələri əsasında sənədlərin həmin orqana təqdim edildiyi gündən otuz iş günündən gec olmayaraq qəbul edilməlidir. AR Nazirlər Kabinetinin "Ehtiyata və ya istefaya buraxılmış vətəndaşların bəzi kateqoriyalarına müvəqqəti mənzil kirayəsi xərclərinin məbləğinin və ödənilməsi qaydasının müəyyən edilməsi barədə” 174 saylı 2012-ci il 6 avqust tarixli qərarına əsasən müvəqqəti mənzil kirayəsi xərcləri yerli icra hakimiyyəti orqanlarında mənzil növbəsində dayanmış şəxslərə ödənilir. Həmçinin, Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 58.7-ci maddəsinə görə sübutlar məhkəmə tərəfindən tam və hərtərəfli araşdırıldıqdan sonra qiymətləndirilir. Üçüncü şəxs inzibati orqan iddiaya dair yazılı münasibətini onunla əsaslandırmışdır ki, Azərbaycan Respublikası Müdafiə nazirinin 06 may 2019-cu il tarixli 6 nömrəli qərarı ilə təsdiq edilmiş “Azərbaycan Ordusunun hərbi qulluqçularına (müddətli həqiqi hərbi xidmət hərbi qulluqçularından başqa) və hərbi qulluqçu hazırlayan xüsusi təyinatlı təhsil müəssisələrinin ailəli kursantlarına müvəqqəti mənzilin kirayəsi üçün pul kompensasiyasının ödənilməsi Qaydası” müəyyən edilmişdir. Həmin qaydanın 1.2-ci maddəsinə əsasən mənzil kirayəsi üçün pul kompensasiyası Azərbaycan Ordusunun hərbi qulluqçularına və onların ailə üzvlərinə ödənilir. Azərbaycan Respublikası Müdafiə Nazirinin 05 mart 2021-ci il tarixli 0326 nömrəli əmri ilə “Hərbi xidmətkeçmə haqqında” Əsasnamənin 167-ci maddəsinə müvafiq olaraq X7 Aeroportunun Hərbi Əlaqələr Komendantlığının hərbi komendantının köməkçisi kapitan X4 vəfat etdiyi üçün 24 yanvar 2021-ci il tarixdən Azərbaycan Ordusunun hərbi qulluqçularının siyahısından çıxarılmışdır. Ölüm- hərbi xidmət vəzifəsinin icrası ilə bağlı olmuşdur. “Hərbi qulluqçuların statusu haqqında” Azərbaycan Respublikasını Qanunun 28-ci maddəsinə əsasən hərbi xidmət vəzifələrinin icrası zamanı həlak olmuş (ölmüş) hərbi qulluqçunun ailəsinə, zərurət olduqda, hərbi qulluqçunun həlak (olduğu) gündən ən gec 6 ay keçənədək dövlət mənzil fondu hesabına növbədənkənar abad mənzil almaq və ya mənzil şəraitini yaxşılaşdırmaq hüququ verir, uşaqları yetkinlik yaşına çatanadək müvəqqəti mənzilin kirayəsi üçün kompensasiyasının ödənilməsi davam etdirilir. Həmin Qanunun 21.5-ci maddəsinə əsasən hərbi qulluqçu və ya həqiqi hərbi xidmətdən buraxılmış şəxs həlak olduqda (vəfat etdikdə), onun ailəsi istifadə etdiyi güzəştlərə hüququnu saxlayır. Bakı İnzibati Məhkəməsinin 2-1(112)-1404/2022 saylı, xx.xx.2022-ci il tarixli qərarı ilə (hakim E.Əliyev) iddia təmin edilməmişdir. Qərardan narazı qalan iddiaçı qanunvericiliklə müəyyən edilmiş qaydada və vaxtda apellyasiya şikayəti verərək, qərarın ləğv edilməsini və iş üzrə yeni qərar qəbul edilməsini xahiş etmişdir. Apellyasiya şikayətinin dəlilləri: Apellyasiya şikayəti iddia ərizəsinə uyğun yazılmış və əlavə olaraq onunla əsaslandırılmışdır ki, iddiaçının mərhum ərinin ailə vəziyyəti ilə əlaqədar qısa müddətli məzuniyyətdə olduğu zaman əməliyyat olunması və nəticədə ölməsi kimi qərarda həqiqətəuyğun olmayan uydurma qeydlərin göstərilməsi qəsdən iddia ərizəsinin mahiyyətini cavabdehin xeyrinə dəyişdirməsi qanunazidd və iddiaçının hüquqlarının məhkəmə (hakim) tərəfindən pozulması kimi qiymətləndirilməlidir. Ədalət mühakiməsi hamının qanun və məhkəmə qarşısında bərabərliyi prinsipini, çəkişmə və faktlar əsasında həyata keçirməlidir. Hakim bütün hallarda prosesin çəkişmə prinsipini təmin etdikdən sonra öz qərarını yalnız tərəflərin çəkişmə prinsipinə əsasən müzakirə etdiyi dəlillərlə, onların verdiyi izahatlarla, sənədlərlə əsaslandırmalıdır. İşə baxan məhkəmə (hakim) bütün sübutları toplamaqla, vicdanını rəhbər tutaraq sübutları prosessual qanunvericiliyin tələblərinə əsaslanaraq, araşdırılmadan iddiaçının və nümayəndəsinin ləyaqətini alçaldaraq məhkəmə prosesini əsassız olaraq 10 ay müddətinə uzatdıqdan sonra qəbul etdiyi qanunsuz və əsassız qərarı 2 aydan artıq müddətdə iddiaçıya və ya nümayəndəsinə verməkdən imtina etmişdir. İnsan və vətəndaş hüquqlarını qorumaq, qanunvericilik, icra və məhkəmə hakimiyyəti orqanlarının vəzifə borcudur. Dövlət orqanları yalnız bu konstitusiya əsasında, qanunla müəyyən edilmiş qaydada və hüdudlarda fəaliyyət göstərə bilər. Müdafiə Nazirliyindən məhkəmənin sorğusuna cavab olaraq göndərdiyi xx.xx.2021-ci il tarixli 0326 saylı əmirdən çıxarışda “Ölüm hərbi xidməti vəzifələrinin icrası ilə bağlı olduğunu” qeyd edildiyi halda, X7 Aeroportunun hərbi komendantı Ruslan Həsənovun xx.xx.2021ci il tarixli 71 saylı əmrindən çıxarışda da “Ölüm hərbi xidməti vəzifəsinin icrası ilə bağlı olduğunu" qeyd olunduğu halda R.Mahmudovun komandiri hərbi komendant Ruslan Həsənovun imzası ilə məhkəməyə təqdim etdiyi xx.xx.2021-ci il tarixli 74 saylı niyyəti və məqsədi məlum olmayan saxta arayışı məhkəməyə təqdim etməsinin səbəbləri: 1. Hərbi komendant Ruslan Həsənov köməkçisi kapitan R.Mahmudovdan rüşvət ala bilməməsi; 2. 44 günlük müharibədən bir gün əvvəl Azərbaycan Dövlətini təmsil edən yüksək vəzifəli dövlət məmurlarının (müharibəyə getməyə borclu olan) övladlarının “xüsusi reys” təyyarələrlə xarici dövlətlərə qaçdığı zaman hərbi komendantın köməkçisi kapitan R.Mahmudov komendant Ruslan Həsənova etirazını bildirməsi və digər faktlar 74 saylı saxta arayışda “Ölüm hərbi xidməti vəzifəsinin icrası zamanı baş verməyib” kimi qeyd etməsi özünün köməkçisindən öləndən sonra qisas alması kimi qiymətləndirilməlidir. “Hərbi vəzifə və hərbi xidmət haqqında” Qanunun 27.1.8-ci maddəsinə əsasən kapitan R.Mahmudov müalicədə olarkən klinikanın reanimasiya şöbəsində pula görə həkimlər tərəfindən öldürülməsi hərbi xidmət vəzifələrinin icrası zamanı baş verdiyini konkret göstərilmişdir. Lakin qeyd etdiyi Qanunun 27.2-ci maddəsində hərbi xidmət vaxtı ərzində komandirin (rəisin) məlumatı olmadan xidmət yerindən kənarda olması; sərxoş vəziyyətdə olması; inzibati xətanın və ya cinayətin törədilməsi nəticəsində baş verdikdə hərbi xidmət vəzifələrinin icrası ilə bağlı sayılmır. Vəzifəli şəxsin işə vicdansız və ya laqeyd münasibəti, vəzifə səlahiyyətlərinin lazımi qaydada yerinə yetirilməməsi, əməllərində tamah və ya şəxsi niyyətlər, vəzifə saxtakarlığı və sairə, nəticədə iddiaçının ailəsinin hüquqlarına və qanuni mənafelərinə mühüm maddi və mənəvi zərbə vurulmasına səbəb olmuşdur. Məhkəmənin xx.xx.2022-ci il tarixli 2-1(112)-1404/2022 saylı prosessual qanunvericiliyin tələblərini pozmaqla qəbul etdiyi qanunsuz və əsassız qərarında X1 ölümünün hərbi xidməti vəzifələrinin icrası ilə bağlı olub-olmaması öz təsdiqini tapmamışdır. Məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafıq olaraq qiymət verməlidir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur. Lakin məhkəmə əsas sübut kimi 74 saylı xx.xx.2021-ci il tarixli həqiqətəuyğun olmayan saxta arayışa istinad etmişdir. Məhkəmənin qərarı ilə razı deyil və hesab edir ki, iş üzrə çıxarılan qərar əsassız və qeyri-qanunidir. Məhkəmə (hakim) qərarı yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırmalıdır. Müdafiə Naziri general-polkovnik Zakir Həsənovun xx.xx.2021-ci il tarixli, 0326 saylı əmrindən çıxarışda “Ölüm hərbi xidmət vəzifələrinin icrası ilə bağlı olduğu” qeyd edildiyi halda, həmçinin X7 Aeroportunun hərbi komendantı polkovnik-leytenant Ruslan Həsənovun xx.xx.2021-ci il tarixli 71 saylı əmrindən çıxarışda “Ölüm hərbi xidmət vəzifəsinin icrası ilə bağlı olduğu” göstərildiyi halda və “Hərbi xidmətkeçmə haqqında” Əsasnamənin 167-ci maddəsinə əsasən hərbi xidmət vəzifəsinin icrası zamanı xəstələnib hospitalda və ya klinikada həlak olmuşsa (ölmüşsə), hərbi qulluqçusunun hərbi vəzifəsinin icrası zamanı həlak olmuş sayıldığı halda “Hərbi vəzifə və hərbi xidmət haqqında” Qanunun 27.1.8-ci maddəsində müalicədə olarkən klinikanın reanimasiya şöbəsində zabitin öldürülməsi hərbi xidmət vəzifələrinin icrasında sayılır. İddiaçı cavabdehə qarşı “Hərbi qulluqçuların statusu haqqında" Qanunun 28-ci maddəsinin tələblərinə əsaslanaraq mərhum kapitan Rəşad Mahmudovun həyat yoldaşı kimi dövlət mənzil fondu hesabına növbədənkənar abad mənzil almaq üçün hərbi qulluqçuların mənzil uçotuna sənədlərin qəbul edilməsi və uşaqların yetkinlik yaşına çatanadək (abad mənzil verilənədək) müvəqqəti mənzilin kirayəsi üçün kompensasiyanın ödənilməsini xx.xx.2021-ci il tarixdən davam etdirilməsi tələbinə dair iddianı təmin etməkdən ötrü İPM-in 82-ci maddəsi baxımından mübahisə ilə bağlı sübutlar və faktiki hallar əsasında mahiyyəti üzrə tam həcmdə baxılmalıdır. Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının 16 fevral 2023-cü il tarixli, 2- 1(103)-138/2023 nömrəli qərarı ilə (sədrlik edən C.A.Yusifov; hakimlər P.A.Hüseynov və Ş.A.Məmmədova) apellyasiya şikayəti təmin edilməmiş, Bakı İnzibati Məhkəməsinin 2- 1(112)-1404/2022 saylı xx.xx.2022-ci il tarixli qərarının dəyişdirilmədən qüvvədə saxlanılması qərara alınmışdır. Qərardan narazı qalan iddiaçı həmin qərardan kassasiya şikayəti verərək apellyasiya instansiyası məhkəməsinin qərarının ləğv edilməsini və iddianın təmin edilməsi barədə yeni qərarın qəbul edilməsini xahiş etmişdir. Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyasının 2-1(102)- 1701/2023 saylı, 12 iyul 2023-cü il tarixli qərarı ilə iddiaçının kassasiya şikayətinin qismən təmin edilməsi, Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının 16 fevral 2023-cü il tarixli, 2-1(103)-138/2023 nömrəli qərarının ləğv edilməsi, işin təkrar baxılması üçün həmin məhkəməyə göndərilməsi, iddiaçının kassasiya şikayətinin qalan hissədə təmin edilməməsi qərara alınmışdır. Məhkəmə icraatı iştirakçılarının izahatları: Məhkəmə iclasında iştirak edən iddiaçının nümayəndəsi apellyasiya şikayətini müdafiə edərək, təmin edilməsini xahiş etdi. Məhkəmə iclasında iştirak edən üçüncü şəxsin nümayəndəsi apellyasiya şikayətinə etiraz edərək təmin edilməməsini, birinci instansiya məhkəməsinin qərarının dəyişdirilmədən saxlanılmasını xahiş etdi. Məhkəmə kollegiyasının iclasının vaxtı və yeri barədə cavabdeh inzibati orqana lazımi qaydada məlumat verilməsinə baxmayaraq, nümayəndəsinin məhkəmə iclasında iştirakı təmin edilməmişdir. Məhkəmə kollegiyası Azərbaycan Respublikası İPM-nin 62-ci maddəsinə əsasən cavabdehin nümayəndəsinin iştirakı olmadan şikayət üzrə işə baxılmasını mümkün hesab edir. Əsaslandırıcı hissə: Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 82-ci maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi mübahisə ilə bağlı işə şikayət həddində və hüquqi məsələlər, habelə sübutlar və faktlar (faktiki hallar) əsasında mahiyyəti üzrə tam həcmdə baxır. Məhkəmə kollegiyası işdə iştirak edən şəxsləri dinləyib, apellyasiya şikayətinin dəlillərini araşdırıb, Ali Məhkəmənin qərarında əksini tapmış müvafiq göstərişləri nəzərə alaraq hesab edir ki, apellyasiya şikayəti təmin edilməməli, birinci instansiya məhkəməsinin qərarı dəyişdirilmədən saxlanılmalıdır. Belə ki, iş materialları ilə müəyyən edilir ki, iddiaçının əri X4 xx.xx.2000-ci ildən xx.xx.2021-ci ilədək Azərbaycan Respublikası Silahlı Qüvvələrində həqiqi hərbi xidmət keçmiş, 24 yanvar 2021-ci il tarixdə xəstəxanada vəfat etmişdir. İddiaçı ərinin hərbi xidmət vəzifələrinin icrası zamanı öldüyünü əsas tutaraq, dövlət mənzil fondu hesabına növbədənkənar abad mənzil almaq, uşaqları yetkinlik yaşına çatanadək müvəqqəti mənzilin kirayəsi üçün kompensasiyanın ödənilməsinin davam etdirilməsini tələb edir. Birinci instansiya məhkəməsi Azərbaycan Respublikası Mənzil Məcəlləsinin 48, 51, 52-ci, “Hərbi qulluqçuların statusu haqqında” Azərbaycan Respublikası Qanunun 21.5, 28ci maddələrinə istinad etməklə gəldiyi nəticəni belə əsaslandırıb ki, üçüncü şəxs Azərbaycan Respublikasının Müdafiə Nazirliyi iddiaya dair münasibətində kapitan X1 ölümünün hərbi xidmət vəzifəsinin icrası ilə bağlı olduğunu qeyd etsə də, mərhum X1 xidmət keçdiyi X7 Aeroportunun Hərbi Əlaqələr Komendantlığı tərəfindən göndərilmiş arayış və müvafiq əmrlərin çıxarışlarından görünür ki, mərhum X1 ölümü hərbi xidmət vəzifələrinin icrası zamanı baş verməmişdir. Yuxarıda qeyd edilən qanunvericiliyin müddəalarından da aydın şəkildə görünür ki, ölmüş hərbi qulluqçunun ailəsinin güzəştlərdən yararlanmaq hüququnun saxlanmasını hərbi xidmət vəzifələrinin icrası zamanı həlak olması ilə şərtləndirmişdir. Birinci instansiya məhkəməsi hüquqi əsaslandırmanı davam edərək daha sonra qeyd etmişdir ki, hərbi qulluqçuların hansı hallarda hərbi xidmət vəzifələrinin icrasında sayılması “Hərbi vəzifə və hərbi xidmət haqqında” Azərbaycan Respublikası Qanunun 27.1-ci maddəsində konkret göstərilmişdir. İddiaçının ailə vəziyyəti ilə əlaqədar qısamüddətli məzuniyyətdə olduğu zaman əməliyyat olunması və nəticədə ölməsi işin məhkəmə araşdırılması ilə öz təsdiqini tapmışdır. Beləliklə, mövcud qanunvericiliyə əsasən iddiaçının mərhum əri X1 hərbi xidmət vəzifələrinin icrası zamanı həlak olmaması işin məhkəmə araşdırılması ilə öz təsdiqini tapmışdır. Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyasının 2-1(102)- 1701/2023 saylı, 12 iyul 2023-cü il tarixli qərarının 57-ci bəndinə göstərilmişdir ki, apellyasiya instansiya məhkəməsi işin təkrar baxışı zamanı İPM-nin 13-cü maddəsinə uyğun olaraq məhkəmə iddiaçıya yardım etməklə iddia tələbinin dəqiqləşdirilməsi (hazırkı qərarın 46-cı bəndi) ilə bağlı təklif verməli, eləcə də, qərarın 40-cı bəndində qeyd edilən halların araşdırılması təmin etməli, yalnız bundan sonra aparılmış araşdırmanın nəticəsinə uyğun olaraq yekun nəticəyə gəlməlidir. Həmin qərarın 40, 43, 44, 45 və 48-ci bəndlərinə əsasən: -40. Apellyasiya instansiyası məhkəməsinin tətbiq etdiyi “Hərbi qulluqçuların statusu haqqında” Qanunun 21-ci maddəsinin 5-ci hissəsində deyilir ki, hərbi qulluqçu və ya həqiqi hərbi xidmətdən buraxılmış şəxs həlak olduqda (vəfat etdikdə) onun ailəsi istifadə etdiyi güzəştlərə hüququnu saxlayır, bu şərtlə ki, Azərbaycan Respublikasının qanunvericiliyində başqa hal nəzərdə tutulmasın. - 43. Bundan başqa, birinci instansiya məhkəməsi iddianı rədd edərkən tamamilə başqa əsasla – iddiaçının mərhum ərinin hərbi xidmət vəzifələrinin icrası zamanı həlak olması işin məhkəmə araşdırılması ilə öz təsdiqini tapmadığından rədd etmişdir. Apelyasiya şikayətinin dəlilləri də məhz məhkəmənin bu mövqeyinin qanunsuz olması ilə bağlı olmuşdur. - 44. Apelyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qərarını qüvvədə saxlamasına baxmayaraq, işin bu halına münasibət bildirməmiş və bu hala qiymət vermədiyini əsaslandırmamışdır. - 45. Hakbuki, yuxarı inzibati orqan olaraq iş üzrə üçüncü şəxs Müdafiə Nazirliyinin xx.xx.2021-ci il tarixli, 0326 nömrəli əmri ilə Rəşad Mahmudovun ölümünün hərbi xidməti vəzifələrinin icrası ilə bağlı olduğu əksini tapmışdır. - 48. Göründüyü kimi Rəşad Mahmudovun ölümünün səbəbi qanunvericiliklə nəzərdə tutulmuş, inzibati akt sayılan əmrdə müəyyən olunmuşdur. Həmin əmrin bu bəndi qüvvədə olduğu, Müdafiə Nazirliyinin təmsilçisi bu mövqeni yazılı təsdiq etdiyi halda, aşağı inzibati orqanın - Hərbi Əlaqələr Komendantlığının xx.xx.2021-ci il tarixli 74 nömrəli arayışına istinadla məhkəmənin hərbi qulluqçu Rəşad Mahmudovun ölümünün hərbi xidməti vəzifələrinin icrası ilə bağlı olmadığı barədə gəldiyi nəticənin qanuni olubolmaması apelyasiya instansiyası məhkəməsi tərəfindən araşdırılmamışdır. “Hərbi qulluqçuların statusu haqqında” Qanun: Maddə 12.2. Azərbaycan Respublikası Silahlı Qüvvələrində 15 təqvim ili və daha çox xidmət etmiş xidməti mənzillərdə yaşayan və ya yaşayış sahəsi olmayan hərbi qulluqçuların (müddətli həqiqi hərbi xidmət hərbi qulluqçularından başqa), ehtiyata və ya istefaya buraxılmış hərbi qulluqçuların qanunvericilikdə nəzərdə tutulmuş qaydada 6 ay müddətinə yerli icra hakimiyyəti orqanı tərəfindən yaşayış sahəsi və ya fərdi yaşayış evinin tikintisi üçün müəyyən olunmuş qaydada bələdiyyələrdən pulsuz torpaq sahəsi almaq hüququ vardır. Maddə 12.5. Hərbi qulluqçular (müddətli həqiqi hərbi xidmət hərbi qulluqçularından başqa) həmin yaşayış məntəqəsində hərbi xidmətinin müddətindən asılı olmayaraq güzəştli şərtlərlə mənzil-tikinti (mənzil) kooperativlərinə daxil olmaq, fərdi yaşayış evləri almaq və tikmək hüququna malikdirlər. Maddə 21.5. Hərbi qulluqçu və ya həqiqi hərbi xidmətdən buraxılmış şəxs həlak olduqda (vəfat etdikdə) onun ailəsi istifadə etdiyi güzəştlərə hüququnu saxlayır, bu şərtlə ki, Azərbaycan Respublikasının qanunvericiliyində başqa hal nəzərdə tutulmasın. Maddə 28. Hərbi xidmət vəzifələrinin icrası zamanı həlak olmuş (ölmüş) hərbi qulluqçunun ailəsinə, zərurət olduqda, hərbi qulluqçunun həlak olduğu (öldüyü) gündən ən geci 6 ay keçənədək dövlət mənzil fondu hesabına növbədənkənar abad mənzil almaq və ya mənzil şəraitini yaxşılaşdırmaq hüququ verilir, uşaqları yetkinlik yaşına çatanadək müvəqqəti mənzilin kirayəsi üçün kompensasiyanın ödənilməsi davam etdirilir. Məhkəmə kollegiyası Azərbaycan Respublikası Ali Məhkəməsinin qeyd olunan qərarındakı göstərişləri nəzərə alaraq Rəşad Mahmudovun ölümünün hərbi xidməti vəzifələrinin icrası ilə bağlı olub-olmamasına qiymət verərək hesab edir ki, Rəşad Mahmudovun birbaşa xidmət keçdiyi X7 Aeroportunun Hərbi Əlaqələr Komendatlığı tərəfindən verilən arayış və müvafiq əmrlərin çıxarışlarında mərhum X1 ölümü hərbi xidmət vəzifələrinin icrası zamanı baş vermədiyi qeyd olunsa da, həmin orqanın yuxarı inzibati orqanı olan Müdafiə Nazirliyinin xx.xx.2021-ci il tarixli, 0326 nömrəli əmri ilə Rəşad Mahmudovun ölümünün hərbi xidməti vəzifələrinin icrası ilə bağlı olduğu əksini tapmışdır. Bu əmrin Rəşad Mahmudovun ölümünün hərbi xidməti vəzifələrinin icrası ilə bağlı olduğunu təsdiq edən sənəd kimi hüquqiliyi və əsaslılığı ilə bağlı qeyd olunmalıdır ki, “Hərbi xidmətkeçmə haqqında” Əsasnamənin 167-ci bəndinə görə, “ölən, həlak olan, xəbərsiz itkin düşən, hərbi əməliyyatlarla bağlı itkin düşən, habelə hərbi rütbədən məhrum edilən hərbi qulluqçular «Azərbaycan Respublikası Silahlı Qüvvələri şəxsi heyətinin Uçotu haqqında Təlimat»la müəyyən edilmiş qaydada Azərbaycan Respublikası Silahlı Qüvvələrinin hərbi qulluqçularının siyahısından çıxarılır. Əgər hərbi qulluqçu: ... v) Hərbi xidmət vəzifələrinin (xidmət vəzifələrinin) yerinə yetirilməsi ilə bağlı olmayan bədbəxt hadisə zamanı aldığı xəsarət (yaralanma, travma, kontuziya) nəticəsində həlak olmuşsa (ölmüşsə), Azərbaycan Respublikası Silahlı Qüvvələrinin hərbi qulluqçularının siyahısından çıxarılma barədə əmrdə, hərbi qulluqçunun hərbi xidmət vəzifələrinin icrası ilə bağlı ölümünün səbəbləri göstərilir. Apelyasiya baxışı zamanı üçüncü şəxs Azərbaycan Respublikası Müdafiə Nazirliyinin nümayəndəsi məhkəmə iclasında verdiyi izahatında yuxarı inzibati orqan olan Azərbaycan Respublikası Müdafiə Nazirliyinin müvafiq əmrinin əsas götürülməli olduğunu və Rəşad Mahmudovun ölümünün hərbi xidməti vəzifələrinin icrası ilə bağlı olduğu əsaslı hesab edilməlidir. Beləliklə məhkəmə kollegiyası Rəşad Mahmudovun ölümünün hərbi xidməti vəzifələrinin icrası ilə bağlı olub-olmasına qiymət verərək hesab edir ki, Azərbaycan Respublikası Müdafiə Nazirliyinin xx.xx.2021-ci il tarixli, 0326 nömrəli əmrini əsas götürərək Rəşad Mahmudovun ölümünün hərbi xidməti vəzifələrinin icrası ilə bağlı olması öz təsdiqini tapır. İddiaçı ərinin hərbi xidmət vəzifələrinin icrası zamanı öldüyünü əsas tutaraq, dövlət mənzil fondu hesabına növbədənkənar abad mənzil almaq, uşaqları yetkinlik yaşına çatanadək müvəqqəti mənzilin kirayəsi üçün kompensasiyanın ödənilməsinin davam etdirilməsini tələb edir. İddiaçının bu hüququ “Hərbi qulluqçuların statusu haqqında” Qanunun 28-ci maddəsində nəzərdə tutulmuşdur. Həmin normada deyilir ki, hərbi xidmət vəzifələrinin icrası zamanı həlak olmuş (ölmüş) hərbi qulluqçunun ailəsinə, zərurət olduqda, hərbi qulluqçunun həlak olduğu (öldüyü) gündən ən geci 6 ay keçənədək dövlət mənzil fondu hesabına növbədənkənar abad mənzil almaq və ya mənzil şəraitini yaxşılaşdırmaq hüququ verilir, uşaqları yetkinlik yaşına çatanadək müvəqqəti mənzilin kirayəsi üçün kompensasiyanın ödənilməsi davam etdirilir. Bu normanın tətbiq olunması üçün aşağıdakı dispozisiya şərtləri mütləq mövcud olmalıdır: 1) hərbi qulluqçu həlak olmuş və ya ölmüşdür; 2) hərbi qulluqçu hərbi xidmət vəzifələrinin icrası zamanı həlak olmuş və ya ölmüşdür; 3) hərbi qulluqçunun ailə üzvü vardır. Bu şərtlərdən hər hansı birinin mövcud olmaması, həmin normanın tətbiqini istisna edir. “Hərbi qulluqçuların statusu haqqında” Qanunun 21-ci maddəsinin 5-ci hissəsində deyilir ki, hərbi qulluqçu və ya həqiqi hərbi xidmətdən buraxılmış şəxs həlak olduqda (vəfat etdikdə) onun ailəsi istifadə etdiyi güzəştlərə hüququnu saxlayır, bu şərtlə ki, Azərbaycan Respublikasının qanunvericiliyində başqa hal nəzərdə tutulmasın. “Hərbi qulluqçuların statusu haqqında” Qanunun 21-ci maddəsinin 5-ci hissəsi və həmin Qanunun 28-ci maddəsi ümumilikdə hərbu qulluqçuların ailə üzvlərinin sosial təminatına xidmət edir. Lakin bu normaların tənzimləmə predmetləri fərqlidir. Belə ki, qanunda hərbi qulluqçunun ailə üzvlərinə bir sıra güzəştlər müəyyən olunub (Qanunun 10cu maddəsinin 4-cü, 6-cı hissələri, 12-ci maddəsinin 9-cu hissəsi, 20-ci maddəsinin 1-ci hissəsi və s). Həmin imtiyazların ailə üzvünün hərbi qulluqçu olduğu müddətdə qüvvədə olduğu şübhəsizdir. Hərbi qulluqçu vəfat edərsə ailə üzvlərinin bu imtiyazlardan istifadə etməkdə davam edə bilməsi məhz “Hərbi qulluqçuların statusu haqqında” Qanunun 21-ci maddəsinin 5-ci hissəsi ilə tənzimlənir. Həmin norma, hərbi qulluqçu və ya həqiqi hərbi xidmətdən buraxılmış şəxs həlak olduqdan (vəfat etdikdən) sonra onun ailəsinin istifadə etdiyi güzəştlərə hüququn saxlanmasını (davam etməsini) təsbit edən normadır. Qanunun 28-ci maddəsi isə, hərbi qulluqçu həlak olduqdan (öldükdən) sonra ailə üzvlərinin faktik istifadə etdikləri güzəştin davamından bəhs etmir. Bu normada hərbi qulluqçunun ailəsinə dövlət mənzil fondu hesabına növbədənkənar abad mənzil almaq və ya mənzil şəraitini yaxşılaşdırmaq, o cümlədən uşaqları yetkinlik yaşına çatanadək müvəqqəti mənzilin kirayəsi üçün kompensasiyanın ödənilməsinin davam etdirilməsindən bəhs olunur. Məhkəmə kollegiyası Azərbaycan Respublikası Ali Məhkəməsinin qeyd olunan qərarındakı göstərişləri nəzərə alaraq iddiaçı tərəfə iddia tələbinin dəqiqləşdirilməsi ilə bağlı hüquqi yardım göstərsə də, iddiaçının nümayəndəsi X11 təqdim etdiyi xx.xx.2023-cü il tarixli ərizəsində göstərmişdir ki, iddiaçı cavabdehdən Azərbaycan Respublikası Silahlı Qüvvələrində həqiqi hərbi xidmətdə olmuş Rəşad Mahmudovun həyat yoldaşı kimi, onun dövlət mənzil fondu hesabına növbədənkənar abad mənzil almaq üçün, “Hərbi qulluqçuların statusu haqqında qanunun 28-ci maddəsinin tələblərinə görə mənzil almaq hüququ və uşaqları yetkinlik yaşına çatanadək (abad mənzil verilənədək) müvəqqəti mənzilin kirayəsi üçün kompensasiyanın ödənilməsinin 01 yanvar 2021-ci il tarixdən davam etdirilməsi, hər ay 375 manat ödənilməsini tələb edir. X9 həyat yoldaşı olan iddiaçının iddia tələbindən və onun nümayəndəsinin məhkəmə iclaslarında verdiyi izahatına əsasən müəyyən olunur ki, iddiaçının mərhum əri hərbi xidmətdə olarkən, uşaqların yetkinlik yaşına çatanadək (abad mənzil verilənədək) müvəqqəti mənzilin kirayəsi üçün 01 yanvar 2021-ci il tarixinə qədər kirayə haqqı almış və bu işin mübahisələndirilməyən halını təşkil edir. “Ehtiyata və ya istefaya buraxılmış vətəndaşların bəzi kateqoriyalarına müvəqqəti mənzil kirayəsi xərclərinin məbləğinin və ödənilməsi qaydasının müəyyən edilməsi barədə” Azərbaycan Respublikasının Nazirlər Kabinetinin 174 saylı 2012-ci il 6 avqust tarixli Qərarının 1-ci hissəsinin 1-ci bəndinə əsasən:
1. Yaşa, xəstəliyə, ailə vəziyyətinə görə, habelə 5 təqvim ili xidmət etmiş və ştatların ixtisarına görə ehtiyata və ya istefaya buraxılmış və yerli icra hakimiyyəti orqanlarında mənzil uçotuna götürülmüş zabitlərə, gizirlərə və miçmanlara, habelə 15 təqvim ili və daha çox xidmət etmiş müddətdən artıq həqiqi hərbi xidmət hərbi qulluqçularına seçilmiş yaşayış yerinə gəldikləri günün 3 aylığından mənzil və ya fərdi yaşayış evinin tikintisi üçün torpaq sahəsi alanadək müvəqqəti yaşayış sahəsinin kirayəsi üçün hər ay ... nağdsız qaydada kompensasiya ödənilir. Nazirlər Kabinetinin Qərarından göründüyü kimi, müvəqqəti mənzil kirayəsi xərcləri yerli icra hakimiyyəti orqanlarında mənzil növbəsində dayanmış şəxslərə həyata keçirilir. İşin əvvəlki apellyasiya mərhələsində, məhkəmə tərəfindən Müdafiə Nazirliyinə müvafiq sorğu göndərilmiş və sonuncu tərəfindən məhkəməyə təqdim olunmuş cavab məktublarına, o cümlədən, Nazirliyin Mənzil İstismar İdarəsinin məhkəməyə ünvanladığı xx.xx.2023-cü il tarixli 277 nömrəili cavab məktubunda aşağıdakılar bildirilmişdir: - “Azərbaycan Respublikasının Silahlı Qüvvələrinin hərbi qulluqçularının sosial müdafiəsinin gücləndirilməsi tədbirləri barədə” Azərbaycan Respublikası Prezidentinin 2011-ci il 28 dekabr tarixli 569 nömrəli Fərmanının (3.2-ci bəndinin) tələblərinə əsasən vəfat etmiş sabiq kapitan X2 adı mənzil növbəsinə qəbul olunması üçün Azərbaycan Ordusunda 2000-ci ildə xidmətə başlamış hərbi qulluqçuların adlı Siyahısına daxil edilərək Maliyyə Nazirliyinə göndərilmişdir.” Qeyd olunanlardan göründüyü kimi, iddiaçının məruhum əri Rəşad Mahmudovun adı Müdafiə Nazirliyi tərəfindən mənzil növbəsinə dayanan hərbi qulluqçuların adlı Siyahısına daxil edilərək təsdiq olunması üçün Maliyyə Nazirliyinə göndərilmiş və müvafiq nəticəsi gözlənilir. Belə olan halda, “Hərbi qulluqçulrın statusu haqqında” Qanunun qeyd olunan 21-ci maddəsinin 5-ci hissəsinin tələbi baxımından İddiaçı hərbi qulluqçu vəfat etmiş əri Rəşad Mahmudovun ailəsi kimi onun həmin mənzil növbəsindən istifadə etmək hüququna malikdir. Məhkəmə kollegiyasının iclasında iddiaçının nümayəndəsinə yerli İcra Hakimiyyəti orqanında mənzil növbəsində dayanması və mənzillə təmin olunanadək kirayə haqqının alınması üçün Müdafiə Nazirliyində mənzil növbəsindən çıxması (növbəliliyin birini seçməsi) təklif olunsa da, iddiaçı tərəf bununla razılaşmamışdır. Beləliklə də qeyd olunanlar onu deməyə əsas verir ki, iddiaçının cavabdehdən (Binəqədi rayon İcra Hakimiyyəti) mənzil növbəsinə götürülməsini və müvəqqəti mənzilin kirayəsi üçün kompensasiyanın ödənilməsini davam etdirilməsini tələb etməkdə haqlı olduğu sübuta yetirilmir. Belə olan halda, cavabdeh tərəfindən onun qanunla qorunan hüquqları pozulmuş hesab oluna bilməz. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 68.1-ci maddəsinə əsasən məhkəmə mübahisə ilə bağlı iş üzrə inzibati məhkəmə icraatı nəticəsində onda yaranmış daxili inam əsasında qərar qəbul edir. Qərarda məhkəmənin mövqeyi üçün əsas olmuş səbəblər göstərilməlidir. Yekunda, hazırkı inzibati işə apellyasiya qaydasında baxan məhkəmə kollegiyası yuxarıda qeyd olunanlara məcmu halda hüquqi qiymət verərək hesab edir ki, birinci instansiya məhkəməsinin iddianın təmin edilməməsi barədə gəldiyi nəticə düzgündür, apellyasiya şikayətinin dəlilləri işin halları və qanunvericiliklə təkzib olunur, şikayət qərarın ləğvinə əsas vermir. Bununla bağlı olaraq şikayət təmin edilməməli, qərar dəyişdirilmədən saxlanılmalıdır. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 87.6-cı maddəsinə əsasən, apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qərarını dəyişdirmədən qüvvədə saxlaya bilər, dəyişdirə bilər və ya ləğv edərək (tam və ya qismən) yeni qərar qəbul edə bilər. Birinci instansiya məhkəməsinin qərarı apellyasiya tələbi həddində dəyişdirilə bilər.
Nəticəvi hissə:
Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinin 62, 81, 75 və 85-ci maddələrini rəhbər tutaraq, Məhkəmə kollegiyası
QƏRARA ALDİ:
İddiaçı tərəfindən verilmiş apellyasiya şikayəti təmin edilməsin. Bakı İnzibati Məhkəməsinin 2-1(112)-1404/2022 saylı, 10 mart 2022-ci il tarixli qərarı dəyişdirilmədən saxlanılsın. Qərardan onun rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyası vasitəsilə Azərbaycan Respublikasının Ali Məhkəməsinin İnzibati Kollegiyasına kassasiya şikayəti verilə bilər.
Sədrlik edən: Rəşid Səmədov Hakimlər: Xəyalə Cəmilova Aytən Oruczadə