Məhkəmə qərarları › İş №2-1(103)-4050/2023

Bakı Apellyasiya Məhkəməsi Qərardad — İş №2-1(103)-4050/2023

28.11.2023 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 2-1(103)-4050/2023 28.11.2023 BAKI APELLYASİYA MƏHKƏMƏSİ X3 Məmmədova (sədrlik edən və məruzəçi), Cahangir Afər oğlu Yusifovdan və X1 ibarət tərkibdə, Mərziyyə Tofiq qızı Bağırlının katibliyi ilə, Bakı İnzibati Məhkəməsinin 19 sentyabr 2023-cü il tarixli, 2-1(112)-12257/2023 saylı qərardadından iddiaçı tərəfindən verilmiş apellyasiya şikayətinə 28 noyabr 2023-cü il tarixdə Bakı Apellyasiya Məhkəməsinin binasında, açıq məhkəmə iclasında, şifahi məhkəmə baxışı qaydasında baxaraq müəyyən etdi: İddiaçı məhkəməyə müraciət edərək, cavabdeh Bakı Şəhər İcra Hakimiyyətinin qəbul etdiyi qərarın ləğv edilməsi və iddiaçının piket keçirməsinə icazə verilməsinə dair inzibatı akt qəbul edilməsi vəzifəsinin cavabdehin üzərinə qoyulması barədə qərar qəbul edilməsini xahiş etmişdir. Tələb onunla əsaslandırılmışdır ki, iddiaçı Bakı şəhərində və onun ətraf ərazisində avtomobil tıxaclarının dözülməz həddə gəlməsi ilə bağlı 10 iyul 2023-cü il tarixdə Nazirlər Kabineti binasının qarşısında piket keçirmək üçün 1 iyul 2023-cü ildə Bakı şəhər İcra Hakimiyyətinə (BŞİH) müraciət etmişdir. Müraciətdə deyilir: “X2 haqqında Azərbaycan Respublikası Konstitusiyasının 47 və 49-cu maddələri ilə nəzərdə tutulmuş və “X2 haqqında” Azərbaycan Respublikası Qanununun 1-5-ci və digər müvafiq maddələri ilə verilmiş hüquqlardan istifadə etməklə, 10 iyul 2023-cü il tarixdə saat 15:00-dan 16:00-dək Bakı şəhəri, Lermontov küçəsi 68-də, Nazirlər Kabinetinin qarşısında, 50 metr məsafədə “Tıxaclara son qoyulsun”, “Sürücülərə və sərnişinlərə hörmətsizliyə son”, “Sürücülərə yaşıl işıq” şüarları ilə etiraz piketi keçirməyi planlaşdırırıq. Etiraz piketində 50 (əlli) nəfərin iştirak edəcəyi nəzərdə tutulur. Bu barədə sizə məlumat verməklə piketin keçirilməsi üçün lazımi şərait yaradılmasını və təhlükəsizliyin təmin edilməsini xahiş edirəm. Etiraz piketinin keçirilməsini zəruri edən halların yaranmasına dair fikirlərimizi onunla əsaslandırırıq ki, son bir neçə il ərzində heç bir köklü, obyektiv səbəblər olmadan yollarda tıxaclar adi hala çevrilmişdir. Son illər bu sahədə - tıxacların birdəfəlik həlli üçün köklü dəyişikliklər aparılmamış və aparılması da gözlənilmir. Azərbaycan Respublikasının dövlət büdcəsindən bu problemin həlli üçün kifayət qədər vəsait ayrılmasına baxmayaraq, problem daimi xarakter almış, bununla da sürücülərin, onların ailə üzvlərinin, sərnişinlərin hüquqları pozulmaqda davam edir. 6 iyul 2023-cü il tarixdə Bakı şəhər İcra Hakimiyyəti iddiaçıya elektron poçt vasitəsi ilə aşağıdakı məzmunda cavab göndərmişdir: “Sizin piket keçirilməsi haqqında Bakı şəhər İcra Hakimiyyətinə daxil olmuş müraciətinizə tərəfimizdən baxılmışdır. Bildiririk ki, toplantı keçirilməsi haqqında müraciətiniz “X2 haqqında “Azərbaycan Respublikası Qanununun 5-ci maddəsinin 1 hissəsinin tələblərinə cavab vermir. Yuxarıda qeyd olunanı nəzərə alaraq 10 iyul 2023-cü il tarixdə planlaşdırdığınız piketin keçirilməsini məqsədəuyğun hesab etmirik.” Bakı şəhər İcra Hakimiyyətinin qəbul etdiyi qərar Azərbaycan Respublikasının Konstitusiyasına və dövlətin götürdüyü beynəlxalq öhdəliklərə ziddir. BŞİH öz qərarının əsası kimi göstərir ki, toplantı keçirməsi haqqında müraciətimiz “X2 haqqında” Azərbaycan Respublikası Qanununun 5-ci maddəsinin 1 hissəsinin tələbinə cavab vermir. “X2 haqqında” Qanunun 5-ci maddəsinin 1-ci bəndində deyilir: “Bu Qanunun 3-cü maddəsində sadalanan toplantıların hər hansı birini təşkil edən şəxs və ya şəxslər bu barədə müvafiq icra hakimiyyəti orqanını qabaqcadan yazılı surətdə xəbərdar etməlidirlər. Xəbərdarlıq nəzərdə tutulmuş toplantı ilə bağlı müvafiq icra hakimiyyəti orqanı tərəfindən zəruri tədbirlərin görülməsi məqsədi ilə onun yeri və vaxtının, küçə yürüşünün isə marşrutunun razılaşdırılması üçün toplantının keçiriləcəyi gündən, bir qayda olaraq, azı 5 iş günü əvvəl təqdim edilməlidir. Xəbərdarlığın nəzərdə tutulmuş toplantının keçiriləcəyi gündən 5 iş günündən az müddətdə təqdim edilməsi təşkilatçılar tərəfindən əsaslandırılmalıdır.” Müraciətdən də göründüyü kimi, tədbirin yeri və vaxtı konkret göstərilmiş, eləcə də, piket haqqında müraciət Bakı şəhər İcra Hakimiyyətinə 5 iş günü qabaqcadan verilmişdir. Son illərin təcrübəsi göstərir ki, Bakı şəhər İcra Hakimiyyəti kütləvi tədbirlər keçirilməsi haqqında müraciətləri, bir qayda olaraq, təmin etmir və faktiki olaraq Azərbaycanda piket, mitinq keçirilməsinə qadağa qoyulmuşdur. Azərbaycan hökuməti tərəfindən belə diskriminativ davranış Azərbaycan Respublikasının Konstitusiyasının 25-ci maddəsi, Avropa Konvesiyasının 14-cü maddəsi ilə ziddir. Cavabdeh belə qanunazidd qərarları ilə hökumətin yarıtmaz fəaliyyətini örtbasdır edir, yaranmış problemlərin həlli istiqamətində qəti tədbirlər görülməsinin qarşısını alır, son nəticədə də insanlar süni yaradılmış tıxaclardan mütəmadi həm maddi, həm də mənəvi zərər çəkirlər. Bakı İnzibati Məhkəməsinin 19 sentyabr 2023-cü il tarixli, 2-1(112)-12257/2023 saylı qərardadı ilə iddia mümkün sayılmamışdır. İddiaçı apellyasiya şikayəti verərək, qərardadın ləğv edilməsini və işə mahiyyəti üzrə baxılması üçün həmin məhkəməyə göndərilməsi barədə qərardad qəbul edilməsini xahiş etmişdir. Apellyasiya şikayəti iddia ərizəsi ilə oxşar məzmunda əsaslandırılmışdır. Məhkəmə iclasının yeri və vaxtı barədə lazımi qaydada məlumatlandırılmış tərəflər məhkəmə iclasına gəlməmişlər.Belə ki, iddiaçı məhkəməyə ərizə təqdim edərək işə onun iştirakı olmadan baxılmasını xahiş etmiş və iddianı müdafiə etdiyini bildirmişdir. Məhkəmə Kollegiyası İPM-in 62.3-cü maddəsinə əsasən işə onun iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə kollegiyası iş materiallarını və apellyasiya şikayətinin dəlillərini araşdıraraq və iddiaçını dinləyərək hesab edir ki, apellyasiya şikayəti təmin edilməməli, birinci instansiya məhkəməsinin qərardadı dəyişdirilmədən saxlanılmalıdır. Belə ki, Azərbaycan Respublikası Konstitusiyasının 60-cı maddəsinin 1-ci hissəsinə əsasən hər kəsin hüquq və azadlıqlarının məhkəmə müdafiəsinə təminat verilir. Lakin bu hüquq mütləq hüquq deyil və müəyyən qanuni məhdudiyyətlərə (məsələn, iddia müddəti, şikayətin qəbul edilmə şərtinə cavab verməməsi və s), məruz qoyula bilər. Lakin ədalət mühakiməsi hüququ onun mahiyyətinə xələl gətirə biləcək dərəcədə məhdudlaşdırılmamalıdır. Məhkəmə müdafiəsi hüququ bir tərəfdən hər kəsin pozulmuş hüquqlarının və azadlıqlarının bərpası məqsədilə məhkəməyə müraciət etmək hüququnu, digər tərəfdən isə məhkəmələrin həmin müraciətlərə ağlabatan müddətdə baxmaq və onlara dair ədalətli qərar qəbul edərək, onların vaxtında icra edilməsi vəzifəsini müəyyən edir. Qeyd olunan hüququn vacibliyinə baxmayaraq, o mütləq deyil. Bu hüququ məhdudlaşdıran tədbirlər Konstitusiyanın 60-cı maddəsinin İ hissəsinin və 71-ci maddəsinin İİ hissəsinin, habelə “Azərbaycan Respublikasında insan hüquq və azadlıqlarının həyata keçirilməsinin tənzimlənməsi haqqında” Azərbaycan Respublikasının Konstitusiya Qanununun 3-cü maddəsinin müddəaları baxımından legitim məqsədlərə nail olmaq üçün tətbiq edilməli, mütənasiblik meyarına cavab verərək onun əsas mahiyyətinə toxunmamalıdır. Bununla əlaqədar qeyd edilməlidir ki, Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun “İnzibati məhkəmə icraatında iddianın mümkünlüyünə dair” 05 nömrəli 10 aprel 2015-ci il tarixli Qərarına əsasən: “...Mümkünlük şərtləri iddiaya mahiyyəti üzrə baxmağa imkan verən şərtlərin mövcudluğunun yoxlanılmasını nəzərdə tutur. (1.3-cü bənd); Ona görə də, iddianın mümkünlüyü həmişə onun əsaslılığının yoxlanılmasından əvvəl aparılan hüquqi dəyərləndirmədir. (1.4-cü bənd); Mümkünlük şərtlərinin mövcudluğunu məhkəmə tərəflərin bildirməsindən asılı olmayaraq özünün xidməti vəzifəsinə görə yoxlamalıdır. (2.1-ci bənd); Məhkəmələr ilk növbədə iddiaçının həmin iddia tələbi üzrə subyektiv hüququnun olubolmamasını, cavabdehin həmin iddiaya cavab verməli olub-olmamasını, qanunvericilikdə nəzərdə tutulduğu hallarda cavabdehin imtinasının olub-olmamasını, İPM-də nəzərdə tutulmuş iddia müddətlərinə riayət edilibedilmədiyini....yoxlamalıdırlar (2.3-cü bənd); İddianın mümkünlük şərtləri icraatın bütün mərhələlərində yoxlanılmalı, həmin şərtlər mübahisənin mahiyyəti üzrə qərar çıxırıldığı anda mövcud olmalıdırlar. (8.6-cı bənd); Məhkəmələrin diqqətinə çatdırılsın ki, İPM-də nəzərdə tutulmuş mümkünlük şərtləri ilə yanaşı ayrı-ayrı iddia növləri üzrə tələb olunan mümkünlük şərtlərinin (məsələn, məcburetmə, öhdəliyin icrası və vurulmuş ziyana görə kompensasiyanın ödənilməsi haqqında iddialarda iddiaçının müvafiq ərizə ilə əvvəlcə inzibati orqana müraciət etməsi, iddianın verilməsi müddətinə əməl olunması və s.) də mövcudluğu yoxlanılmalıdır (9-cu bənd)”. Belə olan halda inzibati icraat qaydasında baxılan istənilən iddia inzibati icraat qaydalarına müvafiq olan iddia növünə uyğun olmalı, subyektiv hüququ olan şəxs tərəfindən, qanunla müəyyən edilən iddia müddətləri daxilində və müvafiq cavabdehlik daşıyan inzibati orqana qarşı qaldırılmalı, hüquq və azadlıqların pozuntusu sübutlar da əlavə olunmaqla əsaslandırmalıdır ki, onun məhkəmə icraatı mümkün sayılsın. “İnzibati icraat haqqında” Azərbaycan Respublikası Qanunu: 2.0.1 İnzibati orqan – Azərbaycan Respublikasının müvafiq icra hakimiyyəti orqanları, onların yerli (struktur) və digər qurumları, bələdiyyələr, habelə qanuna əsasən inzibati akt qəbul etmək səlahiyyəti verilmiş hər hansı fiziki və ya hüquqi şəxsdir; 2.0.2 İnzibati akt – inzibati orqan tərəfindən ümumi (publik) hüquq sahəsinə aid olan müəyyən (konkret) məsələləri nizama salmaq və ya həll etmək məqsədi ilə qəbul edilmiş və ünvanlandığı hüquqi və ya fiziki şəxs (şəxslər) üçün müəyyən hüquqi nəticələr yaradan qərar, sərəncam və ya digər növ hakimiyyət tədbiridir; 3.1 Bu qanunun müddəaları Azərbaycan Respublikasının qanunvericiliyi ilə inzibati orqan kimi müəyyən (təsnif) edilmiş orqanların fəaliyyətinə şamil olunur. İddia ərizəsində iddiaçı, planlaşdırdığı tədbirlə bağlı müraciət etdiyi cavabdeh İcra Hakimiyyətinin cavab məktubunda sonuncunun qaldırılan məsələ ilə mövqeyini həmin tədbirin qadağan edilməsinə yönəlmiş inzibati qərar kimi qiymətləndirmişdir. Belə ki, imtina məktubunun qanunsuz sayılması tələbi irəli sürülmüşdür. Halbuki, yuxarıda da qeyd edildiyi kimi, “İnzibati icraat haqqında” Azərbaycan Respublikası Qanununun 2.0.2-ci maddəsinə əsasən inzibati akt – inzibati orqan tərəfindən ümumi (publik) hüquq sahəsinə aid olan müəyyən (konkret) məsələləri nizama salmaq və ya həll etmək məqsədi ilə qəbul edilmiş və ünvanlandığı hüquqi və ya fiziki şəxs (şəxslər) üçün müəyyən hüquqi nəticələr yaradan qərar, sərəncam və ya digər növ hakimiyyət tədbiridir. İddiaçının iddia ərizəsində istinad etdiyi cavabdeh Bakı şəhər İcra Hakimiyyətinin xx.xx.2023-cü il tarixli məktubu isə cavabdehin ümumi (publik) hüquq sahəsinə aid müəyyən (konkret) məsələni nizama salmaq və ya həll etmək məqsədi daşıyan və hakimiyyət səlahiyyətlərinin tətbiqi ilə əlaqədar qəbul etdiyi akt deyildir, eyni zamanda həmin məktub iddiaçı və ya digər şəxslər üçün hüquqi nəticə yaradan sənəd olmamaqla iddiaçının hüquqi statusunu yaratmaq, dəyişdirmək və ya xitam vermək xüsusiyyətinə malik deyildir. Beləliklə, məhkəmə kollegiyası göstərilənlərə əsasən qənaətə gəlir ki, birinci instansiya məhkəməsi iddianın mümkün sayılmamasına dair düzgün nəticəyə gəldiyindən iddiaçının apellyasiya şikayəti təmin edilməməli, birinci instansiya məhkəməsinin qərardadı dəyişdirilmədən saxlanılmalıdır. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinə əsasən: Maddə 81.1. İnzibati məhkəmələr tərəfindən qəbul olunmuş qərarlardan və ya qərardadlardan, bu Məcəllədə nəzərdə tutulmuş hallar istisna olmaqla, şikayət verilə bilər. Şikayətə apellyasiya qaydasında apellyasiya instansiyası inzibati kollegiyaları (bundan sonra - apellyasiya instansiyası məhkəmələri) tərəfindən baxılır. Maddə 81.3. Bu fəsildə başqa qaydanın müəyyən edilmədiyi hallarda, şikayət üzrə inzibati məhkəmə icraatında birinci instansiya məhkəməsində icraatla bağlı bu Məcəllədə nəzərdə tutulmuş müvafiq prosessual qaydalar, o cümlədən iddia ərizəsinin formasına və məzmununa dair tələblər və Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin apellyasiya instansiyası məhkəməsində icraatla bağlı müvafiq müddəaları tətbiq olunur. Maddə 87.6. Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qərarını dəyişdirmədən qüvvədə saxlaya bilər, dəyişdirə bilər və ya ləğv edərək (tam və ya qismən) yeni qərar qəbul edə bilər. Birinci instansiya məhkəməsinin qərarı apellyasiya tələbi həddində dəyişdirilə bilər. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 80, 85, 87, 90 və 94-cü maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası qərara aldı: Apellyasiya şikayəti təmin edilməsin. Bakı İnzibati Məhkəməsinin 19 sentyabr 2023-cü il tarixli, 2-1(112)-12257/2023 saylı qərardadı dəyişdirilmədən saxlanılsın. Qərardaddan inzibati məhkəmə icraatının iştirakçıları rəsmi qaydada təqdim olunduğu gündən 10 (on) gün müddətində Bakı Apellyasiya Məhkəməsi vasitəsilə Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyasına kassasiya şikayəti verə bilər.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar