Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-1(103)-4053/2024 03.12.2024 BAKI APELLYASİYA MƏHKƏMƏSİ Giriş hissə: X2 Səmədovun sədrliyi və məruzəsi ilə, Xəyalə Adil qızı Cəmilova və X3 ibarət tərkibdə, Eldarzadə Şirazi Elxan oğlunun katibliyi, Cavabdehin nümayəndəsi X1 iştirakı ilə, İddiaçı cavabdeh Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsinin 1 saylı Bakı Ərazi İdarəsinə qarşı “çıxarışın verilməsi” tələbinə dair iddiası üzrə Bakı İnzibati Məhkəməsinin 30 iyul 2024-cü il tarixli, 2-1(112)-411/2024 saylı qərarından cavabdeh tərəfindən verilmiş apellyasiya şikayətinə əsasən inzibati işə Bakı Apellyasiya Məhkəməsinin binasında, açıq məhkəmə iclasında baxaraq aşağıdakı qərarı qəbul etdi. Təsviri hissə: İddiaçı cavabdeh Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsinin 1 saylı Bakı Ərazi İdarəsinə qarşı “çıxarışın verilməsi” barədə iddia ərizəsi ilə məhkəməyə müraciət etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, 65 kv.m qeyri-yaşayış sahəsi daşınmaz əmlakın dövlət reyestrində iddiaçının adına dövlət qeydiyyatına alınmışdır. Halbuki, həmin qeyri-yaşayış sahəsi 75 kv.m olmuşdur. Ölçülərdə dəqiqləşmələrin aparılması barədə Nəsimi Rayon İcra Hakimiyyətinə müraciət edilmiş, ölçülər dəqiqləşdirilmişdir. Lakin, cavabdeh həmin sərəncama uyğun olaraq hüquqların dövlət qeydiyyatında dəqiqləşmə aparmamışdır. Cavabdeh iddiaya dair yazılı etiraz təqdim edərək iddia tələbinin rədd edilməsini xahiş etmişdir. Etirazda qeyd edilmişdir ki, 1 saylı sahə 4,2 kv.m genişləndirilmiş və 2 saylı sahədən əlavə olaraq qapı oyuğu açılmışdır. Qeyri-yaşayış binası üzərində hüquqlar "xxxx" ASCnin xeyrinə yüklülük edilmişdir ki, razılıq məktubu alınmalıdır. Faktiki sahə 69,2 kv.m təşkil edir. Bu səbəbdən də müraciətin təmin edilməsi mümkün olmamışdır. Bakı İnzibati Məhkəməsinin 30 iyul 2024-cü il tarixli, 2-1(112)-411/2024 saylı qərarı ilə (hakim O.Həsənov) iddia qismən təmin olunmuş, İddiaçı mülkiyyətində olan ünvan 1 ünvanda yerləşən 65 kv.m ölçüdə göstərilmiş qeyri-yaşayış sahəsinin ölçülərində dəyişiklik edilərək daşınmaz əmlakın ümumi sahəsinin 69,2 kv.m göstərilməklə iddiaçının adına daşınmaz əmlakın dövlət reyestrində 69,2 ölçüdə olan əmlakın qeydiyyata alınması və buna dair onun adına daşınmaz əmlakın dövlət reyestrindən yeni çıxarışın verilməsi öhdəliyinin cavabdeh Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsinin 1 saylı Bakı Ərazi İdarəsinə həvalə edilməsi, iddianın qalan hissədə rədd edilməsi qərara alınmışdır. Qərardan narazı qalan cavabdeh inzibati orqan apellyasiya şikayəti verərək qərarın ləğv edilməsi və iddia tələbinin təmin edilməməsi barədə yeni qərar qəbul edilməsini xahiş etmişdir. Apellyasiya şikayətinin dəlilləri: Apellyasiya şikayəti iddia ərizəsinə etirazın məzmununa uyğun tərtib olunmuş, əlavə olaraq qeyd edilmişdir ki, göstərilən əlavə sahəyə dair “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikası Qanununun 8-ci maddəsinə uyğun hüquqmüəyyənedici sənədlər təqdim edilməmişdir. Qeyri-yaşayış binasının çıxarışa əsasən ölçüsü 65.0 kv.m qeyd edilsə də, faktiki ölçüsü 69.2 kv.m təşkil edir. Bakı İnzibati Məhkəməsi tərəfindən qeyri-yaşayış binasının həqiqi yerləşməsi dəqiq müəyyən edilməmiş, torpaq sahəsinin qanuni əsaslarla ayrılıb-ayrılmaması ilə bağlı araşdırma aparılmamışdır. Məhkəmə icraatı iştirakçılarının izahatları: Məhkəmə kollegiyasının iclasında iştirak edən cavabdehin nümayəndəsi apellyasiya şikayətini müdafiə edərək şikayətin təmin edilməsini xahiş etmişdir. Məhkəmə kollegiyasının iclasının vaxtı və yeri barədə iddiaçıya lazımi qaydada məlumat verilməsinə baxmayaraq, məhkəmə iclasında iştirak etməmiş, səbəbləri barədə heç bir məlumat verməmişdir. Məhkəmə kollegiyası Azərbaycan Respublikası İPM-nin 62-ci maddəsinə əsasən iddiaçının iştirakı olmadan şikayət üzrə işə baxılmasını mümkün hesab edir. Əsaslandırma hissəsi: Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 82-ci maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi mübahisə ilə bağlı işə şikayət həddində və hüquqi məsələlər, habelə sübutlar və faktlar (faktiki hallar) əsasında mahiyyəti üzrə tam həcmdə baxır. Məhkəmə kollegiyası işdə iştirak edən şəxsləri dinləyib, apellyasiya şikayətinin dəlillərini araşdıraraq hesab edir ki, apellyasiya şikayəti təmin edilməməli, birinci instansiya məhkəməsinin qərarı dəyişdirilmədən saxlanılmalıdır. İş materiallarında olan və məhkəmə iclasında tədqiq edilən: - İmtina məktubunda qeyd edilmişdir ki, 1 saylı sahə 4,2 kv.m genişləndirilmiş və 2 saylı sahədən əlavə olaraq qapı oyuğu açılmışdır. Qeyri-yaşayış binası üzərində hüquqlar "xxxx" ASC-nin xeyrinə yüklülük edilmişdir ki, razılıq məktubu alınmalıdır. -Çıxarışdan görünür ki, Bakı şəhəri, Nəsimi rayonu, 20 Yanvar küç, 191 ünvanda yerləşən qeyri-yaşayış binası 65 kv.m ölçüdə qeydiyyata alınmışdır. -18 may 2022-ci il tarixli sərəncamdan görünür ki, qeyri-yaşayış sahəsinin ümumi sahəsi 75,0 kv.m hesab edilmişdir. Ümumi sahədəki fərq rekonstruksiya və yenidənqurma işləri ilə əlaqədar olmuşdur. -Texniki Komissiyanın qəbul aktında qeyd edilmişdir ki, qeyri-yaşayış sahəsinin ümumi sahəsi 75,0 kv.m-dir. Ümumi sahədəki fərq rekonstruksiya və yenidənqurma işləri ilə əlaqədar olmuşdur. -"xxxx" ASC-nin məktubundan görünür ki, yüklülüyün qalması şərti ilə çıxarışda müvafiq dəyişikliklərin edilməsinə etiraz edilmir. -İddiaçının adına olan texniki pasportdan və əvvəlki mülkiyyətçiyə aid texniki sənədlərdən görünür ki, ümumi sahə 69,2 kv.m kimi göstərilmişdir. -Mütəxəssis rəyində qeyd edilmişdir ki, qeyri-yaşayış sahəsinin faktiki ölçüsü 69,20 kv.m təşkil edir. 1 saylı sahədə 4,2 kv.m genişləndirilmiş (2 ədəd pəncərə əlavə olunub) və 2 saylı sahədə əlavə qapı oyuğu açılmışdır. Həmin məlumatlar texniki pasportda öz əksini tapmışdır. Texniki pasportda həmin dəyişikliklər yerli icra hakimiyyəti orqanının sərəncamı, Texniki Komissiyanın rəyi əsasında aparılmışdır. Mütəxəssis rəyində rekonstruksiya işlərinin texniki normativ tələblərə uyğun aparılıb-aparılmaması və digər şəxslərin istifadəsinə maneə olub-olmaması barədə məlumat verilməmişdir. -Ekspert rəyindən görünür ki, mütəxəssis rəyində olan məlumatlar təkrarlanmışdır. İşin hallarına əsasən müəyyən edilir ki, hazırkı inzibati mübahisə ünvan 3 ünvanda yerləşən qeyri-yaşayış sahəsinin ölçülərinin dəyişdirilməsi və buna uyğun mülkiyyət hüquqlarının dəyişdirilmiş ölçüdə qeydiyyata alınıb-alınmaması ilə əlaqədardır. Qeyd olunmalıdır ki, hazırkı növ iddia öhdəliyin icrası növündə iddia olduğundan Azərbaycan Respublikası İPM-nin 14-cü maddəsinin tələbinə uyğun olaraq iddianın təminini istisna edən hallar məhz cavabdeh tərəfindən sübut edilməlidir. Cavabdeh isə həmin imtinanı legitim edən halı sübuta yetirə bilməmişdir. Qeyd olunan imtina əsasları ölçünün 69,2 kv.m ölçüdə olmasına münasibətdə mövcud deyil. Belə ki, hal-hazırda qüvvədə olan hər hansı orqan tərəfindən ləğv edilməmiş sərəncamdan, eləcə də həmin sərəncamın qəbul edilməsinə əsas olmuş texniki rəy və qəbul aktından görünür ki, ölçüsü 65,2 kv.m olmuş qeyri–yaşayış sahəsində 4,2 genişləndirmə-2 ədəd pəncərənin əlavə edilməsi və 2 saylı sahədə əlavə qapı oyuğunun açılması, yəni rekonstruksiya işlərinin aparılması yerli icra hakimiyyəti orqanı, başqa sözlə həmin rekonstruskiya işlərinin aparılmasına səlahiyyətli olan orqanın müvafiq araşdırması, rəyi və qəbul aktı əsasında onun qərarı ilə həyata keçirilmişdir. Ekspert və mütəxəssis rəyindən də göründüyü kimi həmin dəqiqləşdirmələr əsasında texniki pasportda da dəyişikliklər edilmişdir və bununla əlaqədar birinci instansiya məhkəməsi haqlı olaraq hesab etmişdir ki, texniki pasportda, mütəxəssis və ekspert rəyində göstərilən 69,2 kv.m ölçüdə mülkiyyət hüququna dair qeyddə dəyişiklik edilməli, 65 kv.m əvəzinə məhz 69,2 kv.m ölçüdə mülkiyyət hüquqları daşınmaz əmlakla bağlı qeydə alınmalıdır. Nəzərə alınmalıdır ki, inzibati orqanın adıçəkilən sərəncamı qüvvədədir, hər hansı orqan tərəfindən ləğv edilməmişdir. Məhkəmə kollegiyası hesab edir ki, yerli icra hakimiyyəti orqanının ləğv edilməmiş, tikinti ilə bağlı müvafiq səlahiyyətlər çərçivəsində qəbul etmiş olduğu sərəncamlarının mötəbərliyi, digər inzibati orqan tərəfindən təftiş edilməməsi mövqeyini özündə əks etdirən Azərbaycan Respublikasının Ali Məhkəməsinin 2-1(102)-1464/2023 saylı iş üzrə qəbul etdiyi xx.xx.2023-cü il tarixli, 2-1(102)-982/2023 saylı iş üzrə qəbul edilmiş xx.xx.2023-cü il tarixli qərarı, 2-1(102)-57/2024 saylı iş üzrə qəbul edilmiş xx.xx.2024-cü il tarixli, 2- 1(102)- 843/2023 saylı iş üzrə qəbul edilmiş xx.xx.2023-cü il tarixli qərarları ilə formalaşdırılmış məhkəmə təcrübəsinə uyğundur. Rekonstruksiya işlərinin aparılmasını mötəbərliyini tanıyan səlahiyyətli yerli icra hakimiyyəti orqanının qərarı əsasında aparılmış və texniki pasportda cavabdehin özü tərəfindən də göstərilmiş ölçülərlə bağlı qeydiyyat hərəkətlərinin aparılmasının tələb edilməsi qismən qanuni və əsaslı olmuşdur. Belə ki, istər mütəxəssis rəyindən, istər ekspert rəyindən, istərsə də texniki pasportdan görünür ki, qeyri-yaşayış sahəsinin faktiki ölçüsü məhz 69,2 kv.m təşkil etməkdədir. İddia olunan əlavə 5,8 kv.m mövcud olmamışdır. Mövcud olmayan həmin ölçü göstərilməklə 69,2 kv.m əvəzinə 75,0 kv.m ölçüdə dəyişikliyin edilməsi barədə göstərilən səbəbdən iddianın qanuni və əsaslılığından söhbət gedə bilməz. Məhkəmə kollegiyası iddianın təmin edilməsi ilə bağlı birinci instansiya məhkəməsinin gəldiyi nəticə ilə razılaşaraq aşağıdakıların qeyd edilməsini zəruri hesab edir. Daşınmaz əmlak üzərində hüquqların əmələ gəlməsinin, başqasına keçməsinin, məhdudlaşdırılmasının (yüklülüyünün) və xitam verilməsinin dövlət qeydiyyatının aparılması üçün qanunvericilik ilə tənzimlənən əsaslar “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikası Qanunun 8-ci maddəsi ilə əhatə olunur. «Daşınmaz əmlakın dövlət reyestri haqqında» Qanunun 8.0.1-ci maddəsinə əsasən daşınmaz əmlak üzərində hüquqların əmələ gəlməsinin, başqasına keçməsinin, məhdudlaşdırılmasının (yüklülüyünün) və xitam verilməsinin dövlət qeydiyyatı üçün aşağıdakılar əsas hesab olunur: 8.0.2. qanunla müəyyən edilmiş qaydada ixtisaslaşdırılmış təşkilatlar tərəfindən keçirilən açıq hərracın nəticələrinə dair yekun protokol; 8.0.3. daşınmaz əmlak barəsində notariat qaydasında təsdiq edilmiş müqavilələr, vərəsəlik hüququ haqqında, ər-arvadın ümumi əmlakındakı paya mülkiyyət hüququ haqqında, yaşayış evlərinin, mənzillərin açıq hərracdan əldə olunmasına dair şəhadətnamələr, mənzil sertifikatı; 8.0.4. qanuni qüvvəyə minmiş məhkəmə qərarları; 8.0.5. 2006-cı il iyulun 6dək müvafiq icra hakimiyyəti orqanları tərəfindən verilmiş daşınmaz əmlak üzərində hüquqları təsdiq edən aktlar, şəhadətnamələr və qeydiyyat vəsiqələri; 8.0.6. mənzil-tikinti kooperativi binasında yaşayış (qeyri-yaşayış) sahəsinin verilməsi barədə mənzil-tikinti kooperativi üzvlərinin ümumi yığıncağının qərarı (qanunvericiliklə nəzərdə tutulmuş pay haqqı tam ödənildikdə); 8.0.7. 2007-ci il mayın 22-dək müvafiq icra hakimiyyəti orqanlarının nəzdində olan bağ təsərrüfatı idarələri tərəfindən vətəndaşlara ayrılmış bağ sahələrinə dair verilən icarə müqavilələri, sərəncamlar və orderlər kollektiv bağçılıq-yoldaşlıq təsərrüfatının üzvlərinin siyahısına müvafiq olaraq verilmiş üzvlük kitabçası və ya üzvlərin iclasının protokolundan çıxarış; 8.0.8. bu Qanun qüvvəyə minənədək əldə edilmiş və yaranmış daşınmaz əmlak obyektləri üzərində hüquqların əldə edilməsini təsdiq edən müvafiq icra hakimiyyəti orqanı tərəfindən müəyyən edilən sənədlər. 8.0.9. Azərbaycan Respublikasının Şəhərsalma və Tikinti Məcəlləsi qüvvəyə minənədək (2013-cü il yanvarın 1-dək) inşa edilmiş tikililərə dair: 8.0.9.1. hündürlüyü 12 metrədək olan yaşayış evlərinə münasibətdə: 8.0.9.1.1. icarədə və ya istifadədə olan torpaq sahəsində yerləşən hündürlüyü 12 metrədək olan yaşayış evlərinə münasibətdə torpaq sahəsi üzərində icarə və ya istifadə hüququnu təsdiq edən sənəd, müvafiq icra hakimiyyəti orqanı ilə razılaşdırılmış layihə və ya yaşayış evinin istismara qəbul aktı; 8.0.9.1.2. məqsədli təyinatına görə yaşayış evinin tikintisi üçün nəzərdə tutulmuş xüsusi mülkiyyətdə olan torpaq sahəsində yerləşən hündürlüyü 12 metrədək olan yaşayış evlərinə münasibətdə - torpaq sahəsi üzərində mülkiyyət hüququnu təsdiq edən sənəd; 8.0.9.2. çoxmənzilli binalara, qeyri-yaşayış binalarına və hündürlüyü 12 metrdən çox olan yaşayış evlərinə münasibətdə - torpaq sahəsi üzərində mülkiyyət, icarə və ya istifadə hüququnu təsdiq edən sənəd, müvafiq icra hakimiyyəti orqanı ilə razılaşdırılmış layihə, müvafiq icra hakimiyyəti orqanının tikilinin inşa edilməsinə icazə barədə qərarı, istismara qəbul aktı; 8.0.10. Azərbaycan Respublikasının Şəhərsalma və Tikinti Məcəlləsi qüvvəyə mindikdən (2013-cü il yanvarın 1-dən) sonra inşa edilən tikililərə dair: 8.0.10.1. tikintisinə icazə tələb olunan tikinti obyektləri üçün - torpaq sahəsi üzərində mülkiyyət, icarə və ya istifadə hüququnu təsdiq edən sənəd, tikintiyə icazə verilməsi barədə qərar, tikinti layihəsinin memarlıq-planlaşdırma bölməsi, tikinti obyektinin istismarına icazə 8.0.10.2. məlumatlandırma icraatının tətbiq edildiyi tikinti obyektləri üçün - torpaq sahəsi üzərində mülkiyyət, icarə və ya istifadə hüququnu təsdiq edən sənəd, tikinti layihəsinin memarlıqplanlaşdırma bölməsi, sifarişçi tərəfindən tikinti başa çatdıqdan sonra tikinti barədə məlumatlandırılan orqana (quruma) sifarişli poçt göndərişi ilə və ya bilavasitə məlumat verilməsini təsdiq edən sənəd; 8.0.11. Azərbaycan Respublikasının Mənzil Məcəlləsi qüvvəyə minənədək (2009-cu il oktyabrın 1-dək) dövlət və ya ictimai mənzil fondundan yaşayış sahəsinin verilməsinə dair müvafiq icra hakimiyyəti orqanının sərəncamı, order və ya mənzil kirayəsi müqaviləsi; 8.0.12. 2006-cı il iyulun 6-dan 2009-cu il iyunun 24-dək müvafiq icra hakimiyyəti orqanı tərəfindən daşınmaz əmlaka dair verilmiş şəhadətnamələr Qeyd olunmalıdır ki, hüquqların dövlət qeydiyyatına alınmasından imtina edilməsi üçün müəyyən olunmuş hallar “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Qanunun 15.1-ci maddəsində sadalanmışdır və həmin hallar aşağıdakılardan ibarətdir: 15.1.1 – dövlət qeydiyyatı barədə müraciət olunan hüquq bu qanuna əsasən dövlət qeydiyyatına alınmalı deyildirsə; 15.1.2 – hüquqların dövlət qeydiyyatı üçün notariat qaydasında təsdiqlənməsi tələb olunmayan sənədlərin forması və məzmunu qanunvericiliklə müəyyən edilmiş tələblərə uyğun deyildirsə; 15.1.3 – hüquqların dövlət qeydiyyatı barədə ərizəni verməyə ixtiyarı olmayan şəxs müraciət etdikdə; 15.1.4 – daşınmaz əmlaka hüququn yaranması barədə icra hakimiyyəti və ya bələdiyyə orqanının aktı qanunvericiliklə müəyyən edilmiş qaydada etibarsız hesab olunduqda; 15.1.5 – daşınmaz əmlak barəsində təsdiqləyici sənəd vermiş şəxs həmin əmlak üzərində hüquqa dair sərəncam vermək səlahiyyətinə malik olmadıqda; 15.1.6 – bu Qanunun 14-cü maddəsində nəzərdə tutulmuş qeydiyyatın dayandırılmasına səbəb olan hallar aradan qaldırılmadıqda. Göründüyü kimi, qanunverici hüquqların dövlət qeydiyyatına alınmasından imtinanın əsaslarını dəqiq müəyyən etmişdir. Hazırkı mübahisəyə münasibətdə cavabdehin imtinası qeyd olunan maddənin tələbləri ilə qismən uzlaşmır. Məhkəmə kollegiyası hesab edir ki, iddiaçının tələbinin ünvan 4 ünvandakı qeyriyaşayış binasının 69,2 kv.m hissədə təmin olunmasını istisna edən hallar iş üzrə müəyyən edilmədiyindən, iddiaçının təqdim etdiyi sənədlər “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Qanunun tələblərinə əsasən həmin qeyri-yaşayış sahəsi üzərində onun mülkiyyət hüququnun dövlət qeydiyyatına alınması üçün yetərli əsas sayılmalıdır. Bu baxımdan qeyri-yaşayış sahəsinə 69,2 kv.m hissəsinə dair iddiaçının adına mülkiyyət hüququnun dövlət qeydiyyatına alınaraq bu barədə çıxarışın verilməsindən imtina etməkdə cavabdeh inzibati orqan haqlı sayıla bilməz və hazırkı mübahisəyə münasibətdə onun imtinası yuxarıda istinad olunan normaların tələblərinin pozulması kimi qiymətləndirilməlidir. Azərbaycan Respublikası İPM-nin 73.1-ci maddəsinə əsasən inzibati aktın qəbulundan imtina olunmasının və ya cavabdehin hərəkətsizliyi nəticəsində inzibati aktın qəbul edilməməsinin qanunazidd olduğu və iddiaçının hüquqlarının pozulmasına səbəb olduğu hallarda, məhkəmə inzibati orqanın üzərinə inzibati aktın qəbul edilməsi barədə öhdəlik qoyur. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 58.7-ci maddəsinə əsasən sübutlar məhkəmə tərəfindən tam və hərtərəfli araşdırıldıqdan sonra qiymətləndirilir. Həmin Məcəllənin 68.1-ci maddəsinin tələbinə görə məhkəmə mübahisə ilə bağlı iş üzrə inzibati məhkəmə icraatı nəticəsində onda yaranmış daxili inam əsasında qərar qəbul edir. Qərarda məhkəmənin mövqeyi üçün əsas olmuş səbəblər göstərilməlidir. Cavabdehin apellyasiya şikayətində qeyd etdiyi dəlillərə gəldikdə isə məhkəmə kollegiyası bu barədə bildirir ki, həmin dəlillər iddiaçıya ünvanlanmış imtina məktubu və iddiaya dair yazılı etirazla eyni məzmunlu olub, bu qərarın əsaslandırıcı hissəsində qeyd olunanlarla bağlı əsassızdır və qəbul edilməməlidir. Göstərilənlərə əsasən məhkəmə kollegiyası hesab edir ki, birinci instansiya məhkəməsinin iddianın təmin edilməsi ilə bağlı gəldiyi nəticə maddi hüquq normalarının tətbiqi baxımından qanuni, işin faktiki halları baxımından əsaslı olduğu üçün qərar dəyişdirilmədən saxlanılmalı, apellyasiya şikayətinin dəlilləri əsassız olduğundan təmin edilməməlidir. Nəticəvi hissə: Şərh olunanlara əsasən və Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinin 87, 90, 94-cü maddələrinin tələblərini rəhbər tutaraq, Kollegiya qərara aldı: Cavabdehin apellyasiya şikayəti təmin edilməsin. Bakı İnzibati Məhkəməsinin 30 iyul 2024-cü il tarixli, 2-1(112)-411/2024 saylı qərarı dəyişdirilmədən saxlanılsın. Qərardan onun rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyası vasitəsilə Azərbaycan Respublikasının Ali Məhkəməsinin İnzibati Kollegiyasına kassasiya şikayəti verilə bilər. Sədrlik edən: Rəşid Səmədov Hakimlər: Xəyalə Cəmilova Elvin Əliyev
Məhkəmə qərarları › İş №2-1(103)-4053/2024
Bakı Apellyasiya Məhkəməsi Qərar — İş №2-1(103)-4053/2024
03.12.2024 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver