Məhkəmə qərarları › İş №2-1(103)-4053/2025

Bakı Apellyasiya Məhkəməsi Qərar — İş №2-1(103)-4053/2025

27.01.2026 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-1(103)-4053/2025 27.01.2026 BAKI APELLYASİYA MƏHKƏMƏSİ X5 Arif qızının sədrliyi və məruzəsi ilə, Əkbərov Kamran Hüseyn oğlundan və İsmayılov Orxan Nadir oğlundan ibarət tərkibdə, Burcalıyev Ələsgər Müşfiq oğlunun katibliyi, İddiaçı iştrakı ilə, İddiaçı cavabdeh Azərbaycan Respublikası Müdafiə Nazirliyinə qarşı “müharibə veteranı adının və müvafiq vəsiqənin verilməsi” tələbinə dair inzibati iş üzrə Bakı İnzibati Məhkəməsinin 2-1(112)-N74/2025 saylı 19 may 2025-ci il tarixli qərarından cavabdeh tərəfindən verilmiş apellyasiya şikayətinə 27 yanvar 2026-cı il tarixdə Bakı Apellyasiya Məhkəməsinin (ünvan: ünvan 2əhəllə) binasında açıq məhkəmə iclasında şifahi məhkəmə baxışı qaydasında baxaraq aşağıdakı qərarı qəbul etdi. Təsviri hissə I. Mübahisəli hüquqi məsələnin qısa xülasəsi

1. İddiaçı cavabdeh Azərbaycan Respublikası Müdafiə Nazirliyi Aparatı Nəzdində “Veteran Adlarının və X3 Üzrə Komissiya”ya qarşı iddia ərizəsi ilə Bakı İnzibati Məhkəməsinə müraciət edərək iddiaçıya “müharibə veteranı adının və vəsiqəsinin” verilməsi öhdəliyinin Azərbaycan Respublikası Müdafiə Nazirliyi Aparatı Nəzdində “Veteran Adlarının və X3 Üzrə Komissiyanın üzərinə qoyulması barədə qərar qəbul edilməsini xahiş etmişdir.

2. İddiaçı xx.xx.2024-cü il tarixdə iddia tələbinin dəqiqləşdirilməsi ilə bağlı ərizə təqdim edərək ona müharibə veteranı adının və vəsiqəsinin verilməsi öhdəliyinin cavabdeh Müdafiə Nazirliyinin üzərinə qoyulması barədə qərar qəbul edilməsini xahiş etmişdir. Bakı İnzibati Məhkəməsinin həmin tarixli qərardadı ilə iddia tələbi dəqiqləşdirilmiş şəkildə icraata qəbul edilmişdir.

3. İddia tələbi onunla əsaslandırılmışdır ki, İddiaçı 1971-ci ildə Xaçmaz rayonunda anadan olmuşdur, evlidir, 4 övlad atasıdır, orta təhsillidir, tikinti təşkilatında günəmuzd fəhlə kimi çalışır, hazırda ailə üzvləriylə birlikdə yaşayır. O, hərbi xidmətə keçmiş Sovet Ordusu sıralarında başlamışdır. Burada dekabr 1989-cu ildən oktyabr 1991-ci ilədək Həqiqi Hərbi xidmətdə olmuşdur. Hərbi xidmətdən təxris olunduqdan sonra Xaçmaza, ailəsinin yanına qayıtmış, Xaçmaz Rayon Hərbi Komissarlığında xx.xx.1991-ci ildə uçota götürülmüşdür. Torpaqlarımızın erməni təcavüzü başlayarkən 22 avqust 1992-ci ildə Xaçmaz Rayon Hərbi Komissarlığı tərəfindən səfərbər olunaraq Azərbaycan Silahlı Qüvvələri sırasına göndərilmişdir. Qubadlı rayonu ərazisində aktiv döyüş əməliyyatları aparan N №-li Hərbi hissənin Top divizyonunun şəxsi heyətinin sırasına saİınmışdır. "Yazı düzü" adlanan mövqedə dislokasiya olan N nömrəli hərbi hissənin tərkibində Laçının Güləbird və işğal altında olan Səfiyan, Malxələf, Xanallar və Fərəcan kəndlərinin eləcə də Qubadlı rayonunun müdafiəsi uğrunda gedən döyüşlərə qatılmışdır. Qubadlı rayonu 1993-cü ilin 31 avqustunda işğal olunandan sonra xidmət etdiyi N №-li Hərbi hissə Cəbrayıl rayonu ərazisinə geri çəkilmişdir. Keçmiş Çaxır zavodunun inzibati binasında qərargah yaradıldı. N №-li Hərbi hissənin şəxsi heyətinin böyük əksəriyyəti Qubadlı rayon sakinlərindən təşkil olunmuşdu. Eləcə də hissənin komandir heyəti Qubadlı sakinləri olan zabitlərdən ibarət idi. Bu ərəfədə əhali işğal olunmuş Qubadlı rayonunu tərk edirdi. Hərbi hissənin əksər zabit və əsgər heyəti hamılıqla öz ailə üzvlərinin və yaxınlarının işğal altında olan Qubadlıdan təxliyyə olunmasına, onların ölkənin digər şəhər və rayonlarına köçürülməsinə cəlb olunmuşdular. Bir yandan qorxu,digər tərəfdən intizamın zəifləməsi onu Bakı, Sumqayıt və digər şimal bölgəsindən olan əsgərlərlə birlikdə Hərbi hissəni tərk etməyə məcbur etdi.Heç bir müqavimətlə üzləşmədən silahlarını posta təhvil verərək evə yollandı. O, Xaçmaza, evinə qayıtdı. Bu ərəfədə nə N №-li hərbi hissə, nə polis şöbəsi və nə də ki, Xaçmaz Rayon Hərbi Komissarlığı tərəfindən axtarılmadı. Hərbi fərrari kimi prokurorluğun maraq dairəsinə düşmədi.Tezliklə N №-li Hərbi hissənin mövqeyinin dəyişdiyini və onun bazasında yeni hərbi hissənin təşkil edildiyini öyrəndi. Xaçmaz Rayon Hərbi Komissarlığına gedərək onun öz hərbi hissəsinə göndərilməyini xahiş etdi. N №-li hərbi hissənin bazasında yeni,N №-li hissə yaranmışdır. N №-li hərbi hissənin Gəncə istiqamətində qərargah qurduğunu öyrəndi. 28 yanvar 1994-cü ildə Xaçmaz Rayon Hərbi Komissarlığı tərəfindən təkrar səfərbər olunaraq Gəncəyə, N №-li Hərbi Hissənin sərəncamına göndərildi. 1994-cü ilin fevral ayının ilk günlərində Murov yüksəkliyinə göndərildi. Burada azaraq qar uçuruma düşdü. Onunla birlikdə çağırılan əsgərlərin sağ qalan üzvləri ilə 7 gün şaxtalı-qarlı əraziləri keçərək Toğana adlanan əraziyə gəlib çıxdı. "Hər iki ayaq pəncəsi barmaqlarının İİİ dərəcəli don vurması" diaqnozu ilə əvvəlcə Gəncə Dəmiryol xəstəxanasına, daha sonra isə Bakı şəhərinə Müdafiə Nazirliyinin Mərkəzi Klinik Hospitalına təxliyyə olundu. 5 mart 1994-cü ildən 08 aprel 1994-cü ilədək Azərbaycan Respublikasının Müdafiə Nazirliyinin Mərkəzi Klinik Hospitalında stasionar müalicə kursu keçəndən sonra Hərbi xidmətə yararsız hesab edilərək Hərbidən təxris olundu. O, Müdafiə Nazirliyi Aparatı nəzdində "Veteran adlarının və vəsiqələrinin verilməsi üzrə Komissiya"ya müraciət etdi. Komissiyaya etdiyi xx.xx.2023-cü il tarixli müraciətdə onun hərbi xidmət dövründə fərarilik edərək hərbi hissənin tərk etmədiyini, xidməti yerinin tərk edilməsini hərbi hissənin ətrafında yaranmış xaos və intizam pozuntusunun nəticəsi olduğunu, onun Hərbi Prokurorluq tərəfindən müəyyən edilərək cinayət məsuliyyətinə cəlb olunmadığını, hərbi hissəni tərk etdikdən sonra yaşadığı ünvanı tərk etməyərək qonşu ölkələrdə gizlənmədiyini, yenidən səfərbər olaraq xidmətini başladığı hərbi hissəyə qatıldığını, bu zaman ağır donvurmaya məruz qalaraq təxris olunduğunu onun diqqətinə çatdıraraq ona müharibə veteranı statusunun verilməsini xahiş etdi. Əvəzində Komissiya xx.xx.2024-cü il tarixli cavabında onun xx.xx.1993- cü ildən sonrakı xidmətinin təsdiqlənmədiyini əsas gətirərək ona bu adın və vəsiqənin verilməsindən imtina etmişdir.

4. Cavabdeh iddiaya dair yazılı etiraz ilə məhkəməyə müraciət edərək bildirmişdir ki, Azərbaycan Respublikası Nazirlər Kabinetinin xx.xx.1995-ci il tarixli 216 nömrəli Qərarı ilə təsdiq edilmiş “Müharibə veteranı, silahlı qüvvələr veteranı və əmək veteranı adlarının verilməsi qaydası və şərtləri haqqında” Əsasnamənin 1-ci bəndinə əsasən: 1988-ci il fevralın 1-dən 1994-cü il mayın 12-dək erməni millətçi dəstələrinə qarşı Ermənistanla həmsərhəd inzibati ərazi vahidlərində - Naxçıvan Muxtar Respublikası (Kərki kəndi daxil olmaqla), keçmiş DQMV ərazisində, habelə Laçın, Qubadlı, Zəngilan (Seyidlər kəndi daxil olmaqla), Cəbrayıl, Füzuli, Ağdam, Tərtər (keçmiş Mirbəşir), Goranboy (Qasım İsmayılov və Şaumyan (kənd), Daşkəsən, Göygöl (keçmiş Xanlar), Kəlbəcər, Gədəbəy, Tovuz, Ağstafa, Qazax (Sofulu, Barxudarlı, Yuxarı Əskipara kəndləri daxil olmaqla) rayonlarının ərazilərində aparılan döyüş əməliyyatlarında özünümüdafiə dəstələrinin və birləşmələrinin tərkibində iştirak etmiş şəxslərə, döyüş əməliyyatları aparan hərbi hissə və ya orqanların tərkibində hərbi xidmət keçmiş şəxslərə, döyüş əməliyyatları aparan hərbi hissələrə və ya orqanlara döyüş tapşırığının və ya döyüş təminatı ilə bağlı tapşırıqların yerinə yetirilməsi üçün ezam olunmuş, həmçinin 1994-cü il 12 may tarixindən sonra döyüş zonasında hərbi xidmət keçərkən, yaxud döyüş zonasında döyüş tapşırığının yerinə yetirilməsi ilə bağlı ezamiyyətlərdə olarkən, bilavasitə döyüş əməliyyatlarında iştirak edən və həmin döyüş əməliyyatları ilə əlaqədar xəsarət (yaralanma, travma, kontuziya) almış hərbi qulluqçulara - müdafiə, daxili işlər, dövlət təhlükəsizliyi, ədliyyə, fövqəladə hallar orqanları, Azərbaycan Respublikasının Dövlət Sərhəd Xidməti, Azərbaycan Respublikasının Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidməti, Azərbaycan Respublikası Prezidentinin Təhlükəsizlik Xidməti, Azərbaycan Respublikasının Xüsusi Rabitə və X1 Xidməti, Azərbaycan Respublikasının Strateji X4 Agentliyivə hərbi idarəetmə orqanları tərəfindən verilmiş arayışlar, hərbi biletlər (hərbi xidmət keçmələrini sübut edən hərbi hissələrin nizami hissə üzrə əmrləri və ya arxiv arayışları ilə birgə təqdim edildiyi halda), şəxsi işlər, orden və medallarla təltif olunmaq haqqında vəsiqələr, xəsarət (yaralanma, travma, kontuziya) alma haqqında arayışlar, yerli icra hakimiyyəti orqanlarının təsdiq etdikləri siyahılar (döyüşlərdə iştirakı sübut edən sənədlərlə birgə təqdim edildiyi halda), əmrlərdən çıxarışlar, hərbi döyüşlərdə iştirakı sübut edən başqa sənədlər əsasında “Müharibə veteranı” adı verilir. Göründüyü kimi inzibati orqan və vətəndaş arasında yaranan və məcburetmə iddiası ilə nəticələnən inzibati hüquq münasibətin əsasını bilavasitə tənzim edən qüvvədə olan veteranlar haqqında qanunvericiliyin fakültativ deyil imperativ göstərişi şəxsin hərbi xidmət keçməsi və bunun qeyd olunan normanın dispozisiyasında əks edilmiş sənədlərdə əks edilməsidir. Hərbi xidmət keçmə dedikdə isə şəxsin hərbi hissəyə daxil olması və hərbi hissədən qanuni əsaslarla ehiyata buaxılmasdır. Normanı ümumiləşdirərək qeyd etmək istəyirəm ki, şəxsə Müharibə veteranı adı və vəsiqəsinin verilməsi üçün normanın dispozisiyasında göstərilən 2 zəruri şərtin gözlənilməsi inzibati orqan və nəticədə yaranan inzibati mübahisəyə baxan məhkəmə üçün imperativdir: Şəxsin xidmət keçməsi: Hərbi xidmət keçmə məfhumu altında hərbi qulluqçunun hərbi hissə komandirinin müvafiq əmri ilə hərbi hissənin siyasına daxil olması, hərbi xidmət müddətinin sona çatması ilə hərbi hissədən qanuni əsaslarla müvafiq əmrlə ehtiyata buraxılması. Bunun müvafiq sənədlərdə əks edilməsi: Bu zaman zəruri sənədlər məfumuna Aəzrbaycan Respublikası Nazirlər Kabinetinin 2018-ci il 28 sentyabr tarixli Qərarı ilə qeyd olunan normaya edilmiş dəyişiklikdən sonra hərbi biletlə yanaşı hərbi hissənin nizami hissə üzrə əmrləri və ya arxiv arayışı da daxil edilmişdir. Qeyd olunan şərtlərin birinin və ya hər ikisinin mövcud olmaması şəxsə “Müharibə veteranı” adı və vəsiqəsinin verilməsindən imtina edilməsi üçün əsasdır. İddia tələbinin təmin edilməsini istisna edən faktiki əsasına gəldikdə qeyd etmək zəruridir ki, Müdafiə Nazirliyinin Mərkəzi Arxivinin xx.xx.2024-cü il tarixli 2301 nömrəli arxiv məktubundan da göründüyü kimi iddiaçı, N () nömrəli hərbi hissə komandirinin xx.xx.1993-cü il tarixli N nömrəli əmri ilə şəxsi heyətin siyahısına daxil edilsədə onun sonrakı hərbi xidməti və hərbi xidmətdən ganuni əsaslarla ehtiyata buraxılması barədə məlumatlar aşkar olunmamışdır. Bu kimi halları nəzərə alarag, Müdafiə Nazirliyinin Aparatı nəzdində fəaliyyət göstərən “Veteran adlarının və müvafig vəsigələrinin verilməsi üzrə komissiya” tərəfindən iddiaçının müraciətinə hagh olarag müsbət gərar gəbul edilməmişdir. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun “X2 şikayətinə əsasən Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki işlər üzrə məhkəmə kollegiyasının xx.xx.2006-cı il tarixli qərarının Azərbaycan Respublikası Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına dair” xx.xx.2007-ci il tarixli Qərarında göstərilmişdir ki, müharibə veteranı adının verilməsi ilə bağlı mübahisələr məhkəmədə həll olunarkən hər bir halda şəxsin döyüş zonasında hansısa obyektiv və ya subyektiv səbəbdən olması və bu halda hansı şəxs qismində çıxış etməsi ilə yanaşı, onun Azərbaycan Respublikasının ərazi bütövlüyü uğrunda döyüş əməliyyatlarında iştirakının sübuta yetirilməsi vacibdir. İşin faktiki hallarına mübahisənin maddi hüquqi əsasları baxmından hesab edilir ki, iddiaçı “Müharibə veteranı, Silahlı Qüvvələr veteranı və əmək veteranı adlarının verilməsi qaydası və şərtləri haqqında Əsasnamə” ilə nəzərdə tutulan müharibə veteranı adının verilməsi üçün müvafiq səlahiyyətli dövlət orqanları tərəfindən verilmiş orden və medallarla təltif olunmaq haqqında vəsiqəyə, şəxsi işə, əmrlərdən çıxarışlara,arxiv arayışlarına və hərbi döyüşlərdə iştirakını (ordudan qanuni əsaslarla ehtiyata buraxılması) sübut edən başqa sənədlərə malik deyildir. Bu səbəbdən də iddia əsaslı sayıla bilməz. «Veteranlar haqqında» Azərbaycan Respublikası Qanununun 3-cü maddəsinə əsasən, Azərbaycan Respublikasının ərazi bütövlüyü uğrunda döyüş əməliyyatlarında iştirak etmiş şəxslər müharibə veteranı sayılırlar. «Veteranlar haqqında» Azərbaycan Respublikası Qanununa əlavələr və dəyişikliklər edilməsi barədə Azərbaycan Respublikası Qanununun tətbiq edilməsi haqqında” Azərbaycan Respublikası Prezidentinin 2006-cı il 25 aprel tarixli, 396 nömrəli Fərmanının 1.3-cü bəndində Azərbaycan Respublikası Nazirlər Kabinetinə tapşırılmışdır ki, Azərbaycan Respublikasının ərazi bütövlüyü uğrunda döyüş əməliyyatlarında iştirakçılarına aid edilən şəxslərin kateqoriyalarının siyahısını təsdiq etsin və bu siyahılara uyğun olaraq, Azərbaycan Respublikasının ərazi bütövlüyü uğrunda döyüş əməliyyatlarında iştirak şəxslər sırasından müharibə veteranı olanların yenidən qeydiyyata alınmasını təmin etsin. Deməli, Azərbaycan Respublikasının ərazi bütövlüyü uğrunda döyüş əməliyyatlarında iştirak etmiş şəxslərin hamısı müharibə veteranı sayılmır. Əgər sayılsaydı onların sırasından müharibə veteranı olanların yenidən qeydiyyata alınmasına ehtiyac qalmazdı. «Veteranlar haqqında» Azərbaycan Respublikası Qanununun 3-cü maddəsinə edilmiş əlavəyə əsasən Azərbaycan Respublikasının ərazi bütövlüyünün müdafiəsi ilə əlaqədar əlil olmuş şəxslər istisna olmaqla, Azərbaycan Respublikasının ərazi bütövlüyü uğrunda döyüş əməliyyatlarının aparıldığı dövrdə hərbi hissəni və ya xidmət yerini özbaşına tərk etməyə, fərariliyə və ya digər hərbi cinayətlərə görə məhkum edilmiş (2000-ci il sentyabrın 1-dək qüvvədə olmuş Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 42-ci maddəsinin ikinci hissəsinə əsasən cəzadan azad edilmiş şəxslər istisna olmaqla) və ya barələrində cinayət təqibi bəraətverici əsaslar olmadan xitam verilmiş və ya amnistiya aktına əsasən cinayət məsuliyyətindən azad edilmiş şəxslər «Müharibə veteranı» sayılmırlar. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 77-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. İddiaçı isə öz tələbinin əsası kimi istinad etdiyi halları sübut edə bilməmişdir. Azərbaycan Respublikası İPM-nin 14.3-cü maddəsinə əsasən inzibati aktın qəbul edilməsi tələbinə dair (məcburetmə haqqında) iddialar üzrə həmin aktın qəbul edilməsini zəruri edən faktiki şərtlərin mövcudluğunu sübut etmək vəzifəsi iddiaçının üzərinə düşür.

II. Birinci instansiya məhkəməsinin gəldiyi nəticə:

5. Bakı İnzibati Məhkəməsinin 2-1(112)-N74/2025 saylı xx.xx.2025-ci il tarixli qərarı ilə iddia tələbi təmin edilərək, iddiaçı xx.xx.1971-ci il təvəllüdlü İddiaçı müharibə veteranı adı və vəsiqəsinin verilməsi vəzifəsinin cavabdeh Azərbaycan Respublikası Müdafiə Nazirliyinə həvalə edilməsi qərara alınmışdır.

6. Məhkəmə qərarı onunla əsaslandırılmışdır ki, iş materiallarına əsasən İddiaçı döyüş əməliyyatları aparılan N () nömrıli hərbi hissə tərkibində Azərbaycan Respublikasının suverenliyi və ərazi bütövlüyü uğrunda gedən döyüşlərdə iştirak etməsi N N-li hərbi hissə komandirinin nizami hissə üzrə əmrindən çıxarış, Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin Xaçmaz rayon Şöbəsinin xx.xx.2022-ci i tarixli arayışı, Baş Klinik Hospitalının xx.xx.2024-cü il tarixli 267 nömrəli arxiv arayışı, xəstəlik tarixindən çıxarış (epikriz) ilə öz təsdiqini tapır. Belə ki, iddiaçı xx.xx.1992-ci il tarixində və təkrar olaraq xx.xx.1994-cü il tarixində hərbi xidmətə çağırılmış, xx.xx.1992-ci il tarixli N nömrəli hərbi hissə komandirinin N nömrəli əmri ilə alayın top divizionunun şəxsi heyətinin siyahısına daxil edilmişdir. İddiaçının xidmət keçdiyi N №-li hərbi hissə xx.xx.1992-ci il tarixdən xx.xx.1994-cü il tarixədək Azərbaycan Respublikası Silahlı Qüvvələrinin döyüş əməliyyatlarında iştirak edən hərbi hissəsi olmuşdur. Cavabdehin imtina əsası iddiaçının xx.xx.1992-ci ildən sonrakı xidmətinin təsdiqlənmədiyi və qanuni əsaslarla ehtiyata buraxılmadığı dəlili ilə məhkəmə razılaşmır. Belə ki, iddiaçı barəsində xx.xx.1994-cü il tarixli N nömrəli hərbi hissə komandirinin N nömrəli əmri ilə özbaşına hərbi hissəni tərk etdiyinə görə N fevral 1994-cü il tarixdən hərbi hissənin şəxsi heyətinin siyahısından çıxarılması barədə əmr olsa da, bu hal iddiaçının döyüş əməliyyatlarında iştirakını və müharibə veteranı adı verilməsini istisna etmir. Belə ki, iddiaçının xx.xx.1994-cü il tarixli əmrlə hərbi hissəni özbaşına tərk etməsi qeyd edilsə də, iddiaçı barəsində Azərbaycan Respublikası Müdafiə Nazirliyinin Tibbi sənədlər Arxivindən əldə edilmiş xəstəlik tarixindən müəyyən olunur ki, iddiaçı N nömrəli hərbi hissənin sıravi əsgəri xx.xx.1994-cü il tarixdən xx.xx.1994-cü il tarixədək Müdafiə Nazirliyinin Baş Klinik Hospitalında hər iki pəncə barmaqlarının 3-cü dərəcəli donvurması diaqnozu ilə stasionar müalicədə olmuş, ona sağaldıqdan sonra HHK tərəfindən MN 260 nömrəli əmrinin 39TT maddəsinin İ qr ilə 30 sutka məzuniyyət verilmiş, eyni zamanda AR MN 29 nömrəli əmrinə əsasən 3 minimal əmək haqqı miqdarında birdəfəlik vəsait verilmişdir. Göründüyü kimi iddiaçı barəsində hərbi hissəni özbaşına tərk etdiyinə görə əmr verilmiş olsa da o həmin ərəfələrdə N nömrəli hərbi hissənin hərbi qulluqçusu kimi, donvurma diaqnozu ilə Müdafiə Nazirliyinin Baş Klinik Hospitalına yerləşdirilmiş və hərbi hospitalda stasionar müalicədə olmuşdur. Digər tərəfdən iddiaçı barəsində Tərtər hərbi prokurorluğunda araşdırma aparılmış, zəruri sənədlərin əldə edilməsi üçün Gəncə şəhər Dəmiryol xəstəxanasının baş həkiminə, Azərbaycan Respublikası Müdafiə Nazirliyinin Mərkəzi Arxiv idarəsinə, Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin Xaçmaz rayon şöbəsinə, Daxili İşlər Nazirliyinin Əməliyyat Statistika idarəsinə, Azərbaycan Respublikası Müdafiə Nazirliyi Mərkəzi Hərbi Kliniki Hospitalın rəisinə, Azərbaycan Respublikası Müdafiə Nazirliyinin Silah və Texnika İdarəsinin RAS xidmətinin rəisinə və N saylı hərbi hissə komandirinə sorğu edilmiş və müəyyən edilmişdir ki, barəsində fərarilik ə s. ilə bağlı hər hansı bir cinayət işi istintaq edilməmiş və təqsirləndirici material olmamışdır. Beləliklə, İddiaçı döyüş əməliyyatlarında iştirakı sübut olunur. İddiaçının hərbi hospitalda müalicədə olma səbəbi ilə hərbi hissədə olmamasının hərbi hissədə düzgün sənədləşdirilməməsi onun hərbi hissədə qanuni əsaslarla hərbi xidmət keçməsini şübhə altına almaya əsas vermir.

7. Həmin qərardan narazı qalan cavabdeh Azərbaycan Respublikası Müdafiə Nazirliyi tərəfindən apellyasiya şikayəti verilərək, qərarın ləğv edilməsi və iddia tələbinin təmin edilməməsi barədə qərar qəbul edilməsi xahiş edilmişdir.

III. Apellyasiya şikayətinin dəlilləri:

8. Apellyasiya şikayəti iddiaya dair yazılı etiraza uyğun əsaslandırılmış, əlavə olaraq göstərilmişdir ki, inzibati iş materiallarında olan sənədlərdən də görünür ki, iddiaçı N () nömrəli hərbi hissə komandirinin xx.xx.1993-cü il tarixli N nömrəli əmri ilə şəxsi heyətin siyahısına daxil edilsədə, onun sonrakı hərbi xidməti və hərbi xidmətdən qanuni əsaslarla ehtiyata buraxılması barədə məlumat aşakar olunmamışdır. Bildirilir ki, şəxsin döyüş əməliyyatları aparan hərbi hissənin şəxsi heyətinin siayhısına salınması ona müharibə veteranı adının verilməsi üçün yeganə sübut sayıla bilməz, Belə ki, şəxsin hərbi hissənin siyahısına salınmaqla, onun sonrakı hərbi xidməti, döyüş əməliyyatlarında iştirakı, həmçinin xidmət müddətinin başa çatması ilə əlaqədar qanuni əsaslarla ehtiyata buraxılması sübut olunmalıdır. Həmçinin bildirilir ki, şəxsin xidmət yerini tərk etdiyinə görə şəxsi heyətin siyahısından çıxarılması qanuni əsaslarla ehtiyata buraxılma sayıla bilməz. Hörmətli məhkəmə iş materiallarında olan sənədlərdən də görünür ki, iddiaçının xx.xx.1993-cü il tarixdən sonrakı hərbi xidməti və qanuni əsaslarla ehtiyata buraxılması barədə məlumat aşkar olunmamışdır. İş materiallarında olan Müdafiə Nazirliyinin Mərkəzi Arxivinin xx.xx.2024-cü il tarixli 2301 nömrəli arxiv məktubundan da göründüyü kimi iddiaçı, N () nömrəli hərbi hisse komandirinin xx.xx.1993-cü il tarixli N nömrəli əmri ilə şəxsi heyətin siyahısına daxil edilsədə onun sonrakı hərbi xidməti və hərbi xidmətdən qanuni əsaslarla ehtiyata buraxılması barəde məlumatlar aşkar olunmamışdır. Əlavə olaraq bildirirəm ki, qeyd olunan inzibati iş üzrə əsas cavabdeh Azərbaycan Respublikası Müdafiə Nazirliyi olduğu halda birinci instansiya məhkəməsi Azərbaycan Respublikasının Müdafiə Nazirliyinin aparatı nəzdində veteran adlarının və X3 üzrə komissiyanı təyin edilmişdir. Bu səbəbdən Müdafiə Nazirliyinin elektron məhkəmə sistemində qeyd olunan məhkəmə qərarı olmamışdır. Məhkəmə tərəfindən poçt vasitəsi ilə qərar Müdafiə Nazirliyinin aparatı nəzdində veteran adlarının və X3 üzrə komissiyaya göndərilmiş və qərar komissiya xx.xx.2025-ci il tarixdə daxil olmuşdur.

IV. Tərəflərin izahatları:

9. Məhkəmə iclasının keçirilmə yeri və vaxtı barədə lazımi qaydada məlumatlandırılmasına baxmayaraq cavabdeh orqanın nümayəndəsi məhkəmə iclasında iştirak etməmiş, iştirak etməməsinin səbəbləri barədə məlumat verməmişdir. Məhkəmə kollegiyası işə onların iştrakı olmadan baxılmasını mümkün hesab emişdir.

10. Məhkəmə kollegiyasının iclasında iştirak edən İddiaçı apellyasiya şikayətinin təmin edilməməsini, birinci instansiya məhkəməsinin qərarının qüvvədə saxlanılmasını xahiş etmişdir.

Əsaslandırıcı hissə

V. Tətbiq olunan hüquq

11. “Hərbi vəzifə və hərbi xidmət haqqında” Azərbaycan Respublikasının Qanunu: Maddə 37. Həqiqi hərbi xidmətin başlanğıcı və sonu 37.1. Aşağıdakı günlər həqiqi hərbi xidmətin başlanğıcı sayılır: 37.1.1. çağırışçılar üçün – müvafiq icra hakimiyyəti orqanı tərəfindən hərbi hissəyə göndərildikləri gün; 37.1.2. bağlaşma əsasında hərbi xidmətə könüllü daxil olanlar üçün – bağlaşmanın imzalandığı gün; 37.1.3. kursantlar üçün – hərbi qulluqçu hazırlayan xüsusi təyinatlı təhsil müəssisələrinə qəbul olunduqları gün; 37.1.4. müvafiq icra hakimiyyəti orqanında birbaşa kadr zabit heyətinə könüllü daxil olanlar üçün - hərbi xidmətə daxil olmaları barədə əmrin imzalandığı gün.[69] 37.2. Hərbi qulluqçunun həqiqi hərbi xidmətdən buraxılması ilə əlaqədar hərbi hissə komandirinin əmri ilə şəxsi heyətin siyahısından çıxarıldığı gün onun həqiqi hərbi xidmətinin sonu sayılır.

12. “Veteranlar haqqında” Azərbaycan Respublikasının Qanunu Maddə 3. Azərbaycan Respublikasının ərazi bütövlüyü uğrunda döyüş əməliyyatlarında iştirak etmiş şəxslər müharibə veteranları sayılırlar. Azərbaycan Respublikasının ərazi bütövlüyü uğrunda döyüş əməliyyatlarının aparıldığı ərazilərin və dövrlərin siyahısı, habelə Azərbaycan Respublikasının ərazi bütövlüyü uğrunda döyüş əməliyyatlarının iştirakçılarına aid edilən şəxslərin kateqoriyalarının siyahısı müvafiq icra hakimiyyəti orqanı tərəfindən təsdiq edilir. Qeyd: Bu maddənin birinci hissəsinin üçüncü abzası Azərbaycan Respublikası ərazi bütövlüyünün müdafiəsi ilə əlaqədar əlilliyi müəyyən edilmiş şəxslər istisna olmaqla, Azərbaycan Respublikasının ərazi bütövlüyü uğrunda döyüş əməliyyatlarının aparıldığı dövrdə hərbi hissəni və ya xidmət yerini özbaşına tərk etməyə, fərariliyə və ya digər hərbi cinayətlərə görə məhkum edilmiş (2000-ci il sentyabrın 1-dək qüvvədə olmuş Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 42-ci maddəsinin ikinci hissəsinə əsasən cəzadan azad edilmiş şəxslər istisna olmaqla) və ya barələrində cinayət təqibinə bəraətverici əsaslar olmadan xitam verilmiş və ya amnistiya aktına əsasən cinayət məsuliyyətindən azad edilmiş şəxslərə şamil edilmir. Maddə 7. Müharibə veteranı, Silahlı Qüvvələrin veteranı və əmək veteranı adlarının verilməsi qaydaları və şərtləri müvafiq icra hakimiyyəti orqanı tərəfindən müəyyən edilir. Veteranların hər bir kateqoriyası üçün müvafiq icra hakimiyyəti orqanı tərəfindən vahid nümunədə vəsiqə təsdiq edilir. Veteranlar üçün nəzərdə tutulmuş güzəştlər veteran vəsiqəsi təqdim edildikdə həyata keçirilir. Veteran adları və vəsiqələri öz səlahiyyətləri daxilində müvafiq icra hakimiyyəti orqanları tərəfindən verilir.

13. “Hərbi qulluqçuların statusu haqqında” Azərbaycan Respublikasının Qanunu Maddə 3. Vətəndaşlar Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş qaydada Azərbaycan Respublikasının Silahlı Qüvvələrinə çağırıldıqları, könüllü qaydada və ya bağlaşma üzrə Silahlı Qüvvələrdə xidmətə daxil olduqları, toplanışlara çağırıldıqları, hərbi təhsil müəssisələrinə daxil olduqları gündən hərbi qulluqçu statusu əldə edir və Azərbaycan Respublikasının Silahlı Qüvvələrində xidmətdən buraxıldıqları, hərbi hissənin siyahılarından çıxarıldıqları, hərbi təhsil müəssisələrindən çıxarıldıqları və ya kənar edildikləri, toplanışı başa çatdırdıqları gündən bu statusu itirirlər.

14. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 22 sentyabr 1995-ci il tarixli, 216 nömrəli qərarı ilə təsdiq edilmiş “Müharibə veteranı, silahlı qüvvələr veteranı və əmək veteranı adlarının verilməsi qaydası və şərtləri haqqında Əsasnamə”

1. Müharibə veteranları Müharibə veteranı adı aşağıdakı qaydada verilir: Azərbaycan Respublikasının ərazi bütövlüyü uğrunda 1988-ci il fevralın 1-dən 1994-cü il mayın 12-dək erməni millətçi dəstələrinə qarşı Ermənistanla həmsərhəd inzibati ərazi vahidlərində–Naxçıvan Muxtar Respublikası (Kərki kəndi daxil olmaqla), keçmiş DQMV ərazisində, habelə Laçın, Qubadlı, Zəngilan (Seyidlər kəndi daxil olmaqla), Cəbrayıl, Füzuli, Ağdam, Ağdərə, Tərtər (keçmiş Mirbəşir), Goranboy (Qasım İsmayılov və Şaumyan (kənd), Daşkəsən, Göygöl (keçmiş Xanlar), Kəlbəcər, Gədəbəy, Tovuz, Ağstafa, Qazax (Sofulu, Barxudarlı, Yuxarı Əskipara kəndləri daxil olmaqla) rayonlarının ərazilərində aparılan döyüş əməliyyatlarında özünümüdafiə dəstələrinin və birləşmələrinin tərkibində iştirak etmiş şəxslərə, döyüş əməliyyatları aparan hərbi hissə və ya orqanların tərkibində hərbi xidmət keçmiş şəxslərə, döyüş əməliyyatları aparan hərbi hissələrə və ya orqanlara döyüş tapşırığının və ya döyüş təminatı ilə bağlı tapşırıqların yerinə yetirilməsi üçün ezam olunmuş, həmçinin 1994-cü il 12 may tarixindən sonra döyüş zonasında hərbi xidmət keçərkən, yaxud döyüş zonasında döyüş tapşırığının yerinə yetirilməsi ilə bağlı ezamiyyətlərdə olarkən, bilavasitə döyüş əməliyyatlarında iştirak edən və həmin döyüş əməliyyatları ilə əlaqədar xəsarət (yaralanma, travma, kontuziya) almış hərbi qulluqçulara–müdafiə, daxili işlər, dövlət təhlükəsizliyi, ədliyyə, fövqəladə hallar orqanları, Azərbaycan Respublikasının Dövlət Sərhəd Xidməti, Azərbaycan Respublikasının Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidməti, Azərbaycan Respublikası Prezidentinin Təhlükəsizlik Xidməti, Azərbaycan Respublikasının Xüsusi Rabitə və X1 Xidməti, Azərbaycan Respublikasının Strateji X4 Agentliyi və hərbi idarəetmə orqanları tərəfindən verilmiş arayışlar, hərbi biletlər (hərbi xidmət keçmələrini sübut edən hərbi hissələrin nizami hissə üzrə əmrləri və ya arxiv arayışları ilə birgə təqdim edildiyi halda), şəxsi işlər, orden və medallarla təltif olunmaq haqqında vəsiqələr, xəsarət (yaralanma, travma, kontuziya) alma haqqında arayışlar, yerli icra hakimiyyəti orqanlarının təsdiq etdikləri siyahılar (döyüşlərdə iştirakı sübut edən sənədlərlə birgə təqdim edildiyi halda), əmrlərdən çıxarışlar, hərbi döyüşlərdə iştirakı sübut edən başqa sənədlər əsasında; Qeyd. 1. Bu qayda Azərbaycan Respublikası ərazi bütövlüyünün müdafiəsi ilə əlaqədar əlilliyi müəyyən edilmiş şəxslər istisna olmaqla, Azərbaycan Respublikasının ərazi bütövlüyü uğrunda döyüş əməliyyatlarının aparıldığı dövrdə hərbi hissəni və ya xidmət yerini özbaşına tərk etməyə, fərariliyə və ya digər hərbi cinayətlərə görə məhkum edilmiş (2000-ci il sentyabrın 1-dək qüvvədə olmuş Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 42-ci maddəsinin ikinci hissəsinə əsasən cəzadan azad edilmiş şəxslər istisna olmaqla) və ya barələrində cinayət təqibi bəraətverici əsaslar olmadan xitam verilmiş və ya amnistiya aktına əsasən cinayət məsuliyyətindən azad edilmiş şəxslərə şamil olunmur. Bu Əsasnamənin 1-ci hissəsinin birinci bəndinin səkkizinci, doqquzuncu və onuncu yarımbəndlərində göstərilən şəxslərə (Azərbaycan Respublikasının ərazi bütövlüyü uğrunda özünümüdafiə dəstələrinin və birləşmələrinin tərkibində döyüşmüş şəxslər istisna olmaqla) müharibə veteranı adı və müvafiq veteran vəsiqəsi (o cümlədən, onun dublikatı) şəxsin hal-hazırda xidmət keçdiyi (qulluq etdiyi, işlədiyi), əvvəllər ehtiyata və istefaya buraxılmış, əmək müqaviləsinə xitam verilmiş şəxslərin sonuncu xidmət keçdiyi (qulluq etdiyi, işlədiyi), hərbi hissələrə (bölmələrə) və ya orqanlara ezam olunmuş mülki şəxslərin isə ezam olunduqları yerdən asılı olaraq, aidiyyəti üzrə Azərbaycan Respublikasının Müdafiə Nazirliyi, Azərbaycan Respublikasının Daxili İşlər Nazirliyi, Azərbaycan Respublikasının Ədliyyə Nazirliyi, Azərbaycan Respublikasının Fövqəladə Hallar Nazirliyi, Azərbaycan Respublikasının Dövlət Təhlükəsizliyi Xidməti, Azərbaycan Respublikasının Xarici Kəşfiyyat Xidməti, Azərbaycan Respublikasının Dövlət Sərhəd Xidməti, Azərbaycan Respublikasının Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidməti, Azərbaycan Respublikası Prezidentinin Təhlükəsizlik Xidməti, Azərbaycan Respublikasının Xüsusi Rabitə və X1 Xidməti və Azərbaycan Respublikasının Strateji X4 Agentliyi tərəfindən onların yaratdıqları müvafiq komissiyaların rəyinə əsasən verilir, o cümlədən: Respublikanın hərbi məhkəmələrində və hərbi prokurorluq orqanları sistemində xidmət edən hərbi qulluqçulara Azərbaycan Respublikası Ali Məhkəməsində və Respublika Prokurorluğunda yaradılan komissiyaların rəyinə əsasən Müdafiə Nazirliyi tərəfindən verilir.

Vİ.Məhkəmənin mövqeyi

15. Məhkəmə kollegiyası apellyasiya şikayətinin dəlillərini işin materialları üzrə yoxlayıb iş üzrə toplanmış sübutları tədqiq edib qiymətləndirərək birinci instansiya məhkəməsinin hüquqi mövqeyi ilə razılaşmır, cavabdeh inzibati orqanın apellyasiya şikayətinin dəlillərini əsaslı hesab edir və aşağıdakıları qeyd etməyi zəruri hesab edir

16. “Veteranlar haqqında” Azərbaycan Respublikasının Qanununun 3-cü maddəsinin 1-ci hissəsinin ikinci abzasına əsasən, Azərbaycan Respublikasının ərazi bütövlüyü uğrunda döyüş əməliyyatlarında iştirak etmiş şəxslər müharibə veteranları sayılırlar. Həmin qanunun 7-ci maddəsinin 1-ci hissəsinə əsasən, müharibə veteranı, Silahlı Qüvvələrin veteranı və əmək veteranı adlarının verilməsi qaydaları və şərtləri müvafiq icra hakimiyyəti orqanı (Nazirlər Kabineti) tərəfindən müəyyən edilir.

17. Əsasnamənin 1-ci hissəsinin birinci bəndinin səkkizinci yarımbəndinə əsasən, müharibə veteranı adı Azərbaycan Respublikasının ərazi bütövlüyü uğrunda 1988-ci il fevralın 1-dən 1994-cü il mayın 12-dək erməni millətçi dəstələrinə qarşı Ermənistanla həmsərhəd inzibati ərazi vahidlərində – Naxçıvan Muxtar Respublikası (Kərki kəndi daxil olmaqla), keçmiş DQMV ərazisində, habelə Laçın, Qubadlı, Zəngilan (Seyidlər kəndi daxil olmaqla), Cəbrayıl, Füzuli, Ağdam, Tərtər (keçmiş Mirbəşir), Goranboy (Qasım İsmayılov və Şaumyan (kənd), Daşkəsən, Göygöl (keçmiş Xanlar), Kəlbəcər, Gədəbəy, Tovuz, Ağstafa, Qazax (Sofulu, Barxudarlı, Yuxarı Əskipara kəndləri daxil olmaqla) rayonlarının ərazilərində aparılan döyüş əməliyyatlarında özünümüdafiə dəstələrinin və birləşmələrinin tərkibində iştirak etmiş şəxslərə, döyüş əməliyyatları aparan hərbi hissə və ya orqanların tərkibində hərbi xidmət keçmiş şəxslərə, döyüş əməliyyatları aparan hərbi hissələrə və ya orqanlara döyüş tapşırığının və ya döyüş təminatı ilə bağlı tapşırıqların yerinə yetirilməsi üçün ezam olunmuş, həmçinin 1994-cü il 12 may tarixindən sonra döyüş zonasında hərbi xidmət keçərkən, yaxud döyüş zonasında döyüş tapşırığının yerinə yetirilməsi ilə bağlı ezamiyyətlərdə olarkən, bilavasitə döyüş əməliyyatlarında iştirak edən və həmin döyüş əməliyyatları ilə əlaqədar xəsarət (yaralanma, travma, kontuziya) almış hərbi qulluqçulara – müdafiə, daxili işlər, dövlət təhlükəsizliyi, ədliyyə, fövqəladə hallar orqanları, Azərbaycan Respublikasının Dövlət Sərhəd Xidməti, Azərbaycan Respublikasının Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidməti, Azərbaycan Respublikasının Xüsusi Dövlət Mühafizə Xidməti və hərbi idarəetmə orqanları tərəfindən verilmiş arayışlar, hərbi biletlər (hərbi xidmət keçmələrini sübut edən hərbi hissələrin nizami hissə üzrə əmrləri və ya arxiv arayışları ilə birgə təqdim edildiyi halda), şəxsi işlər, orden və medallarla təltif olunmaq haqqında vəsiqələr, xəsarət (yaralanma, travma, kontuziya) alma haqqında arayışlar, yerli icra hakimiyyəti orqanlarının təsdiq etdikləri siyahılar (döyüşlərdə iştirakı sübut edən sənədlərlə birgə təqdim edildiyi halda), əmrlərdən çıxarışlar, hərbi döyüşlərdə iştirakı sübut edən başqa sənədlər əsasında müvafiq komissiyaların rəyinə əsasən verilir. Qeyd: Bu qayda Azərbaycan Respublikası ərazi bütövlüyünün müdafiəsi ilə əlaqədar əlilliyi müəyyən edilmiş şəxslər istisna olmaqla, Azərbaycan Respublikasının ərazi bütövlüyü uğrunda döyüş əməliyyatlarının aparıldığı dövrdə hərbi hissəni və ya xidmət yerini özbaşına tərk etməyə, fərariliyə və ya digər hərbi cinayətlərə görə məhkum edilmiş (2000-ci il sentyabrın 1-dək qüvvədə olmuş Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 42-ci maddəsinin ikinci hissəsinə əsasən cəzadan azad edilmiş şəxslər istisna olmaqla) və ya barələrində cinayət təqibi bəraətverici əsaslar olmadan xitam verilmiş və ya amnistiya aktına əsasən cinayət məsuliyyətindən azad edilmiş, “Veteranlar haqqında” Azərbaycan Respublikası Qanununun 3-cü maddəsinin birinci hissəsinin üçüncü abzasında göstərilmiş şəxslərə şamil olunmur. Bu Əsasnamənin 1-ci hissəsinin birinci bəndinin səkkizinci, doqquzuncu və onuncu yarımbəndlərində göstərilən şəxslərə (Azərbaycan Respublikasının ərazi bütövlüyü uğrunda özünümüdafiə dəstələrinin və birləşmələrinin tərkibində döyüşmüş şəxslər istisna olmaqla) müharibə veteranı adı və müvafiq veteran vəsiqəsi (o cümlədən, onun dublikatı) şəxsin hal-hazırda xidmət keçdiyi (qulluq etdiyi, işlədiyi), əvvəllər ehtiyata və istefaya buraxılmış, əmək müqaviləsinə xitam verilmiş şəxslərin sonuncu xidmət keçdiyi (qulluq etdiyi, işlədiyi), hərbi hissələrə (bölmələrə) və ya orqanlara ezam olunmuş mülki şəxslərin isə ezam olunduqları yerdən asılı olaraq, aidiyyəti üzrə Azərbaycan Respublikasının Müdafiə Nazirliyi, Azərbaycan Respublikasının Daxili İşlər Nazirliyi, Azərbaycan Respublikasının Ədliyyə Nazirliyi, Azərbaycan Respublikasının Fövqəladə Hallar Nazirliyi, Azərbaycan Respublikasının Dövlət Təhlükəsizliyi Xidməti, Azərbaycan Respublikasının Xarici Kəşfiyyat Xidməti, Azərbaycan Respublikasının Dövlət Sərhəd Xidməti, Azərbaycan Respublikasının Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidməti, Azərbaycan Respublikası Prezidentinin Təhlükəsizlik Xidməti, Azərbaycan Respublikasının Xüsusi Rabitə və X1 Xidməti və Azərbaycan Respublikasının Strateji X4 Agentliyi tərəfindən onların yaratdıqları müvafiq komissiyaların rəyinə əsasən verilir.

18. Qeyd edilən normativ hüquqi aktların tələbinə əsasən, məhkəmə tərəfindən aşağıdakı iki hal müəyyən edilməlidir: Şəxsin (i) Azərbaycan Respublikasının ərazi bütövlüyü uğrunda döyüş əməliyyatları aparan hərbi hissənin tərkibində döyüş əməliyyatlarında iştirakı faktı; (ii) Azərbaycan Respublikasının ərazi bütövlüyü uğrunda döyüş əməliyyatlarının aparıldığı dövrdə hərbi hissəni və ya xidmət yerini özbaşına tərk etməməsi, eləcə də hərbi xidmətdən qanuni əsaslarla tərxis edilmiş olması; və (iii) həmin dövrdə hərbi cinayətlərə görə cinayət məsuliyyətinə cəlb edilib-edilməməsi (bəraətverici əsaslarla cinayət təqibinə xitam istisna olmaqla) və məhkumluğunun olub-olmaması olmalıdır. İddianın uğurluluğu həmin hallardan asılıdır və bu səbəbdən məhkəmə araşdırmasının həddi qeyd edilən halları müəyyən etməklə məhdudlaşmalıdır.

19. İddiaçının Azərbaycan Respublikasının ərazi bütövlüyü uğrunda döyüş əməliyyatları aparan hərbi hissənin tərkibində döyüş əməliyyatlarında iştirakı faktı dolayı sübutlarla müəyyən edilsə də, hərbi xidmətdən qanuni əsaslarla tərxis edilmiş olması müəyyən edilmir. Belə ki, Azərbaycan Respublikası Müdafiə Nazirliyi tərəfindən İddiaçı ünvanlanmış xx.xx.2024-cü il tarixli, 2/2-2237 nömrəli məktubda bildirilmişdir ki, Azərbaycan Respublikası Müdafiə Nazirliyinin Mərkəzi Arxivinin xx.xx.2022-ci il tarixli 4/2-5999 nömrəli arayışına əsasən xx.xx.1992-ci ildən sonrakı xidməti təsdiqlənmədiyinə və qanuni əsaslarla ehtiyata buraxılmadığına görə ona “Müharibə Veteranı” adının və vəsiqəsinin verilməsindən imtina olunur. Həmçinin məhkəmənin İddiaçı xx.xx.1994-cü il tarixdən xx.xx.1994-cü il tarixədək Gəncə şəhər Dəmiryolu Xəstəxanasında müalicə alıb-almaması ilə bağlı sorğusuna "xxxx" QSC tərəfindən verilmiş xx.xx.2025-ci il tarixli cavab məktubunda göstərilmişdir ki, İddiaçı aid arxivdə heç bir məlumat aşkarlanmamışdır. Beləliklə, iş materiallarında olan arxiv arayışından göründüyü kimi iddiaçı xx.xx.1994-cü il tarixdən hərbi hissənin şəxsi heyətinin siyahısından çıxarılaraq sənədləri Azərbaycan Respublikasının Hərbi Komissarlığına göndərilmiş, bundan sonra xx.xx.1994-cü il tarixdən xx.xx.1994-cü il tarixədək Müdafiə Nazirliyinin Baş Klinik Hospitalında donvurma diaqnozu ilə stasionar müayinədə və müalicədə olmuşdur. İddiaçının sonradan hərbi hissəyə qayıtması və qanuni əsaslarla tərxisi barədə hər hansı məlumat yoxdur, eləcə də məhkəmə iclasında ona verilən suallara verdiyi cavab olaraq da iddiaçı vaxtilə aldığı xəsarətdən ona əlillik təyin olunmadığını (nə hazırda, nə də əvvəllər) bildirmişdir. Göründüyü kimi, iddiaçının müharibə veteranı adı və vəsiqəsinin verilməsindən ibarət hazırki tələbinə münasibətdə aparılan araşdırma nəticəsində cavabdehin imtinasını zəruri edən faktiki şərtlərin mövcudluğu iş üzrə sübut olunur, cavabdeh tərəfindən verilmiş imtinanın (hazırki iş üzrə araşdırma həddində) əsaslılığını istisna edən faktiki şərtlər iş materialları ilə müəyyən edilmir. Belə ki, cavabdehə səlahiyyət verən normaların dispozisiya şərtlərinə və hüquqi nəticələrinə iş üzrə riayət olunmuş, cavabdehin imtinası qanunvericiliyə zidd olmamışdır. İddiaçının tələbi ona müharibə veteranı adı və vəsiqəsinin verilməsinni zəruri edən qanunvericiliklə müəyyən edilmiş şərtlərə tam cavab vermir. Cavabdehin imtinası iddiaçının hazırki tələbinə münasibətdə əsaslıdır. Belə olan halda məhkəmə kollegiyası cavabdehin apellyasiya şikayətinin dəlilləri ilə razılaşır və hesab edir ki, cavabdeh inzibati orqan tərəfindən müvafiq inzibati icraat çərçivəsində iddiaçının tələbindən imtinası qanunsuz hərəkət sayıla bilməz. Yuxarıda qeyd olunan işin hallarını, aparılan araşdırmanın nəticələrini nəzərə alaraq məhkəmə kollegiyası belə qənaətə gəlir ki, cavabdehin apellyasiya şikayəti əsaslıdır. Ona görə də birinci instansiya məhkəməsinin qərarı İPM-in 87.6-cı maddəsinə əsasən ləğv edilməli, iddia təmin edilməməlidir.

20. Qeyd olunanlara əsasən məhkəmə kollegiyası hesab edir ki, cavabdeh orqan tərəfindən verilmiş apellyasiya şikayəti təmin edilməli, Bakı İnzibati Məhkəməsinin 2-1(112)-N74/2025 nömrəli iş üzrə 19 may 2025-ci il tarixli qərarı ləğv edilməli, iddia tələbi təmin edilməməlidir.

Nəticə hissəsi

21. Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinin 82, 87, 89, 90 və 94-cü maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası

QƏRARA ALDİ:

Cavabdeh Azərbaycan Respublikası Müdafiə Nazirliyi tərəfindən verilmiş apellyasiya şikayəti təmin edilsin. Bakı İnzibati Məhkəməsinin 2-1(112)-N74/2025 nömrəli iş üzrə 19 may 2025-ci il tarixli qərarı ləğv edilsin. İş üzrə yeni qərar qəbul edilsin. İddiaçı cavabdeh Azərbaycan Respublikası Müdafiə Nazirliyinə qarşı “müharibə veteranı adının və müvafiq vəsiqənin verilməsi” tələbinə dair iddiası rədd edilsin. Qərardan onun rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyası vasitəsilə Azərbaycan Respublikasının Ali Məhkəməsinin İnzibati Kollegiyasına (Bakı şəhəri, Yusif Səfərov küçəsi 14, 1193- cü məhəllə) kassasiya şikayəti verilə bilər.

Sədrlik edən Günel Sevdimalıyeva Hakimlər Kamran Əkbərov Orxan İsmayılov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar