Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 2-1(103)-4054/2023 23.11.2023 BAKI APELLYASİYA MƏHKƏMƏSİ Hakimlər Yusifov Cahangir Afər oğlu (sədrlik edən), X1, Məmmədova Şərafət Asif qızından ibarət tərkibdə, İddiaçı cavabdeh Bakı Şəhər İcra Hakimiyyətinə qarşı “piket keçirilməsinə icazənin verilməsi tələbinə dair” iddia ərizəsi üzrə Bakı İnzibati Məhkəməsinin 2-1(112)-13493/2023 №-li xx.xx.2023-cü il tarixli qərardadından iddiaçı tərəfindən verilmiş apellyasiya şikayətinə əsasən işə Bakı Apellyasiya Məhkəməsinin binasında (Bakı şəhəri, Z.Xəlilov küçəsi, 540cı məhəllə), açıq məhkəmə iclasında baxaraq m ü ə y y ə n e t d i: İ. İddiaçı cavabdeh Bakı Şəhər İcra Hakimiyyətinə qarşı öhdəliyin icrası haqqında iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, ona piket keçirməsinə icazə verilməsi barədə inzibati aktın qəbul edilməsi vəzifəsinin cavabdehin üzərinə qoyulması barədə qərar qəbul edilməsi xahiş edilmişdir (İPM m.2.2.3). İddianın əsaslarına görə iddiaçı 20 avqust 2023-cü il tarixdə yaşadığı Bakı şəhərində və rayonlarda avtomobil yollarında sürət həddinin kəskin surətdə aşağı salınması ilə bağlı Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin (DİN) qarşısında 29 iyul 2023-cü il tarixdə, saat 12:00- dan 13:00-dək Bakı şəhəri, Səbail rayonu, Azərbaycan prospekti 7 ünvanında - Daxili işlər Nazirliyinin qarşısında, 50 metr məsafədə “Süni cərimələrə son”, “ Sürücülərə yaşıl işıq”, “Əsassız vaxt itkisinə son” şüarları ilə etiraz piketi keçirmək üçün cavabdehə müraciət etmiş, lakin sonuncu onun müraciətinə bu günə qədər cavab verməmişdir. Bakı İnzibati Məhkəməsinin 2-1(112)-13493/2023 nömrəli iş üzrə xx.xx.2023-cü il tarixli qərardadı ilə iddia mümkün sayılmamışdır. İddiaçı apellyasiya şikayəti verərək, qərardadın ləğv edilməsini və iddia tələbinin təmin edilməsi barədə yeni qərar qəbul edilməsini məhkəmədən xahiş etmişdir. Apellyasiya şikayəti onunla əsaslandırmışdır ki, məhkəmənin mövqeyi qanunsuz və əsassızdır. Belə ki, birincisi, piketin keçirilməsində onun marağı yox, ictimai maraq əsas götürülmüşdür. İkincisi, müraciətdə yazılmışdır ki, son vaxtlar Bakı şəhərində və rayonlara gedən yollarda sürət həddi kəskin aşağı salınması heç bir qanuna sığmır və sürücülərin süni surətdə cərimələnməsi məqsədini daşıyır. Kiçik bir ölkədə sürücülərin ildə 150 milyon manatdan çox cərimələnməsi heç bir qanuna sığmır. Üçüncüsü təhlüəksizlik qaydalarının işlənməsi üçün yaradılmış süni maneələr aradan qaldırılmalıdır. İddianın mümkünsüz hesab olunması üçün heç bir əsas yoxdur. İddia tələbi icraata götürülməli və mahiyyəti üzrə baxılmalıdır. Heç bir əsas olmadan məhkəmə tam qanuni və əsaslı olan tələblərinə mahiyyəti üzrə baxmaqdan imtina etmiş, ərizəni mümkünsüz saymışdır. Məhkəmə kollegiyasının iclası barədə məlumat verilmiş tərəflər (nümayəndələri) məhkəmə iclasına gəlməmiş, İPM-in 62.3-cü maddəsinə əsasən məhkəmə kolegiyası onların iştirakı olmadan işə baxılmasını mümkün hesab etmişdir. ІІ. Məhkəmə kollegiyası iş materiallarını araşdırıb belə hesab edir ki, aşağıdakı əsaslara görə iddiaçının apellyasiya şikayəti təmin edilmədən, birinci instansiya məhkəməsinin qərarı dəyişdirilmədən qüvvədə saxlanılmalıdır. İddiaçının tələbindən göründüyü kimi, öhdəlyin icrası haqqında iddia vasitəsilə piket keçirməsinə icazə verilməsi barədə inzibati aktın qəbul edilməsi vəzifəsinin cavabdehin üzərinə qoyulmasını tələb etmişdir. «Sərbəst toplaşmaq azadlığı haqqında» Qanunun 5-ci maddəsinin İ hissəsinə əsasən bu Qanunun 3-cü maddəsində sadalanan toplantıların hər hansı birini təşkil edən şəxs və ya şəxslər bu barədə müvafiq icra hakimiyyəti orqanını qabaqcadan yazılı surətdə xəbərdar etməlidirlər. Xəbərdarlıq nəzərdə tutulmuş toplantı ilə bağlı müvafiq icra hakimiyyəti orqanı tərəfindən zəruri tədbirlərin görülməsi məqsədi ilə onun yeri və vaxtının, küçə yürüşünün isə marşrutunun razılaşdırılması üçün toplantının keçiriləcəyi gündən, bir qayda olaraq, azı 5 iş günü əvvəl təqdim edilməlidir. Xəbərdarlığın nəzərdə tutulmuş toplantının keçiriləcəyi gündən 5 iş günündən az müddətdə təqdim edilməsi təşkilatçılar tərəfindən əsaslandırılmalıdır. Həmin Qanunun «Sərbəst toplaşmaq azadlığına qoyulan qanuni məhdudiyyətlər» adlanan 7-ci maddəsinin 1-ci hissəsi ilə isə müəyyən edilmişdir ki, «Sərbəst toplaşmaq azadlığı yalnız qanunda nəzərdə tutulan və demokratik cəmiyyətdə zəruri olan hallarda, milli təhlükəsizlik və ya ictimai təhlükəsizlik mənafeləri üçün, iğtişaşların və ya cinayətin qarşısının alınması, sağlamlığın və mənəviyyatın, digər şəxslərin hüquq və azadlıqlarının qorunması üçün məhdudlaşdırıla bilər. 1) ictimai və dövlət təhlükəsizliyi mənafelərinin qorunması üçün; 2) ictimai asayişin pozulmasının qarşısını almaq üçün; 3) iğtişaş və ya cinayətlərin baş verəməsi üçün; 4) əhalinin sağlamlığının mühafizəsi üçün; 5) əxlaq normalarının və mənəviyyatın mühafizəsi üçün; 6) başqa şəxslərin hüquq və azadlıqlarının müdafiəsi üçün. Həmin Qanunun 9-cu maddəsinin 3-cü bəndinə əsasən Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin yerləşdiyi binanın ətrafında 200 metr radius çərçivəsində yığıncaqların, mitinqlərin, nümayişlərin və küçə yürüşlərinin keçirilməsi qadağan edilir. Birinci instansiya məhkəməsi iddianı rədd edərkən Qanunun qeyd olunan tələbləri nəzərə alınmaqla, qərarında aşağıdakıları qeyd etmişdir: - “...iddiaçı tərəfindən müraciətdə qeyd edilmiş ərazi günün əksər saatlarında (piketin planlaşdırıldığı saat da qeyd edilməmişdir) geniş insan kütləsinin daimi istifadəsində olan, həmçinin, çoxsaylı ictimai-iaşə, ticarət, xidmət, istirahət və əyləncə obyektlərinin mövcud olduğu ərazilərə aiddir. Bundan əlavə “Sərbəst toplaşmaq azadlığı haqqında” Azərbaycan Respublikasının Qanununun 9-cu maddəsinin 3-cü bəndində Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin yerləşdiyi binanın ətrafında 200 metr radius çərçivəsində yığıncaqların, mitinqlərin, nümayişlərin və küçə yürüşlərinin keçirilməsi qadağan edilir. Odur ki, bu hal da digər şəxslərin hüquqlarını pozduğundan iddianı mümkünsüz edir. Avropa Məhkəməsinin presedent hüququndakı mövqeyinə görə Məhkəmə təkrar edir ki, nümayişi təşkil edən assosiasiyalar və digərləri demokratik prosesin faktorları kimi qüvvədə olan normalara əməl etməklə həmin prosesi tənzim edən qaydalara hörmətlə yanaşmalıdırlar (baxın: “X2rşı” (Oya Ataman v. Turkey, no. 74552/01, § 38, ECHR 2006- Xİİİ)). Nümayiş, onun təbliğ etmək istədiyi ideyalara müxalif olan şəxsləri narahat edə və ya incidə bilər. Bununla belə, iştirakçılar opponentləri tərəfindən fiziki zorakılığa məruz qalmaqdan qorxmadan nümayişini keçirə bilməlidirlər. Əsl, səmərəli dinc toplamaq azadlığı, bu səbəbdən, Dövlətin müdaxilə etməmək vəzifəsi ilə məhdudlaşa bilməz: bu neqativ konsepsiya Maddə 11-in predmet və məqsədi ilə uyğun olmazdı. 8-ci maddə kimi, maddə 11 bəzən, hətta fərdlər arasındakı münasibətlərlə bağlı sahələrdə belə ehtiyac olduqda pozitiv addımların atılmasını tələb edir (bax, Plattform “Ärzte für das Leben” v. Austria, 21 iyun 1988, § 32, Series A no. 139). Fərdlərin 11-ci maddə hüquqlarını məhdudlaşdıran hərəkətlər etdiyi hallarda dövlət orqanları, onların müdafiəsini təmin etmək üçün bu fərdlərin arasındakı münasibətlərə müdaxilə etməli ola bilərlər. Bu, belə maddə 11 hüquqlarını təmin etmək üçün aktiv polis tədbirlərinə ehtiyacı və bu hüquqların həyata keçirilməsinə təsir edən zorakı insidentlərin araşdırılması öhdəliyini əhatə edə bilər (bax,Ouranio Toxo and Others v. Greece, no. 74989/01, § 43, ECHR 2005X (çıxarışlar). Məhkəmənin qənaətinə görə hazırkı iddiaya mahiyyəti üzrə baxılması o vaxt mümkün sayıla bilər ki, məhkəmədə iddia irəli sürülməmişdən əvvəl inzibati orqan tərəfindən onun səlahiyyətli və borclu olduğu məsələlərlə əlaqədar müvafiq şəxslərin məhdudlaşdırılmış və pozulmuş hüquqlarının məhkəmə tərəfindən bərpa ediləcəyi halda həmin hüquqların gələcəkdə realizə edilməsi və ya həyata keçirilməsi də mümkün olsun. Konkret halda isə hazırkı iddianın inzibati məhkəmə icraatının mümkünlüyü şərtləri öz təsdiqini tapmır...” Məhkəmə kollegiyası birinci instansiya məhkəməsinin gəldiyi həmin nəticə ilə razılaşır. Belə ki, iddia olunan olunan ərazidə iri həcmli ticarət (Bakı MUM) obyektinin yerləşməsi, digər tərəfdən insanların və nəqliyyat vasitələrinin gur olması və piketin pik saatlarına təsadüf etməsi, həm də pandemiya ilə əlaqədar ölkə ərazisində karantin rejiminin də hələ də davam etməsi baxımından - bütün bunlar iddiaçının hazırkı iddia tələbinin əsaslandırılmış iddia kimi qəbul edilməsini mümkünsüz edir. İPM-in 35.1-ci maddəsi isə nəzərdə tutur ki, bu Məcəllədə başqa qayda nəzərdə tutulmamışdırsa, iddiaçının iddia ərizəsində inzibati aktın qəbul edilməsi və ya qəbul edilməsindən imtina olunması, yaxud inzibati orqanın hərəkəti və ya hərəkətsizliyi nəticəsində onun hüquqlarının və qanunla qorunan maraqlarının pozulduğunu əsaslandırdığı hallarda mübahisələndirmə haqqında, məcburetmə haqqında, öhdəliklərin icrası haqqında və müəyyən hərəkətləri etməkdən çəkinməyə dair iddia mümkün sayılır. Konkret halda isə qeyd ounanlardan göründüyü kimi, iddiaçının iddia tələbinin əəsaslandırılmış iddia tələbi kimi qiymətləndirilməsini zəruri edən şərtlər mövcud deyildir. Başqa sözlə iddia mümkünsüz iddiadır. İPM-in 35.3-cü maddəsinin tələbinə görə isə məhkəmə iddianın mümkün sayılmaması barədə qərardad çıxarır. Beləliklə də, qeyd olunanlar onu deməyə əsas verir ki, birinci instansiya məhkəməsinin qərardadı ilə iddianın mümkün sayılmaması düzgün nəticədir. Bu baxımdan, məhkəmə kollegiyası iddiaçının apellyasiya şikayətinin həmin qərardadın qanunsuz və əsassız olduğunu mübahisələndirən dəlilləri ilə razılaşmır və yekunda belə qənaətə gəlir ki, onun apellyasiya şikayəti təmin edilmədən, Bakı İnzibati Məhkəməsinin 2- 1(112)-13493/2023 №-li xx.xx.2023-cü il tarixli qərardadı dəyişdirilmədən qüvvədə saxlanılmalıdır. Qeyd olunanlara əsasən və İPM-in 80, 87, 89, 90 və 94-ci maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası q ə r a r a a l d ı: İddiaçının apellyasiya şikayəti təmin edilməsin. Bakı İnzibati Məhkəməsinin 2-1(112)-13493/2023 №-li xx.xx.2023-cü il tarixli qərardadı dəyişdirilmədən qüvvədə saxlanılsın. Qərardaddan rəsmi qaydada verildiyi gündən 10 (on) gün müddətində Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyası vasitəsi ilə Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyasına (Bakı şəhəri, Y.Səfərov küçəsi 14, 1193-cü məhəllə) kassasiya şikayəti verilə bilər.
Məhkəmə qərarları › İş №2-1(103)-4054/2023
Bakı Apellyasiya Məhkəməsi Qərardad — İş №2-1(103)-4054/2023
23.11.2023 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver