Məhkəmə qərarları › İş №2-1(103)-4054/2024

Bakı Apellyasiya Məhkəməsi Qərardad — İş №2-1(103)-4054/2024

01.11.2024 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 2-1(103)-4054/2024 01.11.2024 BAKI APELLYASİYA MƏHKƏMƏSİ Hakimlər: Tağızadə Mirzə Nəsib oğlu (sədrlik edən və məruzəçi), Əkbərov Kamran Hüseyn oğlu və Nəbizadə Nigar Xeyrulla qızından ibarət tərkibdə Mirzəyeva Ayşəm Lehsan qızının katibliyi ilə, İddiaçı Cavabdehnə (üçüncü şəxslər X2, X3, X1, Şəhərsalma və Arxitektura Komitəsi, Tikintidə Təhlükəsizliyə Nəzarət Dövlət Agentliyi) qarşı “tikintiyə maneələrin aradan qaldırılması və s” iddia tələbinə dair Bakı İnzibati Məhkəməsinin xx.xx.2024-cü il tarixli, 2- 1(112)-8495/2024 nömrəli qərardadından iddiaçı tərəfindən verilmiş apelyasiya şikayətinə Bakı Apelyasiya Məhkəməsinin binasında, şifahi məhkəmə iclasında baxaraq müəyyən etdi: İddiaçı Cavabdehnə qarşı “tikintiyə maneələrin aradan qaldırılması və s” tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət etmişdir. Sonradan iddiaçı iddia tələbinə dəqiqləşmə vermiş, məhkəmənin qərardadı ilə iddia tələbi “Cavabdeh xx.xx.2023-cü il tarixli 5-13/1-A-104-151/2023 nömrəli məktubunun qanunvericiliyə zidd olması səbəbindən etibarsız hesab edilməsi; ünvan 1 ünvanında yerləşən, **********82-10301 reyestr nömrəli çıxarış və texniki pasporta əsasən iddiaçıya məxsus olan evinin yardımçı tikili hissəsinin yenidən qurulmasına Cavabdeh maneə törətməmək öhdəliyinin; Cavabdeh xx.xx.2023-cü il tarixli 5-13/1-A-104-151/2023 nömrəli məktubunu Qaradağ rayon İcra başçısının müavini Nadir Muradov tərəfindən imzalanmaqla iddiaçının xeyli vaxt, resurs sərf etməklə, əsəb keçirməklə 6 aya yaxın müddətdə mülkiyyət hüququndan, əmlakından istifadə etməkdən, fayda əldə etməkdən, sərəncam vermək hüququnun məhdudlaşdırılmasına görə maddi və mənəvi itkilərinin təzminatı olaraq iddiaçıya üzrxahlıq məktubunun yazılıb təqdim edilməsi öhdəliyinin; mülkiyyət sənədi ilə təsdiq olunmuş əmlaka daxil olan və 50 il əvvəl tikilmiş yardımçı tikilinin yenidən qurulması barədə müraciətinə vəzifəsindən sui-istifadə etməklə qanunvericiliyin tələblərini pozaraq rədd cavabı verilməsi haqqında cavab məktubunu hazırlayan və o məktuba rəy verən (məktub hazırlanan şöbənin müdiri, Hüquq şöbəsi və digər müvafiq şöbələr), bununla da iddiaçının və övladlarının qanuni hüquq və mənafelərinə zərər vuran Cavabdeh müvafiq əməkdaşları barəsində əmək qanunvericiliyinin tələbləri əsasında intizam tənbehi tədbiri kimi hər bir əməkdaşa töhmətin elan edilməsi, bu barədə işəgötürənin müvafiq əmr imzalaması və nüsxəsini iddiaçıya təqdim edilməsi öhdəliyinin cavabdeh Qaradağ Rayon İcra Haimiyyətinin üzərinə qoyulması” formasında icraata qəbul edilmişdir. Sonradan iddiaçı iddia tələbinə dəqiqləşmə vermiş, məhkəmənin qərardadı ilə iddia tələbi “mülkiyyətində olan 639 kv.m. torpaq sahəsində mövcud olmuş texniki pasportda təsərrüfat otaqları Liter A, mərtəbə 1, otaq nömrəsi 2, 3, 4 kimi göstərilən, yararsız vəziyyətə düşmüş tikililərin Şəhərsalma və Tikinti Məcəlləsinin 79-cu maddəsinin tələblərinə uyğun olaraq, bərpa edilməsinə maneə olunmasının cavabdehə qadağan edilməsini, tələbin digər hissələrdə isə məktubun qanunsuz hesab edilməsi, üzrxahlıq məktubunun verilməsi, töhmət elan edilməsi haqqında əmrin imzalanaraq nüsxəsini iddiaçıya təqdim edilməsi öhdəliyinin cavabdeh Qaradağ Rayon İcra Haimiyyətinin üzərinə qoyulması” formasında icraata qəbul edilmişdir. Bakı İnzibati Məhkəməsinin xx.xx.2024-cü il tarixli, 2-1(112)-8495/2024 nömrəli qərardadı ilə iddia üzrxahlıq məktubunun verilməsi, töhmət elan edilməsi haqqında əmrin imzalanaraq nüsxəsini iddiaçıya təqdim edilməsi hissəsində mümkün sayılmamışdır. İddiaçı həmin qərardaddan apelyasiya şikayəti verərək qərardadın ləğv edilməsini və iddia tələbinin təmin edilməsini xahiş etmişdir. Apelyasiya şikayəti onunla əsaslandırılmışdır ki, qərarın ləğv edilməsi üçün əsas odur ki, birinci instansiya məhkəməsi həmin qətnaməni qəbul edərkən tam, hərtərəfli, ən əsası ədalətli araşdırma aparmamış, bütün məqamları nəzərə almamışdır. Qərarda yalnız və yalnız onun subyektiv hüququnun olmaması təkrar-təkrar göstərilir, 1 arqument bir neçə dəfə müxtəlif formalarda qeyd olunur. Cavabdeh onun Konstitusion hüquqlarından olan mülkiyyət hüququnu, qanunların verdiyi hüquqi ixtiyarı reallaşdırmaq təşəbbüsünü 1 il ərzində, yəni məhkəmənin qərarına qədər məhdudlaşdırmışdır, hətta bu gün də məhdudlaşdırmağa davam edir. O son 1 ildə mülkiyyətindən istifadə edə bilmirsə, fayda əldə edə bilmirsə, mülkiyyətinə sərəncam verə bilmirsə, sərbəst şəkildə məqsədinə uyğun olaraq tikinti bərpa işlərilə bağlı təşəbbüs göstərə bilmirsə, bunların səbəbkarı yalnız Cavabdehdir. Bu qədər hüquqları, azadlıqları pozulduğu halda, məhdudlaşdırıldığı halda Bakı İnzibati Məhkəməsi necə deyə bilər ki, onun üzrxahlıq tələb etmək üçün subyektiv hüququ yoxdur. O üzrxahlıq məktubunu hər hansı bir əlaqəsiz qurumdan deyil, 1 il ərzində onun yuxarıda adıçəkilən hüquq və azadlıqlarını məhdudlaşdıran Cavabdehndən istəyir. Səhv olubsa, hansı ki, Şəhərsalma və Arxitektura Komitəsinin 28 mart 2023-cü il tarixli məktubu və Bakı İnzibati Məhkəməsin qərarı sübüt edir ki, İcra Hakimiyyətinin səhvi olub, o zaman yol verilmiş yanlışlığa görə üzrxahlıq edilməsi normal, ağlabatan, sivil praktikadır, burda qeyri-adi heç nə yoxdur. Üzrxahlıq məktubunun cavabdeh tərəfindən verilməsi gələcəkdə cavabdehin digər vətəndaşlara qarşı belə hallarda daha diqqətli davranmasına, qərar verərkən qanunvericiliyə əsaslanmasına, vətəndaş müraciətlərini qanunvericilik çərçivəsində və qanunvericiliyi pozmadan cavablandırmasına əsas olacaqdır, presedent yaradacaqdır və qanunun əliliyinin təmin edilməsinə töhfə verəcəkdir. Əks təqdirdə, icra hakimiyyətində və ümumiyyətlə dövlət qurumlarında vətəndaşa qarşı məsuliyyətsizlik hissi və səhv əməllərə görə cavabdeh olmamaq fikri möhkəmlənəcəkdir, cəzasızlıq mühiti inkişaf edəcəkdir. Məhz belə məqamlarda məhkəmələrin ədalətli qərarlarla vəziyyətə müdaxilə edərək ölkədə qanunun aliliyinin təmin edilməsində öz sözünü deməsi olduqca vacibdir. Məhkəmə iclasının yeri və vaxtı barədə lazımı qaydada məlumatlandırılmasına baxmayaraq tərəflər məhkəmə iclasında iştirak etməmişdir Məhkəmə kollegiyası Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 62.3cü maddəsinə əsaslanaraq şifahi məhkəmə baxışı ilə bağlı iclasa çağırılan tərəflərin iştirakı olmadan işə baxılması və iş üzrə müvafiq məhkəmə aktının qəbul edilməsini mümkün hesab etmişdir. Məhkəmə kollegiyası iş materiallarını və apelyasiya şikayətinin dəlillərini araşdıraraq və işdə olan sübutlara hüquqi qiymət verərək belə hesab edir ki, aşağıdakı əsaslara görə apelyasiya şikayəti təmin edilməməli və birinci instansiya məhkəməsinin qərardadı dəyişdirilmədən saxlanılmalıdır. Belə ki, Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun “İnzibati məhkəmə icraatında iddianın mümkünlüyünə dair” 05 nömrəli, 10 aprel 2015-ci il tarixli, Qərarında qeyd edilmişdir ki, “...Mümkünlük şərtləri iddiaya mahiyyəti üzrə baxmağa imkan verən şərtlərin mövcudluğunun yoxlanılmasını nəzərdə tutur. (1.3-cü bənd); Ona görə də, iddianın mümkünlüyü həmişə onun əsaslılığının yoxlanılmasından əvvəl aparılan hüquqi dəyərləndirmədir. (1.4-cü bənd); Mümkünlük şərtlərinin mövcudluğunu məhkəmə tərəflərin bildirməsindən asılı olmayaraq özünün xidməti vəzifəsinə görə yoxlamalıdır. (2.1-ci bənd); Məhkəmələr ilk növbədə iddiaçının həmin iddia tələbi üzrə subyektiv hüququnun olubolmamasını, cavabdehin həmin iddiaya cavab verməli olub-olmamasını, qanunvericilikdə nəzərdə tutulduğu hallarda cavabdehin imtinasının olub-olmamasını, İPMdə nəzərdə tutulmuş iddia müddətlərinə riayət edilib-edilmədiyini yoxlamalıdırlar (2.3-cü bənd); İddianın mümkünlük şərtləri icraatın bütün mərhələlərində yoxlanılmalı, həmin şərtlər mübahisənin mahiyyəti üzrə qərar çıxarıldığı anda mövcud olmalıdırlar. (8.6-cı bənd); Məhkəmələrin diqqətinə çatdırılsın ki, İPM-də nəzərdə tutulmuş mümkünlük şərtləri ilə yanaşı ayrı-ayrı iddia növləri üzrə tələb olunan mümkünlük şərtlərinin (məsələn, məcburetmə, öhdəliyin icrası və vurulmuş ziyana görə kompensasiyanın ödənilməsi haqqında iddialarda iddiaçının müvafiq ərizə ilə əvvəlcə inzibati orqana müraciət etməsi, iddianın verilməsi müddətinə əməl olunması və s.) də mövcudluğu yoxlanılmalıdır (9-cu bənd)”. Müvafıq Plenum qərarındakı hüquqi mövqelərə görə işə baxan məhkəmələr icraatın bütün mərhələlərində iddiaya mahiyyəti üzrə baxmağa imkan verən şərtlərin mövcud olubolmadığını yoxlamalıdırlar. M.Bağırovun şikayəti üzrə Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki işlər üzrə məhkəmə kollegiyasının 04 may 2007-ci il tarixli qərarının Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına dair Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 30 iyul 2008-ci il tarixli Qərarında göstərilir ki, mülki mübahisənin qanuni həlli üçün işə baxan məhkəmə ilk növbədə iddia qaldırmış şəxsin müvafiq subyektiv hüquqa malik olub-olmamasını araşdırmalıdır. Kollegiya qeyd edir ki, hər hansı bir iddiaya mahiyyəti üzrə baxılması üçün iddiaçının iddia tələbinin təmin olunmasında onun hüquqi marağı olmalıdır. Hüquqi maraq şəxsin çatmağı arzuladığı məqsədin nədə ifadə edilməsini ehtiva edir. Başqa sözlə, iddiaçı irəli sürdüyü iddia tələbi ilə onun xeyrinə olan halın yaranmasını, yəni hüquqi və ya faktiki, o cümlədən maddi vəziyyətinin yaxşılaşdırılmasını arzulayır. Hazırkı iş üzrə iddianın mümkün hesab edilməyən hissəsindən görünür ki, iddiaçı cavabdeh tərəfindən ona üzrxahlıq məktubunun verilməsini, işçilərə töhmət elan edilməsi haqqında əmrin imzalanaraq nüsxəsinin ona təqdim edilməsi öhdəliyinin cavabdeh Qaradağ Rayon İcra Haimiyyətinin üzərinə qoyulmasını xahiş edir. Kollegiya birinci instansiya məhkəməsinin mövqey ilə razılaşaraq bildirir ki, iddiaçı mənəvi təskinlik baxımından onun müraciətini təmin etməyən işçilərin cəzalandırılmasını arzu edə və inzibati orqanın onların adından üzr istəməsini istəyə bilər. Lakin, həmin növ maraq hüquqi yox, faktiki maraq olduğundan, həmin növ marağın müdafiə mexanizmi inzibati məhkəmə icraatı çərçivəsindən kənardır. Hazırkı inzibati işə apelyasiya qaydasında baxan məhkəmə kollegiyası yuxarıda qeyd olunanlara məcmu halda hüquqi qiymət verərək hesab edir ki, birinci instansiya məhkəməsinin iddianın mümkün sayılmaması ilə əlaqədar gəldiyi nəticə düzgündür, şikayətin dəlilləri qərardadın ləğvinə əsas vermir. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 58.7-ci maddəsinə əsasən sübutlar məhkəmə tərəfindən tam və hərtərəfli araşdırıldıqdan sonra qiymətləndirilir. Həmin Məcəllənin 87.6-cı maddəsinə əsasən apelyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qərarını dəyişdirmədən qüvvədə saxlaya bilər, dəyişdirə bilər və ya ləğv edərək (tam və ya qismən) yeni qərar qəbul edə bilər. Sadalanan xüsusatlara və istinad olunan hüquq normalarına əsaslanan məhkəmə kollegiyası belə nəticəyə gəlir ki, birinci instansiya məhkəməsinin qərardadı qanuni və əsaslı olduğundan dəyişdirilmədən saxlanılmalı, iddiaçının apelyasiya şikayəti təmin edilməməlidir. Şərh edilənlərə əsasən və Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinin 69, 80, 89, 90 və 94.1-ci maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası qərara aldı: Apelyasiya şikayəti təmin edilməsin. Bakı İnzibati Məhkəməsinin xx.xx.2024-cü il tarixli, 2-1(112)-8495/2024 nömrəli qərardadı dəyişdirilmədən saxlanılsın. Qərardad təqdim olunduğu gündən 10 (on) gün müddətində Bakı Apelyasiya Məhkəməsi vasitəsi ilə ondan Azərbaycan Respublikası Ali Məhkəməsinin inzibati kollegiyasına kassasiya şikayəti verilə bilər.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar