Məhkəmə qərarları › İş №2-1(103)-4055/2025

Bakı Apellyasiya Məhkəməsi Qərar — İş №2-1(103)-4055/2025

23.10.2025 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-1(103)-4055/2025 23.10.2025 BAKI APELLYASİYA MƏHKƏMƏSİ İddiaçı cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondunun Sosial Ödənişlərin Təyinatı üzrə Mərkəzi Filialına qarşı “yaşa görə əmək pensiyasının yenidən hesablanması” tələbinə dair iş üzrə Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyası, hakimlər Ceyhun Bəşir oğlu Məmmədov (sədrlik edən və məruzəçi), Şərafət Asif qızı Məmmədovadan və X1 ibarət tərkibdə, Eldarzadə Şirazi Elxan oğlunun katibliyi, Cavabdehin nümayəndəsi Nümayəndə Yadulla qızının iştirakı ilə, Bakı İnzibati Məhkəməsinin 2-1(112)-5799/2025 saylı, xx.xx.2025-ci il tarixli qərarından cavabdeh tərəfindən verilmiş apellyasiya şikayətinə Bakı Apellyasiya Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq, aşağıdakı qərarı qəbul etdi. İşin faktiki halları

1. Azərbaycan Respublikası Dövlət Sosial Müdafiə Fondunun Xəzər rayon (şəhər) şöbəsinin əmək pensiyası təyin edən komissiyasının xx.xx.2016-cı il tarixli, 2124 №-li Qərarından müəyyən olunur ki, İddiaçı xx.xx.2013-cü il tarixdən “Əmək pensiyaları haqqında” Qanunun 7-ci maddəsinə əsasən yaşa görə əmək pensiyası təyin olunmuşdur.

2. Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının xx.xx.2022-ci il tarixli, 2(103)- 6362/2022 saylı Qətnaməsində qeyd olunmuşdur ki; .. 2. İddiaçı cavabdeh "xxxx" ASC-yə qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək cavabdehlə iddiaçının arasında bağlanmış əmək müqaviləsinin xx.xx.2002-ci il tarixdən Azərbaycan Respublikası Əmək Məcəlləsinin 68-ci maddəsinin 2-ci hissəsinin «a» bəndinə əsasən xitam verilmiş hesab edilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. 4. Bakı şəhəri Sabunçu Rayon Məhkəməsinin (bundan sonra – birinci instansiya məhkəməsi) 2(008)-2587/2022 saylı, 16 iyun 2022-ci il tarixli qətnaməsi ilə (hakim T.Əsədova) iddia rədd olunmuşdur. … 6. İddiaçı birinci instansiya məhkəməsinin qətnaməsinin ləğv, iddianın təmin olunması barədə qətnamə çıxarılmasını xahiş etmişdir. 21. İşin apellyasiya baxışı zamanı sorğuya əsasən təqdim edilmiş İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidmətinin xx.xx.2022-ci il tarixli cavab məktubundan görünür ki, “Azərbaycan Respublikasında dövlət əmlakının özəlləşdirilməsinin ikinci Dövlət Proqramı”na uyğun olaraq, keçmiş İqtisadi İnkişaf Nazirliyinin Dövlət əmlakının özəlləşdirilməsi departamentinin xx.xx.2002-ci il tarixli, 76 nömrəli sərəncamı ilə Metallurgiya Dövlət Şirkətinin tabeçiliyində olmuş Bakı Ovuntu Metallurgiya zavodunun bazasında “Bakı Ovuntu Metallurgiya" ASC yaradılmış və səhmləri xx.xx.2004-cü il tarixində tam özəlləşdirilərək mülkiyyətçisi dəyişmişdir. Kadr və digər kargüzarlıq sənədlərinin müəssisənin arxivində saxlanıldığını və yuxarıda qeyd olunanları nəzərə alaraq, aidiyyəti üzrə müstəqil təsərrüfat subyekti olan “Bakı Ovuntu Metallurgiya" ASC-yə müraciət etmək məqsədəuyğun hesab edilmişdir. 22. Məhkəmə kollegiyası ilk növbədə qeyd edir ki, iddiaçının adına açılmış əmək kitabçası ona cavabdeh "xxxx" ASC-nin özü tərəfindən təqdim olunmuşdur. Ona görə də əmək kitabçasında möhürün olmaması işçinin deyil, işəgötürənin təqsiridir və bu baxımdan iddiaçının göstərdiyi tarixlərdə Bakı Ovuntu Metallurgiya zavodunda işləməsi mübahisəsizdir. Əmlak Məsələləri Dövlət Xidmətinin xx.xx.2022-ci il tarixli məktubunda da zavodun kadr və digər kargüzarlıq sənədlərinin müəssisənin arxivində saxlanıldığı qeyd olunmuşdur. Deməli, bu sənədlərin lazımi qaydada saxlanmasına nəzarəti həyata keçirmək də cavabdehin vəzifəsidir. 23. 29 noyabr 1996-cı il tarixli Azərbaycan Respublikası Qanunu ilə təsdiq olunmuş “Dövlət müəssisəsinin səhmdar cəmiyyətinə çevrilməsinin qaydaları haqqında Əsasnamə”nin 7.5-ci bəndinə əsasən Dövlət müəssisəsinin özəlləşdirmə prosesində səhmdar cəmiyyətinə çevrilməsi nəticəsində təsis edilmiş səhmdar cəmiyyəti çevrilən müəssisənin hüquqi varisi sayılır. 24. Kollegiya yuxarıda istinad olunan Əsasnamənin mənasından çıxış edərək, həmçinin Əmlak Məsələləri Dövlət Xidmətinin məktubunu nəzərə alaraq hesab edir ki, Metallurgiya Dövlət Şirkətinin tabeçiliyində olmuş Bakı Ovuntu Metallurgiya zavodunun bazasında "xxxx" ASC yaradıldığından və sonuncu iddiaçının çalışmış olduğu Bakı Ovuntu Metallurgiya zavodunun hüquqi varisi sayıldığından iddiaçının əmək kitabçasında əmək müqaviləsinə xitam verilməsi barədə müvafiq qeydin aparılması da cavabdehin vəzifəsidir. 25. Qeyd edilənlərə əsasən Kollegiya belə qənaətə gəlir ki, “Bakı Ovuntu Metallurgiya" ASC yaradılması barədə “Azərbaycan Respublikasında dövlət əmlakının özəlləşdirilməsinin ikinci Dövlət Proqramı”na uyğun olaraq keçmiş İqtisadi İnkişaf Nazirliyinin Dövlət əmlakının özəlləşdirilməsi departamentinin xx.xx.2002-ci il tarixli, 76 nömrəli sərəncamı əsas götürülərək iddiaçının əmək kitabçasında əmək müqaviləsinə xitam verilməsinə dair müvafiq qeydin aparılması cavabdehə “Bakı Ovuntu Metallurgiya" ASC-yə həvalə edilməlidir. Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının xx.xx.2022-ci il tarixli, 2(103)- 6362/2022 saylı qətnaməsi ilə Bakı şəhəri Sabunçu Rayon Məhkəməsinin 16 iyun 2022-ci il tarixli qətnaməsi ləğv edilməsi və “Bakı Ovuntu Metallurgiya" ASC-nin yaradılması barədə “Azərbaycan Respublikasında dövlət əmlakının özəlləşdirilməsinin ikinci Dövlət Proqramı”na uyğun olaraq keçmiş İqtisadi İnkişaf Nazirliyinin Dövlət əmlakının özəlləşdirilməsi departamentinin xx.xx.2002-ci il tarixli, 76 nömrəli sərəncamı əsas götürülərək İddiaçı əmək kitabçasında əmək müqaviləsinə xitam verilməsinə dair müvafiq qeydin aparılması cavabdeh “Bakı Ovuntu Metallurgiya" ASC-yə həvalə edilməsi qərara alınmışdır. İddiaçıya məxsus əmək kitabçasında olan məlumatlardan görünür ki, xx.xx.2022-ci il tarixli qeyddə göstərilmişdir ki, Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının xx.xx.2022-ci il tarixli, 2(103)- 6362/2022 saylı qətnaməsinə əsasən İddiaçı əmək müqaviləsinə xitam verilmişdir.

3. Sosial Ödənişlərin Təyinatı üzrə Mərkəzi Filialının xx.xx.2024-cü il tarixli, 3-17-1/2- A294170/2024 №-li imtina məktubunda qeyd olunmuşdur ki, “... Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanununun (bundan sonra- Qanun) 7-ci maddəsinin xx.xx.2013-cü il tarixində qüvvədə olmuş tələblərinə uyğun olaraq sizə həmin tarixdən yaşa görə əmək pensiyası təyin edilmiş, hazırda 363,86 manat məbləğində olmaqla ödənişi davam etdirilir. Qanunun 1.0.2-ci maddəsinə əsasən sosial sığorta stajı əmək pensiyası hüququnun müəyyən edilməsi zamanı nəzərə alınan iş və ya digər fəaliyyət dövrlərinin (müvafiq icra hakimiyyəti orqanına məcburi dövlət sosial sığorta haqları ödəmək şərtilə) və eləcə də müvafiq qanunvericiliklə sığorta stajına daxıl edilən digər dövrlərin məcmusudur. “Əmək pensiyalarının təyin edilməsi, hesablanması, yenidən hesablanması, bir növdən başqa növə keçirilməsi və ödənilməsi Qaydası”nın 4.1.1-ci yarımbəndinə əsasən əmək pensiyasının təyin edilməsi zamanı nəzərə alınan sosial sığorta stajı 2006-cı il yanvarın 1-dək olan dövr üzrə "Sosial sığorta haqqında" Azərbaycan Respublikasının Qanununa və bu sahədə münasibətləri tənzimləyən digər normativ hüquqi aktlara uyğun olaraq məcburi dövlət sosial sığorta haqlarının ödənilməsi şərtilə mülkiyyət formasından, əmək fəaliyyətinin xüsusiyyətlərindən və müddətindən asılı olmayaraq, müəssisə, idarə və təşkilatlarda əmək müqaviləsi (kontraktı) əsasında işləyənlərin iş müddəti əmək fəaliyyəti barədə sənədlərə (əmək kitabçası, o olmadıqda işəgötürənin arayışı və ya dövlət arxivinin arayışı), həmin sənədlərin mötəbərliyinə əsaslı şübhələr olduğu hallarda Fond tərəfindən işəgötürəndə, dövlət arxivində və Fondda saxlanılan məlumatların üzləşdirilməsi nəticəsində tərtib olunan akta əsasən, Qaydaların 4.1.2-ci yarımbəndinə əsasən 2006-cı il yanvarın 1-dən sonrakı dövr üzrə isə dövlət sosial sığorta sistemində fərdi uçot məlumatlarına əsasən müəyyən edilir. Müraciətinizlə əlaqədar olaraq bildiririk ki, "xxxx" ASC-də əmək fəaliyyətinizə dair xx.xx.1992-ci il tarixindən xx.xx.2002-ci il tarixinədək əməkhaqqı cədvəlləri və əmr kitablarından çıxarış təqdim etdikdən sonra yaşa görə əmək pensiyanızın yenidən hesablanmasına qanunvericiliyə uyğun olaraq baxılacaqdır.”

4. Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondunun Arxiv və Sosial Ödəniş İşlərinin Çeşidlənməsi üzrə Mərkəzi Filialının xx.xx.2025-ci il tarixli, 3-17-1/2-9898/2025 №-li cavab məktubu ilə təqdim edilmiş Sosial Ödənişlərin Təyinatı üzrə Mərkəzi Filialının “Ümumi əsaslarla görə əmək pensiyasının yenidən hesablanması haqqında” xx.xx.2024-cü il tarixli, 3- 17-1/1-A277863/2024 №-li qərarından müəyyən olunur ki, İddiaçı xx.xx.2013- cü il tarixdən təyin olunmuş əmək pensiyasının “xx.xx.1992-xx.xx.2002-ci il tarixədək olan dövrün əmək haqqı arayışı təqdim edilməməsi” əsası ilə əmək pensiyasının yenidən hesablanmasından imtina edilmişdir.

a) Birinci instansiya məhkəməsində icraat

5. İddiaçı cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondunun Sosial Ödənişlərin Təyinatı üzrə Mərkəzi Filialına qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, ona 29 mart 2016-cı il tarixdə təyin edilmiş yaşa görə əmək pensiyasının yenidən hesablanması və ödənilməsi vəzifəsinin cavabdeh Sosial Ödənişlərin Təyinatı üzrə Mərkəzi Filialının üzərinə qoyulması barədə qərar qəbul edilməsini xahiş etmişdir.

6. İddia tələbi onunla əsaslandırılmışdır ki, 14 oktyabr 1967-ci il tarixdə açılmış əmək kitabçasına əsasən 10 oktyabr 1967-ci il tarixdən əmək fəaliyyətinə başlamışdır. 1983cü il tarixdən Bakı Ovuntu Metallurgiya Təcrübə zavodunda işləmişdir. xx.xx.1983- cü il tarixli, 43 saylı əmrlə zavoda usta vəzfəsinə qəbul edilmişdir, xx.xx.1983-cü il tarixli 81 saylı əmrlə odadavamlı birləşmələr sexinə rəis vəzifəsinə keçirilmişdir. xx.xx.1983cü il tarixli, 78 saylı əmrlə odadavamlı birləşmələr sexinə usta vəzifəsinə, xx.xx.1986cı il tarixli, 01 saylı əmrlə böyük usta vəzifəsinə, xx.xx.1986-cı il tarixli, 46 saylı əmrlə odadavamlı birləşmələr sexinə rəis vəzifəsinə, xx.xx.1987-ci il tarixli, 54 saylı əmrlə İstehsalat şöbəsinə böyük mühəndis vəzifəsinə keçirilmişdir. xx.xx.2002-ci il tarixinədək həmin vəzifədə işləmişdir. 29 mart 2016-cı il tarixdə ona yaşa görə əmək pensiyası təyin edilmişdir. Pensiya təyin edilərkən onun iş stajı düzgün hesablanmamışdır. Belə ki, 29 mart 2016-cı il tarixdə ona yaşa görə əmək pensiyası təyin edilərkən əmək kitabçasında işdən çıxarılmağı barədə qeydlərin olmamasına görə 1987-ci ildən sonrakı dövr nəzərə alınmamışdır. Bakı Apcllyasiya Məhkəməsinin Mülki kollegiyasının 2(103)-6362/2022 saylı, xx.xx.2022-ci il tarixli qətnaməsinə əsasən əmək kitabçasında xx.xx.2002-ci il arixdən əmək müqaviləsinə xitam verilməsinə dair qeydlər aparılmışdır. Ona görə də xx.xx.1987-ci il tarixdən xx.xx.2002-ci il tarixinədək olan dövr də nəzərə alınmaqla pensiyası yenidən hesablanmaılıdır. Onun 32 il iş stajı vardır. O yaşa görə əmək pensiyasının yenidən hesablanması məqsədilə cavabdeh inzibati orqana müraciət etmişdir. Hesab edir ki, cavabdeh inzibati orqanın onun ərizəsi təmin etməməsi əsassızdır və onun hüquqları pozulmuşdur.

7. Cavabdeh iddiaya etiraz edir və bildirir ki, İddiaçı 05.11 2024-cü il tarixdə yaşa görə əmək pensiyasının yenidən hesablanması məqsədilə cavabdeh inzibatı orqana müraciət etmişdir. Mərkəzi Filial tərəfindən İddiaçı müraciəti üzrə 29.11 2024-cü il tarixli 3- 17-1/2-A-294170/2024 nömrəli imtina məktubu ünvanlanmışdır. İddiaçı ünvanlanan imtina məktublarında qeyd olunmuşdur ki. iddiaçının işlədiyini iddia etdiyi “Bakı Ovuntu Metallurgiya’’ ASC-nin kadrlar şöbəsində adıçəkilən şəxsin şəxsi hesab vərəqəsi və əmək haqqı cədvəli mövcud olmadığından xx.xx.1992-ci il tarixindən xx.xx.2002-ci il tarixinədək olan əmək, fəaliyyəti dövrünün sığorta stajına daxil edilməsi mümkün olmamışdır. “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanununun (bundan sonraQanun) 7-ci maddəsinin xx.xx.2013- cü il tarixində qüvvədə olmuş tələblərinə uyğun olaraq ona həmin tarixdən yaşa görə əmək pensiyası təyin edilmiş, hazırda 363,86 manat məbləğində olmaqla ödənişi davam etdirilir. İddiaçı "Əmək pensiyaları haqqında" Azərbaycan Respublikası Qanununun 7ci maddəsinin xx.xx.2017- ci ıl tarixinədək qüvvədə olan redaksiyasına əsasən xx.xx.2013-cü il tarixindən Fondun keçmiş Xəzər rayon şöbəsi tərəfindən yaşa görə əmək pensiyası təyin edilmişdir. İddiaçının təqdim etdiyi xx.xx.1967-ci ıl tarixli əmək kitabçasının surətində qeyd olunan məlumatlara əsasən xx.xx.1967-ci il tarixindən xx.xx.1968-ci ıl tarixinədək, xx.xx.1968-ci il tarixindən xx.xx.1972-ci il tarixinədək, xx.xx.1972-ci il tarixindən xx.xx.1973-cü il tarixinədək, xx.xx.1974-cü il tarixindən 01,02.1975-ci il tarixinədək. xx.xx.1975-ci il tarixindən 28.01 1982-ci il tarixinədək, xx.xx.1982-ci il tarixindən xx.xx.1982-ci il tarixinədək, xx.xx.1983-cü il tarixindən xx.xx.1992-ci il tarixinədək əmək fəaliyyəti dövrləri nəzərə alınmaqla mübahisələndirilməyən sığorta stajı ümumilikdə 21 il 6 ay 24 gün təşkil edir. "xxxx" ASC-nin xx.xx.2025-ci il tarixli 02 nömrəli məktubuna əsasən kadrlar şöbəsində adıçəkilən şəxsin şəxsi hesab vərəqəsi və əmək haqqı cədvəli mövcud olmadığından xx.xx.1992-ci il tarixindən xx.xx.2002-ci il tarixinədək olan əmək fəaliyyəti dövrünün sığorta stajına daxil edilməsi mümkün olmamışdır.

8. Bakı İnzibati Məhkəməsinin 2-1(112)-5799/2025 saylı, xx.xx.2025-ci il tarixli qərarı ilə iddianın qismən təmin edilməsi, İddiaçı təyin olunmuş yaşa görə əmək pensiyasının onun xx.xx.1992-ci ildən xx.xx.2002-ci ilədək "xxxx" ASC-də işlədiyi dövlər üzrə əmək stajı nəzərə alınmaqla, yenidən hesablanması və yaranmış fərq məbləğinin müraciət etdiyi xx.xx.2024-cü il tarixdən 3 il əvvələ yəni xx.xx.2021-ci il tarixdən ödənilməsi öhdəliyinin cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondunun Sosial Ödənişlərin Təyinatı üzrə Mərkəzi Filialının üzərinə qoyulması, iddianın qalan hissədə təmin edilməməsi barədə qərar qəbul edilmişdir.

9. Cavabdeh Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondu publik hüquqi şəxsin Sosial Ödənişlərin Təyinatı üzrə Mərkəzi Filialı həmin qərarının ləğv edilməsini və iddia tələbinin təmin edilməməsi barədə yeni qərar qəbul edilməsini xahiş etmişdir.

APELLYASİYA ŞİKAYƏTİNİN VƏ ONA QARŞİ ETİRAZİN DƏLİLLƏRİ, MƏHKƏMƏ İCRAATİ İŞTİRAKÇİLARİNİN İZAHATLARİ

b) Apellyasiya şikayətinin dəlilləri

10. Cavabdeh tərəfindən verilmiş apellyasiya şikayəti etiraza uyğun əsaslandırılmış və əlavə olaraq bildirilmişdir ki, məhkəmə iddiaçının iddia tələbinin təmin olunması zamanı yeganə hüquqi əsas kimi onun əmək kitabçasında olan dövr üzrə qeydləri mötəbər hesab edərək həmin dövləri onun iş stajına daxil etmişdir. Hesab edirik ki, məhkəmə kollegiyasının iddianı təmin edərkən mübahisəli dövrlərin iddiaçının əmək kitabçasında qeyd olunmasına söykənən mövqeyi formalaşmış təcrübəyə ziddir. Belə ki, formalaşmış təcrübəyə əsasən 2006-cı il 1 yanvar tarixədək sığortaolunanların qazanılmış əmək pensiyası hüquqlarının nəzərə alınması üçün iş stajının əmək kitabçasına əsasən müəyyən edilməli olması şərti, iddiaçının da öz tələbinin əsası kimi onun adına tərtib olunmuş əmək kitabçasındakı məlumatlara əsaslanması nəzərə alındıqda, əmək kitabçasındakı məlumatların mötəbərliyi özü-özlüyündə şübhə doğurmamalı, əmək pensiyası təyin edilməsi üçün zəruri şərt kimi çıxış edən fakta və ya faktlara dair həqiqi vəziyyəti dəqiq əks etdirməlidir (Azərbaycan Respulikasının Ali Məhkəməsinin xx.xx.2024-cü il 2-1(102)-269/2024 nömrəli qərarı). Odur ki, məhkəmə mübahisəli əmək stajını təsdiq edən dəlilləri öz qərarında göstərməmiş, sadəcə olaraq cavabdehin dəlillərinin təkzib olunmasına yönələn formal mülahizələrinə əsaslanmışdır.

ç)Apellyasiya şikayətinə qarşı etirazın dəlilləri

11. Apellyasiya şikayətinə dair yazılı etiraz daxil olmamışdır.

c) Proses iştirakçılarının izahatları

12. Məhkəmədə cavabdehin nümayəndəsi apellyasiya şikayətinin təmin edilərək birinci instansiya məhkəməsinin qərarının ləğv edilməsini məhkəmədən xahiş etmişdir.

13. İddiaçıya məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada məlumatlandırılmasına baxmayaraq, məhkəmədə nümayəndəsinin iştirakını təmin etməmişdir. Qanunvericiliyin tələbləri baxımından məhkəmə kollegiyası verilmiş apellyasiya şikayətlərinə iddiaçının iştrakı olmadan baxılmasını mümkün hesab etdi.

TƏTBİQ EDİLƏN HÜQUQ

14. “İnzibati İcraat Haqqında” Azərbaycan Respublikası Qanununun: 2.0.6-cı maddəsinə əsasən inzibati icraat - fiziki və ya hüquqi şəxslərin müraciəti əsasında və ya inzibati orqanların öz təşəbbüsü ilə inzibati aktın qəbul edilməsi, icra olunması, dəyişdirilməsi və ya ləğv edilməsi, habelə inzibati şikayətlərə baxılması üzrə müvafiq inzibati orqanlar tərəfindən bu Qanunla müəyyən olunmuş prosedur qaydalar daxilində həyata keçirilən fəaliyyətdir. 15.1-ci maddəsinə əsasən qanunla məcburi şərt kimi nəzərdə tutulmuş hallar istisna olmaqla, yalnız formal tələblərə əməl olunmasını təmin etmək məqsədilə inzibati orqanlar tərəfindən fiziki və hüquqi şəxslərin üzərinə bu və ya başqa öhdəliklərin qoyulması qadağandır; 24.1-ci maddəsinə əsasən inzibati orqan inzibati icraat zamanı işin düzgün həlli üçün əhəmiyyət kəsb edən bütün faktiki halları hərtərəfli, tam və obyektiv araşdırmağa borcludur; 24.2-ci maddəsinə əsasən inzibati orqan maraqlı şəxslərin xeyrinə olan halların araşdırılmasından və nəzərə alınmasından imtina edə bilməz;

15. 26 sentyabr 2006-cı tarixədək qüvvədə olmuş Azərbaycan Respublikası Nazirlər Kabinetinin 25 noyabr 1992-ci il tarixli, 638 nömrəli qərarı ilə təsdiq edilmiş “Pensiya təyinatı üçün əmək stajının təsdiq edilməsi qaydası barədə” Əsasnamədə aşağıda qeyd olunanlar müəyyən olunmuşdur: 1-ci bənd. Əmək stajı iş, xidmət, təhsil və ya iş stajına sayılan digər fəaliyyət yeri, yaxud bu fəaliyyətin keçdiyi həmin sistem üzrə rəhbər təşkilatlar, idarələr (baş direktorlar), birliklər (konsernlər), sahibkarlar, eləcə də arxiv müəssisələri tərəfindən verilən sənədlərə əsasən müəyyən edilir. 3-cü bənd. İş stajını təsdiq edən sənəd əmək kitabçasıdır. Əmək kitabçası olmadıqda və ya əmək kitabçasında lazım olan qeydlər olmadıqda, yaxud iş dövrü barədə qeydlər düzgün və dəqiq olmadıqda əmək stajını təsdiqedici sənəd kimi arayışlar, əmrlərdən çıxarışlar, əmək haqqı verilməsi üçün şəxsi hesablar və əmək haqqı cədvəlləri, vəsiqələr, xasiyyətnamələr, yazılı əmək müqavilələri, icrası barədə qeydlər edilməklə razılaşmalar, əmək xidmət siyahıları, iş dövrü barədə məlumatlar göstərilməklə kooperativ sənəd artelləri üzvlərinin üzvlük kitabçaları nəzərə alınır.

16. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2022-ci il 28 aprel tarixli 175 nömrəli Qərarı ilə təsdiq edilmiş “Əmək pensiyalarının təyin edilməsi, hesablanması, yenidən hesablanması, bir növdən başqa növə keçirilməsi və ödənilməsi” Qaydaları: 74.1.1. 2006-cı il yanvarın 1-dək olan dövr üzrə:

1. “Sosial sığorta haqqında” Azərbaycan Respublikasının Qanununa və bu sahədə münasibətləri tənzimləyən digər normativ hüquqi aktlara uyğun olaraq məcburi dövlət sosial sığorta haqlarının ödənilməsi şərtilə mülkiyyət formasından, əmək fəaliyyətinin xüsusiyyətlərindən və müddətindən asılı olmayaraq, müəssisə, idarə və təşkilatlarda əmək müqaviləsi (kontraktı) əsasında işləyənlərin iş müddəti əmək fəaliyyəti barədə sənədlərə (əmək kitabçası, o olmadıqda işəgötürənin arayışı və ya dövlət arxivinin arayışı), həmin sənədlərin mötəbərliyinə əsaslı şübhələr olduğu hallarda Fond tərəfindən işəgötürəndə, dövlət arxivində və Fondda saxlanılan məlumatların üzləşdirilməsi nəticəsində tərtib olunan akta əsasən;

2. seçkili və ya təyinatlı vəzifə tutan şəxslərin fəaliyyət müddəti barədə əmək kitabçasında qeydlər olmadıqda, həmin şəxslərin vəzifəyə seçildiyi və ya təyin edildiyi orqanın arayışına əsasən;

3. hüquqi şəxs yaratmadan sahibkarlıq fəaliyyəti ilə məşğul olan fiziki şəxslərin fəaliyyət müddəti məcburi dövlət sosial sığorta haqlarının ödənilməsi haqqında mədaxil qəbzlərinə və ya bu Qaydaya 8 nömrəli Əlavəyə əsasən;

4. əyani təhsil dövrünü təsdiq edən müvafiq sənədə (təhsil müəssisəsinin arayışı, arxiv arayışı və s.) əsasən;

5. kolxozlarda əmək fəaliyyəti dövrünü təsdiq edən müvafiq sənədə (kolxozçunun əmək kitabçası (müəyyən edilmiş əmək iştirakı minimumunun yerinə yetirilməsi barədə qeydin olması şərtilə) əsasən;

6. işləməyən ananın körpə uşaqlarına qulluq etdiyi və ya uşağa qulluğa görə qismən ödənişli sosial məzuniyyət dövrləri uşaqların doğum haqqında şəhadətnamələrinə əsasən; 4.1.2. 2006-cı il yanvarın 1-dən sonrakı dövr üzrə – dövlət sosial sığorta sistemində fərdi uçot (bundan sonra – fərdi uçot) məlumatlarına əsasən; 4.1.3. işçinin işəgötürən tərəfindən hesablanmış əməkhaqqına məcburi dövlət sosial sığorta haqqı ödənilən iş müddəti – fərdi uçot məlumatlarına əsasən; 4.1.4. yaradıcılıq ittifaqlarının və peşəkar birliklərin üzvlərinin yaradıcılıq fəaliyyətinə başladıqdan sonrakı dövr – 1991-ci il yanvarın 1-nə olan dövr üzrə əmək kitabçasına, əmək kitabçasının mötəbərliyinə əsaslı şübhələr olduğu hallarda işəgötürəndə və ya dövlət arxivində saxlanılan məlumatların müvafiq olaraq işəgötürən və ya dövlət arxivi tərəfindən təsdiq edilmiş surətləri də əlavə edilməklə Fondun və işəgötürənin və ya dövlət arxivinin nümayəndələrinin iştirakı ilə tərtib olunan akta əsasən, 1991-ci il yanvarın 1-dən sonrakı dövr üzrə isə məcburi dövlət sosial sığorta haqlarının ödənilməsini təsdiq edən sənədlərə əsasən.

17.Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsi Maddə 68.1 məhkəmə mübahisə ilə bağlı iş üzrə inzibati məhkəmə icraatı nəticəsində onda yaranmış daxili inam əsasında qərar qəbul edir. Qərarda məhkəmənin mövqeyi üçün əsas olmuş səbəblər göstərilməlidir. Maddə 68.2 məhkəmə qərarı yalnız məhkəmə icraatında tədqiq olunmuş və barələrində proses iştirakçılarının öz mülahizələrini bildirmək imkanına malik olduqları faktlar və sübutlarla əsaslandırılmalıdır. Maddə 82. Apellyasiya instansiyası məhkəməsi mübahisə ilə bağlı işə şikayət həddində və hüquqi məsələlər, habelə sübutlar və faktlar (faktiki hallar) əsasında mahiyyəti üzrə tam həcmdə baxır. Apellyasiya instansiyası məhkəməsi həmçinin bu Məcəllənin 12-ci maddəsinin tələblərinə əsasən yeni təqdim olunmuş sübutları (sübutetmə vasitələrini) və faktları (faktiki halları) da nəzərə alır. Maddə 87.6 Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qərarını dəyişdirmədən qüvvədə saxlaya bilər, dəyişdirə bilər və ya ləğv edərək (tam və ya qismən) yeni qərar qəbul edə bilər. Birinci instansiya məhkəməsinin qərarı apellyasiya tələbi həddində dəyişdirilə bilər. Maddə 87.7. Apellyasiya instansiyası məhkəməsi, bir qayda olaraq, mübahisə ilə bağlı işə mahiyyəti üzrə baxaraq həll edir. Məhkəmə icraatının davam etdirilməsinin zəruri olduğu aşağıdakı müstəsna hallarda apellyasiya instansiyası məhkəməsi, barəsində şikayət verilmiş məhkəmə qərarını ləğv edərək işi müvafiq inzibati məhkəməyə göndərə bilər: Maddə 87.7.1. inzibati məhkəmədə icraat zamanı yol verilmiş ciddi prosessual pozuntular səbəbindən əhəmiyyətli sayda və ya geniş həcmdə sübutların araşdırılması tələb olunduqda; Maddə 87.7.2. inzibati məhkəmə tərəfindən mahiyyəti üzrə qərar qəbul edilmədikdə; Maddə 87.8. Apellyasiya instansiyası məhkəməsi qərarını əsaslandırmağa borcludur. Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qərarını dəyişdirmədən qüvvədə saxladıqda, həmin qərardakı əsaslara istinad edə bilər. Lakin hər bir halda apellyasiya instansiyası məhkəməsinin qərarında apellyasiya şikayətinin dəlillərinə münasibət bildirilməlidir. Maddə 94.1 Kassasiya şikayəti məhkəmə qərarının tam formada təqdim olunduğu gündən 1 ay, məhkəmə qərardadının təqdim olunduğu gündən, həmçinin bu Məcəllənin 131.3-cü və 132.3-cü maddələrində nəzərdə tutulmuş hallarda 10 gün müddətində müvafiq apellyasiya instansiyası məhkəməsi vasitəsi ilə verilir.

APELLYASİYA BAXİŞİNİN HƏDLƏRİ

21.Apellyasiya şikayətində qərar tam mübahisələndirildiyindən birinci instansiya məhkəməsinin aktı bütövlükdə yoxlanılır. 22.Qanunun tələbinə görə, apellyasiya instansiyası məhkəməsi mübahisə ilə bağlı işə şikayət həddində və hüquqi məsələlər, habelə sübutlar və faktlar (faktiki hallar) əsasında mahiyyəti üzrə tam həcmdə baxır.

APELLYASİYA İNSTANSİYASİ MƏHKƏMƏSİNİN MÖVQEYİ

23. Əvvəla məhkəmə Kollegiyası qeyd edir ki, hazırkı iddia inzibati mübahisə olmaqla inzibati məhkəmə icraatı qaydasında baxılmalı olduğundan məhkəmə və ərazi aidiyyəti baxımından düzgün verilmiş və inzibati-prosessual qanunvericiliyə əsasən öhdəliyin icrası haqqında iddia növünə aiddir. (İPM-nin 1.1, 2.2.3 -cü maddələrinə əsasən)

24. İşin faktiki halları və apellyasiya şikayətinin dəlillərinə münasibətdə isə məhkəmə Kollegiyası tətbiq edilən hüquq normalarına (Bu Qərarın 14-17-ci bəndləri) əsaslanaraq qeyd edir ki, Kollegiya birinci instansiya məhkəməsinin mövqeyi ilə razılaşır.

25. Belə ki, hazırkı işin hallarından görünür ki, iddiaçı ona təyin edilmiş yaşa görə əmək pensiyasının xx.xx.1992-ci il tarixindən xx.xx.2002-ci il tarixinədək "xxxx" ASC-də əmək fəaliyyəti nəzərə alınmaqla yenidən hesablanmasını tələb edir.

26. Cavabdeh orqan isə "xxxx" ASCnin xx.xx.2025-ci il tarixli 02 nömrəli məktubuna əsasən kadrlar şöbəsində adıçəkilən şəxsin şəxsi hesab vərəqəsi və əmək haqqı cədvəli mövcud olmadığından xx.xx.1992-ci il tarixindən xx.xx.2002-ci il tarixinədək olan əmək fəaliyyəti dövrünün sığorta stajına daxil edilməsi mümkün olmadığını bildirərək, imtina cavabı vermişdir.

27. İşin apellyasiya baxışı zamanı Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti tərəfindən verilmiş xx.xx.2025-ci il tarixli sorğuya cavab məktubuna əsasən “Azərbaycan Respublikasında dövlət əmlakının özəlləşdirilməsinin İİ Dövlət Proqramı”na uyğun olaraq, keçmiş İqtisadi İnkişaf Nazirliyinin Dövlət əmlakının özəlləşdirilməsi departamentinin xx.xx.2002-ci il tarixli, 76 nömrəli sərəncamı ilə Metallurgiya Dövlət Şirkətinin tabeçiliyində olmuş Bakı Ovuntu Metallurgiya zavodunun bazasında "xxxx" Açıq Səhmdar Cəmiyyəti yaradılmış və səhmləri xx.xx.2004-cü il tarixində tam özəlləşdirilərək mülkiyyətçisi dəyişmişdir. Eyni zamanda, Xidmətin arxivində olan "xxxx" Açıq Səhmdar Cəmiyyəti yaradılarkən müəssisədə fəaliyyət göstərmiş özəlləşdirmə komissiyası tərəfindən tərtib olunmuş özəlləşdirmə planına (emissiya prospektinə) əlavə edilmiş işçilərin siyahısında İddiaçı adı aşkar edilməmişdir.

28. İş materiallarından görünür ki, iddiaçının adına açılmış əmək kitabçası ona cavabdeh "xxxx" ASC-nin özü tərəfindən təqdim olunmuşdur.

29. Nəzərə alınmalıdır ki, əmək kitabçasında İddiaçı işdən azad olunması ilə bağlı əmək kitabçasında ləğv edilmiş "xxxx" ASC-nin qeydi və möhürünün olmaması səbəbindən Bakı Apellyasiya Məhkəməsinin xx.xx.2022-ci il tarixli qətnaməsi ilə əmək kitabçasında əmək müqaviləsinə xitam verilməsinə dair qeydin aparılması"xxxx" ASC-nə həvalə edilmişdir. Odur ki, əmək kitabçasında möhürün olmaması səbəbindən iddiaçının göstərdiyi tarixlərdə Bakı Ovuntu Metallurgiya zavodunda işləməməsi ilə bağlı gətirilən arqumentləri məhkəmə kolleqiyası əsassız hesab edir.

30. Həmçinin, “Vətəndaşların pensiya təminatı haqqında” Qanunun 67-ci maddəsinə görə, əmək (sosial sığorta) pensiyasının təyin edilməsi üçün qanunla müəyyən edilmiş hallar istisna olmaqla 1 yanvar 2002-ci il tarixdən əmək stajına məcburi dövlət sosial sığorta haqlarının ödənildiyi əmək fəaliyyəti müddəti daxildir. 1 yanvar 2002-ci ilədək əmək fəaliyyəti göstərən şəxslərə pensiya təyin olunması üçün əmək stajı bu maddənin birinci-yeddinci hissələrinə müvafiq olaraq hesablanır.

31. Kollegiya qeyd edir ki, 01 yanvar 2002-ci ilədək və ondan sonrakı dövrləri qanunverici fərqli qaydada tənzimləmişdir. 01 yanvar 2002-ci ilədək əmək fəaliyyəti göstərən şəxslərə pensiya təyin olunması üçün əmək stajı “Vətəndaşların pensiya təminatı haqqında” Qanunun 67-ci maddəsinin birinci-yeddinci hissələrinə müvafiq olaraq hesablanmalıdır. Bu normadan hərəkətlə iddiaçının 1993-2002-ci illərdəki işlədiyin dövrun pensiya hesablanmasına əsas verən ümumi iş stajına daxil edilməsi məsələsini həll edərkən həmin dövrlə bağlı məcburi dövlət sosial sığorta haqlarının ödənilməsi şərti ümumiyyətlə tələb olunmamalıdır. 2002- 2005-ci illərə münasibətdə isə nəzərə alınmalıdır ki, “Məcburi dövlət sosial sığorta sahəsində borcların tənzimlənməsi haqqında” Azərbaycan Respublikasının 06 mart 2018-ci il tarixli 1042- VQ nömrəli Qanununun 1-ci maddəsinə əsasən sığortaedənlərin müvafiq icra hakimiyyəti orqanının uçot sistemində mövcud olan 2006-cı ilin 01 yanvar tarixinə yaranmış və 2018-ci ilin 1 aprel tarixinədək ödənilməmiş məcburi dövlət sosial sığorta haqları üzrə borcları tam məbləğdə silinir. Beləlilklə, qanunvericiliyə edilmiş tənzimləmələrlə 2006-cı ilin 01 yanvar tarixinə yaranmış məcburi dövlət sosial sığorta haqları üzrə borclar silindiyindən iddiaçının xx.xx.1992-ci il tarixdən xx.xx.2002-ci il tarixədək "xxxx" ASC-də işlədiyi müddətin sığorta stajına daxil edilməsi üçün məcburi sosial sığorta haqqlarının ödənilib-ödənilməməsi (xx.xx.2006-cı il tarixədək) mühüm rol oynamır.

32. Odur ki, "xxxx" ASC-də xx.xx.1992-ci il tarixdən xx.xx.2002-ci il tarixədək işlədiyi dövr nəzərə alınmaqla, iddiaçıya təyin olunmuş əmək pensiyası yenidən hesablanması barədə birinci instansiya məhkəməsi düzgün nəticəyə gəlmişdir.

33. İddiaçının digər tələbi olan pensiya hüququ yarandığı vaxtdan ödənilməmiş pensiya məbləğinin hesablanıb ona ödənilməsi ilə bağlı kollegiya qeyd edir ki, iddiaçı pensiyanın yenidən hesablanması məqsədilə xx.xx.2024-cü il tarixdə Sosial Ödənişlərin Təyinatı üzrə Mərkəzi Filialına müraciət etmişdir. Belə olan halda iddiaçıya “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanununun 32.1-1 maddəsinə əsaslanmaqla müraciət tarixindən geriyə üç il, yəni xx.xx.2021-ci il tarixdən pensiya məbləği hesablanaraq ödənilməlidir.

34. Belə ki, “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanununun xx.xx.2017-ci il tarixdən qüvvədə olan 32.1-1 maddəsinə əsasən, əmək pensiyası onu almaq hüququ yarandığı gündən, lakin bu Qanun qüvvəyə mindiyi gündən tez olmamaqla və müraciət edilən tarixdən əvvəlki ən çoxu üç il üçün ödənilməklə, bu maddədə müəyyən edilmiş müddətlərə təyin edilir.

31. Məhkəmə kollegiyası qeyd olunanları nəzərə alaraq belə qənaətə gəlir ki, apellyasiya şikayətinin dəlilləri birinci instansiya məhkəməsinin qəbul etdiyi qərarın ləğvi üçün əsas hesab edilə bilməz. Hesab olunur ki, birinci instansiya məhkəməsi iddianı qismən təmin etməklə mübahisənin faktiki halları, tərəflərin münasibətləri və tətbiq edilməli olan hüquqla bağlı düzgün nəticəyə gəlmişdir.

32. İnzibati Prosessual Məcəllənin 12-ci maddəsinə əsasən məhkəmə proses iştirakçılarının izahatları, ərizə və təklifləri ilə, onların təqdim etdikləri sübutlarla və işdə olan digər materiallarla kifayətlənməyərək, mübahisənin düzgün həlli üçün əhəmiyyət kəsb edən bütün faktiki halları xidməti vəzifəsinə görə araşdırmağa borcludur. 33.Beləliklə, məhkəmə Kollegiyası hesab edir ki, apellyasiya şikayəti təmin olunmamalı, Bakı İnzibati Məhkəməsinin 2-1(112)-5799/2025 saylı, xx.xx.2025-ci il tarixli qərarı dəyişdirilmədən saxlanılmalıdır. 34.Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası İPM-nin 68.1-ci, 68.2ci, 68.3-cü, 87.6-cı, 87.8-ci, 94.1.-ci maddələrini rəhbər tutaraq, Məhkəmə kollegiyası

qərara aldı:

Cavabdeh Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondunun Sosial Ödənişlərin Təyinatı üzrə Mərkəzi Filialı tərəfindən verilmiş apellyasiya şikayəti təmin edilməsin. Bakı İnzibati Məhkəməsinin 2-1(112)-5799/2025 saylı, xx.xx.2025-ci il tarixli qərarı dəyişdirilmədən qüvvədə saxlanılsın. Qərardan, Kassasiya şikayəti məhkəmə qərarının tam formada təqdim olunduğu gündən 1 ay müddətində, Bakı Apellyasiya Məhkəməsi vasitəsilə Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyasına verilə bilər.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar