Məhkəmə qərarları › İş №2-1(103)-4057/2024

Bakı Apellyasiya Məhkəməsi Qərardad — İş №2-1(103)-4057/2024

28.11.2024 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 2-1(103)-4057/2024 28.11.2024 BAKI APELLYASİYA MƏHKƏMƏSİ Hakimlər Yusifov Cahangir Afər oğlu (sədrlik edən), Abbasova Günel Məhərrəm qızı və Oruczadə Aytən Pənah qızından ibarət tərkibdə, iddiaçının nümayəndəsi Vəkil iştirakı ilə, İddiaçı Heydər Əliyev adına X6 cavabdeh Azərbaycan Respublikası Xətai rayonu Xətai Bələdiyyəsinə qarşı (üçüncü şəxs: X3) “qərarın etibarsız hesab edilməsi” tələbinə dair inzibati iş üzrə Bakı İnzibati Məhkəməsinin 2-1(112)-10249/2024 nömrəli xx.xx.2024cü il tarixli qərardadından iddiaçı tərəfindən verilmiş apellyasiya şikayətinə əsasən işə Bakı Apellyasiya Məhkəməsinin binasında (Bakı şəhəri, Z.Xəlilov küçəsi, 540-cı məhəllə), açıq məhkəmə iclasında baxaraq M Ü Ə Y Y Ə N E T D İ: İ. İddiaçı Heydər Əliyev adına X7 cavabdeh Azərbaycan Respublikası Xətai rayonu Xətai Bələdiyyəsinə qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək ünvan 1 ünvanında fərdi yaşayış evi tikintisi üçün 400 kv.m torpaq sahəsinin X2 ayrılması haqqında Bakı şəhəri Xətai rayonu Xətai Bələdiyyəsinin 30 noyabr 2006-cı il tarixli 05/42 nömrəli qərarın etibarsız hesab edilməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir. İddiaçı tələbini aşağıdakılarla əsaslandırmışdır: “...X1 Dövlət Neft Şirkətinə ünvanladığı ərizəsi ilə bağlı araşdırma aparılarkən müəyyən olunmuşdur ki, Xətai rayon Xətai Bələdiyyəsi tərəfindən xx.xx.2006-cı il tarixli qərar ilə X2 Xətai rayonu ərazisi hüdudları daxilində fərdi yaşayış evi tikintisi üçün 400 kvm torpaq sahəsi ayrılmışdır. Bələdiyyə həmin vaxt ayrılan torpağın Dövlət Neft Şirkəti ərazisi olmasını nəzərə almamış, Dövlət Neft Şirkətinə məlumat verməmiş, razılığını almamış, qəbul etdiyi qərarı Dövlət Neft Şirkətinə təqdim etməmişdir. Dövlət Neft Şirkəti qeyd edilənlərdən xəbərdar olduqdan sonra dərhal sözügedən qərarın ləğvi üçün Xətai Bələdiyyəsinə müraciət etmişdir. X5 01 may 2024-cü il tarixli məktubla (məktub 10 may 2024-cü il tarixdə iddiaçıya çatmışdır) tərəflərindən 30 noyabr 2006-cı il tarixli 05/42 saylı bələdiyyə qərarının ləğv edilməsinin qeyri-mümkün olduğunun nəzərə alınmasını xahiş etmişdir. T.Şahlarova ayrılmış qeyd edilən torpaq sahəsi Azərbaycan Respublikası Dövlət Neft Şirkətinin istifadəsinə verilmiş ərazilərə aiddir və bələdiyyə torpaqlarına aid deyil. Başqa sözlə, Xətai Bələdiyyəsi dövlətin müstəsna mülkiyyətinə aid olan sənaye təyinatlı torpaq sahəsindən səlahiyyəti olmadığı halda fərdi yaşayış evi tikintisi üçün X2 torpaq sahəsinin ayrılması barədə inzibati akt qəbul etməklə, qanunvericiliyin tələblərini pozmuşdur. ...” Bakı İnzibati Məhkəməsinin 2-1(112)-10249/2024 saylı xx.xx.2024 -cü il tarixli qərardadı ilə X3 üçüncü şəxs qismində zəruri cəlbetmə qaydasında inzibati məhkəmə icraatına cəlb edilmişdir. Bakı İnzibati Məhkəməsinin 2-1(112)-10249/2024 saylı xx.xx.2024-cü il tarixli qərardadı ilə iddia mümkün sayılmamışdır. İddiaçı apellyasiya şikayəti verərək, həmin qərardadın ləğv edilməsini və iddianın mümkün sayılması barədə qərardad qəbul edilməsini xahiş etmişdir. Apellyasiya şikayəti Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin (“İPM”) 85-ci maddəsinə uyğun verilmiş, apellyasiya mümkündür. Apellyasiya şikayəti aşağıdakılarla əsaslandırmışdır: “...Bakı İnzibati Məhkəməsinin qərardadı qanunsuz və əsassızdır, buna görə hesab edirik ki, qərardad ləğv edilərək, iddia ərizəsinin məhkəmə icraatı mümkün hesab edilməli və işə mahiyyəti üzrə, faktiki hallara düzgün qiymət verilməklə obyektiv baxılaraq ədalətli qərar qəbul edilməlidir. Belə ki, mübahisələndirilən qərar qəbul olunarkən Bələdiyyə tərəfindən qanunvericiliyin tələblərinə riayət edilməmiş, torpağın fərdi yaşatış evi tikilməsi üçün verilməsinin mümkün olub-olmaması aydınlaşdırılmamış, Dövlət Neft Şirkətinin razılığı alınmamış, qərarın çıxarılması barədə Dövlət neft Şirkətinə məlumat verilməmiş, qərar Dövlət Neft Şirkətinə göndərilməmişdir. Dövlət Neft şirkəti və hazırki iddiaçı olan zavodu bu qərarın mübahisələndirilməsindən ancaq X1 Neft Şirkətinə ərizə ilə müraciət etməsindən sonra məlumatlı olmuş (xəbər tutmuş) və dərhal müvafiq araşdırma apararaq, məhkəməyəqədər prosessual hərəkətləri etmiş və sonda məhkəməyə müraciət etmişdir. X1 adına verilmiş **********58 reyestr nömrəli torpaq sahəsinin xx.xx.2008-ci il tarixli AA-002438 nömrəli planı və ölçüsü sənədində göstərilən 0.04ha torpaq sahəsi UTM WGS 84 koordinat sistemində “Azəriqaz” İstehsalat Birliyinin istismarında olan “Qazanlar QPS-30-cu sahə QPS” yüksək təzyiqli qaz kəmərinin (O325mm, yerüstü, layihə təzyiqi 1,2 Mpa (12kqq/sm2)) 20 metrlik məsafəsində və Heydər Əliyev adına X6 istismarında olan neft kəmərlərinin 21 metrlik məsafəsində mühafizə zonası daxilində yerləşir. Dövlət Neft Şirkətinin yuxarıda qeyd olunan və başqa istiqamətlərdə fəaliyyətini səmərəli şəkildə həyata keçirməsi üçün Dövlət tərəfindən Şirkətin istismarına verilmiş torpaqların mühafizə zonalarında uzun zamandır ayrı-ayrı vəzifəli şəxslər tərəfindən səlahiyyətləri olmadan, qanunvericiliyin tələblərinə riayət edilmədən torpaq sahələri fiziki və hüquqi şəxlərə "xxxx". Bununla bağlı həmin şəxslər Dövlət Neft Şirkətinin nəinki razılığını almır, hətta çıxardıqları qərarlar barədə Şirkətə məlumat belə vermirlər. Həmçinin bununla bağlı hər hansı mərkəzləşdirilmiş və ya digər bir sistem olmadığından SOCAR-ın həmin qərarlardan xəbər tutması mümkünsüzdür. Dövlət Neft Şirkətinin istismarına verilimiş torpaqların mühafizə zonalarında yerləşən torpaq sahələrini qanunvericiliyin tələblərinə riayət etmədən fiziki şəxslərə verməklə səlahiyyətdən sui-istifadə hallarına yol verilir, səlahiyyəti olmadığı halda, torpağın təyinatını belə müəyyənləşdirmədən, müfaviq rəyləri almadan fiziki şəxsə fərdi yaşayış evinin tikintisi üçün verilməsi (həmin mühafizə zonasında fərdi yaşayış evi tikilə bilməz) həmin qərarın etibarsızlığını özündə ehtiva edir. Vəzifəli şəxs tərəfindən qanunvericiliyin tələblərinə əməl edilməməklə, verilməsinə səlahiyyəti olmadan verilmiş qərarla dövlət tərəfindən ölkədə aparıcı sənaye sahəsi olan neft-qaz sektorunun inkişafı üçün Dövlət Neft Şirkətinin istismarına verilmiş torpaq sahələrinin mühafizə zonalarında yerləşən torpaq sahələrinə dair qərar qəbul etməsi açıq şəkildə göstərir ki, həmin qərar qəbul olduğu andan etibarsızdır. ...” Məhkəmə kollegiyasının iclasında iştirak edən iddiaçının nümayəndəsi bələdiyyənin öz səlahiyyətindən kənara çıxaraq qərar qəbul etdiyindən, həmin qərarın məhz etibarsız hesab edilməli olduğunu vurğulayaraq apellyasiya şikayətini müdafiə etdiyini bildirmiş və təmin olunmasını məhkəmədən xahiş etmişdir. Məhkəmə kollegiyasının iclası barədə xəbərdar edilmiş üçüncü şəxs və cavabdeh (nümayəndəsi) məhkəmə iclasına gəlməmiş, Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəllənin («İPM») 62-ci maddəsinin tələblərini nəzərə alan məhkəmə kollegiyası işə onun iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. İİ. Məhkəmə kollegiyası iş materiallarını araşdırıb belə nəticəyə gəlir ki, iddiaçının apellyasiya şikayəti təmin edilmədən, aşağıdakı əsaslara görə birinci instansiya məhkəməsinin qərardadı dəyişdirilmədən qyvvədə saxlanılmalıdır. İddiaçının tələbindən göründüyü kimi, ünvan 1 ünvanında fərdi yaşayış evi tikintisi üçün 400 kv.m torpaq sahəsinin X2 ayrılması haqqında Bakı şəhəri Xətai rayonu Xətai Bələdiyyəsinin 30 noyabr 2006-cı il tarixli 05/42 nömrəli qərarın etibarsız hesab edilməsini tələb etmişdir. İPM-in 35.1-ci maddəsinin tələbinə görə bu Məcəllədə başqa qayda nəzərdə tutulmamışdırsa, iddiaçının iddia ərizəsində inzibati aktın qəbul edilməsi və ya qəbul edilməsindən imtina olunması, yaxud inzibati orqanın hərəkəti və ya hərəkətsizliyi nəticəsində onun hüquqlarının və qanunla qorunan maraqlarının pozulduğunu əsaslandırdığı hallarda mübahisələndirmə haqqında, məcburetmə haqqında, öhdəliklərin icrası haqqında və müəyyən hərəkətləri etməkdən çəkinməyə dair iddia mümkün sayılır. Məcəllənin qeyd olunan normasının mənası onu ehtiva edir ki, inzibati icraat qaydasında qaldırılan iddianın mümkünlüyü şərtləririn yerinə yetirildiyi halda, yolveriləndir. Yəni, iddia subyektiv hüququ olan şəxs tərəfindən iddia müddəti çərçivəsində, qanunla cavabdehlik daşıya bilən inzibati orqana qarşı qaldırılmalı və formal olaraq (subutlar da əlavə olunmaqla) əsaslandırılmalıdır ki, mümkün iddia kimi icraata qəbul edilməsi mümükün olsun. Əks halda, Məcəllənin 35.3-cü maddəsinə müvafiq olaraq iddianın mümkün sayılmaması barədə qərardad çıxarılır. Konkret halda isə aşağıdakılara görə iddiaçının hazırkı iddia tələbinin inzibati məhkəmə icraatını mümkün edən əsaslar müəyyən olunmur. Birincisi, inzibati icraat haqqında qanunvericilik qüvvəyə minənə qədər, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin mübahisələndirilən qərar qəbul olunarkən qüvvədə (xx.xx.2012-ci il tarixədək) olmuş) 298-ci maddəsi nəzərdə tuturdu ki, şəxs özünün hüquq və azadlığının pozulduğu barədə ona məlum olan gündən qanunda başqa müddət müəyyən edilməyibsə 1 ay müddətində ərizə ilə məhkəməyə müraciət etmək hüququna malikdir. Bundan əlavə, 2001-ci ilin sentyabr ayının 1-dən qüvvədə olan Azərbaycan Respublikasının Mülki Məcəllənin 373.1-ci maddəsi nəzərədə tutur ki, ümumi iddia müddəti 10 il təşkil edir. Eyni zamanda, 1 yanvar 2011-ci il tarixdən Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsi (“İPM”) qüvvəyə minmişdir ki, həmin Məcəllənin də 38.1-ci maddəsi nəzərdə tutur ki, mübahisələndirmə haqqında iddia inzibati aktın təqdim (elan) olunduğu vaxtdan, şikayət instansiyasına şikayət verildiyi hallarda isə şikayətə dair qəbul olunan inzibati aktın təqdim olunduğu vaxtdan 30 gün müddətində qaldırıla bilər. İddiaçı isə sözügedən hüquq normaları ilə ona verilən hüquqi imkanından vaxtında istifadə etməmiş, cavabdehin qərarını mübahisələndirmək üçün qanunla müəyyən edilən müddətləri ötürmüşdür. İddia tələbinin cavabdehin qərarının etibarsız hesab edilməsi ilə bağlı olmasına gəldikdə, “T.İdrisovun şikayəti üzrə Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati-İqtisadi Kollegiyasının 9 dekabr 2014-cü il tarixli qərarının Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumu 28 dekabr 2015-ci il tarixli qərarında qeyd etmişdir ki, iddiaya mahiyyəti üzrə baxılmasından əvvəl onun mümkünlüyünə qiymət verərkən məhkəmə irəli sürülmüş iddia növünün, o cümlədən mübahisələndirmə (İPM-in 2.2.1, 32 və 70–72-ci maddələri), yaxud inzibati aktın etibarsızlığının tanınması (İPM-in 36.1-ci maddəsinin ikinci yarımcümləsi) haqqında olmasını müəyyən etməlidir. Daha sonra, Konstitusiya Məhkəməsinin Plunmu qərarında aşağıdakıları qeyd etmişdir: «...İnzibati Prosessual Məcəllənin 36.1-ci maddəsinin ikinci yarımcümləsində nəzərdə tutulan inzibati aktın etibarsızlığının tanınması haqqında iddia onunla səciyyələnir ki, iddiaçı ilə inzibati orqan arasında inzibati aktın etibarlılığına dair mübahisə mövcud olsun və iddiaçı belə bir iddia qaldırmaqla hüquqi müəyyənliyin bərqərar edilməsinə çalışsın. Başqa sözlə, iddiaçının bu növ iddia ilə çıxış etməkdə məqsədi inzibati aktın hüquqi nəticələr yaradıb-yaratmadığına dair qeyri-əminliyi aradan qaldırmaqdır. İnzibati Prosessual Məcəllənin 36.1-ci maddəsinin ikinci yarımcümləsində nəzərdə tutulan tanınma haqqında iddia növünün maddi əsası “İnzibati icraat haqqında” Qanunun 65-ci maddəsində müəyyən edilmişdir. Belə ki, inzibati aktın etibarsızlığının tanınması haqqında iddianın əsaslı hesab edilməsi üçün həmin aktın “İnzibati icraat haqqında” Qanunun 65-ci maddəsinin tələbləri baxımından etibarsız olması tələb olunur. Mübahisələndirmə haqqında iddia onunla xarakterizə olunur ki, hüquqi əhatəsinə müdaxilə edilməklə şəxsi əlverişsiz vəziyyətə salan inzibati aktın ləğv edilməsi və ya dəyişdirilməsi məhkəmədən tələb olunur. Mübahisələndirmə haqqında iddia ümumi mümkünlük şərtləri (iddianın lazımı qaydada qaldırılması, iddiaçının prosessual fəaliyyət qabiliyyətinə malik olması, iddianın ərazi və predmet aidiyyəti və s.) ilə yanaşı, xüsusi mümkünlük şərtlərinə də cavab verməlidir. Bu növ iddia üçün xüsusi mümkünlük şərtlərinə – iddia qaldırmaq səlahiyyətinə (İnzibati Prosessual Məcəllənin 35-ci maddəsi) və iddia qaldırmaq müddətinə (İnzibati Prosessual Məcəllənin 38.1-ci maddəsi) əməl olunmalıdır. İddia qaldırmaq səlahiyyəti onu nəzərdə tutur ki, iddiaçı iddia ərizəsində inzibati aktın qəbulu nəticəsində subyektiv hüquqlarının pozulduğunu irəli sürür. İddiaçının hüququnun həqiqətən pozulub-pozulmaması iddianın mümkünlüyü ilə deyil, əsaslılığı ilə bağlı məsələdir və ikinci mərhələdə (əsaslılıq mərhələsində) yoxlanılmalıdır…» Konkret halda da məhz, işin qeyd olunan faktiki hallarından göründüyü kimi, iddiaçı cavabdehin qərarı ilə onun subyektiv hüququna birbaşa müdaxilə edildiyini iddia edərək, cavabdehin qərarını 18 ildən sonra yalnız, mübahisələndirmişdir ki, bu da Konstitusiya Məhkəməsinin qeyd olunan mövqeyi baxımından, irəli sürülmüş həmin iddianın, inzibati aktın etibarsızlığının tanınması haqqında iddia kimi qəbul edilməsini istisna edir. İddia müddəti buraxıldığı halda isə hazırkı iddia, İPM-in 35-ci maddəsində nəzərdə tutulan əsasalandırılmış iddia kimi qiymətləndirilə bilməz. Bu baxımdan, məhkəmə kollegiyasının mövqeyinə görə birinci instansiya məhkəməsinin qərardadı ilə Məcəllənin 35.3-cü maddəsinə müvafiq olaraq iddianın mümkün sayılmaması barədə qərardad qəbul olunması işin hallarına, maddi və prosessual hüquq normalarına uyğun hesab edilməlidir. Beləliklə də qeyd olunanları nəzərə alan məhkəmə kollegiyası, iddiaçının apellyasiya şikayətinin birinci instansiya məhkəməsinin qərardadının əsassız olduğunu mübahisələndirən dəlilləri ilə razılaşmır və yekunda belə qənaətə gəlir ki, onun apellyasiya şikayəti təmin edilmədən, Bakı İnzibati Məhkəməsinin 2-1(112)-10249/2024 saylı xx.xx.2024-cü il tarixli qərardadı dəyişdirilmədən qüvvədə saxlanılmalıdır. Yuxarıda qeyd edilənlərə əsasən və İPM-in 80, 83, 87, 90 və 94-cü maddələrini rəhbər tutaraq məhkəmə kollegiyası qəraraaldı: İddiaçının apellyasiya şikayəti təmin edilməsin. Bakı İnzibati Məhkəməsinin 2-1(112)-10249/2024 saylı xx.xx.2024-cü il tarixli qərardadı dəyişdirilmədən qüvvədə saxlanılsın. Qərardaddan rəsmi qaydada verildiyi gündən 10 (on) gün müddətində Bakı Apellyasiya Məhkəməsi vasitəsi ilə Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyasına (Bakı şəhəri, Y.Səfərov küçəsi 14, 1193-cü məhəllə) kassasiya şikayəti verilə bilər.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar