Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 2-1(103)-4057/2025 09.12.2025 BAKI APELLYASİYA MƏHKƏMƏSİ İddiaçı cavabdeh Bakı şəhəri Xətai Rayon İcra Hakimiyyətinə qarşı iş üzrə (Açar sözlər: mənzil növbəsinin davam etdirilməsi) Hakimlər Abbasova Günel Məhərrəm qızının sədrliyi və məruzəsi ilə, Mədətli Fərid İlham oğlu və X1 ibarət tərkibdə, Səmədzadə Günay Sarastən qızının katibliyi ilə, İddiaçı iştirakı ilə, İddiaçı cavabdeh Bakı şəhəri Xətai Rayon İcra Hakimiyyətinə qarşı “Şəki şəhər İcra Hakimiyyətində olan mənzil növbəsinin xx.xx.2014-cü il tarixindən Bakı şəhəri Xətai Rayon İcra Hakimiyyətində davam etdirilməsi üçün sərəncam verilməsi” tələbinə dair inzibati iş üzrə Bakı İnzibati Məhkəməsinin 28 avqust 2025-ci il tarixli, 2-1(112)-6143/2025 nömrəli qərarından cavabdeh tərəfindən verilmiş apellyasiya şikayətinə əsasən inzibati işə Bakı Apellyasiya Məhkəməsinin binasında, açıq məhkəmə iclasında baxaraq aşağıdakı qərarı qəbul etdi. İŞİN HALLARİ
1. İddiaçı cavabdehə qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, İddiaçı Şəki şəhər İcra Hakimiyyətində olan mənzil növbəsinin xx.xx.2014-cü il tarixdən Xətai Rayon İcra Hakimiyyətində davam etdirilməsi üçün sərəncam verilməsi barədə qərar qəbul olunmasını xahiş etmişdir.
2. İddia tələbi onunla əsaslandırılmışdır ki, iddiaçı 1992-ci ildən Azərbaycan Respublikasının ərazi bütövlüyü uğrunda gedən döyüşlərdə iştirak etmişdir. Keçirilən əməliyyatlar zamanı müxtəlif vaxtlarda iki dəfə - baş və kürək nahiyyəsindən güllə və minadan qəlpə yarası alaraq ağır yaralanmışdır. O, atəşkəs rejimi davam edənədək torpaqların azadlığı uğrunda gedən döyüşlərdə iştirak etmişdir. Aldığı yaraların fəsadı olaraq iki dəfə ağciyərindən ağır əməliyyat keçirmişdir. Hazırda ağciyərin onkoloji xəstəliyi üzrə mütəmadi müalicə alır. 1-ci qrup Qarabağ müharibəsi əlilidir. Aldığı yaraların fəsadı olaraq iki dəfə ağciyərindən ağır əməliyyat keçirmişdir. Hazırda ağciyərin onkoloji xəstəliyi üzrə mütəmadi müalicə alır. Səhhətilə bağlı stasionar müalicələr aldığı üçün məcbur qalaraq Bakı şəhərinə köçmüşdür. Mənzil-məişət şəraiti olduqca ağırdır, 7 nəfər ailə üzvü ilə birlikdə ata evində dar bir şəraitdə qardaşının himayəsində yaşayır. Şəki şəhər İcra Hakimiyyətinə müraciəti əsasında 27 noyabr 2014-cü il tarixli Sərəncamla yaşayış sahəsinə ehtiyacı olan qismində mənzil uçotuna alınmışdır. Hazırda Şəki şəhəri üzrə mənzil növbəsinə qeydiyyata götürülənlərin siyahısında 91-ci yerdədir. Onun sağlamlıq vəziyyəti, ev şəraiti olduqca ağırdı. Mövcud vəziyyəti nəzərə alınaraq xüsusi hal kimi fərdi mənzil tikintisinə köməklik göstərilməsi ilə bağlı Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyində müxtəlif instansiyalar üzrə rəhbər şəxslərin qəbulunda olmuşdur. Yaşadığı ərazi üzrə həyətyanı torpaq sahəsi ayrıldığı təqdirdə fərdi yaşayış evinin tikilə biləcəyi bildirilmişdir. Bu məqsədlə X2 müraciət etmişdir. İddiaçıya 0,12 ha həyətyanı torpaq sahəsi ayrılmışdır. Ayrılmış torpağa dair bütün hüquqi sənədlər vardır. Bu məsələ ilə bağlı 14 il ərzində dəfələrlə Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin Dövlət Sosial Təminat Xidmətinin rəisinin qəbulunda olmuşdur. Sənədlərlə tanış olduqdan sonra ailə şəraitinin ağır olması nəzərə alınmaqla xüsusi hal kimi fərdi yaşayış evinin tikintisi üçün növbədən kənar qeydiyyata alınmağı ilə bağlı Səki şəhər İcra Hakimiyyətinə müraciət etməsini bildirmişlər. Dövlət qurumuna müraciət etsə də ev tikintisinə maddi dəstək olunmadığından Bakı şəhərində dövlət hesabına mənzillə təmin olunmasını xahiş edir. İddiaçı qeydiyatı üzrə güzətli mənzil növbəsinə götürülməkdən ötrü Bakı şəhəri Xətai Rayon İcra Hakimiyyətinə müraciət etmişdir. Cavabdeh tərəfindən iddiaçının mənzillə təmin edilməsi ilə bağlı müraciətinə məsələnin onların səlahiyyətləri xaricində olduğu bildirilməklə, dolayısı ilə onun ərizəsinin təmin olunmasından imtina etməsi onun qanunla qorunan hüquqlarını pozmuşdur.
3. Cavabdeh 03 mart 2025-ci il tarixli, 5-21/2-1316/2024 nömrəli etirazda qeyd etmişdir ki, İddiaçı 2024-cü il tarixədək Şəki şəhərində qeydiyyatda olmuş və 2024-cü il tarixdə Xətai rayonuna qeydiyyata alınaraq Şəki Rayon İcra Hakimiyyətində olan mənzil növbəlilik sənədləri aidiyyəti üzrə Bakı şəhəri Xətai Rayon İcra Hakimiyyətinə göndərilmişdir. Mənzil Məcəlləsinin 55.1.3-cü maddəsinə əsasən vətəndaşlar digər inzibati ərazi vahidi tərkibindəki yaşayış məntəqəsində yaşamağa çıxdıqda yaşayış sahəsinə ehtiyacı olan qismində qeydiyyatdan çıxarılırlar. Şəki şəhəri ərazisi Bakı şəhərinin inzibati ərazi vahidi tərkibinə daxil olmadığından yeni yaşayış yerində qeydiyyata alınma tarixi saxlanılmaqla daxil edilməsi, hüquqi baxımdan mümkün deyildir. “Bakı şəhərində mənzil şəraitinin yaxşılaşdırılmasına ehtiyacı olan vətəndaşların uçotu və mənzillərin bölüşdürülməsi Qaydaları”nın 17-ci bəndinin 3-cü hissəsinə əsasən mənzilə ehtiyacı olan hesab edilmiş vətəndaşlar, mənzil şəraitinin yaxşılaşdırılmasına ehtiyacı olanların uçotuna bu şərtlə götürürlər ki, azı son beş il ərzində Bakı şəhərində yaşamış olsunlar və bunu pasport qeydiyyatı təsdiq etsin. Yuxarıda qeyd olunanlara və qüvvədə olan qanunvericiliyin tələblərini nəzərə alaraq iddia tələbinin təmin edilməməsi barədə qərar qəbul edilməsi xahiş olunur.
4. Bakı İnzibati Məhkəməsinin 28 avqust 2025-ci il tarixli, 2-1(112)-6143/2025 nömrəli qərarı ilə iddia tələbi qismən təmin edilmiş, Bakı şəhəri Xətai Rayon İcra Hakimiyyətinin imtinası əsassız hesab edilmiş, İddiaçı Bakı şəhəri Xətai Rayon İcra Hakimiyyətinə müraciət etdiyi tarixdən nəzərə alınmaqla onun yaşayış sahəsinə ehtiyacı olan şəxs qismində uçota alınması ilə bağlı inzibati araşdırmanın davam etdirilməsi öhdəliyinin Bakı şəhəri Xətai Rayon İcra Hakimiyyətinin üzərinə qoyulması və iddianın qalan hissədə təmin edilməməsi qərara alınmışdır.
5. Qərardan cavabdeh apellyasiya şikayəti verərək birinci instansiya məhkəməsinin qərarının ləğv edilməsini xahiş etmişdir.
APELLYASİYA ŞİKAYƏTİNİN DƏLİLLƏRİ:
6. Apellyasiya şikayəti onunla əsaslandırılmışdır ki, mübahisənin mahiyyətinə aid cavabdehin irəli sürdüyü dəlillərin müzakirə edilməməsi eləcə də onların qiymətləndirilməsinin məhkəmə qərarında əks olunmaması həmin qərarın çəkişmə prinsipinin pozulması ilə çıxarıldığına dəlalət edir. Belə qərar isə ədalət mühakiməsinin qanununa uyğun aktı kimi qəbul oluna bilməz. Belə hüquqi dəyərləndirmənin nəticəsi olaraq mümkün sayılan tələbə baxılmalı, digər hissələrdə isə iddia mümkün sayılmamalıdır.
MƏHKƏMƏ İCRAATİ İŞTİRAKÇİLARİNİN İZAHATLARİ:
7. Məhkəmə iclasında iştirak edən iddiaçı apellyasiya şikayətiə etiraz edərək, təmin edilməməsini xahiş etdi.
8. Məhkəmə kollegiyasının iclasının vaxtı və yeri barədə cavabdehə lazımi qaydada məlumat verilməsinə baxmayaraq, iş üzrə cavabdehin nümayəndəsi məhkəmə kollegiyasının iclasında iştiraklarını təmin etməmişdir.
9. Məhkəmə kollegiyası Azərbaycan Respublikası İnzibati Prossesual Məcəlləsinin 62.3-cü maddəsinə əsaslanaraq işə cavabdehin nümayəndəsinin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir.
MÜBAHİSƏNİN HƏLLİ İLƏ BAĞLİ MƏHKƏMƏ ARAŞDİRMASİNİN ƏSASİNİ TƏŞKİL EDƏN SƏNƏDLƏR
10. Şəki şəhər İcra Hakimiyyətinn xx.xx.2014-cü il tarixli, 1/286 nömrəli sərəncamına əsasən, Şəki rayon, Orta Zəyzid kənd sakini, İİ qrup Qarabağ müharibəsi əlili İddiaçı yaşayış sahəsinə ehtiyacı olan qismində mənzil uçotuna alınması qərara alınmışdır.
11. 17 saylı Tibbi-Sosial Ekspert Komissiyasında xx.xx.2017-ci il tarixdə müayinəyə dair məlumatdan görünür ki, İddiaçı xx.xx.2017-ci il tarixindən Azərbaycan Respublikasının ərazi bütövlüyünün müdafiəsi ilə əlaqədar müddətsiz birinci dərəcəli əlillik təyin edilmişdir.
12. Azərbaycan Respublikası Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin Şəki Rayon Şöbəsi tərəfindən verilmiş xx.xx.2018-ci il tarixli, 600 nömrəli arayışda qeyd olunmuşdur ki, 1963-cü il təvəllüdlü Şəki rayonu Orta Zəyzid kənd sakini İddiaçı ondan ötrü ki, o, həqiqətən 1992-ci il tarixdən Şəki Rayon Hərbi Komissarlığı tərəfindən səfərbərliklə əlaqədar təkrar həqiqi hərbi xidmətə çağırılmış və xx.xx.1994-cü il tarixdə Füzuli bölgəsində gedən hərbi əməliyyatlar zamanı sağ qaşüstü nahiyyənin sürtüb keçən güllə yarası almışdır və 1-ci qrup Qarabağ müharibəsi əlilidir.
13. Azərbaycan Respublikası Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin Şəki Rayon Şöbəsi tərəfindən Müdafiə Nazirliyinin Mərkəzi Hərbi Həkim Komissiyasına ünvanladığı xx.xx.2024-cü il tarixli, 968 nömrəli məktubunda qeyd edilmişdir ki, 1963-cü il təvəllüdlü, İddiaçı yanvar 1993-cü ilin noyabr ayından 1994-cü ilin yanvar ayınadək N saylı hərbi hissədə hərbi xidmət etmiş və 1994-cü ilin yanvar ayında Füzuli rayonu istiqamətində gedən döyüşlər zamanı yaralanmışdır. Şəki RMX-nın rəhbərliyi Şəki rayonu Orta Zəyzid kənd sakini birinci qrup Qarabağ əlili 1963-cü il təvvəllüdlü xəstə İddiaçı ixtisaslaşmış tibb yardımı almaq üçün sərəncamına göndərilmişdir.
14. Azərbaycan Respublikasının Daxili İşlər Nazirliyinin Yaşayış yeri üzrə qeydiyyat haqqında ******* nömrəli xx.xx.2024-cü il tarixli arayışına əsasən, İddiaçı xx.xx.2023-cü il tarixdən ünvan 2 ünvanında qeydiyyatdadır.
15. Şəki şəhər İcra Hakimiyyətinin xx.xx.2024-cü il tarixli 5-7/3-3-139/2024 nömrəli sərəncamına əsasən, Şəki Şəhər İcra Hakimiyyəti başçısının 27 noyabr 2014-cü il tarixli, 1/286 nömrəli sərəncamı ilə yaşayış sahəsinə ehtiyacı olan qismində uçota alınmış 1-ci dərəcəli Qarabağ müharibəsi əlili İddiaçı müraciəti əsasında, 1 nəfər ailə üzvü ilə birlikdə yaşayış yerini dəyişdiyinə görə yaşayış sahəsinə ehtiyacı olan qismində uçotdan çıxarılmış, hazırki sərəncam və 1-ci dərəcəli Qarabağ müharibəsi əlili İddiaçı yaşayış sahəsinə ehtiyacı olan qismində uçota götürülməsi üçün əsas olmuş sənədlərin Xətai Rayon İcra Hakimiyyətinə göndərilməsi Vətən müharibəsi iştirakçılarıvə şəhid ailələri ilə işin təşkili şöbəsinə tapşırılmışdır.
16. Cavabdeh tərəfindən verilmiş xx.xx.2024-cü il tarixli imtina məktubundan görünür ki, iddiaçının müraciətinə baxılmış və cavab olaraq bildirilmişdir ki, İddiaçı Azərbaycan Respublikası Şəki şəhər İcra Hakimiyyətində güzəştli mənzil növbəsində olduğu və fərdi yaşayış evinin tikintisi üçü Şəki şəhərində torpaq sahəsi ayrılmışdır. Qeyd olunanları və qanunvericiliyi tələblərini nəzərə alaraq xahişinin təmin edilməsi imkan xaricindədir.
TƏTBİQ EDİLƏN HÜQUQ və MƏHKƏMƏNİN MÖVQEYİ
17. Məhkəmə kollegiyası iş materiallarını və apellyasiya şikayətinin dəlillərini araşdıraraq, işdə olan sübutlara hüquqi qiymət verərək hesab edir ki, apellyasiya şikayəti qismən təmin edilməli, Bakı İnzibati Məhkəməsinin 28 avqust 2025-ci il tarixli, 2-1(112)- 6143/2025 nömrəli qərarı ləğv edilməli, iş üzrə məhkəmə icraatı davam etdirilməsi (mahiyyəti üzrə baxılması) üçün həmin məhkəməyə göndərilməlidir.
18. Belə ki, Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin: 87.7. Apellyasiya instansiyası məhkəməsi, bir qayda olaraq, mübahisə ilə bağlı işə mahiyyəti üzrə baxaraq həll edir. Məhkəmə icraatının davam etdirilməsinin zəruri olduğu aşağıdakı müstəsna hallarda apellyasiya instansiyası məhkəməsi, barəsində şikayət verilmiş məhkəmə qərarını ləğv edərək işi müvafiq inzibati məhkəməyə göndərə bilər: 87.7.1. inzibati məhkəmədə icraat zamanı yol verilmiş ciddi prosessual pozuntular səbəbindən əhəmiyyətli sayda və ya geniş həcmdə sübutların araşdırılması tələb olunduqda; - 12.1-ci maddəsinə əsasən məhkəmə proses iştirakçılarının izahatları, ərizə və təklifləri ilə, onların təqdim etdikləri sübutlarla və işdə olan digər materiallarla kifayətlənməyərək, mübahisənin düzgün həlli üçün əhəmiyyət kəsb edən bütün faktiki halları xidməti vəzifəsinə görə araşdırmağa borcludur. - 12.2-ci maddəsinə əsasən məhkəmə müstəqil şəkildə öz təşəbbüsü ilə və ya proses iştirakçılarının vəsatətinə əsasən digər zəruri sübutları toplamağa borcludur. Məhkəmə tərəflərdən əlavə məlumat və sübutlar tələb edə bilər.
19. Məhkəmə kollegiyası hesab edir ki, birinci instansiya məhkəməsi tərəfindən Azərbaycan Respublikası İPM-nin 12, 13 və 48-ci maddələrində müəyyən edilmiş “İşin hallarının araşdırılması prinsipi” ilə bağlı tələblər pozulmuşdur”.
20. Belə ki, yuxarıda göstərilən müddəaların mənasına görə birinci instansiya məhkəməsi tərəfindən qəbul olunmuş qərarda həll olunan işə aid bütün zəruri məsələlərə aydınlıq gətirilməli, ziddiyətli məqamlar aradan qaldırılmalıdır, məhkəmə qərarında işin ədalətli həllini şübhə altına alan və ziddiyətlər yaradan müddəalar olmamalıdır.
21. İş materiallarından müəyyən edilir ki, Bakı İnzibati Məhkəməsinin 28 avqust 2025-ci il tarixli, 2-1(112)-6143/2025 nömrəli qərarı ilə iddia tələbi qismən təmin edilmiş, Bakı şəhəri Xətai Rayon İcra Hakimiyyətinin imtinası əsassız hesab edilmiş, İddiaçı Bakı şəhəri Xətai Rayon İcra Hakimiyyətinə müraciət etdiyi tarixdən nəzərə alınmaqla onun yaşayış sahəsinə ehtiyacı olan şəxs qismində uçota alınması ilə bağlı inzibati araşdırmanın davam etdirilməsi öhdəliyinin Bakı şəhəri Xətai Rayon İcra Hakimiyyətinin üzərinə qoyulması və iddianın qalan hissədə təmin edilməməsi qərara alınmışdır.
22. Məhkəmə kollegiyası qeyd edir ki, birinci instansiya məhkəməsi hazırki qəbul etdiyi qərarla işi mahiyyəti üzrə həll etməmişdir və bununla da İPM-nin 73-cü maddəsinin tələblərini pozmuşdur. İPM-nin 73-cü maddəsi. Məcburetmə haqqında iddiaya dair məhkəmə qərarı -73.1. İnzibati aktın qəbulundan imtina olunmasının və ya cavabdehin hərəkətsizliyi nəticəsində inzibati aktın qəbul edilməməsinin qanuna zidd olduğu və iddiaçının hüquqlarının pozulmasına səbəb olduğu hallarda, məhkəmə inzibati orqanın üzərinə inzibati aktın qəbul edilməsi barədə öhdəlik qoyur. -73.2. İddiaçının tələbi əsasında müəyyən konkret qərarın qəbul edilməsi mümkün olmadıqda, məhkəmə inzibati orqanın üzərinə, məhkəmənin hüquqi mövqeyini nəzərə almaqla, iddiaçının xeyrinə müvafiq inzibati aktın qəbul edilməsi barədə öhdəlik qoyur. - 73.3. Aşağıdakı hallarda məhkəmə, bir qayda olaraq, iddiaçının tələbinə uyğun qərar qəbul edə bilməz: - 73.3.1. inzibati orqan tərəfindən diskresion səlahiyyət əsasında qərar qəbul edildikdə; - 73.3.2. inzibati aktın qəbulu zamanı inzibati orqanın istinad etdiyi maddi hüquq normasının tətbiqi şərtləri həmin orqanın özünün qiymətləndirməsinə əsasən müəyyən olunduqda və ya hər hansı hüquq normasının tətbiqi ilə bağlı inzibati orqana qiymətləndirmə azadlığı verildikdə; - 73.3.3. inzibati aktın qəbul edilməsi üçün araşdırmanın davam etdirilməsi zəruri olduqda və məhkəmə tərəfindən müstəqil şəkildə, məhkəmə baxışı çərçivəsində belə araşdırmanın həyata keçirilməsi mümkün olmadıqda.
23. Göstərilənlərə əsasən məhkəmə kollegiyası belə nəticəyə gəlir ki, apellyasiya şikayəti qismən təmin edilməli, birinci instansiya məhkəməsinin qərardadı ləğv edilməli, iş üzrə məhkəmə icraatı davam etdirilməsi (mahiyyəti üzrə baxılması) üçün həmin məhkəməyə göndərilməlidir (İPM-nin 73-cü maddəsi nəzərə alınmaqla).
QƏRARA ALDİ:
Apellyasiya şikayəti qismən təmin edilsin. Bakı İnzibati Məhkəməsinin 28 avqust 2025-ci il tarixli, 2-1(112)-6143/2025 nömrəli qərarı ləğv edilsin. İş üzrə məhkəmə icraatı davam etdirilməsi (mahiyyəti üzrə baxılması) üçün həmin məhkəməyə göndərilsin. Qərardaddan kassasiya şikayəti verilə bilməz.
Sədrlik edən: Günel Abbasova Hakimlər: Fərid Mədətli Elvin Əliyev