Məhkəmə qərarları › İş №2-1(103)-406/2023

Bakı Apellyasiya Məhkəməsi Qərar — İş №2-1(103)-406/2023

02.02.2023 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-1(103)-406/2023 02.02.2023 BAKI APELLYASİYA MƏHKƏMƏSİ Giriş hissə: X5 Oruczadənin sədrliyi və məruzəsi ilə, Xəyalə Adil qızı Cəmilova və X2 ibarət tərkibdə, Abbaslı Sücayət Hafiz qızının katibliyi ilə, İddiaçı, Cavabdehin nümayəndəsi X4 iştirakları ilə, İddiaçı cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə X11 Şəxsin Xüsusi Şərtlərlə X1rşı “pensiyanın yenidən hesablanması” tələbinə dair Bakı İnzibati Məhkəməsinin 2-1(112)- 1055/2022 saylı, 22 iyun 2022-ci il tarixli qərarından cavabdeh tərəfindən verilmiş apellyasiya şikayətinə əsasən inzibati işə Bakı Apellyasiya Məhkəməsinin inzibati binasında, açıq şifahi məhkəmə baxış iclasında baxaraq aşağıdakı qərarı qəbul etdi. Təsviri hissə: İddiaçı cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondunun Xüsusi Şərtlərlə X1rşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək 2000-ci ilin sentyabr ayından hazırki vaxtadək olan dövr üzrə ixtisas dərəcəsi ilə bağlı minimum əmək haqqının dörd misli həcmində indeksasiya nəzərə alınmaqla ödənilməli olan məbləğlərin hesablanmasını və hesablanmış məbləğin birdəfəlik olaraq ona ödənilməsi, eləcə də ixtisas dərəcəsi ilə bağlı sonrakı aylar üzrə ödənişlərin təmin olunması vəzifəsinin cavabdehə həvalə edilməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir. Sonradan iddiaçı iddia tələbinin dəqiqləşdirilməsi barədə ərizə ilə məhkəməyə müraciət edərək 2000-ci ilin sentyabr ayından hazırki vaxtadək olan dövr üzrə ixtisas dərəcəsi ilə bağlı minimum əmək haqqının bir misli həcmində əlavə haqq nəzərə alınmaqla pensiyanın yenidən hesablanması (indeksasiya nəzərə alınmaqla) və keçən dövr üçün hesablanmış məbləğin birdəfəlik olaraq ona ödənilməsi vəzifəsinin iş üzrə cavabdehə həvalə edilməsi barədə qərar qəbul edilməsini xahiş etmiş və həmin ərizə məhkəmənin xx.xx.2022-ci il tarixli, 2-1(112)-1055/2022 №-li qərardadı ilə icraata qəbul edilmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, o, 1993-cü ilin yanvar ayından 2000-ci ilin sentyabr ayınadək Ağdam Hərbi Məhkəməsinin hakimi vəzifəsində işləmiş, ədliyyə polkovnik-leytenantı rütbəsinə malik olmuş, müharibə veteranıdır. 2000-ci ilin sentyabr ayından ona pensiya təyin edilmişdir. 29 iyul 1992-ci il tarixdə Azərbaycan Respublikası Milli Məclisi tərəfindən “Azərbaycan Respublikası məhkəmələrinin hakimləri üçün ixtisas dərəcələrinin müəyyən edilməsi haqqında” 250 saylı Qanunu qəbul edilmişdir. Qeyd olunan Qanuna əsasən Azərbaycan Respublikası məhkəmələrinin hakimləri üçün 6 - ali, İ, İİ, İİİ, İV və V ixtisas dərəcələri müəyyən edilmiş və həmin Qanunla “Azərbaycan Respublikası məhkəmələri hakimlərinin ixtisas dərəcələri haqqında" Əsasnamə təsdiq edilmişdir. Əsasnamədə hakimlərə ixtisas dərəcələrinin ömürlük verilməsi, ixtisas dərəcəsi olan hakimlərə vəzifə maaşından əlavə haqq verilməsi müəyyən edilmişdir. Bununla əlaqədar Azərbaycan Respublikası Milli Məclisi tərəfindən 04 noyabr 1992-ci il tarixdə “Azərbaycan Respublikası məhkəmələrinin ixtisas dərəcəli hakimlərinə əlavə haqq verilməsi haqqında" 364 saylı Qərarı qəbul edilmişdir. Həmin Qərara əsasən ixtisas dərəcələri üzrə müvafiq haqlar, o cümlədən İV ixtisas dərəcəli hakimlərə minumum əmək haqqının iki misli məbləğində əlavə haqq verilməsi və qərarın 01 yanvar 1993-cü il tarixdən tətbiq edilməsi qərara alınmışdır. Azərbaycan Respublikası Milli Məclisinin 01 iyul 1994-cü il tarixli, 844 saylı qərarına əsasən ona V ixtisas dərəcəsi verilmiş və “Azərbaycan Respublikası məhkəmələri hakimlərinin ixtisas dərəcələri haqqında” Əsasnaməsinin 5-ci bəndinə əsasən beşinci ixtisas dərəcəsində qalma müddətinin 3 il olması nəzərə alınaraq onun ixtisas dərəcəsi İV dərəcə olmuşdur. Qeyd olunanları nəzərə alaraq 2000-ci ilin sentyabr ayından hazırkı vaxtadək olan dövr üzrə ixtisas dərəcəsi ilə bağlı minimum əmək haqqının iki misli həcmində indeksasiya nəzərə alınmaqla ödənilməli olan məbləğin hesablanması və hesablanmış məbləğin ona ödənilməsi, eləcə də ixtisas dərəcəsi ilə bağlı sonrakı aylar üzrə ödənişlərin təmin olunması barədə 02 aprel 2021-ci il tarixli ərizə ilə aidiyyəti üzrə iş üzrə cavabdeh olan Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Sosial Müdafiə Fondunun Xüsusi Şərtlərlə Təyinat İdarəsinə müraciət etmişdir. Ərizənin təqdim edildiyi vaxtdan bir aydan çox vaxt keçməsinə baxmayaraq cavabdeh tərəfindən ərizə ilə əlaqədar heç bir cavab göndərilməmişdir. Bakı İnzibati Məhkəməsinin 2-1(112)-1055/2022 saylı, 22 iyun 2022-ci il tarixli qərarı ilə (hakim Ş.Həsənova) iddia qismən təmin edilmiş, İddiaçı xx.xx.2000-ci il tarixdən təyin edilmiş əmək pensiyasının beşinci ixtisas dərəcəsi ilə bağlı minimum əmək haqqının bir misli həcmində əlavə haqq nəzərə alınmaqla yenidən hesablanması (indeksasiya nəzərə alınmaqla) və yaranmış fərq məbləğinin xx.xx.2018-ci il tarixdən hesablanaraq ödənilməsi vəzifəsinin cavabdehin üzərinə qoyulması qərara alınmışdır. Qərardan narazı qalan cavabdeh qanunvericiliklə müəyyən edilmiş qaydada və vaxtda apellyasiya şikayəti verərək, qərarın ləğv edilərək, iddia tələbinin təmin edilməməsini xahiş etmişdir. Apellyasiya şikayətinin dəlilləri: Apellyasiya şikayəti onunla əsaslandırılmışdır ki, “Azərbaycan Respublikası məhkəmələrinin hakimləri üçün ixtisas dərəcələrinin müəyyən edilməsi haqqında” Azərbaycan Respublikasının Qanunu Azərbaycan Respublikasının 5 oktyabr 2001-ci il tarixli 190-İİQD nömrəli Qanunu ilə, “Azərbaycan Respublikası məhkəmələrinin ixtisas dərəcəli hakimlərinə əlavə haqq verilməsi haqqında” Azərbaycan Respublikası Milli Məclisinin Qərarı isə Azərbaycan Respublikasının 6 mart 2007-ci il tarixli 260-İİİQD nömrəli Qanunu ilə qüvvədən düşmüşdür. Eyni zamanda Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanununun 1.0.1, 1.0.2, 1.0.5, və 20.14- cü maddələrinin şərh edilməsinə dair 15 may 2020-ci il tarixli Qərarına əsasən “Əmək pensiyaları haqqında” Qanunun 20-ci maddəsində göstərilən “sonrakı artımlar” müddəası pensiya hüququ olan şəxsin vaxtilə müvafiq vəzifədə aldığı əmək haqqının, təminat xərcliyinin, dövlət məvacibinin tərkib hissələrinə daxil olmuş və verilmiş ödənclərdəki artımları nəzərdə tutur. Həmçinin, həmin qərarda təsbit olunur ki, “Əmək pensiyaları haqqında" Qanunun 1.0.1, 1.0.2, 1.0.5, 9.5 və 20.14-cü maddələrinin tələblərinə görə, şəxsə pensiya təyin edilərkən və ya təyin edildikdən sonra yenidən hesablanarkən xidmət etdiyi, işlədiyi və ya qulluq keçdiyi dövrdə almadığı və məcburi dövlət sosial sığortasına cəlb olunmayan əlavələrə edilən artımlar nəzərə alına bilməz. Məhkəmə icraatı iştirakçılarının izahatları: Məhkəmə iclasında iştirak edən cavabdehin nümayəndəsi apellyasiya şikayətini müdafiə edərək, təmin edilməsini, birinci instansiya məhkəməsinin qərarının ləğv edilməsi və iddianın təmin edilməməsini xahiş etdi. Məhkəmə iclasında iştirak edən iddiaçı apellyasiya şikayətinə etiraz edərək, təmin edilməməsini, birinci instansiya məhkəməsinin qərarının dəyişdirilmədən saxlanılmasını xahiş etmişdi. Əsaslandırıcı hissə: Azərbaycan Respublikası İnzibati-Prosessual Məcəlləsinin 82-ci maddəsinə əsasən apelyasiya instansiyası məhkəməsi mübahisə ilə bağlı işə şikayət həddində və hüquqi məsələlər, habelə sübutlar və faktlar (faktiki hallar) əsasında mahiyyəti üzrə tam həcmdə baxır. Apellyasiya şikayəti qanunla müəyyən olunmuş tələblərə riayət olunmaqla verilmişdir, şikayətin mümkün sayılmaması üçün əsaslar yoxdur. Belə ki, şikayət birinci instansiya məhkəməsinin qərarının təqdim olunduğu gündən 30 gün ərzində verilmişdir (İPM-85.1), formal baxımdan əsaslandırılmış və şikayətçinin tələbi göstərilmişdir (İPM-85.2, 85.3). İşdən göründüyü kimi, iddia qismən təmin olunsa da, iddianın təmin olunmayan hissəsindən iddiaçı tərəfindən apellyasiya şikayəti verilmədiyindən, Məhkəmə kollegiyası yalnız cavabdehin verdiyi apellyasiya şikayəti həddində qərarı – iddianın təmin olunmuş hissəsində yoxlayır. Məhkəmə kollegiyası tərəfləri dinləyib, apellyasiya şikayətinin dəlillərini iş materialları ilə birlikdə araşdırıb hesab edir ki, apellyasiya şikayəti təmin edilməməli, birinci instansiya məhkəməsinin qərarı yoxlanılan hissədə dəyişdirilmədən saxlanılmalıdır. İnzibati işdən müəyyən olunur ki, İddiaçı cavabdeh inzibati orqan tərəfindən xx.xx.2000-ci il tarixdən Ağdam qarnizonu hərbi tribunalının hakimi kimi güzəştli şərtlərlə yaşa görə əmək pensiyası təyin edilmişdir. Azərbaycan Respublikası Milli Məclisinin 844 №-li, 01 iyul 1994-cü il tarixli qərarına əsasən Ağdam qarnizonu hərbi tribunalının hakimi İddiaçı beşinci ixtisas dərəcəsi verilmişdir. İddiaçı 2000-ci ilin sentyabr ayından hazırki vaxtadək olan dövr üzrə ixtisas dərəcəsi ilə bağlı minimum əmək haqqının bir misli həcmində əlavə haqq nəzərə alınmaqla pensiyanın yenidən hesablanması ilə bağlı cavabdeh inzibati orqana müraciət etsə də müraciəti təmin edilməmişdir. Məhkəmə kollegiyası ilk öncə iddianın mümkünlüyü ilə bağlı aşağıdakıları qeyd edir: Məhkəmə kollegiyası işə iddianın mahiyyəti üzrə baxılmasına imkan verən mümkünlük şərtlərinə (iddiaçının subyektiv hüququ, cavabdehin seçilməsi və s.) qiymət verərək belə nəticəyə gəlir ki, iddia mümkün sayılır. Belə ki, baxılan işdə iddianın ümumi və xüsusi mümkünlük şərtləri mövcuddur. Yəni iddia inzibati mübahisədir və ona baxmaq səlahiyyəti inzibati məhkəmələrə aiddir (İPM-in 1.1, 2.1, 3.1 və 8.1.4-cü maddələri). İddiaçı İPM-in 2.2.3-cü maddəsində nəzərdə tutulmuş iddianı (öhdəliyin icrası) qaldırmışdır. İddiaçı cavabdehin üzərinə inzibati aktın qəbul edilməsi ilə əlaqədar olmayan müəyyən hərəkətlərin edilməsi öhdəliyinin qoyulmasını xahiş edir. Cavabdeh tərəfindən iddiaçının müvafiq müraciətinə baxılaraq qaldırılan məsələnin həllindən imtina olunduğundan, tərəflər arasında inzibati mübahisə mövcuddur. İddiaçı əvvəlcə inzibati orqana müraciət etmiş, cavabdeh tərəfindən iddiaçının müraciətinə imtina edilmişdir. İPM-in 34.1-ci maddəsinə əsasən öhdəliyin icrası haqqında iddia vasitəsi ilə iddiaçı cavabdehdən inzibati aktın qəbul edilməsi ilə bağlı olmayan (inzibati aktın qəbul edilməsinə yönəlməyən) müəyyən hərəkətlərin edilməsini tələb edə bilər. Məhkəmə kollegiyası qeyd edir ki, iddia mümkün iddia olmaqla yanaşı həm də mahiyyəti üzrə əsaslı olması nəticəsinə gəlməkdə birinci instansiya məhkəməsi haqlı olmuşdur. Məhkəmə kollegiyası birinci instansiya məhkəməsinin gəldiyi nəticə ilə razılaşaraq aşağıdakıları qeyd edir. xx.xx.1992-ci il tarixdə qəbul edilmiş, xx.xx.2001-ci il tarixədək qüvvədə olan “Azərbaycan Respublikası məhkəmələrinin hakimləri üçün ixtisas dərəcələrinin müəyyən edilməsi haqqında” Qanunla Azərbaycan Respublikası məhkəmələrinin hakimləri üçün ixtisas dərəcələri müəyyən edilmiş, “Azərbaycan Respublikası məhkəmləri hakimlərinin ixtisas dərəcləri haqqında” Əsasnamənin 7-8-ci bəndlərinə əsasən ixtisas dərəcələri hakimlərə ömürlük verilir və ixtisas dərəcəsi olan hakimlərə vəzifə maaşından əlavə haqq müəyyən edilmişdir. xx.xx.1992-ci il tarixdə qəbul edilmiş, xx.xx.2007-ci il tarixədək qüvvədə olan “Azərbaycan Respublikası məhkəmələrinin ixtisas dərəcəli hakimlərinə əlavə haqq verilməsi haqqında” Azərbaycan Respublikası Milli Məclisinin Qərarı ilə Azərbaycan Respublikası məhkəmələrinin beşinci ixtisas dərəcəli hakimlərinə Azərbaycan Respublikasında müəyyən edilmiş minimum əmək haqqının bir misli məbləğində əlavə haqq verilməsi qərara alınmışdır. “Məhkəmələr və hakimlər haqqında” Azərbaycan Respublikası Qanununun tətbiqi ilə əlaqədar Azərbaycan Respublikasının bəzi qanunvericilik aktlarına dəyişikliklər edilməsi və bəzi qanunvericilik aktlarının qüvvədən düşmüş hesab edilməsi barədə” 5 oktyabr 2001-ci il tarixli, 190-İİQD nömrəli Azərbaycan Respublikası Qanunu ilə “Azərbaycan Respublikası məhkəmələrinin hakimləri üçün ixtisas dərəcələrinin müəyyən edilməsi haqqında” Qanun qüvvədən düşmüşdür. “Məhkəmələr və hakimlər haqqında” Azərbaycan Respublikası Qanununun 109-cu maddəsinə əsasən, hakimlərin, sabiq hakimlərin və onların ailə üzvlərinin pensiya təminatı “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanununa uyğun olaraq həyata keçirilir. “Məhkəmələr və hakimlər haqqında” Azərbaycan Respublikası Qanununun 109-cu, “Konstitusiya məhkəməsi haqqında” Azərbaycan Respublikası Qanununun 73-cü və “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanununun 20.1.4 və 20.7 maddələrinin şərh edilməsinə dair Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 18 iyul 2008-ci il tarixli qərarına əsasən "Məhkəmələr və hakimlər haqqında” Azərbaycan Respublikası Qanununun 109-cu maddəsi və "Konstitusiya Məhkəməsi haqqında” Azərbaycan Respublikası Qanununun 73-cü maddəsinin müddəaları Azərbaycan Respublikası Konstitusiyasının 127-ci maddəsinin İ hissəsində nəzərdə tutulmuş hakimlərin müstəqilliyinin təminatlarından biri kimi qəbul edilməli və onların barəsində hakim vəzifələrində işlədikləri dövrdə mövcud olmuş daha üstün sosial müdafiə təminatlarını əks etdirən qanunvericiliyin müddəaları tətbiq olunmalıdır. Hakimlərin sosial müdafiəsi ilə bağlı məsələlər həll edilərkən Azərbaycan Respublikası Konstitusiyasının 149-cu maddəsinin Vİİ hissəsinə uyğun olaraq "Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanununun 20.1.4 və 20.7-ci maddələrinin müddəalarından daha üstün sosial müdafiə təminatları müəyyənləşdirən: 30 dekabr 2005-ci il tarixədək vəzifəyə təyin olunmuş ümumi yurisdiksiyalı məhkəmələrin hakimlərinə — həmin günədək qüvvədə olmuş "Məhkəmələr və hakimlər haqqında” Azərbaycan Respublikası Qanununun 109-cu maddəsinin; 19 oktyabr 2007-ci il tarixədək vəzifəyə təyin olunmuş Konstitusiya Məhkəməsinin hakimlərinə — həmin günədək qüvvədə olmuş «Konstitusiya Məhkəməsi haqqında» Azərbaycan Respublikası Qanununun 73-cü maddəsinin müddəaları tətbiq olunmalıdır. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun “O.Gərəkməzlinin şikayəti üzrə Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati-İqtisadi Kollegiyasının 13 mart 2013-cü il tarixli qərarının Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına dair” 25 fevral 2014-cü il tarixli Qərarında ifadə olunmuş hüquqi mövqeyə görə də, hakimlərin sosial müdafiəsi onların müstəqilliyinin ayrılmaz mühüm elementi kimi çıxış edir. Hakimlərin statusunun konstitusiya–hüquq xüsusiyyətləri, onların fəaliyyətinin növü və xarakteri nəzərə alınaraq, sabiq hakimin sosial təminatı fəaliyyətdə olan hakimin müstəqilliyinin təminatı hesab olunur, belə ki, belə tənzimləmə gələcəkdə onların maddi təminatının zəmanəti kimi çıxış edir.” “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanununun 20.1.4-cü maddəsinə əsasən, qulluq stajına görə əmək pensiyasına əlavələr əmək pensiyası yaşına çatmış sabiq hakimlərə təyin edilir. Həmin Qanunun 1 iyul 2017-ci il tarixədək qüvvədə olmuş 20.7-ci maddəsinin redaksiyasına görə bu Qanunun 20.1.4-cü maddəsində nəzərdə tutulan şəxslərin əmək pensiyasına əmək haqqındakı sonrakı artımlar da nəzərə alınmaqla: 5 il hakim işləmiş sabiq hakimlərə-hakim vəzifəsində aldıqları 5 ilin orta aylıq əmək haqqının 45 faizi miqdarında; 5 ildən 10 ilə qədər hakim işləmiş sabiq hakimlərə - hakim vəzifəsində aldıqları istənilən 5 ilin orta aylıq əmək haqqının 45 faizi miqdarında, 5 ildən yuxarı hakimlik stajının hər ili üçün həmin orta aylıq əmək haqqının 2 faizi miqdarında əlavə olumaqla; 10 ildən yxuarı hakim işləmiş sabiq hakimlərə - hakim vəzifəsində aldıqları istənilən 5 ilin orta aylıq əmək haqqının 55 faizi miqdarında, 10 ldən yuxarı hakimlik stajının hər ili üçün həmin orta aylıq əmək haqqının 5 faizi miqdarında əlavə olunmaqla, lakin, həmin orta aylıq əmək haqqının 80 faizi miqdarından çox olmamaq şərti ilə müəyyən olunan məbləğlə bu Qanunla təyin edilən əmək pensiyasının məbləği arasındakı fərq qədər əlavə ödənilir. Həmçinin, “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanununun 1.0.1, 1.0.2, 1.0.5 və 20.14-cü maddələrinin şərh edilməsinə dair Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumunun 15 may 2020-ci il tarixli Qərarına əsasən “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanununun 20-ci maddəsində göstərilən “sonrakı artımlar” müddəası pensiya hüququ olan şəxsin vaxtilə müvafiq vəzifədə aldığı əmək haqqının, təminat xərcliyinin, dövlət məvacibinin tərkib hissələrinə daxil olmuş və verilmiş ödənclərdəki artımları nəzərdə tutur. “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanununun 1.0.1, 1.0.2, 1.0.5, 9.5 və 20.14-cü maddələrinin tələblərinə görə, şəxsə pensiya təyin edilərkən və ya təyin edildikdən sonra yenidən hesablanarkən xidmət etdiyi, işlədiyi və ya qulluq keçdiyi dövrdə almadığı və məcburi dövlət sosial sığortasına cəlb olunmayan əlavələrə edilən artımlar nəzərə alına bilməz. Hakimlərin statusuna dair Avropa Xartiyasının 6.1.-ci maddəsində göstərilir ki, hakimlər öz funksiyalarını həyata keçirərkən, onların müstəqilliyinə və qərəzsizliyinə zərbə vura biləcək və öz səlahiyyətləri çərçivəsində onlar tərəfindən qəbul edilən bu və ya digər qərarlara və ya həyata keçirilən hərəkətlərə təsir göstərilməsi məqsədinə yönələn müdaxilələrdən qaçınmalarına şərait yaradacaq miqdarda maddi mükafatlandırma hüququna malikdirlər. Həmin Xartiyanın 6.4.-cü maddəsinə əsasən müəyyən olunmuş müddət çərçivəsində öz hakimlik vəzifəsini yerinə yetirib, pensiya yaşına çatmış hakimlərə onların axırıncı iş yerlərində hakim kimi aldıqları vəzifə maaşlarına mümkün olduğu miqdarda yaxın olan məbləğdə pensiya verilməsinə təminat verilməlidir. Hakimlərin müstəqilliyi, səmərəliliyi və rolu haqqında Avropa Şurası Nazirlər Komitəsinin Tövsiyəsinə görə isə hakimləri peşə nüfuzuna və məsuliyyət dərəcəsinə uyğun statusla təmin etmək və həvəsləndirməklə onların fəaliyyəti üçün lazımi şərait yaradılmalıdır. Apellyasiya şikayətinin dəlillərinə münasibət: İşin hallarından göründüyü kimi, İddiaçı xx.xx.1958-ci ildə doğulmuş, ona xx.xx.2000-ci il tarixdən Azərbaycan Respublikası Müdafiə Nazirliyinin məlumat vərəqəsinə əsasən polkovnik-leytnant rütbəsi ilə Ağdam qarnizon tribunal hakimi vəzifəsinə uyğun olaraq 28 il 06 ay 14 gün xidmət müddətinə görə hərbi qulluqçu kimi yaşa görə güzəştli şərtlərlə əmək pensiyası təyin edilmişdir. Cavabdeh inzibati orqanın qərarlarına əsasən İddiaçı təyin edilmiş əmək pensiyası bir neçə dəfə hesablanmış, xx.xx.2020-ci il tarixli qərar ilə İddiaçı xx.xx.2019-cu il tarixdən müddətsiz 1783,17 manat məbləğində pensiya təyin edilmişdir. İddiaçı 1994-2000-ci illərdə Ağdam qarnizonu hərbi tribunalının hakimi işləməsi və ona Milli Məclisin 01 iyul 1994-ci il tarixli qərarı ilə hakim kimi beşinci ixtisas dərəcəsi verilməsi işin mübahisəsiz haldır. Belə ki, iş materiallarında olan Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Mərkəzi Arxivi tərəfindən məhkəməyə ünvanlanmış xx.xx.2021-ci il tarixli, 10/203 №-li məktubuna əlavə edilmiş sənədlərdən görünür ki, “Azərbaycan Respublikası Bakı şəhər məhkəmələrinin rayon (şəhər) məhkəmələrinin və hərbi tribunallarının hakimlərinə ixtisas dərəcələrinin verilməsi haqqında” Azərbaycan Respublikası Milli Məclisinin 844 №-li, 01 iyul 1994-cü il tarixli qərarından çıxarışa əsasən Azərbaycan Respublikasının Milli Məclisinin “Azərbaycan Respublikasının Məhkəmə Quruluşu haqqında” Azərbaycan Respublikası Qanununun 93- cü maddəsinə, “Azəraycan Respublikası Məhkəmələri hakimlərinin ixtisas dərəcələri haqqında” Əsasnaməyə uyğun olaraq Ağdam qarnizonu hərbi tribunalının hakimi İddiaçı beşinci ixtisas dərəcəsi verilmişdir. İşin mübahisəli halı və apellyasiya şikayətinin dəlili 1994-2000-cı illər ərzində aldığı əmək haqqı cədvəllərinin və ixtisas dərəcəsinə görə əlavələrin ödənilməsi ilə bağlı sənədlərin aşkar olunmamasıdır. Məhkəmə araşdırmaları zamanı İddiaçı 1994-2000-ci illər işlədiyi dövr ərzində aldığı əmək haqları barədə müvafiq sorğular göndərilmişdir. Sorğulara cavablar aşağıdakılardan ibarətdir: Azərbaycan Respublikası Ədliyyə Nazirliyi tərəfindən məhkəməyə ünvanlanmış xx.xx.2021-ci il tarixli, 8/1073 №-li məktubdan görünür ki, hərbi tribunalların hakimlərinin əmək haqları 2000-ci ilin sentyabr ayınadək Azərbaycan Respublikası Ali Məhkəməsi və Müdafiə Nazirliyi tərəfindən ödənilmişdir. 2000-ci ilin sentyabr ayından hərbi məhkəmələrin (əvvəlki hərbi tribunallar) maliyyə təminatı Ədliyyə Nazirliyi tərəfindən həyata keçirilir. İddiaçı Ağdam qarnizonu hərbi tribunalının hakimi vəzifəsində işlədiyi müddət ərzində (1993-2000-ci il sentyabr ayınadək) onun əmək haqqı Ədliyyə Nazirliyi tərəfindən hesablanmadığından ixtisas dərəcəsinə görə əlavənin ödənilibödənilməməsi barədə məlumatları yoxdur. Azərbaycan Respublikası Ali Məhkəməsi tərəfindən məhkəməyə ünvanlanmış xx.xx.2021-ci il tarixli, 2-1190 №-li məktubdan görünür ki, Ağdam qarnizonu hərbi tribunalının sabiq hakimi İddiaçı işlədiyi dövrdə ixtisas dərəcəsinə görə əlavənin ödənilibödənilməməsi barədə məlumat Azərbaycan Respublikası Ali Məhkəməsinin Hərbi Kollegiyasının əmrlər kitabında aşkar edilməmişdir. Azərbaycan Respublikası Ali Məhkəməsi tərəfindən məhkəməyə ünvanlanmış xx.xx.2021-ci il tarixli, 178/21 №-li məktubdan görünür ki, hərbi tribunalların hakimlərinə və onların aparatında xidmət etmiş və oradan ehtiyata və ya istefaya buraxılmış hərbi qulluqçulara aid Ali Məhkəmədə mövcud olan arxiv sənədlərindən tələb olunan dövr üzrə İddiaçı aid tapılan sənədlərin təsdiqlənmiş surtələri təqdim edilir. Təqdim edilən sənədlər Azərbaycan Respublikası Müdafiə Nazirliyinin İşlər İdarəsi X7 Məhkəmənin 2020-ci ildə müraciəti əsasında əldə edilmiş Hərbi Tribunalların şəxsi heyətinə aid pul paylama cədvəllərinin təsdiq olunmuş kserosurətlərinin qovluğundan götürülmüşdür. Həmin məktuba əlavə edilmiş Ağdam qarnizonu hərbi tribunalının 1993-cü ilin dekabr ayı üzrə 15 və 16 №-li pul paylama cədvəllərindən görünür ki, İddiaçı əmək haqqı ödənişləri edilmişdir. Azərbaycan Respublikası Müdafiə Nazirliyi tərəfindən İddiaçı ünvanlanmış xx.xx.2022-ci il tarixli, 4/2-25 №-li məktubdan görünür ki, müraciətinə cavab olaraq bildirilir ki, N №-li hərbi hissənin şəxsi heyətinə pul təminatının ödənilməsi cədvəlləri qovluğunda (əsas: sıra 2, məlumatda adı və atasının adı tam yazılmamışdır) noyabr 1993-cü il tarixi üçün pul təminatı ilə təmin olunmuş Ağdam Qarnizonu Hərbi Tribunalının şəxsi heyətinin siyahısında hakim, leytenant N.Ə.Əİiyevin adı qeyd edilrnişdir. N №-li hərbi hissənin şəxsi heyətinə pul təminatının ödənilməsi cədvəlləri qovluğunda (əsas: sıra 2, məlumatda adı və atasının adı tam yazılmamışdır) dekabr 1993-cü il tarixi üçün pul təminatı ilə təmin olunmuş Ağdam Qarnizonu Hərbi Tribunalının şəxsi heyətinin sıyahısında hakim, leytenant N.Ə.Əİiyevin adı qeyd edilmişdir. N №-li hərbi hissənin şəxsi heyətinə pul təminatının ödənilməsi cədvəlinin qovluğunda (əsas: sıra 2, məlumatda adı və atasının adı tam yazılmamışdır) 1993-cü il tarixi üçün maddi yardım ödənilmiş Ağdam Qarnizonu Hərbi Tribunalının şəxsi heyətinin sıyahısında hakim, leytenant N.Ə.Əİiyevin adı qeyd edilmışdir. N №-li hərbi hissənin şəxsi heyətinə pul təminatının ödənilməsi cədvəlləri qovluğunda (əsas: səh. 14) 1993-cü ilin bir aylıq əmək haqqı dəyərində maddi yardım ödənilmiş Ağdam Qarnizonu Hərbi Tribunalının şəxsı heyətinin siyahısında hakim, leytenant İddiaçı adı qeyd edilmişdir. N №-li hərbi hissənin şəxsı heyətinə pul təminatının ödənilməsi cədvəlləri qovluğunda (əsas: səh 160) 1993-cü ildə xidməti vəzifələrini layiqincə yerinə yetirdiklərinəvə hərbi intizamı qoruduqlarına görə birdəfəlik olaraq iki aylıq əmək haqqı məbləğində mükafatlandırılmış şəxsi heyətin sıyahısında hakim, leytenant İddiaçı adı qeyd edilmişdir. Qeyd edilir ki, N №-li hərbi hissənin 1994-1995-ci il tarixli şəxsi heyətə pul təminatının ödənilməsi cədvəlləri qovluqlarında İddiaçı pul təminatı ilə təmin olunması barədə məlumat aşkar edilməmişdir. Azərbaycan Respublikası Ali Məhkəməsi tərəfindən məhkəməyə ünvanlanmış xx.xx.2022-ci il tarixli, 48/22 №-li məktubdan görünür ki, Azərbaycan Respublikası Ali Məhkəməsinin arxivində hərbi tribunalların hakimlərinin, hərbi kollegiyaya daxil olan Azərbaycan Respublikası Ali Məhkəməsinin üzvlərinin əmək haqqı cədvəlləri, şəxsi vərəqələri yoxdur. Tərəflərindən təqdim edilən sənədlər Azərbaycan Respublikası Müdafiə Nazirliyinin İşlər İdarəsi X7 Məhkəmənin 2020-ci ildə müraciəti əsasında əldə edilmiş Hərbi Tribunalların şəxsi heyətinə aid pul paylama cədvəllərinin təsdiq olunmuş kserosurətlərinin qovluğundan götürülmüşdür. Azərbaycan Respublikasının Müdafiə Nazirliyi tərəfindən məhkəməyə ünvanlanmış xx.xx.2022-ci il tarixli, 4/2-2516 №-li məktubdan görünür ki, sorğuya cavab olaraq Ağdam Qarnizonu Hərbi Tribunalının hakimi İddiaçı barədə N №-li hərbi hissənin noyabr, dekabr 1993-cü il tarixli pul paylama cədvəllərindən, N №-li hərbi hissənin pul paylama cədvəlində olan birdəfəlik pul mükafatı və maddi yardım cədvəlində və N №-li hərbi hissənin 1993-cü il tarixli pul paylama cədvəlində olan xx.xx.1993-cü il tarixli, 6 №-li, xx.xx.1993-cü il tarixli 7 №-li əmrlərindən arxiv çıxarışları ünvana göndərilir. Qeyd edilir ki, N №-li hərbi hissənin 1994-1998-ci il tarixli pul paylama cədvəllərində İddiaçı pul təminatı ilə təmin olunması barədə məlumat aşkar olunmamışdır. Həmçinin bildirilir ki, N №-li hərbi hissənin 1999- 2000-ci il tarixli pul paylama cədvəlləri və mühasibatlıq sənədləri Müdafiə Nazirinin Katibliyi Mərkəzi Arxivinə daxil olmamışdır. Həmin məktuba əlavə edilmiş N saylı hərbi hissənin pul paylama cədvəllərindən görünür ki, İddiaçı 1993-cü ildə pul təminatları ödənilmişdir. Həmçinin, Azərbaycan Respublikası Ali Məhkəməsi tərəfindən Bakı Apellyasiya Məhkəməsinə ünvanlanmış 17 yanvar 2023-cü il tarixli 1-8/1-22-ci il tarixli, 48/22 №-li məktubdan görünür ki, Azərbaycan Respublikası Ali Məhkəməsinin arxivində hərbi tribunalların hakimlərinin, hərbi kollegiyaya daxil olan Azərbaycan Respublikası Ali Məhkəməsinin üzvlərinin əmək haqqı cədvəlləri və şəxsi vərəqələri mövcud deyildir. Azərbaycan Respublikası Ali Məhkəməsinin 2020-ci ildə Azərbaycan Respublikası Müdafiə Nazirliyinə müraciəti əsasında əldə edilmiş hərbi tribunalların şəxsi heyətinə aid pul paylama cədvəllərinin (1993-cü ilə dair) təsdiq olunmuş kserosurətləri məktuba əlavə edilərək təqdim edilmişdir. Həm birinci instansiya məhkəməsi, həm də apellyasiya baxışı zamanı məhkəmə kollegiyası tərəfindən işin araşdırılması nəticəsində əldə edilmiş məlumatlardan görünür ki, iddiaçının hakim kimi fəaliyyət göstərdiyi 1993-cü ildən sonrakı dövrə dair pul təminatı ilə bağlı heç bir məlumat müvafiq arxivlərdə tapılmamışdır. Lakin bu hal iddiaçının müvafiq dövrdə yəni, 1993-cü ildən sonra əmək haqqı, o cümlədən ixtisas dərəcəsinə görə əlavələri almaması qənaətinə gəlinməsinə əsas ola bilməz. Cavabdeh inzibati orqan isə öz növbəsində imtinasında və apellyasiya şikayətinin dəlillərində iddiaçının 1994-2000-ci illərdə əmək haqqı, digər pul təminatları aldığı halda məhz qeyd edilən əlavənin onun tərəfindən alınmamasını sübuta yetirə bilməmişdir. Digər tərəfdən isə nəzərə almaq lazımdır ki, arxivdə sənədlərin aşkar edilməməsi iddiaçının təqsiri ilə bağlı olmayan haldır. Bu, onun üçün hüquqlarını məhdudlaşdırıcı nəticələr doğurmamalıdır. Məhkəmə kollegiyası cavabdehin apellyasiya şikayətində istinad etdiyi “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanununun 1.0.1, 1.0.2, 1.0.5 və 20.14cü maddələrinin şərh edilməsinə dair Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumunun 15 may 2020-ci il tarixli Qərarına bir daha diqqət yetirir. Həmin Qərarda qeyd edilir ki,“Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanununun 20-ci maddəsində göstərilən “sonrakı artımlar” müddəası pensiya hüququ olan şəxsin vaxtilə müvafiq vəzifədə aldığı əmək haqqının, təminat xərcliyinin, dövlət məvacibinin tərkib hissələrinə daxil olmuş və verilmiş ödənclərdəki artımları nəzərdə tutur. “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanununun 1.0.1, 1.0.2, 1.0.5, 9.5 və 20.14-cü maddələrinin tələblərinə görə, şəxsə pensiya təyin edilərkən və ya təyin edildikdən sonra yenidən hesablanarkən xidmət etdiyi, işlədiyi və ya qulluq keçdiyi dövrdə almadığı və məcburi dövlət sosial sığortasına cəlb olunmayan əlavələrə edilən artımlar nəzərə alına bilməz. Hazırki halda isə iddiaçının məhz 1994-2000-ci illərdə əmək haqqı və s. aldığı halda sözügedən əlavəni almamasına dair sübut yoxdur. Bir halda ki, həmin dövr üzrə arxivdə heç bir sənəd tapılmır, bu həmin məvaciblərin alınmaması kimi qiymətləndirilməməlidir. Məhkəmə kollegiyası həmçinin, sözügedən əlavənin məcbur dövlət sığortasına cəlb edilməli olub-olmaması, cəlb edilməli olduğu halda, bunun baş verib-verilməsi ilə bağlı qeyd edir ki, “Vətəndaşların pensiya təminatı haqqında” Qanunun 67-ci maddəsinə görə, əmək (sosial sığorta) pensiyasının təyin edilməsi üçün qanunla müəyyən edilmiş hallar istisna olmaqla 1 yanvar 2002-ci il tarixdən əmək stajına məcburi dövlət sosial sığorta haqlarının ödənildiyi əmək fəaliyyəti müddəti daxildir. 1 yanvar 2002-ci ilədək əmək fəaliyyəti göstərən şəxslərə pensiya təyin olunması üçün əmək stajı bu maddənin birinciyeddinci hissələrinə müvafiq olaraq hesablanır. Göründüyü kimi 01 yanvar 2002-ci ilədək və ondan sonrakı dövrləri qanunverici fərqli qaydada tənzimləmişdir. 01 yanvar 2002-ci ilədək əmək fəaliyyəti göstərən şəxslərə pensiya təyin olunması üçün əmək stajı “Vətəndaşların pensiya təminatı haqqında” Qanunun 67-ci maddəsinin birinci-yeddinci hissələrinə müvafiq olaraq hesablanmalıdır. Bu normaya əsasən Məhkəmə kollegiyası qeyd edir ki, iddiaçının hakim kimi fəaliyyət göstərdiyi 1994-2000-ci illərdə aldığı məvaciblərə, əlavələrə məcburi dövlət sosial sığorta haqlarının ödənilməsi şərti ümumiyyətlə, tələb olunmamalıdır. Məhkəmə kollegiyası həmçinin, qeyd edir ki, cavabdeh inzibati orqan tərəfindən iddiaçının ixtisas dərəcəsi nəzərə alınmaqla pensiya məbləğinin yenidən hesablanması zamanı yaranmış fərq məbləğinin «Əmək pensiyaları haqqında» Azərbaycan Respublikası Qanununun 32.1-1-ci maddəsinin tələblərinə uyğun olaraq müraciət tarixindən-xx.xx.2021ci il tarixdən əvvəlki üç il üçün ödənilməsi nəticəsinə gəlməkdə birinci instansiya məhkəməsi haqlı olmuşdur. Belə ki, “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanunun 32.1-1-ci maddəsinə əsasən əmək pensiyaları onu almaq hüququ yarandığı gündən, lakin bu Qanunun qüvvəyə mindiyi gündən tez olmamaqla və müraciət edilən tarixdən əvvəlki ən çoxu üç il üçün ödənilməklə, bu maddədə müəyyən edilmiş müddətlərə təyin edilir. Bu Qanuna uyğun olaraq ötən dövr üçün hesablanan pensiyanın ümumi məbləği ötən dövrdəki ayların sayına bölünərək aylıq pensiyanın üzərinə əlavə edilməklə ödənilir. “Əmək pensiyaları haqqında» Azərbaycan Respublikası Qanununun 32.1-1-ci maddəsinin tətbiqinə dair” Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyasının 03/2020 №-li, xx.xx.2020-ci il tarixli qərardadına əsasən «Əmək pensiyaları haqqında» Azərbaycan Respublikası Qanununun 32.1-1-ci maddəsinin 1-ci cümləsində nəzərdə tutulan "müraciət edilən tarixdən əvvəlki ən çoxu üç il üçün ödənilməklə" müddəası pensiya hüququ 2017-ci il 01 iyul tarixədək yaranmış, lakin əmək pensiyasının təyin edilməsi və ya yenidən hesablanması üçün inzibati orqana həmin tarixdən sonra müraciət etmiş şəxslərə münasibətdə də tətbiq edilməlidir. Yekunda, hazırkı inzibati işə apellyasiya qaydasında baxan məhkəmə kollegiyası yuxarıda qeyd olunanlara məcmu halda hüquqi qiymət verərək hesab edir ki, birinci instansiya məhkəməsinin iddianın təmin olunması ilə əlaqədar gəldiyi nəticə düzgündür, apellyasiya şikayətinin dəlilləri işin halları və qanunvericiliklə təkzib olunur, şikayət qərarın ləğvinə əsas vermir. Bununla bağlı olaraq şikayət təmin edilməməli, qərar dəyişdirilmədən qüvvədə saxlanılmalıdır. Nəticəvi hissə: Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinin 87, 90 və 94-cü maddələrini rəhbər tutaraq, Məhkəmə kollegiyası QƏRARA ALDİ: Cavabdeh tərəfindən verilmiş apellyasiya şikayəti təmin edilməsin. Bakı İnzibati Məhkəməsinin 2-1(112)-1055/2022 saylı, 22 iyun 2022-ci il tarixli qərarı yoxlanılan hissədə dəyişdirilmədən saxlanılsın. Qərardan onun rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyası vasitəsilə Azərbaycan Respublikasının Ali Məhkəməsinin İnzibati Kollegiyasına kassasiya şikayəti verilə bilər. Sədrlik edən: Aytən Oruczadə Hakimlər: Xəyalə Cəmilova Pərviz Hüseynov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar