Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-1(103)-406/2024 18.01.2024 BAKI APELLYASİYA MƏHKƏMƏSİ X2 Oruczadənin sədrliyi və məruzəsi ilə, X1 və Xəyalə Adil qızı Cəmilovadan ibarət tərkibdə, Abbaslı Sücayət Hafiz qızının katibliyi ilə, İddiaçı cavabdeh Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondu Publik hüquqi şəxsin Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filialına qarşı pensiyanın yenidən hesablanması tələbinə dair iddia ərizəsi ilə bağlı Bakı İnzibati Məhkəməsinin 2-1(112)-2727/2022 nömrəli iş üzrə xx.xx.2022-ci il tarixli qərarından cavabdeh tərəfindən verilmiş apellyasiya şikayətinə əsasən inzibati işə Bakı Apellyasiya Məhkəməsinin inzibati binasında, açıq şifahi məhkəmə baxış iclasında baxaraq aşağıdakı qərarı qəbul etdi. Təsviri hissə: İddiaçı cavabdeh Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondu Publik hüquqi şəxsin Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filialına qarşı iddia ərizəsi, sonradan iddia tələbinin dəqiqləşdirilməsi barədə ərizə ilə məhkəməyə müraciət edərək ona dövlət qulluqçusu kimi təyin edilmiş əmək pensiyasının xx.xx.1996-xx.xx.2001-ci illərdə Azərbaycan Respublikası Təhsil Nazirliyinin Saatlı rayon təhsil şöbəsində müdir müavini vəzifəsində qulluq keçdiyi vəzifə üzrə dövlət məvacibi, sonrakı artımlar da nəzərə alınmaqla, yenidən hesablanması vəzifəsinin cavabdehə həvalə olunması barədə qərar qəbul edilməsini xahiş etmişdir. İddiaçı tələbini onunla əsaslandırmışdır ki, o, 1980-1990-cı illərdə Saatlı rayon Məktəblərarası Tədris İstehsalat Kombinatının direktoru, 1994-cü ildən 2001-ci ilədək Saatlı Rayon Təhsil Şöbəsinin müdir müavini, 2001-ci ildən 2019-cu ilin yanvar ayının 03dək həmin Şöbədə məsləhətçi vəzifəsində işləmiş və pensiya yaşına çatdığına gürə işdən azad edilmişdir. İddiaçı bildirmişdir ki, o, dövlət qulluqçusu kimi pensiya alsa da, ona hesablanmış əmək pensiyası düzgün olmadığından bununla bağlı DSMF-in Saatlı Rayon Şöbəsinə müraciət etsə də, iddiasına cavab verilmişdir ki, 1994-2001-ci illərin əmək haqqı cədvəli tapılmamışdır. İddiaçının Saatlı rayon Dövlət Arxivinə müraciətinə cavab olaraq bildirilmişdir ki, 2000-ci ildən əvvəlki əmək haqqı cədvəlləri arxivə təhvil verilməmiş və bununla bağlı sənəd aşkarlanmamışdır. İddiaçı bildirmişdir ki, ona Azərbaycan Respublikası Prezidentinin “Dövlət qulluqçularının pensiya məsələləri ilə bağlı” Sərəncamı şamil edilməmişdir. Cavabdeh iddiaya dair etiraz təqdim edərək bildirmişdir ki, 3 yanvar 2019-cu il tarixindən iddiaçıya sabiq dövlət qulluqçusu kimi yaşa görə əmək pensiyası təyin edilmiş və müəyyən edilmişdir ki, 3 yanvar 2019-cu il tarixində vaxtilə qulluq keçdiyi vəzifə üzrə vəzifə maaşı 325,00 manat, qulluq stajına görə vəzifə maaşının 30 faizi miqdarında əlavəsi 97,50 manat, ixtisas dərəcəsinə görə əlavəsi 65,00 manat, mükafatlarla müavinətlərin cəminə görə əlavəsi 121,88 manat olmaqla orta aylıq əmək haqqının 609,38 manat təşkil etmişdir. Bununla əlaqədar əmək pensiyası “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanununun 20.11.2-ci maddəsinə əsasən 24 il 10 ay 2 gün qulluq stajına uyğun olaraq orta aylıq əmək haqqının (609,38 manat) 79,50 faizi - 484,46 manat məbləğində müəyyən edilmişdir. Cavabdeh bildirmişdir ki, qeyd olunanlara əsasən iddiaçıya xx.xx.2019-xx.xx.2019-cü il tarixləri arasındakı dövr ərzində ümumilikdə 3844,42 manat məbləğində əmək pensiyası ödənilməli olduğu halda həmin müddət ərzində 3866,56 manat ödənildiyindən iddiaçıya yuxarıda qeyd olunan dövr ərzində 22,14 manat artıq pul vəsaitinin ödənildiyi aşkar edilmişdir. Dövlət qulluqçularının vəzifə maaşlarının artırılmasına dair Azərbaycan Respublikası Prezidentinin müvafiq Sərəncamına əsasən 1 sentyabr 2019-cu il tarixində vaxtilə qulluq keçdiyi vəzifə üzrə vəzifə maaşı 490,00 manat, qulluq stajına görə vəzifə maaşının 30 faizi miqdarında əlavəsi 147,00 manat, ixtisas dərəcəsinə görə əlavəsi 65,00 manat, mükafatlarla müavinətlərin cəminə görə əlavəsi 183,75 manat olmaqla orta aylıq əmək haqqının 885,75 manat təşkil etmişdir. Bununla əlaqədar əmək pensiyası “Əmək pensiyaları haqqında” Qanunun 20.11.2-ci maddəsinə əsasən 24 il 10 ay 2 gün qulluq stajına uyğun olaraq orta aylıq əmək haqqının (885,75 manat) 79,50 faizi - 704,17 manat məbləğində müəyyən edilmişdir. Cavabdeh bildirmişdir ki, qeyd olunanlara əsasən ona xx.xx.2019-xx.xx.2021- ci il tarixləri arasındakı dövr ərzində ümumilikdə 12675,06 manat məbləğində əmək pensiyası ödənilməli olduğu halda həmin müddət ərzində 12725,28 manat ödənildiyindən iddiaçıya yuxarıda qeyd olunan dövr ərzində 50,22 manat artıq pul vəsaitinin ödənildiyi aşkar edilmişdir. Beləliklə, xx.xx.2019-xx.xx.2021-ci il tarixləri arasındakı dövr ərzində ümumilikdə 72,36 manat pul vəsaitinin büdcəyə bərpa edilməsi məqsədilə yazılı razılığının mümkün qısa müddətdə cavabdehə təqdim edilməyi xahiş edilmiş, əks halda qanunvericiliyin tələblərinə uyğun qaydada müvafiq tədbirlər görüləcəyi bildirilmişdir. Cavabdeh bildirmişdir ki, 2021-ci ilin fevral ayından etibarən iddiaçının əmək pensiyası 704,17 manat müəyyən edilməklə müvafiq kart hesabına köçürülür. Bakı İnzibati Məhkəməsinin 07 aprel 2022-ci il tarixli, 2-1(112)-2727/2022 nömrəli qərarı ilə (hakim M.Qarayeva) iddia təmin edilmiş, iddiaçıya dövlət qulluqçusu kimi təyin edilmiş əmək pensiyasının xx.xx.1996-xx.xx.2001-ci illərdə Azərbaycan Respublikası Təhsil Nazirliyinin Saatlı rayon təhsil şöbəsində müdir müavini vəzifəsində qulluq keçdiyi vəzifə üzrə dövlət məvacibi, sonrakı artımlar da nəzərə alınmaqla yenidən hesablanması vəzifəsi cavabdehə həvalə edilməsi qərara alınmışdır. Məhkəmə qeyd etmişdir ki, cavabdeh inzibati orqanın iddiaçının müraciəti və təqdim etdiyi sənədlər əsasında ona əmək pensiyasının təyin edilməsi üçün dövlət məvacibinin dövlət qulluqçusunun müraciət etdiyi gündən əvvəlki dövlət qulluğunun ardıcıl gələn istənilən 60 ayı ərzində aldığı dövlət məvacibindən hesablamanın aparmaması qanunsuz və əsassız olmuşdur. Belə ki, iddiaçıya məxsus xx.xx.1974-cü il tarixdə doldurulmuş əmək kitabçasında işlədiyi müəssisələrin səlahiyyətli şəxsləri tərəfindən imza və möhür ilə təsdiq edilmiş qeydlər əsasında müəyyən olur ki, o, xx.xx.1994-cü il tarixdən (Əmr No22, xx.xx.1994) xx.xx.2001-ci il tarixədək (Əmr No29, xx.xx.2001) Azərbaycan Respublikası Təhsil Nazirliyinin Saatlı rayon Təhsil Şöbəsində müdir müavini vəzifəsində işləmişdir və məhkəmə tərəfindən iddiaçının 2000, 2001-ci illərdə əmək haqqı və mükafat alması müəyyən edilmişdir. Məhkəmə hesab etmişdir ki, iddiaçının qeyd edilənlərə əsasən xx.xx.1994-cü il tarixdən xx.xx.2001-ci il tarixədək müdir müavini vəzifəsində işləməsi və əmək haqqı alması aşkar olduğundan və bunun üçün dövlət qulluqçusunun qulluq etdiyi dövlət orqanı tərəfindən təsdiqedici arayışın təqdim olunması qanunvericiliklə tələb olunmadığından, həmçinin iddiaçının indi təqdim etdiyi arayış əsasında pensiyanın yenidən hesablanması mümkün olduğundan cavabdehin əmək haqqı barədə arayışın təqdim edilməməsi barədə dəlili qanunsuzdur. Qərardan narazı qalan cavabdeh apellyasiya şikayəti verərək qərarın ləğv edilməsini və iddia tələbinin təmin edilməməsi barədə yeni qərarın qəbul edilməsini xahiş etmişdir. Apellyasiya şikayətinin dəlilləri: Apellyasiya şikayəti onunla əsaslandırılmışdır ki, birinci instansiya məhkəməsinin qərarı əsassızdır. Belə ki, "Əmək pensiyaları haqqında” Qanunun 20.1.7-ci və 20.1.9-cu maddələrində nəzərdə tutulmuş şəxslərin əmək pensiyasına əlavələr dövlət qulluğunun son 24 ayı və ya istənilən ardıcıl gələn 60 ayı ərzindəki dövlət məvacibinin orta aylıq məbləğindən, dövlət məvacibindəki sonrakı artımlar da nəzərə alınmaqla aşağıdakı qaydada müəyyən edilir: dövlət qulluğu vəzifəsində 15 il (bu Qanunun 20.11-1 -ci maddəsində nəzərdə tutulan hal istisna olmaqla) qulluq stajı olan şəxsə - dövlət məvacibinin orta aylıq məbləğinin 50 faizi miqdarında; dövlət qulluğu vəzifəsində 15 ildən yuxarı qulluq stajı olan şəxsə - dövlət məvacibinin orta aylıq məbləğinin 50 faizi miqdarında və 15 ildən yuxarı qulluq stajının hər ili (il tam olmadıqda isə natamam ildəki iş stajı aylarının sayına mütənasib olaraq hesablanmaqla) üçün dövlət məvacibinin orta aylıq məbləğinin 3 faizi miqdarında əlavə olunmaqla, lakin dövlət məvacibinin orta aylıq məbləğinin 80 faizi miqdarından çox olmamaq şərti ilə müəyyən olunan məbləğlə bu Qanunla təyin edilən əmək pensiyasının məbləği arasındakı fərq qədər əlavə ödənilir.» Apellyasiya və kassasiya instansiyası məhkəmələrindəki icraat: Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının 16 mart 2023-cü il tarixli, 2- 1(103)-127/2023 nömrəli qərarı ilə cavabdehin apellyasiya şikayəti təmin edilməmiş, birinci instansiya məhkəməsinin qərarı dəyişdirilmədən saxlanılmışdır. Cavabdeh həmin qərardan kassasiya şikayəti verərək apellyasiya instansiyası məhkəməsinin qərarının ləğv edilməsini və iddia tələbinin təmin edilməməsi barədə yeni qərar qəbul edilməsini xahiş etmişdir. Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyasının 2-1(102)- 1578/2023 saylı 19 iyul 2023-cü il tarixli qərarı ilə cavabdehin kassasiya şikayəti qismən təmin edilmiş, Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının 16 mart 2023-cü il tarixli, 2- 1(103)-127/2023 nömrəli qərarı ləğv edilmiş, iş təkrar baxılması üçün həmin məhkəməyə göndərilmişdir. Məhkəmə icraatı iştirakçılarının izahatları: Əvvəlki məhkəmə iclasında iştirak edən cavabdehin nümayəndəsi apellyasiya şikayətinin dəlillərinə uyğun izahat verərək təmin edilməsini, birinci instansiya məhkəməsinin qərarının ləğv edilməsini və iddia tələbinin təmin edilməməsini xahiş etdi. Sonuncu məhkəmə iclasının vaxtı və yeri haqqında məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada məlumat verilsə də, tərəflər məhkəmə iclasına gəlməmiş, gəlməmələrinin səbəbləri barədə məlumat verməmişlər. Məhkəmə Kollegiyası Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 62.3-cü maddəsinə əsaslanaraq işə tərəflərin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Əsaslandırıcı hissə: Azərbaycan Respublikası İnzibati-Prosessual Məcəlləsinin (bundan sonra İPM) 82-ci maddəsinə əsasən apelyasiya instansiyası məhkəməsi mübahisə ilə bağlı işə şikayət həddində və hüquqi məsələlər, habelə sübutlar və faktlar (faktiki hallar) əsasında mahiyyəti üzrə tam həcmdə baxır. İPM-in 96.11-ci maddəsinə əsasən, mübahisə edilən qərarla bağlı Ali Məhkəmənin hüquqi mövqeyi apellyasiya instansiyası məhkəmələri üçün məcburidir. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun «Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 420-ci maddəsinin şərh edilməsinə dair» xx.xx.2012-ci il tarixli Qərarına əsasən, MPM-in 420-ci maddəsində təsbit edilmiş kassasiya instansiyası məhkəməsinin göstərişləri bu Məcəllənin 416, habelə 407.1.4, 407.2 və 408.1.5-ci maddələrində nəzərdə tutulmuş qanuni hədlər daxilində olduqda və həmin Məcəllənin 419.2.9-cu maddəsinin tələbinə uyğun əsaslandırıldıqda, işə yenidən baxan apellyasiya instansiyası məhkəməsi üçün məcburidir. Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyasının 2-1(102)- 1578/2023 saylı 19 iyul 2023-cü il tarixli qərarındakı göstərişlər: - iddiaçının 1996-2001-ci illərdə (5 il) aldığı əmək haqqına dair məlumatların araşdırılması və araşdırmanın nəticəsindən asılı olaraq hüquqi qiymətləndirmə aparılması, bu məqsədlə aidiyyəti qurumlara (Maliyyə Nazirliyi, Təhsil Nazirliyi, Dövlət Arxivi və digər orqanlar) sorğular göndərilməsi. İşin müəyyən edilmiş faktiki hallarına mübahisənin maddi hüquqi əsasları baxımından hüquqi qiymət verən məhkəmə kollegiyası Ali Məhkəmənin qərarında əks olunan hüquqi mövqeləri nəzərə alaraq hesab edir ki, cavabdehin apellyasiya şikayəti təmin edilməməli, birinci instansiya məhkəməsinin qərarı dəyişdirilmədən saxlanılmalıdır. Məhkəmə kollegiyası ilk öncə iddianın mümkünlüyü ilə bağlı aşağıdakıları qeyd edir: Kollegiya qeyd edir ki, iddia mümkün iddiadır. Belə ki, baxılan işdə iddianın ümumi və xüsusi mümkünlük şərtləri mövcuddur. Yəni iddia inzibati mübahisədir və ona baxmaq səlahiyyəti inzibati məhkəmələrə aiddir. İddiaçı subyektiv hüquqa malikdir, cavabdeh iddiaya cavab verməli orqandır. İPM-in 2.2.3-cü maddəsinə inzibati orqan tərəfindən inzibati aktın qəbul edilməsi ilə əlaqədar olmayan müəyyən hərəkətlərin edilməsinə dair iddialara (öhdəliyin icrası haqqında iddia) inzibati məhkəmə icraatında baxılır. Həmin Məcəllənin 34.1-ci maddəsinə əsasən öhdəliyin icrası haqqında iddia vasitəsi ilə iddiaçı cavabdehdən inzibati aktın qəbul edilməsi ilə bağlı olmayan (inzibati aktın qəbul edilməsinə yönəlməyən) müəyyən hərəkətlərin edilməsini tələb edə bilər. Həmin Məcəllənin 35.1-ci maddəsinə əsasən bu Məcəllədə başqa qayda nəzərdə tutulmamışdırsa, iddiaçının iddia ərizəsində inzibati aktın qəbul edilməsi və ya qəbul edilməsindən imtina olunması, yaxud inzibati orqanın hərəkəti və ya hərəkətsizliyi nəticəsində onun hüquqlarının və qanunla qorunan maraqlarının pozulduğunu əsaslandırdığı hallarda mübahisələndirmə haqqında, məcburetmə haqqında, öhdəliklərin icrası haqqında və müəyyən hərəkətləri etməkdən çəkinməyə dair iddia mümkün sayılır. İddiaçı cavabdehə müraciət etmiş, cavabdehin imtina məktubundan sonra məhkəmədə iddia qaldırmışdır. Məhkəmə kollegiyası iddianın mahiyyəti üzrə əsaslı olması ilə bağlı qənaətini əsaslandırmaq üçün mövcud qanunvericiliyin aşağıda qeyd olunan normalarını diqqətə çəkir: “Əmək pensiyaları haqqında” Qanunun: -5.1-ci maddəsinə əsasən Azərbaycan Respublikasının qanunları ilə müxtəlif pensiya hüququ olan şəxslərə öz arzuları ilə yalnız bir pensiya təyin edilir. -20.1-ci maddəsinə əsasən qulluq stajına görə əmək pensiyasına əlavələr aşağıdakı əmək pensiyaçılarına təyin edilir: 20.1.7. əmək pensiyası yaşına çatmış və ya bu yaşa çatanadək orqanizmin funksiyalarının 81-100 faiz pozulmasına görə əlilliyi müəyyən edilmiş «Dövlət qulluğu haqqında» Azərbaycan Respublikasının Qanununa uyğun olaraq inzibati və yardımçı vəzifələr tutan, habelə 1991-ci il oktyabrın 18-dən «Dövlət qulluğu haqqında» Azərbaycan Respublikasının Qanunu qüvvəyə minənədək qanunvericilik, icra və məhkəmə hakimiyyəti orqanlarında, həmçinin müvafiq icra hakimiyyəti orqanının müəyyənləşdirdiyi siyahı üzrə 1991-ci il oktyabrın 18-dək dövlət, sovet və partiya orqanlarında xidmət etmiş Azərbaycan Respublikasının vətəndaşları (Azərbaycan Respublikasının vətəndaşlığına xitam verilməsi ilə bağlı dövlət qulluğuna xitam verilmiş dövlət qulluqçuları və dövlət qulluğunda olan şəxslər istisna olmaqla) qulluq stajına əlavələr nəzərə alınmaqla əmək pensiyası təyin edilir. -20.1.7-ci maddəsinə əsasən əmək pensiyası yaşına çatmış və ya bu yaşa çatanadək orqanizmin funksiyalarının 81-100 faiz pozulmasına görə əlilliyi müəyyən edilmiş «Dövlət qulluğu haqqında» Azərbaycan Respublikasının Qanununa uyğun olaraq inzibati və yardımçı vəzifələr tutan, habelə 1991-ci il oktyabrın 18-dən «Dövlət qulluğu haqqında» Azərbaycan Respublikasının Qanunu qüvvəyə minənədək qanunvericilik, icra və məhkəmə hakimiyyəti orqanlarında, həmçinin müvafiq icra hakimiyyəti orqanının müəyyənləşdirdiyi siyahı üzrə 1991-ci il oktyabrın 18-dək dövlət, sovet və partiya orqanlarında xidmət etmiş Azərbaycan Respublikasının vətəndaşları (Azərbaycan Respublikasının vətəndaşlığına xitam verilməsi ilə bağlı dövlət qulluğuna xitam verilmiş dövlət qulluqçuları və dövlət qulluğunda olan şəxslər istisna olmaqla) qulluq stajına əlavələr nəzərə alınmaqla əmək pensiyası təyin edilir. -20.11-ci maddəsinə əsasən bu qanunun 20.1.7-ci və 20.1.9-cu maddələrində nəzərdə tutulmuş şəxslərin əmək pensiyasına əlavələr dövlət qulluğunun son 24 ayı və ya istənilən ardıcıl gələn 60 ayı ərzindəki dövlət məvacibinin orta aylıq məbləğindən, pensiya təyinatı tarixinədək dövlət məvacibindəki sonrakı artımlar da nəzərə alınmaqla aşağıdakı qaydada müəyyən edilir: 20.11.1. dövlət qulluğu vəzifəsində 15 il (bu Qanunun 20.11-1-ci maddəsində nəzərdə tutulan hal istisna olmaqla) qulluq stajı olan şəxsə - dövlət məvacibinin orta aylıq məbləğinin 50 faizi miqdarında; 20.11.2. dövlət qulluğu vəzifəsində 15 ildən yuxarı qulluq stajı olan şəxsə - dövlət məvacibinin orta aylıq məbləğinin 50 faizi miqdarında və 15 ildən yuxarı qulluq stajının hər ili (il tam olmadıqda isə natamam ildəki iş stajı aylarının sayına mütənasib olaraq hesablanmaqla) üçün dövlət məvacibinin orta aylıq məbləğinin 3 faizi miqdarında əlavə olunmaqla, lakin dövlət məvacibinin orta aylıq məbləğinin 80 faizi miqdarından çox olmamaq şərti ilə müəyyən olunan məbləğlə bu Qanunla təyin edilən əmək pensiyasının məbləği arasındakı fərq qədər əlavə təyin edilir. AR İnzibati Prosessual Məcəlləsinin: - 12.1-ci maddəsinə əsasən məhkəmə proses iştirakçılarının izahatları, ərizə və təklifləri ilə, onların təqdim etdikləri sübutlarla və işdə olan digər materiallarla kifayətlənməyərək, mübahisənin düzgün həlli üçün əhəmiyyət kəsb edən bütün faktiki halları xidməti vəzifəsinə görə araşdırmağa borcludur. -12.2-ci maddəsinə əsasən məhkəmə müstəqil şəkildə öz təşəbbüsü ilə və ya proses iştirakçılarının vəsatətinə əsasən digər zəruri sübutları toplamağa borcludur. Məhkəmə tərəflərdən əlavə məlumat və sübutlar tələb edə bilər. Apellyasiya şikayətinin dəlilinə münasibət: Hazırki iş üzrə kassasiya instansiya məhkəməsinin qərarlarındakı hüquqi mövqeyə uyğun iş üzrə araşdırma aparan məhkəmə kollegiyası aşağıdakıları nəzərə çatdırır. İşin hallarından göründüyü kimi, iddiaçı hazırki iddiasında ona dövlət qulluqçusu kimi təyin edilmiş əmək pensiyasının xx.xx.1996-xx.xx.2001-ci illərdə Azərbaycan Respublikası Təhsil Nazirliyinin Saatlı rayon təhsil şöbəsində müdir müavini vəzifəsində qulluq keçdiyi vəzifə üzrə dövlət məvacibi, sonrakı artımlar da nəzərə alınmaqla yenidən hesablanması vəzifəsinin cavabdehə həvalə olunması barədə qərar qəbul edilməsini xahiş edir. Belə ki, iddiaçı məhkəməyə müraciət etməzdən əvvəl eyni tələblə cavabdeh inzibati orqana müraciət etmiş, cavabdeh inzibati orqan iddiaçının müraciətinin təmin edilməsindən imtina etmiş, imtinasını onunla əsaslandırmışdır ki, «Əmək pensiyaları haqqında»» Azərbaycan Respublikası Qanunun 20.11-ci maddəsinə əsasən sabiq dövlət qulluqçularının əmək pensiyasına əlavələr dövlət qulluğunun son 24 ayı və ya istənilən ardıcıl gələn 60 ayı ərzindəki dövlət məcvacibinin orta aylıq məbləğindən, dövlət məvacibindəki sonrakı artımlar da nəzərə alınmaqla, müəyyən edilir. Bununla əlaqədar olaraq əmək pensiyanızın ərizənizdə qeyd olunan qaydada yenidən hesablanması məsələsinə dövlət qulluqçusu kimi işlədiyiniz istənilən ardıcıl gələn 60 ayı ərzindəki əmək haqqı barədə arayışı bu məktuba əlavə olunmuş cədvələ uyğun qaydada tərtib etməklə Mərkəzi Filiala təqdim olunduqdan sonra baxıla bilər. İş materiallarından görünür ki, iddiaçıya yaşa görə əmək pensiyası ümumi əsaslarla xx.xx.2015-ci ildən təyin edilmiş, dövlət quluqçusu kimi ona yaşa görə əmək pensiyası isə xx.xx.2019-cu il tarixdən, Saatlı rayon Təhsil şöbəsində işlədiyi məsləhətçi vəzifəsinin son iki ilinin (2018-2019) əmək haqqı nəzərə alınmaqla təyin olunmuşdur. Konkret halda, iddiaçının tələbindən göründüyü kimi, ona təyin edilmiş həmin əmək pensiyası ilə razılaşmayaraq daha yüksək dövlət məvacibi aldığı, xx.xx.1996- xx.xx.2001ci illərdə Saatlı təhsil şöbəsində işlədiyi müdir müavini - dövlət qulluğu vəzifəsinin 60 aylıq əmək haqqından hesablanmasını tələb edir. Belə ki, həmin dövrdə qüvvədə olan “Vətəndaşların pensiya təminatı haqqında” Qanunun (23 sentyabr 1992-ci il № 305) 71-ci maddəsinin 2-ci hissəsi, habelə, “Dövlət qulluqçularının pensiya təminatı haqqında” Qanunun (1 iyun 2004-cü il № 678-İİQ) 7.1-ci maddələri nəzərdə tuturdu ki, ərizəçinin arzsuna görə onun müraciət etdiyi gündən əvvəlki 24 ayı və əmək fəaliyyətinin hər hansı ardıcıl gələn 60 ayı ərzində aldığı faktik orta aylıq əmək haqqından hesablanır. İddiaçının işə əlavə olunmuş xx.xx.1974-cü il tarixdə doldurulmasına başlanılmış əmək kitabçasının surətinə əsasən müəyyən olunur ki, xx.xx.1994-cü il tarixdən xx.xx.2001-ci il tarixə qədər Azərbaycan Respublikasg Təhsil Nazirliyinin Saatlı Rayon Təhsil Şöbəsində müdir müavini dövlət qulluğu vəzifəsində çalışmışdır. Qanunvericiliyin yuxarıda qeyd olunan tələblərindən göründüyü kimi, pensiya hüququ olan dövlət qulluğuçusu dövlət qulluğu vəzifəsinin ardıcıl gələn 60 ayı ərzində dövlət məvacibinin orta aylıq məbləğindən, sonrakı artımlar da nəzərə alınmaqla əmək pensiyası təyin olunmaq hüququna malikdir. İş materiallarından görünür ki, birinci instansiya məhkəməsində işə baxılarkən iddiaçının 1996-2001-ci illərdə Saatlı Təhsil Şöbəsinin müdir müavini vəzifəsində işlədiyi dövrün əmək haqqına dair aşağıdakı məlumatlar aşkar olunmuşdur: -Saatlı Rayon Düvlət Arxivinin iddiaçıya ünvanlanmış xx.xx.2021-ci il tarixli 29 saylı məktubunda bildirilmişdir ki, Saatlı rayon İcra Hakimiyyətinin 1994-2000-ci il əmək haqqı cədvəlləri arxivə təhvil verilməsinə baxmayaraq, məlum olmayan səbəbdən arxivdə aşkar edilməmişdir. - Saatlı Rayon İcra Hakimiyyəti 03/301 saylı xx.xx.2022-ci il tarixli məktubunda isə bildirilmişdir ki, rayon icra hakimiyyəti orqanları üçün sənədlərin saxlanılma müddəti barədə mövcud qanunvericiliyin tələbləri əsas götürülərək Saatlı Rayon İcra Hakimiyyətinin həmin illərə aid sənədləri Saatlı rayon Dövlət Arxivinə təhvil verilmişdir. Bununla belə, məsələ ilə bağlı bir sıra aidiyyəti təşkilatlara, o cümlədən rayon dövlət arxivindən verilmiş məlumatda 2000-2001-ci illər üzrə rayon təhsil şöbələrində müdir müavini vəzifəsinin əmək haqları barədə müvafiq sənədin aşkarlandığı və bununla bağlı 30 sentyabr 2022-ci il tarixli 79 nömrəli məktubla Bakı Apellyasiya Məhkəməsinin sorğusuna cavab verildiyi bildirilmişdir. Eyni zamanda nəzərə çatdırılır ki, Saatlı Rayon İcra Hakimiyyətində sözügedən məsələ ilə bağlı hər hansı sənədər aşkarlanmamışdır. Bununla belə, rayon Təhsil Şöbəsindən daxil olmuş məlumatda İddiaçı həqiqətən də Saatlı rayon Təhsil Şöbəsi üzrə 1994-2001-ci illər üzrə müdir müavini vəzifələrində işləmişdir. - Saatlı Rayon Düvlət Arxivi tərəfindən verilmiş xx.xx.2022-ci il tarixli 9 saylı arxiv arayışına əsasən iddiaçı 2001-ci ilin aprel ayına kimi Saatlı Rayon Təhsil Şübəsində müavini vəzifəsində işləmiş, əmək haqqı cədvəlinə görə 2000-ci ildə hər ay 195.000 olmaqla, cəmi, 2.340.000 manat haqqı; mart, iyun, sentyabr, oktyabr aylarınnda hər ay ğzğn 195.000 manat olmaqla, cəmi 780.000 manat mükafat almış, 2001-ci ilin yanvar ayı üçün 195,000 manat, fevral – aprel ayları üçün 280.000 manat əmək haqqı almışdır. 2000ci ildən əvvəlki illərin əmək haqqı cədvəlləri arxivdə saxlanmadığı üçün aşkar etmək mümkün olmamışdır. - Azərbaycan Respublikası Təhsil Nazirliyinin Saatlı rayon Təhsil Şöbəsinin xx.xx.2022-ci il tarixli 86 saylı məktubuna əsasən şöbənin sabiq əməkdaşı İddiaçı həqiqətən də Saatlı rayon Təhsil şöbəsi üzrə xx.xx.1994-cü il tarixli 22 nömrəli əmrlə Təhsil şöbəsinin müdir müavini vəzifəsinə təyin edilmiş, Azərbaycan Respublikası Təhsil Nazirliyinin xx-xx-1431/16 nömrəli razılıq məktubuna əsasən o, Saatlı rayon Təhsil şöbəsi üzrə xx.xx.2001-ci il tarixli 19 nömrəli əmrlə müdir müavini vəzifəsindən azad edilərək, məktəb üzrə insrektor vəzifəsinə təyin edilmişdir. Beləliklə də, birinci instansiya məhkəməsində işə baxılarkən, iddiaçının 2000- 2001ci illər üzrə aldığı əmək haqqı müəyyən edilsə də, əvvəlki illərin əmək haqqının, əmək haqqı cədvəlləri arxivdə saxlanılmadığından müəyyən edilməsi mümkün olmamışdır. İşə apellyasiya qaydasında birinci dəfə baxılarkən də məhkəmə kollegiyası tərəfindən Azərbaycan Respublikasının Milli Arxiv İdarəsinə, Saatlı Rayon Dövlət Arxivinə, Saatlı Təhsil Şöbəsinə - iddiaçının 1996-2001-ci illər üzrə əmək haqqı barədə məhkəməyə məlumat verilməsi barədə 21 sentyabr 2021-ci il tarixli sorğular göndərilmiş və həmin sorğulara aşağıdakı cavablar verilmişdir: - AR Milli Arxiv İdarəsinin 30 sentyabr 202-ci il tarixli və Saatlı rayon dövlət arxivinin xx.xx.2022-ci il tarixli cavab məktubları ilə məhkəməyə iddiaçının 2000-2001-ci illərdə aldığı dövlət məvacibinə dair arxiv arayışı və əmək haqqı cədvəlləri məhkəməyə təqdim edilmiş, qalan illərin isə əmək haqqı cədvəlləri arxivdə saxlanılmadığı üçün başqa məlumat verə bilmədikləri qeyd olunmuşdur. -Milli Muğan Regional Təhsil İdarəsi tərəfindən isə 15 oktyabr 2022-ci il tarixli cavab məktubunda bildirmişdir ki, Saatlı Rayon Şöbəsinin özünə məxsus arxivi olmadığı üçün qeyd edilən illərin maliyyə sənədləri dövlət arxivinə təhvil verilmişdir. Dövlət arxivinin təqdim etdiyi arayışa əsasən 2000-ci ildən əvvəlki illərin sənədləri, o cümlədən, maliyyə sənədləri dövlət arxivində saxlanılmamışdır. Bu səbəbdən qeyd edilən illər üzrə əmək haqqı barədə məlumatları təqdim etmək mümkün olmamışdır. - Azərbaycan Respublikası Elm və Təhsil Nazirliyinə 13 oktyabr 2022-ci il tarixli göndərilmiş sorğuya cavab olaraq nazirliyin 27 dekabr 2022-ci il tarixli məktubunda bildirilmişdir ki, 2004-cü ilədək Azərbaycan Respublikasının rayonlarında, o cümlədən, Saağlı rayonunda təhsil şöbəsinin aparatının işçilərinə dövlət məvacibi rayon(şəhər) icra haqqı sənədləri dövlət arxivinə təhvil verildiyindən sözügedən sorğunun cavablandırılması imkan xaricindədir. Elm və Təhsil Nazirliyinin sorğuya cavabından qeyd olunanlar nəzərə alınaraq bir daha, Saatlı rayon İcra Hakimiyyətinə sorğu verilərək iddiaçının 2000-ci ildən əvvəlki illərdə rayon təhsil şöbəsində müdir müavini vəzifəsində əməkdaşın dövlət məvacibi barədə məhkəməyə məlumat verilməsi tələb olunmuş, sonuncu tərəfindən 18 yanvar 2023-cü il tarixli məktubu ilə yuxarıda qeyd edilən birinci instansiya məhkəməsinə ünvanladığı 03/301 saylı xx.xx.2022-ci il tarixli məktubun məzmununa uyğun məlumat verilmişdir. Həmçinin apellyasiya instansiya məhkəməsində sonuncu icraat zamanı kassasiya instansiya məhkəməsinin göstərişləri nəzərə alınmaqla, AR Elm və Təhsil Nazirliyinə, AR Maliyyə Nazirliyinə, Saatlı Rayon İcra Hakimiyyətinə və Milli Arxiv İdarəsinə sorğulara ünvanlanaraq, işin obyektiv araşdırılması məqsədilə, 1996-2001-ci illərdə rayon təhsil şöbələrində müdir müavini vəzifəsi üzrə orta aylıq əmək haqqının məbləği barədə ətraflı məlumatın məhkəməyə təqdim edilməsi xahiş olunmuşdur. AR Maliyyə Nazirliyi sorğuya cavab məktubunda qeyd etmişdir ki, dövlət orqanlarının, idarə, müəssisə və təşkilatların fəaliyyəti nəticəsində yaranan sənədlərin saxlanma qaydaları AR Milli Arxiv İdarəsinin 2016-cı il 12 aprel tarixli 3/1 nömrəli Kolegiya qərarı ilə tənzimlənir, 1996-2001-ci illərdə rayon təhsil şöbələrində müdir müavini vəzifəsi üzrə aylıq əmək haqqının məbləği ilə bağlı sənədlər Maliyyə Nazirliyində saxlanılmadığına görə qaldırılan məsələ ilə əlaqədar Elm və Təhsil Nazirliyinə və Saatlı Rayon İcra Hakimiyyətinə müraciət etməyiniz tövsiyə olunur. Milli Arxiv İdarəsinin sorğuya cavab məktubunda qeyd edilmişdir ki, AR Təhsil Nazirliyinin Saatlı Rayon Təhsil şöbəsinin sənədləri arxivə dövlət mühafizəsinə verilməməsi səbəbindən, İddiaçı barədə məlumat verilməsi imkan xaricindədir. AR Elm və Təhsil Nazirliyinin sorğuya cavab məktubunda qeyd edilmişdir ki, 1996- 2001-ci illərdə Azərbaycan Respublikası Təhsil Nazirinin 08 noyabr 1994-cü İl tarixli, 636 nömrəli əmri ilə təsdiq edilmiş “Rayon (şəhər) təhsil şöbəsi (idarəsi) haqqında Əsasnamə”nin 4.9-cu bəndinə əsasən rayon (şəhər) təhsil şöbəsi (idarəsi) rayon (şəhər) büdcəsi hesabına maliyyələşdirilmişdir. Bu səbəbdən, sorğuda qeyd edilən bütün maliyyə sənədləri, o cümlədən əmək haqqı sənədləri rayon (şəhər) icra hakimiyyəti orqanlarında mövcud olmuşdur. Eyni zamanda, sözügedən məsələ ilə əlaqədar Bakı Apellyasiya Məhkəməsinin eyni məzmunlu sorğusuna Elm və Təhsil Nazirliyinin xx.xx.2022-ci il tarixli, 10-10-127/12 nömrəli məktubu ilə, Bakı İnzibati Məhkəməsinin eyni məzmunlu sorğusuna Nazirliyin xx.xx.2022-ci il tarixli, 18-18-01/12 nömrəli məktubu ilə cavab verilmişdir. Saatlı Rayon İcra Hakimiyyətinin sorğuya cavab məktubunda qeyd edilmişdir ki, rayon icra hakimiyyəti orqanları üçün sənədlərin saxlanma müddəti barədə mövcud qanunvericiliyin tələbləri əsas götürülərək Saatlı Rayon İcra Hakimiyyətinin həmin illərə aid sənədləri Saatlı rayon Dövlət Arxivinə təhvil verilmişdir. Bununla belə, məsələ ilə bağlı bir sıra aidiyyəti təşkilatlara, o cümlədən rayon Dövlət Arxivinə sorğu verilmişdir. Belə ki, sorğu əsasında rayon Dövlət Arxivindən verilmiş məlumatda 2000-2001-ci illər üzrə rayon təhsil şöbələrində müdir müavini vəzifəsinin əmək haqları barədə müvafiq sənədin aşkarlandığı və bununla bağlı 30 sentyabr 2022- ci il tarixli 79 nömrəli məktubla Bakı Apellyasiya Məhkəməsinin sorğusuna cavab verildiyi bildirilmişdir. Bununla belə, rayon Təhsil Şöbəsindən daxil olmuş məlumatda İddiaçı həqiqətən də Saatlı rayon Təhsil Şöbəsi üzrə 1994-2001-ci illər üzrə müdir müavini vəzifəsində işlədiyi bildirilmişdir. Eyni zamanda nəzərinizə çatdırırıq ki, Saatlı Rayon İcra Hakimiyyətində sözügedən məsələ ilə bağlı heç bir sənəd və məlumat aşkarlanmamışdır. İşdə olan sübutlara əsasən iddiaçının 1996-2001-ci illərdə Saatlı Rayon Təhsil Şöbəsində “müdir müavini” dövlət qulluğu vəzifəsində işlədiyi dövrün yalnız, 2000-2001-ci illəri üzrə aldığı dövlət məvacibinə dair arxiv arayışı və həmin illərin əmək haqqı cədvəllərinin əldə olunması mümkün olmuşdur ki, həmin arayış və cədvəllər üzrə də onun - 2000-ci ildə cəmi, 2.340.000,00 AZM, 2001-ci ildə 2.755.000,00 AZM, həmin illərdə cəmi, 780.000,00 AZM mükafat aldığı müəyyən olunur (Arxiv arayışına əmək haqqı cədvəlləri əlavə olunmuşdur). İddiaçının həmin dövlət qulluğu vəzifəsi üzrə 2000-ci ildən əvvəlki illərin (1996-1999) əmək haqqı cədvəlləri saxlanılmadığından, həmin dövrdə ona ödənilən dövlət məvacibini müəyyənləşdirmək mümkün olmamış, bu məqsədlə apellyasiya instansiya məhkəməsində icraat zamanı Azərbaycan Respublikası Dövlət Arxivinin Saatlı Rayon filialında həmin dövrlərdə Təhsil Şöbəsində müdir müavini vəzifəsində işləyən şəxslərin əmək haqqları barədə məlumatlar tam təqdim edilə bilmədiyindən, işin obyektiv araşdırılması məqsədilə Salyan Rayon İcra Hakimiyyətinə, İmişli Rayon İcra Hakimiyyətinə, Şirvan şəhər İcra Hakimiyyətinə, Biləsuvar Rayon İcra Hakimiyyətinə və Sabirabad Rayon İcra Hakimiyyətinə sorğular ünvanlanaraq göstərilən işin obyektiv araşdırılması məqsədilə, 1996-2001-ci illərdə rayon təhsil şöbələrində müdir müavini vəzifəsi üzrə orta aylıq əmək haqqının məbləği barədə ətraflı məlumatın məhkəməyə təqdim edilməsi xahiş olunmuşdur. Biləsuvar Rayon İcra Hakimiyyəti tərəfindən sorğuya cavab məktubunda Biləsuvar rayon Təhsil şöbəsində müdir müavini vəzifəsində işləmiş Yusifəli Kamranova 1996-2001ci illərdə hesablanmış əmək haqqı barədə arxiv arayışı məhkəməyə təqdim edilmişdir. Şirvan Şəhər İcra Hakimiyyəti tərəfindən sorğuya cavab məktubunda qeyd edilmişdir ki, Şirvan Şəhər İcra Hakimiyyətinin arxiv sənədlərinə əsasən Əli-Bayramlı Şəhər Təhsil Şöbəsində müdir müavini vəzifəsində çalışmış şəxsin 1995-1998-ci illər üzrə orta aylıq əmək haqqı barədə məlumat bu məktuba əlavə edilmiş cədvəldə aylar üzrə qeyd edilmişdir. 1999-2001-ci illər üzrə Şəhər Təhsil Şöbəsinin müdir müavininin orta aylıq əmək haqqının məbləği barədə Şirvan Şəhər İcra Hakimiyyətinin arxiv sənədlərinə baxış keçirilən zaman heç bir məlumat aşkar edilmədi. Sorğuya cavab məktubuna 1995-1998-ci illər üzrə orta aylıq əmək haqqı barədə məlumat cədvəl formasında əlavə edilmişdir. Həmin məlumata əsasən Şəhərtəhsil şöbəsinin müdir müavininin 1995-ci il üzrə cəmi 776400,00 olmaqla, orta aylıq əmək haqqı 64700,00 AZM, 1996-cı il üzrə cəmi 900900,00 olmaqla, orta aylıq əmək haqqı 75075,00 AZM, 1997-ci il üzrə cəmi 1191550,00 olmaqla, orta aylıq əmək haqqı 99295,83 AZM, 1998-ci il üzrə cəmi 1974325,00 olmaqla, orta aylıq əmək haqqı 164527,08 AZM təşkil etmişdir. Sabirabad Rayon İcra Hakimiyyəti sorğuya cavab olaraq Sabirabad rayon dövlət arxivinin təqdim etdiyi 16 noyabr 2023-cü il tarixli 3-48-38-RA/2-02/2023 saylı, 1996-2001ci illərdə Sabirabad Rayon Təhsil Şöbəsinin müdir müavini vəzifəsində çalışmış Rəxşəndə Rzayevaya aid əmək haqqı cədvəlləri məhkəməyə təqdim edilmişdir. İmişli Rayon İcra Hakimiyyəti tərəfindən sorğuya cavab məktubunda qeyd edilmişdir ki, İmişli rayon Təhsil şöbəsində 1996-2001-ci illər üzrə Rayon Təhsil Şöbəsinin müdir müavininin orta aylıq əmək haqqı barədə İmişli Rayon İcra Hakimiyyətində hər hansı məlumat yoxdur. Salyan Rayon İcra Hakimiyyəti sorğuya cavab olaraq 1996-2001-ci illərdə Salyan rayon Təhsil şöbəsinin müdir müavini vəzifəsi üzrə orta aylıq əmək haqqı barədə arxiv arayışını məhkəməyə təqdim etmişdir. Həmin arayışa əsasən 1996-cı il üzrə aylıq əmək haqqı aylar üzrə ardıcıllıqla 65312, 65312, 65312, 65312, 65312, 65312, 65312, 82000, 82000, 82000, 82000, 82000 AZM, 1997-ci il üzrə aylıq əmək haqqı aylar üzrə ardıcıllıqla 82000, 82000, 82000, 82000, 82000, 82000, 82000, 123500, 123500, 123500, 123500, 123500 AZM, 1998-ci il üzrə aylıq əmək haqqı aylar üzrə ardıcıllıqla 123500, 123500, 123500, 123500, 123500, 194500, 194500, 194500, 194500, 194500, 194500, 194500 AZM, 1999-cu il üzrə aylıq əmək haqqı aylar üzrə ardıcıllıqla 194500, 194500, 194500, 194500, 194500, 194500, 194500, 194500, 194500, 194500, 194500, 194500 AZM, 2000ci il üzrə aylıq əmək haqqı aylar üzrə ardıcıllıqla 194500, 194500, 194500, 194500, 194500, 194500, 194500, 194500, 194500, 194500, 194500, 194500 AZM, 2001-ci il üzrə aylıq əmək haqqı aylar üzrə ardıcıllıqla 194500, 280250, 280250, 280250, 280250, 280250, 280250, 280250, 280250, 280250, 280250, 280250 AZM təşkil etmişdir. Beləliklə, işin araşdırılması zamanı Saatlı rayonuna yaxın inzibati rayonlarda 1996- 2001-ci il tarixlərdə təhsil şöbələrində müdir müavini vəzifəsi üzrə orta aylıq əmək haqqının məbləği barədə məlumatlar müvafiq sorğular əsasında əldə edilmişdir. Lakin iddiaçının həmin dövlət qulluğu vəzifəsi üzrə 2000-ci ildən əvvəlki illərin (1996- 1999) əmək haqqı cədvəlləri saxlanılmadığından, həmin dövrdə ona ödənilən dövlət məvacibini müəyyənləşdirmək mümkün olmamışdır. Məhkəmə kollegiyası hesab edir ki, həmin illər əmək haqqı cədvəllərinin saxlanılmaması iddiaçının təqsiri üzündən baş verməmişdir. Çünki, həmin illərin əmək haqqı cədvəllərin qorunub saxlanılması onun öhdəliyi deyil, bu öhdəlik onun işlədiyi dövlət qurumunun və dövlət arxivinin öhdəliklərinə aid olduğundan dövlət qulluqçusu kimi onun Saatlı Rayon Təhsil Şöbəsində müdir müavini vəzifəsinin dövlət məvacibindən əmək pensiyası almaq hüququnu məhdudlaşdıra bilməz. Həmçinin, bu hal iddiaçının müvafiq dövrdə yəni, 1996-1999-cü illərdə əmək haqqı almaması qənaətinə gəlinməsinə də əsas ola bilməz. Digər tərəfdən isə nəzərə almaq lazımdır ki, arxivdə sənədlərin aşkar edilməməsi iddiaçının təqsiri ilə bağlı olmayan haldır. Bu, onun üçün hüquqlarını məhdudlaşdırıcı nəticələr doğurmamalıdır. Cavabdeh inzibati orqan isə öz növbəsində imtinasında və apellyasiya şikayətinin dəlillərində iddiaçının 1996-1999-cu illərdə əmək haqqı alınmamasını sübuta yetirə bilməmişdir. Beləliklə, iddiaçının 1996-2001-ci illərdə dövlət qulluğunda Saatlı Rayon Təhsil Şöbəsində müdir müavini vəzifəsini daşıması, 2000-2001-ci illərə dair aldığı dövlət məvacibi barədə məlumatın aşkar edilməsi işin mübahisəsiz halıdır. İşin mübahisələndirilən halı ilə bağlı da apellyasiya icraatı zamanı aparılmış araşdırma nəticəsində iddiaçı ilə eyni dövrdə eyni vəzifəni icra etmiş şəxslərin dövlət məvacibləri barədə arayışlar təqdim edilmişdir. Həmin arayışlardan da həmin dövrlərdə eyni vəzifəni icra edən şəxslərin orta aylıq əmək haqqı barədə məlumat əldə etmək mümkündür. Məhkəmə kollegiyasının da qənaəti ondan ibarətdir ki, qeyd edilən arayışlar hazırki iddiaçıya münasibətdə nəzərə alınaraq pensiyanın yenidən hesablanmasının aparılması öhdəliyi inzibati orqanın üzərinə qoyulmalıdır. Bununla da hazırkı inzibati işə apellyasiya qaydasında baxan məhkəmə kollegiyası kassasiya instansiya məhkəməsinin göstərişlərini nəzərə alaraq, yuxarıda qeyd olunanlara məcmu halda hüquqi qiymət verərək hesab edir ki, cavabdeh tərəfindən verilmiş apellyasiya şikayəti təmin edilməməli, birinci instansiya məhkəməsinin qərarı bu qərarın əsaslandırıcı hissəsində sadalanan arayışlar nəzərə alınmaqla dəyişdirilmədən saxlanılmalıdır. Azərbaycan Respublikası İPM-in 68.1-ci maddəsinə görə məhkəmə mübahisə ilə bağlı iş üzrə inzibati məhkəmə icraatı nəticəsində onda yaranmış daxili inam əsasında qərar qəbul edir. Qərarda məhkəmənin mövqeyi üçün əsas olmuş səbəblər göstərilməlidir. Həmin Məcəllənin 68.2-ci maddəsinə görə məhkəmə qərarı yalnız məhkəmə icraatında tədqiq olunmuş və barələrində proses iştirakçılarının öz mülahizələrini bildirmək imkanına malik olduqları faktlar və sübutlarla əsaslandırılmalıdır. Həmin Məcəllənin 70.1-ci maddəsinə görə inzibati aktın qanuna zidd olduğu və bunun nəticəsində iddiaçının hüquqlarını pozduğu hallarda, məhkəmə həmin inzibati aktın (şikayət instansiyasına inzibati şikayət verildiyi hallarda isə, habelə şikayət instansiyasının müvafiq qərarının) ləğv edilməsi barədə qərar qəbul edir. İnzibati akt qəbul edilərkən inzibati icraatın inzibati orqanın qərarına təsir edən şəkildə pozulduğu hallarda da bu qayda tətbiq olunur. Həmin Məcəllənin 87.6-cı maddəsinə əsasən, apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qərarını dəyişdirmədən qüvvədə saxlaya bilər, dəyişdirə bilər və ya ləğv edərək (tam və ya qismən) yeni qərar qəbul edə bilər. Birinci instansiya məhkəməsinin qərarı apellyasiya tələbi həddində dəyişdirilə bilər. Nəticəvi hissə: Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinin 87, 90 və 94-cü maddələrini rəhbər tutaraq, Məhkəmə kollegiyası QƏRARA ALDİ: Cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondu Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filialı tərəfindən verilmiş apellyasiya şikayəti təmin edilməsin. Bakı İnzibati Məhkəməsinin 2-1(112)-2727/2022 nömrəli iş üzrə xx.xx.2022-ci il tarixli qərarı dəyişdirilmədən saxlanılsın. Qərardan onun rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyası vasitəsilə Azərbaycan Respublikasının Ali Məhkəməsinin İnzibati Kollegiyasına kassasiya şikayəti verilə bilər. Sədrlik edən: Aytən Oruczadə Hakimlər: Rəşid Səmədov Xəyalə Cəmilova
Məhkəmə qərarları › İş №2-1(103)-406/2024
Bakı Apellyasiya Məhkəməsi Qərar — İş №2-1(103)-406/2024
18.01.2024 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver