Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-1(103)-406/2025 28.01.2025 BAKI APELLYASİYA MƏHKƏMƏSİ Giriş hissə: X5 sədrliyi və məruzəsi ilə, X və X6 ibarət tərkibdə, Eldarzadə Şirazi Elxan oğlunun katibliyi ilə, İddiaçı cavabdeh Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsinin 1 saylı Bakı Ərazi İdarəsinə qarşı “mülkiyyət hüquqlarına dair Daşınmaz Əmlakın Dövlət reyestrində aparılmış qeydə düzəliş edilməsi” barədə iddia tələbinə dair iddiası üzrə Bakı İnzibati Məhkəməsinin 11 iyul 2024-cü il tarixli, e-2-1(112)-3636/2024 saylı qərarından cavabdeh tərəfindən verilmiş apellyasiya şikayətinə əsasən inzibati işə Bakı Apellyasiya Məhkəməsinin binasında, açıq məhkəmə iclasında baxaraq aşağıdakı qərarı qəbul etdi. Təsviri hissə: İddiaçı cavabdeh Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsi 1 saylı Bakı Ərazi İdarəsinə (bundan sonra mətndə DƏDKR 1 saylı Bakı Ərazi İdarəsi) qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Bakı şəhəri, Sabunçu rayonu, Bakıxanov qəsəbəsi, Ramiz Qəmbərov küçəsində 0,05 ha torpaq sahəsində yerləşən ona məxsus 7a saylı evdə aparılan tikililərin hüquqi qeydiyyata alınmaqla evin texniki pasportunda dəyişiklik edilməsi və Bakı şəhəri, Sabunçu rayonu, Bakıxanov qəsəbəsi, Ramiz Qəmbərov küçəsində 0,05 ha torpaq sahəsinin onun - İddiaçı adına qeydiyyata alınması və bu barədə müvafiq çıxarışın verilməsi öhdəliyinin cavabdeh DƏDKR 1 saylı Bakı Ərazi İdarəsinin üzərinə qoyulması barədə qərar çıxarılmasını xahiş etmişdir. Sonradan İddiaçı nümayəndəsi və vəkili Vəkil Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin (bundan sonra mətndə İPM) 54-cü maddəsinə əsasən məhkəməyə iddianın dəyişdirilməsi (tələbin dəqiqləşdirilməsi) barədə ərizə təqdim edərək, Azərbaycan Respublikasının Daşınmaz Əmlakın Dövlət Reyestri Xidməti Bakı şəhər Ərazi İdarəsi (bundan sonra mətndə DƏDRX Bakı şəhər Ərazi İdarəsi) tərəfindən verilmiş xx.xx.2007-ci il qeydiyyat tarixli “Hüquqların Dövlət qeydiyyatı haqqında Daşınmaz Əmlakın Dövlət Reyestri”ndən MH seriyalı, ******* №-li çıxarışa əsasən İddiaçı xüsusi mülkiyyətində olan ünvan 1 ünvanında yerləşən yeni inşa edilmiş fərdi yaşayış evi və həmin fərdi yaşayış evinin yerləşdiyi 0,05 ha torpaq sahəsi üzərində xüsusi mülkiyyət hüquqlarının daşınmaz əmlakın dövlət reyestrində qeydə alınaraq, buna dair vahid çıxarışın və texniki pasportun verilməsi öhdəliyinin cavabdeh DƏDKR 1 saylı Bakı Ərazi İdarəsinin üzərinə qoyulması barədə qərar çıxarılmasını xahiş etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, Hüquqların Dövlət qeydiyyatı haqqında Daşınmaz əmlakın Dövlət reyestrindən xx.xx.2007-ci il tarixli, MH seriyalı ******* saylı çıxarışa əsasən Bakı şəhəri, Sabunçu rayonu, Bakıxanov qəsəbəsi, Ramiz Qəmbərov küçəsində 0,01136 ha torpaq sahəsində yerləşən 1 mərtəbəli, 1 otaqlı, 63.4 kv.m yaşayış, 28.6 kv.m köməkçi sahədən ibarət 7a nömrəli fərdi yaşayış evi tam mülkiyyət hüququ üzrə onun mülkiyyətindədir. O, həmin yaşayış evini xx.xx.2007-ci il tarixli, AN-İ№ ******* saylı alqı-satqı müqaviləsinə əsasən, 0,05 ha torpaq sahəsi ilə birlikdə almışdır. Həmin torpaq sahəsi 2007-ci ildən onun istifadəsindədir və həmin torpaq sahəsinə görə müvafiq vergiləri o, ödəyir. O, Bakı şəhəri, Sabunçu rayonu, Bakıxanov qəsəbəsi, R.Qəmbərov küçəsində 0,05 ha torpaq sahəsində yerləşən 7a nömrəli yaşayış evində Sabunçu RİH Başçısının 386 saylı xx.xx.2008-ci il tarixli sərəncamına əsasən əlavə tikililər tikdirmişdir. Bununla əlaqədar, Bakı şəhəri, Sabunçu rayonu, Bakıxanov qəsəbəsi, R.Qəmbərov küçəsində 0,05 ha torpaq sahəsində yerləşən ona məxsus 7a saylı evdə aparılan tikililərin hüquqi qeydiyyata alınmaqla evin texniki pasportunda dəyişiklik edilməsini, 0,05 ha torpaq sahəsinin onun adına qeydiyyata alınması və bu barədə müvafiq çıxarışın verilməsi ilə bağlı DƏDKR 1 saylı Bakı Ərazi İdarəsinə müraciət etmişdir. Lakin bu günədək həmin orqan ona bir cavab verməmişdir. Hal-hazırda hesab edir ki, Bakı şəhəri, Sabunçu rayonu, Bakıxanov qəsəbəsi, R.Qəmbərov küçəsində 0,05 ha torpaq sahəsində yerləşən ona məxsus 7a saylı evdə aparılan tikililər hüquqi qeydiyyata alınmaqla evin texniki pasportunda dəyişiklik edilməsi, həmin ünvanda yerləşən 0,05 ha torpaq sahəsinin onun adına qeydiyyata alınması və bu barədə müvafiq çıxarışın verilməsi öhdəliyinin cavabdeh DƏDKR 1 saylı Bakı Ərazi İdarəsinin üzərinə qoyulmasına dair qərar qəbul olunmalıdır. Cavabdeh DƏDKR 1 saylı Bakı Ərazi İdarəsi tərəfindən “Elektron məhkəmə” sistemi vasitəsi ilə iddia tələbinə dair yazılı münasibət (etiraz) məhkəməyə təqdim edilmişdir. Etiraz onunla əsaslandırılmışdır ki, ünvan 2 ünvanında yerləşən ümumi sahəsi 92 kv.m olan fərdi yaşayış evi İddiaçı adına daşınmaz əmlakın dövlət reyestrində qeydiyyatdan keçmişdir. Qeydiyyatdan keçmiş fərdi yaşayış evinin yerləşdiyi torpaq sahəsinə dair “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikası Qanununun 8-ci maddəsində və Azərbaycan Respublikası Prezidentinin 2015-ci il 13 yanvar tarixli 439 nömrəli Fərmanı ilə təsdiq edilmiş “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikasının Qanunu qüvvəyə minənədək əldə edilmiş və yaranmış daşınmaz əmlak obyektləri üzərində hüquqların əldə edilməsini təsdiq edən sənədlərin siyahısı”nda nəzərdə tutulmuş hüquqmüəyyənedici sənədlər təqdim edilməmişdir. xx.xx.2023-cü il tarixdə İdarənin mütəxəssisləri tərəfindən əmlaka texniki baxış keçirilən zaman məlum olmuşdur ki, qeyd olunan ünvanda yerləşən daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınmış fərdi yaşayış evi sökülmüş və yerində yeni yaşayış evi inşa edilmişdir. Sökülmüş fərdi yaşayış evinin qeydiyyatının ləğvi ilə bağlı ərizə təqdim edilməmişdir. Əlavə olaraq, torpaq sahəsinin ölçüsü faktiki olaraq 496 kv.m təşkil edir. Eyni zamanda, sökülmüş fərdi yaşayış evinə dair Sabunçu Rayon Məhkəməsinin 20531 saylı, xx.xx.2010-cu il tarixli məhkəmə bildirişi mövcuddur, lakin qanuni qüvvəyə minmiş yekun məhkəmə aktı idarəyə daxil olmamışdır. “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikası Qanununun 8.0.1-ci maddəsinə əsasən qanunla müəyyən edilmiş qaydada icra hakimiyyəti və bələdiyyə orqanları tərəfindən müvafiq olaraq dövlətə və ya bələdiyyələrə məxsus olan daşınmaz əmlakın özgəninkiləşdirilməsinə, icarəsinə, istifadəsinə, ipoteka qoyulmasına dair qəbul olunmuş aktlar hüquqların dövlət reyestrində qeydiyyata alınması üçün əsas hesab olunur. Azərbaycan Respublikası Torpaq Məcəlləsinin 111.1-ci maddəsinə əsasən torpaqların özbaşına tutulması (zəbt edilməsi) qanunla qadağan olunur. “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikası Qanununun 11-ci maddəsinə əsasən hüquqların mövcudluğunu, əldə edilməsini, başqasına keçməsini, məhdudlaşdırılmasını (yüklənməsini), onlara xitam verilməsini təsdiq edən sənədlər hüquqların dövlət qeydiyyatı üçün qanunla müəyyən edilmiş tələblərə uyğun olmalıdır. “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikası Qanununun 23.1-ci maddəsinə əsasən qeydiyyat orqanının vəzifəli şəxsləri bu qanuna uyğun olaraq dövlət reyestrində daşınmaz əmlaka hüquqların qeydiyyatının dəqiqliyinə və vaxtında aparılmasına, dövlət reyestrindən verilən məlumatın tam və düzgün olmasına cavabdehdirlər. Yuxarıda qeyd olunanlara əsasən iddia tələbinin təmin olunmaması xahiş olunmuşdur. Bakı İnzibati Məhkəməsinin 11 iyul 2024-cü il tarixli, e-2-1(112)-3636/2024 saylı qərarı ilə (hakim N.Abıyev) iddia tələbinin təmin edilməsi, Azərbaycan Respublikasının Daşınmaz Əmlakın Dövlət Reyestri Xidməti Bakı şəhər Ərazi İdarəsi tərəfindən verilmiş xx.xx.2007-ci il qeydiyyat tarixli “Hüquqların Dövlət qeydiyyatı haqqında Daşınmaz Əmlakın Dövlət Reyestri”ndən MH seriyalı, ******* №-li çıxarışa əsasən İddiaçı xüsusi mülkiyyətində olan ünvan 1 ünvanında yerləşən yeni inşa edilmiş fərdi yaşayış evi və həmin fərdi yaşayış evinin yerləşdiyi 0,05 ha torpaq sahəsi üzərində xüsusi mülkiyyət hüquqlarının daşınmaz əmlakın dövlət reyestrində qeydə alınaraq, buna dair vahid çıxarışın və texniki pasportun verilməsi öhdəliyi cavabdeh Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsinin 1 saylı Bakı Ərazi İdarəsinə həvalə edilməsi qərara alınmışdır. Bakı İnzibati Məhkəməsinin 11 iyul 2024-cü il tarixli, e-2-1(112)-3636/2024 saylı qərarından narazı qalan cavabdeh inzibati orqan apellyasiya şikayəti verərək qərarın ləğv edilməsi və iddia tələbinin təmin edilməməsi barədə yeni qərar qəbul edilməsini xahiş etmişdir. Apellyasiya şikayəti iddiaçıya ünvanlanmış imtina məktubunun və iddiaya dair yazılı etirazın məzmunu ilə eynilik təşkil etmiş, əlavə olaraq qeyd edilmişdir ki, Bakı İnzibati Məhkəməsi tərəfindən fərdi yaşayış evinin yerləşdiyi torpaq sahəsinin həqiqi yerləşməsi dəqiq müəyyən edilməmiş, torpaq sahəsinin qanuni əsaslarla ayrılıb-ayrılmaması ilə bağlı araşdırma aparılmamışdır. Məhkəmə icraatı iştirakçılarının izahatları: Əvvəlki məhkəmə iclaslarında iştirak edən cavabdehin nümayəndəsi apellyasiya şikayətinə uyğun izahat verərək, şikayətin təmin olunması, birinci instansiya məhkəməsinin qərarının ləğv edilib, iddia tələbinin təmin edilməməsini xahiş etmişdir. Sonuncu məhkəmə kollegiyasının iclasının vaxtı və yeri barədə cavabdehə lazımi qaydada məlumat verilməsinə baxmayaraq, cavabdeh nümayəndəsinin məhkəmə iclasında iştirakını təmin etməmiş, səbəbləri barədə heç bir məlumat verməmişdir. Həmçinin, iddiaçı tərəfə məhkəmə kollegiyasının iclasının vaxtı və yeri barədə lazımi qaydada məlumat verilməsinə baxmayaraq, iddiaçı məhkəmə iclasında iştirakını təmin etməmiş, səbəbləri barədə heç bir məlumat verməmişdir. Məhkəmə kollegiyası Azərbaycan Respublikası İPM-nin 62.3-cü maddəsinə əsasən tərəflərin iştirakı olmadan şikayət üzrə işə baxılmasını mümkün hesab edir. Əsaslandırma hissəsi: Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 82-ci maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi mübahisə ilə bağlı işə şikayət həddində və hüquqi məsələlər, habelə sübutlar və faktlar (faktiki hallar) əsasında mahiyyəti üzrə tam həcmdə baxır. Apellyasiya şikayəti qanunla müəyyən olunmuş tələblərə riayət olunmaqla verilmişdir, şikayətin mümkün sayılmaması üçün əsaslar yoxdur. Belə ki, şikayət birinci instansiya məhkəməsinin qərarının təqdim olunduğu gündən 30 gün ərzində verilmişdir (İPM-85.1), formal baxımdan əsaslandırılmış və şikayətçinin tələbi göstərilmişdir (İPM-85.2, 85.3). Məhkəmə kollegiyası cavabdehin nümayəndəsini dinləyib, apellyasiya şikayətinin dəlillərini iş materialları ilə birlikdə araşdırıb hesab edir ki, apellyasiya şikayəti təmin edilməməli, birinci instansiya məhkəməsinin qərarı dəyişdirilmədən saxlanılmalıdır. Belə ki, iş materiallarından görünür ki; - Bakı şəhər İcra Hakimiyyətinin Aparatı Texniki İnventarlaşdırma və Mülkiyyət Hüquqlarının Qeydiyyatı İdarəsi tərəfindən xx.xx.2004-cü il tarixdə ünvan 3 ünvanında yerləşən 30/1499 reyestr nömrəli daşınmaz əmlaka dair X3 adına tərtib olunmuş “Fərdi yaşayış fonduna daxil olan yaşayış evinin texniki pasportu”ndan görünür ki, daşınmaz əmlak ümumi sahəsi 92 kv.m, yaşayış sahəsi 63,4 kv.m, köməkçi sahə 28,6 kv. metrdən ibarət olmuşdur. - xx.xx.2007-ci il tarixli, AN-İ seriyalı ******* №li “Daşınmaz Əmlakın alqı-satqı Müqaviləsi”nin surətindən müəyyən olunur ki, “Satıcı” X4 Bakı şəhəri Texniki İnvertarlaşdırma və mülkiyyət hüquqlarının Qeydiyyat İdarəsi tərəfindən verilmiş xx.xx.2004-cü il tarixli, 64 saylı reyestr kitabının 9712 sahifəsində qeydə alınmış 11/16864 №li qeydiyyat vəsiqəsinə əsasən xüsusi mülkiyyətində olan Bakı şəhəri, Bakıxanov qəsəbəsi, Ramiz Qəmbərov küçəsi, ev 7B-də yerləşən 1 otaqlı, ümumi sahəsi 92.0 kv.metr, yaşayış sahəsi 63.4 kv.metr, köməkçi sahə 28.6 kv.metrdən ibarət faktiki 0.0500 ha torpaq sahəsində yerləşən fərdi yaşayış evini “Alıcı” İddiaçı mülkiyyətinə vermişdir. - Azərbaycan Respublikasının Daşınmaz Əmlakın Dövlət Reyestri Xidməti tərəfindən verilmiş Hüquqların Dövlət Qeydiyyatı haqqında Daşınmaz Əmlakın Dövlət Reyestrindən MH seriyalı, ******* №li çıxarışın surətindən müəyyən olunur ki, Bakı şəhəri, Sabunçu rayonu, Bakıxanov qəsəbəsi, Ramiz Qəmbərov küçəsində istifadədə olan 0.01136 ha torpaq sahəsində yerləşən 1 mərtəbəli, 1 otaqlı, 63.4 kv.metr yaşayış, 28.6 kv.metr köməkçi sahədən ibarət 7A nömrəli fərdi yaşayış evi tam mülkiyyət hüququ üzrə İddiaçı adına daşınmaz əmlakın dövlət reyestrində 69 nömrəli reyestr kitabının 6225 nömrəli vərəqində xx.xx.2007-ci il tarixdə № ********* qeydiyyat nömrəsilə qeydiyyata alınmışdır. - Bakı şəhəri Bakıxanov Bələdiyyəsinin xx.xx.2023-cü il tarixli, 191-23/TX №-li məktubunda qeyd olunmuşdur ki, Sabunçu rayonu, Bakıxanov qəsəbəsi, Ramiz Qəmbərov küçəsi 7a ünvanında yerləşən 0,0500 ha torpaq sahəsi Bakıxanov Bələdiyyəsinin inzibati ərazisinə aid olsa da, bələdiyyənin balansına aid deyildir. - Bakı şəhəri Sabunçu Rayon İcra Hakimiyyətinin xx.xx.2023-cü il tarixli, 5-18/2- 2242/2023 saylı məktubunda qeyd olunmuşdur ki, Sabunçu Rayon İcra Hakimiyyətinin balansında torpaq sahəsi yoxdur. - İddiaçının hazırkı iddia tələbi ilə bağlı müraciətlərinə cavabdeh inzibati orqan DƏDKR publik hüquqi şəxsi 1 saylı Bakı Ərazi İdarəsinin xx.xx.2023-cü il tarixli, **********19 saylı cavab məktubunda göstərilmişdir ki, “idarənin mütəxəssisləri tərəfindən texniki baxış və inventarlaşdırma işləri aparılan zaman məlum olmuşdur ki, qeyd olunan ünvanda yerləşən daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınmış fərdi yaşayış evi sökülmüş və yerində yeni yaşayış evi inşa edilmişdir. Odur ki, sökülmüş fərdi yaşayış evinin qeydiyyatının ləğvi ilə bağlı ərizə təqdim edilməlidir. Bundan başqa, fərdi yaşayış evinin yerləşdiyi torpaq sahəsinə dair Azərbaycan Respublikası Prezidentinin 2015-ci il 13 yanvar tarixli 439 nömrəli Fərmanı ilə təsdiq edilmiş “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikasının Qanunu qüvvəyə minənədək əldə edilmiş və yaranmış daşınmaz əmlak obyektləri üzərində hüquqların əldə edilməsini təsdiq edən sənədlərin Siyahısı”nda nəzərdə tutulmuş hüquqmüəyyənedici sənədlər təqdim edilməmişdir. Eyni zamanda, sökülmüş fərdi yaşayış evinə dair Sabunçu Rayon Məhkəməsinin 20531 saylı, xx.xx.2010-cu il tarixli məhkəmə bildirişi mövcuddur, lakin qanuni qüvvəyə minmiş yekun məhkəmə aktı idarəyə daxil olmamışdır. “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikası Qanununun 8.0.9.1-cı maddəsinə əsasən torpaq sahəsi üzərində icarə və ya istifadə hüququnu təsdiq edən sənəd, müvafiq icra hakimiyyəti orqanı ilə razılaşdırılmış layihə və ya yaşayış evinin istismara qəbul aktı təqdim edilməlidir (2013-cü il yanvarın 1-dək inşa edilmiş tikililərə dair). “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikası Qanunun 8.0.10.2-ci maddəsinə əsasən məlumatlandırma icraatının tətbiq edildiyi tikinti obyektləri üçün - torpaq sahəsi üzərində mülkiyyət, icarə və ya istifadə hüququnu təsdiq edən sənəd, tikintiyə icazə verilməsi barədə qərar, tikinti layihəsinin memarlıq-planlaşdırma bölməsi, sifarişçi tərəfindən tikinti başa çatdıqdan sonra tikinti barədə məlumatlandırılan orqana (quruma) sifarişli poçt göndərişi ilə bilavasitə məlumat verilməsini təsdiq edən sənəd təqdim edilməlidir (2013-cü il yanvarın 1-dən sonra inşa edilmiş tikililərə dair). “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikası Qanununun 18-ci maddəsinə əsasən məhv olunmuş daşınmaz əmlakın qeydiyyatının ləğvi Azərbaycan Respublikası Mülki Məcəlləsinin 150-ci maddəsinə uyğun olaraq aparılır. Daşınmaz əmlak üzərində mülkiyyət hüququ yüklü deyildirsə və bu cür əmlak mülkiyyətçinin iradəsi ilə sökülüb tam məhv edilmişdirsə, onun ərizəsi əsasında qeydiyyat orqanı mülkiyyət hüququnun qeydiyyatını ləğv edir. Ərizənin forması müvafiq icra hakimiyyəti orqanı tərəfindən müəyyən edilir. “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikası Qanununun 11.1-ci maddəsinə əsasən hüquqların mövcudluğunu, əldə edilməsini, başqasına keçməsini, məhdudiaşdırılmasını (yüklənməsini), onlara xitam verilməsini təsdiq edən sənədlər hüquqların dövlət qeydiyyatı üçün qanunla müəyyən edilmiş tələblərə uyğun olmalıdır”. - 23.11.2023-cü il tarixli, **********52 saylı cavab məktubunda göstərilmişdir ki, qeyd olunan məsələ ilə bağlı müraciətinə **********19 nömrəli, xx.xx.2023- cü il tarixli məktubla cavab verilmişdir və həmin məktubda qeyd olunan iradlar aradan qaldırılmamışdır. Yuxarıda qeyd olunanlar nəzərə alınaraq, “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikası Qanununun 15-ci maddəsinə əsasən hüquqların dövlət qeydiyyatına alınmasından imtina edilmişdir. - Azərbaycan Respublikası Milli Arxivinin xx.xx.2023-cü il tarixli, 3-48-2F/2- 08498/2023 №li cavab məktubu məhkəməyə təqdim edilmiş, məktuba əsasən “Bakı şəhəri Sabunçu Rayon İcra Hakimiyyəti Başçısının “Bakıxanov qəsəbəsi, Ramiz Qəmbərov küçəsində yerləşən vətəndaş İddiaçı məxsus 7a saylı fərdi yaşayış evinin həyətyanı torpaq sahəsində ikinci yaşayış evinin tikintisinə icazə verilməsi haqqında” xx.xx.2008-ci il tarixli, 386 №-li sərəncamının təsdiq olunmuş surətində göstərilmişdir ki, Bakıxanov qəsəbəsi, Ramiz Qəmbərov küçəsində, 7A saylı evdə yaşayan vətəndaş İddiaçı Sabunçu RİHB aparatına ərizə ilə müraciət edərək, yaşayış şəraitini yaxşılaşdırmaq məqsədilə ona məxsus evin həyətyanı torpaq sahəsində ikinci yaşayış evinin tikintisinə icazə verilməsini xahiş edir. Komissiya tərəfindən yoxlama zamanı məlum olmuşdur ki, evin həyətyanı torpaq sahəsində ikinci yaşayış evinin tikintisi mümkündür. Evin Daşınmaz Əmlakın Dövlət Reyestrindən Seriya MH № ******* saylı xx.xx.2007-ci il tarixli çıxarışı var. Qeyd olunanlar nəzərə alınmaqla göstərilən Sərəncamla Bakıxanov qəsəbəsi, Ramiz Qəmbərov küçəsində vətəndaş İddiaçı məxsus 7a saylı evin həyətyanı torpaq sahəsində ikinci yaşayış evinin tikintisinə icazə verilməsi qərara alınmışdır”. - Bakı şəhəri Sabunçu Rayon İcra Hakimiyyəti Başçısının “Vətəndaş İddiaçı məxsus Bakıxanov qəsəbəsi, R.Qəmbərov küçəsi, 7a saylı evin texniki pasportunda və qeydiyyat vəsiqəsində dəyişiklik edilməsi haqqında” xx.xx.2008ci il tarixli, 848 №-li sərəncamından müəyyən olunur ki, İddiaçı Sabunçu RİHB Aparatına ərizə ilə müraciət edərək, Bakıxanov qəsəbəsi, R.Qəmbərov küçəsində yerləşən ona məxsus 7a saylı evdə Sabunçu RİH Başçısının 386 saylı xx.xx.2008-ci il tarixli sərəncamına əsasən əlavə tikililərin tikildiyini nəzərə alaraq, evin texniki pasportunda və qeydiyyat vəsiqəsində dəyişikliklər edilməsini xahiş edir. Komissiya tərəfindən yoxlama zamanı məlum olmuşdur ki, “B” tikintisi sökülərək yerində sahəsi - 119,5 kv.m altı yaşayış otağından, sahəsi - 176,8 kv.m köməkçi sahədən, sahəsi - 49,3 kv.m meydançadan, sahəsi - 27,0 kv.m eyvandan ibarət ikimərtəbəli, mansardlı yaşayış evi tikilmişdir. Evin Seriya MH № ******* saylı xx.xx.2007-ci il tarixli Çıxarışı və 01 sentyabr 2004-cü il tarixli texniki pasportu var. Torpaq sahəsi 500,0 kv m-dir. Sərəncamla qeyd olunanlar nəzərə alınaraq, Bakıxanov qəsəbəsi, R.Qəmbərov küçəsində İddiaçı məxsus 7a saylı evdə aparılan tikililərin hüquqi qeydiyyata alınması qərara alınmışdır. - DƏDKR 1 saylı Bakı Ərazi İdarəsinin xx.xx.2023-cü il tarixli, **********53 №-li cavab məktubu ilə məhkəməyə təqdim edilmiş xx.xx.2023-cü il tarixli “Daşınmaz əmlakın texniki vəziyyətini əks etdirən müayinə (baxış) aktı”nda qeyd olunmuşdur ki, “Bakıxanov qəsəbəsi, R.Qəmbərov 7A ünvanında yerləşən daşınmaz əmlak haqqında ümumi məlumatında göstərilmişdir ki, fərdi yaşayış evi həm hüquqmüəyyənedici sənəd üzrə, həm də faktiki olaraq 6 otaq – 119,3 kv.metr, ü/sah 290.66 kv. metr və A/eyvan – 84.38 kv. metrdir. Bununla yanaşı, qeydiyyatdan keçmiş yaşayış evi (110771743 qeydiyyat nömrəli, xx.xx.2007-ci il tarixli çıxarışda qeyd olunan yaşayış evi - 92.0 kv.m) sökülüb, 30/1006, 10.06.04 texpasportdakı yaşayış evi layihə əsasında rekonstruksiya olunub. Təqdim edilmiş layihə ilə faktiki vəziyyət arasında fərqlər mövcuddur. 1-ci mərtəbənin döşəmə səviyyəsindən mansardın tavanına qədər olan məsafə 9.4 metrdir. 101.8 kv.m torpaq çoxdur. Torpaq sahəsində əlavə olaraq həyət tikililəri inşa olunub, layihədə öz əksini tapmayıb. Faktiki torpaq sahəsi 496.0 kv.metrdir”. - İddiaçının nümayəndəsi tərəfindən məhkəməyə təqdim olunmuş "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətinin xx.xx.2024-cü il tarixli, 126 №-li mütəxəssis rəyində göstərilmişdir ki, mütəxəssis qarşısında qoyulmuş suallar ərizəçinin (İddiaçı) iştirakı ilə tərəflərindən yerində araşdırılmış, təqdim olunan sənədlərə əsasən ərizəçinin istifadəsində olan torpaq sahəsinə naturada baxış keçirilərək üzərində yerləşən tikililərin və torpaq sahəsinin koordinatları GPS aləti vasitəsi ilə qeydə alınmışdır. Qeydə alınmış koordinatlar kameral şəraitdə Google Yer proqramının ortofoto görüntülərinə və ərizəçinin sənədlərinə əsasən dəqiqləşdirilmişdir. Dəqiqləşdirmə zamanı məlum oldu ki, ərizəçinin istifadəsində olan torpaq sahəsi 0,05 hektardır. Həmin torpaq sahəsində bir fərdi yaşayış evi və bir yardımçı tikili yerləşir. Torpaq sahəsinin və tikililərinin koordinatları rəyə əlavə edilmiş ortofoto görüntüsündə qeyd edilir. Araşdırmanın nəticəsi olaraq aşağıda qeyd edilənlər müəyyən olundu: ünvan 6 ünvanında yerləşən torpaq sahəsinin ölçüsü 0,05 hektardır. ünvan 6 ünvanında yerləşən torpaq sahəsində fərdi yaşayış evi və yardımçı tikili yerləşir. Sxemdə olan A tikilisi 152,3 kv.metr torpaq sahəsində, В tikilisi isə 155,8 kv. metr torpaq sahəsində yerləşir. Beləliklə iş materialları ilə müəyyən edilir ki, iddiaçı hazırkı tələblə cavabdeh inzibati orqana müraciət etmişdir. Cavabdeh ünvan 1 ünvanında yerləşən ümumi sahəsi 92 kv.m olan fərdi yaşayış evinin yerləşdiyi torpaq sahəsinə dair nəzərdə tutulmuş hüquqmüəyyənedici sənədlərin təqdim edilməməsi, qeyd olunan ünvanda yerləşən daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınmış fərdi yaşayış evinin sökülərək yerində yeni yaşayış evi inşa edilməsi, sökülmüş fərdi yaşayış evinin qeydiyyatının ləğvi ilə bağlı ərizə təqdim edilməməsi, torpaq sahəsinin ölçüsünün faktiki olaraq 496 kv.m təşkil etməsi, eyni zamanda, sökülmüş fərdi yaşayış evinə dair Sabunçu Rayon Məhkəməsinin 20531 saylı, xx.xx.2010-cu il tarixli məhkəmə bildirişinin mövcud olması səbəbi ilə tələbin təmin edilməsindən imtina edilmişdir. Bundan sonra iddiaçı müvafiq tələblə birinci instansiya məhkəməsinə müraciət etmişdir. İşə birinci instansiya qaydasında baxmış məhkəmə gəldiyi nəticəni onunla əsaslandırmışdır ki, cavabdehin imtinasından və iddiaya dair etirazından görünür ki, iddiaçının müraciətindən imtina olunarkən “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikası Qanununun 15-ci maddəsində hüquqların dövlət qeydiyyatına alınması üçün müəyyən olunmuş əsaslardan heç biri qeyd olunmadan, iş materialları ilə sübuta yetirilməyən, yalnız formal mülahizələrə istinad olunmuşdur. Məhkəmə kollegiyası birinci instansiya məhkəməsinin gəldiyi nəticə ilə razılaşaraq, apelyasiya şikayətinin dəlillərinə münasibətdə qeyd edir ki, həmin dəlillər iddiaya etirazın dəlilləri ilə eynilik təşkil edir. Bu baxımdan aşağıda qeyd olunan qanunvericilik normalarına əsasən apelyasiya şikayətinin dəlilləri əsassızdır. Azərbaycan Respublikası Mənzil Məcəlləsinin 13-cü maddəsinə əsasən: Yaşayış sahələrinin növləri. 13.2. Otaqlardan, habelə yaşama ilə əlaqədar məişət və digər ehtiyacların ödənilməsi üçün nəzərdə tutulmuş yardımçı sahələrdən ibarət fərdi müəyyən edilmiş ev yaşayış evi hesab edilir. “Torpaq islahatı haqqında” Azərbaycan Respublikası Qanunu: Maddə 9. Vətəndaşların qanuni istifadəsindəki torpaqların özəlləşdirilməsi Vətəndaşların qanuni istifadəsindəki fərdi yaşayış evlərinin, həyətyanı sahələrin, fərdi, kollektiv və kooperativ bağların, dövlət bağçılıq təsərrüfatının idarəçiliyindəki bağların altında olan torpaqlar qanunvericiliklə müəyyən olunmuş qaydada əvəzsiz olaraq onların mülkiyyətinə verilir. Maddə 10. Vətəndaşların qanuni istifadəsindəki torpaqların özəlləşdirilməsi qaydası Həyətyanı sahələr və bağlar altında olan torpaqlar vətəndaşların mülkiyyətinə onların qanuni istifadəyə və ya icarəyə götürdükləri ölçüdə verilir. Fərdi yaşayış evlərinin, həyətyanı sahələrin və bağların altında olan torpaqlar üzərində vətəndaşların mülkiyyət hüququ yerquruluşu işlərinin tərtibi ilə torpaq ayırma qaydasında hazırlanan sənədlər əsasında daşınmaz əmlakın dövlət reyestrindən çıxarışla rəsmiləşdirilir. Azərbaycan Respublikası Prezidentinin 10 yanvar 1997-ci il tarixli, 534 saylı Fərmanı ilə təsdiq edilmiş “Vətəndaşların qanuni istifadəsində olan (fərdi yaşayış evlərinin, həyətyanı sahələrin, fərdi, kollektiv və kooperativ bağların, dövlət bağçılıq təsərrüfatının idarəçiliyindəki bağların) torpaqların onların mülkiyyətinə verilməsi haqqında” Əsasnamə: Bənd 1. Vətəndaşların qanuni istifadəsində və ya icarəsindəki fərdi həyətyanı sahələrin altında olan torpaqlar qanunvericiliklə müəyyən olunmuş qaydada əvəzsiz olaraq onların mülkiyyətinə verilir. Həyətyanı sahələrin altında olan torpaqlar vətəndaşların mülkiyyətinə onların qanuni istifadəyə və ya icarəyə götürdükləri ölçüdə verilir. Azərbaycan Respublikası Torpaq Məcəlləsi. Maddə 46. Dövlətin torpaq üzərində mülkiyyət hüququ 46.3. Dövlət mülkiyyətində olan torpaqların bələdiyyə və xüsusi mülkiyyətə verilməsi qanunla müəyyən edilir. Maddə 48. Hüquqi və fiziki şəxslərin torpaq sahəsi üzərində hüquqlarının ümumi xarakteristikası. 48.2. Azərbaycan Respublikasının vətəndaşları və hüquqi şəxsləri torpaq sahələrini mülkiyyət, istifadə və icarə hüququnda əldə edə bilərlər. Maddə 49. Torpaq üzərində xüsusi mülkiyyət hüququ. 49.2. Torpaq üzərində hüquqi və fiziki şəxslərin xüsusi mülkiyyət hüququ dövlət və bələdiyyə torpaqlarının özəlləşdirilməsi, alqı-satqısı, vərəsəliyə keçməsi, bağışlanması, dəyişdirilməsi və torpaqla bağlı digər əqdlərin, habelə hüquqi şəxslərin nizamnamə (pay) fonduna verilməsi əsasında yaranır. Azərbaycan Respublikasının Şəhərsalma və Tikinti Məcəlləsi. Maddə 80. Məlumatlandırma icraatı. 80.1. Mülkiyyətində, icarəsində və ya istifadəsində olan torpaq sahəsində təyinatı üzrə yerüstü mərtəbələrinin sayı 3-dən, hündürlüyü 12 metrdən (binanın hündürlüyü “0” səviyyəsindən, yəni birinci yerüstü mərtəbənin döşəməsinin üst hissəsindən sonuncu mərtəbənin örtüyünün alt hissəsinədək (çardaqaltı döşəmənin alt hissəsi) və aşırımlarının uzunluğu 6 metrdən çox olmayan fərdi yaşayış evlərinin, habelə bu Məcəllənin 79.2-ci maddəsində nəzərdə tutulan tikinti obyektlərinin tikintisi ilə bağlı məlumatlandırma icraatı həyata keçirilir və onların tikintisi üçün tikinti layihəsinin yalnız zirzəmilərin, mərtəbələrin, dam örtüklərinin planlarından, kəsiklərdən və fasadlardan ibarət memarlıq-planlaşdırma və tikinti ərazisinin baş planı bölmələrinin hazırlanması tələb olunur. 80.2. Barəsində məlumatlandırma icraatının tətbiq edildiyi tikinti obyektlərinin tikintisinə icazənin alınması tələb olunmur. 80.4. Sifarişçi tikintiyə başlamazdan əvvəl tikinti niyyəti barədə müvafiq icra hakimiyyəti orqanına və ya müvafiq icra hakimiyyəti orqanının yaratdığı quruma məlumat verir və bu Məcəllənin 80.1-ci, 80.1-1-ci və 80.3-cü maddələrində nəzərdə tutulmuş tələblərə uyğunluğunun yoxlanılması üçün tikinti obyektlərinin layihəsinin memarlıqplanlaşdırma və tikinti ərazisinin baş planı bölmələrini, habelə torpaq sahəsi üzərində mülkiyyət, icarə və ya istifadə hüququnu təsdiq edən sənədi məlumata əlavə edir. Müvafiq icra hakimiyyəti orqanı və ya müvafiq icra hakimiyyəti orqanının yaratdığı qurum tərəfindən bu Məcəllənin 80.1-ci maddəsində nəzərdə tutulmuş tikinti obyektlərinə münasibətdə 10 gün müddətində, bu Məcəllənin 80.1-1-ci maddəsində nəzərdə tutulmuş tikinti obyektlərinə münasibətdə isə, həmin ərazi üzrə müfəssəl plan olduqda 10 gün müddətində, belə plan olmadıqda və ya onun müddəti bitdikdə 1 ay müddətində layihəyə dair irad sifarişçiyə təqdim edilmədikdə, sifarişçi tikinti işlərinə başlaya bilər. İradlar olduqda, həmin iradlar normativ hüquqi aktlara istinad olunmaqla və onların pozulan tələbləri dəqiq göstərilməklə əsaslandırılmalıdır. 80.5. Barəsində məlumatlandırma icraatı tətbiq edilən tikinti obyektlərinin tikinti layihəsinin memarlıq-planlaşdırma və tikinti ərazisinin baş planı bölmələrinə uyğun tikilməsinə nəzarəti müvafiq icra hakimiyyəti orqanı həyata keçirir. “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikası Qanunu: Daşınmaz əmlaka mülkiyyət və digər əşya hüquqlarının dövlət qeydiyyatı (bundan sonra hüquqların dövlət qeydiyyatı) Azərbaycan Respublikasının Mülki Məcəlləsinə uyğun olaraq daşınmaz əmlaka hüquqların əmələ gəlməsinin, məhdudlaşdırılmasının (yüklülüyünün) başqasına keçməsinin və bu hüquqlara xitam verilməsinin dövlət tərəfindən tanınması və təsdiq edilməsi barədə hüquqi aktdır (maddə 2.1). Azərbaycan Respublikasının Mülki Məcəlləsi ilə və bu qanunla müəyyən edilmiş qaydada daşınmaz əmlak üzərində hüquqların qeydiyyatı daşınmaz əmlakın dövlət reyestrində (bundan sonra - dövlət reyestri) aparılır (maddə 2.2). 4.1. Bu Qanun qüvvəyə mindiyi günədək daşınmaz əmlaka hüquqların ayrı-ayrı qeydiyyat orqanları tərəfindən aparılmış dövlət qeydiyyatı öz hüquqi qüvvəsini saxlayır (maddə 4.1). Bu Qanun qüvvəyə mindikdən sonra daşınmaz əmlaka hüquqların məhdudlaşdırılmasının (yüklülüyünün) dövlət qeydiyyatı üçün həmin daşınmaz əmlak üzərində mövcud olan hüquqlar dövlət reyestrində qeydiyyata alınmalıdır (maddə 4.2). Bu Qanun qüvvəyə mindiyi günədək daşınmaz əmlak üzərində hüquqların dövlət qeydiyyatını aparmış müvafiq icra hakimiyyəti orqanları bu Qanuna əsasən dövlət reyestrində saxlanılmalı olan məlumatları müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi mərhələlər və müddətlər üzrə qeydiyyat orqanına verməlidirlər. Göstərilən qaydada məlumatlar verilənədək həmin müvafiq icra hakimiyyəti orqanları bu Qanuna uyğun olaraq ayrı-ayrı daşınmaz əmlak üzərində hüquqların qeydiyyatı üçün zəruri olan məlumatları hüquq sahibinin və ya qeydiyyat orqanının müraciət etdiyi gündən 5 iş günü müddətində onlara verməlidirlər (maddə 4.3). Daşınmaz əmlakın təsvirini, dövlət qeydiyyatına alınmış hüquqları və onların məhdudlaşdırılmasına (yüklülüyünə) dair dövlət reyestrindən arayış hüquq sahibinə, onun tərəfindən vəkil edilmiş şəxsə, hüquq sahibinin əmlakına qanun və ya vəsiyyət əsasında vərəsəlik hüququ olan şəxslərə qanunla nəzərdə tutulmuş səlahiyyətlərin yerinə yetirilməsi ilə əlaqədar müvafiq dövlət orqanlarına və bələdiyyələrə verilir (maddə 5.) Müvafiq olaraq Azərbaycan Respublikasının Şəhərsalma və Tikinti Məcəlləsi qüvvəyə minənədək (2013-cü il yanvarın 1-dək) inşa edilmiş tikililərə dair- çoxmənzilli binalara, qeyri-yaşayış binalarına və hündürlüyü 12 metrdən çox olan yaşayış evlərinə münasibətdə - torpaq sahəsi üzərində mülkiyyət, icarə və ya istifadə hüququnu təsdiq edən sənəd, müvafiq icra hakimiyyəti orqanı ilə razılaşdırılmış layihə, müvafiq icra hakimiyyəti orqanının tikilinin inşa edilməsinə icazə barədə qərarı, istismara qəbul aktı; Azərbaycan Respublikasının Şəhərsalma və Tikinti Məcəlləsi qüvvəyə mindikdən (2013-cü il yanvarın 1-dən) sonra inşa edilən tikililərə dair-tikintisinə icazə tələb olunan tikinti obyektləri üçün - torpaq sahəsi üzərində mülkiyyət, icarə və ya istifadə hüququnu təsdiq edən sənəd, tikintiyə icazə verilməsi barədə qərar, tikinti layihəsinin memarlıqplanlaşdırma bölməsi, tikinti obyektinin istismarına icazə daşınmaz əmlak üzərində hüquqların dövlət qeydiyyatı üçün əsasdır (maddə 8.0.9.2 və 8.0.10.1.). Daşınmaz əmlaka mülkiyyət və digər əşya hüquqlarının əmələ gəlməsi və başqasına keçməsi müvafiq icra hakimiyyəti orqanları tərəfindən hazırlanan sənədlər əsasında qeydiyyat orqanı tərəfindən verilən dövlət reyestrindən çıxarışla rəsmiləşdirilir (maddə 12.1). İş materiallarından görünür ki, iddiaçı fərdi yaşayış evi üzərində mövcud mülkiyyət hüququnu təsdiq edən sənədi fərdi yaşayış evinin altındakı torpaq sahəsinin xüsusi mülkiyyət hüququ ilə qeydiyyata alınması məqsədilə cavabdehə təqdim etmişdir. İddiaçının mülkiyyətində olan fərdi yaşayış evinin altında olan torpaq sahəsi onun qanuni istifadəsindədir və bu istifadə hüququ dövlət reyestrindəki qeyddə təsbit olunmuşdur. İşin müəyyən olunmuş hallarından görünür ki, iddiaçının sözügedən daşınmaz əmlak üzərində hüququnun qeydi ilə bağlı ona reyestrdən cavabdeh inzibati orqanın verdiyi çıxarış qüvvədədir, qanunla müəyyən olunmuş qaydada mübahisələndirilməmiş, ləğv olunmamış, geri çağırılmamış, dəyişdirilməmiş və ya etibarsız sayılmamışdır. Bu baxımdan həmin çıxarış hüquqi qüvvəsini saxlayır və etibarlı hesab olunur. Cavabdehin imtinasında və apellyasiya şikayətində istinad etdiyi fərdi yaşayış evinin yerləşdiyi torpaq sahəsinin dövlət reyestrində qeydiyyata alınmasına dair “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Qanunun 8-ci maddəsinə və Azərbaycan Respublikası Prezidentinin 2015-ci il 13 yanvar tarixli 439 nömrəli Fərmanına uyğun olaraq daşınmaz əmlak üzərində hüquqların dövlət qeydiyyatı üçün əsas olan müvafiq sənədlərin təqdim olunmaması ilə bağlı dəlilinə münasibətdə məhkəmə kollegiyası qeyd edir ki, cavabdeh inzibati orqanın iş üzrə iddiaçının müraciəti ilə bağlı əlavə hüquqmüəyyənedici sənəd (bu sənədlərin adı cavabdeh tərəfindən çəkilmir) tələb etməsi ilə bağlı hərəkətləri qanuni sayıla bilməz. Bu müddəa həm də “İnzibati icraat haqqında” Qanunda da öz əksini tapmışdır. Belə ki, adı çəkilən Qanunun 32.3-cü maddəsinə əsasən inzibati orqan ərizəçidən Azərbaycan Respublikasının qanunvericiliyində nəzərdə tutulduğundan əlavə hər hansı digər sənəd və ya məlumat tələb edə bilməz. İş materiallarından müəyyən olunur ki, müvafiq icra hakimiyyəti orqanı tərəfindən Bakıxanov qəsəbəsi, Ramiz Qəmbərov küçəsində İddiaçı məxsus 7a saylı evin həyətyanı torpaq sahəsində ikinci yaşayış evinin tikintisinə icazə verilmiş və daha sonra həmin evdə aparılan tikililərin hüquqi qeydiyyata alınması qərara alınmışdır. İş üzrə verilmiş mütəxəssis rəyindən müəyyən olunur ki, ünvan 6 ünvanında yerləşən torpaq sahəsinin ölçüsü 0,05 hektardır. Bakı şəhəri Sabunçu Rayon Məhkəməsinin 2(008)-208/2011 №li iş üzrə qəbul etdiyi 15 fevral 2011-ci il tarixli qərardadından görünür ki, iddiaçı X1 cavabdeh Bakı şəhər 16 saylı Dövlət Notariat Kontoruna qarşı “mirasın qəbul edilməsi üçün müəyyən edilmiş müddətin üzrlü hesab edilərək, miras mülkə dair qanun üzrə vərəsəlik hüququna dair vərəsəlik şəhadətnaməsinin verilməsinin notariat kontoruna həvalə edilməsi” barədə iddiasının baxılmamış saxlanılması qərara alınmışdır. Məhkəmə kollegiyasının Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Qeydiyyat Notariat Baş İdarəsinə müvafiq sorğusuna əsasən Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Dövlət Notariat Arxivi tərəfindən Bakı şəhəri, Bakıxanov qəsəbəsi, Ramiz Qənbərov küçəsi, ev 7b də yerləşən 1 otaqlı, ümumi sahəsi 92.0 kv.metr yaşayış sahəsi 63.4 kv.m, köməkçi sahəsi 28.6 kv.metrdən ibarət faktiki 0.05020 ha torpaq sahəsində yerləşən daşınmaz əmlakın (evin) alqı-satqı müqaviləsi ilə bağlı 4ə/441 nömrəli notariat işinin surəti məhkəməyə təqdim edilmişdir. Həmin notariat işindən müəyyən edilir ki, İddiaçı (alıcı) Bakı şəhəri, Bakıxanov qəsəbəsi, Ramiz Qənbərov küçəsi, ev 7b də yerləşən 1 otaqlı, ümumi sahəsi 92.0 kv.metr yaşayış sahəsi 63.4 kv.m, köməkçi sahəsi 28.6 kv.metrdən ibarət faktiki 0.0500 torpaq sahəsində yerləşən evi X2 (satıcı) almışdır. “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikası Qanununun 12.1-ci maddəsinə görə daşınmaz əmlaka mülkiyyət və digər əşya hüquqlarının əmələ gəlməsi və başqasına keçməsi müvafiq icra hakimiyyəti orqanları tərəfindən hazırlanan sənədlər əsasında qeydiyyat orqanı tərəfindən verilən dövlət reyestrindən çıxarışla rəsmiləşdirilir. Həmin Qanunun 15-ci maddəsinə əsasən, hüquqların dövlət qeydiyyatına alınmasından aşağıdakı hallarda imtina edilə bilər: 15.1.1. dövlət qeydiyyatı barədə müraciət olunan hüquq bu Qanuna əsasən dövlət qeydiyyatına alınmalı deyildirsə; 15.1.2. hüquqların dövlət qeydiyyatı üçün notariat qaydasında təsdiqlənməsi tələb olunmayan sənədlərin forması və məzmunu qanunvericiliklə müəyyən edilmiş tələblərə uyğun deyildirsə; 15.1.3. hüquqların dövlət qeydiyyatı barədə ərizəni verməyə ixtiyarı olmayan şəxs müraciət etdikdə; 15.1.4. daşınmaz əmlaka hüququn yaranması barədə icra hakimiyyəti və ya bələdiyyə orqanının aktı qanunvericiliklə müəyyən edilmiş qaydada etibarsız hesab olunduqda; 15.1.5. daşınmaz əmlak barəsində təsdiqləyici sənəd vermiş şəxs həmin əmlak üzərində hüquqa dair sərəncam vermək səlahiyyətinə malik olmadıqda; 15.1.6. bu Qanunun 14-cü maddəsində nəzərdə tutulmuş qeydiyyatın dayandırılmasına səbəb olan hallar aradan qaldırılmadıqda. Göründüyü kimi, qanunverici hüquqların dövlət qeydiyyatına alınmasından imtinanın əsaslarını dəqiq müəyyən etmişdir. Hazırkı mübahisəyə münasibətdə iş üzrə aparılmış araşdırma zamanı həmin hallardan hər hansı birinin mövcudluğu müəyyən edilməmişdir. İddiaçı hazırki işdə daşınmaz əmlakın dövlət reyestrində adına qeydiyyata alınmış fərdi yaşayış evinin yerləşdiyi torpaq sahəsinin xüsusi mülkiyyət hüququ ilə qeydiyyatının aparılmasını tələb edir. Məhkəmə kollegiyası hesab edir ki, iddiaçı tərəfindən təqdim olunmuş sənədlər (çıxarış, texniki pasport və s.) “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Qanunun 8.0.1 və 10.2.1-ci maddələrinə əsasən fərdi yaşayış evinin yerləşdiyi torpaq sahəsi üzərində iddiaçının mülkiyyət hüququnun dövlət qeydiyyatına alınması üçün yetərli əsas sayılmalıdır. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 139.1-ci maddəsinə əsasən mülkiyyət hüququ və daşınmaz əmlaka digər hüquqlar, bu hüquqların məhdudlaşdırılması, əmələ gəlməsi, başqasına keçməsi və xitamı dövlət qeydiyyatına alınmalıdır. Mülkiyyət hüququ, istifadə hüququ, ipoteka, servitutlar, habelə daşınmaz əmlaka digər hüquqlar bu Məcəllədə və qanunvericilikdə nəzərdə tutulan hallarda qeydə alınmalıdır. Həmin Məcəllənin 178.2-ci maddəsinə əsasən yeni yaranmış daşınmaz əmlaka mülkiyyət hüququ onun daşınmaz əmlakın dövlət reyestrində qeydə alındığı andan əmələ gəlir. “Azərbaycan Respublikası Mülki Məcəlləsinin 178.8-ci maddəsinin şərh edilməsinə dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 25 oktyabr 2010-cu il tarixli Qərarında göstərilir ki, “Azərbaycan Respublikası qanunvericiliyində təsbit edilmiş mülkiyyət hüququnun təminatı mexanizmi məhz daşınmaz əmlakın dövlət reyestrində qeydiyyat əsasında həyata keçirilir. Daşınmaz əmlaka aid olan məlumatların vahid dövlət reyestrində qeydiyyatı həm dövlət, həm də mülkiyyətçilərin mənafelərinin qorunması baxımından vacibdir. Daşınmaz əmlakın dövlət qeydiyyatının nəticəsində şəxsin qanuni əsaslarla əldə etdiyi müvafiq daşınmaz əmlaka mülkiyyət hüququnun tanınması bu hüququn pozulmasının və mübahisə edilməsinin qarşısını alır. Daşınmaz əmlakın dövlət qeydiyyatı əmlaka dair mülkiyyət hüququnu təsdiqləyən sənədlərin həqiqiliyinə və əsaslılığına təminat kimi qiymətləndirilir. Dövlət orqanlarının bu istiqamətdəki fəaliyyətinin əsas məqsədlərindən biri isə hər kəsin hüquq və qanuni mənafelərinin qorunmasıdır. Bu baxımdan qeyd olunan sahədə dövlət orqanlarına həvalə edilmiş səlahiyyətlərin həyata keçirilməsi nəticəsində hər hansı fiziki və ya hüquqi şəxsin hüquqlarının, o cümlədən mülkiyyət hüquqlarının tam həcmdə reallaşdırılmasının əsassız olaraq məhdudlaşdırılmasının yolverilməzliyi də xüsusi əhəmiyyət kəsb edir”. Azərbaycan Respublikası Prezidentinin 2020-ci il 12 may tarixli 1017 №li Fərmanı ilə təsdiq edilmiş Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidmətinin Əsasnaməsinin 3.0.18-ci bəndinə əsasən daşınmaz əmlakın dövlət reyestrini aparmaq, daşınmaz əmlak üzərində mülkiyyət və ya digər əşya hüquqlarının qeydiyyatını həyata keçirmək; 3.0.23-cü bəndinə əsasən daşınmaz əmlakla, o cümlədən torpaq sahələri ilə bağlı inventarlaşdırma işlərini aparmaq və texniki sənədləri, torpaq sahələrinin planını və ölçüsünü tərtib etmək, daşınmaz əmlak obyektlərinin və torpaqların yerquruluşu məqsədləri üçün kadastr planlarını hazırlamaq; 3.0.26-cı bəndinə əsasən daşınmaz əmlak üzərində hüquqların dövlət qeydiyyatının və dövlət reyestrinin aparılmasını, ünvan reyestri, daşınmaz əmlakın vahid dövlət kadastrı, yerquruluşu, dövlət torpaq kadastrı, torpaqların dövlət idarəetməsinin və torpaq bazarının təşkili sahəsində funksiyaların icrasını və digər aidiyyəti dövlət orqanları ilə əlaqələndirilməklə məkan məlumatları infrastrukturunun formalaşdırılmasını təmin etmək, o cümlədən məkan məlumatlarının daxil edilməsinin, saxlanılmasının, idarə olunmasının, inteqrasiyasının və istifadəsinin təmin edilməsi sahəsində tədbirlər görmək Xidmətin vəzifəsidir. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 87.6-cı maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qərarını dəyişdirmədən qüvvədə saxlaya bilər, dəyişdirə bilər və ya ləğv edərək (tam və ya qismən) yeni qərar qəbul edə bilər. Birinci instansiya məhkəməsinin qərarı apellyasiya tələbi həddində dəyişdirilə bilər. Göstərilənlərə əsasən məhkəmə kollegiyası hesab edir ki, birinci instansiya məhkəməsinin iddianın təmin edilməsi ilə bağlı gəldiyi nəticə maddi hüquq normalarının tətbiqi baxımından qanuni, işin faktiki halları baxımından əsaslı olduğu üçün qərar dəyişdirilmədən saxlanılmalı, apellyasiya şikayətinin dəlilləri əsassız olduğundan təmin edilməməlidir. Nəticəvi hissə: Şərh olunanlara əsasən və Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinin 87, 90, 94-cü maddələrinin tələblərini rəhbər tutaraq, Kollegiya Qərara aldı: Cavabdehin apellyasiya şikayəti təmin edilməsin. Bakı İnzibati Məhkəməsinin 11 iyul 2024-cü il tarixli, e-2-1(112)-3636/2024 saylı qərarı dəyişdirilmədən saxlanılsın. Qərardan onun rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyası vasitəsilə Azərbaycan Respublikasının Ali Məhkəməsinin İnzibati Kollegiyasına kassasiya şikayəti verilə bilər. Sədrlik edən: Rəşid Səmədov Hakimlər: Xəyalə Cəmilova Elvin Əliyev
Məhkəmə qərarları › İş №2-1(103)-406/2025
Bakı Apellyasiya Məhkəməsi Qərar — İş №2-1(103)-406/2025
28.01.2025 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver