Məhkəmə qərarları › İş №2-1(103)-4060/2025

Bakı Apellyasiya Məhkəməsi Qərardad — İş №2-1(103)-4060/2025

05.12.2025 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 2-1(103)-4060/2025 05.12.2025 BAKI APELLYASİYA MƏHKƏMƏSİ Hakimlər Qasımov Vidadi Kamal oğlu (sədrlik edən və məruzəçi), Əkbərov Kamran Hüseyn oğlu və Nəbizadə Nigar Xeyrulla qızından ibarət tərkibdə, Həsənova Ləman Elmar qızının katibliyi ilə İddiaçı cavabdehlər Azərbaycan Respublikasının Baş Prokurorluğuna və Azərbaycan Respublikasının Baş Prokuroru yanında Korrupsiyaya qarşı Mübarizə Baş İdarəsinə qarşı "müraciətinə cavab verilməsi və zərərin ödənilməsi" tələbinə dair inzibati mübahisələrə dair iş üzrə Bakı İnzibati Məhkəməsinin 2-1(112)-14175/2025 nömrəli xx.xx.2025-ci il tarixli qərardadından iddiaçı tərəfindən verilmiş apellyasiya şikayətinə əsasən inzibati işə Bakı Apellyasiya Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq müəyyən etdi: BİRİNCİ İNSTANSİYA MƏHKƏMƏSİNDƏ APARİLAN İCRAAT: İddiaçı cavabdehlər Azərbaycan Respublikasının Baş Prokurorluğuna və Azərbaycan Respublikasının Baş Prokuroru yanında Korrupsiyaya qarşı Mübarizə Baş İdarəsinə qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, cavabdeh orqanların vəzifə borclarını yerinə yetirməməsi, vətəndaş müraciətlərinə baxmaqdan imtina etmələrinin qanunsuz hərəkət kimi tanınması və bu qanunsuz hərəkətlər nəticəsində ona vurulmuş 15000 manat mənəvi zərərin ödənilməsi barədə qərar çıxarılmasını xahiş etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, 2005-ci ildən ailə üzvləri ilə birgə yaşadığı ünvanla bağlı dövlət orqanlarına çoxsaylı müraciətlər etmişdir. Pozuntunun əsas səbəbi "xxxx" Firmasının direktorunun qanunsuz olaraq saxta çıxarış və bu çıxarışa əsasən 4 ədəd qanuni qüvvəyə minmiş məhkəmə qətnaməsi olmuşdur. Cavabdehlərə korrupsiya faktının araşdırılması üçün müraciət etmiş, həmin orqanlar vəzifələrini icra etməyərək müraciətlərini heç bir səlahiyyəti olmayan orqana göndərmiş, vəzifə səhlənkarlığı və konstitusion hüquqlarının pozuntusuna yol vermişlər. Bundan sonra iddiaçı iddia tələbinin həcminin artırılması barədə vəsatət verərək, cavabdehlərin hər birindən 15000 manat maddi, 15000 manat mənəvi zərərə görə, cəmi 60000 manat məbləğində təzminat tutulmasını xahiş etmişdir. Bakı İnzibati Məhkəməsinin 2-1(112)-14175/2025 nömrəli xx.xx.2025-ci il tarixli qərardadı ilə iddia tələbinin həcminin artırılmasına dair həmin xx.xx.2025-ci il tarixli vəsatətin qəbulundan imtina edilmiş, həm də iddia mümkün sayılmamışdır. İddiaçı apellyasiya şikayəti verərək qərardadın ləğv edilməsini və işin mahiyyəti üzrə baxılması üçün birinci instansiya məhkəməsinə qaytarılmasını xahiş etmişdir. APELLYASİYA ŞİKAYƏTİNİN DƏLİLLƏRİ VƏ MƏHKƏMƏ İCRAATİ İŞTİRAKÇİLARİNİN İZAHATLARİ: Apellyasiya şikayəti onunla əsaslandırılmışdır ki, "İnzibati icraat haqqında" Azərbaycan Respublikası Qanununun 89.1-ci maddəsinə əsasən, inzibati orqanların qanunsuz qərarları və ya hərəkətsizliyi nəticəsində maraqlı şəxsə vurulmuş ziyana görə müvafiq inzibati orqan məsuliyyət daşıyır. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 35.1-ci maddəsinə əsasən, iddiaçının inzibati orqanın hərəkətsizliyi nəticəsində hüquqlarının pozulduğunu əsaslandırdığı hallarda iddia mümkün sayılır. İddia ərizəsində konkret olaraq inzibati orqanların hərəkətsizliyi nəticəsində ona dəymiş ziyanın ödənilməsi tələb edilmişdir. Bu tələblər inzibati məhkəmənin səlahiyyətinə daxildir və məhkəmə bu iddianı mümkün sayaraq mahiyyəti üzrə baxmalı idi. Məhkəmənin iddianı mümkün saymaması, cavabdeh orqanların məsuliyyətindən yayınmasına şərait yaradır və bu, hüquqi dövlət və ədalət prinsiplərinə ziddir. TƏRƏFLƏRİN İZAHATLARİ: Məhkəmə iclasının yeri və vaxtı barədə lazımı qaydada məlumatlandırılmasına baxmayaraq, tərəflər məhkəmə iclasında iştirak etməmiş və bunun hər hansı üzürlü səbəblə əlaqəli olub-olmadığı barədə məhkəməyə hər hansı məlumat verməmişlər. Məhkəmə kollegiyası Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 62.3-cü maddəsinə əsaslanaraq şifahi məhkəmə baxışı ilə bağlı iclasa çağırılan tərəflərin iştirakı olmadan işə baxılması və iş üzrə müvafiq məhkəmə aktının qəbul edilməsini mümkün hesab etmişdir. İŞİN HALLARİ: İşdə olan, iddiaçı tərəfindən Azərbaycan Respublikasının Baş Prokurorluğuna ünvanlanmıış xx.xx.2025-ci il tarixli müraciətdən görünür ki, cinayət tərkibinin olubolmamasının araşdırılması, xidməti yoxlamanın aparılması xahiş edilmişdir. İşdə olan, iddiaçı tərəfindən Azərbaycan Respublikasının Baş Prokurorluğuna ünvanlanmış xx.xx.2025-ci il tarixli vəsatətdən görünür ki, cinayət işinin başlanılması, halların araşdırılması, korrupsiya və vəzifə səlahiyyətlərindən sui-istifadə və qanunsuz mülkiyyət verilməsi hallarına istinadən səlahiyyətin Korrupsiyaya Qarşı Mübarizə Baş İdarəsində olmasına əsaslanılaraq materialların həmin Baş İdarəyə yönləndirilməsi xahiş edilmişdir. İşdə olan, iddiaçı tərəfindən Azərbaycan Respublikasının Baş Prokuroru yanında Korrupsiyaya qarşı Mübarizə Baş İdarəsinə ünvanlanmış korrupsiya faktlarının araşdırılması adı ilə verilmiş ərizədən görünür ki, korrupsiya faktlarının araşdırılması, çıxarışı verən qurumun əməkdaşlarının məsuliyyətə cəlb edilməsi üçün cinayət işinin başlanılması və s. barədə müraciət edilmişdir. İşdə olan, iddiaçı tərəfindən Azərbaycan Respublikasının Baş Prokurorluğuna ünvanlanmış xx.xx.2025-ci il tarixli ərizədən görünür ki, rəsmi vəzifəli şəxslər tərəfindən yol verilmiş pozuntu və saxtakarlıq ehtimalına hüquqi qiymət verilməsi, nəticəyə uyğun tədbirlərin görülməsi və s. barədə iddiaçı müraciət etmişdir. İşdə olan, iddiaçı tərəfindən Korrupsiyaya qarşı Mübarizə Baş İdarəsinə ünvanlanmış xx.xx.2025-ci il tarixli korrupsiya faktlarının araşdırılması adı ilə verilmiş ərizədən görünür ki, korrupsiya faktlarının araşdırılması, çıxarışı verən qurumun əməkdaşlarının məsuliyyətə cəlb edilməsi üçün cinayət işinin başlanılması və s. barədə müraciət edilmişdir. İşdə olan, iddiaçı tərəfindən Baş Prokurorluğa ünvanlanmış xx.xx.2025-ci il tarixli ərizədən görünür ki, cinayət işinin başlanılması, məsul şəxslərin məsuliyyətə cəlb edilməsi və s. barədə müraciət edilmişdir. İşdə olan, iddiaçı tərəfindən Baş Prokurorluğa ünvanlanmış xx.xx.2025-ci il tarixli ərizədən görünür ki, cinayət işinin başlanılması çıxarışın verilməsində iştirak etmiş əməkdaşlar və şəxslər barədə məsuliyyət məsələsinin araşdırılması və s. barədə müraciət edilmişdir. TƏTBİQ EDİLƏN HÜQUQ: "İnzibati məhkəmə icraatında iddianın mümkünlüyünə dair" Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun xx.xx.2015-ci il tarixli 5 nömrəli Qərarı: 2.3. Məhkəmələr ilk növbədə iddiaçının həmin iddia tələbi üzrə subyektiv hüququnun olub-olmamasını, cavabdehin həmin iddiaya cavab verməli olub-olmamasını, qanunvericilikdə nəzərdə tutulduğu hallarda cavabdehin imtinasının olub-olmamasını, İPM-də nəzərdə tutulmuş iddia müddətlərinə riayət edilib-edilmədiyini, prosessual həmiştirakçılığın yol verilənliyini, tələblərin bir iddiada birləşdirilməsinin mümkünlüyünü İPM-in 37-ci maddəsinə uyğun yoxlamalıdırlar. 6.1. Məhkəmələr ilk növbədə iddiaçının həmin iddia tələbi üzrə subyektiv hüququnun olub-olmamasını, cavabdehin həmin iddiaya cavab verməli olub-olmamasını, qanunvericilikdə nəzərdə tutulduğu hallarda cavabdehin imtinasının olub-olmamasını, İPM-də nəzərdə tutulmuş iddia müddətlərinə riayət edilib-edilmədiyini, prosessual həmiştirakçılığın yol verilənliyini, tələblərin bir iddiada birləşdirilməsinin mümkünlüyünü İPM-in 37-ci maddəsinə uyğun yoxlamalıdırlar. 6.2. İddiaçının hüquqi marağı yalnız o halda mövcud olacaqdır ki, onun çatmaq istədiyi məqsədə qaldırılmış iddianın uğurlu olması ilə nail olmaq mümkün olsun. Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsi: 35.1. Bu Məcəllədə başqa qayda nəzərdə tutulmamışdırsa, iddiaçının iddia ərizəsində inzibati aktın qəbul edilməsi və ya qəbul edilməsindən imtina olunması, yaxud inzibati orqanın hərəkəti və ya hərəkətsizliyi nəticəsində onun hüquqlarının və qanunla qorunan maraqlarının pozulduğunu əsaslandırdığı hallarda mübahisələndirmə haqqında, məcburetmə haqqında, öhdəliklərin icrası haqqında və müəyyən hərəkətləri etməkdən çəkinməyə dair iddia mümkün sayılır. 87.6. Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qərarını dəyişdirmədən qüvvədə saxlaya bilər, dəyişdirə bilər və ya ləğv edərək (tam və ya qismən) yeni qərar qəbul edə bilər. Birinci instansiya məhkəməsinin qərarı apellyasiya tələbi həddində dəyişdirilə bilər. 87.7. Apellyasiya instansiyası məhkəməsi, bir qayda olaraq, mübahisə ilə bağlı işə mahiyyəti üzrə baxaraq həll edir. "İnzibati icraat haqqında" Azərbaycan Respublikası Qanunu: 2.0.1-ci maddəsinə əsasən, inzibati orqan – Azərbaycan Respublikasının müvafiq icra hakimiyyəti orqanları, onların yerli (struktur) və digər qurumları, bələdiyyələr, habelə qanuna əsasən inzibati akt qəbul etmək səlahiyyəti verilmiş hər hansı fiziki və ya hüquqi şəxsdir; 2.0.2-ci maddəsinə əsasən, inzibati akt – inzibati orqan tərəfindən ümumi (publik) hüquq sahəsinə aid olan müəyyən (konkret) məsələləri nizama salmaq və ya həll etmək məqsədi ilə qəbul edilmiş və ünvanlandığı hüquqi və ya fiziki şəxs (şəxslər) üçün müəyyən hüquqi nəticələr yaradan qərar, sərəncam və ya digər növ hakimiyyət tədbiridir; 3.1-ci maddəsinə əsasən, bu qanunun müddəaları Azərbaycan Respublikasının qanunvericiliyi ilə inzibati orqan kimi müəyyən (təsnif) edilmiş orqanların fəaliyyətinə şamil olunur. Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsi: 449.1-ci maddəsinə əsasən, məhkəmə nəzarətini həyata keçirən məhkəməyə cinayət prosesini həyata keçirən orqanın aşağıdakı şəxslərinin prosessual hərəkətlərindən və ya qərarlarından şikayət verilə bilər: 449.1.1. təhqiqatçının (onun səlahiyyətlərini həyata keçirən şəxsin); 449.1.2. tutulmanı və ya tutulan şəxsin həbsdə saxlanılma yerlərində saxlanılmasını həyata keçirən şəxsin; 449.1.3. əməliyyat-axtarış fəaliyyətini həyata keçirən şəxsin; 449.1.4. müstəntiqin; 449.1.5. İbtidai araşdırmaya prosessual rəhbərliyi həyata keçirən prokurorun; 449.2-ci maddəsinə əsasən, cinayət prosesini həyata keçirən orqanın prosessual hərəkətlərindən və ya qərarlarından aşağıdakı şəxslər şikayət vermək hüququna malikdirlər: 449.2.1. təqsirləndirilən (şübhəli) şəxs və onun müdafiəçisi; 449.2.2. zərər çəkmiş şəxs və onun qanuni nümayəndəsi; 449.2.3. qərarın qəbul edilməsi və ya hərəkətin aparılması nəticəsində hüquq və azadlıqları pozulan digər şəxslər; 449.3-cü maddəsinə əsasən, bu Məcəllənin 449.2-ci maddəsində göstərilən şəxslər aşağıdakılarla bağlı cinayət prosesini həyata keçirən orqanın prosessual hərəkətlərindən və ya qərarlarından məhkəməyə şikayət vermək hüququna malikdirlər: 449.3.1. cinayət haqqında ərizənin qəbul edilməsindən imtina edilməsi; 449.3.2. tutulması və həbsdə saxlanılması; 449.3.3. tutulmuş şəxsin hüquqlarının pozulması; 449.3.4. həbsdə saxlanılan şəxsə işgəncə verilməsi və ya digər amansız rəftar edilməsi; 449.3.5. cinayət işinin başlanmasının rədd edilməsi, cinayət işi üzrə icraatın dayandırılması və ya ona xitam verilməsi; 449.3.6. məhkəmənin qərarı olmadan istintaq hərəkətinin məcburi aparılması, prosessual məcburiyyət tədbirinin tətbiq edilməsi və ya əməliyyat-axtarış tədbirinin həyata keçirilməsi; 449.3.7. təqsirləndirilən (şübhəli) şəxsin müdafiəçisinin cinayət prosesindən kənarlaşdırılması; APELLYASİYA İNSTANSİYASİ MƏHKƏMƏSİNİN MÖVQEYİ: Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 82-ci maddəsinə əsasən, apellyasiya instansiyası məhkəməsi mübahisə ilə bağlı işə şikayət həddində və hüquqi məsələlər, habelə sübutlar və faktlar (faktiki hallar) əsasında mahiyyəti üzrə tam həcmdə baxır. İddiaçının apellyasiya şikayəti birinci instansiya məhkəməsinin qərardadının ləğvinə yönəldiyi üçün kollegiya qərardadın qanuniliyini tam yoxlayır. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 87.8-ci maddəsinə əsasən, apellyasiya instansiyası məhkəməsi qərarını əsaslandırmağa borcludur. Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qərarını dəyişdirmədən qüvvədə saxladıqda, həmin qərardakı əsaslara istinad edə bilər. Lakin hər bir halda apellyasiya instansiyası məhkəməsinin qərarında apellyasiya şikayətinin dəlillərinə münasibət bildirilməlidir. Məhkəmə kollegiyası iddianın mümkün sayılmaması ilə bağlı birinci instansiya məhkəməsinin gəldiyi nəticə ilə razılaşır və aşağıdakıların qeyd olunmasını zəruri hesab edir. "İnzibati məhkəmə icraatında iddianın mümkünlüyünə dair" Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun xx.xx.2015-ci il tarixli 5 nömrəli Qərarınə əsasən, məhkəmələr nəzərə almalıdırlar ki, inzibati mübahisələrə dair iddianın əsaslılığının yoxlanılması üçün zəruri ilkin şərt onun mümkün olmasıdır. İddianın əsaslılığının yoxlanılmasına yönəlmiş fəaliyyəti zamanı məhkəmə cavabdehə qarşı irəli sürülmüş maddi-hüquqi tələbin mövcud olub-olmamasını araşdırmaqla mahiyyəti üzrə baxmağa imkan verən şərtlərin mövcudluğunun yoxlanılmasını nəzərdə tutur. Mümkünlük şərtlərinin mövcudluğunu məhkəmə tərəflərin bildirməsindən asılı olmayaraq özünün xidməti vəzifəsinə görə yoxlamalıdır. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 35.1-ci maddəsinə əsasən, bu Məcəllədə başqa qayda nəzərdə tutulmamışdırsa, iddiaçının iddia ərizəsində inzibati aktın qəbul edilməsi və ya qəbul edilməsindən imtina olunması, yaxud inzibati orqanın şikayəti və ya hərəkətsizliyi nəticəsində onun hüquqlarının və qanunla qorunan maraqlarının pozulduğunu əsaslandırdığı hallarda mübahisələndirmə haqqında, məcburetmə haqqında öhdəliklərin icrası haqqında və ya müəyyən hərəkətləri etməkdən çəkinməyə dair iddia mümkün sayılır. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 35.1-ci maddəsinin mahiyyətindən aydın olur ki, iddianın mümkün sayılması üçün iddiaçı iddia ərizəsində inzibati aktın qəbul edilməsi və ya qəbul edilməsindən imtina olunması, yaxud inzibati orqanın hərəkəti və ya hərəkətsizliyi nəticəsində özünün hüquqlarının və qanunla qorunan maraqlarının pozulduğunu əsaslandırmalıdır. İddianın mümkünlüyü baxımından hüququn pozulub-pozulmadığının müəyyən olunmasının qiymətləndirilməsi zamanı iddiaçının hüquqi marağı, başqa sözlə konkret halda hüquqi müdafiəyə ehtiyacının olub-olmadığı da nəzərə alınmalıdır. Bu zaman iddiaçının arzuladığı məqsədə çatmaq üçün düzgün hüquqi müdafiə vasitələrindən, o cümlədən əlverişli iddia növündən istifadə edib-etmədiyi yoxlanılmalıdır. Adıçəkilən Qərarın 6.2-ci maddəsinə əsasən, iddiaçının hüquqi marağı yalnız o halda mövcud olacaqdır ki, onun çatmaq istədiyi məqsədə qaldırılmış iddianın uğurlu olması ilə nail olmaq mümkün olsun. Göründüyü kimi, inzibati prosessual qanunvericiliyin tələbinə görə, istənilən növ inzibati məhkəmə icraatı qaydasında baxılmalı olan iddianın yalnız onun mümkünlüyü haqqında şərt yerinə yetirildiyi halda yolveriləndir, iddianın əsaslı hesab edilərək, məhkəmə tərəfindən mümkün sayılması üçün əsas şərtləri - iddia müddətinə dair normalara riayət edilməklə, iddiaya cavab verilməli olan inzibati orqana qarşı yönəlməsi, iddiaçının pozulması ehtimal olunan subyektiv hüququnun mövcudluğunun Azərbaycan Respublikası Konstitusiyasından, ümumi (publik) hüquq sahəsində qüvvədə olan qanunlardan və digər normativ hüquqi aktlardan irəli gəlməsi, inzibatı məhkəmə icraatı qaydasında iddia inzibati orqanın hərəkəti və hərəkətsizliyi nəticəsində şəxsin hüquqlarının pozulmasının əsaslandırdığı hallarda mümkün hesab edilir. Məhkəmələr tərəfindən yalnız mümkün sayılmış iddialara mahiyyəti üzrə baxılır. Mümkünlük şərtləri isə iddiaya mahiyyəti üzrə baxmağa imkan verən şərtlərin mövcudluğunun yoxlanılmasını nəzərdə tutur. İddianın mümkünlüyü həmişə onun əsaslılığının yoxlanılmasından əvvəl aparılan hüquqi dəyərləndirmədir. Ona görə də, işə baxan məhkəmə əvvəlcə mümkünlük şərtlərinin mövcudluğunu yoxlamalı və yalnız həmin şərtlərin mövcudluğunun müəyyən olunmasından sonra iddianın mahiyyəti üzrə araşdırılmasını aparmalıdır. "İnzibati və mülki hüquq münasibətlərindən irəli gələn mübahisələrin məhkəmə aidiyyətinə dair" Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun xx.xx.2015-ci il tarixli 04 nömrəli Qərarına əsasən, nəzərə alınmalıdır ki, "İnzibati icraat haqqında" Qanunun 3.2, 3.2.1 və 3.2.2-ci maddələrinə əsasən həmin Qanun inzibati orqanların cinayət təqibi üzrə cinayət prosessual fəaliyyətinə və inzibati xətalara dair işlər üzrə fəaliyyətinə şamil olunmur. (7.1). "İnzibati icraat haqqında" Qanunun 3.2.1-ci maddəsinə əsasən, bu Qanununun müddəaları Azərbaycan Respublikasının qanunvericiliyi ilə inzibati orqan kimi müəyyən edilmiş orqanların cinayət təqibi üzrə cinayət-prosessual fəaliyyətinə şamil olunmur. İddia ərizəsinin və ona əlavə edilmiş sənədlərin məzmunundan müəyyən olunur ki, iddiaçının tələbi çıxarışın verilməsi ilə əlaqədar korrupsiya faktlarının araşdırılmalı olması, zərərin ödənilməsi və s. ilə bağlı olmaqla cavabdehlərin cinayət prosessual fəaliyyəti ilə bağlıdır. Belə ki, iddia ərizəsində iddiaçı qeyd edir ki, korrupsiya faktının araşdırılması üçün birbaşa cavabdehlərə müraciət etmiş, lakin vəzifələr icra edilməmişdir. İddiaçı ilə cavabdehlər arasında hər hansı bir inzibati hüquq münasibəti mövcud deyildir. İnzibati hüquq münasibətinin mövcud olmadığı halda isə inzibati mübahisədən söhbət gedə bilməz. Bu zaman iddia tələbinin müraciətə cavab verilməməsinin qanunsuz hesab edilməsi formasında olması da məzmun baxımından onun mümkünlüyünün ödənilməməsinə münasibətdə fərqləndirmə müəyyən etmir. Belə ki, iddiaçının cavab verilməsini tələb etdiyi müraciətin mahiyyətindən aydın olur ki, müraciət ehtimal olunan cinayət hadisəsi üzrə cinayət işinin başlanılması ilə bağlıdır ki, həmin məsələyə dair cavabdehin müraciətinə cavab verilməsi məhz cinayət işinin başlanılmalı olması və ya başlanılmaması ilə bağlı olacaqdır ki, bu xarakterli müraciətin cavablandırılmasına münasibətdə hər bir halda münasibət cinayət prosessual qanunvericiliklə bağlı olmaqla inzibati məhkəmə icraatının predmetinə daxil olmayan münasibətlə əlaqəlidir. Eyni zamanda, cavabdeh orqanların hərəkət və hərəkətsizliyi nəticəsində maddi və mənəvi zərər tələbi də hazırkı icraat qaydasında baxıla bilən iddia hesab edilmir. Təhqiqat, ibtidai istintaq, prokurorluq və məhkəmə orqanlarının qanunsuz hərəkətləri nəticəsində şəxsə vurulmuş fiziki və mənəvi ziyan mülki qanunvericiliklə nəzərdə tutulmuş qaydada ödənilir. Zərərin ödənilməsinə dair iddia ilə əlaqədar əlavə olaraq qeyd edilməsi zəruridir ki, vurulmuş ziyana görə kompensasiyanın ödənilməsinə dair iddianın inzibati məhkəmə icraatı qaydasında baxılması o zaman mümkündür ki, həmin kompensasiya inzibati orqanların qanunsuz qərarları (inzibati aktları) və ya hərəkətləri (hərəkətsizliyi) nəticəsində vurulmuş ziyana görə yaranmış olsun. Hazırkı iş üzrə cavabdehin qanunsuz qərar və hərəkət və ya hərəkətsizliyinin törədilməsi halı istinsa edilməsə də, məhkəmə hesab edir ki, cinayət işi üzrə araşdırmaya aid olan ehtimal olunan qanunsuz qərar və hərəkət və ya hərəkətsizliyin törədilməsinə görə kompensasiyanın ödənilib-ödənilməməsinə dair iddianın mahiyyəti üzrə qiymətləndirilməsi inzibati məhkəmə icraatı çərçivəsində qiymətləndirilə bilməz. Azərbaycan Respublikası Ali Məhkəəməsinin 2-1(102)-2253/2022 nömrəli iş üzrə qəbul edilmiş xx.xx.2022-ci il tarixli qərarında qeyd edilmişdir ki, Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun "İnzibati və mülki hüquq münasibətlərindən irəli gələn mübahisələrin məhkəmə aidiyyətinə dair" 10 aprel 2015-ci il tarixli 4 nömrəli qərarının 7.2ci bəndində qeyd olunmuşdur ki, nəzərə alınmalıdır ki, "İnzibati icraat haqqında" Qanunun 3.2, 3.2.1 və 3.2.2-ci maddələrinə əsasən həmin Qanun inzibati orqanların cinayət təqibi üzrə cinayət prosessual fəaliyyətinə və inzibati xətalara dair işlər üzrə fəaliyyətinə şamil olunmur. Ona görə də, inzibati xətalara dair iş üzrə icraatın aparılması ilə bağlı, eləcə də təhqiqat, ibtidai istintaq, prokurorluq və məhkəmə orqanlarının qanunsuz hərəkətləri ilə vurulmuş zərərin əvəzinin ödənilməsi tələbinə dair iddialara mülki məhkəmə icraatı qaydasında baxılır Beləliklə məhkəmə hesab edir ki, nə qədər ki kompensasiyanın ödənilməsinə tələbinin yaranmasına əsas olmuş mübahisə üzrə münasibət cinayət hadisəsi ilə əlaqədardır ki, həmin icraat üzrə inzibati orqanın maddi və mənəvi zərərə səbəb olan hərəkət və ya hərəkətsizlik göstərməsinin qiymətləndirilməsi aidiyyəti rayon məhkəməsi tərəfindən qiymətləndirilməlidir. Bu zaman, cavabdehin həmin icraat çərçivəsində ehtimal olunan hərəkət və hərəkətsizliyi nəticəsində maddi və mənəvi zərərin vurulması halı inzibati məhkəmə icraatı çərçivəsində qiymətləndirilə bilməz. Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun "İnzibati və mülki hüquq münasibətlərindən irəli gələn mübahisələrin məhkəmə aidiyyətinə dair" 05 nömrəli xx.xx.2015-ci il tarixli Qərarının 15-ci bəndində qeyd edilmişdir ki, Azərbaycan Respublikası İPM-in 8.2-ci maddəsinə əsasən, predmet və ya ərazi aidiyyəti üzrə mübahisəyə baxılması onun səlahiyyətinə aid olmadığı hallarda, məhkəmə tərəfləri dinlədikdən sonra xidməti vəzifəsinə görə mübahisənin aidiyyətini müəyyənləşdirir və həmin mübahisə ilə bağlı işi aidiyyəti üzrə müvafiq səlahiyyətli məhkəməyə göndərir. İnzibati münasibətlər dövlət idarəçiliyi və ya yerli özünüidarəetmə sahəsində meydana çıxır və həmin münasibətlərdə tərəflərdən biri qismində mütləq icra hakimiyyəti orqanı, bələdiyyə və ya qanuna əsasən inzibati akt qəbul etmək səlahiyyəti verilmiş subyekt iştirak edir. İnzibati hüquq münasibətinin mövcud olmadığı halda isə inzibati mübahisədən söhbət gedə bilməz. Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 67.3-cü maddəsinə əsasən, rayon (şəhər) məhkəmələri, həmçinin məhkəməyədək sadələşdirilmiş icraat üzrə materiallara, xüsusi ittiham qaydasında şikayətlərə, habelə məhkəmə nəzarəti funksiyalarının həyata keçirilməsinə dair və digər materiallara baxırlar. Odur ki, CPM 449.1 və 67.3-cü maddələrinin tələbinə əsasən, cinayət prosesini həyata keçirən orqanın prosessual hərəkətlərindən şikayətlərə məhkəmə nəzarətini həyata keçirən ümumi məhkəmələr (rayon (şəhər) məhkəməsi) tərəfindən baxılmalıdır. İPM-in 8.2-ci maddəsində işin səlahiyyətli məhkəməyə göndərilməsi dedikdə, məhz inzibati mübahisə üzrə işə İPM-in müddəalarına uyğun olaraq baxmağa səlahiyyətli olan inzibati məhkəmə nəzərdə tutulur. Belə ki, mülki və ya cinayət məhkəmə icraatı qaydasında, habelə inzibati xətalara dair işlər üzrə icraat qaydasında baxılmalı olan işlərin aidiyyəti üzrə göndərilməsi İPM-də nəzərdə tutulmamışdır. Bu səbəbdən mülki və ya cinayət məhkəmə icraatı qaydasında, habelə inzibati xətalara dair işlər üzrə icraat qaydasında baxılmalı olan mübahisələrə dair iddialar mümkün sayılmamalı, iddiaçıya aidiyyəti üzrə səlahiyyətli məhkəməyə (yaxud, inzibati xətalara dair işlər üzrə icraat qaydasında işlərə baxmaq səlahiyyəti olan orqana) müraciət etmək hüququ izah olunmalıdır. Mübahisənin aidiyyəti müəyyənləşdirilərkən tərəflərin, cavabdehə hələ təqdim edilməmiş iddia ərizələrinə münasibətdə isə, iddiaçının dinlənilmə hüququ məhkəmə tərəfindən təmin olunmalıdır. Qeyd olunanlara əsasən, məhkəmə kollegiyası hesab edir ki, iddiaçının apellyasiya şikayəti təmin olunmamalı, Bakı İnzibati Məhkəməsinin mübahisələndirilən qərardadı qanuni və əsaslı olduğu üçün dəyişdirilmədən saxlanılmalıdır. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 58.7-ci maddəsinə əsasən, sübutlar məhkəmə tərəfindən tam və hərtərəfli araşdırıldıqdan sonra qiymətləndirilir. Həmin Məcəllənin 68.2-ci maddəsinə əsasən, məhkəmə qərarı yalnız məhkəmə icraatında tədqiq olunmuş və barələrində proses iştirakçılarının öz mülahizələrini bildirmək imkanına malik olduqları faktlar və sübutlarla əsaslandırılmalıdır. Həmin Məcəllənin 87.6-cı maddəsinə əsasən, apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qərarını dəyişdirmədən qüvvədə saxlaya bilər, dəyişdirə bilər və ya ləğv edərək (tam və ya qismən) yeni qərar qəbul edə bilər. Birinci instansiya məhkəməsinin qərarı apellyasiya tələbi həddində dəyişdirilə bilər. Beləliklə, məhkəmə kollegiyası Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 2, 35, 69, 80, 89, 90 və 94.1-ci maddələrini rəhbər tutaraq qərara aldı: İddiaçı tərəfindən verilmiş apellyasiya şikayəti təmin edilməsin. Bakı İnzibati Məhkəməsinin 2-1(112)-14175/2025 nömrəli xx.xx.2025-ci il tarixli qərardadı dəyişdirilmədən qüvvədə saxlanılsın. Qərardad təqdim olunduğu gündən 10 gün müddətində Bakı Apellyasiya Məhkəməsi vasitəsi ilə qərardaddan Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyasına kassasiya şikayəti verilə bilər. Sədrlik edən Vidadi Qasımov. Hakimlər Kamran Əkbərov. Nigar Nəbizadə.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar