Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 2-1(103)-4062/2023 30.11.2023 BAKI APELLYASİYA MƏHKƏMƏSİ Hakimlər Yusifov Cahangir Afər oğlu (sədrlik edən), X1 və Məmmədova Şərafət Asif qızından ibarət tərkibdə, İddiaçı cavabdeh Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidmətinə qarşı “torpaq sahəsinə dair icarə müqaviləsinin bağlanması” tələbinə dair inzibati iş üzrə Bakı İnzibati Məhkəməsinin 2-1(112)- 9907/2023 nömrəli xx.xx.2023-cü il tarixli qərardadından iddiaçı tərəfindən verilmiş apellyasiya şikayətinə əsasən işə Bakı Apellyasiya Məhkəməsinin binasında (Bakı şəhəri, Z.Xəlilov küçəsi, 540cı məhəllə) açıq məhkəmə iclasında baxaraq məhkəmə kollegiyası m ü ə y y ə n e t d i: İ. İddiaçı cavabdeh Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidmətinə qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək “Bakı şəhəri, Yasamal rayonu, Qanlı Gölün cənub hissəsi ünvanında yerləşən və uzun müddət istifadədə olan 30374.6 kv.m torpaq sahəsi ilə əlaqədar icarə müqaviləsi bağlanması” barədə qərar qəbul edilməsini xahiş etmişdir. İddiaçı tələbini onunla əsaslandırılmışdır ki, Bakı şəhəri, Yasamal rayonu, Qanlı Gölün cənub hissəsi ünvanında cəmi 303 metr torpaq sahəsində lazımi təmizlik işləri apararaq 1998-ci ildən istifadə edir, ərazidə müxtəlif tikinti işləri apararaq sahibkarlıq fəaliyyəti ilə məşğul olur. Yasamal Rayon İcra Hakimiyyətinə ərizə yazaraq həmin torpaq sahəsinin sənədləşdirilməsinə köməklik göstərilməsini xahiş etmişdir. Rayon İcra Hakimiyyəti qeyd edilən torpaq sahəsinin uzun illərdir onun, faktiki istifadəsində olduğunu, 28674 kv.m 1700 kv.m torpaq sahəsinin 5-21/2-İ-7-091/2023 saylı 06 aprel 2023-cü il tarixli məktubla şəhid anası İddiaçı hazırkı müraciətini nəzərə alaraq, qanunvericiliyə uyğun cavabdeh Xidmət ilə icarə müqaviləsi bağlanmasını bildirərək hər iki torpaq sahələrinin eskiz-planını təsdiq etmişdir. Ona görə də, cavabdeh Xidmətə ərizə ilə müraciət edərək Bakı şəhəri Yasamal rayon İcra Hakimiyyətinin məktubunu nəzərə alaraq, faktiki istifadədə olan cəmi, 30374.6 kv.m torpaq sahəsi ilə əlaqədar Xidmət arasında icarə müqaviləsi bağlanmasına dair lazımi şöbəyə göstəriş verilməsi xahiş edilmiş, lakin sonuncu 3-21-3/2-P-0043-8/2023 saylı 28 aprel 2023-cü il tarixli məktubu ilə əsassız olaraq imtina edərək bildirilmişdir ki, əlavə edilmiş sənədlər əsasında icarə müqaviləsinin bağlanması mümkün olmadığı üçün həmin torpaq sahəsinin istifadəyə ayrılmasına dair müvafiq torpaqayırma sənədləri (sərəncam, ayrıc aktı və yerquruluşu planı) təqdim edildikdən sonra məsələnin həlli üçün Xidmət tərəfindən qanunamüvafıq tədbirlər görüləcəkdir. Bakı İnzibati Məhkəməsinin 2-1(112)-9907/2023 saylı xx.xx.2023-cü il tarixli qərardadı ilə iddia mümkün sayılmamışdır. İddiaçı apellyasiya şikayəti verərək, həmin qərarın ləğv edilməsini, iddiasının mümkün hesab edilməsinə dair qərardad qəbul edilməsini məhkəmədən xahiş etmişdir. İddiaçı apellyasiya şikayətini onunla əsaslandırmışdır ki, məhkəmənin mövqeyi qanunsuz və əsassızdır. Belə ki, “iddiaçı uzun müddətdir ki, torpaq sahəsindən istifadə edir və orada öz vəsaiti hesabına abadlaşdırma işi aparmışdır. Yasamal rayon icra Hakimiyyətinin məktubunda göstərilənlər təsdiq edilərək, istifadədə olan torpaq sahəsinin cizgisi tərtib edilmiş, tərəfə Əmlak Məsələləri Dövlət Xidməti ilə icarə müraviləsi bağlanması tövsiyyə edilmişdir. Belə vəziyyətdə məhkəmə iddia ərizəsinə düzəliş edərək cavabdehə qarşı "İcarə müqaviləsi bağlanmasına Sərəncam verilməsi öhdəliyinin onun üzərinə qoyulması" barədə iddiaçıya yardım göstərmək və Yasamal rayon icra Hakimiyyətini üçüncü şəxs qismində işə cəlb edərək həmin rayonun ərazisində yerləşən torpaq sahəsi barəsində məlumat alaraq iddia ərizəsinə mahiyyəti üzrə baxmaq əvəzinə iddia ərizəsini mümkün saymamışdır...” Apellyasiya şikayəti İPM-in 85-ci maddəsinin tələbləriə uyğun verildiyi və apellyasiyanın mümkün olduğu müəyyyən edilmişdir. Məhkəmə kollegiyasının hazırkı iclası barədə xəbərdar edilmiş tərəflər (nümayəndələri) məhkəməyə gəlməmiş, İPM-in 62.3-cü maddəsinin tələblərini nəzərə alan məhkəmə kollegiyası onların iştirakı olmadan işə baxılmasını mümkün hesab etmişdir. İİ. Məhkəmə kollegiyası iş materiallarını araşdırıb belə nəticəyə gəlir ki, aşağıdakı əsaslara görə iddiaçının apellyasiya şikayəti təmin edilmədən, birinci instansiya məhkəməsinin qərarı dəyişdirilmədən qüvvədə saxlanılmalıdır. Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinin(“İPM”) 73.1-ci maddəsinə əsasən İnzibati aktın qəbulundan imtina olunmasının və ya cavabdehin hərəkətsizliyi nəticəsində inzibati aktın qəbul edilməməsinin qanuna zidd olduğu və iddiaçının hüquqlarının pozulmasına səbəb olduğu hallarda, məhkəmə inzibati orqanın üzərinə inzibati aktın qəbul edilməsi barədə öhdəlik qoyur. İddiaçının tələbindən göründüyüü kimi, məcburetmə haqqında iddia vasitəsi ilə Bakı şəhəri, Yasamal rayonu, Qanlı Gölün cənub hissəsi ünvanında yerləşən və uzun müddət istifadədə olan 30374.6 kv.m torpaq sahəsi ilə əlaqədar icarə müqaviləsi bağlanması barədə qərar qəbul edilməsini tələb etmişdir. İPM-in 35.1-ci maddəsinə əsasən bu Məcəllədə başqa qayda nəzərdə tutulmamışdırsa, iddiaçının iddia ərizəsində inzibati aktın qəbul edilməsi və ya qəbul edilməsindən imtina olunması, yaxud inzibati orqanın hərəkəti və ya hərəkətsizliyi nəticəsində onun hüquqlarının və qanunla qorunan maraqlarının pozulduğunu əsaslandırdığı hallarda mübahisələndirmə haqqında, məcburetmə haqqında, öhdəliklərin icrası haqqında və müəyyən hərəkətləri etməkdən çəkinməyə dair iddia mümkün sayılır. Məcəllənin qeyd olunan normasının mənası onu ehtiva edir ki, inzibati icraat qaydasında baxılan iddia, o cümlədən məcburetmə haqqında iddia – subyektiv hüququ olan şəxs tərəfindən qanunla üzərinə müvafiq öhdəlik düşən inzibati orqana qarşı qaldırılmalı və inzibati icraat qaydalarına müvafiq olan iddia növünə uyğun olmaqla, iddiaçı tərəfindən hüquq və azadlıqların pozulması (sübutlar da əlavə olunmaqla) əsaslandırmalıdır ki, iddiasının inzibati məhkəmə icraatı mümkün olsun. Konkret halda isə hazırkı iddianın inzibati məhkəmə icraatının mümkünlük şərtləri öz təsdiqini tapmır. Belə ki, Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 241.1-ci maddəsinə əsasən torpaq sahəsinin mülkiyyətçisi onu başqa şəxslərin istifadəsinə, o cümlədən icarəsinə verə bilər. Həmin Məcəllənin 241.2-ci maddəsinə əsasən dövlət və ya bələdiyyə mülkiyyətində olan torpaq sahəsindən istifadə hüququ fiziki və hüquqi şəxslərə torpaq sahələrini bu cür istifadəyə verməyə vəkil edilmiş dövlət orqanının və ya yerli özünüidarə orqanının qərarına əsasən, qanunla müəyyənləşdirilmiş qaydada verilir. Eyni zamanda, Azərbaycan Respublikasının Torpaq Məcəlləsinin 56-cı maddəsinin 1-ci hissəsinə əsasən Azərbaycan Respublikasının torpaq qanunvericiliyinə uyğun olaraq mülkiyyətə, istifadəyə və icarəyə verilməyən dövlət torpaqlarını müvafiq icra hakimiyyəti orqanı, bələdiyyə torpaqlarını isə bələdiyyələr müəyyən edir. Həmin Məcəllənin 65-ci maddəsinin 2-ci hissəsinə əsasən torpaq ayrılması üçün sahə seçildikdə həmin sahənin istifadəyə və icarəyə verilməsi (satılması) barədə müvafiq qərar qəbul edilənə qədər onun sərhədləri yerdə (naturada) və xəritədə müəyyən edilir. Həmin Məcəllənin 66-cı maddəsinin 1-ci hissəsinə əsasən dövlət və bələdiyyə mülkiyyətində olan torpaq sahələrinin hər hansı hüquqda hüquqi və fiziki şəxslərə verilməsi müvafiq icra hakimiyyəti orqanının və ya bələdiyyənin qərarı və tərəflər arasında bağlanmış müqavilə əsasında həyata keçirilir. Qanunvericiliyin qeyd olunan tələblərindən göründüyü kimi, o cümlədən, torpağın icarəyə verilməsi üçün ilk öncə, onun sərhədləri yerdə (naturada) və xəritədə müəyyən edilməklə, müvafiq icra hakimiyyətinin qərarı əsasında həyata keçirilir. Konkret halda, iddiaçının mübahisəli torpaq sahəsinin onun icarəsinə verilməsinə dair istər yerli icra hakimiyyəti orqanının, istərsə də cavabdeh orqanın hər hansı bir qərarı mövcud deyildir. Eyni zamanda, həmin torpaq sahəsi özəlləşdirilən tikililərin (obyektlərin) yerləşdiyi torpaq sahəsi də deyildir. Odur ki, qanunvericiliyin qeyd lolunan tələbləri nəzərə alınmaqla, müvafiq torpaqayırma qərarı olmadan və şəhərsalma və digər müvafiq normativ-hüquqi aktlara müəyyən edilən qaydalara riayət edilmədən inşa etdiyi özbaşına tikililəri əsas gətirərək hazırkı cavabdəhə qarşı onunla mübahisəli torpaq sahəsinə dair icarə müqaviləsi bağlanmasını tələb etməsi subyektiv baxımdan mümkünsüzdür. Çünki, ən azından, Torpaq Məcəlləsinin 60-cı maddəsinin 1-ci hissəsinin tələbinə görə dövlət mülkiyyətinin özəlləşdirilməsi haqqında müvafiq normativ-hüquqi aktlara uyğun olaraq, özəlləşdirilən müəssisənin (obyektin) mülkiyyətçisi kimi çıxış edən Azərbaycan Respublikasının hüquqi və ya fiziki şəxsi həmin müəssisənin (obyektin) yerləşdiyi torpaq sahəsini müvafiq normativ-hüquqi aktlarda müəyyən edilmiş qaydada satın ala və ya satınalma hüququ ilə icarəyə götürə bilər. Beləliklə də, iddiaçı tərəfindən mübahisəli torpaq sahəsinə dair onunla icarə müqaviləsi bağlanmasını əsas verən təsdiqedici inzibati akt (qərar, sərəncam) məhkəməyə təqdim edilmədiyi halda, cavabdehə qarşı hazırkı iddianı irəli sürməkdə subyektiv hüquqa malik ola bilməz. Bu baxımdan, onun iddia tələbinin əsaslandırılmış iddia kimi qiymətləndirilməsi istisna edildiyindən iddia mümkünsüz iddiadır. İPM-in 35.3-cü maddəsi isə nəzərədə tutur ki, iddianın mümkün sayılmaması barədə məhkəmə qərardad qəbul edir. Beləliklə də, qeyd olunanları nəzərə alan məhkəmə kollegiyası, birinci instansiya məhkəməsi tərəfindən iddianın mümkün sayılmaması nəticə etibarı ilə işin hallarına, maddi və prosessual hüquq normalarına uyğun nəticə kimi qiymətləndirir. Ona görə də məhkəmə kollegiyası, iddiaçının apellyasiya şikayətinin birinci instansiya məhkəməsinin qərardadının qanunsuz və əsassız olduğunu mübahisələndirən dəlilləri ilə razılaşmır və yekunda belə qənaətə gəlir ki, iddiaçının apellyasiya şikayəti təmin edilmədən, Bakı İnzibati Məhkəməsinin 2-1(112)-9907/2023 nömrəli xx.xx.2023-cü il tarixli qərardadı dəyişdirilmədən qüvvədə saxlanılmalıdır. Qeyd olunanlara əsasən və İPM-in 82, 87, 89, 90, 94 və 99-cu maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası q ə r a r a a l d ı: İddiaçının apellyasiya şikayəti təmin edilməsin. Bakı İnzibati Məhkəməsinin 2-1(112)- 9907/2023 nömrəli xx.xx.2023-cü il tarixli qərardadı dəyişdirilmədən qüvvədə saxlanılsın. Qərardaddan təqdim olunduğu gündən 10 (on) gün müddətində Bakı Apellyasiya Məhkəməsi vasitəsilə Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyasına kassasiya şikayəti verilə bilər.
Məhkəmə qərarları › İş №2-1(103)-4062/2023
Bakı Apellyasiya Məhkəməsi Qərardad — İş №2-1(103)-4062/2023
30.11.2023 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver