Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-1(103)-4062/2025 04.12.2025 BAKI APELLYASİYA MƏHKƏMƏSİ İddiaçı cavabdeh Azərbaycan Respublikası Dövlət Miqrasiya Xidmətinə qarşı «qərarın ləğv edilməsi və qaçqın statusunun verilməsi» tələbinə dair işi üzrə Açar sözlər: (qərarın ləğv edilməsi və qaçqın statusunun verilməsi) Hakimlər İsmayılov Orxan Nadir oğlunun (sədrlik edən və məruzəçi), X4 və X2 ibarət tərkibdə, Dəmirova Nəcimə Arif qızının katibliyi ilə, İddiaçı cavabdeh Azərbaycan Respublikası Dövlət Miqrasiya Xidmətinə qarşı (3-cü şəxs: Muhammad İmran) “qərarın ləğv edilməsi və qaçqın statusunun verilməsi” tələbinə dair inzibati iş üzrə Bakı İnzibati Məhkəməsinin 28 iyul 2025-ci il tarixli, 2-1(112)- 2668/2025 nömrəli qərarından iddiaçı tərəfindən verilmiş apellyasiya şikayətinə şifahi məhkəmə iclasında baxaraq aşağıdakı qərarı qəbul etdi. İşin halları Müvəqqəti şəhadətnamədən görünür ki, xx.xx.1995-ci il təvəllüdlü Pakistan İslam Respublikasının vətəndaşı İddiaçı və ailə üzvləri (əri - xx.xx.1995-ci il təvəllüdlü Muhammad İmran; oğlu - xx.xx.2017-ci il təvəllüdlü Muhammad Okasha, oğlu xx.xx.2018- ci il təvəllüdlü Muhammad Umer) həqiqətən qaçqın statusu almaq məqsədilə Azərbaycan Respublikası Dövlət Miqrasiya Xidmətinə ərizə ilə müraciət etmiş, 6 may 2024-cü il tarixdə adına 71-2024 saylı şəxsi iş açılmışdır. Bu sənəd Azərbaycan Respublikası Prezidentinin 2000-ci il 13 noyabr tarixli 419 nömrəli Fərmanı ilə təsdiq edilmiş ““qaçqın” statusu verilməsi haqqında vəsatətə baxılması Qaydası ’na əsasən xx.xx.2024-cü il tarixədək etibarlıdır və həmin Qaydanın 5-ci bəndinə əsasən ərizəçinin şəxsiyyətini təsdiq edən sənəddir. Azərbaycan Respublikası Dövlət Miqrasiya Xidmətinin xx.xx.2024-cü il tarixli, İQ50/4 nömrəli qaçqın statusunun verilməsindən imtina edilməsi haqqında qərardan görünür ki, Pakistan İslam Respublikasının vətəndaşı İddiaçı və ailə üzvlərinə “qaçqın” statusu verilməsindən imtina edilmişdir. Birinci instansiya məhkəməsində icraat İddiaçı cavabdeh Dövlət Miqrasiya Xidmətinə qarşı “qaçqın vəsiqəsinin verilməsi” barədə iddia ərizəsi ilə məhkəməyə müraciət etmişdir. Bakı İnzibati Məhkəməsinin qərardadı ilə hazırki iş üzrə Muhammad İmran üçüncü şəxs qismində inzibati məhkəmə icraatına adi qaydada cəlb edilmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, vətəndaşı olduğu Respublikada iddiaçının ailəliklə həyat təhlükəsizliyin təminatı nəinki imkansızdır, hətta iddiaçı və ailəsi aşkar təhdid edilir. Pakistan hökuməti isə onların hüquqlarını müdafiə etmək iqtidarında deyil. İddiaçının vəsatətinin dəlillərini cavabdeh nəinki görməməzlikdən gəlib, hətta iddiaçının dedikləri bir çox məqamlarda təhrif edib. Belə ki, guya nə iddiaçı, nə ailəsi Pakistanda heç bir təqibə məruz qalmamışdır. Halbuki, onları dini baxışlarına görə hər addımda təqib, təhdid altında yaşamaq məcburiyyətindən canını qurtararaq Azərbaycan Respublikasına gəlmişdirlər. Göstərilənlərə əsasən iddiaçı iddia tələbinin təmin edilməsini xahiş etmişdir. Cavabdeh Azərbaycan Respublikası Dövlət Miqrasiya Xidməti iddiaya dair etirazla məhkəməyə müraciət edərək, qeyd etmişdir ki, iddiaçının müsahibəsində mövcud olmuş uyğunsuzluqlardan əlavə olaraq görünür ki, mübahisə sosial münaqişədən – miras əmlakın bölüşdürülməsindən qaynaqlanır. “Qaçqınlar və məcburi köçkünlərin (ölkə daxilində köçürülmüş şəxslərin) statusu haqqında” Azərbaycan Respublikasının Qanununun 1.1.1-ci maddəsində, o cümlədən 1951-ci il Konvensiyasının 1-ci maddəsinin A hissəsinin 2-ci bəndində nəzərdə tutulmuş 5 amil üzrə (Azərbaycan Respublikasının vətəndaşı olmayıb, irqi, milli, dini, müəyyən sosial qrupa mənsubluğu və siyasi əqidəsinə) təqib olunmamışdır; Bununla da müəyyən etmək olar ki, iddiaçının Pakistan İslam Respublikası, yəni dövlət tərəfindən yuxarıda sadalanan 5 əsasa görə təqib olunması müəyyən edilməmişdir. Beləliklə, şəxsin barəsində tərtib edilmiş qərar qanunvericiliyin tələblərinə uyğun olaraq qəbul edilmişdir. Göstərilənlərə əsasən cavabdeh iddia tələbinin təmin edilməməsini xahiş etmişdir. Birinci instansiya məhkəməsinin gəldiyi nəticə Bakı İnzibati Məhkəməsinin 28 iyul 2025-ci il tarixli, 2-1(112)-2668/2025 nömrəli qərarı ilə (hakim O.X.Həsənov) iddia tələbi rədd edilmişdir. İddiaçı birinci instansiya məhkəməsinin qeyd edilən qərarından apellyasiya şikayəti verərək, Bakı İnzibati Məhkəməsinin 28 iyul 2025-ci il tarixli, 2-1(112)-2668/2025 nömrəli qərarının ləğv edilməsini, cavabdehin üzərinə İddiaçı qaçqın statusunun verilməsi barədə qərar qəbul etmək öhdəliyi qoyulması, hüquqi münasibətlərə aydınlıq gətirilməsi məqsədilə cavabdeh Dövlət Miqrasiya Xidmətinin xx.xx.2024-cü il tarixli, İQ-50/4 saylı qaçqın statusu verilməsindən imtina edilməsi haqqında imtinaedici qərarının ləğv edilməsini xahiş etmişdir. Apellyasiya şikayətinin dəlilləri İddiaçı apellyasiya şikayətində qeyd etmişdir ki, DMX-nin qərarı (əlverişli inzibati aktın qəbul edilməsindən imtina edilməsinə dair akt yaxud imtinaedici akt) qanuni və əsaslı deyil. Qanunilik dedikdə, inzibati aktın maddi və prosessual hüquq normalarına uyğunluğu; əsaslılıq dedikdə inzibati aktın gəldiyi nəticənin iş materialları ilə təsdiqlənməsi başa düşülür. DMX-nin qərarında aşağıdakı fundamental səhvlərə yol verilib: DMX işin mühüm faktlarını müəyyən etməyib və iş üzrə mühüm faktların mötəbərliyini qiymətləndirməyib. DMX ərizəçinin əsaslı təqib qorxusunun yaxud real riskin olmamasına dair nəticəyə gələrkən əsaslandırma aparmayıb və şablon ifadələrdən istifadə edib. Qaçqın statusunun verilməsi iki mərhələli yoxlamadan ibarətdir: 1-ci mərhələ, işin müəyyən faktlarının müəyyən edilməsi və bu faktların mötəbərliliyinin qiymətləndirilməsi; 2-ci mərhələ, əsaslı təqib qorxusunun və real riskin qiymətləndirilməsi. Mühüm faktların müəyyən edilməsi mərhələsində iddiaçının izahatlarına əsasən iş üzrə mühüm faktlar müəyyən edilməli və həmin faktların mötəbərliyi qiymətləndirilməlidir. Əsaslı təqib qorxusunun qiymətləndirilməsi mərhələsində isə müəyyən edilmiş mühüm faktların işığında iddiaçıya münasibətdə əsaslı təqib qorxusunun, real riskin olub-olmadığı yoxlanılmalıdır. İş üzrə mühüm fakt İddiaçı miras əmlakın bölüşdürülməsi ilə bağlı qohumları arasında mübahisə yaranmış və iddiaçı da miras əmlakına dair pay hüuqunu tələb etdiyi üçün həm, qohumları tərəfindən həm də, yoldaşının qohumları tərəfindən (yoldaşı xristianlıqdan imtina edərək islam dinini qəbul etdiyi üçün) təqiblərə məruz qalaraq, ölümlə təhdid olunduğunu bildirərək Azərbaycan Respublikasına xx.xx.2024-cü il tarixində ailəsi ilə birlikdə gəlmişlər (onun və ailə üzvlərinin Pakistana gedecəyi təqdirdə öldürəcəkləri ilə bağlı daxil olan çoxsaylı vatsap zəngləri) və onun dövləti tərəfindən müdafiəsinin effektiv müdafiə olunmamasıdır. İş üzrə mühüm faktlara dair ərizəçinin təqdim etdiyi sübut onun inzibati icraatda verdiyi izahatlardır. İddiaçının izahatlarının mötəbərliliyi qiymətləndirilərkən də yuxarıda qeyd edilən amillər nəzərə alınmalıdır. İş materialında olan müsahibədən görünür ki, iddiaçı işin mühüm faktları, qarşı siyasi partiyanın üzvü tərəfindən ölkəsində təqibə məruz qalmasını təsdiq edən xüsusatlar barədə müfəssəl izahatlar verib və həmin izahatlar ərizəçinin işin hallarına münasibətdə spesifikdir.Eləcə də,həmin izahatlar bir-biri ilə ziddiyət təşkil etmir. Nəzərə almaq lazımdır ki, iddiaçının izahatları ona verilən suallar çərçivəsində olub və ona verilməyən sualları əhatə etməyib. Nəticə etibarilə, iddiaçının izahatları müfəssəldir, spesifikdir və ziddiyətli deyil. Buna görə də həmin izahatlar daxili mötəbərlik tələbini ödəyir. İddiaçının müraciəti inandırıcı olması səbəbindən rədd edilib,lakin DMX tərəfindən müəyyən edilən hallar faktlara deyil,onların subyektiv fikrinə əsaslanıb. DMX müəyyən iddianın əsası üçün əsas ola bilən aşağıdakı faktları müəyyən və təhlil etməyib:-İddiaçının qohumları tərəfindən öz ölkəsində təqibə məruz qalmasını və təhlükəsizliyinin dövlət tərəfindən təmin olunmamasıdır. DMX ərizəçinin ölkəyə qayıtdıqdan sonra üzləşə biləcəyi riskləri təhlil etməyib. Ərizəçiyə qarşı təqibi həyata keçirən şəxs radikal siyasi partiyanın üzvüdür. İddiaçının işin mühüm faktları üzrə verdiyi izahatları mötəbərdir, buna görə də həmin izahatlar iş üzrə müəyyən edilmiş fakt kimi qəbul edilməlidir; İddiaçının yoldaşının qohumları tərəfindən təqiblərə məruz qalması və dövlətin himayəsindən istifadə edə bilməməsi; Göstərilənlərə əsasən ərizəçiyə qaçqın statusunun verilməsinin maddi-hüquqi əsasları mövcuddur. Bundan əlavə, DMX İİHQ-nun 19 və 45-ci maddələrinin pozuntusuna yol verib. Belə ki, DMX İddiaçının izahatlarına qarşı ağlabatan əks-sübutlar təqdim etmədikləri halda onların izahatlarını mötəbərlik premzupsiyasına uyğun qiymətləndirməyiblər. Bununla da İİHQ-nun 45-ci maddəsində nəzərdə tutulmuş sübutetmə qaydalarına uyğun qiymətləndirilməyib və araşdırılmayıb. Həmçinin qeyd edilməlidir ki, DMX-nin qərarı yazılı akt olmasına baxmayaraq İİHQ-nun 61-ci maddəsinə uyğun olaraq əsaslandırılmayıb. Belə ki, həmin qərarda əsaslandırma zamanı işin hüquqi halları təsdiq və ya rədd edən sübutlar göstərilməyib. Yuxarıdakılara əsasən bu nəticə hasil olur ki, DMX İddiaçının mötəbərlik premzupsiyası və sübutların qiymətləndirilməsi qaydalarını pozub, eləcə də DMX qərarı əsaslandırmayıb. Tərəflərin izahatları, prosessual məsələlər Məhkəmə kollegiyasının iclasının vaxtı və yeri barədə tərəflərə lazımi qaydada məlumat verilməsinə baxmayaraq, məhkəmə iclasında iştirak etməmişdir. Məhkəmə kollegiyası Azərbaycan Respublikası İPM-in 62-ci maddəsinə əsasən, tərəflərin iştirakları olmadan şikayət üzrə işə baxılmasını mümkün hesab edir. Tətbiq edilən hüquq “Qaçqınların və məcburi köçkünlərin (ölkə daxilində köçürülmüş şəxslərin) statusu haqqında” Qanun: Maddə 1. Qaçqın - Azərbaycan Respublikasının vətəndaşı olmayıb, irqi əlamətinə, milliyyətinə, dini etiqadına, müəyyən sosial qrupa mənsubluğuna və ya siyasi əqidəsinə görə təqiblərin qurbanı olmaq barəsində tam əsaslı ehtiyat üzündən vətəndaşı olduğu ölkədən kənarda qalan və eyni ehtiyat üzündən həmin ölkənin himayəsindən istifadə edə bilməyən və ya istifadə etmək istəməyən, yaxud müəyyən vətəndaşlığı olmayıb oxşar hallar nəticəsində əvvəl adətən yaşadığı ölkədən kənarda qalan, ehtiyat üzündən oraya qayıda bilməyən və ya qayıtmaq istəməyən şəxsdir. Maddə 12. Qaçqın və ya məcburi köçkün (ölkə daxilində köçürülmüş şəxs) statusu verilməsi haqqında qərarı Azərbaycan Respublikasının müvafiq icra hakimiyyəti orqanı qaçqın statusu verilməsi haqqında vəsatətin qeydə alındığı gündən üç ay ərzində və məcburi köçkün (ölkə daxilində köçürülmüş şəxs) Azərbaycan Respublikasının müvafiq icra hakimiyyəti orqanında qeydiyyatdan keçdiyi gündən bir ay ərzində qəbul edir. Qaçqın statusu almış şəxsə və onun ailə üzvlərinə nümunələri Azərbaycan Respublikasının müvafiq icra hakimiyyəti orqanı tərəfindən təsdiq edilmiş qaçqın vəsiqəsi, habelə Qaçqınların statusu haqqında 1951-ci il tarixli Konvensiyaya uyğun olaraq Azərbaycan Respublikasının hüdudlarından kənarda hərəkət etmək hüququ verən yol sənədi verilir. Qaçqın vəsiqəsinin və Yol sənədinin verilməsinə görə “Dövlət rüsumu haqqında” Azərbaycan Respublikasının Qanunu ilə müəyyən edilmiş məbləğdə dövlət rüsumu tutulur. Müəyyənləşdirilmiş qaydada verilən qaçqın vəsiqəsi qaçqının şəxsiyyətini, yaşayış yeri üzrə qeydiyyata alındığını təsdiq edən və ona Azərbaycan Respublikasının ərazisində qanuni qalmaq hüququ verən sənəddir. Qaçqın vəsiqəsində göstərilən məlumatlar X3 Sistemi üzərindən təqdim edilə (əldə edilə) bilər. Qaçqın vəsiqəsində göstərilən məlumatların X3 Sistemi üzərindən təqdim edilməsi qaçqın vəsiqəsinin təqdim edilməsinə bərabər tutulur. Maddə 13. Şəxsə qaçqın statusu verməkdən imtina edildikdə bu barədə ona qərarın qəbul edildiyi vaxtdan beş gün müddətində imtinanın səbəbləri və qəbul edilmiş qərardan şikayət verilməsi qaydası göstərilməklə yazılı məlumat verilir. Barəsində qaçqın statusu verməkdən imtina edilməsi haqqında qərar qəbul edilmiş şəxsin Azərbaycan Respublikasının ərazisindən göndərilməsinin təşkili müvafiq icra hakimiyyəti orqanı tərəfindən həyata keçirilir. Qaçqın statusu verməkdən imtina edilməsi barədə qərardan inzibati qaydada və (və ya) məhkəmə qaydasında şikayət verilə bilər. Qanunvericiliklə ayrı qayda müəyyən edilməmişdirsə, şəxsin şikayət verilməsi onun Azərbaycan Respublikası ərazisindən göndərilməsinin təşkili ilə bağlı hərəkətləri dayandırır. “Azərbaycan Respublikası Prezidentinin 13 noyabr 2000-ci il tarixli 419 nömrəli Fərmanı ilə təsdiq edilmiş “Qaçqın” statusu verilməsi haqqında vəsatətə baxılması Qaydası”: Bənd 13. Şəxsə "Qaçqın" statusu verilməsi və ya bundan imtina edilməsi barədə qərarı Dövlət Miqrasiya Xidməti "Qaçqın" statusu verilməsi haqqında vəsatətin qeydə alındığı gündən üç ay ərzində qəbul edir və bu barədə, imtina haqqında qərar qəbul edildikdə isə belə qərardan inzibati qaydada və (və ya) məhkəmə qaydasında şikayət verilməsi hüququ göstərilməklə, həmin şəxsə beş gün müddətində yazılı bildiriş göndərir. “Qaçqınların statusu haqqında” 1951-ci il Konvensiyası: Maddə 1. Qaçqın anlayışının tərifi A. Bu Konvensiyada “qaçqın” dedikdə elə bir şəxs nəzərdə tutulur ki, o: 1) 1926-cı il 12 may və 1928-ci il 30 iyun sazişlərin, 1933-cü il 28 oktyabr və 1938-ci il 10 fevral konvensiyalarına, 1939-cu il 14 sentyabr Protokoluna və ya X1 nizamnaməsinə görə qaçqın sayılmışdır: X1 öz fəaliyyəti dövründə qaçqın sayılmaq hüququndan imtina haqqında çıxardığı qərarlar bu bölmənin 2-ci bəndində müəyyənləşdirilmiş şərtlərə uyğun gələn şəxslərə qaçqın statusu verilməsinə mane olmur. 2) 1951-ci il yanvarın 1-dək baş vermiş hadisələr nəticəsində və irqi, dini əlamət, vətəndaşlıq, müəyyən sosial qrupa mənsubiyyət və ya siyasi əqidə üzündən təqib qurbanı olmaq barədə tam əsaslı ehtiyatlara görə vətəndaşı olduğu ölkədən kənardadır və həmin ölkənin himayəsindən istifadə edə bilmir və ya bu cür ehtiyatlar üzündən istifadə etmək istəmir: və ya müəyyən vətəndaşlığı olmadan və həmin hadisələr nəticəsində əvvəl adətən yaşadığı ölkədən kənarda qalaraq bu cür ehtiyatlar üzündən oraya qayıda bilmir. Əgər şəxs bir neçə ölkənin vətəndaşıdırsa, “vətəndaşı olduğu ölkə” ifadəsi onun vətəndaşı olduğu ölkələrin hər birini nəzərdə tutur və belə şəxs tam əsaslı ehtiyatlardan irəli gələn heç bir həqiqi səbəb olmadan vətəndaşı olduğu ölkələrdən birinin himayəsinə müraciət etmirsə, vətəndaşı olduğu ölkənin himayəsindən məhrum sayılmır. B. 1) Bu Konvensiya 1-ci maddənin A bölməsində işlədilən “1951-ci il yanvarın 1- dək baş vermiş hadisələr” sözləri ya a) “1951-ci il yanvarın 1-dək Avropada baş vermiş hadisələr”, və ya b) “1951-ci il yanvarın 1-dək Avropada və ya digər yerlərdə baş vermiş hadisələr deməkdir”: Razılığa gələn hər dövlət bu konvensiya əsasında üzərinə götürdüyü öhdəliklərbarədə göstərilən mənalardan hansısa tərəfdar olduğunu imzalama, ratifikasiya və ya qoşulma məqamında dəqiq göstərəcəkdir. 2) “a” alternativini qəbul etmiş razılığa gələn dövlət Birləşmiş Millətlər Təşkilatının Baş Katibini xəbərdar etməklə istənilən vaxt “b” alternativini qəbul edərək öz üzərinə götürdüyü öhdəliklərin əhatə dairələrini genişləndirə bilər. C. Bu Konvensiyanın A bölməsinə uyğun gələn şəxsə bu Konvensiyanın müddəaları aşağıdakı hallarda daha şamil edilmir: 1) o, vətəndaşı olduğu ölkənin himayəsindən yenidən könüllü istifadə etdikdə: və ya 2) öz vətəndaşlığından məhrum olub yenidən könüllü əldə etdikdə: və ya 3) yeni vətəndaşlıq əldə etdikdə və yeni vətəndaşı olduğu ölkənin himayəsindən istifadə etdikdə: və ya 4) təqibdən ehtiyat etdiyinə görə tərk etdiyi və ya hüdudlarından kənarda qaldığı ölkədə yenidən könüllü məskunlaşdıqda: və ya 5) Qaçqın kimi tanınmasına əsas vermiş hallar artıq mövcud olmadığına görə vətəndaşı olduğu ölkənin himayəsindən daha imtina edə bilmədikdə:əgər bu maddənin A bölməsinin 1-ci bəndinə uyğun gələn qaçqınlar vətəndaşı olduqları ölkənin himayəsindən imtina etmək üçün əvvəlki təqiblərdən irəli gələn kifayət əsas gətirə bilirlərsə, bu bəndin müddəaları onlara tətbiq olunmur: 6) Vətəndaşlığı olmayan şəxs olaraq, qaçqın kimi tanınmasına əsas vermiş hallar artıq mövcud olmadığına görə, əvvəllər daimi məskunlaşdığı ölkənin himayəsindən daha imtina edə bilmədikdə: əgər bu maddənin A bölməsinin 1-ci bəndinin tərifinə uyğun gələn qaçqınlar əvvəllər daimi məskunlaşdığı ölkəyə qayıtmaqdan imtina etmək üçün əvvəlki təqiblərdən irəli gələn kifayət əsas gətirə bilirlərsə, bu bəndin müddəaları onlara tətbiq olunmur. D. Bu Konvensiyanın müddəaları hazırda Birləşmiş Millətlər Təşkilatının Qaçqınlar üzrə Ali Komissarından başqa, Birləşmiş Millətlər Təşkilatının digər orqanlarının və ya idarələrinin himayəsindən və ya yardımından istifadə edən şəxslərə şamil olunmur. Əgər bu şəxslərin vəziyyəti Birləşmiş Millətlər Təşkilatının Baş Məclisi tərəfindən qəbul edilmiş qərarlara uyğun olaraq qəti nizamlanana qədər onlara göstərilən himayə və ya yardım hər hansı səbəbdən kəsilmişdirsə, bu şəxslər avtomatik olaraq bu Konvensiyadan irəli gələn hüquqları əldə edirlər. E. Bu Konvensiyanın müddəaları yaşadıqları ölkənin səlahiyyətli hakimiyyət orqanlarının bu ölkənin vətəndaşlığı ilə bağlı hüquq və vəzifələrin şamil olunduğunu təsdiq etdiyi şəxsləri əhatə etmir. E. Bu Konvensiyanın müddəaları barədə aşağıdakıları ehtimal etmək üçün ciddi əsasların olduğu şəxslərə şamil edilmir: a) sülh əleyhinə cinayətlər, hərbi cinayətlər və ya insanlıq əleyhinə cinayətlər barədə tərtib olunmuş beynəlxalq aktlarda həmin cinayətlərə verilmiş tərifə uyğun olaraq bu cür cinayətlər törətmişlər; b) sığındıqları ölkədən kənarda və qaçqın kimi bu ölkəyə buraxılmazdan əvvəl qeyrisiyasi xarakterli ağır cinayət törətmişlər; c) Birləşmiş Millətlər Təşkilatının məqsəd və prinsiplərinə zidd əməllər törətmişlər. “Qaçqınların və məcburi köçkünlərin (ölkə daxilində köçürülmüş şəxslərin) statusu haqqında” Azərbaycan Respublikasının Qanunu: Maddə 1. Qaçqın – Azərbaycan Respublikasının vətəndaşı olmayıb, irqi əlamətinə, milliyyətinə, dini etiqadına, müəyyən sosial qrupa mənsubluğuna və ya siyasi əqidəsinə görə təqiblərin qurbanı olmaq barəsində tam əsaslı ehtiyat üzündən vətəndaşı olduğu ölkədən kənarda qalan və eyni ehtiyat üzündən həmin ölkənin himayəsindən istifadə edə bilməyən və ya istifadə etmək istəməyən, yaxud müəyyən vətəndaşlığı olmayıb oxşar hallar nəticəsində əvvəl adətən yaşadığı ölkədən kənarda qalan, ehtiyat üzündən oraya qayıda bilməyən və ya qayıtmaq istəməyən şəxsdir. Maddə 12. Qaçqın və ya məcburi köçkün (ölkə daxilində köçürülmüş şəxs) statusu verilməsi haqqında qərarı Azərbaycan Respublikasının müvafiq icra hakimiyyəti orqanı qaçqın statusu verilməsi haqqında vəsatətin qeydə alındığı gündən üç ay ərzində və məcburi köçkün (ölkə daxilində köçürülmüş şəxs) Azərbaycan Respublikasının müvafiq icra hakimiyyəti orqanında qeydiyyatdan keçdiyi gündən bir ay ərzində qəbul edir. Maddə 13. Şəxsə qaçqın statusu verməkdən imtina edildikdə bu barədə ona qərarın qəbul edildiyi vaxtdan beş gün müddətində imtinanın səbəbləri və qəbul edilmiş qərardan şikayət verilməsi qaydası göstərilməklə yazılı məlumat verilir “Sığınacaq işlərində sübutetmə vəzifəsi və standartı haqqında Qeydlər – 1998” BMT-nin Qaçqınlar üzrə Ali Komissarlığı: Bənd 11. Mötəbərlik o halda müəyyən edilir ki, ərizəçi tərəfindən rabitəli və məqbul, hamıya bəlli olan faktlarla ziddiyyət təşkil etməyən və beləliklə, inandırıcılıq keyfiyyəti olan izahatlar təqdim edilir. “Sığınacaq icraatında mötəbərlik qiymətləndirməsi - multidisiplinar hazırlıq təlimatı – 2013” Macarıstan Helsinki Komitəsi “İnandırıcılıq keyfiyyəti” standartı tətbiq edilərkən obyektiv yanaşmadan istifadə edilir. Çünki bu standart hüquqtətbiqedən orqanın üzərinə ərizəçiyə inanmaq üçün ağlabatan əsasların olub-olmadığını qiymətləndirmək vəzifəsini qoyur. Mötəbərlik amilləri əsasən 2 qrupa bölünür: daxili və xarici mötəbərlik. Xarici mötəbərlik ərizəçinin izahatları ilə işdə olan digər sübutların və ya digər məlumat mənbələrinin, xüsusən də mənbə ölkələrinin məlumatlarının müqayisəsinə əsaslanır. İşin hallarına uyğun olaraq, bu iş üzrə xarici mötəbərliyin olub-olmaması MÖM-ün nəzərdən keçirilməsi ilə müəyyən edilə bilər. Daxili mötəbərlik ərizəçinin izahatlarının yalnız həmin izahatlara yaxud digər təqdim edilmiş sübutlara əsaslanaraq qiymətləndirilməsidir. Bu halda əsaslanmalı 2 əsas amil ərizəçinin izahatlarının müfəssəllik səviyyəsi və ərizəçinin ümumilikdə ardıcıllıq dərəcəsidir. Buna uyğun olaraq mötəbərliyin qiymətləndirilməsinin 4 indikatoru fərqləndirilir: 1) kafi dərəcədə müfəssəllik və spesifiklik; 2) daxili uyğunluq; 3) əgər varsa digər şahidlər tərəfindən verilən informasiya ilə uyğunluq; 4) çatımlı xarici informasiya ilə uyğunluq (31-33-cü səhifələr). İnzibati Prosessual Məcəllə: Maddə 85.1. Şikayət məhkəmə qərarının tam formada təqdim olunduğu gündən 30 gün, məhkəmə qərardadının isə elan olunduğu gündən 10 gün müddətində inzibati məhkəmə vasitəsilə verilir. Maddə 87.5. Şikayətlə bağlı qərar apellyasiya instansiyası məhkəməsi tərəfindən şifahi məhkəmə baxışı qaydasında qəbul edilir. Maddə 87.6. Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qərarını dəyişdirmədən qüvvədə saxlaya bilər, dəyişdirə bilər və ya ləğv edərək (tam və ya qismən) yeni qərar qəbul edə bilər. Birinci instansiya məhkəməsinin qərarı apellyasiya tələbi həddində dəyişdirilə bilər. Maddə 87.7. Apellyasiya instansiyası məhkəməsi, bir qayda olaraq, mübahisə ilə bağlı işə mahiyyəti üzrə baxaraq həll edir. Məhkəmə icraatının davam etdirilməsinin zəruri olduğu aşağıdakı müstəsna hallarda apellyasiya instansiyası məhkəməsi, barəsində şikayət verilmiş məhkəmə qərarını ləğv edərək işi müvafiq inzibati məhkəməyə göndərə bilər: inzibati məhkəmədə icraat zamanı yol verilmiş ciddi prosessual pozuntular səbəbindən əhəmiyyətli sayda və ya geniş həcmdə sübutların araşdırılması tələb olunduqda; inzibati məhkəmə tərəfindən mahiyyəti üzrə qərar qəbul edilmədikdə. Maddə 87.8. Apellyasiya instansiyası məhkəməsi qərarını əsaslandırmağa borcludur. Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qərarını dəyişdirmədən qüvvədə saxladıqda, həmin qərardakı əsaslara istinad edə bilər. Lakin hər bir halda apellyasiya instansiyası məhkəməsinin qərarında apellyasiya şikayətinin dəlillərinə münasibət bildirilməlidir. Maddə 87.9. Apellyasiya instansiyası məhkəməsinin şikayətlə bağlı hüquqi mövqeyi birinci instansiya məhkəmələri üçün məcburidir. Maddə 89. Bu Məcəllənin 94.1-ci maddəsində nəzərdə tutulmuş müddətdə şikayətin verilmədiyi və ya inzibati məhkəmə icraatının iştirakçıları tərəfindən şikayətin geri götürüldüyü hallarda, məhkəmə qərarı onun təqdim olunduğu gündən 30 gün, məhkəmə qərardadı isə 10 gün keçdikdən sonra qanuni qüvvəyə minir. Şikayətin geri götürülməsi haqqında bəyanat yazılı şəkildə məhkəməyə təqdim olunmalıdır. Apellyasiya instansiyasi məhkəməsinin mövqeyi Məhkəmə kollegiyası iş materiallarını və apellyasiya şikayətinin dəlillərini araşdıraraq hesab edir ki, apellyasiya şikayəti əsassızdır. Bu səbəbdən şikayət təmin edilməməli, birinci instansiya məhkəməsinin qərarı dəyişdirilmədən qüvvədə saxlanılmalıdır. İlk növbədə qeyd etmək lazımdır ki, iddiaçının hüquqi marağı cavabdeh tərəfindən ona qaçqın statusunun verilməsinə nail olmaqdan ibarətdir. Birinci instansiya məhkəməsi gəldiyi nəticəni onunla əsaslandırmışdır ki, hər hansı səbəbə söykənən istənilən təqib qorxusu deyil, yalnız irqi əlamətinə, milliyyətinə, dini etiqadına, müəyyən sosial qrupa mənsubluğuna və ya siyasi əqidəsinə görə mövcud olan təqib qorxusu qaçqın statusunun alınmasına əsas təşkil edə bilər. Bundan başqa, iddiaçı və onun ailə üzvləri vətəndaşlığı olduğu ölkədə heç bir sosial qrupa qoşulmamış, siyasi fəaliyyətlə məşğul olmamış, irqi əlamətinə, milliyyətinə və dini etiqadına görə təqib olunmamış, vətəndaşlığı olduğu ölkədə dövlət orqanları tərəfindən də təqibə məruz qalmamışdır. Göründüyü kimi, inzibati orqan qaçqın statusunun verilməsi ilə bağlı irqi əlamətinə, milliyyətinə, dini etiqadına, müəyyən sosial qrupa mənsubluğuna və ya siyasi əqidəsinə görə təqiblərin qurbanı olmaq barədə tam əsaslı təqib qorxusu müəyyən etməmişdir. İddiaçı tərəfindən verilən apellyasiya şikayətinin əsas dəlili ondan ibarətdir ki;
1. DMX-nin qərarının qeyri-qanuni və əsassız olması: DMX qərar verərkən işin mühüm faktlarını tam müəyyən etməyib, mötəbərliyini qiymətləndirməyib və şablon ifadələrdən istifadə edərək əsaslı təqib qorxusunun olmamasına dair yetərli əsaslandırma aparmayıb.
2. Mühüm faktların yanlış qiymətləndirilməsi: İddiaçıya miras mübahisəsi, yoldaşının din dəyişdirməsi səbəbi ilə qohumları tərəfindən gələn ölüm təhdidləri (WhatsApp zəngləri) və dövlət tərəfindən effektiv müdafiənin olmaması kimi mühüm faktlar nəzərə alınmayıb.
3. İnzibati icraat qaydalarının Pozulması: DMX İİHQ-nin 19 və 45-ci maddələri ilə tələb olunan sübutetmə və sübutların qiymətləndirilməsi qaydalarını pozub (ağlabatan əks-sübut təqdim etmədən iddiaçının izahatlarını rədd etmək) və İİHQ-nın 61-ci maddəsinə uyğun olaraq qərarı əsaslandırmayıb. Məhkəmə kollegiyası birinci instansiya məhkəməsinin hüquqi mövqeyi ilə razılaşaraq onları yenidən təkrarlamağa lüzum görmür. Bununla belə, məhkəmə tərkibi apellyasiya şikayət şikayətinə münasibətdə aşadıdakıları qeyd edir. “Tətbiq edilən hüquq” bölməsində qeyd olunan normaların məzmununa görə, qaçqın statusunun verilməsi üçün qanunvericiliklə müəyyən olunmuş dispozisiya şərtləri şəxsə münasibətdə ödənilmiş olmalıdır. Yəni şəxsin irqi əlamətinə, milliyyətinə, dini etiqadına, müəyyən sosial qrupa mənsubluğuna və ya siyasi əqidəsinə görə təqiblərin qurbanı olmaq təhlükəsi mövcud, eyni zamanda həm də real olmalıdır. Qeyd olunan hallarla bağlı təqibə məruz qalacağı ilə bağlı iddiaçının ehtimalları və həmin ehtimallara söykənən qorxu hissi həm ümumu xarakterli, həm də fərdi xarakterli potensial təhlükələrdən irəli gəlməli və onların ağlabatan olduğu qənaətinin formalaşması üçün yetərli olmalıdır. Bu zaman həm də nəzərə alınmalıdır ki, mənşə ölkəsinə qayıdacağı təqdirdə iddiaçının təqibə məruz qalacağı, təqib təhlükəsinin reallığı və nəticədə ona ziyan vurulacağı kimi hallar inzibati orqan, konkret mübahisəyə münasibətdə cavabdeh tərəfindən onun qiymətləndirmə azadlığına əsasən qiymətləndirilir. Bu baxımdan təqiblərin qurbanı olmaq təhlükəsindən doğan qorxu hissi əsaslı olmalı və şəxsin mənşə ölkəsinə qayıdacağı təqdirdə irqi, milli, dini və ya sosial qrup mənsubiyyətinə yaxud da siyasi əqidəsinə görə real təqibə məruz qalacağına və bundan ziyan çəkəcəyinə qarşı tərəfi inandırma keyfiyyətinə malik olmalıdır. Məhkəmə kollegiyası qeyd edir ki, hazırkı işdə təqibin xarakteri əsasən mülki-hüquqi xarakterli (şikayətdə göstərilən "miras əmlakın bölüşdürülməsi ilə bağlı qohumlar arasında mübahisə") mübahisədir və qaçqın statusu vermək üçün tələb olunan əsaslarla (din, siyasi baxış, irq və s.) əlaqəli təqib kimi qiymətləndirilə bilməz. Nəzərə almaq lazımdır ki, qaçqın statusu təyin edilən hallarda sübutetmə yükü həm də iddiaçının üzərinə düşür ki, o, təqib qorxusunun əsaslı olduğunu sübut etməlidir. Məhkəmə kollegiyası, birinci instansiya məhkəməsinin iddiaçının təqdim etdiyi izahatların (məsələn, qohumlar tərəfindən təhdidlər) obyektiv olaraq inandırıcı hesab edilməməsi və təqib qorxusunun əsaslı olmaması barədə qənaəti ilə razılaşır. Baxmayaraq ki, iddiaçı cavabdehin imtina qərarının əsaslandırılmamasından şikayət edir, məhkəmə kollegiyası hesab edir ki, birinci instansiya məhkəməsi öz qərarında DMX-nin mövqeyini və inzibati aktın əsasını təşkil edən hüquqi halları tam və ətraflı şəkildə təhlil edib. Bu təhlil cavabdehin qərarının mahiyyət etibarı ilə əsassız olmadığını göstərir. Məhkəmə kollegiyasının qənaəti ondan ibarətdir ki, iddiaçının təqib qorxusu subyektiv olduğundan, qaçqın statusu verilməsi üçün tələb olunan obyektiv və əsaslı təqib meyarlarına cavab vermir. Bu baxımdan, cavabdehin imtina qərarı qanuni və əsaslı hesab edilməlidir. Beləliklə, birinci instansiya məhkəməsinin iddianın təmin edilməməsi ilə bağlı gəldiyi nəticə maddi hüquq normalarının tətbiqi baxımından qanuni, işin faktiki halları baxımından əsaslı olduğu üçün qərar dəyişdirilmədən saxlanılmalı, apellyasiya şikayətinin dəlilləri əsassız olduğundan təmin edilməməlidir.
Nəticəvi hissə Yuxarıda göstərilənlərə və İPM-in 4.1, 68, 69, 81-82, 87, 89, 90 və 94-cü maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası
qərara aldı:
İddiaçı tərəfindən verilmiş apellyasiya şikayəti təmin olunmasın. İş üzrə Bakı İnzibati Məhkəməsinin 28 iyul 2025-ci il tarixli 2-1(112)-2668/2025 nömrəli qərarı dəyişdirilmədən qüvvədə saxlanılsın. Qərardan tam formada təqdim olunduğu gündən 1 (bir) ay müddətində Bakı Apellyasiya Məhkəməsi vasitəsi ilə Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyasına (Bakı şəhəri, Y.Səfərov küçəsi 14, 1193-cü məhəllə) kassasiya şikayəti verilə bilər. Qərardan şikayət verilmədiyi və ya proses iştirakçıları tərəfindən geri götürüldüyü halda, qərar onun təqdim olunduğu gündən 1 ay keçdikdən sonra qanuni qüvvəyə minir.