Məhkəmə qərarları › İş №2-1(103)-4063/2024

Bakı Apellyasiya Məhkəməsi Qərar — İş №2-1(103)-4063/2024

19.12.2024 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-1(103)-4063/2024 19.12.2024 BAKI APELLYASİYA MƏHKƏMƏSİ Hakimlər Yusifov Cahangir Afər oğlu (sədrlik edən), Oruczadə Aytən Pənah qızı və Abbasova Günel Məhərrəm qızından ibarət tərkibdə, cavabdehin nümayəndəsi Nümayəndə və iddiaçının iştirakı ilə, İddiaçı cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tabeliyində Dövlət Tibbi Sosial Ekspertiza və Reabilitasiya Agentliyinə qarşı “əlillik dərəcəsinin təyin olunması tələbinə dair” inzibati mübahisə üzrə Bakı İnzibati Məhkəməsinin 2-1(112)-4727/2024 saylı xx.xx.2024-cü il tarixli qərarından cavabdeh tərəfindən verilmiş apellyasiya şikayətinə əsasən işə Bakı Apellyasiya Məhkəməsinin binasında (Bakı şəhəri, Z.Xəlilov küçəsi, 540-cı məhəllə), açıq məhkəmə iclasında baxaraq m ü ə y y ə n e t d i: İ. İddiaçı cavabdeh Dövlət Tibbi-Sosial Ekspertiza və Reabilitasiya Agentliyinə qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək “cavabdehin üzərinə ona əlillik dərəcəsi təyin edilməsi barədə qərar qəbul edilməsi vəzifəsinin cavabdhin üzərinə qoyulması barədə qərar qəbul edilməsini məhkəmədən xahiş etmişdir. İddiaçı tələbini aşağıdakılarla əsaslandırmışdır: «…2020-ci il sentyabrın 27-dən noyabrın 10-dək Azərbaycan Respublikasının ərazi bütövlüyü uğrunda aparılmış döyüş əməliyyatlarında iştirak etmişdir. 5 oktyabr 2020-ci ildə döyüş tapşırığı yerinə yetirən zaman partlayış zədələnməsi almış və sağ diz oynağının küt travması almışdır. Ona üzvi şəxsiyyət pozuntusu, dissosiativ daxil olmalar intihar cəhdləri və kəkələmə (F 07.0, 07.8), sağ diz oynağının qonortrozu (Ml7), essensial (birincili) hipertenziya, arterial hipertenziya 3 dərəcə (İ 10) diaqnozu qoyulmuşdur.Uzun müddətdir mütəmadi ambulator və stasionar müalicələr alır . Əvvəllər iddiaçı əlilliyinin qiymətləndirilməsi üçün iki dəfə müraciət etsə də, ona 19 avqust 2022 və 14 fevral 2023-cü ildə əlillik təyin edilməsindən imtina edilmişdir. 25 oktyabr 2023cü ildə iddiaçının əlilliyinin qiymətləndirilməsi üçün onun Bakı 2 nömrəli X5 tərəfində onun barəsində məlumatları əks etdirən forma 88 doldurularaq cavabdeh orqanın Tibbi-Sosial Ekspert komissiyasına təqdim edilmişdir. 04 noyabr 2023-cü il tarixdə cavabdeh tərəfindən ona bildirmişdir ki, Azərbaycan Respublikası Nazirlər Kabinetinin 13 may 2022-ci il tarixli 187 saylı Qərarı ilə təsdiq edilmiş “Əlilliyin müəyyən olunması meyarları”na əsasən əlillik təyin edilmir. Başqa əsaslandırma gətirilməmişdir. Əvvəla cavabdeh orqan iddiaçıya əlilik təyin etməkdən imtinasını kifayət qədər əsaslandırmamışdır. Bu səbəbdən də iddiaçıya ona əlillik təyin edilməsinə mane olan hallar barədə yetərincə məlumat ala bilməmişdir. Bu səbəbdən də iddiasını uyğun şəkildə əsaslandırmaqda çətinlik çəkir. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 13 may 2022-ci il tarixli 187 saylı Qərarı ilə təsdiq edilmiş “Əlilliyin müəyyən olunması meyarları’nın 7.6.2-ci bəndində üzvi mənşəli şəxsiyyət pozuntusu, baş beynin xəstəliyi, travması və disfunksiyası nəticəsində yaranan digər üzvi mənşəli şəxsiyyət və davranış pozuntuları, 13.4-cü bəndində qonartroz (diz oynağının artrozu), 2.1.1-2.1,3-cü bəndlərində isə arterial Tipertenziya İ-İİİ dərəcə hipertoniya xəstəliyi İİİ mərhələ, hədəf orqanların funksiyalarının həm mülayim, həm ciddi, həm də ağır pozulması (zədələnməsi) ilə olan xəstəliklərin orqanizmin funksiyalarının pozulmasının faiz göstəricisi və müddətləri əksini tapmışdır. Cavabdeh iddiaçının əliliyini qiymətləndirərkən nə iddiaçıya qoyulmuş diaqnozların meyarlarda əksini tapmasını nəzərə alıb, nə də həmin xəstəliklərdən irəli gələn davamlı pozuntuların, funksiyaların təzahür dərəcələrinin kəmiyyətcə qiymətləndirilməsini aparıb. Bundan əlavə, iddiaçı ömrünün çox hissəsini xəstəxanalarda keçirir bu səbəbdən demək olar ki, həyat funksiyalarını müəyyən hissəsindən məhrum olmuşdur. Digər tərəfdən iddiaçı hesab edir ki, ona əlillik təyin edilərkən Azərbaycan Respublikası Nazirlər Kabinetinin 13 may 2022-ci il tarixli 187 sayh Qərarı ilə təsdiq edilmiş “Əlilliyin müəyyən olunması meyarları” na deyil, ona qədər qüvvədə olmuş “Əlilliyin və sağlamlıq imkanlarının məhdudluğunun müəyyən olunması meyarlarına dair Əsasnaməyə” uyğun istinad edilməli idi. Belə ki, iddiaçı bu əlilliyi köhnə əsasnamə qüvvədə olduğu dövrdə döyüş əməliyyatlarında iştirak edərkən almışdır...” Cavabdeh iddiaya yazılı etirazında iddia tələbinin rədd edilməsini xahiş etmişdir. Etiraz aşağıdakılarla əsaslandırmışdır: “...İddiaçının hazırkı psixi vəziyyəti mütəxəssislər tərəfindən “Üzvi şəxsiyyət pozuntusu, qeyri-sabit kompensasiya" kimi müəyyənləşdirilmiş, əlillik təyinatına əsas verən tez-tez baş verən dekompensasiya halları, kobud davranış pozuntuları qeyd olunmamış, bələdliyin və tənqidin bütün növləri saxlanılmışdır. Nəticədə Azərbaycan Respublikasının Nazirlər Kabinetinin 13 may 2022-ci il tarixli 187 nömrəli qərarı ilə təsdiq edilmiş “Əlilliyin müəyyən olunması meyarları”na uyğun olaraq Diaqnoz əlillik əlaməti təyin etməməsi barədə qərar qəbul edilmişdir...” Bakı İnzibati Məhkəməsinin 2-1(112)-4727/2024 saylı xx.xx.2024-cü il tarixli qərarı ilə iddia təmin edilmiş, iddiaçı X6 əlillik dərəcəsinin təyin edilməsi öhdəliyi cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Tibbi-Sosial Ekspertiza və Reabilitasiya Agentliyinə həvalə edilmişdir. Cavabdeh apellyasiya şikayəti verərək həmin qərarın ləğv edilməsini və iddianın rədd olunması barədə yeni qərar çıxarılmasını xahiş etmişdir. Apellyasiya şikayəti Azərbaycan Respubikasının İnzibati Prosessual Məcəlləsinin (“İPM”) 85-ci maddəsinin tələblərinə uyğun verilmişdir, apellyasiya icraatı mümkündür. Apellyasiya şikayəti aşağıdakılarla əsaslandırılmışdır: “…İddiaçının əlillik vəziyyətinə sonuncu dəfə əlavə əyani müayinəsi həyata keçirilərək Bakı 2 nömrəli X1 xx.xx.2023-cü il tarixli göndərişi əsasında baxılmış və “Diaqnozun mətni: Üzvi şəxsiyyət pozuntusu kobud davranış pozuntuları, dissosiativ daxilolmalar, intihar cəhdləri və kəkələmə ilə. Sağ diz oynağının postravmatik qonortrozu. Essensial [birincili] hipertenziya, Arterial hipertenziya 3 dərəcə. Mərkəzə göndərilmənin/İmtina edilmənin səbəbi: Diaqnoz əlillik əlaməti təyin etməməsi - Səbəb: Diaqnoz əlillik əlaməti təyin etmir” səbəbi ilə imtina verilmişdir. Birinci instansiya məhkəməsi işə baxarkən sırf ekspert rəyində vətəndaşın qeyd edilən diaqnozun olması səbəbindən vətəndaşa əlillik təyin edilməsinin zəruriliyini vurqulamısdır. Halbuki diaqnozun mövcudluğu hələ əlillik təyinatına əsas vermir, belə ki, həmin diaqnoz əsasında ağırlaşmalar olmadığı təqdirdə şəxsə əlillik təyin edilmir. Sözügedən hal vətəndaşın əyani müayinəsi zamanı Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tabeliyində Dövlət Tibbi-Sosial Ekspertiza və X3- Sosial Ekspertləri tərəfindən müəyyən edilmişdir. Əlavə olaraq, ekspertin müvafiq rəyində həmin pozuntuların iddiaçıda Azərbaycan Respublikasının Nazirlər Kabinetinin 13 may 2022-ci il tarixli 187 nömrəli qərarı ilə təsdiq edilmiş “Əlilliyin müəyyən olunması meyarlan”na uyğun əlilliyin təyin edilməsinin mümkün olmaması bildirilsə də məhkəmə bu halı qəbul etməyərək əsaslandırmasına hüquqa zidd aparmışdr. Həmçinin, yüzlərlə bu formada anoloji işlərdə bütün məhkəmələrin gəldiyi səhv nəticə ondan ibarətdir ki, diaqnozun doğruluğunun müəyyən edilməsi heç də həmin şəxsə əlillik təyin edilməsinə əsas vermir, şəxsdə sözügedən xəstəliyin ağırlaşmaları mövcud olmalıdır ki, şəxsə əlillik təyinatı aparılsın. Məhkəmənin nəzərinə çatdırılır ki, birinci instansiya məhkəməsi sırf ekspert rəyinə əsaslanaraq və ümumi normalara istinad edərək səhv nəticəyə gəlmişdir. Diaqnoz şəxsin hazırkı vəziyyətini əks etdirməklə yanası əyani müayinədə aşkar edilmiş patofunksional dəyişikliklər əlillik səviyyəsində olmadığından dərəcənin təyini zamanı, ona xx.xx.2022-ci il tarixli 187 saylı qərarla təsdiq edilmiş “Əlilliyin təyin edilməsi meyarlarının hər-hansı bir bəndini aid etmək mümkün olmadı. Göndərişdə qeyd olunan diaqnoz əlillik təyinatına əsas vermədiyi halda məhkəmə xüsusi tibbi bilik tələb edən sahədə qərar çıxararaq orqanın diskresion səlahiyyətinə əsassız müdaxilə etmişdir. Həmçinin bildirmək istəyirik ki, əlilliklə əlaqədar sualların həlli məhkəmə tibb ekspertlərinin deyil, Nazirlər Kabinetinin xx.xx.2020-ci il tarixli 11 saylı Qərarı ilə təsdiq edilmiş “Əlilliyin qiymətləndirlilməsi Qaydasının” 1-ci bəndinə görə Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tabeliyində Dövlət Tibbi- Sosial Ekspertiza və X3-Sosial Ekspertlərinin səlahiyyətlərinə aiddir. Məhkəmənin nəzərinə çatdırmaq istəyirik ki, əlillik müəyyən edilməsi üçün diaqnozda qeyd edilən xəstləiyin ağırlaşmaları xüsusilə mövcud olmalıdır və hazırkı işdə iddiaçıda sözügedən ağırlaşmalar mövcud deyildir. Xəstə hazırkı obyektiv vəziyyətinin müayinəsi zamanı əsəbilikdən, yuxu və yaddaşın pozulmasından, ətrafa və özünə xəsarət yetirməsindən şikayətlənmişdir, (xəsarət izlərinin göstərilməsi istənildikdə bundan yayınmışdır). Agentliyin həkim-ekspert travmatoloqun əyani müayinəsi zamanı həkimin müayinəsinə icazə verməmişdir. Stulda əyləşdiyi vəziyyətdə hər iki diz oynaqlarında 180- 100° dərəcə arası hərəkətlilik müşahidə edilmişdir. Zahirən gərgin, ünsiyyətə həvəsli, əhval-ruhiyyəsi dəyişkən, emosional labil olmuşdur. Düşüncəsi aydın olmuş, bələdliyi və tənqidi tam saxlanılmışdır Hazırkı psixi vəziyyəti mütəxəssislər tərəfindən “Üzv/ şəxsiyyət pozuntusu, qeyrisabit kompensasiya” kimi müəyyənləşdirilmiş, əlillik təyinatına əsas verən tez-tez baş verən dekompensasiya halları, kobud davranış pozuntuları qeyd olunmamış, bələdliyin və tənqidin bütün növləri saxlanılmışdır…” Maddi hüquq normalarının tələbləri baxımından Bakı İnzibati Məhkəməsinin qərarı qanunsuz və əsassızdır. İddiaçıya əlilliyinin təyin edilməsi istiqamətində Agentlik tərəfindən hər hansı qanuna zidd hərəkətə və ya hərəkətsizliyə yol verilməməsinə, o cümlədən “İnzibati icraat haqqında” Azərbaycan Respublikası Qanununun tələblərinin pozulmamasına baxmayaraq, məhkəmə qanunsuz olaraq iddianı təmin etməklə maddi və prosessual hüquq normalarını pozmuşdur. Bu səbəbdən Bakı İnzibati Məhkəməsinin qərarı ləğv edilməlidir...” Məhkəmə kollegiyasının iclasında iştirak edən cavabdehin nümayəndəsi birinci instansiya məhkəməsi tərəfindən qərarın kifayət qədər əsaslandırılmadığını, bu səbəbdən apellyasiya şikayəti verildiyini bildirərək şikayətin təmin olunmasını, iddiaçı isə birinci instansiya məhkəməsinin qərarının qüvvədə saxlanılmasını məhkəmədən xahiş etmişdir. İİ. Məhkəmə kollegiyası tərəfləri dinləyib, iş materiallarını araşdırıb belə hesab edir ki, aşağıdakı əsaslara görə cavabdehin apellyasiya şikayəti təmin edilmədən, birinci instansiya məhkəməsinin qərarı dəyişdirilmədən qüvvədə saxlanılmalıdır. İş materiallarına əsasən müəyyən olunur ki, iddiaçı döyüş tapşırığı yerinə yetirən zaman partlayış zədələnməsi almış və sağ diz oynağının küt travması almışdır. Uzun müddətdir mütəmadi ambulator və stasionar müalicələr alır. Daha sonra iddiaçıya üzvi şəxsiyyət pozuntusu, dissosiativ daxil olmalar intihar cəhdləri və kəkələmə (F 07.0, 07.8), sağ diz oynağının qonortrozu (Ml7), essensial (birincili) hipertenziya, arterial hipertenziya dərəcə (İ 10) diaqnozu qoyulmuş, əvvəllər əlilliyinin qiymətləndirilməsi üçün iki dəfə cavabdehə müraciət etsə də, ona 19 avqust 2022 və 14 fevral 2023-cü il tarixlərdə əlillik təyin edilməsindən imtina edilmişdir. Sonuncu dəfə, Bakı 2 nömrəli X5 tərəfindən verilmiş 088 forma göndəriş üzrə cavabdeh tərəfindən xx.xx.2023-cü il tarixdə qiymətləndirilmə aparılaraq qərarı ilə iddiaçının “Üzvi şəxsiyyət pozuntusu kobud davranış pozuntuları, dissosiativ daxilolmalar, intihar cəhdləri və kəkələmə ilə. Sağ diz oynağının pastravmatik qonortrozu. Essensial (birincil) hipertenziya, Arterial hipertenziya 3 dərəcə.”- xəstəlik diaqnozunun - əlillik təyin etmir səbəbi ilə əlillik təyin edilməsindən ona imtina olunmuş, həmin imtinadan narazı qalan iddiaçı xx.xx.2023-cü il tarixdə cavabdehə qarşı məhkəmədə iddia qaldıraraq “cavabdehin üzərinə ona əlillik dərəcəsi təyin edilməsi barədə qərar qəbul edilməsi vəzifəsinin cavabdhin üzərinə qoyulmasını tələb etmişdir (İddia İnzibati icraat haqqında Qanunun 73cü və İPM-in 38-ci və 35-ci maddəsinin tələbləri baxımından iddia mümkündür) Məhkəmə kollegiyası aşağıdakılara görə hesab edir ki, iddiaçı tələbində haqlıdır. Azərbaycan Respublikasının Nazirlər Kabinetinin 16 yanvar 2020-ci il tarixli 11 nömrəli qərarı ilə təsdiq edilmiş "Əlilliyin qiymətləndirilməsi məqsədi ilə tibbi sosial ekspertiza müayinəsinə göndərişlərin verilməsi Qaydası»nın 1.5.1-ci bəndi nəzərdə tutur ki, şəxsin eyni xəstəliklə son 6 (altı) ay müddətində fasiləsiz və ya son 12 (on iki) ay müddətində fasilələrlə ümumilikdə 6 (altı) aydan çox ambulator və ya stasionar müalicədə olmasına baxmayaraq, orqanizmin pozulmuş funksiyalarının bərpa olunmaması və şəxsin cəmiyyətin həyatında tam və səmərəli iştirakına mane olan sabit fiziki, psixi, əqli və ya hissiyyat pozuntularının olması, 1.5.3-cü bəndinə əsasən əlillik müddətinin bitməsindən sonra bu Qaydanın 1.5.1-ci və 1.5.2-ci yarımbəndlərində qeyd olunan pozuntuların, çatışmazlıqların və xəstəliklərin davam etməsi - göndərişin verilməsi üçün əsaslar kimi təsbit olunmuşdur. Birincisi, Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi kollegiyasının 26 dekabr 2017-ci il tarixli 19-1 nömrəli qərarı ilə təsdiq edilmiş “Ehtiyata və ya istefaya buraxılmış hərbi qulluqçulara hərbi xidmətlə əlaqədar əlillik səbəblərinin müəyyən olunması barədə Təlimat”a əsasən : 2.1. Tibbi sosial ekspert komissiyasının (TSEK) funksiyalarını həyata keçirən Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Tibbi-Sosial Ekspertiza və Reabilitasiya Xidməti (bundan sonra –Xidmət) tərəfindən hərbi xidmətdən ehtiyata və istefaya buraxılmış hərbi qulluqçulara Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2020-ci il 16 yanvar tarixli 11 nömrəli Qərarı ilə təsdiq edilmiş “Əlilliyin qiymətləndirilməsi Qaydası”na uyğun olaraq aşağıda göstərilən əlillik səbəbləri müəyyən edilir: ...; 2.1.4. Hərbi xidmət dövrü ilə əlaqədar əlillik; 3.1. Şəxsə hərbi xidmətlə əlaqədar əlillik hərbi xidmətdə aldığı xəsarət, xəstəlik ayrı-ayrı götürüldükdə ən azı orqanizmin funksiyalarının 31-60 faiz pozulmasına görə əlillik müəyyən etmək üçün əsas vermiş olduqda müəyyən edilir. 3.2. Hərbi xidmətlə əlaqədar əlillik səbəbi hərbi xidmət zamanı alınmış xəsarətin, xəstəliyin bilavasitə nəticələrinə, yaxud fəsadlarına və uzaq nəticələrinə görə müəyyən edilir. 3.3. Hərbi xidmətdən buraxılmış şəxslərin hərbi xidmətlə əlaqədar əlillik səbəbləri müəyyən edilərkən aşağıda göstərilən hərbi tibbi sənədlər əsas götürülür: 3.3.1. Xəstəlik haqqında şəhadətnamə (ştatdankənar HHK tərəfindən tərtib edilir və ştatlı HHK tərəfindən təsdiq edilir, yaxud ştatlı HHK tərəfindən tərtib edilir); İş materiallarından da görünür ki, Azərbaycan Respublikası Müdafiə Nazirliyinin Mərkəzi Hərbi Həkim Komissiyası tərəfindən verilmiş xx.xx.2023-cü il tarixli 11038 nömrəli Şəhadətnaməyə əsasən iddiaçıda aşkar olunan “Posttravmatik ensefalopatiya, tez-tez təkraralanan qıcolma tutmaları ilə. Orta (mülayim) dərəcədə ifadə olunmuş üzvi şəxsiyyət pozuntusu, dissosiativ daxilolmalar intihar cəhdləri və kəkələmə ilə. Partlayış nəticəsində saq diz oynağının qapalı travması (xx.xx.2020) medial meniskin arxa buynuzunun İV dərəcə yırtığı, patello femoral plikaya, tibia və femur oynaq səthlərinin xondromaliyasına görə aparılmış artroskopik medial və lateral meniskin hissəvi meniskektomiya, plikanın eksiziyası, debridmanı (xx.xx.2021), artrotomiya, medial meniskektomiya (xx.xx.2022) cərrahi əməliyyatından sonrakı ağrı sindromu ilə müşayiət olunan sağ diz oynağının deformasiyaedici osteoartrozu və koksartrozu. Sol diz oynağının deformasiyaedici osteoartrozu, ağrı sindromu ilə" diaqnozlu travmanın - səbəb əlaqəsi hərbi-həkim komissiyası tərəfindən “Hərbi travmadır, Azərbaycan Respublikasının müdafiəsi zamanı alınmışdır” kimi şəhadətləndirilmişdir. İkincisi, iş materialları üzrə tibbi müayinənin nəticələrindən, epikrizlərdən, müşahidə gündəliyindən və digər tibbi sənədlərdən aydın olur ki, iddiaçı stasionar müalicələr almış, mütəmadi olaraq həkim müşahidə altında olmuş, onunla danışıqlar aparılmış, müalicə olaraq ona sedativ tərkibli preparatlar (Deprazin) təyin olunmuşdur. Göründüyü kimi iddiaçının forma 088 arayışında göstərilən xəstəlikdən əziyyət çəkdyi müvafiq tibbi sənədlərlə öz təsdiqini tapır. Məhz qeyd olunan halların nəticəsidir ki, iddiaçı psixi pozuntudan əziyyət çəkdiyindən Bakı 2 nömrəli X2 qeydiyyatdadır və “Psixiatriya yardımı haqqında” Azərbaycan Respublikasının Qanunun 15.0.3-cü maddəsinin tələbləri baxımından, X4 tərəfindən verilmiş forma 088 arayışının göstəriciləri iddiaçıya əlilliyin təyin edilməsi üçün kifayət qədər obyektiv tibbi sənəddir. Üçüncüsü, iş materiallarından görünür ki, iddiaçıda forma-088 göndərişdə təsbit olunan xəstəlikyin ona mövcud olub-olmadığını müəyyən etmək üçün birinci instansiya məhkəməsi tərəfindən Səhiyyə Nazirliyinin “MTE və PA Birliyi” PHŞ-nə məhkəmə-tibbi ekspertizası təyin olunmuş və sözügedən Birliyin ekspertləri tərəfindən xx.xx.2024-cü il tarixdə tərtib olunmuş ekspert rəyində ekspertlər tərəfindən aşağıdakılar qeyd olunmuşdur: - “...Bakı 2 nömrəli X1 tərtib etdiyi xx.xx.2023-cü il tarixli A00141286ACZ nömrəli Forma 88-də göndərişində qeyd edilmiş “Diaqnozun mətni: Üzvi şəxsiyyət pozuntusu kobud davranış pozuntuları, dissosiativ daxilolmalar, intihar cəhdləri və kəkələmə ilə. Sağ diz oynağının posttravmatik qonartrozu. Essensial [birincili] hipertenziya, Arterial hipertenziya 3 dərəcə..” diaqnozda olan xəstəliklərə düçar olmasını inkar etmək olmaz. Belə ki, həmin diaqnoz ona stasionarda müalicəsi zamanı anamnestik, klinik və laborator- instrumental müayinələrin əsasında təyin edilmişdir. İddiaçı xx.xx.2024-cü il tarixdə Yeni Klinikada travmotoloq tərəfindən müayinəsi zamanı “M 17- Qonartroz (diz oynağının artrozu) ”diaqnozu, xx.xx.2024-cü il tarixdə “Respublika Psixiatriya Xəstəxanası” PHŞ-də Həkim Psixiatr Komissiyası tərəfindən müayinəsi zamanı isə “F07.0- Üzvi (İİ Qarabağ müharibəsi zamanı alınmış kəllə-beyin travması nəticəsində) şəxsiyyət pozuntusu, depressiv və dissosiativ daxilolmalar, tez-tez dekompensasiyalar, intihar cəhdləri, koqnitiv funksiyaların enməsi, kəkələmə ilə” diaqnozu qoyulmuşdur. Hər iki diaqnoza Forma 088 göndərişində rast gəlinir. Həmin xəstəliklər xroniki olduqlarından tam reablitasiyası mümkün deyildir. Onun düçar olduğu psixiatrik xəstəliklər İİ Qarabağ müharibəsi zamanı alınmış kəllə-beyin travması nəticəsində yaranmışlar…” Beləliklə də, ekspertlər tərəfindən 088 formalı tibbi göndərişdə təsbit olunan xəstəliklərin mövcudluğu müəyyən olunmuşdur. Belə olan halda, Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2022-ci il 13 may tarixli 187 nömrəli Qərarı ilə “Əlilliyin müəyyən olunması meyarları” təsdiq edilmiş və 2022ci ilin iyul ayının 1-dən qüvvəyə minmiş “Əlliliyin və sağlamlıq imkanlarının məhdudluğunun müəyyən olunması meyarlarına dair Əsasnamə”də isə Qonartroz (diz oynağının artrozu - M17 ( 3.4.)) və üzvi mənşəli şəxsiyyət pozuntusu (F07.0), baş beynin xəstəliyi, travması və disfunksiyası nəticəsində yaranan digər üzvi mənşəli şəxsiyyət və davranış pozuntuları- F07.8 (7.6.2.)) əlilli tyinatı üçün əsas verən xəstəliklərə aid edilmişdir. Qeyd olunanlar onu deməyə əsas verir ki, iddiaçıya əlillik təyinatı aparılması üçün faktiki şərtlər mövcud olduğu halda, cavabdeh tərəfindən əsassız olaraq ona əlillik təyinatı aparılmasından imtina olunmuş, qanunla qorunan hüquqlarını pozmuşdur. İPM-in 73.1. İnzibati aktın qəbulundan imtina olunmasının və ya cavabdehin hərəkətsizliyi nəticəsində inzibati aktın qəbul edilməməsinin qanuna zidd olduğu və iddiaçının hüquqlarının pozulmasına səbəb olduğu hallarda, məhkəmə inzibati orqanın üzərinə inzibati aktın qəbul edilməsi barədə öhdəlik qoyur. Beləliklə də qeyd olunanları nəzərə alan məhkəmə kollegiyası birinci instansiya məhkəməsinin qərarı ilə iddianın təmin olunmasını işin hallarına, maddi və prosessual hüquq normalarına uyğun nəticə kimi qiymətləndirir. Bu baxımdan, məhkəmə kollegiyası, cavabdehin apellyasiya şikayətinin, Agentlik tərəfindən hər hansı qanunazidd hərəkətə və ya hərəkətsizliyə yol verilmədiyini, qərarın maddi hüquq normaları baxımından qanunsuz və əsassız olduğunu mübahisələnirən dəlilləri ilə razılaşmır və yekunda belə qənaətə gəlir ki, onun apellyasiya şikayəti təmin edilmədən, Bakı İnzibati Məhkəməsinin 2-1(112)-4727/2024 saylı xx.xx.2024-cü il tarixli qərarı dəyişdirilmədən qüvvədə saxlanılmalıdır. Qeyd edilənlərə əsasən və İPM-in 14, 68, 69, 70, 73, 82, 87, 89, 90, 94-cü maddələrini rəhbər tutaraq məhkəmə kollegiyası q ə r a r a a l d ı: Cavabdehin apellyasiya şikayəti təmin edilməsin. Bakı İnzibati Məhkəməsinin 2-1(112)-4727 /2024 saylı xx.xx.2024-cü il tarixli qərarı dəyişdirilmədən qüvvədə saxlanılsın. Qərardan təqdim olunduğu gündən 1 (bir) ay müddətində Bakı Apellyasiya Məhkəməsi vasitəsilə Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyasına (Bakı şəhəri, Yusif Səfərov küçəsi 14, 1193-cü məhəllə) kassasiya şikayəti verilə bilər.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar